Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • VHP prezident seçkilərində iştirak edəcək

    Bu gün VHP mərkəzi qərargahında Siyasi Şuranın toplantısı keçirildi. SŞ-nın müzakirəsinə ölkədəki ictimai-siyasi vəziyyət və VHP-nin prezident seçkilərində iştirakı, qurultaya hazırlıq, təşkilati məsələlər daxil edilmişdi.

    Ümumi müzakirələrdən sonra Siyasi Şura üzvlərinin yekdil razılığı ilə VHP-nin prezident seçkilərində iştirakı barədə qərar qəbul olundu. Seçkilərdə iştirakın forması isə iyun ayına nəzərdə tutulan VHP-nin Ümumrespublika konfransının müzakirəsinə tövsiyyə olundu.

    VHP-nin növbəti qurultayına hazırlıq və rayon təşkilatlarının konfransının keçirilməsi məsədilə 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradıldı.

    VHP sədri Sabir Rüstəmxanlı 21 fevralın Ana Dili günü olduğunu vurğuladı və dövlət dilinin qorunması vacibliyindən və atılan addımlardan danışdı.

    Sonda partiyaya qəbulla bağlı SŞ-ya edilən 19 müraciətə müsbət cavab verildi.

     

    VHP Mətbuat və İnformasiya Xidməti  

  • VHP Şuşa RT sədri Ofelya Rəşidqızına!

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Siyasi Şura üzvü Şuşa rayon təşkilatının sədri Ofeliya Rəşidqızını yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

    Əziz Ofeliya xanım!

    Harda işləməsindən, kim olmasından asılı olmayaraq, xanım ilk növbədə xanımdır, anadır. Ananın yaşı soruşulmaz, çünki cənnət onların ayaqları altındadır, cənnətin olduğu yerdə isə vaxt və zaman məfhumu yoxdur, insanlıq var, əməllər var, xeyirxahlıqlar var.

    Ona görə də sizin bu yubiley yaşınızı təbrik edərkən ilk növbədə etdikləriniz, əməlləriniz göz önünə gəlir və bunları saymaqla bitməz.

    Siz Azərbaycanın ən dilbər güşəsində – Şuşa şəhərində anadan olmusuz. Min təəssüflər olsun ki, artıq neçə illərdir əziz günləri Şuşasız qarşılayırsız. İnsanı anasız qoymaq bir günahsa, ananı anasız qoymaq min günahdır. Vətən anadır və işğalçı düşmənlərimiz illərdir analarımızı öz Anasına həsrət qoyub. Bu nisgil sizin də, bizim də ürəyimizdə silinməz iz buraxıb. İnanıram ki, yurdumuz azad olacaq, o torpaq anaları, balaları yenə qoynuna alacaq; ancaq Yurdun illərlə əsirlikdə qalması bizi heç vaxt tərk etməyəcək…

    Azərbaycan anası siyasi taleyinə o qədər də həssas yanaşmır. Buna görə də Sizin kimi anaların ictima-siyasi fəaliyyəti bir nümunədir. Bilirəm ki, Sizin ən böyük hədəfiniz Vətənin bütövlüyüdür və bu baxımdan Vətəndaş Həmrəyliyi Partiyasını seçməyiniz də təsadüfü deyil. Yurdun bütövlüyü də, dərdlərimizin əlacı da vətəndaş həmrəyliyindən başlayır. Biz həmrəy olduqca, milli birliyimiz var ikən tarixi milli qürurumuzu qaytara və Azad, Bütöv, Sivil Azərbaycanın vətəndaşı ola bilərik.

     

    Əziz Ofeliya xanım!

    Sizi yubileyiniz münasibəti ilə təbrik edir, can sağlığı, xoşbəxtlik arzulayıram. Sizin üçün ən böyük arzumuz növbəti ad günlərinizi doğma dədə-baba torpağınızda qarşılamağınız, nisgildən qurtarmağınızdır.

     

    Xoş arzularla, Sabir Rüstəmxanlı

    VHP sədri, millət vəkili

  • VHP sədri İraq parlamentinin deputatı ilə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı İraq parlamentinin deputatı, parlamentin Sadr Qrupunun Türkmən təmsilçisi Əkrəm Fevzi Tərzioğlu ilə görüşüb.

    Görüşdə Azərbaycan-İraq əlaqələri, İraqdakı türkmən əhalinin vəziyyəti və onların hüquqları ilə bağlı məsələlər müzakirə edilib.

    Müzakirədə həmçinin VHP ilə Sadr Qrupunun əlaqələrinin genişləndirilməsi də müzakirə edilib.

    Görüşdə VHP Siyasi Şurasının üzvü Samir Əsədli və Ali Məclisin üzvü Niyaz Qubadov da iştirak ediblər.

    Qeyd edək ki, Sadr Qrupu İraq parlamentində 40 millət vəkili və İraq hökumətində 8 nazir ilə təmsil olunur.

  • Xocavənd rayonu Qaradağlı kəndinin işğalından 21 il ötür

    Bu gün Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 21 il ötür. APA-nın məlumatına görə, erməni hərbi birləşmələri Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.
     
    İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.

    Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib.
     
    Qaradağlı indi də işğal altındadır.

  • Yusif Salmansoy-62

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiya sədrinin müşaviri Yusif Salmansoyu 62 yaşı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

    “Əziz Yusif bəy!

    Yusif Salmansoy adı Azərbaycan cəmiyyətinə Milli Azadlıq Hərəkatının ilk günlərindən, 1988-ci ildən bəllidir. Həmin dövrdə Azərbaycanın ən böyük və qaynar şəhərlərindən olan Sumqayıtda əhalinin iradəsinin ifadə olunması və milli azadlıq ideyalarının təbliğində Sizin adınız xüsusilə çəkilirdi. Bakıda tədbirlərin, görüşlərin keçirilməsinə maneələr yaradılanda, insanlarla təmaslarımız Sumqayıtda həyata keçirilirdi və bu tədbirlərin təşəbbüskarlarından, zəhmətini çəkənlərdən, bütün təzyiqlərə və təqiblərə baxmayaraq, sinəsini qabağa verənlərdən biri olaraq xidmətləriniz tükənməzdir.

    Azərbaycan Xalq Cəbhəsinin Sumqayıtda təsis olunmasında əməyiniz və uzun müddət AXC Sumqayıt təşkilatına rəhbərliyiniz azadlıq mübarizəmizin hədəfinə çatmasında önəmli rol oynayan amillərdən biridir.

    Milli Azadlıq Hərəkatına qoşulan və Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qalxan insanlar arzularına çatdıqdan sonra növbəti hədəfi müəyyənləşdirdilər: Azərbaycanda sivil vətəndaş cəmiyyəti, azad, şəffaf seçki mühiti, demokratik sistem yaratmaq. Bu mübarizə azadlıq mübarizəsindən daha uzun prosesdir və daimi müqavimət, mübarizə, həmçinin əzmkarlıq, iradə, səbir və ləyaqət istəyir.

    Çox şadam ki, Siz Azərbaycanın demokratikləşməsi uğrunda aparılan mübarizədə varsınız və bu mücadilənizi VHP sıralarında davam etdirirsiniz. Sizin VHP Siyasi Şurasının üzvü  və VHP sədrinin müşaviri kimi gördüyünüz işlər, təşkilatçılıq qabiliyyətiniz bu mübarizəyə verilən böyük töhfədir.

    Əziz Yusif bəy!

    Bu gün Sizin 62 yaşınız tamam olur və bu yaşınızda belə gənclik enerjisi, qətiyyəti və ruhu ilə ölkəmizin firavanlığı uğrunda çalışmalarınız ürəyinizdə yaşatdığınız Vətən sevgisinin görüntüsüdür. Sizi ad gününüz münasibəti ilə təbrik edir, bu sevginin daimi olmasını, mübarizənizin hədəfə çatmasını arzulayıram.

    Xoş arzularla,

    Sabir Rüstəmxanlı” 

  • Biz İranın dediyi ilə oturub-dura, onun könlünə xoş gələn sözlər səsləndirə bilmərik.

    İran Azərbaycan Xarici İşlər Nazirliyinə nota təqdim edib. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat yayıb. O bildirib ki, Azərbaycan XİN bu notaya cavab hazırlayır.

    Bildirilir ki, İran tərəfinin Azərbaycan XİN-ə təqdim etdiyi nota millət vəkili Sabir Rüstəmxanlının Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə “Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz” mövzusunda keçirilən konfransda çıxışı ilə əlaqədardır. Belə ki, Sabir Rüstəmxanlı çıxışında İran ərazisində Cənubi Azərbaycan dövlətinin qurulmasını təklif edib.
     
    İranın Azərbaycana nota göndərməsi ilə bağlı məsələyə münasibət bildirən millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin (DAK) və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP sədri Sabir Rüstəmxanlı buna təəccüblənmədiyini dedi. 
    O, Teleqraf.com-a açıqlamasında bildirdi ki, İranın narahatçılığı bir daha azərbaycanlıların haqlı olduğunu göstərir: “Dünyada gedən siyasi proseslər göstərir ki, İranda da dəyişikliklər baş verəcək. Dünyanın gözü qabağında əhalinin yarısını təşkil edən bir millətin bütün haqları əlindən alına bilməz. Bunu artıq Avropa, Amerika deyir, ABŞ konqresmenləri bu məsələni qaldırır. Yəni nə qədər Azərbaycan mehriban qonşuluq siyasəti yürütsə də, dünya görür ki, İranda  azərbaycanlıların hüquqları tanınmır. İkincisi də, bizim müzakirə etdiyimiz məsələ “Azərbaycan, onun Güney və Quzeyində çağdaş durum, əlaqələr və perspektivlər”, “Biz bir millət olaraq öz gələcəyimizi necə görürük?” mövzusunda olub. Bunu da müzakirə etmək bizim haqqımızdır. Buna görə biz İrandan icazə istəməli deyilik. Mən dövlət rəsmisi deyiləm, yazıçıyam, millət vəkiliyəm. Neçə illərdir Dünya Azərbaycanlıları Konqresinin sədriyəm. Bu konqresi də nə İran, nə də Azərbaycan hökuməti yaradıb. Bunu dünyanın müxtəlif yerlərinə səpələnmiş azərbaycanlıların təşkilatıdır və təşkilat da onların iradəsini ifadə edir. Biz İranın dediyi ilə oturub-dura, onun könlünə xoş gələn sözlər səsləndirə bilmərik. İran nə deyir, qoy desin. Əgər İran nota göndəribsə və Azərbaycan Xarici İşlər Nazirliyini də bu məsələyə qarışdırıbsa, demək, sözümüz ünvanına çatıb, hədəfi düz seçmişik. İndi onların səfiri burda at oynadır, nə gəldi danışır. Bu da mənə elə gəlir ki, yolverilməzdir. İran səfiri də başa düşməlidir ki, Azərbaycanın öz qanunları var və o çərçivədə hərəkət etməlidir. Biz bu məsələnin üstünə getməliyik və gedəcəyik də. Çünki Azərbaycan xalqı 21-ci yüzillikdə onun başının üstündə oynanılan oyunlara dözə bilməz”.
    Millət vəkili İranın ona və təşkilata yeni təzyiq vasitələrindən istifadə edəcəyini də istisna etmədi: “ Neçə illərdir ki, mənim bütün çıxışlarıma, fəaliyyətimə onların təzyiqləri davam edir. İran mətbuatı, televiziyaları hər bir addımımıza reaksiya verir. Hakimiyyətə yaxın mətbuat orqanları, xüsusən də “Səhər” kanalı dəfələrlə haqqımızda qərəzli fikirlər səsləndirib. Adımıza müxtəlif böhtanlar deyiblər. Bizi hətta “İsrailin agenti” adlandırıblar, adımızı müxtəlif təşkilatlara bağlayıblar. Ancaq bu təzyiqlər bizi mövqeyimizdən çəkindirə bilməyib. Hədəfdə tək mən deyiləm ki. İran hətta Azərbaycanın siyasi xadimlərini, işıqlı ziyalılarını da dəfələrlə qərəzli şəkildə hədəfə alıb. Ancaq bizi tənqid edən mətbuat orqanlarını İran rəsmiləri müstəqil media kimi təqdim ediblər. Bildiriblər ki, guya bu media orqanlarının dövlətə bağlılığı yoxdur. Mən İranın Xarici İşlər Nazirliyinin notasını təbii qəbul edirəm. Bu onu göstərir ki, dövlətlərin rəsmi münasibətləri öz qaydasında qalır, ancaq Azərbaycan ictimaiyyəti İranın bu təzyiqlərinə göz yuma bilmir. Sovet dövründə İranda 3 dəfə inqilab olub, Güney Azərbaycan öz azadlığı uğrunda mübarizəyə qalxıb. Hətta 1945-ci ildə İran azərbaycanlıları öz milli hökumətini qurub. İndi də dünyada ciddi hadisələr baş verir və İran qorxur ki, bu millət yenidən öz azadlığını tələb edəcək. Ona görə bu qədər canfəşanlıq göstərir və Azərbaycanın varlığını belə danmaq istəyir”. 
    VHP sədri bildirdi ki, artıq Güney Azərbaycanda milli oyanış hiss olunur və soydaşlarımız tarixi zərurətdən istifadə edərək öz azadlıqlarına qovuşmaq istəyirlər: “İran interneti kəsir, mətbuatı yasaq edir, dünyaya qapıları bağlayır. Hətta zəlzələ vaxtı azərbaycanlılara qarşı münasibəti də gördük. İran hökuməti ora yardım aparanların yolunu kəsirdi, göndərilən yardımları insanlara çatdırmırdı. Ora getmək istəyənlərə mane olurdu ki, gedib insanların acınacaqlı taleyini görməsinlər. Bir sözlə, insanlığa, İslama, müsəlmanlığa sığmayan hadisələr yaşanır İranda. Bunların bir məqsədi var ki, bu millət qırılsın, məhv olsun. Biz bunu Urmiya gölünün qurudulması zamanı da gördük. Bu, əslində, beynəlxaql məhkəmlərə verilməli bir cinayətdir. Hesab edirəm ki, Azərbaycan ayağa qalxmalıdır və deməlidir ki, niyə məni bir millət kimi yox etmək istəyirsiniz. Amma görürsünüz ki, bütüb bunların müqabilində onlar bizi ittiham edirlər. Unudurlar ki, artıq Güney Azərbaycanda da oyanış var və millətin azadlıq ruhu ölməyib. Gec-tez bu millət qalxıb öz azadlığına qovuşacaq. Onda onun qarşısında nə İran, nə də başqa qüvvə dayana bilər. Nə qədər edam etsələr də, səsini kəssələr də, öldürsələr də, bu, həmişəlik davam edə bilməz”. 
    Məsud 
    Gündəlik Teleqraf 

  • İran Azərbaycana nota verib

    Rəsmi Tehran Sabir Rüstəmxanlının İran ərazisində Cənubi Azərbaycan dövlətinin yaradılmasına dair çıxışından narahatdır

    İran Azərbaycana nota təqdim edib. Sənəddə rəsmi Tehran Dünya Azərbaycanlıları Konresinin (DAK) iclasının Bakıda keçirilməsindən və toplantıda konqresin liderlərindən biri, millət vəkili Sabir Rüstəmxanlının orada çıxışı zamanı İran ərazisində Cənubi Azərbaycan dövlətinin yaradılmasına dair çıxışından narahat olduğunu bildirir. 

    Artıq rəsmi sənədə DAK da mövqe bildirib. Qurumun Daimi Şurasının sədri Əjdər Tağızadənin ANS-ə verdiyi məlumata görə, təşkilat həmişə bu mövqedə olub və rəsmi tehranın bu mövqeyi əsassızdır. Cənubi azərbaycanlıların hüquqlarının qorunması həmişə bu qurumun əsas prioriteti olub.

    Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya açıqlamasında Azərbaycan XİN-in bu notaya cavab hazırladığını bildirib. 

  • Sabir Rüstəmxanlı Asif Şəkərlini təbrik etdi

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Suraxanı rayon təşkilatının sədri Asif Şəkərlini doğum günü münasibəti ilə təbrik edib.
    Təbrikdə deyilir:

    Əziz Asif bəy!

    Səni doğum günün münasibəti ilə səmimi qəlbdən təbrik edir, sənə uzun ömür, can sağlığı, ailə səadəti arzulayıram.

    Sənin ölkəmizin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması, azad və ədalətli seçkilərin keçirilməsi yönündə aparılan mübarizədən kənarda qalmamağına və ləyaqətli vətəndaş, millətini və torpağını sevən gənc olduğuna görə seviniriksə, bu mübarizəni Vətəndaş Həmrəyliyi Partiyasının sıralarında davam etdirməyindən ikiqat məmnunuq. Sən Azərbaycan insanı üçün o qədər də asan olmaya bir siyasi şəraitdə  – 2003-cü ildə vətəndaş həmrəyliyi idealını qəbul etmisən. Bu faktın özü sənin təmənnasızlığının, səmimi mübarizənin təsdiqiydi və aradan keçən illər ərzində öz fəallığın və səbatlılığınla bu mənəvi keyfiyyətini bütün VHP-çilərə və ölkənin siyasi həyatında olan kəsiminə göstərə bildin.

    Açıq etiraf edək ki, bu gün Azərbaycan siyasətində səmimiyyət və təmannasızlıq çatışmazlığı var. Bəlkə də ölkəmizin ümumi problemlərindən tutmuş insan haqları sahəsindəki narahatlığa qədər olan gərginliklərin bir səbəbi də siyasi mübarizədəki səmimiyyət və təmənnasızlığın gərəkən səviyyədə olmamasıdır. Məhz belə məqamda heç bir şəxsi məqsəd güdməyən, yalnız ideyalar ətrafında birləşən, ölkədəki qarşıdurmalardan imtina edən, Vətənin gələcəyini düşünən və bu yolda heç nəyini əsirgəməyən yeni nəsilə – Gəncliyə böyük ehtiyac var.

    Sən öz timsalında belə gəncliyin heç də tükənmədiyini, əksinə, işıqlı və geniş dünyagörüşlü, qaragüruhdan uzaq, millətin sərvətlərinə halal gözlə baxan yeni nəslin daha böyük ruhla yetişdiyi inamını aşılayanlardansan. Təsadüfü deyil ki, Sən nəinki üzvü olduğun rayon təşkilatının qısa müddətdən sonra sədri seçildin, həm də artıq VHP Ali Məclisinin katibisən.

    Əziz Asif bəy!

    Bir daha səni ad günün münasibəti ilə təbrik edir, sənə ailə səadəti və görmək istədiyimiz, uğrunda çalışdığımız demokratik Azərbaycanda könül xoşluğu ilə yaşamağını arzulayıram.

  • Sabir Rüstəmxanlının mühafizəsi üçün DİN-ə müraciət edilib

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Sabir Rüstəmxanlının mühafizəsinin təmin edilməsi məqsədilə Prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edib. Bu barədə dünən AMİP-in qərargahında “Bütöv Azərbaycan: həmrəyliyimizə gedən yol” mövzusunda keçirilən dəyirmi masada VHP Siyasi Şurasının üzvü, partiyanın beynəlxalq və ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Arif İsmayılbəyli bildirib. O deyib ki, dekabrın 5-də VHP-nin qərargahında DAK-ın təşəbbüsü ilə konfrans keçirilib: “Həmin tədbirdə ciddi müzakirələr aparıldı. Bundan iki gün sonra, yəni dekabrın 7-də İranın Azərbaycandakı səfirliyi həmin konfransı kəskin pisləyən bəyanatla çıxış etdi. Qeyd edim ki, İran səfirliyi son illərdə ilk dəfə idi ki, bu cür kəskin bəyanatla çıxış edirdi. Bəyanatın mətnində açıq-aşkar təhdid xarakterli fikirlər işlədilmişdi. Bəyanatda Sabir Rüstəmxanlı və DAK Daimi Şurasının sədri Əjdər Tağızadə birbaşa terrorçu, separatçı, təxribatçı adlandırılırdı. Qeyd olunurdu ki, guya bu iki şəxs Azərbaycanla İran arasında ciddi ixtilaflar yaratmaq istəyirlər. Bu bəyanatdan sonra biz məcbur qalıb Sabir bəyin mühafizəsi ilə bağlı dövlət başçısına və daxili işlər nazirinə müraciət etdik”.

    Dekabrın 19-da İstanbuldakı xəstəxanaların birində bel nahiyəsində kiçik cərrahi əməliyyat keçirən və hələ də bu şəhərdə olan millət vəkili Sabir Rüstəmxanlı “Gündəlik Teleqraf”a açıqlamasında dövlət başçısına və daxili işlər nazirinə belə bir müraciətin edildiyini təsdiqləyib. O qeyd edib ki, müraciətdən az sonra Bakı Şəhər Baş Polis İdarəsindən VHP-yə zəng edib müraciətin edilməsinin hansı zərurətdən yaranması ilə maraqlanıblar. Şəhər polisindən zəng edənlər həmçinin, millət vəkilinin hansı ünvanda yaşadığını soruşublar: “Mən bu müraciətin edilməsindən az sonra ölkəni tərk etdiyimdən indi konkret söz söyləməyə çətinlik çəkirəm. Onu bilirəm ki, Bakı Şəhər Baş Polis İdarəsindən zəng edib müraciətlə maraqlanıblar, ancaq mən ölkədə olmadığımdan edilən müraciətlə bağlı partiyadan dəqiq bir şey deyə bilməyiblər. Hər halda müraciətlə maraqlanıblar, ölkəyə qayıtdıqdan sonra yəqin ki, mən özüm də maraqlanacam, məsələni yoluna qoyacam”.

    Millət vəkili qeyd edib ki, İran tərəfindən özünə qarşı daim təhdid hiss edir: “Hər halda mən bu təhdidləri hiss edirəm. Bildiyiniz kimi, bir neçə il öncə Nardaranda İrana bağlı müəyyən dairələr mənim ölümümə fətva vermişdilər. Məni açıq-aşkar düşmən elan edirlər, DAK-ın fəaliyyətini terrorla əlaqələndirirlər. Amma mən bu məsələlərə çox da əhəmiyyət verməyin tərəfdarı deyiləm. İran səfirliyinin bəyanat yaydığı vaxt da xaricdə idim. Onların nə yazdıqlarını çox da oxumuram və əhəmiyyət vermirəm. Səfirliyin nə dediyi məni az maraqlandırır. Çünki yeni bir şey deyəcəklərini gözləmirəm. İran tərəfinin mövqeyi hər zaman bəllidir. Açığı bu müraciəti də şəxsən mən özüm deyil, partiya rəhbərliyi partiyanın adından ünvanlayıb. Bakı şəhər polisindən də bu müraciətin nəticəsi olaraq zəng vurub maraqlanıblar. Şəxsən mənim özümə heç nə deməyiblər. Qayıdandan sonra hər halda bu məsələni müzakirə edəcəyik”. S.Rüstəmxanlı Azərbaycana yanvarın 3-də dönəcəyini də bildirib.

    Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə VHP tərəfindən nazirliyə belə bir müraciətin daxil olduğunu təsdiqləyib. Şöbə rəisi deyib ki, daxil olmuş müraciətə baxılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara lazımı göstərişlər verilib.

    Səxavət Həmid 
    “Gündəlik Teleqraf” qəzeti

  • 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik günüdür

    Ümman Səfərov

    VHP Gənclər Təşkilatının Məclis üzvü

    31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günüdür və Azərbaycan Respublikasında dövlət bayramı kimi qeyd edilir. 

    Amma milli birlik və həmrəylik uğrunda mübarizəmiz heç də asan olmayıb. Azərbaycan xalqının həmrəyliyini və birliyini qısqanan qüvvələr onun azadlığa və müstəqilliyə gedən yolunda vaxtaşırı müxtəlif maneələr yaratmış, həmrəylik üçün vacib olan dövlətçiliyin formalaşmasına və inkişafına əngəllər törətmişlər. Xalqımız hər dəfə dövlətçiliyini qurmaq və həmrəyliyə nail olmaq üçün real addımlar atmağa çalışarkən ciddi mənada maddi-mənəvi itkilərə məruz qalıb. Azərbaycan xalqı əzab-əziyyətlə dolu keşməkeşli tarixi ərzində həmrəyliyə və azadlığa can ataraq müstəqil olmağa səy göstərib, müəyyən zaman kəsiyində müstəqil dövlət kimi yaşamağa müvəffəq olsa da, sonradan xəmiri işğal və zülmdən ibarət olan müxtəlif imperiyalar tərəfindən işğala məruz qalıb. Azərbaycan dövlətçiliyinin tarixində qızıl hərflərlə yazılmış şərəfli iz qoyan Səfəvilər Dövləti hamımızın qürur mənbəyidir. 1501-ci ildə böyük sərkərdə və şair Şah İsmayıl Xətai tərəfindən əsası qoyulmuş Azərbaycan Səfəvi dövləti zamanının ən qüdrətli və çiçəklənən dövlətlərindən biri olub. Ürəyi Azərbaycan eşqi ilə dolub-daşan Şah İsmayıl Xətainin qurduğu dövlət bütün xalqın həmrəyliyi sayəsində xarici qüvvələrin təcavüzü qarşısında uzun müddət duruş gətirmişdir. Səfəvilərin hakimiyyəti dövründə 410 min kv.km olan Azərbaycan ərazisi Orta əsrlərin ən böyük dövlətlərindən biri idi. Amma eyni soydan olmalarına baxmayaraq, Səfəvilər dövləti ilə Osmanlı sultanlığı birlik və bərabərlik olub xarici düşmənlərə qarşı inadla mübarizə aparmaq yerinə, bədxah qüvvələrin fitnə-fəsadı nəticəsində uzun illər qardaş qırğınına yol vermişlər. Bunun məntiqi sonu kimi həmişə türklərə qarşı hiyləgər və amansız mübarizə aparan Rusiya və İran imperiyaları XİX əsrin əvvəlində, müvafiq olaraq 1813 və 1828-ci ildə bağlanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanı iki yerə parçalayıb, bütöv bir xalqın faciəsinə səbəb olmuşlar. 
    Bütün fəlakətlərə baxmayaraq xalqımızın birliyi və azadlıq ruhu sınmadı. Milli adət-ənənələr əsasında maariflənən və soydaşlarımızın həmrəyliyindən güc alan vətənpərvər qüvvələrin mücadiləsi öz bəhrəsini verdi. 1917-ci il Fevral və Oktyabr inqilabları nəticəsində Çar Rusiyasının əsarətindən qurtaran xalqımız azadlığına qovuşdu. Məmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Milli Şura 1918-ci il 28 may tarixində Azərbaycanın müstəqilliyini elan etdi. Xalqın bütün təbəqələri həmrəylik nümayiş etdirərək dövlətçiliyin təşəkkül tapması,iqtisadi,hərbi,mədəni sahədə inkişafın əsaslarının qoyulması üçün tədbirlər həyata keçirildi. Hər bir azərbaycanlının qəlbində taxt qurmuş Nuru Paşanın rəhbərliyi ilə Türkiyədən gəlmiş qardaşlarımızla birlikdə 15 sentyabr 1918-ci ildə doğma Bakı şəhəri ingilis və rus qüvvələrinin hamiliyinə arxalanan erməni dığalarının əsarətindən azad olundu. Amma biz Bakının xilaskarı Nuru Paşaya onun azad etdiyi şəhərdə abidəsini qoymağı çox gördük. Bu vaxt Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv.km idi. Milli birliyə nail ola bilmədiyimizdən bizim azad yaşamaq sevdamız cəmi 23 aya bəs etdi. Sovet Rusiyasının XI Qızıl Ordusu və milli satqınların təzyiqi altında həmrəyliyimizi baltaladıq və müstəqilliyimizi öz əlimizlə bolşeviklərin hakimiyyətinə təslim etdik. Azərbaycanda Sovet hakimiyyəti yaradılanda torpaqlarımız yenidən bölgüyə məruz qaldı və SSRİ-nin tərkibində olarkən ərazimiz 86,6 min kv.km qaldı.
    70 il Sovet İttifaqının tərkibində yaşayan xalqımızın azadlıq ruhu XX əsrin 80-90-cu illərində yenidən oyanmağa və müstəqil olma arzusu reallığa çevrilməyə başladı. Müstəqilliyin bərpasına gedən yol 1988-ci ilin payızında başladı. İttifaq rəhbərliyinin razılığından ruhlanan bədxah qonşularımızın Dağlıq Qarabağla bağlı sərsəm iddiaları, eyni zamanda müasir Ermənistanın yerləşdiyi əzəli azərbaycan torpaqlarında yaşayan minlərlə soydaşımızın ata-baba yurdlarından zorla qovulması xalqımızın bütün təbəqələrinin hiddətinə və qəzəbinə səbəb oldu. Əsl həmrəylik həmin günlərdə Bakının Azadlıq meydanında nümayiş olundu. Yüz minlərlə insan öz qəlbinin səsi ilə küçələrə və meydanlara axışaraq ittifaq və respublika rəhbərliyindən torpaqlarımızın müdafiəsinin təmin edilməsini və haqlarının qorunmasını tələb etdi. Amma İttifaqın tərkibində olan başqa milli respublikalardan fərqli olaraq, Azərbaycanın həmin vaxtkı rəhbərliyi və məmurlarının əksəriyyəti xalqa dönük çıxdılar və müstəqilliyə can atan insanların mənəvi və fiziki cəhətdən əzilmələri üçün əllərindən gələni etdilər. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə erməni daşnaklarının təsiri altında olan Sovet İttifaqının rəhbəri Mixail Qorbaçov Azərbaycanlıların milli-azadlıq ruhunu məhv etmək və xalqı susdurmaq üçün böyük bir silahlı qüvvəni Bakıya və başqa rayonlara yeritdi. Nəticədə onlarla insan şəhid oldu və yüzlərlə yaralandı, itkin düşənlər oldu. 20 Yanvar hadisəsi xalqımızın müstəqilliq tarixinə qəhrəmanlıq salnaməsi kimi həkk olunsa da, eyni zamanda milli birliyimizə və həmrəylik ruhumuza sarsıdıcı zərbə oldu. Amma bütün bunlara əhəmiyyət verməyən və milli kökdən məhrum olan öz xalqını satmış respublika rəhbərliyi və manqurtlaşmış məmurlar 1991-ci ilin mart ayında keçirilən İttifaqın saxlanılmasına dair referendumun nəticələrini saxtalaşdıraraq ağalarına itaətkarlıq nümayiş etdirdilər. Buna baxmayaraq xalq 20 Yanvar hadisəsinin şokundan ayıldı və azadlığını daha qətiyyətlə tələb etməyə başladı. Xalqın həmin günlərdə göstərdiyi həmrəylik və qətiyyətli iradəsi nəticəsində Ali Sovetin 1991-ci il oktyabrın 18-də toplanmış sessiyası “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Lakin xalqımızın müstəqilliyi ilə barışmayan imperialist qüvvələrlə eyni cəbhədə olan erməni daşnakların silahlı qüvvələri həmin vaxt “açarını” itirmiş Rusiyanın sahibsiz qalan hərbi gücündən istifadə edərək Dağlıq Qarabağ və ətraf rayonlar daxil olmaqla torpaqlarımızın 20%-ni işğal etdi və bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin oldu.
    1989-cu ildə Azərbaycan Xalq Hərəkatının fəalları azərbaycanlıların yaşadığı tarixi ərazini ikiyə bölən keçmiş SSRİ və İran sərhəddinin Cəlilabad, Biləsuvar, Ordubad və Şərur rayonları arasındakı hissəsini sökərək, son iki yüz ildə ilk dəfə olaraq indiki İran ərazisində və Azərbaycan Respublikasında yaşayan iki qardaşın birləşməsinə və həsrətin sona çatmasına nail olduldr. 
    1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib. 1992-ci ildə isə 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsi ilə bağlı Əbülfəz Elçibəy hökuməti də qərar qəbul edib. Bununla da bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il təntənə ilə bayram edilir, həmrəyliyimizin möhkəmləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir, gələcəyə hesablanmış planlar qurulur. 
    Hazırda dünyanın müxtəlif ölkələrində təxminən 50 milyondan çox azərbaycanlı yaşayır. Müxtəlif mənbələrin məlumatlarına görə İranda 30-35 milyon azərbaycanlı var, o cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Kanadada və Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.
    Təlatümlərlə dolu müasir dövrümüzdə xalqımız və dövlətimizin kəskinləşən rəqabətə davam gətirməsi üçün realıqda milli birliyə və həmrəyliyə nail olmalıyıq. Bunun üçün isə soydaşlarımızın partiya mənsubiyyəti, hansı regiondan olması, dini etiqadı və dərisinin rəngi deyil, AZƏRBAYCANLIYAM ifadəsi birləşdirici və əsas rol oynamalıdır. Tariximizə hörmətlə və obyektiv yanaşmalı, onunla öyünməliyik. Tariximiz bizi ayırmağa deyil, birləşdirməyə xidmət etməlidir. Birliyə nail olmaq üçün enişli-yoxuşlu tariximizdə olmuş müsbət amilləri qabardaraq gənc nəslin elmi-texniki tərəqqinin nailiyyətlərindən bəhrələnərək vətənpərvərlik ruhunda böyüməsinə güc verməli, neqativ halların analizini isə tarixçilərin və araşdırmaçıların öhdəsinə buraxmalıyıq. Vətən, torpaq, azadlıq, məhəbbət, ədalət və həmrəylik ruhunda mədəniyyət nümunələri yaratmış Nizami Gəncəvi, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundov, Məhəmməd Hadi, Əliağa Vahid, Hüseyn Cavid, Bəhlul Səttarzadə, Aşıq Ələsgər, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Bülbül, Rəşid Behbudov, Müslim Maqomayev, Zeynəb Xanlarova, Sabir Mirzəyev, Tahir Salahov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nüsrət Kəsəmənlinin yaradıcılığı bizi birliyə səsləyir.