Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Azərbaycana bahar gəldi

    Azərbaycana bahar gəlib. Trend Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən verdiyi məlumata görə, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 15:02 radələrində baş verib.

    Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

    Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınıb. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.

  • İbrahim İbrahimli sıradan bir adam deyil

    Sabiq istiqlalçı deputat, tanınmış ictimai-siyasi xadim İbrahim İbrahimli Naxçıvanda döyülərək təhqir edilib. İştirak etdiyi yas mərasimində bir dəstə şəxsin təhqiredici hücumuna məruz qalan İ.ibrahimli bu haqda özü mətbuata məlumat verib. Qeyd edək ki, hadisə eks-deputatın bacısı oğlunun yas mərasimində baş verib.

    Özlərini MTN və polis əməkdaşı kimi təqdim edən dörd nəfər şəsx İ.İbrahimlini şəhər kənarına apararaq onu təhqir edib və bədəninə ciddi xəsarət yetiriblər. Zərərçəkmiş işə hesab edir ki, baş verənlər onun siyasi fəaliyyəti, konkret olaraq müxalifətdəki mövqeyi ilə bağlıdır. Hadisəyə münasibət bildirən millət vəkilləri yaşanan olayı biabırçılıq adlandırıblar.

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)  sədri, millət vəkili Sabir Rüstəmxanlı insanların bu şəkildə təhqir olunmasının yolverilməz olduğunu deyir: “İ.İbrahimli sıradan bir adam deyil. Respublikada kifayət qədər tanına bir ziyalı şəxsdir. Vaxtilə mən Mətbuat və İnformasiya naziri işlədiyim zaman o da Naxçıvanın mətbuat komitəsinin rəhbəri vəzifəsində çalışıb. Dövlət strukturlarında müxtəlif vəzifələrdə işləyib. Eyni zaman da da millət vəkili olub. İndi də ictimai həyatda kifayət qədər rol oynayan şəxsiyyətdir. Bütün bunların hamısını qoyaq bir kəanara. Lap tutaq ki, sıravi vətəndaşdır, ora qohumunun yas mərasiminə gedib. Bu millətin öz adət-ənənəsi, əxlaqi keyfiyyətləri var. Hüzr yerinə gəlmiş bir adama niyə əl qaldırmalıdır? Hansı səbəbə görə, o, təhqir olunmalıdır? Utanverici hadisəni qətiyyətlə pisləyirəm. Biz, ölkədə demokratik cəmiyyət qurmaq istəyirik. Ancaq belə olaylarla demokratik cəmiyyəti necə qurmaq olar? Hər kəs özünə bir sual versin”.

    Deputat qeyd edir ki, “heç bir şəxs siyasi görüşünə və fikir ayrılığına görə döyülməməli, şantaj edilməməlidir. Dövlətimizin qanunlarına görə, istənilən şəxs azad fikrini ifadə etməkdə və siyasi yolunu müəyyənləşdirməkdə sərbəstdir. Hətta hər hansı insan öz siyasi baxışlarını ifadə etməyə getsə belə, bu cür davranışla üzləşməməlidir”.         

  • Ibrahim Quliyevin yeni kitabı

    Azərbaycan Milli Elimlər Akademiyasının (AMEA) elmi işçisi, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü İbrahim Quliyevin “Dua kimi oxunan şeirlər” adlı yeni kitabı işıq üzü görmüşdür.

    Kitab xalq şairi Sabir Rüstəmxanlının və filologiya elmləri doktoru Rəhim Əliyevin ön sözləri ilə açılır. Üç fəsildən ibarət olan kitabda müəllif şair Adil Şirin yaradıcılığının timsalında 80-ci illər ədəbi nəslinin taleyindən söhbət açır. Kitabda müasir ədəbi proses, ənənə və müasirlik, ədəbi tənqidin yeri və roluna geniş toxunulur.

    Müəllif kitabın birinci fəslində köhnə ideoloji prinsiplərin dağılması fonunda formalaşan 80-ci illər ədəbi nəslinin nisbi yaradıcılıq sərbəstliyinə yiyələnməklə bərabər, həm də ciddi problemlər yaşadıqlarını qeyd edir. Bu nəslin bir sıra nümayəndələrinin bəzi hallarda inqilabi inkarçılıq şüarları səsləndirmələrinin səbəblərini ümumi ədəbi proses prizmasından təhlil edir.

    İkinci – üçüncü fəsildə şair Adil Şirinin yaradıcılığından ətraflı söhbət açan müəllif onun yaradıcılığının uzun müddət ədəbi tənqidin diqqətindən kənarda qalmasını da bu illərdəki ideoloji savaşların ədəbi prosesi kölgələməsi ilə əlaqələndirir.

    Müəllif yazır: “Bu dövr ədəbi nəslinin xüsusi fərqlənən şairlərindən olan Adil Şirinin ağ şeirə bənzəyən poeitik nümunələri, keçmiş nə qədər inkar olunsa da, böyük ədəbi irsin ən uğurlu ənənələri üzərində formalaşırdı

    Kitab “Qanun” nəşriyyatında işıq üzü görmüşdür.      

     

    Oxuduğum dualarda,
    Yozduğum röyalarda,

    Tapılmadı nə ölümün,
    Nə də ayrılığın çarəsi.

  • Mahmudəli Çöhrəqanlı-55

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı Güney Azərbaycan Milli Oyanış Hərəkatının liderləri biri Mahmudəli Çöhrəqanlının 55 illik yubileyini təbrik edib. Təbrikdə deyilir:

    Əziz Mahmudəli bəy!

    Mənsub olduğun millətin doğal haqları, hüquqları və azadlığı uğrunda mübarizə aparmaq təkcə həmin millətin mənəvi qürurunu və varlığını qorumasının təzahürü deyil, həm də mübarizəni aparan şəxsin şərəfli ömür yaşamasının sübutudur. Dünyada heç bir bər-bəzəkli həyat tərzi, cah-cəlallı yaşam dövlətinin müstəqilliyi uğrunda mübarizə ilə keçən ömrü əvəz edə bilməz.
    Hər insanın bu dünyaya gəlişində bir vəzifəsi, missiyası olur. Xoş o insanların halına ki, onların taleyinə millətinin müstəqilliyik uğrunda mübarizə yazılıb.
    Mahmudəli bəy, sizin ömrünüzə də millətinin azadlığı, dövlətinin müstəqilliyi yolunda mübarizə aparmaq missiyası yazılıb. Bütün məhrumiyyətlərə, çətinliklərə baxmayaraq, apardığınız bu mübarizə və mücadilənin bir gün haqqa varacağına heç bir şübhə ola bilməz. Tarixi torpaqlarımızın çox kiçik bir hissəsində apardığımız və sonu müstəqilliklə başa çatan Milli Azadlıq Hərəkatının taleyi buna əyani sübutdur. Ötən əsrin 80-ci illərinin sonunda çox az adam inanırdı ki, dünyanın iki happy wheels demo güclü dövlətindən biri olan SSRİ nə vaxtsa xalqların azadlıq mübarizəsi nəticəsində dağıla və əsarətdə olan millətlər müstəqil ola bilərlər. Ancaq bu baş verdi, çünki dünyanın heç bir zoru, heç bir gücü, heç bir silahı insanın azadlıq mübarizəsinin, azadlıq sevgisinin qarşısını almağa qadir deyil. Yetər ki, millətin bu istəyi, arzusu və müstəqilliyini qazanmaq üçün birliyi olsun.
    Güney Azərbaycan türklərinin, soydaşlarımızın da illərdir yığılan enerjisi bir gün vulkan kimi oyanacaq və üstündəki ədalətsiz rejimi, repressiya aparatını kənara tullayacaq.
    Bu xoş günü, millətin şərəf anını Sizin öz tərcümeyi-halınıza yazacağınıza əminəm!

    Əziz Mahmudəli bəy!

    Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm və doğrusu Sizə, Sizin timsalınızda güneyli soydaşlarıma deyəcəklərim, arzularım həddən artıq çoxdur. Vaxtaşırı olaraq onları deyir, yazır və yayıram. Ən ümdəsi isə təbii ki, azadlığınızdır. Mübarizənizin təntənəsini görmək arzum həm də özümə aiddir və mən bu prosesdə heç də izləyici deyiləm, iştirakçıyam, dünyadakı səsinizdən, sözünüzdən biriyəm.

    Əziz qardaşım, Tanrı mənə bir fürsət verdi, Quzeyin paytaxtındakı ən böyük meydanı Azadlıq Meydanına çevirmək xoşbəxtliyini yaşadım.
    Tanrı sizlərə Təbrizin Azadlıq Meydanını qismət eləsin!

    Sayqılarla, 
    Sabir Rüstəmxanlı

  • Sabir Rüstəmxanlı Vaqif Arzumanlını təbrik etdi

    Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlının 65 yaşı tamam olmuşdur. Bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri,  DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı ona təbrik məktubu ilə müraciət etmişdir. Məktubda deyilir: “Hörmətli Vaqif Arzumanlı, Sizin bir alim kimi Azərbaycan ədəbiyyatı və tarixi sahəsində, ictimai xadim kimi millətimizin dünyada tanınması istiaqamətində gördüyünüz  işlər xüsusi bir tarixi mərhələ təşkil edir desək, səhv etmərik. Siz ilk gəncliyinizdən elmə obyektivlik və milli vətənpərvərlik ruhu gətirmisiniz. Ədəbi əlaqələrimizin genişlənməsi, dünya ədəbiyyatının seçmələrinin ölkəmizdə və Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrinin ayrı-ayrı ölkələrdə tanıdılması sahəsində böyük əməyiniz olmuşdur. 1991-2002-ci illərdə rəhbərlik etdiyiniz Milli Münasibətlər İnstitutu, əslində, sizin bu sahədəki əvvəlki geniş təcrübəniz sayəsində qısa müddətdə dünyanın əksər ölkələri ilə sıx elımi, mədəni və ədəbi əlaqələr yarada bildi. Bu gün dünyanın əksər ölkələrində fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının formalaşmasında həmin əlaqələr mühüm rol oynamışdır. Siz həmin işi bu gün həm Dünya Azərbaycanlıları Konqresində, həm də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsində rəhbər kimi uğurla davam etdirirsiniz.

    Hörmətli Vaqif Arzumanlı, Siz ədəbiyyatşünaslıq elmi sahəsində samballı əsərlərin müəllifisiniz.      

    Siz 35 kitab və monoqrafiyanın, həmçinin 1500-dən artıq elmi və publisistik məqalənin, müsahibənin müəllifisiniz. 60-dan artıq elmi əsərin redaktorluğu və ön sözünün müəllifliyi də Sizə məxsudur. Bu gün də Siz ədəbi əlaqələr və milli münasibətlər sahəsində gənc alimlərin və mütəxəssislərin yetişdirilməsində fəal iştirak edirsiniz, 30-dan artıq aspirant, dissertant, doktorantın elmi rəhbəri, elmi məsləhətçisi olmusunuz. Əlbəttə, bu sıranı daha da genişləndirmək olar. Buraya Sizin  “Elturan”(“Milli məsələlər”) və “Diasporun səsi”  jurnallarında və “Ədəbi Əlaqələr” toplusunda baş redaktorluğunuzu, “Qartal” nəşriyyatında direktoruluğunu da əlavə etmək olar.

    Siz ilk gənclik illərində necə böyük enerji və istəklə çalışmısınızsa, bu gün də həmin enerji və istəklə fəaliyyət göstərirsiniz. Yaşın və illərin Sizin qurub- yaratmaq eşqinizə heç bir dəxli yoxdur. Əksinə, buraya Sizin ağsaqqallığığını və böyük təcrübəniz də əlavə olunub.

    Əziz dostum, Sizi 65 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, Sizə cansağlığı və yaradıcılığınızda, ictimai fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram”.  

  • Sabir Rüstəmxanlının “Əbədi sevda”sı Yazıçılar Birliyində təqdim olunub (FOTOLAR)

    Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının “Əbədi sevda” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə xalq şairinin qələm dostları, həmkarları, qonaqlar Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında, ictimai-siyasi fikir tarixindəki mövqeyindən, təqdim olunan yeni kitabının məziyyətlərindən söz açıblar.

    Xalq yazıçısı, AYB sədri Anar: “Sabir Rüstəmxanlını 40 ildi tanıyıram, onun həm poeziyasını, həm publisistikasını, həm də ictimai fəaliyyətini ən yüksək dəyərlərlə qiymətləndirdiyim üçün bəzi məqamları vurğulamağa ehtiyac duyuram. Sabir Rüstəmxanlı ədəbiyyatımızda ümumxalq hadisədir, həm şair kimi, həm tarixi romanları, həm publisistikası, həm ictimai fəaliyyəti ilə ümumxalq hadisəsidir. Onun tarixi romanları bizim ədəbiyyatımızda böyük bir boşluğu doldurur. Bizim köklərimiz, əcdadlarımız haqqında illər boyu deyilməyən həqiqətlər bu romanlarda deyilir. Çox sevinirəm ki, Sabir siyasi, parlament fəaliyyəti ilə bərabər belə bir kitabı da ərsəyə gətirib. Şair kimi də o bir gün də qələmi yerə qoymayıb. Arzu edirəm ki, Sabir bundan sonra da Azərbaycan ədəbiyyatında, siyasi həyatında tam coşğunluqla fəaliyyətini davam etdirsin”.

    “525-ci qəzet”in baş redaktoru, AYB katibi Rəşad Məcid: “İndi toplaşdığımız “Natəvan” klubunda çox şövqlə apardığım, həvəslə idarə elədiyim tədbirlər olub. Belə azsaylı tədbirlərdən biri də məhz bugünkü təqdimat mərasimidir. Sabir Rüstəmxanlını uzun illərdir tanıyırıq, şeirlərini sevmişik. Onun ictimai-siyasi, eləcə də çoxşaxəli ədəb ifəaliyyəti ilə tanışıq. Bu gün təqdim olunan “Əbədi sevda” kitabında isə son illərin mənzərəsi öz əksini tapıb. Bu kitabı oxumuşam, bəzi misralar da yadımdadır. Biz Sabir bəyin yazdığı vətənpərvərlik şeirləri ilə böyümüşük. O şeirlərin bir neçəsini bu kitabda görmədim. Sabir bəydən soruşdum ki, niyə bu kitabda “Ana dilim” şeiri yoxdur. Bu kimi şeirlər bizim nəslin ruhuna bir sərinlik gətirib. “Əbədi sevda”da Sabir bəyin keçdiyi həyat yolu, xüsusən ictimai-siyasi fəaliyyəti barədə də qeydlər var. Sabir bəy həm də “Ömür” kitabı ilə bizim ictimai-siyasi şüurumuzda özünə yer eləyib, həmçinin millət vəkili kimi göstərdiyi fəaliyyəti ilə hamımızın yaxından tanıdığımız bir insandır. Azərbaycanın müstəqilliyi haqqında konstitusiya aktını ilk imzalayanlardan biridir. Bizim əksəriyyətimiz məhz Sabir Rüstəmxanlının publisistikası, şeirləri, romanları ilə böyümüşük, dünyagörüşümüz formalaşıb. Onun vətənpərvərlik şeirləri ilə yanaşı, sevgi şeirləri də bizə doğmadır:

    İlahi, sevgimə toxunma mənim,
    Tək səni göstərir bu sirli güzgü.
    Səni görüşünə Axirət günü
    Nə payım olacaq sevgidən özgə?” 

    Millət vəkili, publisist Elmira Axundova: “Sabir bəylə ötən əsrin səksəninci illərindən tanışıq. Sabir müəllim o insanlardan idi ki, mənə mənəvi ruh verdi, köməklik göstərdi, kitablarımı çap etdi. Mən Sabir müəllimə minnətdaram. Mənim jurnalistikaya yolumu açan Sabir Rüstəmxanlı və Anar olub. Çünki o vaxt onlar mənə inanıb qələmimə yol verdilər. “Azərbaycan” qəzeti vasitəsilə Sabir müəllim həyatımda böyük rol oynadı. Ondan sonra mənə daha böyük üfüqlərə, beynəlxalq jurnalistikaya yolum açıldı. Sabir müəllimin yaradıcılığına bələdəm. Əslində şeiri anlamıram, o qədər də şeirlə aram yoxdur, amma Sabir müəllimin kitabını vərəqləyəndə oxuduqca oxumaq istəyirsən. Sabir müəllimin cavanlığını xatırladıqca onun Nüsrət Kəsəmənli və Çingiz Əlioğlu ilə birgə dostluqlarını yadıma salıram. Həmişə bir yerdə idilər. Biz onlara üç muşketyor deyirdik. Yadımdadır ki, onlar həmişə necə izdihamlı auditoriya yığırdılar. Doğrudur, Sabir Rüstəmxanlı ictimai-siyasi fəaliyyəti ilə də həmişə diqqət mərkəzindədir, amma Sabir Rüstəmxanlı məhz öz kitabları ilə tarixdə qalacaq. Sabir Rüstəmxanlı yazmadan yaşaya bilməz. Bu onun həyat tərzidir. Arzu edirəm ki, həyatının bütün anlarında bu həyat tərzi belə davam etsin”.

    AYB sədrinin müavini Nazim İbrahimov: “Sabir Rüstəmxanlı həm şair, həm yazıçı, həm publisist, həm ictimai xadim, həm də naşir kimi öz yolunu, öz cığırını açmış adamdır. O nə qədər başqa fəaliyyətlərə vaxt ayırsa da, heç vaxt qələmini yerə qoymayıb. Nə yaxşı ki, qoymayıb, çünki əvvəl-axır ona qalan qələm olacaq”.

    Şair Çingiz Əlioğlu: “Sabir Rüstəmxanlının istər vətəndaş kimi, istərsə də yaradıcılıq baxımından amplitudasını müəyyən eləmək üçün ilk növbədə onun doğulub-böyüdüyü Hamarkəndi görmək lazımdır. O kənddən baxanda bütün Azərbaycan görünür. Mənə elə gəlir ki, hətta oradan Gəncəni də, Dərbəndi də, Borçalını da görmək mümkündür. Çünki orada elə bir qəribə genişlik var. Burada təkcə gözün işlədiyi məsafədən söhbət getmir. O torpağın, o məkanın, o arealın verdiyi mənəvi gücdən söhbət gedir. O mənəvi gücün imkanı ilə bütün Azərbaycanı görmək olur. Məhz buna görə də Sabir bəyin bütün həyatının qayəsi, bütün yaradıcılığı Azərbaycan adına, bu adın ucalığına, mənəviyyatının, mədəniyyətinin inkişafına həsr edilmiş bir ömürdür. Sabir Rüstəmxanlı həmişə öz obyektivliyi, fərdi yanaşması və təmkini ilə seçilib. Bu da onun böyüdüyü torpağın mənəvi gücü ilə bağlayıram. Sabir bəyin mərhum atasının dəfnində iştirak edirdim. Sabir bəygil doqquz qardaşdırlar. Bu qardaşların atalarının məzarı başında halay vurub yallı getmələri yadımdadır. Mən həyatımda ilk dəfə belə bir mənzərə görürdüm. İnanın, bu mənzərə mənə o qədər güclü, qəribə təsir bağışladı ki, mən mənəvi və fiziki olaraq məzarı başında oğlanları yallı gedən o atanın gücünü, böyüklüyünü hiss elədim. Sabir Rüstəmxanlı məhz belə bir atanın gen daşıyıcısıdır. Mən fəxr edirəm ki, ədəbi yaradıcılığa başladığım ilk dövrlərdən urcahıma çıxan və bu günə qədər də  dostluq elədiyim insanlardan biri və birincisi Sabir Rüstəmxanlıdır”.

    Şair Musa Yaqub: “Sabir Rüstəmxanlının milli azadlıq mücadiləsində ən böyük xidməti intellektual azadlıq hərəkatı aparması olub. Bəlkə də Sabir olmasaydı, o hərəkat başqa məcraya yönələrdi”

    Millət vəkili Fazil Mustafa: “Sabir Rüstəmxanlı imzası son qırx ilin Azərbaycan ədəbiyyatı tarixində, şübhəsiz, ən çox istinad edilən adlardan biri olacaq. Bu ad həm də Azərbaycanın ikinci müstəqillik dönəminin bütün parlaq səhifələrində əvəzsiz bir dəyərə sahibdir”.

    Şair Rüstəm Behrudi: “ Sabir Rüstəmxanlı söz, fikir, düşüncə adamı olduğu qədər də elə savaş adamıdır. Elə bir savaş adamıdır ki, ömür bitəcək, o savaş bitməyəcək. Bu savaşdan nə vaxtsa hamı çəkilə bilər. Sabir Rüstəmxanlı bu savaşın son mogikanıdır”.

    Professor Cəmil Həsənli: “Əbədi sevda” kitabı Sabir Rüstəmxanlı yaradıcılığının müəyyən bir dövrünün ədəbi yekunudur. Çünki burada Sabirin keçdiyi ömür yolunun bütövlükdə mənzərəsi əks olunub. Burada onun tənhalığı da, bayrağın kölgəsinə sığındığı məqamlar da, onun dostları ilə ucaldığı anlar da, Avstraliyadan tutmuş Amerikaya qədər böyük bir coğrafi məkanda hərəkət trayektoriyası da var. Mənim üçün Sabir Rüstəmxanlının yaradıcılığının bir özəlliyi də tarixlə bağlılığıdır. Sabir təkcə şeir, yazmayıb, eyni zamanda bizim tarixmizi də yazıb. Məsələn, “Gəncə qapısı” bunun çox gözəl bir nümunəsidir”.

    Millət vəkili Asim Mollazadə: “Onun bütün yaradıcılıq yolu sevgi ilə, sevda ilə bağlıdır. Bu sevgi Azərbaycana, millətə, bəlkə də onun ilham pərisinədir. Bütün hallarda Sabir sevgisiz yaşaya bilməz. “Əbədi sevda” da məhz bu sevginin nəticəsi kimi ərsəyə gəlib”.

    Millət vəkili Qənirə Paşayeva: “Sabir Rüstəmxanlı həyatda da poeziyasında göründüyü kimidir. Onun ən böyük xidmətlərindən biri də milli azadlıq mücadiləsində öndə getməsidir”.

    Tənqidçi Vaqif Yusifli: “Sabir Rüstəmxanlının bütün yaradıcılığnda vətən şeirləri üstünlük təşkil edir. Bunu onun yaradıcılığını sevənlər də təsdiqləyə bilərlər və onun “Vətən”, “Təbriz xiyabanı”, “Qan yaddaşı”, “Şairlik nəyimə gərəkdir mənim”, “Azərbaycan ürəyi” şeirlərinin adını çəkərlər”

    Tənqidçi Əsəd Cahangir: “Sabir Rüstəmxanlının yaradıcılığı haqqında tənqidiçi kimi danışmaq mümkün deyil. Çünki onun yaradıcılığı tənqidin fövqündə dayanır. Mən həmişə fəxr eləmişəm ki, mənim millətimin Sabir Rüstəmxanlı kimi şairi var”.

    Professor Vaqif Arzumanlı: “Mən bu gecə İraqdan qayıtmışam. Bir həftə idi ki, İraqın paytaxtı Bağdad şəhərində tədbirdə iştirak edirdim. Mən elə həmin tədbirdə də türkman şairlərinin Sabir bəyə məhəbbətinin əyani şahidi oldum. Sabir bəyin təkcə elə Cavad xan haqqında yazdığı əsər indiyə qədər Cavad xan haqqında yazılanlardan, hətta tarixçilərin yazdıqlarından da çox-çox üstündür. Onun “Difai fədailəri” romanı isə müstəsna əsərdir”.

    Gənc yazar Pərvin Nurəliyeva: “Gənc Ədiblər Məktəbində Sabir müəllimlə görüş keçirilən zaman onun istedadlı gənclərə qayğıkeş münasibətinin şahidi oldum. O görüşü hələ də xatırlayıram. Çünki bizi hələ indiyə kimi heç kəs onun qədər bədii yaradıcılığa həvəsləndirməmişdi. O yazıçılıq haqqında o qədər sadə izahat vermişdi ki, o görüşdən çıxanda hər birimiz özümüzü yazıçılığa iddialı hiss eləmişdik”.

    Sonda Sabir Rüstəmxanlı təqdimat mərasimində iştirak edən hər kəsə minnətdlarlığını bildirib və yeni şeirlərini oxuyub.

  • VHP MNTK katibi Səidə Dadaşlıya

    Qadının heç vaxt yaşını soruşmazlar. Çünki onlar bir dəstə çiçək kimi daim təzə-tər, günəş kimi hərarətli, səhər mehi kimi qayğıkeşdirlər. Bununla bərabər, lazım gələndə “dəmir ledi”yə, diplomat Sara xatuna da çevrilə bilirlər.

    VHP-nin ən sədaqətli üzvlərindən biri olan, partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının katibi Səidə xanım Dadaşova da  belə xanımlardan biridir. Bu qayğıkeş, mehriban insan öz əqidəsi, ideya prinsipləri uğrunda lazım gələndə mübariz döyüşçüyə, mücadilə insanına çevrilir. Səidə xanım VHP-yə təsadüfən gələn insanlardan deyil, o, vətəndaş həmrəyliyi ideyasını seçmiş, qəbul etmiş, onu həyat prinsipinə çevirmiş əqidə adamıdır. 

    S.Dadaşova milli –azadlıq hərəkatından başlanan əqidə yolunu bu günədək şərəf və ləyaqətlə davam etdirir. Zamanın dolanbac, enişli – yoxuşlu yolları nəinki onu sındırmayıb, əksinə iradəsini möhkəmləndirib, ideya prinsiplərinə aydınlıq gətirib. Partiyanın bütün tapşırıq və göstərişlərini vaxtlı-vaxtında yerinə yetirməkdən qürur duyur. Öz əqidədaşlarına qarşı daim səmimiyyət və mehribanlıq nümayiş etdirən bu xanım, lazım gəldikdə mətin əsgərə çevrilir.

    Bu gün Səidə xanımın ad günüdür. Bu münasibətlə bütün VHP-çilər onu təbrik edir, ona cansağlığı, xöşbəxtlik və siyasi fəaliyyətində uğurlar diləyir.  

  • VHP sədri 8 mart münasibəti ilə qadınları təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan xanımlarını təbrik edib. Təbrikdə deyilir:

    “Əziz xanımlar, analar və bacılar!

    Hər birinizi 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, sizlərə can sağlığı, ailə səadəti, xoşbəxtlik arzulayıram.

    Əslində, sizləri ildə bir dəfə yox, hər gün, hər an təbrik etmək bizim insan kimi, qardaş, ata, oğul kimi borcumuzdur. Çünki biz həyatda qazandığımız hər şeyə görə sizlərə minnətdarıq: bu millətin adı, dili yasaq olanda, onu analarımızın laylasından, bayatılarından, ağılarından öyrəndik; əsarət altında, milli kimliyimiz unutdurulanda adət-ənənəmizi, varlığımızı öz isməti, əxlaqı ilə analarımız, bacılarımız yaşatdı.

    Sizlər bu millətin azadlıq mübarizəsində həmişə sıralarımızda olmusunuz və hədəflərimizə çatmağımızda əvəzsiz xidmətləriniz sayılmaqla bitməz; bu gün də vətəndaş cəmiyyəti quruculuğunda, sosial-siyasi sorunların həllində dayanmadan çalışırsınız.

    Cəmiyyətin elə problemləri var ki, onu duymaq yalnız ana ürəyinə nəsib olur, ona yanmaq da, onun həlli də sizlərin əlindədir. Sizlərin fəallığı, mövqeyi, ürəyi olmadan biz bir çox sorunların öhdəsindən gələ bilməzdik.

    Hər bir kişinin arxasında bir qadın dayanır. Biz ona görə vüqarlı, qürurluyuq ki, sizlər varsınız; ocağımızın odu, qəlbimizin fərəhi, evimizin, ailəmizin təməli sizsiniz! Yalnız o ev doğmadır ki, orda ana ətri, ana nəvazişi, ana hərarəti var; yalnız o iş hədəfə varır ki, orda ana xeyir-duası, ana istəyi var.

    Əliniz Allah dərgahında, gecə-gündüz etdiyiniz alqışlardır bu milləti qoruyan, sizin dularınızdır bizi yaşadan…

    Əziz xanımlar!

    Dünyanın bütün çiçəkləri sizin yanınızda solğundur; dünyanın bütün gözəllikləri sizdən aşağıdır; bütün qəhrəmanlıq, igidlik sizin üçündür, bütün məsumluq, paklıq mənbəyini sizdən alır.

    Dünyann heç bir gözəlliyi sizin bir damla göz yaşınıza dəyməz… Təəssüf ki, 20 ildir bəziləriniz öz yurdunuzda qəribsiniz, için-içn ağlayır, yurd həsrəti çəkirsiniz.

    Torpaqlarımızın işğaldan azad olması, Qüzeyli-Güneyli ana-bacılarımızın xoşbəxt həyatı bizim hər birimizin arzusudur. Tanrı bu xoşbəxtliyi sizə yaşatmağı bizə nəsib etsin.

    Bir daha hər birinizi təbrik edir, sizlərə ən səmimi arzularımı çatdırıram.

  • Əli Hacının 50 yaşı tamam oldu

    50 yaş… Əslində, bu rəqəmdən başqa bir şey deyil. Söhbət bu rəqəmin aid edildiyi adın qarşısında hansı epitetlərin dayanmasındadır. Əli Hacı deyəndə dünyada hər nə varsa onu  həzin bir sözə, sözdən isə işığa çevrərək dünyamızın başının üstündən asmağa hazır olan əbədi narahat bir ruhun mövculuğuna inanmalı olursan. O özünü ruh adamı saysa da, əslində, ruhun obrazı və şəkli elə Əli Hacılıdır. Qədim sufilər ilahi ruha qovuşmaq üçün çox mürəkkəb mərhələlər keçir, ekstaz halında maddi aləmdən ayrılacalarını düşünürdülər… Amma ayrıla bilmirdilər, maddi aləmin, sonradan Nyutonun dediyi kimi, yerin cazibəsi onlar göylərdən maddi dünyaya endirirdi. Əli Hacı isə sözlə bu yolu keçdi…  Heç kəsə bənzəməyən, heç kəsi təkrarlamayan Əli Hacı şeiri ilə…

    Ət tökəcək, bədən ruhsuz,

    Bir də geri dönməyəcək.

    Tanrısına çatan ruhum

    Bir də yerə enməyəcək.

    Bu şeirlərin əsas obrazları qəriblik, tənhalıq, özü ilə, öz dünyası ilə baş-başa, üz-üzə qalmaqdır. Burada qeyri-səmimilik, üzəvari olmaq, biganəliyi, laqeydliyi pərişanlıq donuna bükmək  mümkün deyil. Ümumiyyətlə, Əli Hacı ziddiyyətli zaman fonunda şəxsiyyət və şair parametrlərinin harmoniyasını təzahür etdirən az-az qələm sahiblərindəndir. Özü də yalnız bu halda, yəni sözün bütöv əxlaq və mənəviyyatla tamamlandığı yerdə səmimi, necə deyərlər, əsl səma  poeziyası yaranır.

    Əli Hacını tanıyanların hamısı onun sədaqətli dost, xeyirxah insan, dönməz əqidə sahibi olduğunu inamla vurğulayırlar. Elə bu cəhətləri onu gənclik çağlarında milli azadlıq mücadiləsinə, sonradan isə millətin haqlarının dünyada tanınması uğrunda mübarizə yoluna gətirib çıxarıb. Bu gün də Əli Hacı gəncliyində başladığı mücadilənin əsgəridir. Şeirləri min illik poeziyamızın ruh çeşməsindən su içdiyi kimi, mücadilə iradəsi də tariximizin ləyaqət, kişilik örnəklərinə söykənir.

    Əziz dostumuzu, sevimli şairimizi bir daha 50 illik yubileyi münasibəti ilə təbrik edir, ona həyatda xöşbəxtlik, yartadıcılıqda uğurlar diləyirik.

    Sayqılarla,

    Sabir Rüstəmxanlı

    VHP sədri, millət vəkili

  • Oqtay Əfəndiyev sağlığında ikən özünü tarixə çevirmişdi

    VHP Oqyay Əfəndiyevin vəfatı ilə bağlı nekroloq yaydı

    Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin dünyasını dəyişməsi xəbəri məni çox üzdü, Türkiyədə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərdə iştirak etdiyim üçün onun dəfn mərasimində iştirak edə bilməməyim isə bu üzüntünü daha da artırdı.
    Taleyin işinə bax ki, Oqtay müəllim fevralın 26-da, Xocalı soyqırımının ildönümündə vəfat etdi və düşünürəm ki, burada mistik bir əlaqə, rabitə var. O.Əfəndiyev bütün ömrü boyu Azərbaycanın unudulmuş, təhrif edilmiş və özgələşdirilmiş tarixini bu millətə qaytarmaq üçün uzun və dərin araşdırmalar aparmışdı. Moskvada Şərqşünaslıq İnstitutunu bitirməsinə baxmayaraq, millətinin tarixinə olan sevgi onu çəkib tarixçiliyə gətirmişdi və Şərq dillərini mükəmməl bilməsi bu işdə ona yardımçı olmuşdu. Oqtay müəllim ilk dəfə olaraq Səfəvi dövlətinə “İran dövləti” kimi yanaşmanın yanlışlığını sübut etdi və fars mənbələri əsasında qızılbaşların milli kimliyi, siyasi-ictimai fəaliyyətini ortaya qoydu.
    Ümumiyyətlə, Oqtay Əfəndiyev tarixdə azərbaycanlıların izini axtaran, araşdıran və dünyaya tanıdan bir alim idi. Onunla çox uzun bir yol keçmiş və tarixi bilgilərimizi bir-birimizlə paylaşmışıq. Oqtay müəllim bütün məsələlərə mütəxəsis, peşəkar kimi yanaşırdı, hay-küydən, yalançı vtənpərvərlikdən uzaq idi, amma tarixin türk yaddaşını həmişə silkələyir, oyatmağa və danışdırmağa nail olurdu.
    2011-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasında Oqtay Əfəndiyevin 85 illik yubileyini qeyd etməyimiz təsadüfü deyildi. Oqtay müəllimin araşdırmalarının milli düşüncəli böyük bir nəslin yetişməsində inanılmaz dərəcədə müsbət təsiri olmuşdu.
    Oqtay Əfəndiyev hələ sağlığında ikən özünü Azərbaycan tarixinin bir parçasına və tariximizin ən şanlı səhifəsinin şahidinə çevirmişdi. Xocalı şəhidlərinin anım günündə tariximizin şahidini itirməyimiz, dərdimizi bir qədər də artırır.
    Oqtay Əfəndiyevin vəfatı ilə bağlı onun doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı verir, alimə Allahdan rəhmət diləyirəm.

     

    Sabir Rüstəmxanlı

    VHP sədri, millət vəkili