Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • “My Road of Life” is his last work written during the Soviet rule.

    This book treasures love; love of everyone, love to motherland, history, culture. The book speaks out for the whole Azerbaijani people expressing its benevolent nature and good will.

    The 90s of the last century marked Azerbaijan’s history with independence from the Soviet regime and greatly contributed to introduce “My Road of Life” as one of the cult books of those times, spreading thoughts and spirit of liberty, independence, nation’s self-governance. Fighters for independence used to came to The Liberty Square in Baku with this book in their hands to demand the end of the authoritarian Soviet dominance. The book encouraged the young generation of those times to rise and wage the just struggle for future and signaled the complete destruction of the humiliating Soviet dictatorship.

    Today “My Road of Life” is a versed relic echoing the ardent freedom-loving spirit of the Azerbaijani people on their long way to hard-fought victory.

  • Rafiq Manaflı:“İctimai Palatanın taleyinin necə olacağı bəlli deyil”

    “İctimai Palatanın bundan sonrakı taleyi bəlli olmadığından, Koordinasiya Şurasına seçkilər məsələsi arxa plana keçib. İctimai Palatanın Koordinasiya Şurasına seçkilərin keçirilməsi məsələsi sual altındadır”.

    Bu açıqlamanı APA-ya İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı verib.

    O qeyd edib ki, İP KŞ-ya seçkilərin gecikdirilməsi, bu qurumda vətəndaş cəmiyyəti mənsublarının sayının və çəkisinin artırılması məqsədi daşıyıb: “Belə qərarın verilməsinə səbəb cəmiyyətdə və siyasi dairələrdə İctimai Palata ilə bağlı yaranan fikri dəyişmək olub. Yəni həmin vaxt bəziləri İctimai Palatanı AXCP ilə Müsavat Partiyası tərəfindən yaradılan və bu partiyaların nəzarətində olan qurum kimi xarakterizə edirdilər. Biz də bu fikri dəyişmək istədik. Həmin qərardan sonra bu istiqamətdə addımlar atılsa da, konkret irəliləyiş yoxdur. Həmçinin, İctimai Palatanın Koordinasiya Şurasına keçiriləcək seçkilərin də vaxtı açıqlanmayıb”.

    R. Manaflı İP-in gələcək taleyindən narahatlığını da ifadə edib: “Digər tərəfdən İctimai Palatanın taleyinin necə olacağı bəlli deyil. Çünki İctimai Palata üzvləri hazırda Milli Şuranın yaradılması ilə bağlı danışıqlar prosesində iştirak edirlər. Hətta Milli Şuranın yaradılması ilə bağlı İctimai Palata daxilində müəyyən narazılıqlar da yaranıb. İctimai Palatada mövcud olan ətalətə baxmayaraq, Milli Şuranın yaradılması ilə bağlı məsələyə aydınlıq gəlməyənə qədər bu qurumun fəaliyyətinə xitam verilib-verilməməsi məsələsi haqda bir söz demək mümkün deyil. Qarşıdan gələn sessiyada İctimai Palatanın fəaliyyətinin dayandırılması haqda təklifin səsləndirilməsi və ya müzakirəyə çıxarılması real görünmür. Növbəti sessiyalarda ola bilsin belə təkliflər səslənsin”. 

    Onun fikrincə, İctimai Palata fəaliyyətini davam etdirərsə, bu zaman Koordinasiya Şurasına seçkilərin keçirilməsi prezident seçkilərindən sonraya saxlana bilər.

    O, İP-in qorunub saxlanmasının tərəfdarı olduğunu deyib: “İctimai Palata Azərbaycan siyasətində öz spesifikliyi və novatorluğu ilə seçildi. Bu gün Milli Şuranın yaradılması ilə bağlı danışıqların getdiyi açıqlanır və proseslə bağlı bəzi məqamlardan biz də məlumatlı oluruq. Ancaq Milli Şuranı İctimai Palatanın zəif forması kimi görürəm. Məncə, İctimai Palata hələ çox iş görə bilər”.

  • Sabir Rüstəmxanlı ABŞ Dövlət Departamentində görüş keçirdi

    Xəbər verildiyi kimi, DAK həmsədrləri, millət vəkili Sabir Rüstəmxanlı və Firudin Pərviz Niyanın aprelin 23-dən ABŞ-da səfərdədirlər. ABŞ səfirliyinin dəstəyi ilə reallaşan səfər çərçivəsində DAK həmsədrləri ABŞ Dövlət Departamentində görüş keçirmişlər.
    Görüşdə Güneyli-Quzeyli Azərbaycanın bir sıra mühüm problemləri ərtafında söhbət aparılıb. Ermənistanın işğalçılıq müharibəsininin nəticələrinin aradan qaldırılmasına görəvləndirilən Minsk Qrupunun həmsədri kimi ABŞ-ın fəaliyyətinə, Rusiyanın bir əyalətinə çevrilmış Ermənistana heç bir məntiqə sığmayan, milyardlarla ölçülən təmənnasız hərbi bəxşişlərə və s. məsələlərə diqqəti çəkən Sabir Rüstəmxanlı eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinin ədalət prinsipləri üzərində inkişafının bölgənin gələcəyi baxımından son dərəcədə əhəmiyyətli olduğunu vurğulayıb.
    Görüşdə İran rejiminin anti-Azərbaycan siyasətinə, İslam ölkələrində zəruri dəyişikləilərə, Orta Doğu projesində Güney Azərbaycanın yeri məsələsinə DAK-ın münasibəti də diqqətə çatdırilmışdır.

    Qeyd edək ki, səfər may ayının 2-də bitir.

  • Şuşanın işğalından 21 il ötür

    Azərbaycanın Şuşa şəhərinin işğalından 21 il ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub.

    1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.

    Erməni mənbələrinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib.

    Ermənilər Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə edərək çaxnaşma yaradıblar və müdafiənin təşkilinə mane olublar. Bununla belə, küçə döyüşləri xeyli davam edib. Lakin möhkəmlənməyən özünümüdafiə qüvvələri və nizami ordu şəhəri tərk edib. Rusiya xüsusi bölmələrinin, əsasən Laqodexidə (Gürcüstan) yerləşən xüsusi təyinatlı əsgərlərin ermənilərin tərəfində döyüşdüyünü sübut edən faktlar var.

    Qeyd etmək lazımdır ki, Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı.

    Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılmışdır. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar.

    Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz doğma yurd-yuvalarından didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər heç bir məlumat yoxdur.

    İşğal nəticəsində Şuşadakı bir sıra tarixi abidələr düşmən tərəfindən dağıdılıb. Bu siyahıya Xan, Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

    Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

    Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

  • VHP sədri Nazlı Ağayevanı təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Qəbələ rayon təşkilatının sədri Nazlı Ağayevanı doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

    “Əzizimiz Nazlı xanım!

    Şəhər – həmişə qaynar mühit olub: həm ədəbi, həm də ictimai-siyasi məsələlərdə ölkənin ziyalı kəsiminin iradəsini ifadə edib. Bunun bir səbəbi də bölgələrdə yetişən ziyalıların paytaxta gəlməsi, yaxud istedadların məhz mərkəzdə yetişməsi və sonradan geri dönməməsi ilə əlaqəlidir. Ziyalıların paytaxta toplanması isə bölgələrin ziyasız – işıqsız qalmasıyla nəticələnir.

    Yazılarımın birində bölgələrimizdə olan ziyalıları – işıqlı insanları göy üzündəki gecə ulduzlarına bənzətmişdim. Onlar qaranlıq dünyamızda öz olduqları yerdən işıq saçaraq ölkəmizin xəritəsini göz önünə gətirir, öz nurları ilə Vətənin tam görünməsinə səbəb olurlar.

    Nazlı xanım, mübaliğəsiz deyirəm ki, siz ölkəmizi bütöv görməyə xidmət edən həmən bölgə işıqlarından, ulduzlarından birisiniz. Sizin işığınızı, aydın təfəkkürünüzü görmək çox xoşdur: çünki siz həm də zərif xanımsınız və bu cür işıqlı xanımlar Azərbaycanımızda o qədər də çox deyil.

    Sizin 9 mayda – Qələbə günündə Qəbələdə anadan olmağınızı taleyin qismətinizə yazdığı “söz naxışı” adlandırmaq olar. Bu “naxış” sizin yazılarınızda – ədəbi yaradıcılığınızda da, publisistikanızda da özünü göstərir və inanıram ki, apardıınız ədalətli mübarizənizdə qələbəyə varacaqsınız. Çünki bir dünya qaranlıq heç vaxt bir şam işığına qalib gələ bilmir, nə qədər qatılaşsa, zülmətə çevrilsə də, bircə ziya qaranlığı yarmağa kifayət edir. Siz illərlə qaranlıq dünyamızda zərif şam kimi yanır və ətrafınızı aydınlığa çıxarmağa çalışırsınız; məhrumiyyətlərə baxmayaraq, haqqın yanındasınız, haqqın yanında olmaq çətinliyinin bəhrəsini də Haqq özü verəcək.

    Sizin haqqınızda ürəklə “əzizimiz” deyə müraciət edirik. Çünki siz sözün bütün mənalarında fərqlisiniz, tərbiyəli, əxlaqlı davranışınız, səmimi, təmənnasız mübarizənizlə əqidədaşlarınızın sevimlisisiniz. Ona görə də özünüzdən əvvəl sorağınız gələndə VHP-çilər sanki doğma, əziz adamlarını qarşılamağa hazırlaşırlar.

    Əzizimiz Nazlı xanım!

    Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm və ziyalı ömrünüzü dolğunluqla davam etdirmək üçün can sağlığı, səadət arzulayıram.

     

    Hörmətlə,

    Sabir Rüstəmxanlı

    VHP sədri, xalq şairi

  • Ukraynalı akademik Sabir Rüstəmxanlı ilə görüşdü (Foto)

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının Bakıda səfərdə olan Xarkov Farmasepiya Universitetinin rektoru, Ukrayna EA-nın müxbir üzvü Valentin Çernix və universitetin prorektoru, tibb elmləri doktoru Sergey Popovla VHP-nin mərkəzi ofisində görüşü keçirildi.

    Qonaqların vizitindən məmnunluq ifadə edən Sabir Rüstəmxanlı Ukrayna və Azərbaycan arasında mədəni, iqtisadi və siyasi əməkdaşlığından danışdı və ziyalıların qarşılıqlı səfərlərinin bu münasibətlərin inkişafına xidmət etdiyini söylədi. Son illər ali məktəblərimizin maddi-texniki bazasının kifayət qədər müasirləşdiyini önə çəkən S.Rüstəmxanlı təhsilin hələ arzulanan səviyyəyə gəlib çatmadığını da bildirdi: “Təəssüf ki, Azərbaycan hakimiyyəti İranla əlaqələri əsas gətirərək, güneyli soydaşlarımızın ölkəmizdə ali təhsil almasına daha normal şərait yaradılmasına çalışmır. Buna görə də soydaşlarımızın Avropa ölkələrində, o cümlədən Ukraynada təhsil alması zərurəti meydana gəlir və bu baxımdan əlaqələrimiz həm də bizim maraqlarımıza uyğundur”.

    Sabir Rüstəmxanlı kimi məşhur simanın onları qəbul etməsini yüksək qiymətləndirən rektor Valentin Çernix təbii sərvətlərin Azərbaycanı çox inkişaf etdirdiyini söylədi: “Mən 30 il əvvəl sizin ölkənizdə olmuşam və bu səfərimdə ölkənizin simasının tamamilə dəyişdiyini müşahidə edirəm. Əlbəttə, bütün bunlar sizin maddi resurslarının qüdrətindən xəbər verir. Ancaq bu sərvət həm də insan kapitalına çevrilməlidir. Çünki xalqın tükənməz sərvəti yalnız onun vətəndaşları, təhsilli gəncliyidir”.

    Valentin Çernix Dumanın deputatı olarkən, universitetlərin daxilində farmaseptika ixtisasını tədris etmək təşəbbüsü qaldırdığını və yalnız bundan sonra Ukraynada bu sahədə vəziyyətin nisbətən normallaşdığını söylədi: “Hesab edirəm ki, Azərbaycanda da bu sahəyə diqqət artırılmalıdır. Çünki yalnız bir universitet daxilində yetişdirilən mütəxəsislərlə bu sahədəki boşluğu doldurmaq mümkün deyil”.

    Görüşün sonunda simvolik hədiyyələr təqdim edildi.

  • Bu gün İlaxır çərşənbədir

    Bu gün sonuncu – İlaxır çərşənbədir. Bu çərşənbəyə xalq arasında İlaxır çərşənbə ilə yanaşı, “Yer çərşənbəsi” və ya “Torpaq çərşənbəsi” də deyirlər. İnanclara görə “Torpaq çərşənbəsi”ndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. 

    İlaxır çərşənbə 4 çərşənbənin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdır. Bu vaxt əvvəlki çərşənbələrdə icra olunan bütün ayin və mərasimlər daha şən, böyük xalq şənlikləri kimi təkrar qeyd olunur. Mərasim sübh tezdən suya tapınma ayini ilə başlayır. İnsanlar su kənarına gedir, su üstünə atlanır, dərdini, arzusunu axar suya deyir və ondan imdad diləyirlər.

    Bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Bu axşam üzərlik yandırılır, tonqallar alovlanır, tonqal üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur. 

    Bayram günü ən çox görülən işlərdən biri də müxtəlif fallardır. Bu fallara adətən gənc qızlar baxırlar. 

    Duzlu kökə yemək. Axır çərşənbə axşamı duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.

    Cavan qızlar bir yerə yığışıb bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan. Demək o yaşda da gəlin gedəcəksən.

    Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək qismətini görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz.

    Ilin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.

    Qız sakit, heç kimlə danışmadan ləyənə su tökür. Əlinə bir böyük güzgü alır. Həmin güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini qız görərsə bu onun xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur, mətləbi həyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.

    İlaxır çərşənbəniz mübarək!

  • Demokratiyaya Yardım Fondunun “10 qəpik” aksiyası davam edir

    Demokratiyaya Yardım Fondu İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “10 qəpik” kampaniyası davam edir. Bu barədə məlumatı “Yeni Müsavat”a Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatının sədri Pünhan İmamlı verib. Onun sözlərinə görə, elan olunan ünvanlarda ianələrin toplanması bayram günlərində də davam etdirilib: “Biz eyni zamanda haqsız yerə həbs olunan fəallarla bağlı da müdafiə kampaniyası aparırıq. Aksiyalarda cərimələnənlər bağlı keçirilən “10 qəpik” kampaniyasına cəmiyyətin marağı həddindən artıq böyükdür”.

    P.İmamlının sözlərinə görə, eyni zamanda onlar İctimai Palatanın may ayında keçirməyi planlaşdırılan aksiyaya da hazırlıq görürlər: “Gənclər təşkilatları ilə tez-tez toplaşıb fikir mübadiləsi aparırıq. Eyni zamanda İctimai Palatanın may ayında keçirəcəyi aksiyaya hazırlıq görürük”.

    Qeyd edək ki, sonuncu dəfə belə xeyriyyə kampaniyasını İctimai Palata keçirib. Müsavat Partiyasında keçirilən kampaniyada müxalifətçilərlə yanaşı, ayrı-ayrı QHT rəhbərləri, hüquq müdafiəçiləri, siyasi partiyaların rayon təşkilatlarının sədrləri iştirak edərək topladıqları ianələri yardım fonduna təqdim ediblər.
    Bundan əvvəl isə “Əsgər ölümlərinə son!”, “İsmayıllıya dəstək” aksiyalarında cərimələnən fəalların cərimələrinin ödənilməsi məqsədilə keçirilən “5 qəpik” kampaniyasında minlərlə insan iştirak etmişdi.

  • Kəlbəcərin işğalından 20 il ötür

    Kəlbəcər rayonunun işğalından 20 il ötür. Kəlbəcər 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.

    Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

    Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

    Ermənistan Respublikasının münaqişədə, o cümlədən Kəlbəcər rayonunun işğalında iştirakı qeyri-hökumət təşkilatı olan “Human Rights Watch/Helsinki” “Azərbaycan. Dağlıq Qarabağda münaqişənin 7 ili” (Nyu-York, 994-cü il, səh. 67-73) məcmuəsində də təsdiq olunub. Bundan əlavə, 1998-ci ildə Ermənistanda keçirilən seçkilər zamanı səyyar səsvermə qutuları Kəlbəcər rayonunda yerləşdirilən erməni əsgərlərinin səsini toplamaq üçün Ermənistan Respublikasının dövlət sərhədindən keçirilib ki, bu da ATƏT-in Demokratik təsisatlar və İnsan Haqları Bürosunun Ermənistanda 1998-ci il martın 16-sı və 30-da keçirilən prezident seçkilərinə dair 1998-ci il 10 aprel tarixli yekun hesabatında öz əksini tapıb.

    Dağıdılmış mədəni abidələr

    Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kədində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

    İşğal zonasında ekoloji vəziyyət

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları; sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları; ehtiyatları 10941 min m3 olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı; ehtiyatları 1312 min m3 olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı; ehtiyatları 4473 min m3 olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı; ümumi ehtiyatları 2,2 mln. m3 olan 2 üzlük daşı yatağı, ehtiyatları 2540 min m3 olan Çəpli qum-çınqıl qarışığı yatağı; gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min m3 olan 1 listvenit yatağı qalıb.

    Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir.

    Murovdağ, Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcər şəhərinin ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik suxurları yayılıb. Ən böyük çayı Tərtər (yuxarı axını) və onun qolları Lev çayı, Tutqunçay və başqalarıdır.

    Hazırda işğal altında olan Sərsəng su anbarı da 1976-cı ildə Tərtər çayı üzərində inşa edilmişdir. Onun ümumi su tutumu 560 milyon m3, bəndinin hündürlüyü 125 metrdir. Tərtər çayının yığıldığı bu nəhəng su anbarının sağ və sol sahilindən çıxan magistral kanallar vasitəsilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 79000 hektar əkin sahəsi suvarılırdı. Sərsəng su anbarı işğal altında olandan bəri ermənilər illik su sərfinin 85-90 faizini qəsdən, su lazım olmayan vaxtlarda, xüsusilə qış aylarında buraxırlar. Lazım olan vaxtlarda isə illik su normasının 10-15 faizini buraxırlar ki, bu da suyun səviyyəsinin aşağı düşməsinə və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə xeyli ziyan dəyir, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan 400 min nəfər əhali isə daim təhlükə altındadır.

    Kəlbəcər rayonunun Ala göllər, Zalxa gölü və s. kimi saf sulu gölləri var. Əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqlarına malikdir.

    1988-ci ildə aparılmış son meşə quruluşu işlərinə əsasən Kəlbəcər meşə təsərrüfatının ərazisi 32774 hektar təşkil edirdi. Bundan əlavə rayonda 8676 hektara yaxın kolxoz və sovxoz meşələri, qiymətli balıq növləri olan çayların ətrafında yerləşmiş 13471 hektar qoruq meşələri, 15531 hektar ətraf mühitin mühafizəsi əhəmiyyətli meşələr, 274 hektar yaşıllıqlar, 80 hektar meşə-park zonası var idi.

    Meşələrdə bitən ağac və kolların bir neçəsi Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmişdir. Kəlbəcər rayonunda dəniz səviyyəsindən 1500-2100 metr hündürlükdə bitən Ayıfındığı və ya ağacvarı fındıq bunlardan biridir. Bəzi Ayıfındığı ağacının hündürlüyü 25 metrə, diametri 48-120 santimetrə çatırdı. Bu ağacın oduncağı qiymətli mebel materialı kimi ermənilər tərəfindən qırılaraq Ermənistana aparılır.

    Kəlbəcər rayonu ərazisində 4 mindən artıq müxtəlif növ bitkilərdən 200-ə qədəri dərman bitkiləridir.

    Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Dağ keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, qartal və s. bu yerlər üçün xarakterik fauna növləridir.

    İşğaldan əvvəl

    Hələ 1990-cı ildə, iyul ayının 11-də erməni separatçıları tərəfindən «Tərtər Kəlbəcər» sərnişin avtobusu partladılıb, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası həyata keçirilib və nəticədə 14 nəfər qətlə yetirilib, 35 nəfər yaralanıb.

    1993-cü il aprel ayının 1-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından (“QSM-7”) Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya (“Uraqan”) bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdi. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Ermənilər azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərini həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətməyə nail olmuşdular. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan Respubilkasının Milli Təhlükəsizlik Nazirliyinin radioəkskəşfiyyat xidməti tərəfindən lentə alınıb.

    1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.

  • VHP GT-nin NİDA-çı gənclərin həbsi ilə bağlı bəyanatı

    Son dövrlər sosial dayaqlarını itirən hakimiyyətin gənc fəallara qarşı yeni repressiyalara başlaması və vətəndaş quruculuğuna çalışan insanları qorxutmaq cəhdləri geniş vüsət alıb. Martın 10-a təyin edilən “Əsgər ölümlərinə son” aksiyası öncəsi iqtidarın siyasi təzyiq vasitələrindən istifadəsi bunu bir daha təsdiqlədi.

    Hazırda hədəf kimi azad, müstəqil və ölkənin demokratikləşməsinə çalışan gənc fəalların toplaşdığı NİDA hərəkatı seçilib. Üç NİDA-çının absurd ittihamla həbsindən sonra da hakimiyyətin daha bir neçə gənc fəalı istintaqa cəlb etməsi, NİDA VH İdarə Heyətinin üzvü Rəşad Həsənovun oğurlanması və sonradan onun haqqında 3 aylıq həbs qətimkan tədbirinin seçilməsi hakimiyyətin öz vətəndaşlarına qarşı şərləmə kampaniyasını davam etdirməkdən əl çəkmədiyini göstərir. Qurama ittihamlar, mənəvi-psixoloji təzyiqlər, repressiya ilə öz hakimiyyətini qorumaq istəyən iqtidar bütün vasitələrlə gəncləri aqressivliyə, ölkəni təhlükəyə sürükləməkdədir.

    Hakimiyyət vətəndaşlarının haqlı tələblərinə qulaq asmaqdansa, onlara qarşı zor tətbiqini siyasi kurs olaraq müəyyənləşdirib. Ancaq bütün bunların əks effekt verəcəyi və boğulan cəmiyyətin bir gün partlayacağı şübhəsizdir.

    VHP Gənclər Təşkilatı olaraq hakimiyyətin apardığı bu repressiya və şərləmə kampaniyasını kəskin şəkildə pisləyir və bu həbslərin ölkənin demokratikləşməsi istiqamətində başlayan prosesi bir an da olsun ləngitməyəcəyini bəyan edirik. Böyük dalğanın geriyə dönməz şəkil aldığını, insanların öz hüquqları uğrunda mübarizədən geri durmayacaqlarını bildirməklə, YAP iqtidarını repressiyalardan əl çəkməyə və vətəndaş qarşıdurmasına səbəb olacaq addımları, huüquqi nihilizmi dayandırmağa çağırırıq.