Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Türk tarixinin yeni dövrü

    Sabir Rüstəmxanlı

    Bu yaxınlarda mətbuatda çap olunmuş “Dövlətçilik əxlaqı və ya bizim olmayan adamlar” adlı yazımda bir ifadə var idi. “Millətə öcəşmək olmaz”. Türkiyədə baş verən olayları izlərkən həmin ifadəni xatırladım. Çünki qardaş ölkədə xalqın ayağa qalxmasının bir səbəbi də, Türkiyə mətbuatının yazdığı kimi, uzun illərdən bəri bəzi yönəticilərin çəkinmədən xalqın üstünə gəlmələri, türk mənəvi dəyərlərini hədəf seçmələridir.
    Təxminən 15-16 il bundan öncə isə böyük şairimiz Bəxtiyar Vahabzadəyə hücumlar olanda “Millətin əsəb nöqtəsi” adlı başqa bir yazı ilə bu sayğısızlığa etirazımı bildirərək qeyd eləmişdim ki, elə ziyalılar və mənəvi dəyərlər var ki, onlar millətin əsəb nöqtəsidir, onlara toxunmaq olmaz. Hadisələrin gedişində Türkiyə mətbuatında bu iki fikrimlə üst-üstə düşən xeyli yazılar oxudum. Qəzetlərin birində, eyni ilə mənim illər öncə dediyim kimi, millətin “sinir uclarından” bəhs edilirdi. Bu sinir ucu və ya əsəb nöqtəsi bir park da ola bilər, bir torpaq parçası da, bir abidə də, hətta bir insan da. Xalq illər boyu çox şeyə dözər, amma həmin əsəb nöqtəsinə toxunulanda birdən qasırğaya dönər…
    Hamımızın öz dövlətimiz kimi təəssübünü çəkdiyimiz, ən böyük güvənc yeri saydığımız Türkiyədə son illərdə baş verən hər bir olay Azərbaycanda da geniş əks-səda doğurur, yanğı oyadır. Bir yandan ölkənin inkişafı ilə qürur duyur, sevinir, bir yandan da terror atəşində qovrulan bölgələrin ağrısını yaşayır, övladını itirən ailələrin göz yaşları içimizə axır, terrorun bir an öncə durdurulmasını arzulayır, orduya, bəzi yurdsevər insanlara yönəli suçlamaların, tutuqlamaların, sonu görünməyən məhkəmələrin nəticələrini bütün türk xalqı ilə birgə səbirsizliklə gözləyirik.
    İstanbuldakı Gəzi parkı ilə bağlı xalq ayaqlanması kiməsə təsadüfi iş kimi görünə bilər. Ancaq Türkiyəni və türk xalqını az-çox tanıyan adamlar üçün bu gözləniləndi. Bütün ölkəni bürüyən bu hərəkat öncə xalq arasında ümumi narazılıq, necə deyərlər, “küçə-bazar söhbəti” şəklində, mətbuatda, televiziya verilişlərində, sosial şəbəkədə yayılırdı və bu umumi ovqatın sonucsuz qalmayacağı da göz qabağındaydı…
    Xalqın ənənəvi istirahət yeri olan Gəzi parkında alış-veriş mərkəzi tikmək istəyi və ağacların qırılması səbir kasasını daşıran sonuncu damla oldu…
    Bu barədə Türkiyə mətbuatında gedən yazıların demək olar ki, hamısında Gəzi parkının əslində bir təkan olduğu bildirilir. Yəni hər şey doğrudan da istanbulluların gələnəksəl istirahət yerinə, “İstanbulun ciyəri” adlandırılan parkda ağacların qırılmasına etiraz kimi başlamışdı, lakin sonra xalqın bu dinc dirənişinə əhəmiyyət verilməyəndə, mitinqə çıxanlar haqqında yetkililərin çıxışlarında aşağılayıcı sözlər səslənəndə, polisin dinc nümayişçilərə qaz saldırısı başlananda ağacqoruma hərəkatı butün Türkiyəni bürüdü və qarşısıalınmaz xalq ayaqlanmasına çevrildi… Yazıların demək olar ki, hamısında vurğulanan budur:
    “Nədir bu olay? Kimdir bu insanlar? Bir gecə anidənmi gəlmişdilər? Yoxsa 10 ildir aşağılanmanın, yadlaşdırılmanın, …ikinci bir sinif vətəndaş görülmənin, “bir ovuc” sanılmanın, həyat tərzləriylə, sinir uclarıyla oynamanın yaratdığı bir duyğu addım-addım gətirmişdi onları Gəzi parkına?” (Ərtoğrul Özkök. “Hürriyyət” qəzeti, 3 iyun.)
    “…Bu millətin qoyun olduğu, pək çok basqıya, haqsızlığa baxmayaraq səssiz qaldığı, asanlıqla küçəyə çıxmadığı düşünülürdü… İllərcə əsgərdən, polisdən və başını bəlaya soxmaqdan çəkinən çoxluğun asanlıqla bir araya gəlməyəcəyi iddia edilirdi. Milyonların küçəyə tökülməsi ancaq “təşkilati işlərlə” açıqlana bilirdi. Gəzi parkı dirənişi bambaşqa bir Türkiyəni göstərdi bizə”. (Məhvəş Evin. “Milliyyət” qəzeti, 3 iyun).
    Belə görünür ki, bu xalq ayaqlanması Türkiyənin mətbuatını da çaş-baş qoydu. “Bu millət əl-ələ verdimi çaşıb qalırsan” adlı başqa bir yazıda eyni ruh davam etdirilir. “Sürprizlərlə doludur bu ölkə. Ormanları yox etdin, səs çıxmadı. Amma bir ağacın ardınca gedərsən. …Baş Qərargah rəisini qapadarsan içəri. Ordu komutanlarını, qüvvət komutanlarını həbsə atarsan. Kardondan ordu yaparsan… Hüququ yıxarsan, məhkəməni bitirərsən, savcı (prokuror) sən olarsan, hakimin yerinə oturarsan. Amma göz yaşlarını silə-silə balkonlarına çıxan o insanların ürəklərində bir böyük məhkəmə qurular və məhkum olarsan”. (Bekir Coşqun. “Cümhuriyyet” qəzeti, 3 iyun).
    Türkiyənin normal günlərdə bir-birindən fərqli mövqedə dayanan qəzetlərindən gətirdiyim bu sitatlar xalq hərəkatının mahiyyətini açmağa yardım edir və onun qardaş ölkədə hansı həyəcanla qarşılandığı və necə bir fikir birliyi yaratdığını aydın göstərir.
    Meydanlara axan insanların istəyini və məqsədini Əhməd Xaqan “Hüriyyet” qəzetindəki bir cümləsi ilə dəqiq  ifadə etmişdir: “Sadəcə özün kimi olanların özgürlüklərinin qayğısını çəkirsənsə, mən də öz azadlığım üçün ayağa qalxaram”.
    Bu, Türkiyədəki xalq hərəkatının başlıca əlamətlərindən biri idi. Öncə parkı qorumaq istəyi, sonra happy wheels demo bütövlükdə türk kimliyinin, türk varlığının, Atatürkçülüyün, milli heysiyyatın, Vətən bütövlüyünün müdafiəsinə qalxma!
    Etirazın, dirənişin bir gündə ölkənin 67 elinə yayılması,  meydanlara  milyonlarla insanın axması Türkiyə tarixində görünməmiş bir işdir. Mən Ankaradaydım. Xalqın toplandığı Qızılayın, aşağı-yuxarı, 200 metrliyindəki bir oteldə qalırdım. Meydana tələsən və ordan qovulan gəncləri izləyir, onlarla söhbət edirdim. Ara-sıra meydana yaxınlaşsam da, atılan qaz bombalarının təsirindən gözümün və boğazımın yanması məni geri dönməyə məcbur edirdi. Otelin foyesində  gözlər yaşarırdı, otağın pəncərəsini açsam, orda qalmaq olmazdı. Meydan tərəfdən atılan qaz bombaları   önümüzdən vızıldayıb keçir, gəncləri qovan polislər ara-sıra otelin önünə kimi gəlirdilər. Gənclər qaçır, sonra yenidən geri dönürdülər. Ya da gedənlərin yerinə yeni axınlar doldururdu meydanı. Gecə-gündüz arasıkəsilməz, idarə olunmayan, lakin nizamli, inadlı bir hərəkət vardı Ankarada. Təkcə Qızılay deyildi, şəhərin bir çox meydanları dolub-daşırdı. Gənclər qaz bombasının üstünə gedirdilər – gülləyə uçan ilan kimi. Meydanı dolduranların aramsız hərəkətində bir qarışqa çalışqanlığı vardı. Elə ilk gündən doyunca “qaz yeyəcəklərini” nəzərə alıb, müdafiə üsullarını da düşünmüşdülər. Hamının üzündə maska, əllərində su… Maskası olmayanlar baş örtükləri və şarflarıyla qorunmağa çalışırdılar.
    Gördüyüm bu mənzərə 1988-ci ilin noyabr-dekabr aylarında Bakının Azadlıq meydanında Nemətlə birgə idarə etdiyim mitinqlərin ovqatını xatırladır və ürəyimi qəribə bir kədər bürüyürdü. Ankaranın mərkəzi bibər qazından yanır, amma gənclər geri çəkilmir. Hətta İstanbulda polisə geriçəkilmə əmri veriləndən sonra da Qızılayda polis-vətəndaş qarşıdurması davam edirdi. Səbəbi sadədir. Bura başkənddir, Başbakanlıq, Məclis burdadır, meydanın növbəti addımının nə olacağını bilmək olmaz…
    16-17 yaşlı yeniyetmələrin, hətta uşaqların qarşısıalınmaz hərəkəti və əzmkarlığı məni duyğulandırırdı… Bəli Türk gəncliyi budur! Türk xalqı budur! Son illərdə Türkiyədə və çevrədə gedən prosesləri bədbinliklə izləyənlərə, “türk xalqını sındırdılar”, “bu xalq bir də özünə gəlməz, qəddini dikəldə bilməz” deyənlərə, Türkiyənin milli iradəsini sarsıtmağa, onu Atatürk yolundan sapdırmağa çalışanlara bundan gözəl cavab ola bilməzdi!.. Qazdan boğulan, qaçıb otelə sığınan gənclər üz-gözlərini yuyub yenidən meydana qatılırdılar, səssizcə, hay-küy salmadan, gileylənmədən. Üzlərinə baxan kimi onların gördükləri işə nə dərəcədə ciddiyyətlə yanaşdıqlarını başa düşürdün.
    …Otelin önündə, pilləkənlərdə oturmuş gənclərlə söhbət edirəm. Konservatoriya tələbələridir – klassik musiqi alətlərində çalanlar, vokalistlər, simfonik orkestrlərdə çalışmağı hədəf seçənlər, bizdəki düşüncəyə görə, Qərbin təsiri altinda yadlaşıb xalqdan uzaq düşmüş gənclər. Suallarıma qısa, amma inamlı cavab verirlər. “Nə qədər davam edəcək mitinqiniz?”  “İqtidar geri çəkilənədək!” “Nə etməlidir iqtidar?” “Bu gün başbakan televizorda meydanlara çıxanları bir ovuc çapoulcu adlandırıb! Qoy xalqdan üzr istəsin!” Qızlar xorla: “Biz çapoulcuya bənzəyirik?” – soruşurlar. “Təbii ki, yox! Amma araqarışdıranlara uymayın, birliyinizi pozmayın! Sizinlə qurur duyuruq”, – deyirəm.
    Görünür, nümayişlərin gizli senaristləri də var. Məsələn, qazan-qaşıq çalmaq harda, kimin yadına düşdüsə, bir gündə bütün ölkəyə yayıldı. Psixoloji təsiri çox güclüdür bu hadisələrin. Dostlarımız danışırdılar ki. 14-15 yaşlı uşaqlarını evdə zorla saxlayırlar, “biz də getməliyik” deyərək, ata-analarını biganəlikdə ittiham edirlər…
     Əlbəttə, hər bir hərəkatın başlanğıcı olduğu kimi, sonu da olmalıdır, yoxsa əndazədən çıxar, ondan əyri niyyətlər üçün istifadə etmək istəyənlər çoxalar, düşmən barmağı araya girər. Və son günlərdə bunun bəzi əlamətləri də görünür. Lakin bütövlükdə bu hərəkat böyük bir dərsdir.
    Ən böyük dərsi yuxarıda dedim: Xalqa öcəşmək olmaz! Ona sayğısızlıqla yanaşmaq, “mən hakiməm, nə istəsəm onu edəcəyəm, haranı istəyirəm yıxacağam, yaxacağam!” – demək olmaz… Qanunların işləmədiyi, vəzifə sahiblərinin özlərini qanunun yerinə qoyduqları, özlərini qanun kimi apardıqları yerdə, ədalətin bərqərar olmadığı şəraitdə möhkəm və uzunömürlü sabitlikdən söhbət gedə bilməz!
     Xalqla dialoq, onu dinləmək vacibdir… Hakimiyyəti yalnız ordu gücünə qorumaq, milləti vəd və əsassız ümidlərlə uzun müddət aldadıb uyutmaq olmaz! Dünyanın gözündə parıltılı görünməkdənsə, ilk növbədə öz xalqının qarşısına çıx – səmimiyyətlə, olan vəziyyəti, reallıqları gizlətmədən!..
    Səhərdən axşama “ləbbey” deyən məmurlara arxalanmaqdansa, acı həqiqəti deyən xalqa, onun nümayəndələrinə güvən!..
    Türkiyədə baş verən son olaylarda türk xalqı öz sarsılmaz iradəsiylə yenidən kəşf olundu! Bu hadisələrə kölgə salmaq istəmirlərsə, bu vəziyyətdən türk düşmənlərinin yararlanmasını istəmirlərsə, Türkiyənin Baş bakanı bir an öncə xalqa üz tutaraq bir barış və xalqla hesablaşmaq ruhu sərgiləməlidir. Başqa yol görünmür.
    Bütün yad müdaxilələrin gətirdiyi qüsurları nəzərə almasaq, bütövlükdə Gəzi ayaqlanmasını, heç bir tərəddüd etmədən, Türkiyə tarixində yeni bir dövrün başlanğıcı hesab etmək olar…

  • Ziyadxanov qardaşları (Video)

    İsmayıl xan Ziyadxanov 15 avqust 1867-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İlk təhsilini Gəncə gimnaziyasında alıb, daha sonra Moskva Universitetinin Hüquq fakültəsinə daxil olub. Moskva Universitetini müvəffəqiyyətlə bitirdikdən sonra Tiflis dairə məhkəməsində prokuror müavini vəzifəsində işə başlayıb. İsmayıl xan 1905-ci ildə erməni daşnaklarının törətdiyi dəhşətli qətliamlara məruz qalan azərbaycanlıların acısını dərindən duyaraq siyasi fəaliyyətə qoşulub. Azərbaycanın milli istiqlal hərəkatının fəal üzvləri sırasında yer alan İsmayıl xan 1906-cı ildə Yelizavetpol quberniyasının 1-ci Dövlət Dumasının deputatı seçilib. Dumanın müsəlman fraksiyasının büro üzvü və “Xalq Azadlığı” partiyasının üzvü olub. Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini, Qafqazda törədilmiş milli qırğınları, müstəmləkəçilərin xalqımızın başına açdığı bəlaları kəskin tənqid edib.
    İsmayıl xan təkcə Qafqazda deyil Baltikyanı bölgələrdə də baş verən haqsızlıqlara qarşı çıxıb və öz etirazını bildirib. Müsəlmanların çarizmə qarşı mübarizəsini rəsmi ərizələrdən və xahişnamələrdən Dumadakı etiraz səviyyəsinədək yüksəldib. O, ermənilərin Azərbaycanda törətdikləri qırğınlar ilə əlaqədar Dumadakı çıxışlarının birində qeyd edir ki, “Hər dəqiqə ölkəmdən qorxulu xəbərlər alıram. Bu dəqiqə İrəvanda silah səsləri eşidilməkdədir. Cənablar iki ildən bəri qan içində üzən ölkəmizdə cəsədlərin üstündən keçirik. Artıq səbrimiz tükənib. Bizə də acıyın. Biz anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərlərə keçirildiklərini görmüşük. Biz hamilə qadınların qarnına salınan xəncərlərin açdığı yaralardan uşaq əllərinin bayıra sallandığının şahidi olmuşuq. Qoy mətbuat və təbliğat vasitələrilə aramıza nifaq toxumu səpən provokatorlar utansınlar, yanğın və alovlardan xoşlananlar iş başından çəkilsinlər, dəlik-deşik edilən cəsədlərin, anaların, uşaqların fəryadından, iniltisindən həzz alanlar rədd olsunlar”. İsmayıl xan Ziyadxanov Dumanın buraxılmasına etiraz edən deputatların (onların arasında Əli Mərdan bəy Topçubaşov da vardı) Vıborq müraciətnaməsini imzaladığına görə üç aylıq həbs cəzasına məhkum olunmuş və Dumaya seçilmək hüququndan məhrum edilmişdir.

    1907-ci ilin martında Qafqaz və Krım müsəlmanlarının nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması qərara alınmışdı. 1917-ci il Rusiya fevral burjua inqilabından sonra Gəncədə ictimai təşkilatların icraiyyə komitəsini təşkil edib və şəhər milisinin rəisi təyin edilib. Gəncə şəhərinin asayişi İsmayıl xan Ziyadxanovun rəhbərlik etdiyi milis dəstələri tərəfindən qorunub. 1918-ci il 18-22 mart tarixində Stepan Şaumyan yaxın dostu Stepan Lalayevin başçılğı altında Daşnak ordusunu Şamaxıya göndərdi. Şamaxıya girən ermənilər şəhəri top atəşinə tutdular. Evlər yandırıldı, evlərdən qaçan qadınlar, uşaqlar və küçələrdə görünənlərin hamısı güllələndi. Şəhərdə qırğın və talanlar Gəncədən müsəlman dəstəsi gələnə qədər davam etdi. Martın 28-də İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Şamaxının müdafiəsinə yetişən milis dəstələri qısa vaxt ərzində Şamaxını rus və erməni dəstələrindən azad etdi. Ermənilər Malokan kəndi olan Qozlu çaya çəkildilər. İsmayıl xan bu kəndin ağsaqqallarını dəvət edərək erməniləri təhvil vermələrini, ya da onları kənddən çıxarmalarını tələb etdi. Malokanlar iki gün vaxt istədilər. İki gün sonra Bakıdan əlavə kömək gələndən sonra verdikləri sözdən imtina etdilər. İsmayıl xan əhalini xəbərdar etdi ki, ermənilər geri qayıda bilər. Ona görə də ayıq-sayıq olsunlar. S. Şaumyan İsmayıl xan Ziyadxanovu Azərbaycanda sovet hakimiyyəti üçün ən təhlükəli adam adlandırmışdı. Sovet dövrü tarix kitablarında Gəncə mülkədarı, əks-ingilabçı kimi qələmə verilən bu adamın adı Fövqəladə Hallar Komissiyasının sənədlərində bir neçə dəfə xatırlanır. Ancaq həmin xatırlamalarla bu insana qarşı bir məhəbbət və xalq sevgisi hiss olunur. Dar gündə kiçik bir dəstə ilə Şamaxılı qardaşlarının harayına yetişən bu igid azərbaycanlı xalq arasında böyük rəğbət qazanır. Arxiv sənədlərində göstərilir ki, “Xan dəstəsi” gedəndən sonra Şamaxının əsl müsibəti başladı. Şamaxı qəzasının 58 kəndi yerlə yeksan edildi. 7 minə yaxın azərbaycanlı amansızcasına qətlə yetirildi. Öldürülənlərin 1653 nəfəri qadın, 965 nəfəri uşaq idi. Həm bu qırğın və talanlar ağlasığmaz bir qəddarlıqla həyata keçirilir, müsəlmanlar nəinki diriykən, hətta öldürüldükdən sonra vəhşicəsinə təhqir edilirdi.
    İsmayıl xan Ziyadxanov Azərbaycan Xalq Cumhuriyyətinin 2-ci hökümətinin tərkibində hərbi işlər üzrə müvəkkil olub, daha sonra Xarici İşlər Nazirinin 1-ci müavini təyin edilib. 1919–cu ilin yazında İran höküməti ilə danışıqlar aparmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə diplomatik missiyasına rəhbərlik edib. Onun başçılıq etdiyi nümayəndə heyəti qəməri təqvimi ilə cəmaüddisani 1337-ci ildə Tehrana gəlib. Azərbaycan heyətinə Möqtədirilmülk bağında iqamətgah verilib və Məcidüssəltənə onları qəbul edib. Sənədlər məcmusunda bildirilir ki, İsmayıl xan iki ölkə arasında yaxşı iqtisadi-siyasi əlaqələr qurulması üçün İranın rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirdi. Danışıqların və müzakirələrin nəticəsində Azərbaycan tərəfindən Ismayıl xan, İran tərəfindən isə XIN-in Rusiya üzrə idarə rəisi Seyid Hadi Fərəh Mötəsəməssəltənə 14 maddəlik bir müqavilə imzaladı. Bu missiyanın fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda daimi diplomatik nümayəndəliyi və İranın bir sıra məntəqələrində konsulluqların açılması razılaşdırılmışdı.
    Azərbaycan XI ordu tərəfindən işğal edildikdən sonra 5 may 1920-ci il tarixdə Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti ilə İsmayıl Xan Ziyadxanovun mülkü və torpaqları müsadirə edilir. Özü isə Qızıl ordunun hərbi səhra məhkəməsi tərəfindən güllələnir. Ziyadxanovların mülkü sovetlər dövründə içtimailəşib, uzun illər burada müxtəlif təşkilatlar fəaliyyət göstərib. Hazırda Gəncə Tarix-diyarşünaslıq müzeyi Ziyadxanovlardan miras qalan mülkdə yerləşir.
     İsmayil xan 1920-ci ildə vəfat edib. İsmayıl xan Sənubər xanımla ailə qurmuşdu.

  • Əlimərdan bəy Topçubaşov (Foto-Video)

    Əlimərdan bəy Topçubaşov 1862-ci ildə Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. İlk təhsilini I Tiflis gimnaziyasında almış və 1884-cü ildə oranı müvəffəqiyyətlə bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. Lakin birinci semestrdən sonra o, hüquq fakültəsinə keçmiş və 1888-ci ildə oranı müvəffəqiyyətlə bitirərək hüquq elmləri namizədi adını almışdır. Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası Ə.Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul etmişdir. Lakin 1889-cu ildə qəbul edilmiş universitet haqqında çar qanunu xristian olmayan Ə.Topçubaşova müvafiq vəzifəni tutmağa icazə verməmişdir. Ə.Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək məhkəmədə, vəkil vəzifələrində çalışmış, Tiflis geodeziya məktəbində hüquqdan dərs demişdir. 1896-cı ildə Bakıya gələn Ə.Topçubaşov vəkilliklə məşğul olmuş və bir sıra mürəkkəb məhkəmə proseslərini udmuşdur.

    Bu nailiyyətlər şəhər əhalisi içərisində ona böyük nüfuz və hörmət qazandırmışdır. O, 1897-ci ildən 1917-ci ilin axırlarına kimi “Kaspi” qəzetinin yaradıcılarından və redaktorlarından biri olmuşdur. Bu illərdə onun yuzlərlə məqalələri dərc edilmişdir. Həmin məqalələrdə Ə.Topçubaşov Azərbaycanın bir neçə şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, nəzəri, Rusiya imperiyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrı-seçkilik siyasətini pisləyən publisistik məqalələrlə çıxış etmişdir. Ə.Topçubaşov jurnalistliyə başladığı dövrdən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olmuş, ömrünün sonuna kimi bu mübarizənin ön sıralarında getmiş və onun başçılarından birinə çevrilmişdir. 1905-1907-ci illər rus inqilabı dövründə Azərbaycanın bir çox ziyalısı, o cümlədən Ə.Topçubaşov xalqın azadlıq mübarizəsinə qoşulmuşdur. O bu dövrdə çar hökumətinə zəhmətkeşlərin mənafeyini müdafiə edən bir sıra petisiyalar yazmış, iclas, yığıncaq, mitinqlərdə çıxış etmiş, Bakı Dumasının üzvü, sonralar sədri olmuş, Rusiyada yaşayan müsəlmanların vahid təşkilatının – “İttifaqi müslümün” yaradılması və fəaliyyətində iştirak etmiş, onun proqram sənədlərini tərtib etmiş, Nijni-Novqorodda, Sankt-Peterburqda keçirilmiş I- IV qurultaylar demək olar ki, onun sədrliyi ilə keçmiş, “İttifaqi müslümün” qurultaylar tərəfindən seçilmiş MK-nın daimi bürosunun üzvü olmuşdur. 1905-ci ilin sentyabrında çarizm Bakı proletariatını inqilabi mübarizədən çəkindirmək məqsədilə neft sənayeçiləri ilə fəhlə nümayəndələrinin müşavirəsini keçirməyə icazə verdi. Müşavirəyə nümayəndələr göndərmək üçün seçkilər keçirildi. Müşavirəyə seçilən nümayəndələr arasında Ə.Topçubaşov da olmuşdur.
    Müşavirə sentyabrın 30-da Sankt-Peterburqda açılmış və Ə.Topçubaşov müşavirədə Bakı fəhlələrinin acınacaqlı vəziyyəti haqqında məlumat verərək onların mənafeyini müdafiə etmişdir. Rusiyada zəhmətkeşlərin inqilabi mübarizəsinin getdikcə qüvvətləndiyindən qorxan çarizm 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxardı. 1906-cı ilin mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi. Azərbaycandan Birinci Dövlət Dumasına İsmayıl xan Ziyadxanov, M.Əliyev, Ə.Xasməmədov və b. yanaşı Ə.Topçubaşov da seçilmişdir. 1906-cı il aprelin 27-dən iyulun 8-nə qədər Sankt-Peterburqda Birinci Dövlət Duması fəaliyyət göstərmişdir. Ə.Topçubaşov Dumada müzakirə edilən bir sıra məsələlərin müzakirəsində iştirak etmiş, hökumətin aqrar və köçürmə siyasətini pisləmiş, Rusiyadakı azsaylı xalqlara, əsasən müsəlmanlara muxtariyyət verilməsi tələbinin tərəfdarı olmuşdur. Dövlət Dumasında Rusiyanın müsəlman əyalətlərinin deputatları bilavasitə Ə.Topçubaşovun başçılığı ilə Müsəlman fraksiyası yaratmışlar. Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovdu. 200-ə yaxın deputat Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9-10-da Vıborqda iclas keçirdilər və “Vıborq müraciətnaməsi”ni qəbul etdilər. Bu müraciətnaməni imzalayanlardan biri də Ə.Topçubaşov olmuşdur. Ə.Topçubaşovun siyasi və ictimai fəaliyyəti 1917-ci illər Fevral inqilabından və Oktyabr çevrilişindən sonra daha da genişlənmiş və o, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə var qüvvəsi ilə qoşulmuşdur. 1917-ci il martın 5-də Bakıda İctimai təşkilatların Şurası və onun İcraiyyə Komitəsi yaradıldı. Məmmədhəsən Hacınski, İ.Frolov, İ.Heydərov və b. ilə yanaşı Ə.Topçubaşov da Komitənin tərkibinə daxil oldu. İyul ayında isə Komitənin 33 nəfərdən ibarət yeni heyət təşkil olundu. Ə.Topçubaşov yeni Komitənin sədri seçilmişdir.

    1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. Onun tərkibinə Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Ə.Topçubaşov və b. seçildi. Bu təşkilatın rəhbərlərinin gərgin əməyi və fəaliyyəti nəticəsində 1917-ci il aprelin 15-20-də Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay Ə.Topçubaşovun sədrliyi altında keçdi. O, sədr kimi ilk çıxışında çar hökumətinin xalqlara qarşı apardığı zidd siyasəti pisləyərək dedi ki, köhnə rus hökumətinin Rusiyada yaşayan qeyri-rus xalqlara münasibətdə yeritdiyi siyasət parçalamaq siyasəti olmuşdur, bu vaxtilə ermənilər və müsəlmanlar arasında özünü göstərmişdir. 1917-ci il avqustun 12-15-də Moskvada Dövlət müşavirəsi çağırıldı. Müvəqqəti hökumətin çağırdığı bu müşavirəyə Rusiyanın müxtəlif yerlərindən gəlmiş 34 müsəlman nümayəndə arasında Azərbaycan nümayəndəsi – Ə.Topçubaşov da var idi. Avqustun 13-də Moskva müşavirəsinin müsəlman nümayəndələrinin iclası keçirildi. Burada müşavirədə çıxış edəcək nümayəndənin məruzəsini hazırlayacaq komissiya təşkil edildi. Komissiya məruzəni hazırlamağı və nitq söyləməyi Ə.Topçubaşova tapşırdı. Ə.Topçubaşov müşavirədəki nitqində qeyd etdi ki, Rusiyada yaşayan müsəlmanlar çarizmin devrilməsini alqışlayır, hər yerdə demokratik əsaslarla yaranmağa başlamış ictimai və siyasi təşkilatları, inqilabi nailiyyətləri – azadlıq, bərabərlik və qardaşlığı qoruyur və möhkəmləndirirlər. 1917-ci il sentyabrın 5-6-da və 12-də Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin növbəti iclası çağırıldı. İclasda Komitənin sədri Ə.Topçubaşov, sədrin müavinləri Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski seçildi. Oktyabr-noyabr aylarında isə Ə.Topçubaşov ümumi seçki hüququ əsasında Bakı Şəhər Dumasına keçirilmiş seçkilərdə iştirak etmiş və Dumaya üzv seçilmişdir. Ə.Topçubaşov 1918-ci il 30 mart-1 apreldə Bakıda bolşevik və daşnakların sovet hakimiyyətini müdafiə bayrağı altında azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğın zamanı onun tezliklə yatırılmasına çalışanlardan, aprelin 1-də A.Caparidzenin başçılıq etdiyi “sülh konfransı”nın iştirakçılarından və İnqilabi Müdafiə Komitəsinin tələblərini qəbul edənlərdən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük sevinclə qarşılayan Ə.Topçubaşov Fətəli xan Xoyskinin 1918-ci ilin iyununda təşkil etdiyi II kabinədə portfelsiz nazir, oktyabrında isə xarici işlər naziri vəzifəsinə təyin edilmişdir. AXC yarandığı gündən etibarən bir hüquqşünas alim kimi onun dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması sahəsində var qüvvəsilə çalışmışdır. Azərbaycan hökuməti Osmanlı imperiyası və onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə

    Ə.Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərmişdir. F.Xoyskinin o dövrlərdə İstanbulda olan Azərbaycan nümayəndəliyinin sədri Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi teleqramda oxuyuruq: “Hökumətin 1918-ci il 20 avqust qərarı ilə Azərbaycan hökumətinin üzvü Əlimərdan bəy Topçubaşov Osmanlı imperator hökumətinə Azərbaycan Respublikasının mənafeyinə aid bütün məsələlər üzrə fövqəladə səlahiyyətli nazir kimi göndərilir”. 1918-ci il avqustun 23-də Gəncədən yola düşən Ə.Topçubaşov Tiflis, Batum marşrutu ilə hərəkət edərək, çox çətinliklərdən sonra sentyabrın axırlarında İstanbula çatmışdır. Ə.Topçubaşov Türkiyəyə gəldikdən sonra qısa müddətdə, yəni 1918-ci ilin oktyabr-noyabr aylarında Osmanlı sultanı, bir neçə nazir və diplomatla görüşmüş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumatlar vermiş və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Mondros müqaviləsinin Azərbaycana aid hissəsi ilə əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirliyinə etiraz notası vermişdir. O, göstərirdi ki, müqavilə “Azərbaycanın işğalını asanlaşdırır və bu, ölkəni təhlükə qarşısında qoyur… Azərbaycan Respublikasına məxsus olan dəmiryollarının xarici dövlətə güzəştə gedilməsi beynəlxalq hüquqla bir araya sığmır“.

    1918-ci il dekabrın 7-də ölkədə yaranmış çox ağır siyasi şəraitdə Azərbaycan parlamenti fəaliyyətə başladı. Milli Şuranın və Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə parlamenti açaraq bu münasibətlə onun üzvlərini təbrik etdi və onları xalqın mənafeyinin və əmin-amanlığının müdafiəçisi olmağa çağırdı. Eyni zamanda M.Rəsulzadə parlamentin sədrinin və müavinin seçilməsini təklif etdi. İstanbulda olmasına baxmayaraq, Azərbaycanda, o cümlədən bütün Qafqazda məşhur olan və hörmət qazanmış Ə.Topçubaşov yekdilliklə Azərbaycanın ilk parlamentinin sədri seçilmişdir. Tarixçi F.Kazımzadənin yazdığı kimi: “Parlamentin prezidenti seçilən Ə.Topçubaşov yüksək təhsilli hüqüqşünas, öz görüşlərində dözümlü idi”. Dekabrın 28-də isə parlament Paris sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Ə.Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Şeyxülislamov, Əhməd bəy Ağayev, M.Məhərrəmov, C.Hacıbəyli və M.Mehdiyev daxil oldu. 1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi.

    Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Bu zaman Ə.Topçubaşov Türkiyə, İran, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir. Parisə təkcə Azərbaycan nümayəndələri deyil, Don, Kuban, Dağlılar İttifaqının, Ukrayna və Gürcüstan nümayəndələrinin bir hissəsi də buraxılmamışdı. Onlar da İstanbulda idi. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başladılar. Ə.Topçubaşovun başçılığı ilə memorandum hazırlandı və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük Britaniya ali komissarı admiral Vebbə təqdim etdilər. Gərgin mübarizədən düz üç ay sonra, yəni 1919-cu il aprelin 22-də Azərbaycan nümayəndə heyəti Ə.Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. May ayının əvvəllərində Parisə gələn Azərbaycan nümayəndələri bir ay ərzində Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşmüş və siyasi-iqtisadi vəziyyətlə əlaqədar söhbətlər aparmışlar. Bu bir ay ərzində Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin ən başlıca müvəffəqiyyətlərindən biri dövrünün görkəmli siyasi xadimi ABŞ prezidenti Vudro Vilsonla görüşü ölmüşdür. 1919-cu il mayın 28-də ABŞ prezidenti V.Vilson Ə.Topçubaşovun rəhbərliyi ilə Azərbaycan nümayəndələrini qəbul etdi. Ə.Topçubaşov ABŞ prezidentinə Azərbaycanın, o cümlədən Qafqazın siyasi-iqtisadi vəziyyəti, azərbaycanlılar haqqında ətraflı məlumat, Paris sülh konfransına təqdim ediləcək 3 maddədən ibarət memorandumu verdi. Görüşdə Azərbaycan nümayəndələri istəklərinə nail olmasalar da, V.Vilson onları əmin etdi ki, “…bundan sonra Azərbaycan xalqı öz azadlıq və müstəqilliyini qoruyub saxlamaq… işində böyük Amerikanın köməyini və yardımını alacaqdır”.

    Ə.Topçubaşovun bilavasitə iştirakı ilə hazırlanmış “Qafqaz Azərbaycanı Respublikasının nümayəndələrinin Paris sülh memorandumu” sülh konfransının katibliyinə təqdim edildi. Bu sənəd 14 bölmədən ibarətdir. Burada konfrans nümayəndələrinə Azərbaycanın tarixi-etnoqrafik, iqtisadi və siyasi vəziyyəti haqqında geniş və ətraflı məlumat verilirdi. Azərbaycan nümayəndə heyəti Ə.Topçubaşovun rəhbərliyi ilə öz fəaliyyətlərini gündən-günə genişləndirərək Gürcüstan, Latviya, Estoniya, Şimali Qafqaz, Belorusiya, Ukrayna nümayəndələri ilə birlikdə 1919-cu il iyunun 13-də, iyulun 7-də, oktyabrın 8-də Paris sülh konfransı sədrinə etiraz notası, bəyannamə, məktub göndərdi. 1920-ci il yanvarın 15-də Azərbaycan nümayəndələrindən Ə.Topçubaşov və M.Məhərrəmov, Gürcüstan nümayəndələrindən İ.Sereteli və Z.Avalov Fransa Xarici İşlər Nazirliyinə dəvət edildilər. Nazirliyin birinci katibi Jül Kambon Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığını bildirdi və Ə.Topçubaşova Paris sülh konfransının rəsmi sənədini verdi. Ə.Topçubaşov Azərbaycanın siyasi vəziyyəti haqqında qısa məlumat verib böyük dövlətlər tərəfindən tanınma üçün təşəkkürünü bildirdi. Eyni zamanda bildirdi ki, Azərbaycan Respublikası böyük dövlətlər tərəfindən həm kömək, həm də müstəqilliyinin de yure tanınmasını gözləyir. Azərbaycan Respublikasının dünyanın böyük dövlətləri tərəfindən tanınması Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi idi. Çətin və gərgin əməyin nəticəsində əldə edilmiş qələbə münasibətilə Ə.Topçubaşov Parisdən Azərbaycan Respublikasının baş naziri Nəsib bəy Yusifbəyova yazırdı: “Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur… bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik… Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa olsun müstəqillik əldə edəcəyimizə inanırdıq…

    Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq”. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimi Ə.Topçubaşov 1920-1934-cü illərdə Parisdə yaşamış, ictimai-siyasi fəaliyyətini davam etdirmiş, Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, AXC-nin yaranması, ədəbi xadimlər haqqında kitab, qəzet və jurnallarda məqalələr yazmışdır. Siyasi mühacirətin görkəmli xadimlərindən biri kimi Ə.Topçubaşov Fransa rəsmi dairələrinin nümayəndələri ilə görüşərək Azərbaycanın işğalına son qoyulması uğrunda mübarizədə milli qüvvələrə yardım edilməsi məsələsini qaldırmış, ikitərəfli əlaqələrə dair problemləri müzakirə etmişdir. O,1920-ci il iyulun 5-16-da Spa (Belçika), 1921-ci il fevralın 21-dən martın 14-ə kimi keçirilən London (Böyük Britaniya), 1922-ci ilin aprel-may aylarında keçirilən Genuya (İtaliya) konfranslarında və b. iştirak etmişdir. Ə. Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda vəfat etmiş və Müqəddəs Kloud qəbristanlığında dəfn olunmuşdur. Qeyd etmək lazımdır ki, Əlimərdan bəyin anası Sevər xanım Vəkilovlar nəslinə mənsub idi.

  • Fətəli xan Xoyski (Video)

    Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, ilk baş nazir Fətəli xan Xoyski

    Fətəli Xan Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Atası rus ordusunun general-leytenantı idi. Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir.

    Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. 1803-1806-cı illər Rus-İran müharibələri dövründə rus qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən təltif edilmişdi. O, 22 dekabr 1806-cı il tarixdə Şəki xanı təyin olunmuş və general-leytenant rütbəsinə layiq görülmüşdür. Cəfərqulu xan 3 sentyabr 1814-cü il tarixdə vəfat etdikdən sonra Şəki xanlığını onun oğlu İsmayıl idarə edir. 1819-cu ildə İsmayılın vəfatından sonra Şəki xanlığı ləğv edilir və Rusiyanın tərkibinə qatılır. Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və ziyalılar çıxmışdır. Bunlardan biri də Fətəli xan Xoyskidir. O, Gəncə klasik gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Fətəli xan əvvəlcə Gəncədə, sonra Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləmişdir. Yekaterinador dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olmuşdur. O, Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət dumasına deputat seçilmişdir. Fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu. O, kadet partiyasına üzv olmasına baxmayaraq, dumanın müsəlman deputat fraksiyasına daxil idi. F. Xoyski Rusiyanın müstəmləkəsindəki xalqlara məhəlli muxtariyyət verilməsini hökumətdən tələb edirdi. O, sonralar müxtəlif illərdə Bakı və Gəncə dairə məhkəmələrində iş kəsmək üzrə andçı – müvəkkil vəzifəsini icra etmişdir.

    Fətəli xan Xoyski 19 iyun 1920-ci ildə Tiflisdə erməni terrorçuları Aram Erkayan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib. Terror aktı nəticəsində Xəlil bəy Xasməmmədov (Cümhuriyyətin ədliyyə və daxili işlər naziri) ağır yaralanıb.

    Siyasi fəaliyyəti

     1917-ci ildə Rusiyada Fevral burjua inqilabı baş verdi. Fətəli xan Xoyski martın 27-də Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir. O, həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayında iştirak etmişdir. F. Xoyski burjua inqilabından sonra heç bir partiyaya mənsub olmasa da, 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən Türk Ədəmi – mərkəziyyət partiyası Musavatın birinci qurultayında çıxış və iştirak etmiş və həmin qurultayda irəli sürülən Azərbaycana muxtariyyət şüarını qızğın müdafiə etmişdir. O, 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya seyminin üzvü və müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətinin ədliyyə naziri olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Təkcə türkdilli xalqlar arasına deyil, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyan Azərbaycan xalqının ilk müstəqil hökumətini təşkil etmək bitərəf Fətəli xan Xoyskiyə tapşırıldı. O, hökumətdə həm nazirlər şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tuturdu.

    1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən Fətəli xan Xoyskinin başçılığı ilə ikinci hökumət kabinəsi təşkil olundu. 1918-ci il sentyabrın 15-də Bakının oyuncaq Sentrokaspi qüvvələrindən təmizlənməsi münasibətilə Fətəli xan Xoyski çıxış edərək demişdir: “Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır.” (Azərbaycan qəzeti, 19. IX. 1918. № 2) Professor V. İ. Razumoskinin 1922-ci ildə çap etdirdiyi “Bakı şəhərində universitetin əsasının qoyulması” adlı məqaləsində məlum olur ki, Azərbaycan Dövlət Universitetinin yaranması təşəbbüsü Fətəli xan Xoyskiyə məxsusdur. F. Xoyski 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinəsində də Nazirlər Şurasının sədri və Xarici İşlər naziri vəzifəsini tuturdu. Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özülü qoyulmuşdu. Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrail qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlər Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilməyə başlanmışdı.

    1919-cu ilin mart ayında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət istefaya çıxdı. Fətəli xan Xoyski Nazirlər Şurasının sədri N. Yusifbəylinin təşkil etdiyi ikinci hökumət kabinəsində Xarici İşlər naziri vəzifəsinə icra etmişdir. Azərbaycan Demokratik Respublikasının beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında Fətəli xan Xoyskinin müəyyən xidmətləri olmuşdur. 1920-ci il yanvarın 2-də RSFSR-in Xarici İşlər üzrə Xalq Komissarı G. V. Çiçerin ağqvardiyaçı general Denikinə qarşı vahid cəbhə yaratmaq üçün Xoyskiyə nota ilə müraciət etdi. Ayın 19-da Xoyskinin verdiyi cavabda göstərilirdi ki, Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır və bu məsələdə bitərəfdir. G.V. Çiçerin 23 yanvar tarixli ikinci notasında yenə həmin məsələyə qayıdaraq, Azərbaycanı RSFSR-ilə əməkdaşlığa dəvət edir və yazırdı ki, biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq. Xoyski fevralın 1-də Çiçerinə öz hökumətinin rəsmi fikrini bildirmiş və onun təklifini rədd etmişdir. 1920-ci il fevralın 20-də Çiçerinin üçüncü notası və martın 7-də Xoyskinin cavabı eyni məsələyə həsr olunmuşdur.

    Martın axırında Çiçerin sonuncu notasını göndərmiş, aprelin 27-də Xoyski Azərbaycan parlamentində cavab notasını oxuyarkən XI Qızıl Ordunun Bakıya yaxınlaşdığı xəbəri alınmışdır. Bu hadisələrdən sonra Fətəli xan öz ailəsi ilə birlikdə Tiflisə getmişdir. 1920-ci ilin iyunun 19-da erməni milliyətcisi, qatil Aram Yerganian (Ermənistan Milli Qəhrəmanı) tərəfindən arxadan güllə ilə vurulmuş və M. F. Axundovun yanında dəfn edilmişdir.

  • Bu, Sabir Rüstəmxanlının səsi idi

    Rəhim Əliyev
    Filologiya elmləri doktoru

    Sabir Rüstəmxanlının təzə şeirlər kitabını əlimə götürəndə fikirləşdim: “Əbədi sevda” hansı bəxtəvər haqqındadı? Axı az-çox bildiyimə görə onun şair həyatında müxtəlif qadınlar olub. Birinci həmin şeiri tapıb oxudum. Bu, şairin öz vətəni, torpağı, öz suyu haqqında şeir idi. Dəyərsizliyin meydan suladığı bir zəmanədə şeir kitabına belə ad qoymaq da şairin böyük səmimiyyətinin bir üzüdür. “Ürək susanda” adlı şeirdə isə Sabir öz yurd sevgisini sufilərimizin Allaha məhəbbətinə oxşarıdır:

    Hayana baxıram gözümdə odur,
    Qələmim şam olur “Vətən” yazanda.
    Yurdundan bircə yol ayrılır insan
    O da ki, köksündə ürək susanda!

    Sufilər təbiətin hər onayında Allahı görürdülər, dünyanın əlvanlığı onlara Allahın qüdrətindən danışırdı. Şair Sabir Rüstəmxanlıya isə Azərbaycan torpağının özəlliyindən. O, vətən torpağının özəlliyini, suyunun və havasının, duzunun və çörəyinin məxsusi dadını bilir və sevir. Üstündə böyüdüyü torpağının belə dadı-duzu daim onunladır: həm gerçəkdə, həm uyquda, həm doğma evində, həm də otel hücrələrinin tənhalığında.
    Sabir Rüstəmxanlı bizim XX əsr şeirimizdə bir məktəbdir. Amma bu məktəbinin özünün də məxsus olduğu digər müqəddəs məktəbi var. Bu, bəxtsiz şairimiz Məhəmməd Hadi ilə başlanan vətənçi, milli poeziya məktəbimizdir. Birinci rus inqilabı bizə mətbuat azadlığı verdi. Bu azadlığın bitirdiyi zərif çiçəklərdən biri Azərbaycan xalqının oyanan milli şüuru idi. Məhəmməd Hadi təkcə bu şüurun bircə özünüdərkini yox, həm də qürurunu ifadə etdi. Hadi Azərbaycanlı olması ilə fəxr edən, qürur duyan, öz milli mənsubiyyətini ən böyük dəyər sayan ilk şairimiz oldu. Bayraqlar arasında bu bayrağını aradı, amma tapmadı və bunu böyük şəxsi faciə kimi yaşadı. Sonralar 1991-ci ilə qədər imzalar içində imza axtaran kədərli səsi bütün şairlərimz üçün dərd ağacı oldu, rəmz oldu. Sivan adəbi dilində yazan Hadinin vətənçiliyi böyük Səməd Vurğunun azərbaycançılığında, 1941-46-cı illərin cənub poeziyasının milli qürur hisslərində davam etdi. Sonra “Gülüstan” poemasının müəllifi Bəxtiyar Vahabzadə ərsəyə gəldi. 60-cı illərin sonlarında onun səsinə daha bir səs qoşuldu: bu, Sabir Rüstəmxanlının səsi idi. İlk addımlarından vətənçi poeziyamızın varisi kimi danışdı. Onun Azərbaycanın böyüyü, “Bir kökümüz doğudadı, bir kökümüz günbatanda” dedi.
    Sabir poeziyamızda vətən sufisi oldu; yurdun hər daşında, ərsinəliyində, köhnə kəlməsində, adi söz birləşməsində yurdun gözəlliyini gördü və yazdı. Çoxlarını bezdirən “Bakı küləyi”ndə də misilsiz safladıcı qüvvə gördü: onda milli xarakterin əlamətlərini və gücünü axtarır:

    İmkan vermir ağacların
    Yarpaqları saralsın.

    Sabir Rüstəmxanlının şeirlərinin dərinliyində bir dialoq vardır: o mütləq kiməsə üz tutur, kiməsə kəsə demək istəyir və deyir. Bir dialoqun bir qütbü gözəl bir xanım, onun fikir dostu, hətta düşməni də ola bilər. Şairin lirikasındakı bu dramaturgiyada iki ünvan daha geniş yer tutur. Bunların birincisi, şairin öz xalqı, ikincisi isə bu xalqın azadlığının müxalifləridir.
    Şairi poeziyası başdan-ayağa bu xalq ilə dialoqudur. Bu dialoq Sabir Rüstəmxanlının vətənçi poeziya məktəbində öz orijinal sözüdür. O biri tərəfdən isə bizim milli mənlik düşüncəmizin yeni bir mərhələsidir. Şairin “Ömür kitabı”nın məğzi sadə bir hiss üstündə durur: o Azərbaycanın misilsiz bir yer olduğuna uşaq səmimiyyəti ilə inanır. Lakin onun bu istedadı da bu “uşaq səmimiyyəti”ndədir. O, balaca, kimçünsə adi bir hissi böyük şeirə çevirə bilib. Onun poeziyasında Səməd Vurğun və Bəxtiyardan sonra yeni bir Azərbaycan obrazı yaranıb. Bu obraz “əlli ilə yaxın yaradıcı ömürün əsas bəhrəsidir, bütün ədəbiyyatımızın nailiyyətidir”.
    Sabir 1991-ci ildə Dövlət Himni müsabiqəsinə şeir yazıb. Onun ilk iki sətri belədir:

    Tarix bizi pay ayırıb: Odlar Yurdu, gözəl Vətən.
    Damarımda qanım coşur “Azərbaycan” kəlməsindən.

    Tarixin bizə Azərbaycan adlı misilsiz bir pay verməsi fikri şairin çoxlu şeirlərindən keçir. Bu payın hər yeri şair üçün müqəddəsdir. Amma doğulduğu balaca, kasıb dağ kəndi hamıdan müqəddəsdir. Ona görə “Üç addım yer ayır” şeirində deyir: “Üç addım yer ayır, kənd qəbiristanı, günlərin birində qayıdacağam”. Sabir üçün Vətənin əsil paytaxtı balaca kənddir. Xalqçılq ideyaları ilə, xalq kökləri ilə bağlılıqda Mirzə Cəlildən Mirzə İbrahimova qədər, Məmməd Qədirə qədər gələn xalqçılıq məfkurəsinin tərənnümçüsü və varisidir. O, ayaqqabıları parlayan təbəqələri sevmir və anlamır. Bütün ictimai fəaliyyətində belə, ümidini xalq içindən çıxan sadə, təvazökar insanlara bağlayır, onlara əl tutur və onlardan umur.
    Sabir Rüstəmxanlının bu xalqı ilə dialoqu mədhiyyə deyil, bu, çox məqamlarda milli düşüncənin qüsurlarının, məhdud yerlərinin təhlili və tənqididir. Əcnəbilərə nökərçilikdən yapılmış Azərbaycan məmurunu daim qeyrətə çağırır, onun tələbkarlığını qınayır və rədd edir. Bu mövzu onun publisistikasında, tarixi meydan çıxışlarında da əsas yer tutmuşdur. Şair bilir: xalq ən yaxşı keyfiyyətlərinə güvənərək yüksələ bilər. O bu yüksəlişin düzgün yolunu göstərmək istəyir.
    Lakin bilir: millətin önündə olmaq asan deyil. “Zaman məndən keçir” adlı avtoportretində bu mürəkkəbliyin bütün qütbləri öz əksini tapır:

    Keçir ürəyimdən millətin ruhu,
    Bir üzü ucalıqdı, bir üzü qorxu.
    Ürəyim bir qaçqın düşərgəsidi,
    Keçir körpələrin göz yaşı məndən.

    Sabir Rüstəmxanlı poeziyasındakı gərgin daxili dialoqun digər qütbü vətənin düşmənləridir, cürbəcür rəngli müstəmləkəçilərdir. Onun müstəqilliyə qədər yazdığı vətənçi şeirlərin çoxu bu düşmənlərlə polemika, onlara ünvanlı monoloqlarla doludur. Bu monoloqlar, eyhamlar, gileylər şairin üsyankar, yorulmaz, susmayan, barışmayan və dinclik bilmədən dediyini deyən ruhunun ifadəsidir. Şair on beş yaşında atasının dağlar qoynundakı kasıb evindən çıxıb, böyük dünyaya ayaq qoyduğu vaxtdan onun içində artıq bu ruh var idi. Sabir bu ruhu tez-tez ilahi qismət də adlandırır. 1990-cı ildə yazdığı “Tənhayam, təkəm” şeirində sanki özünün ən yaxşı avtoportretlərindən, bəlkə epitodiyalarından birini yazır, öz taleyinə və öz içinə özü də mat qalaraq, ata ocağını tərk etdiyi uzaq günləri xatırlayır və deyir:

    Eləcə qalmışam… Bu yaşımda da
    Yolların çəkilməz yükünü çəkən.
    Eləcə başında bir el, bir ölkə,
    Sorağı dillərdə…
    Tənhayam, təkəm.

    Xalqın önündə olmaq çətindir, amma tufan, inqilab bitəndən sonra başqa bir həyatla yaşamaq ondan da çətindir. Sabirin şeirlərində onun artıq müstəqillik illərində yaşadığı daxili böhran, yeni istinad və dayaq axtarışları öz geniş əksini tapıb. Hətta bir şeirində o, 1990-cı ilin noyabrında ölmədiyinə təəssüflənir. Bu qəbildən olan şeirlərində bədbinlik, ölüm, ədəbiyyat və şair taleyi kimi motivlər çoxdur. Şairi bir-birinə zidd ovqatlarda və düşüncələrdə görürük və bunlar hamısı sonda bir-birini tamamlayır. Bunlar hamısı şair taleyindən keçən gah xeyirxah, gah da amansız zamanın çalarlarıdır və son nəticədə şairi və onun zəmanəsini daha yaxşı başa düşməyə kömək edir.
    İnsan qəlbini əzablar zənginlədir. Müstəqillik iyirmiliyinin əzabları, şübhə və tərəddüdləri Sabirin poeziyasını çox zənginləşdirib, ovqatca, mənaca rəngbərəng edib. Məhz bu əlvanlıq şairin daxili məninin zənginliyini bütün miqyası ilə ortaya qoyur, onun daxili bütövlüyünü yeni tərzdə təsəvvür etməyimizə köməkçi olur.
    1985-ci ildən sonrakı Azərbaycan reallığında Sabir Rüstəmxanlının öz mövqeyi var. Hardasa, nədəsə onun vətənçiliyi radikal səslənirdi. 1990-cı 20 yanvar hadisələrinə hamısı göz yaşı ilə baxanda Sabir Rüstəmxanlı yollar boyu tökülmüş gənclərin qanında xalqının gələcəyi üçün nigaranlıqla qorxusunun sonunu gördü. “Qorxum qalmadı” şeiri Azərbaycan düşüncəsində o çağacan olmamış bir vətənçilik mövqeyi ortaya qoydu:

    Qoymadı, qayıtdı
    bayrağımın əsil rəngi,
    ilhamın qanadı,
    Günəşin odu…
    Torpağım azadlıq doğacaq sabah!
    Qorxum qalmadı!

    Burda radikallıq var. Amma Sabirin özünə xas vətənçi mövqeyi sonda olub ki, o biri ayağı həmişə praqmatik olub, heç yol sağlam düşüncədən uzaqlaşmayıb. Mətbuat naziri olanda iki cüt bir tək sözdən ibarət ərizələr, əsasən yüzlərlə qəzet qeydiyyatdan keçirib jurnalistikanı həmişəlik təzələyib və geriyə yol qalmayıb. Bu da Sabir vətənçiliyinin bir cür radikallığı idi.
    Sabir Rüstəmxanlının heyrətamiz dərəcədə çox bədxahları və tənqidçiləri var. Bunun bir səbəbi də onun müstəqillik dövrü vətənçiliyindəki mövqeyidir. Sabir ədəbiyyata qoltuqlarda gəlməyib, siyasətə də elə. Ona görə başqalarının tapşırığı ilə siyasətlə məşğul olanlar, qəzetçilik edənlər onu anlamır. Eybi yox, karvan onlardan asılı olmadan gedir və gedəcək. Sabirin öz şeirlərinə diqqətlə baxanda, xüsusilə son iyirmi ilin şeirlərinə, şair özünə qarşı hamıdan amansızıdır. Özündən narazılıq onun şeirlərinin bir mövzu xəttidir.
    Sabir Rüstəmxanlı əslində müstəqillik dövrü millətçiliyinin fikir mənbələrindən, sütunlarından biridir. Bunu anlamaq və duymaq üçün “Əbədi sevda” kitabını birnəfəsə oxumaq kifayətdir.
    Belə oxunuş oxucuya başqa bir şey də deyəcək: müstəqillik dövrünün onu “Yol dəlisi” edən illəri şair fəaliyyətini də zənginləşdirib. Bu zənginliyin ən yaxşı təzahürü burada xalis lirik ovqatların böyük bir yer tutmasıdır. Xüsusilə sevgi şeirləri bir kitabda gözlənilməz dərəcədə çoxdur. Kitabın altmış faizdən artıq bir hissəsini təşkil edir.
    Bu lirikanın əsas mövzusu sadədir: həqiqi və dərin hisslərlə insanların, xüsusilə şairlərin bütün həyatı dəyişir. XXI əsrdə Sabir tərəfindən yazılmış sevgi lirikası onun ömrünü və iç dünyasını işıqla doldurmuş bir hiss haqqındadır. Həyatının bu mərhələsindən danışan şair həyatının bütün detallarına bu misilsiz gözələ yönəli görür və bunu “Üzü sənə” adlandırır.

    Üzü sənədir gözünü bulud tutan səhər,
    Otağın yarıqaranlıq dəhlizləri.
    Yolumu gözləyən maşın,
    Gecənin sərxoşluğundan oyana bilməyən səhər!

    Onu tanıyandan bəri keçən ömrünü bu eşqin tarixçəsi kimi görür, bu tarixçənin bütün detallarını hissiyyatla dolu, səmimiyyətlə dolu yoluxucu lirikaya çevirir. Onun ad gününü kiçik bayram, məhəbbətin xatirə günü kimi qeyd edir. Taleyinə bu paya görə razılıq eləməkdən yorulmur:

    Günəş şəfəqindən endirib bəlkə,
    Məni bəxt atına mindirib bəlkə,
    Allah cənnətindən endirib bəlkə,
    Mələk yaşındasan, yaşını demə!

    Elə günlər olur ki, lirik mən “Əziz adamla” son gülləyəcən vuruşub dalaşır. Amma gözəllik və sevgi qarşısında məğlubiyyət qaçılmaz olur. Dalaşıb ağrıları keçməmiş şair evin səliqəsizliyində görün nə tapır:

    Görürəm barışıq bayrağı kimi,
    Tullayıb getmisən ağ köynəyini.
    Mən onu qaldırıb tutdum gözünmə
    Buzlayan köksümə sıxdım o ki, var.
    Bəlkə gülümsəyər mənim üzümə,
    Bəlkə möcüzəylə məni ovudar.

    Sabir Rüstəmxanlı son illər çox səyahət edir, bir ayağı Türkiyədə, o biri Brüsseldədir. Şeiri də ovqatca, motivcə dəyişir, hətta tribun şair üçün səciyyəvi sağla, ölçülü erotika ilə də zənginləşir. Lakin bir şey dəyişilməz qalır: Sabir şeirinin ritmi, üslubu, ahəngi dəyişmir. O hamar və şirin şeir dilini xoşlamır, osmanlıdan bircə təşnə də işlətmir. Bu qibtə doğuracaq sabirlik. Deyim şairin ikinci sifətidir. Sabir onu da qoruyur. Şairin zahirən kələ-kötür şeir dili diri və özünəxasdır. Bu istedadın özəlliyini ifadə edən sabitlikdir.
    Kitabda ömrün payızı haqda şeirlər də vardır. Sanıram ki, Sabir Rüstəmxanlı kimi gənc şair üçün belə şeirlər demək hələ tezdir. Amma işin o biri ucu da var: payız ovqatları həmin poeziya ilə əkizdir, onu ildən-ilə zənginlədir və bəhrəli edir. Sabirin kökü torpağındadır, o isə tükənməzdir.

  • Laçının işğalından 21 il keçir (FOTO)

    Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 21 il ötür. İyirmi ildir ki, 70 mindən artıq laçınlı respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.

    Laçının ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutublar. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Qeyd edək ki, rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub. Yerli sakinləri deyir ki, Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib.

    bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuş, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunub. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib, 58736 (01.01.2012-ci il tarixə 71.3 min nəfər) nəfər laçınlı öz doğma torpağından didərgin düşüb.

    Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 238 nəfər şəhid olub, 66 adam girov götürülüb, 105 nəfər əlilə çevrilib. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.

    İyirmi bir illik məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, qürurlarını hər zaman qoruyub saxlayan laçınlılar inanırlar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.











  • Sabir Rüstəmxanlının ürəyini deşən söz nədir? (VİDEO)

    Azərbaycanda milli azadlıq hərəkatının liderlərindən olmuş şair Sabir Rüstəmxanlı bu gün saat 19 00-da Azadlıq Radiosunun “Pen klub” proqramının qonağı oldu.

    Bu günlərdə şair Azərbaycanda müstəqil düşüncəsinə görə, bəzi tanınmış ziyalılarla “bizim olmayan adamlar“ kimi davranmasına etiraz olaraq mətbuatda məqalə ilə çıxış edib.

    Canlı efirdə S.Rüstəmxanlı öz fikirlərini daha detallı anlatdı.

  • Bu gün “Atatürkü Anma, Gənclik və İdman” bayramıdır

    19 may 1919-cu il Türkiyədə Milli istiqlal savavaşının başıadığı tarixdir. I Dünya müharibəsi başa çatdıqdan sonra Osmanlı dövlətinin bəzi əraziləri müttəfiq dövlətlər tərəfindən işğal edilmişdi. 1919-cu il 16 may tarixdə Mustafa Kamal paşa 36-cı Osmanlı padşahı IV Mehmet Vahdeddin tərəfindən İstanbuldan “Bandırma” gəmisi ilə Anadoluya göndərilir. Mayın 19-da Samsuna çatan Mustafa Kamal paşa (Atatürk) burda İstiqlal (Kurtuluş) mücadiləsini başladıb.

    Üç il davam edən mübarizədən sonra ölkə xarici qüvvələrdən xilas edilib və 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan edilib. Mustafa Kamal paşanın Samsuna çatma tarixi olan 19 may isə onun istəyi ilə hər il “Gənclik və İdman” bayramı kimi qeyd olunub.

    1981-ci ildən bəri isə bu bayrama “Atatürkü Anma” günü də əlavə olnub. Bu gün, hər il rəsmi qaydada “Atatürkü Anma, Gənclik və İdman” bayramı kimi qeyd olunur.

    Qeyd edək ki, bu gün həmçinin Türkiyə Cumhuriyyətinin qurucu Mustafa Kamal Atatürkün doğum günüdür. Atatürk 1881-ci il may ayının 19-da Qərbi Trakya vilayətinin Selanik şəhərində dünyaya gəlib.

  • Bu gün Sabir Rüstəmxanlının doğum günüdür.

    VHP Ali Məclisi partiyanın sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlını ad günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

     “Əzizimiz Sabir bəy!

    Sizin haqqınızda söz demək, şəxsiyyətinizi bir neçə cümləlik təbrikdə ifadə etmək olduqca çətin və məsuliyyətlidir. Çünki hələ gənc yaşlarından milli kimlik davası, ana dili savaşı aparan, yaradıcı ömrünü millətinin varlığının ifadəsi və iradəsi kimi keçirən, bu yolda olmazın müsibətlərdən keçən bir şairi, xalqının Milli Azadlıq Mübarizəsinin önündə dayanan ictimai-siyasi xadimi, dövlətinin Müstəqillik Aktında imzası olan millət vəkilini, Quzeyin azadlığından sonra Güneyin müstəqillik davasına qoşulan və Bütöv Vətən yolunda ömrünün ən qaynar yaradıcılıq illərini qurban verən lideri, dilin saflığı və sözün azadlığı uğrunda çalışan ziyalını və ömrünü sözün yaddaşına yazan söz adamı barədə söz demək asan deyil.

     Siz – bu millətin şərəf tarixini yazan insanlardan və xalqının qan yaddaşına adını həkk edən simalardansınız; Siz – onillərlə, yüzillərlə dövlətinin azadlığı və müstəqilliyi yolunda çalışan, bu mübarizədə həyatını verən, əfsanəyə çevrilən Azərbaycan yazarlarının ümumiləşmiş obrazısınız. Sizin Vətənin Müstəqillik Aktının altındakı imzanız – Əhməd Cavadların, Almas İldırımların, Mikayıl Müşfiqlərin, Cavid Əfəndilərin, Çəmənzəminlilərin, Əhməd Ağaoğluların, Əli bəy Hüseynzadələrin və…  Cavad xanların, Xan Xoyskilərin… “Rüstəmxanlı” qələmilə çəkilmiş imzasıdır. Bəlkə də İlahi hökmün diktəsinin nəticəsidir ki, bu millətin azadlıq eşqinin başlar üzərinə qaldırılan “Ömür kitabı”nı da, Əhməd bəy Ağaoğlunun və Cavad Xanən milli davasını əbədiləşdirən “Difai fədailəri” və “Ölüm zirvəsi”ni də Siz yazdınız.

    Bəlkə də Güney mübarizəsindən bir addım da geri durmamağınızın səbəbi Səttar Xanın ruhunun Rüstəmxanlıdakı ifadəsidir… İnanmaq istəyirik ki, Sətar Xanın, Məhəmməd Xiyabaninin, Seyid Cəfər Pişəvərinin… və əlbəttə ki, Şəhriyarın imzasını Müstəqillik Aktında gerçəkləşdirmək də, onların mübarizə tarixlərini qələmə almaq da Sizin həyat yolunuza Yaradanın yazdığı qismətdir.

     

    Əzizimiz Sabir bəy!

    Milləti üçün canından keçənlər qarşılıq istəməz, xırdalıqlara enməz, yolu üstünə dığırladılan kötüklərə görə istiqamətini dəyişməzlər. Çünki millət üçün çalışanlar bu günü deyil, tarixi yaradırlar və onları əbədi olaraq yaşadan da tarix olacaq.

    Siz bu xalqın tarixini yaradanlardan birisiniz, amma babalarımızdan fərqli olaraq, Siz həm də bu tarixi bərpa edir, qələmə alırsınız.

    Sizin ad gününüzü səmimi qəlbdən təbrik edirik və milli hədəflərinizə çatmaq, sələflərinizin arzularını göyərtmək, getdiyiniz uzun və incə yolu başa varmaq üçün Tanrıdan Sizə uzun ömür, can sağlığı diləyirik.

     

    Sevgilərlə,

    Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisi”

     

  • Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar

    Sabir RÜSTƏMXANLI
    VHP sədri, Xalq şairi

    Söz var deməsən, ürəyini deşir. Düzdür, deməmək can rahatlığıdır; ağzını açan kimi yüz qulp qoyacaqlar, çünki sözü söz tərəzisiylə ölçən azdır, hərə mənsub olduğu dairənin və ya öz mədəni səviyyəsinin gözüylə baxır sözə: yumşaqdırsa, niyə yumşaqdır, sərtdirsə, niyə sərtdir və s… Ancaq mən sözü öz vicdan ölçülərimlə dəyərləndirməyə və gizlətməməyə öyrəşmişəm. Olanımız sözdür! Onu da içimizdə axtalayıb danışsaq, bu millətin sözü qısırlaşar və gələcək nəsillər bizi lal-kar hesab edər…

    Azərbaycanın böyük qələm  sahiblərindən biri, xalq yazıcısı Sabir Əhmədli dünyasını dəyişəndən sonra yuxarılardan gələn məsləhətlə dəfni bir gün yubadılsa da, bütün cidd-cəhdlərimizə baxmayaraq, Fəxri Xiyabana buraxılmadı. II Dünya Savaşında ən gənc Sovet İttifaqı Qəhrəmanı olmuş qardaşı Cəmil Əhmədov Varşava ətrafındakı qardaşlıq qəbiristanında (hər dəfə Polşaya yolum düşəndə onu ziyarət edirəm), bığ yeri yenicə tərləmiş oğlu, Kəlbəcərə qış yürüşündə şəhid olmuş Məhəmməd Bakıda, İkinci Şəhidlər Xiyabanında, ata-anasının, böyük qardaşının qəbirləri və hələ içinə girib divarlarını isitmədiyi yeni evi Cəbrayılda, düşmən əlində, özü də başqa bir “müharibə qurbanı”, ata ocağını, malını-mülkünü Ermənistanda tərk edib gəlmiş dostumuz Fərman Kərimzadənin qonşuluğunda, Binəqədi qəbiristanında… Xalq yazıçısına hətta İkinci Fəxri Xiyabanın da qapısı bağlandı. Allah binəqədililərdən razı olsun… Ailəsi yalnız onların qəbiristanında yer tapa bilmişdi… Vətən torpağıdır, nə fərqi? Ancaq görünür, kimlər üçünsə fərqi var… Yoxsa heç olmasa, ölənlərimiz arasında ayrı-seçkilik qoymazdılar…

    Söz yox, insana qəbriylə, fəxri, ya qeyri-fəxri xiyabanda uyumasıyla deyil, millət üçün gördüyü işlərlə dəyər verirlər. Yazıçılara gəlincə, onlara heç məzar-filan da lazım deyil; ömürləri boyu kəlmə-kəlmə yazdıqlarına dəfn olunurlar; qəbirləri öz kitablarıdır. Cəsədlərini yandırıb, küllərini göyə sovursalar da heç nə dəyişilməyəcək; kitablarda  yaşayacaqlar onsuz da! Hətta müəyyən dövrlərdə müəyyən rejimlərin qərəzli qadağaları ilə üzləşsələr də, adları yasaq olunsa da, gec-tez xalqın yaddaşında yerləri bərpa olunur, çünki milli yaddaş qondarma tarix kitablarından da, rejimlərin köpüklü salnamələrindən də daha etibarlı və uzunömürlüdür… Vay axır gününü düşünüb ruhları üçün halal yuva, xatirələri üçün yaddaş sığınacaqları qura bilməyənlərin halına! Bədən üçün fərqi yoxdur, harda olur-olsun, torpağa qarışır onsuz da! Mərmər, qranit məzarlar yerin üstündəkilər üçündür; altdakıların taleyi isə Allaha və sağlığında elədiyi əməllərinə bağlıdır; qəbir qızıldan olsun – Axirət mizan-tərəzisinə təsir göstərə blməz. Belə bər-bəzəklə maddiyyatçıların gözünü qamaşdırmaq olar, Allahından və batini dünyadan xəbərdar olanların yox!..

    Mən qırx illik dostumun dəfninə qala bilməmişdim, zəng vurduğum yerlərdən “basdırmağa tələsməyin, sabah cavab verəcəyik” sözlərini eşidəndə arxayın olmuşdum ki, belə zarafat olmaz, o boyda adamlar “yubadın” sözünü elə-belə deməzlər, xoş niyyətləri olmasa, elə birinci zəngdən deyərdilər, “aparın harda istəyirsiniz, harda imkanınız varsa, orda dəfn edin”, – vəssalam! Bu işə qarışıblarsa, deməli, hər şey rəsmı ənənələrə, yazılmamış qanun və ya prinsiplərə uyğun həll olunacaq. Əslində, bu səviyyəli qələm sahibləri heç olmasa, Yazıçılar Birliyindən götürülməlidir, ancaq eybi yox, evindən yola salınsa da, qəbir yeri adına layiq olar, ayrıseçkilik qoyulmadan Fəxri Xiyabanda dəfn edilər, başqa xalq yazıçılarıyla yanaşı yatar. Ona qarşı nə qəsd-qərəz ola bilər ki?! Həm də halal torpaqları düşmən tərəfindən işğal olunan adamın halal məzar yerinə də göz dikilməz! Fəal siyasətə qatılmırdı (qatılsaydı da, bu, günah sayılmamalıydı), günlərlə evindən bayıra çıxmırdı. 20-yə yaxın,  hər biri hadisə olan, sevilən roman yazmışdı, Moskvada nəşr olunan əsərləri onu respublikamızdan kənarlarda da tanıtmışdı. Nəhayət, şəhid atasıydı, yeniyetmə oğul itirmişdi, ürəyi sınıqdı: ruhunu incitməzlər, ədəbi taleyinin gətirdiyi haqları əlindən almazlar…. Buna görə də qəlbimdə onunla vidalaşıb, üzürxahlıq eləyib, gecə uzaq Uqandaya, İslam Ölkələri Parlament İttifaqının növbəti sesiyasına uçdum. Ancaq ürəyim Bakıda qalmışdı… Çatan kimi internetə girdim və gördüm yanılmışam, bizdə dəyər ölçüləri mənim düşündüyüm kimi deyil; yazıçı dostum, adaşım Fəxri Xiyabana buraxılmamışdı…

    Özü belə şeylərə əhəmiyyət vernəzdi. Ancaq mənə yaman ağır gəldi. Bakıya qayıdandan sonra səbəbini öyrənmək və etirazımı bildirmək üçün yetkililərdən biri ilə görüşüb soruşdum: “Düzünü deyin, Sabir Əhmədliyə qarşı niyə belə haqsızlıq elədiniz?”

    Qarşımdakı nüfuzlu, bütün hallarda öz mövqeyi olan, sözünü deməyi bacaran adamdı; elə bil, məni gözləyirmiş və nə deyəcəyimi də bilirmiş, gözümə diqqətlə baxıb soruşdu:

    – Düzünü bilmək istəyirsən?

    – Əlbəttə! – dedim.

    Qətiyyətli bir səslə:

    – Bilirəm, indi deyəcəksən, Fəxri Xiyabanda heç ora layiq olmayan, millətə Sabir Əhmədlidən az xidmət göstərmiş adamlar da dəfn olunub… – dedi. 

    – Elə onu deməyə gəlmişəm, – sözünü təsdiqlədim…

    – İstəyirsən adlarını da çəkim, sən deməsən də olar! – dedi və doğrudan da bir neçə mərhumu xatırlatdı. – Guya biz bilmirik ki, onların yeri ora deyil?! Amma fərq burasındadır ki, onlar bizim adamlardır! Sabirsə bizim adam deyildi… Başqa səbəb axtarma!”

    Deməyə sözüm qalmamışdı. Daha doğrusu, bu qədər açıq, dürüst bir etirafdan sonra əlavə nəsə deməyə ehtiyac yox idi; çünki qarşımdakı adam kimin nəyə, hara layiq olduğunu, Sabir Əhmədlinin də qiymətini və ona haqsızlıq edildiyini çox yaxşı bilirdi…

    Lakin burda söhbət dəyərdən, xalqa xidmətdən, prinsiplərdən getmirdi, “bizim” və “bizim olmayan”lardan gedirdi…

    Bu adam “vəzifəsini” yerinə yetirirdi. Özgə saydığını zorla doğmalaşdıra bilməzsən ki!

    Mənimlə açıq, pərdəsiz danışdığına görə təşəkkürümü bildirib çıxdım…

    Bu söz o vaxtdan dərd olub qaldı ürəyimdə…

    …Əslində, bilmədiyim bir şey deyildi, Amerika da kəşf olunmamışdı, ancaq rəsmi adamın, quruculuğunda, qorunmasında canıyla, sözüylə Sabir Əhmədlinin də yaxından iştirak etdiyi ÖZ dövlətimizin bir yüksək vəzifə sahibinin, həm də bu millət üçün gördüyü işlərin böyük yazıçı əməyi ilə müqayisəsi mümkün olmayan və olsa da əvəzini nəsillərinə yetəcək qədər almış, övladını qurban verməmiş, yerini-yurdunu itirməmiş bir adamın “bizdən deyil” deməsi, böyük şəxsiyyətlərimizi çəkinmədən “bizim olanlar” və “bizim olmayanlar” zümrələrinə bölməsi heç vəchlə anlaşılası və ya barışılası bir məsələ deyildi.

    Ola bilsin, Sabir müəllim indiki iqtidarın bəzi təmsilçilərinin xoşuna gəlmir, onların adamı deyildi; amma yazıçı xalqın adamıdır və o şəxslər də bu xalqa xidmət edirlərsə, sevdilər-sevmədilər, ümumi qaydalara, ənənələrə uymağa, Sabir Əhmədlilərə də öz adamları kimi  baxmağa məcburdular; bu, vəzifə borcudur, normal hakimiyyət öz vətəndaşları və sənət adamları arasında ayrı-seçkilik salmaz, ədəbiyyatla günlük siyasəti qarışdırmaz! Soruşarlar, Sabir Əhmədli bu münasıbətə haqq verən hansı günahın sahibiydi? Bəlkə vaxtilə Sovet rejimini kəskin tənqid edən romanlar yazmasıydı onun günahı? Olmaya köhnə rejimin təəssübünü çəkirsiniz? Bəlkə sizdən fərqli olaraq oğlunu əsgərlikdən yayındırmaması, ermənilərlə savaşa göndərməsi əsəbiləşdirmişdi kimlərisə? Bəlkə aramızda ermənilərin qisasını bizdən almaq istəyənlər var? Başqa nə səbəb ola bilər, axı? Düşünürəm, bəlkə mərhuma xalq yazıçısı adını o vaxtkı prezident Əbülfəz Elçibəyin verməsi qıcıq doğurmuşdu; yəni onun qiyməti hesabdan deyil, bizim öz meyarlarımız var! Amma məsələ burasındadır ki, Elşibəy də bu dəyəri Sabir Əhmədliyə köhnə rejimdən qorxmadan milli mövqedə dayandığına, bu mövqedən yazdığına, dəyərlərimizin qorunmasına və milli müqavimət gücünün artmasına yardım etdiyinə, Sovet rejiminin çürüklüyünü göstərdiyinə görə vermişdi. Onda onun bu aydın və yüksək milli mövqeyi milli hökumətimizin məmurlarını niyə narahat eləməlidir? Və ümumiyyətlə, bu “bizim olan” və “bizim olmayan”ın sərhədlərini kim çəkib? “Bizimkilər” siyahısına düşmək üçün yazıçı, sənətkar neyləməlidir? Doğrudanmı bir məmurun və ya beş-on vəzifə sahibinin xoşuna gəlmək millət tərəfindən sevilməkdən daha vacibdir və yazıçı öz ömür-gününü və ya kitablarının nəşrini fikirləşirsə, millətin dərdlərini, maraqlarını bir kənara buraxıb, ürəyi istədi-istəmədi hakimiyyətə, daha doğrusu, vəzifədəkilərə nökərçilik eləməlidir?..  Məntiqə görə hakimiyyət xalqındırsa, xalqa xidmət edən hər kəs ona doğma olmalıdır. Xalqın sevdiyini sevməyən hakimiyyət özünü necə xalqın hakimiyyəti saya bilər?! İkinci tərəfdən, bu qədər düşməni olan, üstünə yüz yerdən dişlər qıcanan bir ölkənin içində bu ögey-doğmalıq kimə lazımdır? Qaşınmayan yerdən niyə qan çıxarılmalıdır? Mərdi qova-qova namərd eləmək istəyənlərin niyyətləri nədir? Bunun kimə xeyri ola bilər? Onsuz da  millət aşiqliyi əbədi bir tutqudur… Əsil sənət adamını, millət sevdalısını xalq yolundan, dövlətinin mənafeləri yolundan heç nəylə döndərmək olmaz! İstəyir bir tikə çörəyə möhtac qoy… Xainləri, mayası çürükləri isə heç vaxt haqq yoluna gətirmək olmaz – yüz dəfə dövlət başçısına mədhiyyə desə də, sinəsindən  beş dənə İstiqlal ordeni asılsa da! Sözünü mərd-mərdanə deyən, əyriliyə göz yummayandan ziyan gəlməz, ziyan öz süfrəmizdən barına-barına gözü özgə meşəsində olan tülkülərdən gələr…

    Eyni taleyi iki başqa yazıcımız – Bayram BayramovHüseyn Abbaszadə də yaşamışdı. Mən Bayram Bayramovla bir yerdə işləmişdim, Heydər Əliyevin Azərbaycana döndüyü və öz yetişdirdiyi bəzi kadrlarının ona dönüklük elədiyi, ilk dəfə Milli Məclisə gələndə indiki bəzi özünü “Əliyevsevər” kimi gözə soxanların o vaxtkı rəhbərlərdən qorxaraq qaçıb gizləndikləri, qürbətin ölüm tələlərindən qurtarmış, Naxcıvanda ağır şərtlər altında xalqına gün ağlamağa calışan bir insana salam belə vermədikləri illərdi… Onlardan bəziləri indi öz sədaqətlərindən dəm vurmaqdan yorulmurlar. Belə şeylər Bayram Bayramovu əsəbiləşdirirdi, onun Heydər Əliiyevə hansı yüksək hörmətlə yanaşmasının, çörəyini itirənlər haqqında necə ikrahla danışdığının şahidi olmuşam… Sonra nə baş verdi? Bayram Bayramov Qarabağa Xalq Yardımı Komitəsində gecə-gündüz gərginliklə, əsəbiliklə çalışırdı, müqavimətsizliyimiz, Qarabağdan gələn faciəli xəbərlər üzürdü onu; eyni zamanda, millət vəkiliydi, Məclisdəki məlum çıxışını heç birimiz bəyənməməşdik, özü də buna peşman olmuşdu. O vaxt belə mübahisələr tez-tez olurdu, amma bu mübahisələri böyüdüb düşmənçiliyə çevirmək, buna görə adamların xidmətlərinin üstündən xətt çəkmək heç kimin ağlına gəlmirdi, çünki məntiqə və dövlətçilik təfəkkürünə sığan iş deyil.

    Hüseyn AbbaszadəBu hadisəni xatırlatmaya da bilərdim, ancaq latın qrafikasıyla nəşr olunan kitablar arasında Bayram Bayramovdan sonra gələn nəsillərin də kitablarını, cildlərini görəndə, onun kitabını görməyəndə, unudulduğunun şahidi olanda, təəccübləndim… Təəssüf ki, belə hallar cox vaxt dövlətə, dövlət başçısına xidmət və ya sədaqət kimi təqdim edilir… Prezident İlham Əliyev yeni düşüncəli adamdır və mən inanmıram kı, bu cür xırda ögey-doğmalığa əhəmiyyət verir, əksinə, məncə, belə halların onun imicinə və idarəcilik prinsiplərinə kölgə saldığını çox yaxşı bilir…

    Xarici ölkələrdə tez-tez rastlaşdığım gözəl bir ənənə həmişə icimdə xoş  duyğu oyadır: bələdiyyələrdə, valiliklərdə gəlib-kecmiş bütün sələflərin şəkilləri divardan asılıb ehtiramla qorunur. Bizim Milli Elmlər Akademiyası Rəyasət Heyətinin kiçik salonunda bugünədək Akademiyaya başçılıq etmiş bütün prezidentlərin  portretlərini  yan-yana görəndə sevinmişdim ki, nə yaxşı, bizdə də özlərindən əvvəlkilərə sayğını qoruyanlar var… Amma sonra burda da o nizam pozuldu. Sıra akademik Eldar Salayevə gələndə onun portretini asmağa cəsarətləri çatmadı… Eldar Salayevin Akademiyanın prezidentliyindən niyə getdiyi məlumdur… İnsan bütün qohumlarının cavabdehliyini daşıya bilməsə də, indiki halda Eldar Salayevin vəzifədən getməsi anlaşılandı, amma onun  keşmişini unutdurmaq və  portretini üzə çıxarmamaqla belə gözəl ənəni pozmaq anlaşılan deyil… Bu baxımdan Milli Məclisin ölkə prezidentlərinin statusuyla bağlı qanunundan nümunə götürmək olardı…

    Ziyalı və hakimiyyət münasibətləri tarixin bütün dövrlərində mürəkkəb olub, çünki sənətkarlar, yazıçılar, alimlər, istedad sahibləri seçilmiş, millətə şöhrət gətirən adamlardır. Bu, kiminsə istəyindən asılı deyil, Allahın iradəsidir. Belə adamlar, onların daxili azadlıqları təbii şəkildə yaranmış bir ənənəylə toxunulmazdır və qorunmalıdır. Ziyalı cəmiyyətin barometridir, millətin əsəb nöqtəsidir, ona kobud əllə toxunmaq olmaz.

    Burası da var ki, əsil namuslu, millətinin ruhunun tərcümanı olan yazıçı ilə hakimiyyətin konflikti, demək olar ki, həmişə yazıçının xeyrinə sonuclanıb… Hətta terrorun, repressiyaların, sürgün və deportasiyaların da təsiri olmayıb… Millətimizin düşməni olan qaniçən bir rejim Dədə Qorqud boylarını da, Nəriman Nərimanovu da yasaqlamışdı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli xalq düşməni elan edilmişdi… Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşı, Əhməd  bəy Ağaoğlu da xırda  burjuaziyanın dəyirmanına su tökən və “o vaxtkılardan olmayan” adamlar sayılırdı… Soljinitsın Rusiyadan qovulmuşdu… Mən müstəqil dövlətimizi o rejimlə müqayisə eləmək istəmirəm, sadəcə, yazıçı taleyinə “bizim-sizin” ölçüləriylə yanaşmanın nə qədər uğursuz və məhkumluğu qabaqcadan görünən bir iş olduğunu xatırlatmaq istəyirəm…

    Zaman güzəştsizdir! Cavidi Sibirdə çürüdən “Bığı bəyi”, yəni Stalini  öz mərmər movzeleyindən çıxarıb atdı, ancaq Cavidi sürgün qəbiristanından Vətənə qaytarıb, üstündə mərmər məqbərə uçaltdı. Cavidin intiqamını alan, repressiya qurbanlarına haqq qazandıran Heydər Əliyevin davamçıları, xırda ya böyük, heç bir sənət adamının haqqının tapdalanmasına yol verməməlidirlər!..

    Aydını, alimi olmayan xalq korazehin kütlədən başqa bir şey deyil… Bu gün millətlərin inkişafı pul-para sərmayəsindən daha çox, intellektual sərmayədən asılıdır. Gələcəyini düşünən dövlətlər elm və mədəniyyətə vəsait ayırmaqda xəsislik eləmir, dünyanın harasında olur-olsun, inkişafa kömək edə biləcək gənc mütəxəssisləri toplayır, onlar üçün şərait yaradır ki, bəhrəsini görsün. Məhz milli hədəfləri, dövlətçilik hədəflərini nəzərə alaraq böyük ziyalıların nazına, bəzi xırda-para şıltaqlığına da dözürlər… Keçmişdə də beləydi. Padşahlar alimləri əbəs yerə öz ətraflarına yığmırdılar. Saraylardakı şair məclisləri də yalnız mədhiyyə eşitmək məqsədi daşımırdı. Bunu dövlət başçılarının ziyalıdan qorxması kimi də izah etmək birtərəfli yanaşmadır. Əsas məqsəd bu adamları qorumaq və onların məsləhətlərini dinləməkdi. Saray yalnız yaltaq vəzir-vüzəranın ümidinə qalsa, ölkələri faciəli aqibətlərdən qorumaq olmazdı. İndi dövlət-ziyalı münasibətləri daha mədəni və sivil şəkildə qurulub… Yaradıcı birliklər, elmi insitutlar və s. Lakin təəssüf ki, bizdə bəzi rəsmi qurumlarda istedada qarşı bir qısqanclıq var, azad, müstəqil düşüncə sahiblərini, öz şəxsiyyətini qoruyan adamları sevmirlər: “Kim mane olursa” (!) rədd olub getsin! Ölkəni tərk eləmiş mütəxəsislərimizi xatırlayanda adamın ürəyi ağrıyır. Niyə onların aglı başqalarına xidmət eləsin? İnkişaf eləmiş ölkələr cavanları tələbəlik illərindən gözaltı edir, ali məktəbi bitirən kimi alır qanadının altına. Biz də xaricə xeyli tələbə göndəririk. Oxuyub gəlirlər və bəziləri iş tapmır, iş tapanı da tələbə vaxtı dövlətimizin ona verdiyi təqaüddən qat-qat aşağı maaş alır, axırda dözməyib çıxıb gedir… Ən yaxın gələcəkdə Azərbaycanda istedadlı kadr, bacarıqlı mütəxəssis sorunu yaşanacaq. Görünən budur. Biz ziyalılara münasibətlə gənclərimizə, uşaqlarımıza pis örnək veririk. Belə təsəvvür yaranır ki, bu ölkədə yaxşı alim olmaq əsas deyil, “bizim adam” olmaq, qulbeçəlik, yaltaqlıq, hər şeyə boyun əymək əsasdır.

    Məsələn, hansı normal ölkədə Cəmil Həsənli kimi görkəmli bir tarixçini müxalif düşüncəsinə və ya bəzi neqativ hallara göz yummadığına görə işsiz-gücsüz qoyarlar? Axı onun əsərləri müasir tarixşünaslığımızın təməl kitablarından olmaqla yanaşı, ictimai, mili fikrimizin inkişafında son dərəcə ciddi rol oynayan əhəmiyyətli, yeni elmi uğurlardır. XX yüzilin bizim millətimizi maraqlandıran elə bir mühüm dövrü, hadisəsi yoxdur ki, Cəmil Həsənlinin araşdırma meydanından kənarda qalsın. Onun kitabları “Sovet tarixciliyinin” on cildlərlə yalanlarının üstündən xətt çəkib, ən yaxın tarixin ən ağır pərdələr arxasında gizlədilən həqiqətlərini üzə çıxarıb. O öz cəsarətiylə yeni nəsil ziyalılara bir örnəkdir. Bu gün erməni yalanlarına mətbuatda ən elmi və dəqiq cavab verən alimlərimizdən biri Cəmil bəydir və erməni yazarlarının ona hücumları səngimir. Belə bir vaxtda qələm adamı öz dövlətinə söykənməli, ordan mənəvi dəstək almalıdır. Bizdə tərsinədir, erməni bir vuranda ikisini də içimizdəkilər vurur. Gəl indi ayırd elə, bunu “düşmən marağına xidmət” saymaq olar, ya olmaz!..

    Milli hökumətimizin tarixini yazan bir alimə milli hökumətin münasibəti! Bu paradoksun arxasında hansı niyyət dayanır… Güney Azərbaycan Milli Hökuməti, Soyuq Müharibədən sonrakı uluslararası münasibətlər, SSRİ- Türkiyə ilişgilərı, Sovet rejiminə qarşı Azərbaycan ziyalılarının apardığları çətin mübarızə və s. mövzularda yazılmış kitabları dünyanın müxtəlif dillərində – ABŞ-da, Rusiyada, Avropada, Türkiyədə nəşr edilən bir alimi millətinə hörmət eləyən bir hakimiyyət əl üstə saxlamalıdır, sıxıntı içində, maddi və mənəvə gərginlik şəraitində yox… Yeri gəlmişkən, lap bu günlərdə, bu sıxıntılar içində xalqımızın ən parlaq şəxsiyyətlərindən və müstəqil dövlətimizin qurucularından, ideoloqlarından biri olan Əimərdan bəy Topçubaşı haqqında fundamental, son dərəcə dəyərli kitabını nəşr edib oxuculara çatdırdığına görə Cəmil bəyə təşəkkürümü bildirir, onu bu böyük yaradıcılıq uğuru münasibətiylə ürəkdən təbrik edirəm. Allah, onu sevməyənlərin acığına, canını cağlam, qələmini iti eləsin! 

    Niyə görə müəyyən bir torpaq parçasına görə Rüstəm İbrahimbəyov kimi dünyaca məşhur bir sənətkar hakimiyyətdən incik düşməliydi? Filan şirkətin torpağıdır! Kim verib millətin, dövlətin torpaqlarını şirkətlərə? Dünyanın hər yerində şirkət kömürünü, ya neftini çıxarır, sonra o torpağı bərpa edib qaytarır xalqa və ya dövlətə… Abşeronu tora salmış hasarlar şəbəkəsinə baxın! Kimlər sahiblənib o torpaqlara? Hesabını aparan, soran varmı? Niyə sıra Rüstəmə çatanda birdən torpaq qiymətə mindi? Bəs bizi dənizə həsrət qoyan hasarları  necə çəkiblər? Onsuz da az olan meşələrimizi, parklarımızı işğal edənlər kimlərdir? Xəzəryanı təpələri siçovul kimi gəmirib relyefi pozanlara necə icazə verilib? Qobustanda çılpaq təpələr çoxdur, qoy gedib icərilərdəki təpələri yesinlər ki, sahildə də göz oxşayan bir-iki yüksəklik qalsın, torpağı daşıyıb, camaatın başına toz ələməsinlər. Hətta qorxmadan-çəkinmədən tarixi Mayakın altını, ətrafını daşıyıb, onu yıxırlar və kimsə dillənmir ki, “ay adam balası, kim verib bu ixtiyarı sizlərə?”

    Yaxud, dünyaca ünlü alimimiz Rafiq Əliyevi sayğısız bir şəkildə kiçiltməyə çalışan xırda alimçiklər, məmurlar başa düşmürlərmi ki, bu yolla dövlətə xidmət etmirlər, əksinə, ziyan vururlar. Cünki xalq hər şeyi görür, bilir. Ayrı-ayrı məmurların naşılığı nəticə etibarilə hakimiyyətin ayağına yazılır…

    Mənim senarimlə çəkilmiş “Cavad xan” kimlərinsə gizli tapşırığıyla demək olar ki, yasaqlanıb. Mədəniyyət Nazirliyimizin bəzi hörmətli əməkdaşlarınin “səyi” nəticəsində film inadkarlıqla heç bir festivala buraxılmır, televiziya ekranına çıxarılmır, sosial şəbəkədə qəsdən filmin qüsurlu variantı yayılır. Bilərəkdən belə bir rəy yaratmağa calışırlar ki, guya ugursuz filmdir. Onun yanından  millətimizə başuclığı gətirməyən, tarixi  hadisələri saxtalaşdıran filmlər gen-bol təbliğ edilir və hər yerə göndərilir. Filmin rejissoru, neçə-neçə bədii, sənədli filmin, gözəl teatr tamaşlarının istedadlı yaradıcısı olan, hər gün Sumqayıtdan Bakıya yol ölçməkdən yorulmuş Rövşən Almuradlı nədənsə bizim hörmətli nazirliyimizin diqqətindən ardıcıl və anlaşılmaz bir şəkildə kənardadır. Böyür-başından keçirib hələ haqqı olmayanlara adlar verilir, şərait yaradılır, amma Rövşən yada düşmür! Doğrudanmı yada düşmür, yoxsa ona da mane olan “Cavad xan” filmində nümayiş etdirdiyi aydın milli mövqeyidir?!

    Əlbəttə ayağı, cismi, qazancı milli dövlətdə ola-ola fikri, düşüncəsi, danışıq dili ilə rus-sovet tərbiyəsindən, köhnələrin xiffətindən qopa bilməyənlər üçün tarixə bu cür obyektiv yanaşmaları dərk etmək çətindir. Ancaq nə edək?  Məgər milli dövlətin milli mədəniyyət siyasəti belə adamların ümidinə qalmalıdır?  

    Niyə vətəndaşın birinə aş, o birinin başına daş? Nəticədə bütün bunların əhalini narazı saldığını və ölkədəki ümumi mühiti zəhərlədiyini görmək bu qədərmi çətindir?

    Yazmaya da bilərdim bu barədə. Amma xırda görünən və ya haqqında  susmağa üstünlük verilən məsələlər yan-yana düzüləndə, bir silsilə yaranır. Özünü gözə soxmaq, hakimiyyətin qulağına gecə-gündüz “Səni məndən çox istəyən yoxdur, yerdə qalanlar düşməndir, məndən əl götürən kimi səni aşıracaqlar” nəğmələri oxuyan adamların riyakarlığı, bir qism vəzifə sahiblərinin mədəni səviyyəsinin aşağı olması, dövlət və ədalət prinsiplərindən, qanunlarımızdan və beynəlxalq hüquqdan, milli dəyərlərdən, hakimiyyəti qoruyub gücləndirməyin fəlsəfəsindən xəbərsizlikləri, tarixdən ibrət dərsi almamaları, heç olmasa, öz yedikləri çörəyin qədrini bilməmələri də belə dözülməz hadisələrin ortaya çıxmasında rol oynayır, şübhəsiz… Biz bunun nümunələrini Xalq Cümhuriyyətinin qurucularına, o cümlədən, Məmməd Əmin Rəsulzadəyə, yaxın keçmişimizə, 1988-ci ildən başlanan hadisələrə, hətta ədəbiyyatımızın, müstəqil mətbuatımızın tarixinə münasibətdə də görürük. Bunlar milli əxlaqa, mənəviyyatımıza, milləti millət edən mənəvi dəyərlərə ciddi yara vurur, inamsızlıq, etimadsızlıq mühiti yaradır; bu işə rəvac verənlər özləri hiss etmədən öz oturduqları budaqları kəsirlər… Heç nəyin cəzasız qalmadığı, bu gün qurduğunu sabah uçuran dünyada öz hökmünü əbədi saymaq, “bizim”, “sizin” ayrımçılığının uzun sürə davam edəcəyinə inanmaq, xalqın rəyinə etinasızlıq sadəlövh adamların işi ola bilər… Ölkədə yalnız iqtidar-müxalifət, dogma-yad, varlı-kasıb ayrımçılığının fövqündə dayanan, milli əxlaqa bağlı, heç kimin haqqını tapdalamayan, ədalətli münasibətlər sistemi yaranandan sonra hamı rahat nəfəs ala bilər – zirvədəkilər də, ətəklərindəkilər də! İndiki halda belə görünür ki, zirvədəkilərin belə bir qayğısı yoxdur. Onlar özlərini əbədi sayır və nə vaxtsa onlara da “bizim adam deyil” təfəkkürüylə yanaşıla biləcəyini düşünmürlər…

    1973-cü ildə yazdığım “İşıq ömrü” adlı bir poemam var. Böyük aktyorumuz Hüseyn Ərəblinskiyə həsr edilib. Ordan XX yüzilin əvvəllərindəki Bakıya həsr edilmiş misralar düşür yadıma:

    Bakı əsəbi idi, tərs idi, hirsli idi,

    Bakının nişanəsi pula hərisliyiydi.

    Atanı övladından döndərən inamsızlıq,

    Qardaşı qardaş ilə vuruşduran qansızlıq

    Bakı söhbətlərinin gözüydü, çeşməsiydi,

    Bakı bütün dünyaya pulun öcəşməsiydi…

    (“Sağ ol, ana dilim”, Bakı-1983, səh., 184)

     

    Tarix təkrar olunur. Ancaq indi Bakı müstəqil dövlətimizin paytaxtıdır və onun yenidən “neft və milyonlar şəhəri”nə çevrilməsinə sevinirik. Lakin aydınlarımızın yenidən Hüseyn Ərəblinski taleyini yaşamasını, sənətiylə salonları ayağa qaldıra-qaldıra müalicə puluna möhtac olmasını istəmirik. Bakı varlansın, bəzənsin, ancaq kapital bütün dəyərlərin başına keçməsin. Pul millətə öcəşməsin, onun kimliyini müəyyənləşdirən böyük insanları, əsil ziyalıları ayaq altına atıb xışlamasın… Mən “əsil” deyirəm, ona görə ki, adını “aydın” qoyan adamların bir hissəsini, xüsusən də sel öz bogazına çıxanda xalqı yada salanları, on illər iqtidara yalaqlıq edib, sonra payı kəsiləndə haqq yoluna qayıdanları, bizlər döyüləndə tamaşaçı olan, ancaq özlərinin işləri dolaşan kimi bizdən və millətdən imdad umanları əsil ziyalı saymıram…

    Dünyanın hər üzünü görmüşük və görürük. İkili standart, ögey-doğmalıq göz qabağındadır. İşlərimiz daşdan çıxır. Düşmənimiz çoxdur. Qarabağın işğalı iyirmi ildən artıqdır davam edir. Güneyin də başında qara buludlar dolaşır. Fars şovinizminin milli kimliyi unutdurma siyasəti azmış kimi, indi də PKK silahlıları qara pulların və silahın hesabına Qərbi Azərbaycan, Urmiyə torpaqlarına doluşmaqdadırlar. Gələcək taleyimizi biz düşünməsək, kim düşünəcək? Bütün bu problemlərin, sorunların həlli milli birlikdən, vətəndaş həmrəyliyindən keçir… Bu gün hakimiyyət mərkəzdənqovma siyasətindən əl çəkib millətin ayıq, düşünən insanlarını öz ətrafına yığmağa (hələ körpülər tamamilə yandırılmayıbsa) çalışmalıdır. Böyük milli konsepsiya hazırlayıb onu addım-addım həyata keçirmək zamanıdır. Hakimiyyətin milli ideologiya adına təqdim etdiyi yazılardan bir şey çıxmaz. Çünki onlar birtərəflidir, bütün xalqı əhatə eləmir və milli barış ruhundan uzaqdır… Siyası partiyalara etimad sürətlə azalır, çünki onların mövqeləri ümumxalq mövqeyindən çox, qrupların mövqeyidir, yalniz hakimiyyət ehtiraslarına köklənib və bu gün cəmiyyətimizin  bəlasına çevrilmiş düşmənçilik, bir-birini aşağılamaq ovqatıyla yoğrulub.

    Belə bir məqamda görkəmli elm, sənət, mədəniyyət xadimlərini dışlamaq yox, böyük strateji mərkəzlərdə bir araya gətirmək lazımdır. Milli istiqbal naminə intellekt sərvəti ilə maddi sərvətlər bir-birinə yardımçı olmalıdır. Biz bir-birimizi bəyənməyə, kimlərəsə “bizdən olmayan” damğası vura bilərik, amma hamımızın olan Vətənin naminə bir yerdə olmaqdan başqa yolumuz yoxdur…