Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • “Kletkalı” deputat haqda haşiyəli yazı

    Qədim türklərin gözəl bir adəti varmış: insan doğulan kimi ona ad qoymazlarmış, gözləyərlərmiş, həmin şəxs müəyyən bir yaşa çatanda adı əməlinə, xarakterinə, cəmiyyətdəki mövqeyinə görə verərlərmiş. Heyif yoxdu indi bu adət, adlar təsadüfi seçilir və məsələn, ateist olacaq birinə İman adı, sonralar fərarilik edəcək kiməsə Qəhrəman adı qoyulur…

    Bu dəfə sözümüzün Mustafası yox, Musası var… Tarix çox Musa adları yaşadıb və bu adlar həm də Mousey kimi tanınan peyğəmbərdən gəlib. Bu adı sonradan daşıyanlardan hansının ilkinliyə sadiq qalıb-qalmaması onların öz işidir. Kimsəni buna görə qınaya bilmərik. Neyləyək ki, türklərin məlum adəti daha yaşamır.. 
    … Nə isə həmin Musa adlarından biri-deputat Musa Quliyevdən bəhs edəcəyik. Elə buradaca 

    BİRİNCİ HAŞİYƏ – deputat, yoxsa…

    …Qəsdən “millət vəkili” yox, “deputat” yazdım və bu, bir çox “bəlkə də qaytardılar” təfəkkürlü sovet nastoljiklərinin təsirindən deyil. Bir diqqət edin, adam məlum Binəqədi faciəsindən sonrakı parlamentin ilk iclası ilə bağlı yazır: “Həmin iclasda binadakı yanğınla bağlı müzakirə açmağa ehtiyac yox idi. Çünki yanğın hadisəsi baş verən anda cənab Prezident İlham Əliyev ən operativ qərarları qəbul etmiş, yanğın yerinə şəxsən getmiş, komissiya yaratmış, müzakirə keçirmiş, tapşırıqlarını vermişdi. Cinayət işi başlanmış, istintaq aparılır, günahkarlar müəyyən olunur, zərərçəkənlərə sosial, hüquqi, psixoloji və s. yardımlar göstərilir, binalardakı yanğın təhlükəsi olan üzlüklərin sökülməsi prosesi gedir. Məclis başlayan kimi də spiker hörmətli Oqtay Əsədov yanğın hadisəsi ilə bağlı öz fikirlərini söyləyir, Məclis adından həlak olanların ailələrinə başsağlığı verir və bir dəqiqəlik xatirə sükutu elan edir”. Görəsən, bir problemə prezident reaksiya verəcək, Nazirlər Kabineti icraya keçəcək deyə parlamentarilərin bu məsələdən danışmaması hansı məntiqə və düşüncəyə söykənir? Bu prinsiplə parlamentdə Qarabağın işğalından da danışılmasın. Çünki, ortada dövlət başçısının mövqeyi və Silahlı Qüvvələrlə diplomatik sistemin fəaliyyəti var. Parlament fransızca “parle” sözündən olub, danışmaq deməkdir, Musa Quliyev! Burda danışanlar xalqın, millətin sözünü dedikdə “millət vəkili” adlanır. Amma… Gəlin yenə də yaddaşımızı təzələyək: Sabir Rüstəmxanlı Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstünə qarşı sayğısızlıqdan danışır: “Nədən icra başçıları zərrə qədər özlərində məsuliyyət hiss etmirlər? Gəncədə onun əzəmətli bir heykəli olmalıdır. Ancaq biz bunun əksinin şahidi oluruq. Bir büstü var. Onun da başına çuval keçirmək düşmənçilikdir. Bu, ABŞ-ın İraqda türk əsgərinin başına çuval keçirməsini xatırladır. Dolayısı ilə millətimizə həqarət edən bir məsələdir. Bu, bizim tariximizə, burada oturan hər bir şəxsə hörmətsizlikdir. Ayıbdır. Bu, millətimizin tarixinə və müstəqilliyinin başına çuval keçirməkdir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rəsulzadəni düşmən elan edibsə, desin, biz də bilək. Düşmən elan etməyibsə, gedib o çuvalı tarixi şəxsiyyətin başından çıxarsın”. Rəsulzadə Azərbaycan dövlətinin qurucu lideri kimi həm də milli dəyərdir, ona qarşı sayğısızlığa etiraz da millətin sözü sayılmalıdır. Amma millət vəkilinin sözlərinə irad tutan deputat Musa Quliyev cavab olaraq “Gəncədə Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır, həqiqəti əks etdirmir. Abidənin olduğu parkda təmir işləri gedir, həmin abidə də keyfiyyətsizdir. Abidənin təmir işləri ilə bağlı işlər aparıldığı üçün üstü örtülüb. Həmin park da Gəncə şəhər İcra Hakimiyyətinin deyil, Nəqliyyat Nazirliyinin balansındadır. Əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib xahiş eləyib parkı təmir etdirsin” demişdi. Adama deyən lazım, “sən kimin əmisi oğlusan?” Məsələ Böyük Öndərin abidəsinin üzərinin necə, hansı vasitə ilə örtülməsindədir, yoxsa Rəsulzadənin qurduğu dövlətin ilk mərkəzində onun abidəsinin qapalı qalması? Həm də heç dəxli var kim kimin qohumudur? Amma demə, varmış və deputat Quliyevi danışdıran da bu qohumluq hissi imiş. Sən demə, büst Kəpəz rayonu ərazisindəymiş və Gəncədən deyilənə görə, o rayonun icra başçısı da Musa Quliyevin yaxın qohumuymuş. Uzun müddət səsi eşidilməyən deputatı bu qohumluq təəssübkeşliyi dilə gətirib və millətin yox, bir məmurun vəkili olduğunu göstərib. 
    Ədəbi təxəllüsü, şəxsi klinikası və apteki “Urud” adlanan Musa Quliyevin ard-arda isterik çıxışına və yazısına əhəmiyyət verməmək də olardı. Lakin düşünürəm ki, bu haqda yazmaq da lazımdır. Bir halda ki, dünənə qədər ortada yeyib, qıraqda gəzənlər də dilə gəliblər, düşünürəm ki, bu, əhəmiyyətli hadisədir. Amma Musa Quliyev haqqında yazmazdan əvvəl, internetdə kiçik bir axtarış etdim, mətbuatda onun haqqında gedən yazılara nəzər saldım: elə bir fövqəladə keçmişə sahib deyil. Rejimin himayəsi altında “qaz vurub qazan dolduran” şəxslər kimi sadə bioqrafiyası var, həkimdir, ikinci təhsil alıb, ilhama gəlib şeir də yazır. STOP! İndi isə

    İKİNCİ HAŞİYƏ – Allahsızlıq 

    Musa Quliyevin ilk mətbu şeirləri 1984-cü ildə xalq şairi Məmməd Arazın “Uğurlu yol” təqdimatı ilə “Azərbaycan gəncləri” qəzetində çıxmışdı. Bu o zaman idi ki, Sabir Rüstəmxanlı ardıq 6 il idi ki, çoxlarına əlçatmaz görünən bir məqamda idi – “Yazıçı” Nəşriyyatının baş redaktoru. Və cənab Quliyevin ilk şeri dərc olunandan bir az sonra Azərbaycan ədəbi dünyasına və milli fikir tarixinə Rüstəmxanlı imzası ilə “Ömür kitabı” yazıldı. Deyəsən, ya o vaxtdan çox keçib, ya da Quliyevin yaddaşı zəifdir ki, bunları unudub və bu gün Sabir Rüstəmxanlını nəzərdə tutaraq yazır: “Əziz xalq şairi, bu xalqın sizin bir şerinizi də əzbər bilmədiyinin fərqindəsinizmi?” Belə yerdə deyiblər: “Adamın Allahı olar!” Axı vicdanla baş-başa qalanda Quliyev özü də Sabir Rüstəmxanlının 80-ci illərdə əl-əl gəzən kitablarını oxuduğunu etriraf edər. Burda mənə məlum olan bir faktı qeyd edim ki, Sabir Rüstəmxanlının poeziyası haqqında Azərbaycanda və Türkiyədə 12 kitab yazılıb, bir neçə dissertasiya müdafiə edilib. Bunları xalq deyib? Bir də ki, cənab Quliyev YAP Siyasi Şurasının üzvü kimi ciddi siyasi səhvə yol verib. Onun iddia etdiyi kimi, bu xalqın bir nəfəri belə Sabir Rüstəmxanlının şerini əzbər bilmirsə, prezident İlham Əliyevin ona Xalq şairi adı verilməsi haqda sərəncamını necə başa düşək. Belə çıxır ki, ya dövlət başçısının qərarında yanlışlıq var, ya da Quliyev öz komandasına hörmətsizlik edir.
    Milli Məclisdəki qalmaqalla ürəyi soyumayıb “sifarişçilər”inə xoş gəlsin deyə rənglər aləminə də baş vuran Quliyev o qədər özünü itirib ki, tərifi, təvazökarlığı özünütərifə nökər edib. Diqqət edək: “Hər gün Milli Məslisdəki iş otağımda oluram, Sosial Siyasət Komitəsinin sədr müavini kimi hər gün də ölkənin müxtəlif bölgələrindən gələn şikayətçiləri qəbul edirəm, ərizələri araşdırır, imkanım daxilində cavab verirəm. On ildir ki, üzvü olduğum Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında ölkəmizi şərəflə təmsil edirəm və hazırda orada iqtisadiyyat komitəsinin sədri və Daimi Komitənin üzvüyəm. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini olduğum on il ərzində komitənin o iclası olmayıb ki, çıxış eləməyim, təklif verməyim, yeri gələndə iradımı və etirazımı bildirməyim. Deputat olduğum on beş il ərzində hökümətin o hesabatı, o büdcə müzakirəsi olmayıb ki, orada çıxış etməyim, təkliflərimi və tənqidlərimi söyləməyim”. Bax buna deyərlər özünə vurğunluq. Və bu tərifləri puç edəcək

    ÜÇÜNCÜ HAŞİYƏ – puç olan özünütərif

    Parlamentin sosial-siyasət komissiyasının üzvü o kəsdir ki, iki il öncə hökuməti müxalifət nümayəndələrinə qocalığa görə pensiya verilməsini qadağan etməyə çağırdı. Razılaşın ki, bu günə qədər ağlı başında olan heç bir iqtidar rəsmisi müxalifəti bu dərəcədə təhdidə cəsarət etməmişdi. Bu həm də bir bolşevik düşüncəsidir və bu düşüncənin ifadə etdiyi fikirlərin, əməllərin nəticəsidir ki, Qərbdən erməni diasporunun təsirilə Azərbaycana qarşı bəyanatlara rəvac verilir. İndi gördünüzmü bir deputat kimi fəaliyyətinizin sonucu nə olur? Hələ bu da hamısı deyil. Qanun layihələrinin hazırlanması, təkliflər verilməsi prosesindəki aktif fəaliyyətindən danışır bu şəxs. Lap bu yaxınlarda Azərbaycanda müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusunun veriləcəyilə bağlı gözləntilərə məhz Musa Quliyev son qoyub. O bildirib ki, bu məsələ gündəmdə deyil. Maraqlıdır ki, elə həmin Musa Quliyevin özü yaxın keçmişdə indi dediklərinə tamamilə zidd olan bir açıqlama vermişdi. Deputat 30 avqust 2013-cü il tarixlı açıqlamasında müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsinə dair konsepsiya hazırlanacağını, ardınca da “Dövlət qulluğu haqqında” qanuna əlavə və dəyişikliklər ediləcəyini bildirmişdi. Hətta o, bu hadisənin ictimai həyatda inqilabi yenilik olacağını da vurğulamışdı. Və nəhayət Musa Quliyevin seçildiyi ərazidə hansı nüfuza malik olması onun bir neçə il öncə parlamentdə Məhəmməd Əmin Rəsulzadənin xatirəsinin ayaq üstə yad edildiyi vaxt yerindən qalxmaması zamanı bəlli oldu. O zaman xeyli Gəncə sakini bu olaya etiraz etmiş, hətta Musa Quliyevin mandatının alınması təklifləri səslənmişdi. 
    Yuxarıda da qeyd etdiyim kimi, Musa Quliyevlə bağlı internet üzərindən axtarışlarda qeyri-adi bir şey tapmadım, amma diqqətimi onun bir müsahibəsi çəkdi. Məlum yazıdan sonra həmin müsahibəyə görə

    DÖRDÜNCÜ HAŞİYƏ – Raskolnikov həqiqəti

    Deputat müsahibələrinin birində böyük rus yazıçısı Dostoyevskinin məhşur “Cinayət və cəza” romanının qəhrəmanı Raskolnikovu mühakimə edir. Sitatı olduğu kimi verirəm: “Cinayət və Cəza”nı oxuyandan sonra altı ay havalı gəzdim. Əsərin təsirindən çıxa bilmirdim. Roskolnikovun o qarını öldürməyini heç cür qəbul edə bilmirdim. Bütün günü özümə suallar verirdim. Mənə elə gəlirdi ki, Roskolnikov qarını öldürməyə də bilərdi”. Musa Quliyev Raskolnikova qəzəblənib havalı gəzəndə Sabir Rüstəmxanlı bütöv bir millətin param-parça olmasından, əsarət altına alınmasından, ana dilinin, milli mentalitetin erroziyasından havalanmışdı. Bu havalanma həm də dövlət müstəqilliyinin təməlini yaradan MEYDAN hərəkanının əsas dalğası oldu. Görünür xatırlatmağa, həm də konkret ünvan üçün konkret müqayisələrlə xatırlatmağa ehtiyac var: 
    Sabir Rüstəmxanlı 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən, həmçinin Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub.
    1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan “Azərbaycan”ı təsis edib, onun baş redaktoru (baş yazarı) olub.
    1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən parlamentə deputat seçilmiş, “Müstəqil Azərbaycan” deputat fraksiyasının həmsədri, Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biridir. 
    Gəlin eyni zaman kəsiyində qarşıdakı kəsin həyatın nəzərdən keçirək:
    Gəncə Narkoloji dispanserində həkim-narkoloq (1986-1990), 7 saylı Bakı şəhəri poliklinikasında həkim nevropatoloq (1990-1993), Bakı şəhəri Yasamal rayonunda həkim əmək ekspert komissiyasında ekspert nevropatoloq (1993-1994), Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyində şöbə müdiri(1994-1997), idarə rəisi (1997-2000) vəzifələrində işləyib.
    Bunlar heç bir əlavəsi olmayan Vikipediya məlumatlarıdır. Və bu müqayisənin ikinci tərəfinin qələmindən çıxan sözlərə ancaq bir cavab qalır: AYIBDIR! Yerini bil!
    Musa Quliyevin parlamentdə millətin deyil, məmurun vəkili kimi iki dəfə Milli İstiqlal Liderimiz Məhəmməd Əmin Rəsulzadə ilə bağlı qalmaqalla yadda qalması deyəsən, heç təsadüf də deyil axı. Adamın alt düşüncəsində müstəqilliyə və istiqlala fərqli münasibət var və bu haqda

    BEŞİNCİ HAŞİYƏ – tarixi dərs…

    Musa Quliyev yazır: “Siz doğrudanmı inanırsınız ki, SSRİ-ni Sizin meydan mitinqləriniz yıxdı və Azərbaycan məhz buna görə müstəqillik əldə etdi? Bəs onda necə oldu ki, meydan mübarizəsi aparmayan Moldova, Belorusiya, Ukrayna, Özbəkistan, Qırğızıstan, Tacikistan respublikaları bizdən də qabaq –1991-ci ilin avqust-sentyabr aylarında öz müstəqilliklərini elan etdilər?” Cənab YAP Siyasi Şurasının üzvü, Azərbaycan Milli Azadlıq Hərəkatının Azərbaycanın müstəqilliyinin qazanılmasında müstəsna rol oynaması və həmin Hərəkatda Sabir Rüstəmxanlının xüsusi yeri mərhum dövlət başçısı Heydər Əliyevin çıxışlarında dəfələrlə vurğulanıb. Unutmusansa onun əsərlərinin 13-cü cildini, o vaxtın qəzetlərini vərəqləyə bilərsən. Nə deyirsiniz cənab Quliyev, Heydər Əliyev səhv edib? Bir az ehtiyatlı olun. Bəli, Özbəkistan, Qırğızıstan, Tacikistanda xalq hərəkatı olmayıb və bu respublikalar da müstəqillik qazanıb. Amma məsələ bunda deyil. Düzdür, SSRİ-ni Bakının Meydan Hərəkatı dağıtmadı, amma SSRİ-nin dağılması bu hərəkatları sürətləndirdi. 
    Bəlkə də Musa Quliyevə bu qədər vaxt və söz sərf etməyə dəyməzdi, amma neyləyəsən ki, adamın balaca bir yazısında olan boşluqlar və bu boşluqlarda yığılan qərəz o qədərdi ki, bitmək bilmir. Nə başınızı ağrıdım

    ALTINCI HAŞİYƏ – hakimiyyətə siyasi zərbə

    Adam Sabir Rüstəmxanlının müxalifətçiliyindən vurur, partiya fəallarının çıxışından çıxır, Əlövsət Əliyevin ölkə kənarında olmasından başlayır, Vətəndaş Həmrəyliyi ideyasında qurtarır. Və bu dolanbaclarda ardarda siyasi səhvlər buraxır. Baxın nə yazır: “Məlumdur ki, payızda parlament seçkiləri olacaq. Sabir bəy bir təcrübəli siyasət adamı kimi bu çıxışı ilə iqtidara mesaj göndərdi ki, baxın, mənim seçilməyimə dəstək verməsəniz, müxalifət cəbhəsində daha kəskin danışacağam.” Sonra da Şultsu və ya qeyrisini hədəfə alırlar. Hörmətli iqtidar təmsilçiləri, sizin bəh-bəhlə YAP ali orqanına seçdiyiniz şəxs açıqdan- açığa yazır ki, Azərbaycanda parlamentə hökumətin dəstəyi ilə seçilirlər. Bu, prezidentin dəfələrlə bəyan etdiyi, parlamentin qanunlarla tənzimlədiyi azad seçki prinsiplərinə qarşı çıxmaq deyil, bəs nədir? Avropadan gələn hər hansı xoşagəlməz hesabat və ya bəyanatda bu fikrə rast gəlsəniz, daha dağa-daşa düşməyin, “nakolka” ocaq başından verilib. Bax bu siyasi düşüncədə olan Musa Quliyevin Sabir Rüstəmxanlının siyasi fəaliyyətini təftiş etməyi baytarın nerocərrahiyyə əməliyyatına girməsi kimi bir şeydir. Bəli, Musa Quliyev, Sabir Rüstəmxanlı Şöhrət Ordenindən imtina edən ziyalıdır. Bəlkə də bu addımı elə sizin kimilərə görə atmışdı. Mərhum Heydər Əliyev buna normal yanaşmışdı, amma siz başa düşməzsiniz. O həm də nazir postundan könüllü istefa verən nazirdir, “dumanlı Albion” olayında müxalifəti qeyri-səmimilikdə ittiham edən partiya sədridir, BMT kürsüsündə Azərbaycanın güneyində yaşayan milyonlarla soydaşımızın haqqını səsləndirən liderdir… Və bunların hamısı bir şəxsdir – SABİR RÜSTƏMXANLI… 

    Və nəhayət son olaraq

    YEDDİNCİ HAŞİYYƏ – kim kimdir? 

    Öz yazısında “Budur Sizin Məclisdəki hörmətiniz, gücünüz, kölgəniz!” deyə Sabir Rüstəmxanlıya hücum çəkən Musa Quliyevə isə cavabı oxucuların dili ilə verəcəyik. Dərc olunan yazısının altında yer alan oxucu şərhlərindən yalnız üçünü olduğu kimi bu adamın diqqətinə çatdırırıq:
    “Qiziniz Ayteni BDU-nun Huquq fakultesi ile PARALEL (eyni ilde,eyni kursda) londonun ali mekteblerinin birinde oxutduran (en maraqlisi da budur ki, qizi Huquq fakultsinde yalniz axirinci kursda peyda olub ve telebeler arasinda gorunmeye ba$layib) Musa Quliyev (Erud). Beyem, Memmed Emini mudafie etmek muxalifet olmaq demekdir??? Mentiqinize qiziniz ucun London ali mektebine milyonlarala pul odediyiniz muessisenin rektoru quzu kessin.”
    “Hörmətli, Sabir müəllim!Dünyada ən dəhşətli şey, halalın harama, pisin yaxşıya qarışmasıdır, yəni, məzhəbin itməsidir! Siz az-çox bu xalqa xidmət etmiş ziyalısınız. Lakin o musya isə, bu hakimiyyətin qulbeçəsidir Bax, siz heç evladınızı yalandan BDUa, özü də hüquq fakültəsi, son kursa düzəldərdiniz? Yox! Həm də paralel olaraq avropada, o qədər xərclə düzüb qoşa, ora soxa bilərdiniz? Yox! Siz, hesabına yaşadığınız bu xalqın mənəvi sərvətlərinə, onun liderlərinə xor baxardınız? Yox! Amma o, bunu edir, çünki.”.
    “Mən Sabir müəllimdən TALIŞ dağlarını Yardımlı dağları adlandırdığı üçün narazıyam.Ancaq həqiqəti böyük Allah daha yaxşı bilir.Sabir müəllim yaradıcı insandır,daim xalqına arxalanan və millətini sevən bir ziyalıdır.Ancaq Musa müəllimin öz deputat yoldaşını bu qədər aşağılaması yolverilməzdir.Özünü zadəgan adlandıran millət vəkili xəyallarında Fransada yaşayır və əlbəttə həm də qorxur.Sabir müəllimin ona atacağı ,,söz gülləsi,,nə çətin davam gətirə bilsin”.
    Beləliklə, Musanın həmkarına atmaq üçün qaldırdığı kəsək əlində təzəyə çevrilmiş oldu. 

    Nəsimi

  • Musa Quliyev ağ elədi – Cavab

    Sabir RÜSTƏMXANLI

    Milli Məclisin sonuncu yığıncağında Məclisin sədri Oqtay Əsədovla mübahisəmiz oldu. Normal bir olaydır. İllər uzunu belə fikir ayrılıqlarına öyrəşmişik. Məclis elə bundan ötrüdür ki, cəmiyyəti rahatsız edən məsələləri qaldırsın, müzakirələr getsin. Salonlarda söz atışmaları olmalıdır ki, küçələrimizdə qəzəbini cilovlaya bilməyənlərin zor atışması olmasın.

    Bakıdakı son yanğın hadisəsi, bu qədər günahsız insanın qurban getməsi, körpələrin qırılan ömürləri, hamı kimi, mənə də ağır təsir etmişdi. Bunun dalınca, belə darmacalda küçələrin qaralmasını, gözəl binaların lütlənməsini görəndə söz tükənir, nə deyəcəyini bilmirsən. Ölkənin üzünü ağartmaq, millətə şöhrət, hörmət qazandırmaq üçün həvəslə bu qədər zəhmət çəkilsin, bu qədər dövlət vəsaiti xərclənsin, sonra birdən-birə bəlli olsun ki, bu gözəllik etibarsız imiş, camaatı barıt çəlləyinə soxurmuş.

    Bu işi yaxşı niyyətlə başlayan, Bakının gözəlləşməsindən qürur duyan adamların nə boyda sarsıntı keçirtdiyini deməyə ehtiyac yoxdur. Sifarişi başdansovdu görüb pul qazanmaqdan başqa arzuları olmayan adamların xəyanəti adamı üzür.

    Milli Məclisin yaşadığımız bu faciənin üstündən sakit ötməsini şəxsən mən düzgün saymıram və bunu dilə gətirdim. Sığallı danışmağı xoşlamıram, hər şeyi öz adıyla deməyə öyrəşmişəm. Bəlkə də hörmətli Məclis sədri Oqtay Əsədovun guya hər iclasda belə təpki göstərməyim haqqında iradına etirazım sərt oldu, heç cavab verməmək də olardı; ancaq baş verən faciədən sonra sakit danışmaq çətindir. Məclis sədri səbirsizdir, millət vəkillərinin çıxışları onu tez-tez əsəbiləşdirir, lakin təbiəti etibarilə ədalətli adamdır və inanıram ki, mənim həmin çıxışımın düzgünlüyünü, yalnız xoş niyyət daşıdığını və həm də Milli Məclisin xeyrinə olduğunu o da bilir. Məclis xalqın həyatında baş verən hadisələrdən kənarda qalmamalıdır.

    Ancaq bu sətirləri yazmağımın əsas səbəbi həmkarım Musa Quliyevin mən iclas salonunda olmayanda, çıxışımdan bir neçə saat sonra aldığı təlimat əsasında püskürdüyü iftira və öz dediyi kimi, mənim “daş”ıma “kəsək” lə cavab vermək cəhdidir. Musa Quliyev Milli Məclisdə varlığı-yoxluğu o qədər də gözə çarpmayan, başıaşağı adamlardan biridir. Ucdan-qulaqdan qələm adamı olduğunu, hətta Zəngəzur toponomikası haqqında bir kitab yazdığını eşitmişəm. Hər halda belələrini Məclisdə bir köynək yaxın hesab edirsən. Səmimiyyətlə salamlaşıb hal-əhval tutursan və içində belə bir inam olur ki, başqalarından fərqli olaraq, bu adam yazı-pozuyla məşğul olursa, haqqı nahaqqa verməz. Təbii ki, bu mənim öz saflığıma uyğun qənaətimdir. Həyatda bunun belə olmadığını dəfələrlə görmüşük, bu dəfə də gördük…

    Aydın olsun deyə qısaca bildirim ki, Milli Məclisin yığıncaqlarında bir neçə dəfə Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstünə sayğısız münasibət səsləndirilsə də, buna əhəmiyyət verən olmamışdı. Elə bil quyuya daş atılır. Axı Rəsulzadə sıradan bir adam deyil ki, onun haqqında deyilən belə bir fikir unudulsun, heç yerdən cavab gəlməsin. Bu barədə MM-də dediklərimi təkrar etmək istəmirəm. Ancaq mətbuatda bir məqam diqqətdən qaçıb: mən öz çıxışımda Respublika günü münasibətilə bir gün əvvəl verilən ziyafətdə ölkə prezidenti, hörmətli İlham Əliyevin dediyi sözləri örnək gətirmişdim. O, son dərəcə mühüm bir məsələyə – ictimai rəyin güclənməsinə və bu rəyə diqqətin artırılmasına toxunaraq xalqın ürəyindən xəbər vermişdi. Mən də bu fikrə söykənərək, “nədən Milli Məclisdə deyilənlərə əhəmiyyət verilmir, nədən bu respublikanı bizə qazandıran kişilərdən birinə həqarətli münasibət dəfələrlə dilə gətirilsə də Gəncədən heç bir cavab gəlmir?” deyərək gəncəlilərin rəyini çatdırmışdım.

    Nəhayət ki, bu dəfə Gəncədən cavab gəldi. Ancaq Musa Quliyevin ağzıyla və millət vəkilinə yaraşmayan bir səviyyədə…

    Müstəqillik, Rəsulzadə, yanğın, evini itirən insanlar… Yüz belə məsələ olsun, Musanın səsi çıxmaz; amma elə ki, Gəncə icra başçısı sözü dilə gəldi, onun müdafiə arsenalı işə düşdü. Sən demə, Milli Məclisə elə buna görə seçilibmiş: “get, otur orda, nə iş görürsən gör, aylarla sus, ancaq əsas odur ki, bizim adımız çəkilən kimi, yalan-doğru, səsini qaldır”. Bu adam bilmir ki, mənim niyyətim Gəncə icra başçısını tənqid etmək deyil. Yaxşı işləyir, pis işləyir, bunu gəncəlilər bilir. Əksinə, hələ Yevlaxda işlədiyi vaxtda mən onun quruculuq işlərini görəndə, tanımaza-bilməzə, zəng vurub təəssüratımı bildirmiş, təşəkkür eləmişdim. İndi həmin işləri Gəncədə davam etdirir. Amma kim olursan ol, nə qədər yaxşı işləyirsən işlə, dörd il ərzində başçılıq etdiyin şəhərdə böyük tarixi şəxsiyyətlərimizdən birinin başına çuval keçirilməsinə biganə qalmalı deyilsən. Həm də bunun bir neçə dəfə Milli Məclisdə səsləndirildiyini də nəzərə almalısan.

    Musa Quliyev çıxışında mənim fikrimin əsassızlığını “sübuta” çalışıb: “Ümumiyyətlə Gəncədə Rəsulzadənin başına çuval keçirilməsi yalan informasiyadır və bu, həqiqəti əks etdirmir”. Sonrakı cümlədə özü-öz sözünün doğru olmadığını göstərib: “Adıçəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyyətsizdir. Ona görə də o abidənin təmir işləri ilə bağlı üstü örtülüb”.

    Bərəkallah! Bəs biz nə deyirik? Biz də elə bunu deyirik. Deyirik, çıxarın o örtüyü büstün başından. Dörd il qapalı qalan büst əlbəttə keyfiyyətini dəyişəcək. Amma onu bərpa etmək o qədər çətin iş deyil.

    Bu yerdə Musa Quliyevin “kəsəyini” özünə qaytarmaq istəyirəm. happy wheels demo Tərsinə, gərək o, bu məsələni ilk dəfə MM-də eşidəndən sonra Gəncəyə zəng vuraydı; maraqlanaydı, şəhər rəhbərliyi ilə danışaydı; özü gedib bu biabırçılığın aradan qaldırılmasına çalışaydı. İndi ayıbına kor olmaqdansa, mənə irad tutur ki, MM-də çıxış etməzdən öncə niyə cənab Musa Quliyevdən icazə almamışam, onunla məsləhətləşməmişəm… Bəs əvvəllər bu məsələ Məclisdə qaldırılanda hardaydı o? Azərbaycan Respublikasının Prezidenti 2014-cü ildə Rəsulzadənin 130 illiyinin dövlət səviyyəsində keçirilməsi barədə mühüm bir sərəncam imzalamışdı. Gərək bu bir il müddətində o büst yüksək səviyyədə təmir edilib, yanvarın 31-də açılışı ediləydi.

    Nə yaxşı ki, dünənki mübahisə oldu. Yoxsa mən Musanı tanımaq imkanından məhrum olacaq, bu adamın içindəki geriqalmışlığı görə bilməyəcəkdim. Gəncənin deputatı icra başçısını müdafiə etmək üçün büstün qoyulduğu bağın Dəmir Yoluna, dolayı yolla mənim qohumumun başçılıq etdiyi Nəqliyyat Nazirliyinə aid olduğunu ortaya atır. Başa düşmür ki, əgər bu, qohumumla bağlı iş olsa, mən yenə eyni mövqedən çıxış edərdim. Keçmişinə, dövlət atributlarına hörmət, milli məsələlər qohumçuluqdan yuxarıda dayanan məsələlərdir. Amma millət vəkili həmkarımı pərt eləməyə və əsil yalanı onun dediyini ortaya çıxarmağa məcburam. Cəmi bir gün sonra Azərbaycan Dəmir Yolu QSC məsələyə aydınlıq gətirdi. Bəlli oldu ki, həmin park 28 noyabr 2014-cü ildən İcra Hakimiyyətinin balansına keçib və artıq ətrafında ticarət obyekti tikilir. Əslində isə bu sahənin QSC-nin balansından çıxarılması məsələsi 2000-ci ildən qaldırılıbmış. Milli Məclisdə Rəsulzadə kimi bir dahinin balaca büstündən söhbət gedərkən kimin kimlə qohum olması məsələsinin ortaya atılması ibtidai düşüncənin, qəbilə-əşirət təfəkkürünün nəticəsidir. Amma sən demə, büst Kəpəz rayonu ərazisindəymiş və Gəncədən deyilənə görə, o rayonun icra başçısı da Musa Quliyevin yaxın qohumuymuş.

    Mən ömrüm boyu yalanın, hiylənin çox üzünü görmüşəm. Birini də indi gördüm. Qohumu belə müdafiə eləməzlər, Musa Quliyev! Sən əgər qohumunu çox istəyirsənsə və Məclisdə qohumunun vəkilisənsə, Rəsulzadəni uzun müddət örtük atında saxlamağın millətə, Gəncəyə hörmətsizlik olduğunu ona başa salmalıydın.

    Nəhayət, həmkarımın səlahiyyətini aşan bir ifadəsi – mənim nəqliyyat naziri ilə quda olmağım və “öz kölgəm olmadığından kiminsə kölgəsinə sığınmağım” haqqında. Yaşlı-başı bir adamın ağzından bu sözləri eşidəndə doğrudan da heyrətləndim. Əvvəla, biz Allahın yazısı olan qohumluq əlaqələrini hesabla qurmuruq, bu uşaqlarımızın taleyidir. Başqa cür düşünən varsa, ağlına dua yazdırmalıdır. Dəfələrlə demişəm, ona qalsa, Azərbaycanda az qala hamı bir-biriylə qohumdur. Yaxşı qohum baş ucalığıdır. Mən də, şükür, köklü, əsilli-nəsilli, milli adət-ənələrimizə, torpağa bağlı olan, ləyaqətli bir ailə ilə qohum olmuşam. İkincisi, yuxarıda dediyim kimi, işin mahiyyətini bir kənara qoyub, qohumluq söhbətini ortaya atmaq doğrudan da geriqalmışlığın, ibtidai düşüncənin əlamətidir. Mənim ailəm bütün Azərbaycandır və Azərbaycanın bütün qeyrətli, ağıllı, Vətən təəssübü çəkən, millət yolunda fədakarlıq edən adamlarının hamısını öz qohumum sayıram – ruh və əqidə qohumu. Tayfa düşüncəsiylə iyləşib kümələşənləri Azərbaycanda hər kəs yaxşı tanıyır, özəlliklə Musa Quliyevi… Və mən bu söhbətin dərinliyinə getməyi özümə rəva görmürəm!

    Mənim qohum kölgəsinə sığınmağım məsələsində Musa lap ağ edib: “Bu gün özlərini yarımmüxalifət, müxalifət adların qüvvələrin öz kölgəsi olmadığından kiminsə kölgəsinə sığınıblar və başlayıblar ağızlarına nə gəldi populist fikirlər səsləndirməyə. Onların bu hərəkatı stəkanda fırtınaya bənzəyir”. Gör bu sözü kim kimin haqqında deyir! Görəsən mən qohumluqdan əvvəl kimin kölgəsinə sığınırmışam? Bəlkə Musa Quliyev SSRİ-nin əbədi göründüyü illərdə rəsmi qadağaları qıran yazılarımın, kitablarımın da qohum kölgəsində yazıldığını iddia edəcək? Bəlkə meydanları silkələyən çıxışlarımız da Musa Quliyevlərin qələmiylə silinib unudulacaq. Hörmətli həmkarım bilmirmi ki, mən heç o boyda SSRİ-nin kölgəsinə sığınmadım və bütün gəncliyimi Vətənimi o kölgədən çıxarmaq mücadiləsinə verdim. O vaxt Musa kimilər hansı sığınacaqdaydılar, bilmirəm…

    Ömrüm boyu minlərlə adam mənim kölgəmdə boy atıb; kimsənin kölgəsinə ehtiyacım olmayıb. Mənim kölgəm də, ölkəm də Allahın mənə lütfüdür və Musa Quliyevin əlinin, sözünün, atdığı və ya arxasında gizləndiyi kəsəklərin yetməyəcəyi bir ucalıqdadır. Mənim müxalifətçiliyim və ya yarımmüxalifətçiliyim ölkədə Vətəndaş Həmrəyliyinə, Milli Birliyə xidmət edən bir yoldur və bu yolla getməyimlə qürur duyuram. Vay onda ki, sənin heç yolun olmaya…

    Deyə bilərlər, biz iqtidarın yoluyla gedirik. Deyə bilərlər! Ancaq bu da yalandır. İqtidara xidmət edən kəs ölkədə barış, milli birlik, həmrəylik yolunu tutan normal müxalifətə, ziyalıya dil uzatmaz. Dil uzadırsa, deməli, ölkəni daimi qarşıdurmalar və münaqişələr meydanına çevirmək istəyir. Stəkan isə daha çox həkimlərə lazım olur. Dərman üstündən su içməyə, protez dişlərini saxlamağa. Mənim firtınalarımı isə Musa yaxşı xatırlayır,  çünki o meydan və qəzet fırtınalarından kənarda qalan yox idi…Milli Məclisdə mənə cavab verərkən hörmətli Oqtay Əsədovun dediyi “hamı kimin kim oldugunu bilir” fikri burda yerinə düşür. Əslində heç bir əlavəyə ehtiyac qalmır. Musa Quliyevlər bu milləti unutqan saya bilərlər. Amma Azərbaycan türklərinin hafizəsi kifayət qədər möhkəmdir. Millət heç nəyi unutmur – xoşbəxtlikdən tarixin başına çuval keçırmək mümkün deyil.

  • VHP-də yeni təyinatlar

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı yeni sərəncamlar imzalayıb. VHP Mətbuat Xidməti bildirir ki, partiya sədrinin sərəncamına əsasən Pünhan İmamlı VHP sədrinin gənclərlə iş üzrə müşaviri, Anar Niftəliyev İctimai Əlaqələr Depertamentinin müdiri, Azər Caniyev İnsan Resursları Depertamentinin müdiri, Tural Hüseynli Lahiyələr Depertementinin müdiri, İsmi Şahzadə Dini Qrumlarla İş Şöbəsinin müdiri, Səlcuq Elçin Siyasi Partiyalarla İş Şöbəsinin müdiri və Vüsal Namiqoğlu Türk Dünyası ilə iş Şöbəsinin müdiri təyin olunublar.

  • VHP Gənclər Təşkilatına yeni sədr seçildi

    VHP Gənclər Təşkilatına yeni sədr seçildi

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının XI konfransı keçirilib. Konfransda təşkilatın şöbələrindən seçilmiş 126 nümayəndədən 104 nəfər, N!DA Vətəndaş Hərəkatı, Azad Gənclik Təşkilatı, Müsavat və Ümid partiyalarından, 125-lər klubundan qonaqlar iştirak ediblər. 
    Konfrans Azərbaycanın dövlət himninin və VHP marşının oxunması ilə başlayıb. VHP Gənclər Təşkilatının fəallarından olan Elçin Səlcuq konfransı açıq elan etdikdən sonra konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Rəhilə Məmmədovanın məlumatı, Gənclər Təşkilatının sədri Tural Hüseynlinin və Nəzarət Təftiş Qrupunun sədri Nəzrin Yusifovanın hesabatları dinləninib. Konfrans iştirakçıları ötən müddət ərzində təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. 
    Hesabat çıxışlarından sonra VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edib. Konfransı və VHP-çi gəncləri təbrik edən S.Rüstəmxanlı Gənclər Təşkilatının sədrliyinə namizədliyini irəli sürən gənclər haqqında da danışıb: “Namizədlərin doğum tarixləri partiyamızın yarandığı illərə təsadüf edir. Demək, gənclərimiz partiyanın hansı şəraitdə yaranması, həmin dövrdə ölkənin ictimai-siyasi durumu, müstəqillik yolumuz, SSRİ-dən qopması, müharibənin başlanması, müharibədəki itkilərimiz və s. barədə yalnız mətbuatdan və kitablardan bilirlər, əyani məlumatları yoxdur. 
    Bu baxımdan ilk növbədə onları Vətəndaş Həmrəyliyi Partiyasının necə yaranması və keçdiyi yol haqda maarifləndirmək zəruridir. Düzdür, VHP GT-nin tədris mərkəzi var, gənclərimiz beynəlxalq tədbirlərdə, xüsusilə də Cənubi Qafqaz regionu üçün həyata keçirilən layihələrdə yaxından iştirak edirlər. Ancaq bununla belə, hesab edirəm ki, o tarixin canlı şahidləri ilə təmasları daha da artırlamısınız”. Sabir bəy bildirib ki, VHP 1992-ci ildə Azərbaycanda çox ciddi qarşıdurmaların baş verdiyi, müharibənin ən gərgin vaxtında yaranıb. Millət vəkili o dövrün tarixi gedişatına qısaca ekskurs edib: “1988-ci ildə böyük xalq hərəkatı başlamışdı və 1.5 milyon insanın Azadlıq meydanına yığışdığı hərəkatı idarə edənlərdən biri idim. 
    Digəri fəhlə Nemət Pənahlı idi və təəssüf ki, hazırda həbsdədir. Həmin meydanda ilk dəfə Azərbaycan Xalq Cəbhəsinin yaranması ideyası səsləndi və təxminən il yarımdan sonra biz Azərbaycan Xalq Cəbhəsini yaratdıq. Əslində Xalq Cəbhəsi bütün siyasi partiyaları öz içinə alan bir qurum idi, hətta kollektiv üzvlük məsələsi də mövcud idi. Məhz 1988-ci il hərəkatına görə Azərbaycan xalqını “İlin xalqı” elan etmişdilər. İndi SSRİ-nin öz-özünə dağılması və nəticədə Azərbaycanın da müstəqil olması barədə fikirlər səsləndirilir. Bu, tamamilə yanlışdır. Çünki SSRİ-nin dağılmasında Azərbaycan Xalq Hərəkatının böyük rolu oldu. Belə ki, Qarabağ savaşı SSRİ-də separatizmin başlanğıcı oldu, bunun ardınca Abxaziya, Osetiya, Dnestryanı, Şimali Qafqazdakı proseslərə təkan verildi. Əslində, Mixail Qorbaçovu SSRİ-ni dağıtması niyyəti ilə göndərmişdilər, amma hər şey Qarabağdan başladı. Azərbaycan Xalq Hərəkatının daha bir rolu 1991-ci il avqustun 30-da müstəqillik bəyannaməsinin qəbul edilməsi oldu. 
    Baxmayaraq ki, Azərbaycan xalqını mart referendumunda SSRİ-nin tərkibində qalmağa səs verməyə məcbur etmişdilər. Bundan əlavə, avqustun 23-də AXC qərargahına hücum etmişdilər, həmin ərəfədə Moskvada “QKÇP” deyilən bir qurum yaranmışdı. Ancaq bu cəhdlər uğursuz oldu, SSRİ-nin dağılmasının qarşısını almaq mümkün olmadı. Azərbayan Ali Soveti xalqın təkidi ilə 1991-ci il oktyabrın 18-də Müstəqillik aktını qəbul etdi. Müstəqillik aktına o zaman 42 deputat imza atmışdı. 1991-1992-ci illərdə xalq hərəkatından müəyyən partiyalar – Müsavat, Milli İstiqlal və s. ayrıldı. Həmin ərəfədə ölkədə separatçı hərəkat da başlandı. Ona görə də biz hesab etdik ki, vətəndaş həmrəyliyi ideyası xalqın gələcəyinə yönəlib, bu milləti xilas eləyə bilən yeganə ideyadır. Əgər bu gün Azərbaycanda vətəndaş həmrəyliyi siyasi leksikonda varsa, bizim yaratdığımız partiyanın sayəsində mümkün olmuşdur. 
    Biz əslində tədrici inkişafın, siyasi sistemlərin seçki yolu ilə dəyişilməsinin tərəfdarıyıq. Biz həmrəylik deyəndə Azərbaycanın ayıq, müstəqil düşünməyi bacaran, bu millətə bağlı olan, onun ruhundan doğan və onun ruhunu yaşadan qüvvələrlə həmrəylik istəyirik”. VHP sədri vurğulayıb ki, bu illər ərzində partiya sabit, yüksələn bir yol keçib: “Biz bütün seçkilərdə iştirak etmişik, prezidentliyə namizədimiz olub və bu gün də ölkə parlamentində 3 millət vəkili ilə təmsil olunuruq. Avropa Parlamentində 2 millət vəkilimiz var. Mən İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında təmsil olunuram. Azərbaycanın siyasi həyatında VHP-nin öz yeri və çəkisi var. VHP bir müxalifət partiyasıdır, sağ-mərkəzçi partiyadır. 
    Həmrəylik mərkəzə yaxın bir düşüncədir, ancaq SSRİ dövründə bu millətin beyinini o qədər təmizləyiblər ki… Ona görə də ideoloji baxımdan millətci, sağçı olmalıyıq. Kosmopolit, nihilist, özünü bəyənməmək, köksüz düşüncənin yerinə bir millətçi, Azərbaycan türkçülüyünün ənənələrini ortaya qoyan təfəkkür gəlməsəydi, heç bir iş görmək olmazdı. Ona görə də biz sağ-mərkəzçi partiyayıq və o xətlə də davam edirik”. Daha sonra Sabir Rüstəmxanlı gənclərə dövlətimizin çağdaş siyasəti haqqında danışaraq bildirib ki, Azərbaycan qərbyönümlü siyasət yürüdür və dünyaya inteqrasiya olunur: “Əlbəttə, Qarabağ məsələsində Azərbaycana qarşı ikili standartlar var. 
    Ancaq Azərbaycan cəmiyyətində ədalət olmalıdır, hüquq işləməlidir, məhkəmələr azad olmalıdır, jurnalistlər həbs edilməməlidir, fikir azadlığı olmalıdır. Qərb də bizdən bunu istəyir. Xaricdə təhsil alan gənclərimiz ölkəyə qayıdanda iş tapa bilmirlər, tapdıqları iş də çox aşağı maaşla olur. Ona görə də təhsil aldıqları ölkəyə geri dönmək istəyirlər. Halbuki gənclər bu millətin gələcəyidir, biz öz övladlarımıza biganə qala bilmərik. Gəncliyə qanad, cəsarət vermək lazımdır. Belə olmasa, sabah savaşa kimlə gedəcəyik? Gənclərimiz lazım gələrsə bir arada olmağı bacarmalıdırlar və sözlərini də deməlidirlər.
    Gənclərimiz böyük vətəndaşlıq məktəbi keçməlidirlər. VHP gəncləri həm əxlaq, həm mədəniyyət, həm adət ənənələri yaşatmaq, həm də savad baxımından nümunə olmalıdırlar. Əgər gənclərimiz arasında ciddi fikir ayrılıqları yoxsa, siyasi partiyalara görə bölünməsini deyil, daimi bir yerdə olmasını istəyirəm. Çünki hazırda ölkənin gələcəyi ayrı-ayrı partiyalardan deyil, bizim milli birliyimizdən, elə həmrəyliyimizdən asılıdır. Gənclər Azərbaycanın gələcəyi üçün bir yerdə olmalı, mübarizə aparmalı və onu idarə etməlidirlər. Gənclərimizin içindən sabahın liderləri yetişməlidir. Bu gənclərin içindən ölkənin prezidenti, baş naziri, nazirləri və onu dünyada təmsil edə bilən adamlar çıxmalıdır”. 
    VHP sədrinin geniş çıxışından sonra Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Müsavat Partiyası Gənclər Təşkilatının nümayəndəsi Əbülfəz Sadıqbəyli, N!DA-dan Məsud Əsgər, Azad Gənclik Təşkilatından Xəyal Kərimli də öz təbriklərini konfrans iştirakçılarına çatdırdılar. 
    Çıxışlar bitdıkdən sonra konfrans gündəlik üzrə öz işinə davam edib. Bu il sentyabrın 21-də Bakı-Şamaxı yolunda baş verən avtomobil qəzasında dünyasını dəyişən Fuad Abdurahmanlının xatirəsini əbədiləşdirmək üçün konfrans iştirakçıları “Türküstan” qəzeti ilə birgə “Fuad Turan” mükafatının təsis olunmasına qərar verib. Bu məqsədlə 3 nəfərdən ibarət təşkilat komitəsi təsis edilib. 
    Daha sonra təşkilatın sədrliyinə namizədlər Amal Nəzərli, İnqilab Quliyev, Eldar Hacıyev və Turan Mirzə öz seçki platformalarını elan edib, konfrans iştirakçılarının suallarını cavablandırdılar. 
    Sonda gizli səsvermə keçirilib və Amal Nəzərli VHP Gənclər Təşkilatının sədri, 19 nəfərdən ibarət Məclis və 3 nəfərlik Nəzarət Təftiş Komisiyyası seçilib.

  • VHP Gənclər Təşkilatının sədri istefa verdi

    Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatı Məclisinin növbəti yığıncağı keçirilib.

    Toplantıda təşkilati məsələlərə baxılıb. Gənclər Təşkilatının sədri Tural Hüseynli səlahiyyət müddəti çatdığından təşkilat sədrliyindən istefa verdiyini bildirib. Məclis üzvləri Əsasnaməyə uyğun olaraq onu vəzifəsindən azad ediblər. Məclisin qərarı ilə növbəti konfrans 2015-ci il iyul ayının 28-nə təyin edilib.

    Məclis 5 nəfərdən ibarət Konfransa hazırlıq üzrə təşkilat komitəsi yaradıb və Rəhilə Məmmədli konfransa qədər sədr əvəzi seçilib.

  • VHP qurultay hazırlıqlarına start verdi – FOTO

    Bu gün ilk olaraq VHP Xocalı Rayon Təşkilatının Gəncə şəhərində növbəti hesabat-seçki konfransı keçirilib. Konfrans Xocalı faciəsi zamanı şəhid olan soydaşlarımızın ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. 

    Konfransın işində özəl təşkilatlarından seçilmiş nümayəndələr və VHP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvləri Samir Əsədli və Asəf Məmmədəliyev iştirak ediblər. 

    Xocalı Rayon Təşkilatının sədri Mikayıl Nurməmmədov hesabat məruzəsi ilə çıxış edib. VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ictimai-siyasi vəziyyət, Asəf Məmmədəliyev isə çıxışlarında qurultay hazırlıqları barədə danışıblar. 

    Konfrans iştirakçılarından İbrahim Hüseynoğlu, Müşfiq Hüseyn və Arzu Sahiboğlu da çıxış edərək təşkilatın fəaliyyəti barədə fikirlərini bildiriblər. Sonda təşkilati məsələlərə baxılıb, Mikayıl Nurməmmədov yenidən sədr, 5 nəfər Məclis, 3 nəfər NTK üzvü və 2 nəfər VHP-nin növbəti Qurultayına nümayəndə seçilib.
    Konfrans bununlada öz işini yekunlaşdırıb.

    VHP qurultay hazırlıqlarına start verdi - FOTO


    VHP qurultay hazırlıqlarına start verdi - FOTO


    VHP qurultay hazırlıqlarına start verdi - FOTO


    VHP qurultay hazırlıqlarına start verdi - FOTO


  • VHP sədri Gürcü xalqını İstiqlal günü ilə bağlı təbrik etdi

    Gürcüstan Respublikasının Prezidenti
    cənab Giorgi Marqvelaşviliyə

    Hörmətli cənab prezident!

    Sizi və Sizin timsalınızda dost və müttəfiq gürcü xalqını Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
    Azərbaycan və gürcü xalqının min illərə dayanan səmimi münasibətləri və qarşılıqlı hörməti bu gün də dövlət siyasətində davam etdirilir. Əslində, xalqlarımızın münasibəti dinc, mehriban qonşuluğun simvoluna çevrilmişdir. Bunun nəticəsidir ki, Azərbaycan və Gürcüstan Qafqazda sabitliyin, əmin-əmanlığın qorunmasında birgə səy göstərir, iqtisadi inkişafın təminatçısı rolunda çıxış edirlər.
    Əminəm ki, Gürcüstanın müstəqilliyi əbədi olacaq və ərazi bütövlüyü tamamilə təmin olunacaqdır.
    Bir daha Sizi Müstəqillik günü münasibəti ilə təbrik edir, dost gürcü xalqına firavanlıq, əmin-amanlıq, rifah arzulayıram.
    Sayqılarla,

    Sabir RÜSTƏMXANLI
    Vətəndaş Həmrəyliyi Partiyasının sədri,
    Xalq şairi, millət vəkili

  • Azərbaycan siyasətçisindən Rusiyaya güllə kimi mesajlar

    “Azərbaycanın bu gün yaşadığı bütün problemlərin kökündə ən qatı düşmən – Rusiya dayanır”

    Vətəndaş Həmrəyliyi Partiyası Ali Məslisinin sədri, Milli Şura Koordiyasiya Mərkəzinin üzvü Azərbaycan idmançısının erməni himni çalınarkən ayaq üstə durmaması ilə bağlı facebook statusu yazıb. Həmin fikirləri olduğu kimi diqqətinizə çatdırırıq: Samboçu Bəxtiyar Abbasovun fəxri kürsüdə Ermənistan himninə həqarət etməsi müxtəlif reaksiyalar doğurub. Kimsə Bəxtiyardan az qala milli qəhrəman düzəldir, kimsə bunu səhv hərəkət hesab edir. Məni isə Bəxtiyar Abbasovun idman kodeksindən xəbərdar olub olmaması maraqlandırır. Dəfələrlə o kürsünün ən yüksək pilləsində Azərbaycan idmançısı dayanıb himnimizi çaldırıb. Kürsüdə dayanan erməni də sakitcə dayanıb qulaq asıb. Xalçanın üstündə o rəqibdir, düşmən deyil. Düşmənlə qucaqlaşıb qapışmırlar, əldə silah vuruşurlar.
    Bundan başqa, sənin düşmənin təkcə ermənimi? Bəyəm torpaqlarını erməni işğal edib? Hamımız çox gözəl bilirik ki, işğal prosesini rus həyata keçirib. Azərbaycanın bu gün yaşadığı bütün problemlərin kökündə ən qatı düşmən – Rusiya dayanır. Rusiyanın himni çalınanda oturmağa cəsarətin çatarmı? Yaxşı oğlansan turniri ud, qoyma erməninin himni çalınsın. Sən onun himninə hörmətsizlik et, bayrağına tüpür, o da sənin, nə olacaq ki.
    O sənin ərazilərinin 20%-ni işğal altında saxlayıb üstündə kef eləsin, torpağını torba ilə daşısın, sən onun hinmninə həqarət et. Bununlamı özümüzə təsəlli veririk.
    Sabah Azərbaycan Avropa oyunları təşkil edir. Erməni himnini burda çaldıranda nə edəcəyik, Şalakomu çalacağıq?
    Uduzmusan, rəqibinə hörmət et ki, sənə də etsinlər. Bu sadəcə bir idman mədəniyyətidir. Nə bir qəhrəmanlıq, nə də bir vətənpərvərlik deyil himn çalınanda çömbəlmək, əksinə zəiflik, cılızlıqdır.
    Bizimki odu söndürüb közlə oynamaq da deyil, külündə eşələnməkdir.

  • Dost sözü

    Sabir Rüstəmxanlı

    Bu gün görkəmli içtimai- siyasi xadim , filologiya elmimizdə, tarixşünaslığımızda tək başına bütöv bir institut qədər iş görmüş filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun doğum günüdür.
    Firudin bəylə təqribən 45 il öncə tanış olmuşduq. “Apastrof lazımdırmı?” adlı bir məqaləsini oxumuş və işlədiyim “Ədəbiyyat və incəsənət “ qəzetində dərc etmişdim. Nəticəsi göz önündədir, indi artıq dilimizdə lazımsız apastrof işarəsi yoxdur.
    Elə ilk tanışlıqdan uzun illərin yaxınına , dostuna çevrilmişdik. Yəqin burda milli- filoloji dəyərlərə münasibətlərimizdəki yaxınlıqla yanaşı , vətəndaşlıq mövqeyi, xalqımızın taleyi ilə bağlı düşüncə və arzularımızdakı oxşar cəhətlər də rol oynamışdır.
    Firudin Ağasıoğlu ixtisasca dilçidir; bu sahədə dəyərli araşdırmaları var . Lakin, xalqımızın taleyi və ötən yüz ilin 60-ci illərindən filologiyamızda , ədəbi , içtimai , elmi fikrimizdə güclənən milli özünü dərk prosesi , tarixi yaddaşın bərpası və güclənməsinə olan içtimai tələbat onu həm də bir tarixçiyə , içtimai xadimə , elm , təhsil və vətəndaş qurumlarının təşkilatçılarından birinə çevirdi.
    Dilçilərin tarixə marağı təsadüfü sayıla bilməz. Xüsusən Azərbaycan türkləri kimi tarixi “Siyasət canavarına “ bağlanan, qurban verilən , saxtalaşdırılan, ilk mənbələri yox edilən bir xalqın dili həm də ən etibarlı bir tarix mənbəyi , tarix güzgüsü rolu oynayır.
    Səksəninci illərin ortalarından başlayaraq biz bütün siyasi proseslərdə xalq içində, müstəqillik uğrundakı mübarizələrdə yanaşı olmuşuq.
    “Varlıq “ birliyin əsas qurucularından idi , meydana bir yerdə çıxmışıq. O , nümayış komitəsinin ilk başçısı idi. Mən meydanı idarə edənlərdən biri idim. Meydan hərakatından sonra mən ölkədə ilk müstəqil qəzet olan “Azərbaycan”ı çap edəndə Firudin bəy onun redaksiya heyəti üzvlərindən biri oldu. Qəzetdə latın qrafikasına keçid kampaniyasını başladıq və sonralar bunu bir yerdə həyata keçirdik.
    Meydanda və sonralar bir çox məsələlərdə münasibətlərimiz eyni idi. Və buna görə qaragürühların hücumlarını da gördük. Və birgə müqavimət göstərdik, birgə mübarizə apardıq.
    Millət vəkili olaraq müstəqillik uğrunda mübarizənin çətin yollarından keçdik. Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası haqqında “Konstitusiya Aktı” na qol çəkdik, müstəqil dövlətimizin nazirləri olduq.
    Yanaşı gördüyümüz işlər keçdiyimiz yollar haqqında ətraflı yazmaq imkanı yoxdur, bu geniş vaxt aparar.
    Qarabağ cəbhəsində ermənistanla sərhəd bölgələrində quzeydən güneyə çoxlu görüşlərimiz oldu, təhlükələrdən adladıq. Bütün bunlarla yanaşı əsas işimizdən uzaqlaşmadıq.
    Firudin Ağasıoğlu əsl elm adamıdır. Son illərdə yaşadığı bütün sıxıntılara baxmayaraq öz elmi araşdırmalarını yarımçıq qoymadı. Neçə – neçə bir – birindən dəyərli əsər yazdı. Onu İbrahim peyğəmbər haqqında araşdırmaları , “ Azər xalqı”, “ Daş baba”, “Etrusklar” adlı kitabları ümumtürk tarixinə çox dəyərli tövsələrdir.
    Firudin bəylə üst- üstə düşən bir fikrimiz də türklərin ata yurdlarının ilk coğrafi məkanlarının Altay deyil , Urmiya hövzəsi Ön Asiya olmasıdır.
    Bu konsepsiya türkçülük elmində inqilabi bir hadisə və dönüş nöqtəsi sayılmalıdır. F. Ağasıoğlunun bu mövqeyi təsdiqləyən 9 cildlik “Azərbaycan türklərinin İslama qədər tarixi” kitabı müəllifinin böyük elmi kəşfi və Azəraycan tarixşünaslığının uğuru sayılmalıdır. Hələlik 3 cildi çap olunmuş bu əsər siyasi , dini maraqlarla saxtalaşdırılan tarixşünaslığımızda mənəvi işğala son qoyur. Oxucunun üzünü tarixi həqiqətləri açır. Təəssüf ki, həmin əsər hələ ki, geniş müzakirəyə cəlb edilməmiş və əsl elmi qiymətini almamışıdır. Amma gec- tez Firudin bəyin bu mövqeyi təsdiqini tapacaq və böyük elmi axtarışların zəhmətin nəticəsi olan bu çox ciddi əsər əsl qiymətini alacaqdır.
    Türklərin islama qədərki tarixi qəsdən gizlədilən , unutdurulan əyri güzgüdə göstərilən bir tarixdir. Bu tarixi öyrənməkdə F. Ağasıoğlunun türk dünyasında alternativi yoxdur.
    Mən əziz qələm dostumun elmi və ictimai fəaliyyəti haqqında geniş yazmaq istəmirəm. İmkan düşəndə onu da yazarıq. İndi sadəcə olaraq onu doğum günü münasibəti ilə təbrik etmək istədim. Ona uzun ömür , can sağlığı arzulayıram. Fəxr edə bilər ki, bütün ömrünü elmimizin inkişafına , millətimizin yüksəlişinə və müstəqillik mübarizəsinə sərf edib.

  • Kəlbəcərin işğalından 22 il keçir

    Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 22 il keçir.
    APA-nın məlumatına görə, Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib.
    Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.
    Ermənilər Kəlbəcərin Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və daha neçə-neçə mədəni-tarixi abidəni də dağıdıblar.
    Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cümlədən sonradan qəbul olunmuş daha 3 qətnamə yerinə yetirilməyib.
    Bununla yanaşı, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.