Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Sabir Rüstəmxanlı: “Putin diplomatik sərhədləri tamamilə aşdı”

    sabir11“Məncə bu hadisə nə Putinə, nə də Rusiyaya hörmət gətirən bir məsələ deyil. Türkiyə bu ifadələri cavabsız qoymayacaq. Ona uyğun da Putin cavabını alacaq. Rəsmi Ankara nə qədər təmkinli olsa da bu cür məsələlər cavabsız qalmaz”.

    Bunu hafta.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Rusiya prezidenti Vladimir Putinin canlı yayımla çıxışı zamanı Türkiyə haqqında aşağılayıcı ifadələr işlətməsinə münasibət bildirərkən deyib.

    Sabir Rüstəmxanlı qeyd edib ki, açıq – aşkar, zorla Türkiyəni müharibəyə çəkmək istəyirlər:

    “Əslində Putinin Türkiyə barəsində nə dediyini və hansı konteksdə söylədiyini eşitməmişəm. Əgər belə deyibsə, bu Putinin bütün diplomatik sədləri aşmasına işarədir. Son zamanlar Rusiya və dünya mətbuatı onun haqqında yazırlar ki, Putin öz vəzifəsinə uyğun gəlməyən bir adamdır. Bu hadisə bir daha göstərir ki, Putin prezident postuna təsadüfi gəlmiş bir adamdır. Milli təhlükəsizlik sistemində işləmək ayrı şeydir, dövlət başçısı olmaq isə tamam başqa anlayışdır. Ölkə rəhbəri digər dövlətlərə də sayğı və hörmətlə yanaşmalıdır. Bu onların borcudur. Bütün ağıllı rəhbərlər belə ediblər. Vaxtilə Atatürk yunanları Poladlıdan qovub İzmirdə Ağ dənizə tökəndə yunan bayrağını ayaq altına atanlara demişdi ki, qaldırın o bayrağı. Atatürk bildirmişdi ki, o da bir dövlətin bayrağıdır, belə ədalət olmaz. Hətta müharibə şəraitində də xalqlar bir-birinə sayğı ilə yanaşır”.

    Xalq şairi Sabir Rüstəmxanlı hesab edirPutinin belə bəyanatla öz əməlini pərdələmək niyyətindədir:

    “Putin vurulan təyyarə olayını qızışdırmaqla əslində Suriyaya qeyri-qanuni girməsini, bölgədə ağalıq iddiasını pərdələmək istəyir”.

    Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu gün jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib ki, “Təyyarə insidenti “türk hökümətindən kiminsə amerikalıların bir yerini yalamaq cəhdinin” nəticəsi ola bilər”. Daha sonra Putin vurğulayıb ki, türk xalqı onların tərəfdarı olub və belə qalacaq: “Hazırki Türkiyə rəhbərliyi ilə danışıqlar praktiki olaraq mümkün deyil”.

  • VHP sədri Türkiyəli qonaqlarla görüşdü-FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı partiya qərargahında Türkiyənin “Yeni Düşüncə” dərnəyinin başqanı, Mədəniyyət nazirinin keçmiş müavini Yıldırım Ak və dərnəyin başqan yardımçısı, eks millət vəkili Məhmət Atak ilə görüşüb.

    VHP mətbuat xidmətinin məlumatına görə, görüşdə Türkiyə-Azərbaycan əlaqələri, İraq və Suriya türkmanlarının durumu və DAK-la Türkiyə dərnəklərinin əlaqələri müzakirə edilib.

    Qonaqlar dərnək barədə ətraflı məlumat veriblər, daha sonra türk dünyasında baş verən son proseslər, narahatlıqlarla bağlı fikir mübadiləsi aparılıb.

    Görüşdə VHP sədrinin müavini Arif İsmayılbəyli və dərnəyin Azərbaycan təmsilçisi Barış Cavid də iştirak ediblər.

    ydm-1 YDM-2

  • Bəzi müxalif partiyaların rayon təşkilatı və özək sədrləri neftçidir

    Neft daşlarında hansı partiyanın üzvləri işləyir?

    Xəzər dənizində Günəşli qaz yatağındakı 10 nömrəli platformada çoxlu sayda insanın həlak olması və yaralanması ilə nəticələnən faciəvi hadisəyə görə ölkənin əksər müxalif siyasi partiyaları mövqe bildiriblər və başsağlığı veriblər. Neft daşlarında işləyən minlərlə işçinin sırasında müxalifət partiyalarının hansının üzvlərinin olub-olmadığını da həmin partiyalardan xəbər aldıq. 
    Vətəndaş Həmrəyliyi Partiyasının Aparat rəhbəri Samir Əsədli bildirdi ki, beş VHP üzvü Neft Daşlarında işləyir: “Onlardan iki nəfəri VHP-nin Bakıdakı iki rayon təşkilatının sədridir. Bir nəfər rayon təşkilatı sədrinin müavinidir, iki nəfər isə sıravi üzvdür. Günəşli qaz yatağındakı platformada faciə baş verdiyi barədə xəbər yayılan kimi Neft Daşlarında işləyən beş partiya üzvümüzün hər biri ilə əlaqə saxladım. Bəlli oldu ki, həmin vaxt onların hamısı növbədə deyil. VHP-nin üzvlərindən biri əvvəllər həmin yanan platformada işləyib, sonradan onun yerini başqa platformaya dəyişdilər. Dənizdə işləmək riskli peşələrdən sayılır. Məlum hadisədən sonra həm partiyamızın həmin üzvlərinin, həm də bütün neftçilərimizin taleyindən bir narahatlıq keçiririk. Dövlət, aidiyyəti qurumlar platformalarda estakadaların keyfiyyətinə, dözümlülük gücünə diqqət ayırmalıdır. Sovet vaxtından qalan estakadalar yenilənməlidir”.
    KXCP sədri Mirmahmud Mirəlioğlu Neft Daşlarında KXCP üzvlərinin işlədiyini bildirdi: “Vaxtilə Azərbaycan Xalq Cəbhəsi dönəmində bizim Neft Daşlarında böyük bir şöbəmiz var idi. O şöbənin üzvlərinin bir çoxu bu gün KXCP-dədir və həmin yerdə işləyirlər. Onlar iki həftə dənizdə olurlar, iki həftə sahildə. İş rejimləri növbəlidir. Dənizdə işləyənlər üçün risklər həmişə olub və heç kim belə faciələrdən sığortalanmayıb. Allah hifz eləsin. Mən Günəşli yatağındakı faciədə həlak olanlara Allahdan rəhmət, onların ailələrinə, yaxınlarına səbr diləyirəm”.
     
    ADP sədri Sərdar Cəlaloğlu partiyasının üzvləri sırasında Neft Daşlarında işləyən olmadığını dedi: “Vaxtilə işləyənlər olub. Lakin hansı partiyanın üzvü olduqları bilinən kimi işdən çıxarılıblar. Azərbaycanda belədir ki, müxalifət partiyalarının üzvlərinə işləmək üçün imkan verilmir. Ona görə də hazırda bizdən Neft Daşlarında işləyən yoxdur”.
    Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, rəhbərlik etdiyi partiyanın üzvlərindən Neft Daşlarında işləyən yoxdur.
    Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə dedi ki, Neft Daşlarında işləyən bir VİP üzvü var:“Mənim yox, digərlərinin vaxtaşırı əlaqəsi olur. Səhv etmirəmsə, adı Fərahim Qasımovdur. Növbəli rejimdə 15 gündən bir sahildə olur”.
    Etibar SEYİDAĞA
  • “Axıska Türkləri II Uluslararası simpoziumu” kesirilib

    SabirRustamxanli15-1Sabir RÜSTƏMXANLI

    Dekabr ayının 1-də Türkiyənin Girəsun universitetində “Axıska Türkləri II Uluslararası simpoziumu” kesirildi. “Siyasətə qarşı Kültürün Simgəsi” başlığı altında keçirilən bu simpoziuma məni universitetin Ədəbiyyat fakültəsinin dekanı, hələ 1980-ci illərdən Azərbaycana gəlib-gedən, Azərbaycan ədəbiyyatı və folkloru üzrə görkəmli mütəxəssis, “İran türkləri” adlı fundamental və cox dəyərli kitabın müəllifi, köhnə dostum Əli Qafqaziyalı dəvət etmişdi.

    Girəsina ilk gəlişimdə hələ burda universitet yox idi, yalnız Trabzon Universitetinin humanitar bölümü vardı və biz KKTC-nin cümhurbaşkanı, mərhum Rauf Denktaşla orda bir konfransda çıxış etmişdik.

    Amma indi Girəsun Universiteti Türkiyənin iri və qabaqcıl ali məktəblərindən biridir, 30 min tələbəsi var. Universitet üçün dağların yamacında ətəyi Qara dənizə dirənən gözəl bir şəhərcik salıblar.

    Dəvəti həvəslə qəbul eləməyimin iki ayrı səbəbi də var. Bunlardan birincisi universitetə əslən Azərbaycandan olan bir xanımın, bir qızımızın başçılıq etməsidir. Rektor Aygün Attar indi işğal altında olan Qarabağın köklü, əsilli-nəsilli, ziyalı ailələrindən birinin övladıdır. Ailələrini yaxşı tanıyıram. Gəncliyindən, ağlı, savadı, qeyrəti, ürəyinin yurd sevgisiylə dolu olmasıyla seçılirdi. Böyük uğurla keçən namizədlik müdafiəsini indi də xatırlayıram. 1918-1920- ci illər milli kökumətindən danışmağın yasaq olduğu illərdə bu barədə cəsarətli bir elmi iş yazmışdı. Sonra müxtəlif uluslararası elmi konfranslarda onu dinlədim, Türkiyəyə daşınandan sonra da fəaliyyətini izlədim, elm və təhsil sahəsində yüksəlişinə, elmi araşdırmalarına sevindim, hər yerdə Azərbaycanı ləyaqətlə təmsil elədiyindən qürur duydum. Tale onun şəxsində Azərbaycanı bütövləşdirdi. Əslən Güney Azərbaycandan olan Sadıq bəylə ailə qurdu. Çox böyük zəhmətin, axtarışların və cəsarətli vətəndaş mövqeyinin nəticəsi olan “İranin etnik yapısı” kitabı onun elmi araşdırmalarının parlaq nəticələrindən biridir.

    Türkiyədə yaşayan milyonlarla Azərbaycan türkü özünü Türkiyə türklərindən ayırmır, türklüyün qədərini sevə-sevə paylaşır. Ancaq bu birlik duyğusu doğru dəyərləndirilməlidir. Hər yerdə olduğu kimi, Türküyədə də ayrımçılıq iddialarıyla irəli çıxanlar daha çox göz önündə olur, daha çox imtiyaza haqq etdiklərini düşünür və bəzən də bunu qazanırlar. Bu baxımdan Aygün Attar kimi bir görkəmli alimin, yorulmaz təşkilatçının egitim-təhsil sahəsində universitet rektoru seçilməsi bu qayğımızı aradan qaldırmağımıza yardım edir və Türkiyə cümhurbaşkanının bizim qardaşlığımızı yüksək qiymətləndirdiyini, elmi fəaliyyəti dəyərləndirdiyini və kimin kim olduğunu yaxşı bildiyini təsdiq edir.

    Bu gün Girəsun Universitetinin uluslararası miqyasda sayğı qazanmış bir elm, təhsil, araşdırma mərkəzinə çevrilməsi, heç şübhəsiz, ilk növbədə Aygün xanımın yorulmaz zəhməti ilə bağlıdır.

    Dəvəti qəbul etməyimin ikinci səbəbi orda birinci kursda oxuyan, hələ tam alışmamış, darıxan bir uşagımızı görmək fürsətiylə bağlı idi.

    Simpoziumu giriş sözü ilə açan rektor prof.dr. Aygün Attar bu simpoziumun Girəsun Universitetində keçirilmə səbələrini anlatmaqla yanaşı, Axıska türklərini üzləşdikləri çəkilməz faciənin aradan qaldırılması və axıskalıların ana yurdlarına qaytarılması işinə beynəlxalq dəstəyin gücləndirilməsi zərurəti barədə maraqlı düşüncələrini paylaşdı. Sonra “Axıska fəlakətinin ardından Dədə Qorqud sazı” və Qara dəniz kamançası dilləndi. Dünya Axıska Türkləri Birliyinin rəhbəri (genəl katibi) Fuat Uçarın çıxışından, Əli Qafqaziyalının tarixdən bugünə Axıskanı anladan açılış bildirisindən sonra “Güney Qazaxstandakı Axıska türklərinin kültürəl fəaliyyətləri”, “Axıska türklərinin geri dönüş sorununun hüquq və uluslararası hüquq boyutu”, “Axıska türklərinə İrandan baxış”, “Ulusötəsi yurddaşlıq kimliyinə sahib Axıska türkləri”, “Unudulmuş bir xalq – Axıska türkləri” ,”Osmanlı dövlətinin son dönəmində axıskalı məmurlar” və s. konularda maraqlı məruzələr dinlənildi.

    Mən Axıska türklərinin faciəsinin bütün türklüyün faciəsi olduğundan, Balkanlardan Altaylara qədər hər yerdə – Axıska, Krım, qaraçay, balkar, noqay, kumık və s. türk xalqlarının köçə sürüklənib, kütləvi məhv edilməsi və illərlə yurdlarına dönə bilməmələri siyasətinin bu gün də Ermənistanda, Qarabağda, İraqda, Suriyada, İranda davam etdirildiyindən və bunun pərdə arxasından danışdım. Qazaxstanda, Qırğızıstanda, Özbəkistanda, Quzey Qafqazda, ABŞ-da, Avstaliyada, Azərbaycanda görüşdüyüm Axıska ailələrinin hər birinin yaşadığı həyat, keçdiyi yol ağlasıgmaz bir insanlıq dramı, dünyaya utancverici bir qanlı olaydır. 71 ildə dəfələrlə ölkədən-ölkəyə sürülmüş və hələ də qatarlarda, relslərin üstündə yaşayan bir xalqı öz doğma ana yurdunda torpağa endirmək və yurd-yuvasını bərpa etmək dünyanın borcu olmalıykən, türk coğrafiyasının ayrı-ayrı nöqtələrində bu şeytan oyunları davam etdirilməkdədir…

    Universitetdə keçirtdiyimiz sonrakı gündə İrandan gəlmiş məşhur yazar, “Dilmanc” dərgisinin genəl müdiri Əli Rza Sərrafinin və mənim türk tarixi üzərinə ayrı bir konfransımız da oldu…

  • Rüstəmxanlının ANS-dəki çıxışına təxribat – Video

    SabirRustamxanli15-1ANS telekanalının efirində yayımlanan “Deməsək olmaz” verilişinin 25 noyabr buraxılışında qonaq olan xalq şairi Sabir Rüstəmxanlının çıxışına bəzi media orqanlarında təxribat xarakterli təhriflər edilib.

    VHP mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, aparıcı Xoşqədəm Hidayətqızının proqramına qatılan Sabir Rüstəmxanlının müzakirə zamanı demədiyi sözlər onun adından qələmə verilib və VHP sədrinin guya Türkiyə-Rusiya münasibətlərinin hazırkı durumunda ruspərəst mövqedən çıxış etməsi iddia edilib.

    Canlı olaraq efirə gedən verilişə baxmayanlar və yaxud orada deyilən fikirləri deyil, öz uydurduqlarına inananlar bundan çıxış edərək hətta xalq şairini “anti-türk” təbliğatda ittiham edəcək qədər cəsarət sərgiləyiblər:

    “S.Rüstəmxanlının siyasi bioqrafiyası ilə tanış olanlar bilir ki, o, hələ Sovetlər dönəmindən Rusiyanın Azərbaycan xalqına və türk dünyasına qarşı düşmənçiliyini ardıcıl şəkildə tənqid edib. VHP sədri həm verilişdə, həm mətbuatda Su-24 təyyarəsinin vurulmasında Türkiyəni haqlı saydığını, beynəlxalq hüququn qardaş ölkəyə öz sərhədlərin qorumağa haqq verdiyini bildirib”, – VHP mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir.

    Verilişdə S.Rüstəmxanlının guya “heç bilmirdim ki, Suriyada türkmanlar yaşayır” deməsi haqda səslənən fikirlər də kökündən yanlışdır. Verilişin lent yazısına baxmaq kifayətdir ki, bu fikrin aparıcının dilindən çıxdığını eşidəsən.

    Halbuki S.Rüstəmxanlı hələ illər öncə Suriyanın Dəməşq şəhərində olduğunu və küçələrdə əhalinin bir hissəsinin Azərbaycan türkcəsində danışdığını müşahidə etdiyini də deməklə, İraq və Suriyanın şimalında yaşayan Azərbaycan türkləri, onların sayı barədə verilişdə məlumat verib.

    Sözügedən verilişdə S.Rüstəmxanlının sözlərini əks etdirən video-kadrları təqdim edirik

    (Verilişin tam mətnini ANS-in internet istifadəçiləri üçün daim açıq olan “Deməsək olmaz” verilişinin 25 noyabr tarixli arxivindən izləmək mümkündür):

  • Rəsulzadənin təhqir edilməsinə Sabir Rüstəmxanlıdan SƏRT REAKSİYA

    sabir5Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Gəncədən deputat seçilən 32 yaşlı Naqif Həmzəyevin Məmməd Əmin Rəsulzadəni  vətən xaini adlandırmasına münasibət bildirib.
    Sabir Rüstəmxanlı: “O tipli adamlar Azərbaycanın Milli Məclisinə seçilibsə bu bizim millətimizin də, məclisimizin də faciəsidir”.

    Moderator.az

  • “Türkiyənin Rusiyadan üzr istəməsini demək…”

    sabir11Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi Sabir Rüstəmxanlının son günlərdə Rusiya və İranın Suriyada həyata keçirdikləri hərbi əməliyyatlar nəticəsində türkmanların üzləşdikləri vəziyyət, Türkiyə-Rusiya gərginliyi və s. məsələlərlə bağlı DAK mətbuat xidmətinə müsahibəsi

    – Rusiya və İran Suriya ərazisində İŞİD terror qruplaşmasına qarşı antiterror əməliyyatı apardığını iddia etsə də, Türkiyə bunun əksini bəyan edir. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bildirdi ki, Rusiya İŞİD terrorçularının nəzarəti altında olan əraziləri deyil, türkmanların yaşadığı bölgəni bombalayır. Sizcə, Rusiya və İranın hədəfi İŞİD-lə mübarizədir, yoxsa?..

    – Mən bu məsələdə birmənalı şəkildə Türkiyəni müdafiə edirəm. Baxmayaraq ki, Türkiyənin bu regionda gedən proseslərdə passiv müşahidəçi mövqeyində olması məni həmişə narahat edib. Məsələn, Kərkük türkmanları terrorla qarşı-qarşıya qalanda Türkiyə təəssüflər olsun ki, istənilən reaksiyanı vermədi. Əslində, mənim şəxsi düşüncəmə görə, ABŞ İraqa girəndə Türkiyə də belə bir addım atmalıydı. Çünki Lozanna müqaviləsində yanlışlıqla, təsadüfən və bir qədər də dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin ədalətsizliyi ucbatından Mosul, Ərbil və ətraf ərazilər Türkiyədən qoparıldı. Amma bununla belə, həmin bölgələr Türkiyənin zəmanəti altında olduğundan, rəsmi Ankara bu ərazilərə girməyə və əhalini qorumağa borclu idi. İndi buna bənzər hadisə Suriyanın şimalında, türkmanların yaşadığı ərazidə baş verir. Əslində, həmin ərazi indiki Türkiyənin bölgəsidir.

    İŞİD terror qruplaşmasını yaradanlar bəllidir. Bu cür terror qruplaşmalarını əvvəl yaradırlar, daha sonra ona qarşı mübarizə aparırlar. Əslində, bunun arxasında bu bölgəni param-parça etmək, bu bölgədə “Böyük Orta Doğu projesi” deyilən bir layihəni həyata keçirmək dayanır. Vaxtilə Rəcəb Tayyib Ərdoğan özünü “Böyük Orta Doğu projesi”nin müəlliflərindən biri kimi təqdim eləmişdi. Mən bu fikri hansı mənada səsləndirdiyini bilmirəm. Ancaq hər halda dövlət başçısı təkcə öz adından danışmır. Türkiyə xalqı bir neçə müddətdir Suriyada soydaşlarının yaşadığını və onların müdafiə olunmasının zəruriliyini bəyan edir. Rusiya sərhədlərindən uzaqda və Türkiyənin qonşuluğunda yerləşən bir dövlətə – Bəşər Əsəd rejiminə dəstək verir, guya terrorla mübarizə aparır. Amma burada eyni zamanda Türkiyənin də maraqları var. Gərək Rusiya bu addımı atanda Suriyanın qonşusu olan Türkiyə ilə də məsələləri razılaşdıraydı. Çünki Türkiyə onsuz da qaçqın axınına məruz qalıb və bu axın da davam edir. İndi Türkiyədə 3 milyondan artıq Suriyadan gəlmiş qaçqın var. Bunları yerləşdirmək çox çətindir. Bir neçə yüz min qaçqın Avropaya üz tutub, indi Avropa çox çətin vəziyyətdədir, onlara qəbul etmək istəmir və həmin qaçqınlara heç bir insani münasibət göstərilmir. Hətta bu məsələni xristian-müsəlman müstəvisinə qaldıraraq, onlara insanlığa yaraşmayan davranış nümayiş etdirməyə başlayıblar. Ancaq Türkiyə neçə müddətdir səbirlə qaçqınları yerləşdirir, onlar üçün çadır şəhərləri tikir, onlara tibbi yardım edir… Rusiyanın apardığı müharibə isə qaçqınların sayını bir az da artırır. Üstəlik, türkmanlar da axıb gəlir. Həmin qaçqınların tərk etdiyi ərazilərdə terrorçu təşkilatların yerləşdiyini və yeni dövlət quruculuğu layihəsini həyata keçirməyə cəhd göstərdiklərini nəzərə alsaq, Türkiyənin bu məsələyə səssiz qalması mümkün deyil. Yəni bütün bunlar nəzərə alınmalıdır.

    – Sabir bəy, Rusiya nə üçün türkmanları hədəfə alıb? Rusiyanın bunda siyasi marağı nədir?

    – Rusiya mətbuatı bunu belə izah edir ki, guya türkmənlər yaşayan bölgələr Türkiyənin yanacaq təminatına yardım göstərirmiş, guya Türkiyə Suriyanın neftindən istifadə edirmiş və s. Əslində, Rusiya təyyarəsinin Türkiyənin sərhədlərinə daxil olması, dəfələrlə edilən xəbərdarlığa məhəl qoymaması Kremlin həmin bölgədə apardığı siyasətin iç üzünü göstərir. Yəni Xəzər dənizi akvatoriyasından Suriyaya raketlərini atmaqla silahlarını sınaqdan keçirir, Aralıq dənizinə hərbi gəmilərini göndərərək Suriyadakı əraziləri bombalayır, Türkiyənin sərhədindəki kəndlər dağılır. Türkiyə bir dövlət olaraq da buna səssiz qala bilməz. Bu bölgənin taleyi təkcə Rusiyanı deyil, həm də Türkiyəni düşündürür. Açıq-aşkar görünür ki, Putinin siyasəti Rusiyanı təzədən bir dünya dövlətinə çevirərək, dünyanın təkbaşlı olmadığını, Amerika ilə yanaşı, Rusiyanın da gücünün olduğunu sübut etmək, Orta Şərq, Cənubi Qafqaz və Yaxın Şərq bölgəsinə Kremlin nəzarətini gücləndirməkdir. Hesab edirəm ki, bu məsələ Rusiya, NATO və ABŞ-ın öz aralarında həll etməli olduğu bir məsələdir. Burda ayrı-ayrı dövlətlərin və xalqların taleyi sınaq meydanına çevrilə bilməz. Yəni Rusiya yeni silahlarını Suriya xalqının və türkmanların üzərində sınamamalıdır, təyyarələri Aralıq dənizi üzərində necə gəldi cövlan etməməlidir. Bu bölgə xalqlarını yenidən müharibəyə sövq etməkdir və çox yanlış addımdır. Ona görə də dünyanın bir çox ölkələri tərəfindən Rusiyaya adekvat cavab verilib.

    – Ümumiyyətlə, belə fikirlər də səslənir ki, türkmanları hədəfə almaqla Türkiyəni müharibəyə təhrik edirlər…

    – Məhz “Böyük Orta Doğu projesi”ni yerinə yetirmək üçün İraq, Suriya, Misir və digər ərəb dövlətlərindən sonra sırada İran və Türkiyə də var və bu dövlətləri də savaşa cəlb etmək istəyirlər. Hətta ABŞ-ın Rusiya və Türkiyənin zəifləməsində maraqlı olduğu bildirilir. Ona görə də bu münaqişənin savaşa çevriləcəyini ehtimal edənlər var. Ancaq hesab edirəm ki, Türkiyə NATO-nun üzvüdürsə və uzun illərdir bu təşkilatın əsas güclərindən biridirsə, onda Alyans gərginliyin savaş səviyyəsinədək böyüməməsində maraqlı olmalıdır. Əks təqdirdə, müharibə NATO ilə Rusiya arasında sürər. Türkiyə təklənəcəyi təqdirdə isə NATO dağılar, Alyansa bütövlükdə yer üzündə inam itər və qüvvələr nisbəti dəyişər. Onda da Türkiyə öz mövqeyini yenidən nəzərdən keçirməli olar.

    – Bəs Suriyada vətəndaş müharibəsi başlanandan bəri Bəşər Əsəd rejiminə dəstək verən İran nə üçün türkmanlara qarşı əməliyyat aparır? İranın türkmanlara olan münasibətinin kökündə nə dayanır?

    – İran türk düşməni olan bir dövlətdir. İran Güney Azərbaycana necə münasibət bəsləyirsə, Kərkük türkmanlarına, həmçinin Suriyanın şimalındakı türkmanlara da o cür münasibət bəsləyir. Bu gün İranı ticari-iqtisadi maraqlar Rusiyaya bağlayır. Bildiyiniz kimi, Rusiya İranı S-300 zenit-raket kompleksi ilə təmin etdi, iki ölkə arasında müxtəlif razılaşmalar, iqtisadi-ticari əlaqələr mövcuddur. Bir növ İran Rusiya üçün bazar rolunu oynayır. İki ölkənin maraqları xeyli vaxtdır üst-üstə düşür. Əslində, Azərbaycanın taleyi da bu iki dövlətin maraqlarına görə son dərəcə ağır vəziyyətdədir, demək olar ki, taleyimiz iki əsrdir qara yazılıb. Hazırda da bu siyasəti davam etdirirlər. Əslində, azərbaycanlıların dirçəlməsi, dövlət qurması, Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, Güney Azərbaycanla əlaqələrin artması bu dövlətləri o qədər də maraqlandırmır. Görünür, Aralıq dənizinə İraqın şimalından dəhlizin açılması İranın da maraqlarına xidmət edir. İraqın bugünkü hakimiyyəti də faktiki olaraq İranın təsiri altındadır. Əslində, Rusiya İranla yaxınlaşmaqla həm də İraqa təsirini artırır. Eyni zamanda, Suriya uğrunda gedən mübarizədə Rusiya bütün variantlarda məğlubiyyətə uğrasa da belə, Bəşər Əsədin gedişindən sonra hakimiyyətə Kremlin təsiri ilə kim gəlsə, yenə də Rusiyapərəst bir qüvvə olacaq. Beləliklə, bu bölgədə İran, İraq, Suriya, Aralıq dənizinədək Rusiyameyilli dövlətlər və güclər yaranacaq. Əslində, bu, Azərbaycanın da, Türkiyənin də çevrəsinin bütövlükdə düşmənlər, yaxud türklərin inkişafını istəməyən qüvvələrlə mühasirəyə alınması demək olar.

    – Suriya türkmanlarının öz tarixi torpaqlarından çıxarılması, yəni həmin ərazilərin türkmansızlaşdırılması ilə “Böyük Kürdüstan” dövlətinin yaradılmasına zəmin hazırlandığı bildirilir…

    – Bəli, “Böyük Orta Doğu projesi”nə görə, həmin dəhliz tamamilə təmizlənməlidir. Ona görə də Türkiyədə də vaxtilə Kobanidə baş verənlərə görə ölkənin canfəşanlıq etdiyi halda, hökumət türkmanların öldürülməsinə göz yumduğundan dolayı tənqid edilirdi. Bu baxımdan Türkiyə də belə bir addımı atmalıydı. Nə qədər səmimidir, deyə bilmərəm. Hər halda, “Böyük Orta Doğu projesi”ni həyata keçirmək üçün tərtib olunan xəritələrin bəziləri yayılıb. Həmin xəritələrdə bir ucu Naxçıvandan başlamaqla digər ucu da Aralıq dənizinədək “Böyük Kürdüstan” dövlətinin qurulması planının olduğunu görürük. “Böyük Ermənistan” xülyasından birtəhər yaxamızı qurtarmışıq, indi də “Böyük Kürdüstan” dövlətinin yaradılması planını ortaya atıblar. Azərbaycanın da bir çox ərazisi, İraq və Suriyanın şimalındakı bütün türkman torpaqları “Böyük Kürdüstan”ın tərkibinə daxil edilir. Bu, bir sıra ölkələrin, o cümlədən İsrailin də maraqlarına xidmət edir. Ola bilsin, ABŞ-da da İsrailin təsiri altında olan bir çox qüvvələr bunda maraqlıdır.

    – Sabir bəy, Suriyada yaşayan türkmanların əslən Azərbaycan türkləri olduğu bildirilir. Türkmanların sayı, imkanları necədir?

    – Bildiyiniz kimi, bir neçə ay bundan əvvəl DAK-ın Suriya türkmanları ilə bağlı tədbiri olmuşdu. Həmin tədbirdə Suriyadan Azərbaycana gəlmiş qonaqlar da iştirak edirdilər. Biz Suriyada 3 milyon türkmanın yaşadığını bilirdik. Bəziləri isə onların sayının 1 milyon olduğunu deyir. Ancaq həmin qonaqlar Suriya ərazisində ümumilikdə 5 milyon türkmanın yaşadığını və onların da öz torpaqlarını, hüquqlarını müdafiə etmək əzmində olduğunu bəyan etdilər. Əslində, hər şey də indi göz qabağındadır. Türkman Dağında türkmanlar ciddi müqavimət göstərirlər. Düzdür, orada təkcə türkmanlar deyil, Bəşər Əsəd rejiminə qarşı olan başqa qüvvələr də var.

    – Türkmanlar Azərbaycan türküdürsə, Azərbaycan dövləti bu məsələlərə reaksiya verməli deyilmi?

    – Azərbaycan dövlətinin çoxlu problemləri var və bəzi məsələlərdə bu səbəbdən haqlı səsini ucalda bilmir. Dağlıq Qarabağ münaqişəsi ölkəni asılı vəziyyətdə saxlayıb. Lakin Azərbaycan xalqı öz sözünü dedi, Rusiya səfirliyinin qarşısında piketlər keçirildi, mətbuat kifayət qədər məsələyə həssaslıqla yanaşır. Məncə, Azərbaycan dövləti də diplomatik xətlə Suriyadakı humanitar faciəyə münasibət bildirə bilər. Fərqi yoxdur, istər Suriyada, istər Şimali Qafqazda, istər Rusiya ərazisində, istərsə də başqa region və ölkələrdə olsun, insanların haqsız yerə öldürülmələrinə bir dövlət olaraq səsimizi qaldırmalıyıq.

    – Bəs Türkiyənin sərhədlərini pozan Rusiyanın hərbi təyyarəsini vurmasını necə dəyərləndirirsiniz? Bəziləri bunu siyasi səhvi kimi qiymətləndirərək, hətta Türkiyənin Rusiyadan üzr istəməsini dilə gətiriblər.

    – Yanlış fikirdir. Dövlətin dövlətdən üzr istəməyi xırda iş deyil. Türkiyə tərəfi məsələyə kifayət qədər konstruktiv yanaşır. Davudoğlu son hadisə ilə bağlı çıxışında bildirdi ki, biz dost ölkəyik və bu baş verənlər münasibətlərimizə təsir edə bilməz. Rusiyalı siyasətçilərin də açıqlamalarına qulaq asdım. Son dərəcə sərt, qəzəbli mövqedən çıxış etdilər. Sanki dünyanın taleyi bunların əlindədir. Bu Rusiyanın köhnə vərdişidir. Elə ki, ölkə daxilində əhalinin iqtisadi vəziyyəti çətinləşir, hakimiyyət dairələrindən narazılıq artır, hökmən belə münaqişələri ortaya atıb, insanların vətənpərvərlik duyğuları ilə oynayırlar. Bu yanlışdır. Rusiyanın belə qəzəbli olmağa haqqı yoxdur. Soruşarlar ki, sənin Suriyada nə işin var? Türkiyənin orada vətəndaşları ola-ola ora müdaxilə etmir. Siz nə üçün gecə-gündüz bombalayırsınız? Tək terrorçular deyil, dinc əhali də vurulur. Güman edirəm ki, bu hirs, qəzəb tezliklə keçib gedər və münasibətlər yenidən normallaşar.

    – Belə fikirlər də səsləndirilir ki, bu hadisə ilə Türkiyə Rusiya kimi güclü bir müttəfiqini itirdi, bununda da xarici siyasətdə bir az da təkləndi…

    – Güman etmirəm ki, bu münaqişə münasibətlərin tamam pozulmasına səbəb olsun. Soyuqluq yaranacaq, amma bir müddət sonra bərpa olunacaq. Türkiyənin Rusiyaya ehtiyacı olduğu kimi, Rusiyanın da Türkiyəyə ehtiyacı var.

    – İki ölkə arasındakı gərginliyin Azərbaycana nə kimi təsirləri ola bilər?

    – Türkiyə-Rusiya münasibətlərinin yaxşı olması Azərbaycanın maraqlarına xidmət edir, bizim xeyrimizədir. Ona görə biz də öz xəttimizlə çalışmalıyıq ki, münasibətlər pozulmasın.

  • Əsl gizli savaş budur

    SabirRustamxanli15-1Sabir Rüstəmxanlı

    Dilin gələcəyi – Millətin gələcəyidir

    Dil də canlı orqanizmdir və onu qorumaq, böyütmək, zənginləşdirmək, kənar təzyiqlərə və xəstəliklərə qarşı müqavimətini gücləndirmək, çağın tələblərinə uyğun yeniləşdirmək lazımdır. Bizdə bu işlərlə məşğul olan konkret bir qurum vardırmı? Dil siyasətimiz necə qurulub və o, həyata keçirilirmi?

    Bu, çox ciddi və üzərində ardıcıl düşünülməli məsələdir. Yaşadığımız şəhəri necə qoruyur, abadlaşdırır, bu günün ehtiyaclarına uyğunlaşdırır, nəqliyyat və kommunikasiya şəbəkələrini yeniləşdirir, köhnə binaları söküb təzələrini ucaldır, işıqlandırır və təbliğ ediriksə, dil də, təxminən, eyni yanaşmanı istəyir. Sözlərin ömrü evlərin ömründən qat-qat uzun olsa da…

    Mən öz fikirdaşlarımı da başıma toplayaraq, Azərbaycan Dil Qurumu adlı toplumsal birliyi, onun saytını bu işlərdə yardımçı olmaq üçün yaratmışam. Təəssüf ki, bizdə toplumun rəyini dinləyən azdır və yazılanlar, deyilənlər heç bir yerə çatmır. Buna baxmayaraq, biz işimizi davam etdiririk. Dil Qurumunun toplantılarında ana dilinə sayğısızlıq, dövlət dili ilə bağlı tələblərin bir çox hallarda, özəlliklə reklamlarda  pozulması, yazı və danışıq dilimizin sorunları, terminologiya məsələləri, mətbuatın və dərsliklərin dili və s. kimi çox önəmli məsələləri dəfələrlə müzakirə etmiş, televiziyalarımızla birgə verilişlər hazırlamışıq. Sözsüz ki, bu müzakirələrin hamısı eyni xoşgörüylə qarşılanmır: məsələn, biz bəzi ölkələrdə dil polisinin olduğunu xatırladanda bizim polisimizdən cana doymuş vətəndaşlarımız əsəbiləşdilər ki, amandır, bu sözü dilinizə almayın, polis, nəzarətçi, vergiyığan, “milli təhlükəsizliyi qoruyan”, sənəd tələb edən, cibində doğru-yalan vəsiqə gəzdirən, burnunu, yeri gəldi-gəlmədi, vətəndaşın hər işinə soxan ələbaxanlar sürüsü az idi, birini də siz təklif edirsiniz: bircə dilimiz qalmışdı məmur özbaşınalığından boğaza yığılmasın, onu da təhlükəyə atmaq istəyirsiniz. Onda mən başqa ölkələrdən də misal gətirdim: polis olmasın, “dil gömrüyü” olsun, dedim. Çünki dili kənar basqılardan qorumaq üçün bəzi ölkələrdə bu üsuldan da istifadə edirlər. Ad önəmli deyil, əsas dilin qorunması və kənardan dilimizə maneəsiz şəkildə axan sözlərə bir süzgəc qoyulmasıdır. İndiki halda bununla məşğul olan varmı?

    Ana dilinin qorunması və gəlişməsi üçün hüquq bazası var. 2002-ci ilin 30 sentyabrında “Azərbaycan Respublikasının Dövlət dili haqqında” qanun, 2013-cü il aprel ayının 9-da isə Respublika Prezidentinin sərəncamıyla “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilmişdir. Bu sənədlərin çox böyük tarixi əhəmiyyəti var. Dövlət Proqramında nəzərdə tutulan işlər görülsə, tapşırıqlar  həyata keçirilsə, o işləri görməli olan təşkilatların uyğun səlahiyyətləri və yetənəkləri olsa, bizim heç bir qayğımız qalmaz.

    Bu proqramın ikinci hissəsi, yəni dilçiliyin inkişafı, ali məktəblərin dilçilik kafedralarını nəzərə almasaq, daha çox AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna aiddir və bu məqsədlə 2 milyon pul ayrılmasına sevinmişdim. Humanitar institutlarımızın belə proqramlara və yardıma ehtiyacları böyükdür. Ancaq Proqramın birinci hissəsinin, yəni zamanın tələblərinə uyğun istifadəsinin, Dilçilik İnstitutuna, demək olar ki, heç bir aidiyyəti yoxdur, çünki AMEA-nın humanitar institutları daha çox akademik araşdırmalarla məşğuldur və deyək ki, dilin qorunması və ya istifadəsi kimi məsələlərə müdaxilə etmək imkanları çox məhduddur…

    Bu iş həyatımızın bütün sahələri ilə bağlıdır və daha praktiki yanaşma tələb edir. Buna görə də ayrılan vəsaitin Proqramın yerinə yetirilməsinə ciddi təsir göstərməyəcəyi qabaqcadan bəlli idi. Kaş yanılmış olaydım, ancaq sonra guya proqrama uyğun, deyək ki, dialektoloji atlasların çapı kimi məsələlər ortaya qoyulanda heyrətə gəldim, yəni alim dostlarımız bilmirlərmi bu atlaslar onların plan işləridir və ana dilinin bu gün bütün cəmiyyəti narahat edən problemlərinin həllinə heç bir aidiyyəti yoxdur?!

    Buna görə də sonralar Dilçilik İnstitutuna ayrılan pulun necə xərclənməsinin yoxlanıldığını eşidəndə təəccüblənmədim. Ola bilsin ki, o vəsait qəpiyinə qədər düz xərclənib və yəqin ki, belədir, lakin onu da bilirəm ki, bu xərclənmənin canlı dilimizin inkişafına və işlənməsi məsələsinə aidiyyəti  çox azdır.

    Dilimizin akademik araşdırmaları çox mühüm işdir və davam etdirilməli, dialektoloji xəritələr də nəşr edilməlidir, ancaq bizi narahat edən həyatımızda dilimizin yeri, ona yanaşma, anadilli məktəblərimizin və dərsliklərimizin səviyyəsi, qanunlarımızın və rəsmi yazışmaların dili, termin yaradıcılığı, rusdilli məktəblərdə ana dilimizin tədrisinə münasibət, ictimai yerlərdə, reklam işində, mətbuatda, radio və televiziyalarda ana dilinin durumu, nitq mədəniyyətimizin səviyyəsi kimi məsələlərdir. Bir az da uzada biləcəyim bu məsələlərin həllində Akademiyanın Dilçilik İnstitutu nə edə bilər? Ona qulaq asan olarmı? Əsas məsələ budur! Bu barədə çox yazılıb, yenə yazılacaq.

    Bizim Dil Qurumu könüllülərin, dilini sevənlərin və onu qorumaq üçün təmənnasız, maaş, yəni öz dilimizdə desək, donluq almadan çalışanların birliyidir, konkret layihələr üzrə işləyir. Məncə, Dövlət Proqramının həyata keçirilməsini istəyiriksə, Akademik institutlarla yanaşı, bu cür qurumlara da yardım etmək və onların işinə, təkliflərinə daha ciddi yanaşmaq  lazımdır.

    2006-cı ildən bu yöndə çalışan Dil Qurumunun yuxarıda sadaladığım geniş fəaliyyəti xalq arasında diqqətin bu böyük milli məsələyə yönəldilməsinə nə qədər böyük təsir göstərsə, bu sahənin bilim adamlarının tez-tez bir araya yığışmasına şərait yaratsa da, təəssüf ki, bəzi dairələrin dilimizə münasibətindəki biganəlik buzunu əritməyə gücümüz çatmamışdır. O cümlədən, Bakının reklam bazarı dilimizə və qanunlarımıza sayğısızlıq meydanı olaraq qalır. Buna baxmayaraq, işimiz davam edir və dediklərimin quru söz olmadığını görmək istəyənlər Azərbaycan Dil Qurumu saytına girsinlər və mütəxəssislərdən burdakı lüğətlərin sayta yerləşdirilməsinin nə qədər vaxt apardığını və necə çətin bir iş olduğunu öyrənsinlər…

    Ana dilimizin qayğısı çoxdur. Onlardan biri dilin saflığının qorunması, milli təməl üzərində gəlişməsi, yeni anlayış və sözlərlə zənginləşməsidir. Bu, əslində, bütün dillərin taleyini həll edən, ölüm-dirim məsələsidir. Ana dilinin dünyayla əlaqəsi kəsilsə, ora axan suların qarşısı alınsa, o, qapalı bir nohura dönər, iylənər, həşəratla dolar və içilməz hala düşər. Dil də coşqun dağ çayları kimi daim çağlamalı, yenilənməlidir, ona axarı boyu yeni arxlar, irmaqlar, bulaqlar qoşulmalıdır. Ancaq bu qoşulmalar Qaradağ tərəflərdə Araza qatılandan sonra onu bulandıran, yaxud Ermənistan mis mədənlərinin zəhərini gətirən çaylar kimi olmamalıdır. Kənar qatqılar çayın öz suyundan artıq olsa, onun tərkibini dəyişər.

    Klassik ədəbi dilimiz təxminən bu gündəydi: o qədər ərəb-fars sözləri dolmuşdu ki, fikrin aparıcı qüvvəsi kimi cümlələri dartıb aparan feillərimizin gücü çatmırdı: nəfəsi kəsilirdi. Həmin dövrdə aşağı-yuxarı bölgənin bütün türk ədəbi dilləri eyni durumdaydı: ədəbi dil xalq dilindən uzaq düşmüşdü, yalnız təhsil almış adamlar, ziyalılar bir-birlərinin “yazı dilini” anlayırdılar və buna görə də, deyək ki, Bakıda çıxan “Füyuzat”ı  türk dünyasının hər tərəfində oxuyurdular. Lakin bu, uzun müddət davam edə bilməzdi, çünki millətin yalnız bir zümrəsinə aid olan dilin gələcəyi yoxdur.

    Buna görə də ötən əsrdə Türkiyədə rəsmən, bizdə isə elan olunmadan, Molla Nəsrəddin ədəbi məktəbinin sayəsində bir dil devrimi oldu: Anadolu türkcəsi “türkcələşdirildi”, bizdə isə böyük ölçüdə təmizlənmə getdi və ədəbi dil hamının anladığı bir şəklə düşdü. Bunun yaxşı, ya pis olmasını müzakirəyə çıxarmaq gülüncdür. Böyük Atatürk türk dilinin gələcəyini xilas etdi. Düzdür, yeni sözlərin bəzisi yaşaya, işlək dilə girə bilmədi, amma böyük çoxunluğu yaşadı və türk dilinə bugünkü gözəl səslənməni, enerjini verdi, dilin damarlarında təmiz türk qanı dolaşmağa başladı.

    Hərəkət dayanmayıb, çürük, köhnəlmiş sözlər düşür, yeniləri yaranır, yabançı sözlərin yerinə düşünülən sözlər qısa müddətdə min ilin sözləri ilə eyni canlılığı qazanır və ya arxaikləşmiş sayılan qədim sözlər yeni nəfəs qazanır. Bu iş bütün mədəni xalqların dilində gedir: bitməz prosesdir və ara vermədən sürdürülməlidir.

    Öz dilini yabançı dillərin basqısından qorumaq, dilin lüğət tərkibini zənginləşdirmək xalqın bitməz qayğılarından biridir. Bir xalq min il öncədən başlayıb bu işi, biri yüz il öncədən – fərqi yoxdur, həyat davam etdikcə, dil yaşadıqca  onun sağlamlığının qayğısı çəkilməlidir.

    Azərbaycan ədəbi dili mükəmməl qrammatikası olan, xalqın anladığı və zəngin bir dildir. Lakin zaman dəyişilir, ölkələr kimi dillərin də sərhədləri açılır, kürəsəlləşmə deyilən sahiblənmə siyasəti dillərin də çoxunu kənar kəlmələrin axınıyla, dil işğalı təhlükəsiylə üz-üzə qoyur: dillərin də yarışı və ya gizli bir savaşı gedir. Bu savaşda dilin əsas gücü onun lüğət tərkibinin zənginliyi, ifadə gözəlliyi və imkanları ilə yanaşı, həm də milli qaynaqlar hesabına daim yenilənmək qabiliyyəti ilə ölçülür. Dilimizin təmizliyini qorumasaq, dünyanın hər tərəfindən üstümüzə gələn yabançı kəlmələr onu tanınmaz hala salar, xalqdan qoparar. Amma yabançı kəlmələr öz-özünə gəlmir, boş yer tapanda gəlir. Dildəki istilah vakuumları zamanında, uğurlu kəlmələrlə doldurulsa, yad kəlmələrə yer qalmaz.

    Bu yenilənmə prosesi təbii şəkildə, dili zorlamadan  və tədricən aparılmalıdır.

    Ədəbi dil üçün yeni söz donorlarından və ya dağarcıqlarından biri ana dilinin özüdür: folklor, klassik ədəbiyyatımız, dialektlər və bugünkü Azərbaycan Respublikası ərazisindən kənarda qalmış tarixi coğrafiyamızın və soydaşlarımızın hələ ədəbi dil axarına tam qoşulmamış danışıq dili… (Yəni Güney Azərbaycan, Quzey İraq və Quzey Suriya, Doğu Anadolu, Borçalı və Dərbənd ləhcələri…) Bu geniş coğrafiyada yaşayan azər türklərinin danışığında minlərlə işlək söz var ki, ədəbi dilimizə qoşulmalıdır. Bu baxımdan oralarda yetişən yazıçıların, qələm sahiblərinin əsərləri mühüm rol oynaya bilər.

    İkinci mənbə qardaş türk dilləridir. Avrasiya genişliyinin sakinləri olan türklərin dilindəki kəlmələrin ümumi sayı bir milyondan çoxdur. Ancaq türk dilinin ayrı-ayrı qollarında, məsələn, özbəkcədə, azər türkcəsində lüğət tərkibi yüz mindən, yüz iyirmi mindən artıq deyil. Bir milyonluq ortaq türk xəzinəsindən yararlanmaq imkanları genişdir. Örnəyi: azsaylı Altay türklərinin dillərində onlarla tərtəmiz türk sözü var ki, biz onların yerinə ərəb, fars kəlmələri işlədirik. Ərəblərlə, farslarla üzləşənə qədər altaylıların, yaxud tuvalıların, yakutların, Mərkəzi Asiya türklərinin, uyğurların, tatarların dilində qalan o sözləri biz də işlətmişik, sonra bir çox dəyərlərimiz kimi, dilimizdəki öz doğma kəlmələrimizi də “bəyənməmişik”, yad sözlərə “aldanmışıq”.

    Təəssüf ki, dilimizdə ərəb, fars, rus, Avropa təsiri bu gün də sürməkdədir, buna heç  bir dirəniş yoxdur, halbuki ümumtürk xəzinəsinə göz yetirsək, yad kəlmələrin çoxuna gərək qalmaz. Ancaq nədənsə qardaş türk xalqlarının dilindən alınan sözlər çox vaxt narazılıqla qarşılanır. Bu, anlaya bilmədiyim bir şeydir. Biz istədik-istəmədik, əlaqələrin genişlənməsi ilə, oxunan kitablar, baxılan televiziyalar xətti ilə yeni nəslin dilinə Türkiyə türkcəsindən o qədər də çox olmayan, amma gözəl sözlər gəlir – həm də daha çox vaxtilə ərəbcədən və farscadan alınmış kəlmələrin yerinə. Di gəl, dəfələrlə, həm də özünü oxumuş, aydın sayan adamların dilindən eşitdiyim sözlərdir: “bunlar dilimizi türk sözləri ilə zibilləyirlər”.

    Dilimizin türk sözləri ilə zibillənməsi nə deməkdir? Dil öz doğma sözləri ilə zibillənərmi? Bunu hansı ağılla demək olar?

    Adını çəkmək istəmədiyim bir rəsmi qurum yaxşı niyyətlə mətbuat dilinin yoxlamasını aparmışdı. Bu iş “elmi işçilər”ə tapşırılmış, yoxlamanın nəticələrini bir bülleten kimi çap etmişdilər. Maraqlı iradlar tutulmuşdu, ancaq məni heyrətləndirən bu adamların təmiz türk kəlmələrinə dözümsüzlüyü idi. Önəmli, çağdaş, sorun, baxım, bilgisayar, yasaq, uçaq, oturum, bağımsız, özəl, özəlləşmə, gəlişmə və s. kimi sözlər dilimizə təbii şəkildə gəlir. Bəziləri hələ lüğətlərimizə düşməsə də, doğma sözlərdir və yaşayacaqlar. Bu sözlərin əhəmiyyət, müasir, problem, nöqteyi-nəzər, kompüter, xüsusi, privitasiya, inkişaf kimi  kəlmələri əvəz etməsini dil qaydalarının pozulması saymaq olmaz. Niyə monitorinq, plaza, stor, mol, petrol, hotel, market, kollokvium, penitensiar… kimi sözlər dilimizə maneəsiz girir, amma  türk dilindən gələn ana südü kimi halal sözlər bəzilərini qıcıqlandırır?

    Əlbəttə, mən bunun səbəblərini bilirəm, ancaq bu məsələyə ictimaiyyətin diqqətini yönəltmək istəyirəm…

    Azərbaycan dili tarixən türk dili adlanıb, indi türk dili deməsək də, o, mahiyyətini dəyişməyib, yenə də eyni dildir, türk dili və ya türk dili adlanan nəhəng ağacın şah budağıdır. Siyasi şərait eyni millət olan Türkiyə türkləri ilə bizim ədəbi dilimizdə müəyyən fərqlər yaratsa da, bu, bizim bir-birimizi anlamağımıza mane olmur. Dili nə qədər çox anlayan varsa, o qədər böyükdür. Türkiyə bizim qardaşımız və dünyada ən etibarlı dayağımızdır. Zaman Türkiyə və Azərbaycanı bir-birinə yaxınlaşdırır və dil fərqləri də getdikcə aradan qalxacaq. Bu qaçılmazdır. Buna sevinməkdənsə, bəzi dil “uzmanları” və işin mahiyyətini anlamayan adamlar, azərbaycançılığı türkçülükdən tam qopmuş düşünənlər və ya qoparmaq istəyənlər inadla Azərbaycan türkcəsinin “ayrı dil olduğunu” nümayiş etdirməyə və yaxınlaşmağa aparan yollarda süni əngəllər yaratmağa çalışırlar. Birgə konfranslarda öz “müstəqilliyimizi” nümayiş etdirmək üçün, ehtiyac oldu-olmadı, hökmən hansı kəlmələrisə dəyişirik. Məsələn, Türkiyə tərəfinin yazdığı toplum yerinə – cəmiyyət, cümhurbaşkanı yerinə – prezident, bakan yerinə – nazir, yayın evi yerinə – nəşriyyat, ilişgi yerinə – əlaqə, sayın yerinə – hörmətli… Guya birinci sözləri başa düşmürük və onları hökmən azərbaycancaya “tərcümə etmək”, təmiz ana sözlərimizi yabançı dillərdən alınma sözlərlə əvəz etməliyik… Görəsən, bu sözlər Türkiyədə işlənən kimi qalsa, nə baş verər? Bəlkə başqa yolla getməli, həmin ifadələri tədricən biz də Türkiyədə olduğu kimi yazmalıyıq. Doğma və anladığımız sözləri qəbul etmədiyimiz halda, niyə, deyək ki, alman kansleri, ərəb şeyxi, fransız senatoru, İsrail knesseti, Rusiya duması, Amerika konqresi sözlərini öz dilimizə tərcümə etmirik? O dəqiqə cavab verəcəklər: “Yox, olmaz, biz azərbaycanlıyıq və azərbaycanlı olmağımızın da əlaməti türk kökündən mümkün qədər çox fərqlənməyimizdə, uzaqlaşmaqdadır!”

    Bu qədər məntiqsiz və ağılsız bir düşüncə, iş ola bilməz! Əlifbamızın eyniləşməsi, dilimizin yaxınlaşması, bir-birimizi daha yaxşı anlamaq, kitablarımızın həm orada , həm burada oxunması… Bu, kimə mane olur və millətimizi bu boyda imkandan niyə məhrum edirik?

    Dilin zənginləşməsinin başqa bir yolu yeni terminlərdir. Dilə yeni terminlər, yəni anlayışlar gəlir və gəlməlidir. Bu işə çeşidli yanaşma var. Bir çox xalqlar texnoloji yeniliklərin gətirdiyi sözləri tərəddüdsüz öz dilinə çevirir, daha doğrusu, ona uyğun yeni söz tapır və ya yaradırlar. Başqaları kənar əşyalarla birgə onların adlarını da olduğu kimi qəbul edirlər. Biz ikincilərdənik. Bu, tənbəl millətlərin yoludur. Nəzərə almırlar ki, bu gedişatla dil yenidən orta əsrlər dövrünə dönə və lüğət fondunun çox hissəsi əcnəbi sözlər ola bilər.

    “Xolodelnik”ə soyuducu deyirik, nəyi pisdir? Onda niyə yüzlərlə başqa sözün qarşılığını axtarmayaq? Bu işi asanlaşdırmaq üçün bağımsız türk dövlətlərinin ortaq terminologiya komitəsi yaradılmalıdır ki, bundan sonra türk dillərinə gələn əcnəbi kəlmələrin qarşılığı tapılarkən ümumtürk söz fondundan istifadə edilsin və yeni istilahları bütün türk dövlət və toplumları qəbul etsinlər. Dövlət başçıları ortaq ünsiyyət dili istəklərində səmimidirlərsə, bunun bir yolu da ortaq istilahlar və bu yolla hər il dillərimizə xeyli şərikli kəlmələr gətirməkdir. Bu yolla bəlli zaman içində türk dilləri daha da yaxınlaşacaq, ünsiyyət imkanları genişlənəcəkdir…

    Azərbaycan bədii dilindən fərqli olaraq ədəbi dilimizin rəsmi, yəni dəftərxana və protokol qolunda yabançı sözlər daha çoxdur və bu sahədə heç bir nəzarət, tənzimləmə yoxdur. Bu baxımdan qanunlarımızın dili daha çox narahatlıq doğurur. Çünki qanunların yayılma dairəsi genişdir, həyatımızın bütün qatlarını əhatə edir, rəsmiləşir və cəmiyyət o kəlmələrdən istifadə məcburiyyətində qalır. Buna görə də vaxtilə Milli Məclisdə qanunların dilinə nəzarət komissiyasının yaradılması ideyasını irəli sürmüşdüm. Ancaq bu fikri hər dəfə səsləndirəndə etinasızlıqla qarşılandığımı görüb, mən də yorulub susmağa məcbur oldum. Qanun yaradıcılığı mexanizmi bəllidir: tərcümə, montaj, yerli şəraitə uyğunlaşdırma… Yəni daha çox çevirmə işidir. Bu işlə məşğul olanlar arasında peşəkarlarla yanaşı, ana dilini pis bilənlər də var. Buna görə də, məsələn, neft anlaşmalarında “sıroy neft” “xam neft” əvəzinə “çiy neft” kimi çevrilir. Bircə bu misal əlindəki sənədin ciddiyyətinə inamı azaldır.

    İşin daha qəbuledilməz tərəfi tərcüməçilərin köhnə lüğətlərdən kənara çıxa bilməmələri, xarici sözlərin qarşılığını arxaikləşmiş və canlı dildə az işlənən ərəb və fars kəlmələri arasında axtarmalarıdır. Qanun tərcüməçiliyinin yanlışlıqları qanunların adlarından başlanır.

    Demək olar ki, bütün qanunlarımızda rus dilindən tərcümə nəticəsində ortaya çıxmış bir “haqqında” sözü işlədilir: Məsələn, “Təhsil haqqında” qanun, “Yol haqqında” qanun, “Meşə təsərrüfatı haqqında” qanun… Bu ifadə tərzlərinin heç biri dilimizin ənənələrindən gəlmir. Əslində, Təhsil qanunu, Yol qanunu, Meşə təsərrüfatı qanunu… yazılmalıdır. Yaxud, idarə, müəssisə adlarında yenə rus dilindən tərcümənin, kalkanın “izləri” aydın görülür. Məsələn, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Dövlət Diaspor Komitəsi adlandırılmalıdır.

    Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyası, Milli Qvardiya Komandanının maddi-texniki təchizat üzrə müavini kimi adlarda da rus dilindən mexaniki tərcümənin nəticəsi olan “üzrə” kəlmələri artıqdır.

    Təəssüf ki, həm müəssisə adlarında, həm də rəsmi yazışmalarda dilimizin qanunauyğunluqlarından doğmayan çoxlu belə sözlər var.

    Yaradıcı yanaşmanın olmadığına görə həm arxaikləşmiş ərəb, fars sözləri, həm də Avropa sözləri öncə qanunlarımıza, sonra da işlək dilə çox asanca daxil olur. Bu baxımdan, iki qanunun dilini gözdən keçirmək yetərlidir. Təhsil qanunu dilimizə – adyunktura, akkreditasiya, dislant təhsil, informal təhsil, innovasiya, kampus, nostrifikasiya, rezidentura, eksternat təhsil, kurikulum, təhsil françayzinqi, tyotor..,

    Qiymətli Kağızlar bazarı qanunu isə – anderaytinq, benefisiar, emitent, listinq, institusional investor, marketmeyker, nettinq, repo müqaviləsi kimi sözləri zorla pərçimləyib.

    Son illərdə qanunlarımız vasitəsi ilə dilimizə keçmiş yüzlərlə belə söz var. Əslində, bu sözlərin çoxunun ana dilində hamının başa düşəcəyi, dilə yatımlı qarşılığını tapmaq olar. “Dislant təhsil” əvəzinə – uzaqdan və ya məsafədən təhsil, “informal təhsil” yerinə – özeyitim və ya özünütəhsil, “kampus” əvəzinə – tələbə şəhərciyi, hind quşlarının qurultsuna bənzəyən “kurikulum” yerinə – təhsil proqramı, “eksternet təhsil” yerinə “vaxtından əvvəl təhsil” desək, dünya dağılardı?

    Təbii ki, mənim atüstü dediklərimdən daha uğurlu variantlar tapmaq olar. “İnvestisiya”, “unifikasiya”, “identifikasiya”, “regional”, “kollokvium”, “miqrasiya”, “kvorium”, “resurs”, “ombudsman”, “prosedur”, “monitor”, “klerinq”, “market”, “kvota”, “koalisiya”,”aksiya”,”arqument”, “bakalavr”, “vakansiya”, “vakuum”,”vizual”, “deqradasiya”,”diskussiya”, “instruksiya”, “kontrast”, “fraza” və s. kimi dilimizə nəzarətsizlikdən və dəb xatirinə gətirilən onlarla sözün ana dilində qarşılığı var və ya yaradıla bilərdi. Bu şəkildə qapıları açıb bütün sözləri içəri buraxsaq, dilimizin  taleyi necə olacaq?

    Adətən gəlmə sözləri savunanlar “bunlar beynəlxalq sözlərdir, dünya belə işlədir, bizdə belə işlədək” deyirlər. Dünyada “beynəlxalq söz” deyilən bir anlayış yoxdur. Əşya və ya fikir, ideya harada yaranırsa, ilkin olaraq hansı dildə adlandırılırsa, oradan yayılmağa başlayır və çox vaxt özü ilə bərabər adını da aparır. Ancaq dilinin saflığını qorumaq istəyən xalqlar bu kəlmələrin ana dilində qarşılığını tapıb işlədirlər. Yeni kəlmələr qulağa yad gəlsə də, zaman keçdikcə alışqanlığa çevrilir və dildə öz rahat yerini tapır. Amma yuxarıda göstərilən sözlər həmişə ögey olaraq qalır, yazılışda və deyilişdə çətinliklər yaradır.

    Bir sıra ərəb və fars kəlmələri var ki, onların da qarşılığının bulunması dili artıq və yabançı yükdən xilas edər. Son illərdə bu işə maraq artıb, hətta istedadlı şairlərimizdən biri belə bir sözlük də hazırlamışdı. Təəssüf ki, o sözlükdəki yüzlərlə dəyərli variant nəzərə alınmadı və ictimai müzakirəsi keçirilmədi. Mənə qalsa, tərəddüd etmədən onlarla realist, müstəmləkə, müştərək, mütərcim, münasibət, vətənpərvərlik, beynəlmiləlçilik, istiqamət, inkişaf, beynəlxalq, xarici, daxili, mütəmadi, nazir,  region, vilayət, rayon, müvafiq, müvəffəqiyyət, müqavilə, konstitusiya, məhkəmə, prokurorluq, icra hakimiyyəti və s. sözü lüğət tərkibimizdən çıxarıb, yerinə qarşılığını hər hansı yaxşı oxuyan orta məktəb şagirdinin də bildiyi tər-təmiz sözlərimizi işlədərdim. Dilin bu şəkildə özləşmək gücü varsa, ondan niyə yararlanmamalıyıq?

    Bakıda reklamların, müəssisə adlarının, soyadlarımızın milləti və ana dilini saymazlıq səviyyəsində olduğundan çox danışmışıq, yenə danışmalıyıq.

    Bu yazını bitirəndə ölkə dışındaydım, çapına tələsməmişdim. Sonra AMEA-dakı dəyərli çıxışında ölkə prezidentinin ana dili barədə söylədiklərini dinləyəndə sevindim. Heç kim Dövlət Proqramının qəbulu ilə dil məsələlərinin biryolluq çözülüb bitəcəyini düşünməməlidir. Ana dilinə qayğı hər bir vətəndaşın işidir, bu, hər evdən, təzə dil açan hər bir körpə ilə ünsiyyətdən, dil ordusunda hər sözün əsgər kimi qorunmasından, gəlmə kəlmələri dildən uzaqlaşdırmaqdan başlanır.

  • Suriya Türkmənləri kimdir…

    suriyaturkman1Ərəb ölkəsi olan Suriyanın əhalisi hazırda 23 milyon təxmin edilir. Bugünkü Suriyada yaşayan türkmənlərin durumuna keçmədən öncə, türkmənlərin buraya gəlişlərini gözdən keçirək.

    Suriya, yerləşdiyi coğrafi mövqeyə görə, doğu ilə batını birləşdirdiyindən burada sümerler, assurlular, makedoniyalılar və romalılar hakimiyyət qurmuşlar. İslamiyyətin doğuşundan sonra bölgədə, Hz. Ömərlə başlayan bir islimi hərəkat görürük. Bu durum, Əməvi və Abbasi xanədanlıqları zamanında da davam etmişdir. Suriyadakı türkmənlərin 7 və 8-ci əsrlərdən bəri Fərat və Dəclə boylarına endikləri, ayrıca, Mesopatomiyadan və Anadoludan Suriyaya köçdükləri, 9 və 11-ci yüzildən bu yana bölgədə yaşadıqları bilinməkdədir.Daha öncə Misirdə bir Türk sərkərdəsi Tolunoğlu Əhməd öz xanədanını qurmuş (875) və bu xanədan 905-ci ilə qədər davam etmişdir. Tolunoğlu Əhməd Suriyanı 877-ci ildə almışdır. Daha sonra başqa bir Türk sərkərdəsi Toğac oğlu Mühəmməd Əbu Bəkir bir xanədan qurmuş və bu da 935-969 illəri arasında bölgəyə hakim olmuşdur. Hər iki Türk xanədan Abbası xəlifəliyinin bir siyasəti olaraq olaraq Türk sərkərdələri ilə Türk askərlərinə, orduda böyük yer vermələrinin sonucunda donmuşdur.

    Türkmənlərin bölgəyə gelib yerləşmələri, Böyük Səlcuqlu Dövlətinin Qəznəlilərlə yapdığı Dandanakan savaşından sonra baş verib. Böyük Səlcuklu Dövləti, bu savaşdan sonra 1063-cı ildən etibarən öz həyat tərzlərinə uyğun bildikləri bu bölgəyə yerləşməyə başladılar. Özəlliklə Hələb, Lazzikiyə, Trablusğam və Asi İrmağı vadisi boyunca Hama, Humus və Şam bölgesində yerləşdilər. Türkmənlərin buraya axını Afşin və Sandık Bəylər rəhbərliyində Hələbə qədər davam etmişdir. 1069-1070-cı illərdə Kurlu və Atsız Bəylər, Güney Suriyanı tamamən ələ keçirmişlər.

    1071-ci ildə Malazgirt Savaşından sonra aşağı və yuxarı Fərat boylarında, saltuklar, məngücəklər, danışməndilər, yaşnalıoğullar, artuklar kimi Türk Bəylikləri qurulmuşdur.

    1077-ci ildən sonra Suriya Səlcuqlu məliki olan Tutuğ, özünü sultan elan edərək,

    Turkman1117-cı ildən bölgədə hakimiyyət Atabəylərin əlinə keçdi. Suriya Səlcuqlarının Şam qolu, Atab ə y Tuğtəkin tərəfindən yönətilirdi. Səlahəddin Əyyubinin ölümündən sonra bölgəyə bir başqa Türk dövləti olan Məmlüklülər hakim olmuşdur. Anadoluya hakim olan Səlcuqlu Dövləti isə 1243-ci ildə Moğolların yapdığı savaşıda məğlub olmuşlar. Bu basqının nəticəsində özəlliklə Kayseri və Sivasda yaşayan türkmənlər, Məmlük sultanı Baybars zamanında Suriya bölgəsinə yerləşmişlər. Bu dönəmdə Suriyaya gelib Şamda yerləşən türkmənlər, Elxanlı hökümdarı Əbu Səid Bahadır xanın ölümündən sonra çıxan siyasi konfliktdən faydalanaraq 1337-ci ildə Elbistan yaxınlığında Dulqadiroğulları bəyliyini qurmuşlar. Yavuz Sultan Selim, 1516-cı ildə Məmlüklüləri yenərək bu günkü Suriya torpaqlarını Osmanlılara bağlamışdır. 1916-cı ilin sonuna qədər bu bölgədəki Türk hakimiyyəti, kəsintisiz olaraq 402 il sürmüşdür. Bu sürədə bölgə insanları, dərin Türk kültürünün təsiri altında qalmışdır. Bu təsir özünü ən çox dil qonusunda göstərmişdir. Suriya ərəblərinin ləhcəsi ən çox türk sözləri qəbul etmiş ərəb ləhcəsidir. I Dünya Savaşının sonuna qədər Osmanlı hakimiyyətində qalan Şam, Trablus və Hələb əyalətləri şəklində yönətilən Suriya, Türk yönətimi altında kültürəl, sosial və ekonomik sahələrdə qalxınma və ən sabit dönəmini keçirmişdir. 30 oktyabr 1916-cı il Mondoros müqaviləsinə qədər aşağı yuxarı 500 il Türk hakimiyyətində qalan Suriya, ingilis və fransız işğalına uğramış, 1936-cı ildə isə Fransadan asılı cümhuriyyət olmuşdur. 20-cı əsrin ortalarında çox sayda Suriya türkməni ərəbləşmiş, beləcə bu ölkədə yüz illərdir sürən assimiliyasiya son dönəmdə də davam etmişdir. Oğuz türkmənlərinin və Məmlük qıpçaqlarının nəvə-nəticələri olan Suriya türkmənlərinə Bayır-Bucaq türkmənləri də deyilməkdədir. Türkmənlər Suriyada azınlıq kimi qəbul edilməməkdədir. Xalq içərisində də “türkmənlər” olaraq adlandırılır. Suriyada Bayat, Afşar, Kadirli, Ərəbli, Bəymişli, Haçəli, Qarakeçili, Əsabəli, Musabəyli, Elbəyli, Axar, Heyran, qaraşlı, çandırlı, Günəşli, Sincar kimi türkmən boyları yaşamaqdadır. Bu türkmən boyları ilə Anadoludaki Türk boyları arasında inanclar, gələnəklər və folklor baxımından çox önəmli bənzərliklər var. Suriyada yaşayan türkmənlərin sayı haqqında yaxın

    zamanlarda verilən təxminlər – 1 milyon daha azdır. Gerçək rəqəmlər 3 – 3,5  milyon arasında təxmin edilir. Bunların üçtünə ərəbləşmiş türklənləri də gəlsək, onların sayı iki qat artır. Suriyadakı türkmənlərin başında olanKal Muhamməd Mustafa Paşa, onun oğlu Haçı Nasan Mustafa Paşa,şemdi Faruk Mustafa Paşa Əcəmdəki Belva Merhan( Selva) kəndində yaşayırlar. Özləri Suriyadakı türkmənləri yüzillərdir bir arada toplayan Haçəli tayfasındandır.

    Suriyada toplam 523 türkmən kəndi vardır. Suriya hökuməti, son illərdə türkcə yer adlarını ərəbləşdirməyə başlayıb. Əsabəyli – Əsəviyyə, Kabamaz – Bəlutiyyə, Merhan – Selva, Daşlıoyuk – Talhacr, Turunca – Umitüyur, Karınca – Behlüliyyə olmuşdur. Suriyada türkcə təhsil verən bir məktəb olmadığı üçün türkmənləri bir arada tutan hər hansı təşkilat yoxdur. Kənd və qəsəbələrdə yaşayan türkmənlər öz aralarında türkcə qonuşmağı sürdürürlər. Yüksək təhsil alan türkmənlərin sayı çox azdır və onlar da Türkiyədəki məktəblərdə oxumuşdur. Türkcə çıxan mətbu yayın orqanları, 1922-ci ildən 1937-ci ilə qədər sürgündə olmuş Refik Halitin sayəsində çıxan “Doğru Yol” və “Vəhdət”dir. Suriya türkmənləri şivələri və ədəbiyyatları baxımından Türkiyənin bir uzantısı kimidir. Suriyada qonuşulan ağız da, Türkiyənin Hatay bölgəsində qonuşulan türkmən ağızlarının eynidir. Hama və Humus türkmənlərinin şivesə isə əski Osmanlı dilinə daha yaxındır. Və bazi hallarda Azərbaycan türkcəsinə də yaxın sayılır. Suriyanın Ağ dəniz sahillərində başda Lazzikiyə şəhər mərkəzində Basit, Bayır, Behlüliyyə, Kesap məhəllərində Bayır-Bucaq türkmənləri yaşamaqdadır. Suriya hökuməti burada son illərdə türkcə yer adlarını ərəbcəyə çevirmişdir. Lazzakiyədə olan bəzi türkmən kəndləri: Karamustafa, Büyükpınar, Kıy Çiçekliyaz, Hayat, Sallor, Al Yamamah, Assamra, Şamam, Um Tuyur, Zənzəf, Turunc, Meydancık, Hacranlı, Hasancık Saray, Camuslu, Bədirsiyə, Karaca, Camurlu, Bostancık, Fakıhasan, Karabacak, Mollomahmutlu, Ubeydiyə, Karamanlı Kara Cücük, Türkmenli, Çalkamanlı, Ali, Elmalı, Abanlı, Bayır, Gebelli, Dervişhan, Gebere, Şeren, Karaahmet, Yumuşak, Melikli, Kebir, Murtlu, Karakisa, Ulucak, Karapınar, Karamanlı, Yukarı Karamanlı, Saldıran, Karacagöz, Asapınar, Kulcuk Pınar, Cukurcak, Nisibin, Daşdaşan, Covkaran, Sarraf, Kapıkaya, Ablaklı, Kapaklı, Canacık, Çınarlı, El Kasap, Kislecik, Kuruca, Kızınca, Ağcabayır, Sulayıp. Osmanlı Dövləti dönəmində Türk əhalisinin idari mərkəzi Hələb idi. Hələb küçələrində türkcə qonuşulan bir yerdi. Türk memarlığı və sənət əsərləri Hələbdə olduqca çoxdur. Hələb şəhərində türkmənlərin sayı 400 min təxmin edilir. Hələbdə bəzi bəzi türkmən kəndləri: Kərpicli, Daşlıoyuq, Sakizlar, Bozluca, Ağdaş, Beyliz, Kanlı Köy, Gavureli, Belverən, Kurucu Höyük, Taşatan, Dadlı, Belli, Sakkalveren, Kara Yakub, Karataş, Karakuz, Balalıköy, Bandarlık, Duraklı, Anbarlı, Karabaş, Birelli, Avşar, Küllü, Dabık, Yazlı bağ, Kara Mazraa, Azak, Havaköy, Sinekli, Çobanbey, Kurt, Öküzöldüren, Kalkum. “Humusda kim desə ki, mən türkmən deyiləm, demək o Humuslu deyil”. Bunu Suriya tarixçisi Süheyl Zakkar deyib. Həm o, həm də əski ərəb tarixçisi Bin Əl Əsirə görə, 11-ci əsrdə Humusu böyük bir zəlzələ tamamilə viran etmişdir. Sonra Humusu yenidən təmir edən türkmənlərdir – zingilər və Səlcuqlular. Humusun mərkəzində əski yerlərindən birində adı Haratul-Türkmən və əski şəhər qapılarından biri Babu-Türkməndə (Türkmən qapısı) bu günlərdə yaşayan türkmənlər təmamən ərəbləşmişlər. Türkmənlər genəlliklə Humusda və Humus kəndlərində və bəzi Hama kəndlərində yaşamaqdadır. Osmanlı imperatorluğunun dövründə buralara yerləştirilməyə dəvət edilən oymaqlar bunlardır: Kara Avşar, Ünallı, Düşer oğlanı, Hama Deyeri, Mustafa kethüda, Hama Düyeri, Dərviş kethüda, Şam Bəymişlisi, Hüccətli, Kapu-uyak, Çozlu Çerkez-oğulları,

    Bozlu, Salur türkmənləri, Dindaş oğlu, İsmail Bozuluca, Gəncəli Avşar, Qızıl Əli, Kara Halil.

    Humus və Hamaya bağlı bazi türkmən kəndləri: Zara, Mitras, Bdada, Arcun, Alhusun, Dar Kabira, Kızıl, Burc Kaya, Akrab, Kara Halilli, Tulluf, Hazzur, Huvvur El Türkman.

    Türkmənlərin kütləvi yaşadığı yerlərdən biri Künteyra bölgəsi Fələstin sınırlarına çox yaxındır. Qafqazdan gələnlər 1878-ci ildə buraya yerləşmişlər. Buradakı bəzi türkmən kəndləri: Hafr, Əl Qadiriyyə, Kafr Hafah, Zabya, Əl Rezzaniyyə, Əhmədiyyə, Hüseyniyyə, Ayn Kura, Ayn Sümsüm,Ayn Alak, Üleyka, Ayn Ayşa , Şam və Draa şəhərlərində türkmənlərin oturduğu böyük bir məhəllə vardır. Ayrca Havran ovasında da türkmənlər var. Şamda və Draada olan bəzi türkmən kəndləri: Kaldun, Ruhaybə, Adra, Busra, Maarba, Burak kəndləri var.

     

    DR.MUKHTAR FATIH TÜRKMƏNOĞLU

  • Ən pisi də odur ki, bütün dünya bu ədalətsizliyə susur

    samirasadliSon bir neçə gündür, Suriyada hücumlara məruz qalan Türkmən dağı ilə bağlı məlumatlar yenidən gündəmə gəlib. Bayırbucaq bölgəsinə hücum edən Əsəd və İran qüvvələri türkmənlərin yaşadığı bölgədə nəzarəti ələ keçirməyə çalışır. Rusiya təyyarələri isə bölgəni havadan bombalayır. Bununla da 25 min türkmən qətliam təhlükəsi ilə üz-üzə qalıb.
    Qeyd edək ki, Bayırbucaq türkmənlərinin məruz qaldığı bu qətliama qarşı Azərbaycan dövlətinin laqeyd münasibəti sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. Dünyada baş verən siyasi proseslər, Dağlıq Qarabağ münaqişəsi fonunda hökumətin ehtiyatlı addımlarının başadüşülən olduğunu vurğulayan ictimaiyyət ölkənin müxalif partiyalarının susqunluğunu anlamadığını dilə gətirib. Maraqlıdır, doğrudanmı müxalifət partiyaları Bayırbucaq türkmənlərinin qətliamına səssiz qalıblar, yoxsa onların yaydığı bəyanatlar geniş şəkildə işıqlandırılmayıb?
    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) İcra Aparatının rəhbəri Samir Əsədli də partiyalarının türkmən qətliamı ilə bağlı bəyanat yaydıqlarını deyib. VHP funksionerinin sözlərinə görə, Suriyanın rejimə bağlı ordusunun Rusiya bombardmançılarının dəstəyi ilə Türkmən dağında apardığı savaş türkmənlərə qarşı soyqırımdır: “VHP olaraq, Rusiyanın apardığı bu etnik təmizləmə, soyqırım siyasətini qətiyyətlə pisləyir və bütün dünyanı buna biganə qalmamağa çağırırıq. Rusiyanın terrorizmə qarşı mübarizə adı altında Suriyada apardığı əməliyyatların
    böyük bir hissəsinin terrorizmə aidiyyəti olmadığını düşünürük. Digər partiyaların bu qətliamla bağlı reaksiyasını bilmirəm, amma Azərbaycan dövləti bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymalıdır. Orada baş verən uşaq ölümləri, qadınlara qarşı münasibət heç bir ədalətə sığmır. Ən pisi də odur ki, bütün dünya bu ədalətsizliyə susur. Türkiyənin də ora hərbi yardım göndərməsi ilə bağlı yayılan məlumatlar hələ ki öz təsdiqini tapmayıb. Faktiki olaraq, türkmənlər biçarə vəziyyətdədir və öz qüvvələri hesabına İran, Suriya, Rusiya ordusuna qarşı döyüşür. Bu isə o deməkdir ki, türkmənlər Yer üzündən silinmək təhlükəsi altındadır”.
    S.Əsədli onu da deyib ki, VHP-nin qərargahında Partiyanın sədri Sabir Rüstəmxanlının dəvəti əsasında Suriya-Türkmən Cəbhəsinin İdarə Heyətinin üzvü geniş bir konfrans keçirib, türkmənlərin üzləşdiyi problemlərlə bağlı Azərbaycan cəmiyyətinə çatdırdılar. Məlum oldu ki, 5 milyon türkmən öz gücü hesabına mübarizə aparır.
    Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib ki, hər hansı bir hadisə ilə bağlı partiya sədrinin verdiyi açıqlama elə partiyanın mövqeyi kimi qəbul olunur: “İkinci bir tərəfdən də Bayırbucaq türkmənlərinə qarşı aparılan bu amansız əməliyyatlarla bağlı müxalifət partiyalarının bəyanat verib- verməməsinin heç bir mənası yoxdur. Bizim üçün ən təəssüfləndiricisi odur ki, nə Güney Azərbaycanda baş verən hadisələrə, nə də Suriya ərazisindəki türkmənlərin məruz qaldıqları qətliamlarla bağlı dövlətin ciddi mövqeyi oldu”.
    Bu gün Suriyada baş verən proseslərin daha ciddi bir problem olduğunu vurğulayan VİP sədri deyib ki, faktiki olaraq orada soyqırım baş verir: “Hizbullahın və İranın iştirakı ilə quru qoşunları, havadan isə rus təyyarələri proseslərə müdaxilə edir. Həmin ərazi türklərdən təmizlənir. Bu, insan haqlarına zidd bir addım olduğu halda Türkiyədən başqa heç bir ölkə türkmənlərin haqqını belə müdafiə etmək cəsarəti nümayiş etdirmədi. Yalnız Türkiyənin Baş naziri Əhməd Davudoğlu hökumət adından Rusiyaya sərt bəyanat verib, türkmənlərə mənəvi və lojistik dəstək olacaqları barədə rəsmi mövqe bildirib.
    Bayırbucaq türkmənlərinin Azərbaycan dövləti tərəfindən müdafiə olunmasını zəruri hesab edən VİP sədri deyib ki, burada əsas məsuliyyət müxalifət qüvvələrindən daha çox hakimiyyətin üzərinə düşür: “Hətta yeri gəlsə, Azərbaycan türkmənlərə kömək üçün silah və hərbi qoşun da ezam etməlidir. Amma çox təəssüflər olsun ki, bizim hakimiyyət yenə də susmağa üstünlük verdi”.
    Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu isə partiya olaraq Bayırbucaq türkmənlərinin başına gətirilən fəlakətlərə səssiz qalmadıqlarını bəyan edib: “Bəşər Əsəd, Rusiya və İranın birləşmiş hərbi qüvvələri Suriyanın yerli xalqı olan Bayırbucaq türkmənlərinin yaşadıqları əraziləri bir neçə gündür bombardman edir. Minlərlə İran polisi və muzdlu Əfqan, livanlı və hətta iraqlı polislər qurudan hücuma keçərək türkmənləri qətlə yetirməkdə, on minlərlə türkməni yurd-yuvasından didərgin salmaqdadır. Türkmən dağında gedən döyüşlərdə türkmən komandanları və onlarla türkmən döyüşçüsü şəhid olmuş, 10-dan çox türkmən kəndi boşaldılmış, 200-ə qədər türkmən yaralanmışdır. On minlərlə türkmən Rusiya bombalarına və Əsədə kömək edən qüvvələrə hədəf olmamaq üçün, Türkiyə sərhədlərinə axın ediblər. KXCP öz bəyanatında dünya ictimaiyyətindən və beynəlxalq təşkilatlardan insanlığa qarşı törədilən bu cinayətlərin durdurulmasını xahiş edib. Biz türkmən qətliamında iştirak edən bütün dövlətlərdən, bu qəddar qətliamı dayandırmağı tələb edirik. Amma bir-iki partiyanın mövqeyi ilə məsələ həll olunmur. Hesab edirəm ki, ümumilikdə dövlət, cəmiyyət müstəvisində türkmən qardaşlarımızın, cocuqlarımızın başına gətirilən fəlakətlərlə bağlı kəskin mövqe nümayiş edilməsini məqsədəuyğun hesab edirəm. Hər nə qədər gec də olsa, tərpənmək lazımdır”. X.Teyyublunun sözlərinə görə, dünyada və regionda baş verən proseslərə Azərbaycan cəmiyyətinin reaksiyası heç vaxt adekvat olmur. Bu isə ölkədə siyasi durğunluğun hökm sürməsindən irəli gəlir.
    Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəylinin dediyinə görə, Azərbaycan müxalifəti heç vaxt milli məsələlərlə bağlı mövqe nümayiş etdirmir: “Onlar ümummilli maraqlardan daha çox özünün siyasi maraqlarını üstün tutur. İqtidarın geosiyasi münasibətlər, ölkə ilə bağlı reallıqları nəzərə almaq məcburiyyətindən açıq şəkildə öz mövqeyini bəyan etməkdən ehtiyatlanması təbiidir. Şübhəsiz ki, dövlətimizin geniş imkanları olsaydı, türkmənlərin müdafiəsi istiqamətində real addımlar atardı. Bəs, özünü müxalifət adlandıran qüvvələr niyə susur?”.
    Bayırbucaq türkmənlərinə qarşı törədilən bu qətliamı bütün türk dünyası üçün böyük bir milli faciə kimi dəyərləndirən BAXCP sədrinin müavini deyib ki, Türkiyə bu meydanda tək qalmalıdır: “Əslində bu gün Bayırbucaqda baş verən hadisələrdə müəyyən mənada Türkiyə iqtidarının buraxmış olduğu kobud səhvləri xüsusi şəkildə qeyd etmək lazımdır. Türkmənləri zərbə altında qoya biləcək hər hansı bir addımların atılmasına ehtiyac yox idi. Atılırdısa da, Türkiyə hakimiyyəti türkmənlərin müdafiəsi üçün bufer zonasının yaradılması istiqamətində ciddi addımlar atmalı idi. Bayırbucaq türkmənlərini bu cür ağır bir zərbə altında qoyduqdan sonra hansısa kiçik yardımların edilməsi qətliamın qarşısının alınmasına imkan vermir. Ona görə də, Türkiyə ilə birlikdə bütün türk dövlətləri türkmən qətliamına qarşı kəskin mövqe ortaya qoymalıdır”.
    Konkret olaraq, BAXCP-nin mövqeyinə gəldikdə isə sədr müavini deyib ki, türkmənlərin taleyi onlar üçün hər zaman aktual problem olaraq qalıb: “Daha əvvəllər də türkmənlərin müdafiəsi ilə bağlı açıq bəyanatlar vermişik. Eyni zamanda, BAXCP-nin siyasi kursunun müdafiəçisi olan “Xalq Cəbhəsi” qəzetində az qala hər gün türkmənlərin problemləri, onlara qarşı törədilən soyqırım hadisələri öz əksini tapır. Partiyanın ayrı-ayrı funksionerləri də mütəmadi olaraq bu məsələ ilə bağlı öz mövqelərini nümayiş etdirirlər. Amma nə olsun? Bizim səsimiz dünyaya çatmır. Hətta çatsa belə, dünya səsimizi eşitmək ədalətində deyil”.
    Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Oruclu isə Türkmən dağında baş verən qətliamları ürəkağrısı və böyük bir həyəcanla izlədiklərini vurğulayıb: “Bu hadisəyə müxalifət-iqtidar olmasından asılı olmayaraq bütövlükdə cəmiyyət öz etirazını bildirməlidir. Hesab edirəm ki, müəyyən geosiyasi münasibətlərdən dolayı dövlətin kənara qoyulması da haqlı yanaşma deyil. Biz demirik ki, dövlət münaqişədə birbaşa iştirak eləsin. Humanitar yardımlar etməyə də gücü çatmır?”.
    Türkmənlərin Azərbaycandan köçürülərək Suriya-İraq ərazisində məskunlaşdırılan insanlar olduğunu vurğulayan AMİP funksionerinin sözlərinə görə, onlar Türkiyə türklərindən daha çox azərbaycanlıların soydaşlarıdır: “Biz dövlət və xalq olaraq öz soydaşlarımıza dəstək olmalıyıq. Bu məsələni sadəcə müxalifətin üzərinə atmaq da doğru deyil. Lap atılsa belə, müxalifətin əlindən nə gəlir ki?! Müxalifət liderlərinin bəyanat yayması heç nəyi dəyişməyəcək. Türkmənlərə əməli yardımlar olunmalıdır”.
    Şəymən