Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Şuşanın işğalından 24 il ötür…

    Bu gün Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 24 il ötür.

    Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

    Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

    Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

    Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

     

    shusha_33

    susa2

    susa1

    susa

    susa4

    susa3

  • İlkin fenomeni

    SamirAsadli222Saxta seçki, qeyri-demokratik yolla hakimiyyətə gələnlər həmişə savadlı, məntiqli, aydın baxışlı, mübariz insanlardan qorxurlar. Çünki cahil, avam adamlardan fərqli olaraq, savadlı insanları qorxutmaq və aldatmaq, onları istənilən kimi idarə etmək mümkün deyil. Məhz bunun nəticəsidir ki, əlində onlarla TV, radio, yüzlərlə qəzet, sayt olan hökümət müstəqilliyi qoruyub saxlamış tək-tük media orqanını da susdurmaq istəyir. Metro stansiyalarında hər növ pərakəndə satışa şərait yaradılır, yalnız qəzet və kitab satışına imkan vermirlər. Bir qayda olaraq avtoritar rejimlər xalqın qəzet, kitab oxumasını, ümumilikdə maariflənməsini istəmir. Belə rejimlər həmişə xalqı qorxu, xof altında saxlamağa, oxumalarına, savadlı olmalarına imkan verməməyə çalışır. Bu gün Azərbaycan gəncliyinin fəal kəsimi demokratik idarəçilik tərəfdarları və onun uğrunda savaşanlardır. İndiki gənclik hərəkatı (partiya gənclər komitələri, ictimai yönümlü gənclər qurumları, bloggerlər və başqaları fərq qoymadan birlikdə çağdaş Azərbaycanın gənclik hərəkatını təşkil etdiyini qəbul etməliyik) rahat şəraitdə deyil, repressiya, təzyiq altında formalaşıb, ayaqda qalıb.

    Son on ildə gənclərin kütləvi həbsinə başlanılandan sonra tam əminliklə deyə bilərik ki, gənclərin ölkənin demokratikləşməsində rolu artmaqdadı. Bu mübarizədə İlkin Rüstəmzadənin böyük əməyi olub. Gənclik illərinin bahar dövrünü həbsxanada keçirməsi heç də yalançı və böhtançı hakimiyyətin onu ittiham elədiyi “xuliqanlıq”, “Harlem shake”lə bağlı deyil, məhz bu mübarizə, demokratiya amili ilə bağlıdır. İlkini aktiv vətəndaş mövqeyinə, az vaxt içərisində öz mübarizə əzminə, gənclər arasında geniş populyarlıq qazandığına görə həbs etdilər. Həmin vaxt keçirilən əsgər ölümləri ilə bağlı iki kütləvi aksiyada onun müstəsna rolu var idi. 12 yanvar və 10 mart aksiyaları gənclik hərakatının formalaşasında mühüm rol oynadı. 2013-cü ilin 26 yanvarında sosial şəbəkə vasitəsilə təşkil olunan İsmayıllıya dəstək aksiyasının da əsas əlaqələndiricisi İlkin idi. Hakimiyyətin bütün repressiv addımlarına baxmayaraq, bu tədbirlərin kütləviliyinin təmin edilməsində, aksiyanın dinc, zorakı olmayan qaydada baş tutmasında Ilkin Rüstəmzadənin böyük rolu olmuşdur. 21 yaşlı İlikinin cəmiyyətdən təcrid edilməsi, saxta və bir az da gülməli ittihamlarla həbs edilməsi onun bu aksiyalardakı təşkilatçılığı, gənclər arasında nüfuzu və mübarizə əzmi ilə bağlı idi. İlkin 2009-cu ildə Azərbaycan İqtisad Universitetinin informatika və idarəetmə fakültəsinə daxil olub. Bu həbs onun təhsilini yarımçıq qoydu. Amma İlkin vətənpərvərlik, azad düşüncə uğrunda mübarizə imtahanından alnı açıq çıxdı və ən böyük universitet olan həyat ona kamillik diplomu verdi. Natamamlıq girdabına yuvarlanmış bir ölkədə 24 yaşında kamillik diplomu almaq hər gəncə nəsib olmur. İlkin indi 24 yaşına doğru gedir, ancaq çox insanda olmayan müdriklik, dəyanət və dözüm var bu oğlanda. İlkininə deyiləcək başqa bir söz varmı?! Sadəcə və sadəcə, “Səninlə fəxr edirik, İlkin!”

    Samir Əsədli

  • Dağlar türkün ruhudur

    İmdat AVŞARİmdat AVŞAR

    Məlum olduğu kimi, Türkiyədə nəşr olunan “Koroğlu” jurnalının may sayı Xalq şairi Sabir Rüstəmxanlıya həsr edilib.

    Dərgidə yaxın günlərdə 70 yaşını qeyd edəcək ədibin türkcəyə çevrilmiş şeirləri, eləcə də müxtəlif qələm adamlarının yazıları və şair haqqında fikirləri, təbrikləri yer alıb.

    Biz də təbriklərə qoşulur, dərginin bu sayının tərtibçisi, redaktoru, şeirlərin və yazıların tərcüməçisi, Azərbaycan ədəbiyyatının yaxın dostu İmdat Avşarın jurnalda yer alan yazısını oxucularımıza təqdim edirik.

    Sovet İttifaqının dağılması gənclik illərimizə təsadüf etdi. Universitetə ayaq basdığımız o illər (1988-1992) içimizdə milli ruhun közərdiyi, hətta alovlandığı inqilab sonrası illərdi… Sovet İmperiyasının xəfifcə aralanan “Dəmir pərdəsi” arasından, duman-çən içində fəğan edən türk ellərini görməyə, ordakı qardaşlarımızın səslərini eşitməyə başlamışdıq…

    sabirbey2Biz Türkiyədə:

    Hanı mavi dənizlərim,
    Üç qitədə nal izlərim.
    Kormu oldu bu gözlərim
    Cəsusları seçməz daha…

    – deyə kədərli, soyuq türkülər söylərkən birdən-birə illərdir Azərbaycanda təzyiq altında əzilsə belə hələ də gur, həyat dolu səsləri, daha doğrusu, səsimizin ata yurdlarında ucalan əks-sədasını eşitməyə başladıq…

    Keçər qardaşların məğlubiyyəti,
    Üç qitə yolunda ayağım yorğun.
    Vətən güclü isə, ucadır bayraq
    Vətən yıxılanda bayrağım yorğun…

    Yavuz Akpınar və İbrahim Bozyelin nəşr etdirdiyi “Qardaş ədəbiyyatlar” dərgisində yayımlanan yazıları, şeirləri təşnə içində oxumağa başlamışdıq. Jurnalın az qala hər sayında şeirləri çap edilən Xəlil Rza Ulutürk, Məmməd İsmayıl, Məmməd Araz, Məmməd Aslan, Sabir Rüstəmxanlı kimi şairlərin şeirlərini dəfələrlə oxuyur, əzbərləyirdik. Məmməd İsmayıl, Sabir Rüstəmxanlı adlarını beynimə həkk etmişdim. Bu iki qüdrətli şairlə dost olacağımı haradan biləydim ki? Sonra Azərbaycanı müstəqilliyə aparan Meydan Hərəkatı başladı. Artıq Azərbaycandan görüntülər də gəlirdi və şeirlərini böyük coşqu ilə oxuduğumuz şairlərdən Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlının meydandakı çıxışlarına şahid olurduq. Sağ əlini havaya qaldırmış, meydandakı yüz minlərə xitab edərək odlu nitqlər söyləyən o gur saçlı, yaraşıqlı şair hamımızın qəlbində ayrı bir yer tuturdu. Azərbaycanı, söz-söz, misra-misra azadlığa daşıyan bu şair Sabir Rüstəmxanlıdan başqası deyildi və biz onu qiyabi sevirdik. Sabir Rüstəmxanlıyla ta
    nış olmağı, onunla danışmağı, dərdləşməyi, bu duyğularımı ona çatdırmağı çox istəsəm də o illərdə qismət olmamışdı.

    İllər sonra, 2003-cü ildə dostum Aslan Quliyev zəng etdi və:

    – Sabir bəy bir romanını türkcəyə tərcümə etdirmək istəyir, ona səndən danışdım, telefonunu da verdim, sənə zəng edəcək, – dedi.

    Elə sevinmişdim ki, təxminən iki ay Azərbaycandan gələcək o zəngi gözlədim… Zəng etdiyində ona nələr söyləməliyəm, deyə hazırlaşmışdım… Zəng etdi, danışdıq… Dostluğumuz, ağabəy, qardaş münasibətimiz də o zənglə başladı, görünməz sevgi bağlarıyla bir-birlərinə bağlandı ruhumuz. Uzun illər böyük qardaşını itirmiş adamın yenidən qardaşına qovuşduğu andakı sevinci yaşamışdım… Onun Azərbaycan gəncliyinə yol göstərdiyi və gəncliyin istənilən problemi öz tarixinə dönərək həll edə biləcəyinə işarə vurduğu “Difai fədailəri” romanını türkcəyə çevirib və nəşr etdirmişdim. Bu vəsiləylə onu Kayseriyə dəvət etdim. “Yeni üfüqlər” dərnəyinin köməyi ilə bu kitabın tanıtımını və nəşrini həyat keçirdik, İmza günü təşkil etdik…

    Ertəsi gün onu Kayseri şəhərinin sahibiymiş kimi qürurla ucalan Ərciyəs dağına apardım… Soyuq bir fevral günüydü. Ərciyəsin keçid verdiyi tək nöqtə olan Tekir yaylasında maşından düşüb, bu ehtişamlı dağın ətəyində fasilə verdik və zirvəni seyrə daldıq. Sərt külək əsir, qarı hər tərəfə sovururdu. Ərciyəs dağının zirvəsi dumandan, borandan görünmürdü. Dağlardan, türk millətinin, türk ozan və şairlərinin dağlarla olan bağından danışmağa başladıq… Tanrı dağları, Altay, Balkan, Qafqaz… Şəhriyar, Koroğlu, Dadaloğlu… Heybətli dağlar və ulu ozanlar keçdi gözümüzün önündən…

    Mən:

    – Ustadım, tariximizdə, ədəbiyyatımızda, dastanlarımızda, şeirlərimizdə dağların çox önəmli bir yeri var. Bunun səbəbi nədir? – soruşdum.

    Sabir bəy bir müddət eşitmirmiş kimi susdu və birdən:

    – İmdat bəy, dağlar türkün ruhudur, – dedi. – Min tufan görsə də, əsla əyilməz.

    Sabir Rüstəmxanlı Yardımlı rayonunun Hamarkənd adlı bir dağ kəndində doğulmuş, uca dağlar qoynunda yetişmiş bir el oğludur və ulu dağların oğlu sayılır bu üzdən. Ondakı əyilməz ruhun qaynağı da budur… Bəzi oğullar bir ailə üçün doğular, bəzilərisə bir millət üçün… Bir millət üçün doğulan və bu il 70 yaşı tamam olan müdrik şairimiz Sabir Rüstəmxanlını təbrik edir və ona uzun ömür arzulayıram.

    Tərcümə: Cavid QƏDİR

  • Sabir bulağı

    yaxud xalqın şairi, haqqın nasiri

    Sabir Rüstəmxanlının  70  illiyinə  essevari fraqmentlər

    …Çoxdan tanısam da, dəfələrlə görüşüb duz-cörək kəssək belə,  xalqın şairi, haqqın nasiri, Türkün  görkəmli oğlu Sabir Rüstəmxanlı  haqqında ilk dəfədir ki,  əlimə qələm alıb yazıram. Bu gecikmiş yazıya görə, özü olmasa da,  onu dəfələrlə sayılıb-SEÇİLƏN  ölkə ziyalıları arasından  millət vəkili  SEÇƏNLƏR  və  türk dünyasına  səs salan  əsərlərinə  görə  sevənlər  məni bəlkə də qınayacaq. Amma  burası da var ki,  çox vaxt  qələm əhli  özünə doğma bildiyi şəxsiyyətlər haqqında yazmaqda çətinlik çəkir. Yaddaşımın saxlancında Sabir bəylə bağlı o qədər faraqmentlər var ki,  hansından başlayım, özüm də bilmirəm… 

    Birinci fraqment:  Tale elə gətirdi ki, 80-ci illərin sonu  Sabir bəyin Masallıda   müstəntiq işləyən qardaşı  Əlövsət  bəylə bir müddət  qapıbir  qonşu olduq. Bakıdan Yardımlıya  gedəndə Sabir bəy  həmişə yolüstü  Əlövsətgilə  baş çəkərdi. Milli ruhun  oyanmasına  təkan verən “Ömür kitabı”nın oxucular tərəfindən  böyük maraqla oxunduğu  vaxtlar idi.   Bir dəfə necə oldusa, Əlövsətgil evdə  olmadı.  Sabir bəyi evə dəvət edib “mən də sizin qardaşınız, buyurun bizə” dedim.  O, gülümsünərək  “çox sağ olun, yolçu yolunda gərək” dedi və dönüb getmək istədi. Bu zaman  qapı ağzında  üç yaşlı  oğlum İsmayılın əlində  ağ,  qalın cildli  “Ömür kitabı”nı görəndə ayaq saxladı.  Və  döş  çibindən  çıxardığı qələmlə avtoqraf yazıb  mənə  öz ömür kitabımı yazmağı dilədi.

    İkinci  fraqment  və ya görüşümüz Almaniyadan  yaşayan və  əslən  Cənubi Azərbaycandan olan dostu İbrahim Əhrari ilə birlikdə Yardımlıya  səfərimiz oldu. Bu, mənim həm də Sabir bəyin öz dünyasına sözün əsl mənasında, ilk ekskursiyam idi: Masallının qaynar İstisuyundan yuxarı –  dağlıq əraziləri keçəndən sonra sakit təbiət qoynuna çəkilib, daşların-qayaların qoynundan süzülüb gələn dupduru  çayın  hövzəsində  dəbdəbədən uzaq  xudmani süfrə açmağımız, təndir çörəyi,  üzlü-gözlü motal pendiri,  yüksək keyfiyyətli “Drezden” arağı və Sabir bəyin şirin söhbətləri… Gördüklərim -eşitdiklərim sanki öncədən hazırlanmış ssenaridə yazılmışdı .

    Sonra Sabir bəy  yaxınlıqdakı yoxuşu cəld və çevik addımlarla qalxaraq bizə   qocaman  palıdın dibində çağlayan  bulağı  göstərdi…  İlahi, elə  bil  mən  ondan yox, o, məndən on iki yaş gənc idi… O zaman Xəlil Rza Ulutürk “Sabir  Rüstəmxanlı şəlaləsi”  adlı  şeirini yazmışdı. Mən də tövşüyə-tövşüyə, nəfəsimi güc-bəla ilə dərib  adsız  bulağa  “Sabir  bulağı” dedim və əyilib  çeşməsindən su da içdim.   Amma  o dağlara  çıxmağın  yorğunluğu uzun müddət  canımdan çıxmadı…

    Mən  Sabir bəyin sayəsində onun doğma kəndi  Hamarkənddən adını eşidib üzünü görmədiyim başı qarlı Savalanın  ilk dəfə  uzaqdan  seyr etdim. Və  Xəqani Şirvaninin  ulu  Savalanı  vəsf etdiyi  bu misraları xatırladım:

    Səadət qibləsi Savalan dağı,
    Şərəfdə Kəbətək qazanıb şöhrət.
    Kəbə yaşıl geyər, ağ bürünər o,
    Çünki, ehram tutan geyər ağ xələt…

    Üçüncü fraqment: Bir müddətdə sonra  Yardımlıda   tikdirdiyi  yarımçıq evində olduq.  Yenə  dəbdəbədən uzaq süfrə açıldı, qarpız,  pendir,  deyəsən  bu dəfə  boyat bozartma da vardı… İkinci mərtəbənin hələ çərçivəsi salınmayan   pəncərələrindən Yardımlının  möhtəşəm  mənzərələri görünürdü.  Dördükünc, eyni  ölçülü-biçili  o  pəncərələrdən  elə bil  daş  çərçivəyə  salınmış  canlı taplolar “asılmışdı”.  Sabir  bəy  sağlıq söyləyəndə  dedi ki, rəhmətlik Səttar Bəhlulzadə sağ indi sağ   olsaydı ,  burada oturub  əziyyət çəkmədən  bu  mənzərələri  kətana köçürərdi… 

    Dördüncü fraqment:  1990-cı il,  Faiqin toy günü…  Xudu kişinin  öz əli saldığı bağda Yardımlı rayon partiya komitəsinin birinci katibi Fəzail Tağıyev başda olmaqla bir neçə yüksək vəzifəli şəxslər, Əlövsət bəyin Masallıda hüquq –mühafizə orqanlarında çalışan həmkarları ilə gözəl təamlar düzülmüş toy masasının ətrafında oturub Sabir bəyi dinləyirik. Mənimlə üzbəüz  əyləşən  “Salam dar ağacı”  kitabının müəllifi  şair Rüstəm Behrudini  ilk dəfə yaxından görürdüm və nədənsə  o an içimdən   “Salam,  çörək ağacı”  adlı  bir  esse  yazmaq keçdi.  Sabir bəy  o zaman bir il olardı ki,  Azərbaycanda ilk müstəqil, demokratik ruhlu  “Azərbaycan” qəzetini  təsis etmişdi və  onun baş redaktoru  idi.  İki  il idi ki, milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən biri kimi  tanınırdi.  Faiqin toy günü bəlkə də heç kim ağlına belə gətirmirdi ki,  vur-tut bir neçə aydan  sonra Sabir bəy Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biri,  1991-ci ildə Mətbuat və İnformasiya naziri  olacaq…

    …O toy  gecəsi  Hamarkəndən Yardımlıya,  ordan  da dağlara qıvrıla-dıvrıla dolanan  yolla  Masallıya dönəndə  Xəzər adlı  ümmüna can  atan Vıləş çayına düşən  dolğun və parlaq Ayın əksinə baxa-baxa  Sabir  bəy haqqında   düşünürdüm . Axı  o da bu  coşqun  dağ  çayına  oxşayırdı:  Hamarkənddən –  ata ocağından  götürdüyü  nuru  ürəyində  tonqala  çevirib Azərbaycan adlı  ümmana, böyük  Türk dünyasına  işıq daşıyırdı.

    O zaman  44-45 yaşlarında  Sabir bəyin ən üstün cəhətlərii  nədə idi?   Nəfsinə müxalifətçilik etməkdə,  haqqa yar olmaqda,  qılıncla qələmin  birliyini  yaratmaq  amalı ilə yaşamağında… Əgər söhbət demokratik dövlət quruculuğundan gedirdisə,  demək, vəzifədən  istefa vermək,   hər hansı  mükafatdan  imtina  etmək adamdan   cəsarət və  yüksək mədəniyyət tələb  edir.

    Məncə  92-də MM –in sədrliyinə  namizədliyini  geri götürməsi,  95-də  nazir postundan istefa verməsi, 96-da Prezidentinin fərmanıyla  təltif  olunduğu “Şöhrət” ordenini   almaqdan imtina etməsi  Sabir Rüstəmxanlının  ilk nöbədə  mənsub olduğu türk xalqına, Azərbaycan dövlətçiliyinə hörmət və ehtiramından qaynaqlanırdı.  O, nazir olanda qapısı  Azərbaycanın bütün  bölgələrindən  olan  yazarların üzünə açıq oldu. Gəlin görək,  indi  hər hansı nazirin,  komitə sədrinin,   icra başçısının,  heç  şöbə müdrlərinin qəbuluna düşmək olurmu?!

    Haşiyə: …Rəhmətlik Nüsrət  Kəsəmənlinin  Sabir  bəyə  ötən   əsrin  70-ci  illərində  həsr elədiyi  bir şeiri var:  “Mənim  bu şəhərdə kimim var axı,  hər qapı döyməyə  əlim gəlməyir…”.   Doğmalarının  qapısının zəngini çalmağa  qalxmayan o  əllər Sabir bəyin  qapısını  ərklə döyə  bilir. Niyə? Sabir bəyin ki,  o zaman heç bir titulu, fəxri adı ki, yox idi!  Çünki ürək  genişliyi Sabir bəyə  atadan-babadan,  Rüstəmxandan  miras qalmışdı,  layiq  olduğu titulları da, fəxri adları da,  oxucu sevgisini də ona   QƏLƏM  Xaqan   qazandırdı …

    Əsas fraqmentlərdən biri: Bu məqamda mən Sabir bəyin və onun qardaşlarının  xarakterində əsas   rol oynayan  Xudu  kişi haqqında  bir –iki  kəlmə yazmaq istəyirəm. Xudu kişi ilə Əlövsətgildə çox həmsöhbət olmuşdum.  Dünyagörmüş,  zəhmətkeş kişi idi.  Bir dəfə  Masallıdan Yardımlıya getmək  üçün bir taksiyə yaxınlaşır.  Adətən, İsgəndərli köpüsündən  aşağısında dayanan  taksilər  dörd  nəfə sərnişin  götürməmiş  yola düşməzdilər.  Özbəy adlı   bir taksi sürücüsü Xudu kişini şəxsən  tanıyır  və  qabaqda  oturacağda oturan çavan  oğlana deyir ki, sən  keç arxada otur, bu kişi Sabir Rüstəmxanlının atasıdır,  bir  oğlu Əlövsət də Masallıda müstəntiq işləyir, qoy  o, qabağda rahat otursun!

    Xudu kişi sürücüyə də, cavan oğlana  da üzünü tutub deyir ki:  –  Ay bala, siz Sabirə, Əlövsətə görə yox,  ağsaqqal olduğuma görə  mənə hörmət edin!..

    Bəli, çox gözəl  ibrət dərsidir. Yəni  hər ağsaqqalın ola  bilər  ki,  Sabir Rüstəmxanlı, Əlövsət Əliyev, Şahbaz Xuduoğlu  kimi oğulları olmasın,  amma bu o demək deyil ki, sən  o ağsaqqala  hörmət etməyəsən!..

    Bir dəfə də Əlövsətlə  stadionda  futbol oynayanda  yüngülcə mübahisə  etmişdik və  ondan  küsmüşdüm.  Xudu kişi  növbəti dəfə onlara baş çəkməyə gələndə necə oldusa, incik olmağımdan  duyuq düşdü və  Əlövsətə dedi:  –  Bala, sənin  Yardımlıda  böyük  qardaşın Sadatdı, Sumqayıtda  Mədətdi, Bakıda Sabirdi, Masallıda da Nurəddin…

    Xudu kişidən  bütün övladlarına  – Sabir bəy başda olmaqla Sadata, Mədətə, Əlövsətə, Şahbaza, Faiqə, Dilavərə, Cəlala hazırcavablıqla bərabər,  gözütoxluq, mərdlik, mətinlik  kimi xüsusiyyətlər, dözümlülük, zəhmətsevrlik  və  haqq-ədalət  uğrunda mübarizlik əzmi keçmişdi.  Onu  da  qeyd edim ki,   Sabir bəy  atası Xudu  kişinin son günlərini, psixoloji dəqiqliklə “Atamın Ruhu” romanında  çox   maraqlı  və yaddaqalan   ştrixlərlə qələmə almışdır. 

    90-cı illərin ortalarında baş redaktoru olduğum “Masallı” qəzetində   respublikanın tanınmış ziyalılarına, xalq şairi və yazıçılarına ünvanlanan  müraciətim  böyük əks-səda doğurdu. Həmin  müraciətə  ilk münasibəti  bildirən Sabir bəy oldu:  “ … Özünü ziyalı adlandıran şəxs respublikada bu gün baş verən  proseslərdən kənarda qala bilməz! Bəzən deyirlər ki,  yazıçı və şairlərin  borcu  ancaq yazmaq, yaradıcılıqla  məşğul  olmaqddır. Amma şair və yazıçı mücərrəd bir auditoriyaya müraciət etmir, hər bir əsərin  konkret ünvanı var. Bu ünvanın adı  Azərbaycan xalqıdır! Sevinirəm ki, bu müraciəti mənim millət vəkili seçilmiş olduğum bölgənin ziyalıları ediblər. Doğrudan da Masallı ziyalılar rayonudur…”

    Sabir bəy təkcə  sözdə  bu fikri demirdi,   həm də  dəfələrlə  istər Bakıda,  istər Masallıda  ziyalılarla  görüşürdü…  O,  bu gün də  bir ağsaqqal qələm sahibi  olaraq  indiki çağda ziyalıların enerjilərini millətin inkişafına deyil, məhkəmələrə sərf etməsini yolverilməz hesab edir… Və  çalışır ki, bir-birindən  incik düşən ziyalıları   barışdırsın!

    Sabir bəyin  bir  gözəl kəlamı da  var: “Dünyada yalnız xalqın sevgisinə bel  bağlamaq olar! Ən etibarlı abidə də, ən toxunulmaz arxiv də xalqın yaddaşıdır!”

    Hərçənd Napoleon Bonapart  kimi  sərkərdə  “Yaratmaq məsələsində  zor gücsüzdür” desə də, son zamanlar ZORUN bir çox yaradıcı adamlardan,   vətənpərvər  insanlardan  güclü olduğuna  az şahid olmamışıq. Mən  “Qarabağa aparan yol” qəzetində  redaktor müavini  olanda  bir müddət  parlament müxbiri  kimi   MM-in  iclaslarında  iştirak etmişəm…   Yadımdadır,   bir dəfə cari məsələlər müzakirə   olunanda   deputatladan  biri tanınmış tele-jurnalistin anasının  ünvanına   nalayiq sözlər dedi,  əslində  jurnalistən çox Azərbaycan qadını  təhqir olundu. Yalnız Sabir bəy özündə cəsarət tapıb  öz  çıxışında həmin  deputata  etiraz elədi.

    Yaxud Türkiyənin “Kanal 24” telekanalında Şah İsmayıl Xətai təqhqir olunanda  yenə Sabir bəy və  həyat yoldaşı, “Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə  Rüstəmxanlı  öz  etiraz səslərini  ucaltdılar. Sabir bəy parlamentdə  Azərbaycandan həmin kanala himayədarlıqda adı hallanan qurumdan məsələyə aydınlıq gətirməsini xahiş etsə də, demək olar ki, onun təklifinə laqeyd yanaşdılar.  Görəsən niyə?  Məgər millət vəkilləri  Xətai Yurdunun –  Şah İsmayıl Səfəvidən  dili,  Ali divan  məclisi, ərazisinin  yeddidə bir hissəsi  miras qalan Azərbaycanda ən yüksək  maaş aldıqlarının fərqində deyildilərmi?!  Üstəlik  deputalar arasından  da Şah İsmayılın ünvanına təqnqidi fikirlər səsləndirənlər oldu və böyük qardaş  dediyimiz Türkiyədə  Şah İsmayılı  aşağılayan  kitablar nəşr olundu,  “Möhtəşəm yüz il” serialında  həm özü,  həm oğlu Təhmasib şah  yenə  təhqir olundu…

    Sabir Rüstəmxanlı  çox haqlı  olaraq bir şeirndə deyir:  “bir çiçəyin mehrinə sıxılıb ağlamayan məni anlamaz əsla!” Sabir bəy  ölüvaylığın,  cəhalətin, cahilliyin,  sərkərdə mundiri geymiş  köləliyin əleyhinədir:

    Yandır, şəhid qanı, bu daşı yandır!
    Bu daşa çevrilən qardaşı yandır!
    Ya tamam yox elə, ya da oyandır,
     Bu uzun cəhalət uyğusu bitsin…

    Dünən olduğu  kimi  bu gün də  Sabir Rüstəmxanlının  daxilində  sönməyən  Zərdüşt odu var. Sabir Rüstəmxanlının əlində Xətainin qılıncı  kimi  kəsərli qələmi var. Onun amalı “Əbədi sevda” və Ata  yadigarı olan ruhla “Tonqal başında” Vətəndaş  həmrəyliyinə  xidmət etməkdir!  Çünki Türk xalqının nicat  yolu – Zəka  qüvvələrinin birliyindədir, zəka qüvvələrinin vəhtəti isə Qılıncla Qələmin  həmrəyliyindədir…

    Son söz yerinə təbrik:  Sabir bəy, dağ  adamları  binayi – qədimdən  Allaha yaxın  olublar. Bu gün düz otuz il öncə Sizinlə dağlara çıxıb  – “Sabir bilağı”ndan su içdiyim günü xatırlayanda, ürəyimdə bu arzu keçdi: Qoy o uca dağlar- “Rüstəmxanlı şəlaləsi”, “Sabir bulağı” 70 illik yubileyinizə hədiyyə kimi  ruhunuzu  daha  da  cavanlaşdırsın!

    Nurəddin ƏDİLOĞLU,
    yazıçı-publisist. (29.04.2016)

  • Rafiq Manaflı: “Rusiya ordusunu Azərbaycana gətirmək istəyi ən böyük xəyanətdir”

    “Qüdrət Həsənquliyev həm də onu adam edən Hərəkata və hərəkatçılara qənim kəsilib”

    Son günlərdə ölkə daxilində müharibə ab-havasının yaşanması bir çox siyasətçilərin Qarabağ probleminə yanaşmalarında da müəyyən dəyişikliklərlə müşayiət olunur. Vaxtilə Rusiya hərbi arsenalının Azərbaycandan uzaqlaşdırılmasının qatı tərəfdarlarından olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin siyasi davranışlarında da deyilənlər öz əksini tapmaqdadır.
    Rəhbərlik etdiyi partiyanın mətbuat xidmətinə müsahibə verən Qüdrət bəy Azərbaycanın təhlükəsizliyi məsələsi və Qarabağ problemi ilə bağlı özünün fikir yerdəyişmələriylə müşayiət olunan mövqe ortalığa qoyur. Onun bildirdiyinə görə,“Ukraynada baş verənlər vəziyyəti bir qədər də çətinləşdirib. Bundan sonra Rusiyanın daha açıq formada Azərbaycana hərbi təcavüz etməsi bir az da asanlaşıb”.
    Müharibə aparan dövlətin özünə müttəfiqlər tapmasını hər zaman vurğuladığını bildirən Həsənquliyev Azərbaycanın “Qoşulmayanlar Hərəkatına üzv olduq. Faktiki surətdə özümüzü bitərəf elan elədik” formulasında təqdim etdiyi durumundan əndişələndiyi qənaətindədir: “Ermənistanın hərbi-siyasi müttəfiqi Rusiyadır və hərbi bazaları var. Azərbaycanın kimi var? Ən yaxın bizə Türkiyədir. Birinci Qarabağ savaşında mərhum Əbülfəz Elçibəy deyirdi ki, mən Türkiyədən iki vertolyot ala bilmədim ki, Kəlbəcərdən dinc əhalini çıxardım. Türkiyə müharibənin ən qızğın dövründə Avropa Birliyinin təkidi ilə Ermənistana taxıl verdi. Yəni Türkiyə də müəyyən mənada müstəqil dövlət deyil. Avropadan, Amerikadan asılı bir dövlətdir. Hadisələrin gedişi bunu göstərir. Ona görə də Türkiyəyə də güvənməyinə dəyməz”.
    Q.Həsənquliyevin fikrincə ortalıqda Dağlıq Qarabağ problemi olduğu üçün “Azərbaycan istəsə də onu NATO-ya heç kim qəbul etməyəcək. Ermənistan bu gün Rusiyanın hərbi-siyasi müttəfiqi olsa da, Krımın işğalına haqq qazandırsa da, BMT-də Rusiyanı dəstəkləsə də, yenə də Dağlıq Qarabağ məsələsində dünya bizim deyil, Ermənistanın yanında olacaq. Birinci Qarabağ savaşında da gördünüz ki, erməni bizim torpaqları işğala məruz qoydu, ancaq “907-ci düzəliş”i bir sanksiya kimi Amerika bizə tətbiq elədi. Burada erməni diasporu faktoru var. Ona görə də bizim NATO-ya girməyimiz real deyil və bu istiqamətdə də ciddi səylər göstərməyə dəyməz. Bircə qalır Rusiya ilə dil tapmaq. Yəni Rusiya ilə hansı formadasa razılaşıb, onun maraqlarını regionda təmin eləmək, neft-qaz siyasətini razılaşdırılmış şəkildə həyata keçirmək. Lazım gələrsə qazı Rusiyaya satmaq olar. Lazımdırsa burada Rusiyanın hərbi bazaları yerləşdirilsin. Yəni Azərbaycan öz dövlət müstəqilliyindən imtina etməmək şərti ilə bir çox suveren hüquqlarından Qarabağ naminə güzəştə gedə bilər”.
    Bütün bunların ikitərəfli sazişlər əsasında olmasının vacibliyini vurğulayan BAXCP sədri “Rusiya öhdəlik götürməlidir və Ermənistandan tələb etməlidir ki, Azərbaycandan işğalçı ordusunu çəksin, əraziləri boşaltsın, Dağlıq Qarabağ problemi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Əgər bu da mümkün deyilsə, Rusiya bu şərtləri də qəbul eləmirsə, onda Azərbaycanın gözləməkdən və hərbi potensialını gücləndirmək, artırmaqdan başqa çarəsi yoxdur” qənaətindədir.
    Qeyd edək ki, BAXCP sədrinin açıqlamalarına münasibətdə müxalifət düşərgəsində təmsil olunan qüvvələr daha sərt mövqedən çıxış edərək ironik yanaşmayla “siyasi müstəvidə pis yola düşdünsə, daha o yolun yolçususan” mövqe sərgiləməkdədirlər: Məsələyə münasibətini bildirən Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflının fikrincə, “bir dəfə namusunu itə atdınsa, ölənə kimi də adın elə qalacaq. İnamı, etibarı bir dəfə itirənlərin aqibətini politoloji yanaşmalarında xəyanət, satqınlıq mövqeyi sərgiləyənlər də yaşayır. Və beləliklə, xəyanətlər silsiləsi sənin ömürlük yol yoldaşına çevrilir”.
    VHP funksionerinin bildirdiyinə görə, i belə yanaşmalar prizmasında Qüdrət Həsənquliyev tək deyil: “Qüdrət Həsənquliyev ilk xəyanətini indi onunla parlamentdə yanaşı oturan satqın dostları ilə birlikdə lideri Əbülfəz Elçibəyə qarşı etdi, Xalq Cəbhəsini parçaladılar… Sonra bu adam Əli Kərimliyə xəyanət etdi. Xalq Cəbhəsini dəyişdi…İndi də neçə illərdir ki, onu yetişdirib adam edən hərəkata və hərəkatçılara qənim kəsilənlərin birincisi olub”.
    Yeri gəlmişkən, VHP Siyasi Şurasının üzvü Rafiq Manaflı özünün sosial şəbəkədə olan profilində də belə davranışları “öz dövlətinə xəyanət” kimi dəyərləndirib: “Azərbaycanı təzədən Rusiyanın buxovuna keçirmək davası açmaq, rus ordusunu təzədən Azərbaycana gətirtmək istəyində bulunmaq dövlətə qarşı ən böyük xəyanətdir. Baxmayaraq ki, Həsənquliyev bu dövlətdən ən çox yararlanan kəslərdən biridir…Bu dövləti biz yararlanmaq üçün qurmamışıq, qürurlanmaq üçün qurmuşuq!!!”.

    İgid Teymurlu

    milletinsesi.az

  • “Hər gələn Mayıs üçün Nisan ağlar, mən ağlaram”

    Sabir Rüstəmxanlı0000“Ruslar erməni soyqırımını ortaya atmaqla öz soyqırımlarını unutdurmağa çalışırlar”

    Xalq şairi Sabir Rüstəmxanlı 70 il bayram kimi qeyd etdiyimiz işğal günü, 28 aprel tarixi ilə bağlı fikirlərini bölüşüb.

    S.Rüstəmxanlı ilk olaraq bildirib ki, 28 May Azərbaycan tarixində nə qədər şərəfli bir gündürsə, 28 aprel də o qədər acı, millətə faciə gətirmiş bir tarixdir:

    “Bir çox mühacir həyatı yaşayan qələm əhli, mühacir ziyalılarımız 28 mayla, 28 aprellə bağlı çox ciddi yazılar qələmə alıblar. O yazıların hamısında 28 may millətin şərəf tarixi kimi qeyd olnursa, 28 aprel də millətin faciə günü kimi qeyd olunur. “Hər gələn Mayıs üçün Nisan ağlar, mən ağlaram” deyirlər.

    Millət sovetlər birliyinin qorxusu altında olsa da hər gələn Mayıs üçün nə az, nə çox, düz 70 il həsrət çəkib. Çünki 28 May Azərbaycanın müstəqillik günü, Azərbaycan Cumhuriyyətinin qurulduğu, Şərqdə ilk demokratik respublikanın yarandığı, üç rəngli bayrağın qaldırıldığı gün, Cənubi Qafqazda Azərbaycan adlı müstəqil bir dövlətin qurulma günü idi. Amma 28 apreldə mayda qazandığımız nə var idisə əlimizdən çıxdı. 28 May tarixi bizi millət olaraq dünyaya tanıtdı, dünya dövlətlərinə tanıtdı, millətin əxlaqının bərpa olunması istiqamətində addımlar atıldı. 1918-ci ilin mart ayında bolşevik erməni birləşmələrinin Azərbaycanın müxtəlif guşələrində törətdikləri faciələrin hamısını sənədləşdirdi, tarixin itməsinə imkan vermədi. Yeni bir dövr başladı və Azərbaycan başını dikəldib dünyaya “Mən də varam”, “Çar Rusiyasının 100-ildən artıq işğalında qalmağıma baxmayaraq mən ruhumu, dilimi, varlığımı, dövlət qurmaq qabiliyyətimi itirməmişəm” dedi. 28 May bu demək idi. 28 aprel tarixi isə iki ildə qurulanların üzərindən xəttə çəkdi və millətin qara günləri başladı”.

    Xalq şairi 1920-ci il tarixindən Stalinin ölümünə qədər Sovet Rusiyasının millətimizin başına gətirdiyi faciələri də sadalayıb:

    “Bayaq radioda bir verilişi dinləyirdim. Verilişdə səsləndirdilər ki, 1920-ci ildə Azərbaycanda nə qədər qırğınlar oldu, Azərbaycan türkləri məhv edildi. Hətta bu tarixlə bağlı rəqəmlər də səsləndirdilər, ancaq həmin rəqəmlərdə səhvə yol verdilər. Qeyd etdilər ki, 1950-ci illərə qədər 400 min insanın qətlə yetirildiyi, represiya qurbanı oldu. Təəssüf ki, bu rəqəmi deyənlər sürgünləri yaddan çıxarırlar, təkcə öldürülənləri deyirlər. Halbuki öldürülən insanların sayı 400 mindən qat-qat artıqdır.

    Təkcə 1920-ci ilin aprel ayından başlayaraq bir il ərzində 48 min Azərbaycan aydını məhv edilmişdi. Baxmayaraq ki, XI qızıl ordu müxtəlif vədlərlə gəlmişdi ki, güya Azərbaycandan keçib Türkiyəyə gedəcəklər, yardım edəcəklər. Milli hökumətlə anlaşmışdılar ki, burada qırğın olmayacaq, hər şey sakitliklə həll olunacaq, sərhədlər daxilində Azərbaycan dövləti öz varlığını sürdürəcək. Ancaq gələndən üç il sonra Kirovun başçılığı ilə komissiya yaratdılar və bu gün də ürəyimizdə yara olan Dağlıq Qarabağa, ermənilərə muxtariyyət verdilər. Halbuki o vaxt bütün mənbələr yazırdı ki, Dağlıq Qarabağda ermənilər olsa da, Zəngəzur şübhəsiz bütövlükdə Azərbaycan torpağıdır. Baxmayaraq ki, orda olan azərbaycanlıları 1905-18 illərdə qırıblar.

    Zəngəzur tərtəmiz Azərbaycan torpağıdır, Qarabağdakı ermənilər mübahisələr etsələr də, bura da Azərbaycanın torpağıdır. Təssüf ki, o vaxt səpilən şər toxumu hələ də göyərməkdədir, Qarabağ faciəsi indi də davam edir.

    28 apreldən sonra rus ordusu şimaldan Azərbaycan sərhədlərini aşıb Samux çayını keçən kimi girdikləri hər kənddə dinc əhalini güllələməyə başladılar. Heç bir günahı olmayan adamları gülləyə düzərək Bakıya kimi gəldilər. Bakıya gələndən sonra da bir ildə 48 min yüksək intellekt sahibi ziyalımızı, Milli hökuməti quran, dayağı olan insanları, generalları, alimləri öldürdülər. Nifrətlərinin həddi o qədər idi ki, Şuşada Qacar nəslindən olan üç generalı tikə-tikə doğramışdılar. Ümumiyyətlə onların niyyəti bu milləti tikə-tikə doğramaq idi və onu da bacardılar. Hər il də bu davam etdi, əgər statistikaya baxsaq hər il 40-45-50 min adam qırıldığının şahidi olarıq. Hər on beş dəqiqədən bir bir ziyalını, aydını məhkəməsiz, filansız güllələyirdilər. Bu millətin nə günahı var idi axı?! Sosializm, bolşevizm adına, yeni bir cəmiyyət adına gəlib bir milləti bu qədər məhv etmək bolşeviklərin Azərbaycanda apardığı soyqırım siyasəti idi. Ruslar erməni soyqırımını ortaya atmaqla öz soyqırımlarını unutdurmağa çalışırlar”.

    S.Rüstəmxanlı daha sonra qeyd edib ki, bu hələ bolşevizmin fiziki məhv etmək siyasəti idi və bunun bir mənəvi repressiya tərəfi də vardı: “Mənəvi repressiya da ondan ibarətdir ki, milləti türk dünyasından qopartdılar, millətin adını, əlifbasını dəyişdirdilər, tarixini saxtalaşdırdılar. Sanki biz iyirminci yüzillikdə yaranmış millətik, azərbaycanlı deyərək millətin keçmişini, soyadını əlindən aldılar. Milləti millət, xalqı xalq edən nə qədər dəyərlər vardısa məhv etdilər. Milləti həm fiziki, həm də mənəvi cəhətdən məhv etmək üçün nə qədər imkanları vardısa, hamısından istifadə elədilər.

    Bütün bunların da bünövrəsi 28 aprel tarixindən başlayır.

    Bu gün radioda dinlədiyim verilişdə 28 aprellə bağlı faktların ardınca böyük şairimiz Süleyman Rüstəmin sözlərinə yazılmış “Cənnət görmək istəyən Azərbaycana gəlsin” mahnısı səsləndirildi. Burada böyük paradoks yaranır. Bir yandan deyirlər ki, o rejim azı 400 min adam öldürdü və onun da ardınca da o dövrdə yazılmış bir mahnını səsləndirirlər. Represiyaların qoynunda öz qanında boğulan Azərbaycana cənnət demək olardımı? O vaxtın mənəvi terrorlarından biri də o idi ki, o vaxtkı böyük şairlərimiz Kremlin çaldığına oynamağa məcbur edilmişdi. Onlar “Ey qızıl Moskva yazırdılar”, əslində qızıl yox, qanlı Moskva yazaydılar. Millətimizin başına gətirlən o qədər faciələri millətin səadəti, xoşbəxtliyi kimi qələmə verirdilər. Millətə əzab da verilər, zülm də olar, tarix boyu sınaqlardan da keçər, amma yaşadıqlarımızın ən iyrənc tərəfi o idi ki, balanı, atanı, əmini, dayını gözünün qabağında öldürürdülər, sonra da sən bunu bayram kimi qəbul etməlisən deyirdilər. Budur 28 aprelin mahiyyəti.

    Şükrlər olsun ki, tarix təzədən öz sözünü dedi, 1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini elan elədi. 28 aprel tarixinin üzərindən birdəfəlik xətt çəkildi, 28 aprel küçəsinin adı dəyişdirilib 28 may küçəsi oldu. Bu, tarixin ədalətidir və onu göstərir ki, heç bir xalqa əbədi olaraq zülm etmək mümkün deyil. Xalq varsa, iradəsi varsa, təzədən öz varlığını, bütövlüyünü, böyüklüyünü dünyaya göstərəcək”.(moderator.az)

  • VHP-çi gənclərin lideri Kiyevə gedib

    amalnezerliVətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının sədri Amal Nəzərli 24-30 aprel 2016-cı il tarixlərində Kiyev şəhərində “İnformasiya savaşı” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün bu gün Ukrayna paytaxtına yola düşüb.

    Konfrans CDNEE-in (Şərqi Avropa Kooperativ İnkişaf Şəbəkəsi) təşkilatçılığı ilə keçirilir və təşkilat sədrinin toplantıda çıxışı da nəzərdə tutulub.

  • Sabir Rüstəmxanlı: “Mən tərəflərin barışmasına çalışıram”

    “Mən onların barışmasına çalışacağam və hər hansısa bəyanatdan xəbərim yoxdur”. Bu sözləri xalq şairi Sabir Rüstəmxanlı Qulu Məhərrəmlini dəstəkləyən bəyanatla bağlı bildirib.

    Yenicag.az-a açıqlama verən S.Rüstəmxanlı qeyd edib ki, “Ziyalıların enerjilərini millətin inkişafına deyil, məhkəmələrə sərf etməsini hər zaman yolverilməz hesab etmişəm. Mənə Qulunun müdafiəsi üçün ziyalıların bir araya gəldiyi bildirildi və məni də orada görmək istədiklərini bildirdilər. Telefonla da köhnə dostum Qulu Məhərrəmlini dəstək üçün yaradılan heyətdə adımın yazılmasına etiraz etmədim. Mən bu heyətdə olmağa onun üçün razılıq verdim ki, onların arasında barışdırıcı missiyanı daşıyım, onları barışdırım. Hər iki köhnə dostu bir araya gətirib, problemləri məhkəməsiz həll edək. Bunu da mənə zəng edənlərə demişəm. Hər ikisini illərlə tanıdığım üçün hesab edirəm ki, biz ziyalılar olaraq, bu məsələdə tərəf olacağıqsa, barışıqdan tərəf olmalıyıq. Düşünürəm ki, mətbuat üzərindən söz savaşını dayandırıb tərəflər arasında dialoqu bərpa edərsək, bundan tərəflər də, cəmiyyət də qazanar. Ancaq Arif Alışanov əleyhinə verilən bəyanatdan da xəbərim yoxdur və imza da atmamışam. Mən dediyim kimi, problemi qarşılıqlı bəyanatlarla deyil, öz aramızda dialoq yolu ilə çözmək tərəfdarıyam”.

  • VHP-nin təşkilat sədri vəfat etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının Gəncə şəhər təşkilatının sədri Asəf Məmmədəliyev dünyasını dəyişib.

    Bununla əlaqədar partiyanın yaydığı başsağlığında deyilir: “VHP-nin gənc və əqidəli üzvlərindən olan Asəf Məmmədəliyevin vaxtsız vəfatı bizi dərindən kədərləndirir. Asəf Akif oğlu Məmmədəliyev 28 yanvar 1975-ci ildə Gəncə şəhərində anadan olmuşdu. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alan Asəf tələbəlik illərindən aktivliyi ilə seçilib, Tələbə Həmkarlar Təşkilatına rəhbərlik edib. Əmək fəaliyyətinə 1991-ci ildə usta kimi başlayıb, Gəncə Tara İstehsalat LTD müəssisəsində briqadir və sex rəisi işləyib. 2003-cü ildən Azərsu ASC-nin Gəncə Su Kanal TSC-də aparıcı iqtisadçı kimi çalışırdı. 1989-cu ildən Azərbaycan Xalq Hərəkatının fəallarından və Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəal üzvlərindən olub. 2002-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının Gəncə şəhər təşkilatının üzvü, 2004-cü ildən isə Gəncə şəhər təşkilatının sədri idi. İki yadigarə qalan Asəf səmimi dost, millətini, dövlətini sevən vətəndaş idi.

    VHP mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

    Allah rəhmət eləsin.

    463723_104479633053914_1606328955_o

    10653282_10207713699373510_6929309965314347317_n

    12573912_960708064006221_3010704868758865531_n

  • Gürcü gənc siyasətçilər VHP-də olublar

    imageBu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının sədri Amal Nəzərli Gürcüstanın İnkişaf Fondunun təmsilçiləri David Narouşvili, Giorgi Taktakaşvili və Dima Boluaşvili ilə partiya qərargahında görüşüb.
    Görüşdə Fond ilə VHP Gənclər Təşkilatının, eləcə də Azərbaycan gənc siyasətçiləri ilə gürcü siyasətçilərinin əlaqələri müzakirə edilib.
    Həmçinin ölkədə, Qafqaz regionunda baş verən siyasi olaylar da müzakirə pridmenti olub.
    Sonda fond ilə VHP Gənclər Təşkilatının əməkdaşlığı barədə razılıq əldə olunub.