Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Milli intibah nədən başlanır?

    Sabir Rüstəmxanlı

    Xalqın gələcəyinə, toplumlar savaşınd özünü qoruya biləcəyinə təminat verən hərəkətverici qüvvə, mənəvi qida, güc nədir və ya nədədir?

    Tarixi inkişafın hər hansı bir məntiqi, qanunu varmı; bu inkişaf hansı fəlsəfi yanaşma və ya sistemlə izah oluna bilər?

    Bəşəriyyətin gəlişmə qanunauyğunluqları adına onlarla ideya və “nəzəriyyə” irəli sürülüb… Bəziləri iddəa edir ki, cəmiyyət, fizika kimi, dəqiq qanunlara yaşayır; ardınca başqaları deyir ki, tarixi inkişaf heç bir bəlli qanuna və ya məntiqə sıgmır, belə bir qanun yoxdur, varsa da onu aşkarlamaq mümkün olmamışdır.
    Bütün bunlar, tarixin özü kimi, tarixciliyi də çətin duruma salır; cünki öyrənilən sahənin qanunauyğunluqlari müəyyən deyildirsə, onu araşdıma metodlarında da sistem yarana bilmir və bu sahəylə bağlı əsərlər də həmişə mübahisəli olur…

    Tarixi təbiətin bir parçası kimi öyrənmək istəyənlərin sayı-hesabı yoxdur. Yəni insan cəmiyyəti və onun tarixi də bioloji orqanizm kimi doğulur, yaşayır, ölür. Bu xəttə yaxın olan tarixçilər yer üzündə yaranmış sivilizasiyaları təbiətin konkret çağırışına cavab hesab edirlər…

    Böyük köçlər, kəşflər, sənayedə inqilab, iqtisadi inkişaflar və böhranlar, dialektik materializm, modernləşmə, qiymətlərin qalxması və enməsi, demoqrafık dəyişikliklər, passionarlıq, coğrafi şərait, təbii sərvətlər, savaş, elm və təhsil, əlaqələr sistemi və s. Bunların hansı biri əsasdır? Gücə, böyüməyə, inkişafa qida verən bunlardan hansıdır?

    Hər tarixçi cəmiyyətin inkişafına səbəb olan gizli çıxış nöqtəsini bu sayilanlardan birində axtarmışdır… Ancaq sonucda bu modellərin heç biri sivilizasiyaların və cəmiyyətlərin inkişaf və süqutunun səbəblərini, qalxma-enmə dövriliyini aça bilmir… Buna görə də son dönəmlərdə keçmışın riyazi müstəvidə öyrənilməsinə, xronologiyaların dəqiqləşdirilməsinə meyl artır. Ancaq bu xronologiyalar da sonda sistemsiz rəqəm zincirləməsindən başqa bir şey deyildir. Yəqin bütün bunlara görə də postmodernistlər tarixçiliyin obyektiv ola biləcəyinə ümumiyyətlə inanmırlar…

    Görünür bu axtarış qısırlığının əsas nədəni tarix qapısına salınan açarlardadır. Tarixə başqa elmlərin ənənəvi açarları düşməz! Tarixi elmlərin dar çərçivələri əhatə edən,emprik qanunlarıyla dərk emək olmaz!.. Bəlkə unudulan başqa amıllər də var: Allahın iradəsi, ruh, yer tarixiylə kosmik mövcudluğun əlaqəsi! Və xüsusən də mənəviyyat!

    Bir həqiqət də var ki, deyilən sualın cavabını aramaq təkcə tarixçilərin işi deyildir; bu həm də ədəbiyyatın mövzusudur və əslinə qalanda böyük söz ustaları da zamaanlar içində öz istedadlarını elə bu işə sərf etmişlər: insan, onun cəmiyyətdəki yeri, kamilləşmə yolları, insan və təbiət, insan və Tanrı, insan və ölüm… Bunlar ədəbiyyatın da əsas araşdırma mövzularıdır.Tarix insanın hərəkətidir, ədəbiyyat düşüncəsi.`

    Azərbaycanın bu günü və gələcəyi, türklüyün tarixi və taleyi, Azərbaycan insanının mənəvi durumu, yaşadığı faciələr, ümid və arzular son iki yüz ildə ədəbiyyatımızın başlıca mövzusu olmuşdur.

    Bu müstəvidə həm də dünyanı görmək olur!

    Azərbaycan xalqının son ikiyüzillik tarixi – faciələr tarixidir. Sovet dövrü yazıçılarına bu zəhəri bal adına təriflətdiriblərsə də – yenə də söz adamları cəmiyyətin barometri olaraq bu faciəni hamıdan artıq duyur və bu faciələrdən qurtulmaq yolunu tapmaq üçün hamıdan çox enerji sərf edirlər.

    Kimlərəsə mübahisəli görünə bilər, ancaq mənim gəldiyim nəticə budur: xalqın gücü onun milli əxlaqındadır. Əxlaq ümumbəşəri dəyərdir. Lakin hər xalq onu bir cür dərk edir. Bir cəmiyyət üçün əxalqsızlıq sayılan münasibət başqa cəmiyyətdə normal qəbul edilə bilər. Buna görə də söhbət məhz milli əxlaqdan gedir.
    Azərbaycan türklərinin faciələri məhz milli dəyələrin unudulmasından, yıpranmasından, ayaqlar altına atılmasından, mənəvi iflasdan başlanmışdı.

    Milli maraq imperiya, hakimiyyət və din-məzhəb maraqlarına qurban verilmişdi. Dövlət var idi, hökmü başqa xalqın xeyrinəydi, hakimiyyət çayları başqasının dəyirmanını işlədirdi, saray və idarələr farslaşdırılır, türklüyə düşmən gözüylə baxılır; bununla yanaşı türkü türk edən düzlük, mərdlik, kişilik, sədaqət, cəngavərlik ənənləri də unutdurulurdu . Buna görə də mərkəzdənqaçma yaranmış, Azərbaycan paran-parça olaraq 20 xanlığa ayrılmışdı.

    Yeni dövr miilli dövlətçilik zərurətinin, demokratik idarəetmədən başqa yolun olmadığının Quzey Azərbaycanda dərkindən başlandı…

    İki ildə böyük bir yol keçildi, milli ideologiyanın təməli qoyuldu: türklük, islami dəyərlər, çağdaş yaşam tərzi…

    Əslində bu, bütün müsəlman, türk dünyası üçün ideal bir model idi…

    İndi gəlirik əsas mətləbimin üstünə…

    Haşiyə: İstanbulun fəthiylə bağlı çox gözəl və ibrətamiz bir əhvalat var. Türklər İstanbula yerləşib, onun bütün qan damarlarını öz varlıqlarıyla doldurmuşlar. Bir coban ailəsi də İstanbulun ətrafında yerləşib. Ailənin balaca oğlu çöldə qoyun otarır. Axşam sürüsünü evə gətirəndə örüşdə azıb yazıq-yazıq mələyən bir quzu görür, onu da sürüsünə qatır və evlərinə gətirir. Quzunun mələrtisi kəsilmək bilmir və bu, ananın diqqətini cəlb edir. Oğlu quzunu çöldə tapdığını deyir. Ananın əhvalı pozulur. “Görürsən necə mələyir? Anasından ayrı düşüb! Sən məni itirsən necə olar? Sabah olunca quzunu alıb get, anasını bulub onları qovuşdurmayınca geri gəlmə!” (İndikilər olsa, tez bıçağı quzunun boğzaına çəkərdilər ki, səsi kəsilin, izi itsin). Ertəsi gün oğlan anasının dediyi kimi də edir. Bütün gün qan-tər içində sürüdən-sürüyə qoşur. Ancaq heç yerdə quzunu yaxın buraxan qoyun tapılmır. Axşam əlacsız evə dönəndə görür bir rumlunun (bizanslının) həyətində qoyun mələyir. Qapını açıb quzunu qucağından yerə qoyur. Quzu qoyunun altına cumur, sevincək onu əmməyə başlayır. Ana da balasını iyləyib rahatlaşır və mələrti kəsilir. Oğlan harda olduğunu unudub, anayla balanı qovuşdurmasının və öz anasının tapşırığını yerinə yetirməsinin sevinci içində bu mənzərəyə tamaşa edir. Bu vaxt evin sahibi işdən qayıdır. Türk uşağını həytində görən kimi onu oğru sanıb, qolundan tutub sıxma-boğmaya salır ki, nə işin var burda. Uşaq da əhvalatı olduğu kim danışır. Ev sahibi sürüsünə qayıtmış quzunu görüncə onu buraxır və xanımına deyir: “Biz məğlubiyyətə məhkumuq. Bizans yıxılmalıymış, övladlarımı belə halallıqla böyüdən xalqın qarşısında duruş gətirmək olmaz!”

    Mənim nəzərimdə bu əhvalatda da xalqların yüksəlişinə, çöküşünə, imperatorluqların doğuluşu və süqutuna, bəlkə də insanlığın tarixinə işıq salan çox sadə bir həqiqət var. Kökdə halallıq dayanmalıdır! Düzlükdən böyük güc yoxdur!

    Düzlük və bətəndaşa şərait yaratmaq. Hər kəsin sərbəst çalışmasına ,işləməsinə, qazanmasına ,sahibkar olmasına imkan vermək!

    Cilovun bazarın və bazarkomların əlinə verildiyi XXI yüzildə, kürəsəl sərmayənin və böyük axınların hər şeyi ayaqlayıb keçdiyi bir zamanda halallıq, düzlük, yüksək mənəviyyat anlayışlarının nə qədər arxaik və bəsit göründüyünün fərqindəyəm; ancaq tarixin ibrət dərsləri də var: nə bazar yenidir, nə böyük güclərin hegemonluğu, onların da hökmü bəlli bir yerə qədərdir. Amma mənəvi tarazlıq, nəfsə uymamaq, insanlıq ləyaqətini qorumaq, başqalarının haqqını yeməmək sadə göründükləri qədər də əbədi kateqoriyalardır. Və məhz bu kateqoriyalarda bütün xalqların təcrübəsi, fəlsəfəsi, inanc və dinləri biləşir…

    İslam dünyaya yüksək mənəvi dəyərlərin carçısı, insanlığın yüksəlişi kimi yayılırdı, çox vaxt ordunun gücünə ehtiyac qalmırdı. İbn Haldunun dediyinə görə o boyda İspaniya cəmi 40 min nəfərlik orduya təslim olmuşdu. Ancaq bəlkə də orduya yox, İslam əxlaqqı və fəlsəfəsinin yüksəliyinə boyun əymişdi. Lakin bu sonradan ərəb hegemonluğu iddiasına çevriləndə geri püskürdüldü.

    Bizlərə də elə gəlmişdilər, dinə boyun əydik, ancaq mədəniyyətcə bizdən aşağıda olan ərəblərə və ərəb dövlətlərinə boyun əymədik.

    Osmanlı üç qitəni yuxarıda dediyim böyük əxlaqla fəth etmişdi. Lakin sonradan türklüyünü qeyb etmiş gəvşək hakimlərin əqidəsizlikləri, milli- mənəvi dəyərlərdən uzaq düşmələri, qudurğanlıqları xarici düşmənlərin ölkənin taleyi ilə oynamalarina şərait yaradanda altıyüzillik imperatorluğ çökdü və Türkün milli dövlət və milli əxlaq sərhədlərinə çəkildi…

    Onnlarla belə misal çəkmək olar.

    Şübhəsiz, bizim Qarabağ savaşında müvəqqəti də olsa yenilməyimizin səbəbi ordumuzun, silahımızın yoxluğu, eks-sovet ordusunun ermənilərə açıq yardım etməsidir. Bununla belə, məncə, bu məğlubiyyətdə bir çox mənəvi dəyərlərimizi itirməyimiz, millət kimi öz kökümüzdən, ruhumuzdan ayrı düşməyimiz, vətən, yurd, ocaq sevgisinin yerini sərvət, hakimiyyət düşkünlüyünün tutması, milli birliyimizi tayfa, yerlibazlıq təəssübkeşliyinin əvəz etməsi, mərkəzin hiyləgər siyasəti qarşısında ağıl, əzm, dirəniş və müqavimət göstərə bilməməyimiz də az da olsa rol oynamışdır.

    Dəbdəbəli sarayları soyuq səngərlərə dəyişmədən, vətəni özün üçün yox, özünü vətən üçün sevmədən, yurdun azadlığı yolunda şəhid olmağı, qurban getməyi – xöşbəxtlik kimi qəbul etmədən, elinin hər ağacı, hər daşı üçün əsmədən onu qorumaq olmaz.

    Vətənə işğalçı gözüylə baxanın, onun hər nemətini ata malı kimi qamarlayann, meşəsinə, çayına, dənizinə rəhm etməyənin, üstümüzə gələn işğalçıdan fərqi azdır.
    Birincilər əl-qolumuzu boşaldanda ikincilərin yolu açılır.

    Türklər, o cümlədən biz Azərbaycan türkləri tarix boyu öz mərdlikləri, sadəlövhlük dərəcəsinə çatan düzlükləri, başqasının malına-mülkünə əyri gözlə baxmamaları, cəfakeşlikləri, könül dünyalarının zənginliyi, haqq işindən geri durmamaları ilə seçiliblər. Bunu tarximizin hər səhifəsi göstərir; özümüz də yazmışıq, başqaları da!.. Öyünmüşük ki, baxın, yabançı alımlər, səyyahlar bizim haqqımızda nə yazıblar, bizi necə yüksəkdə, qonşularımızı necə aşağıda görüblər. Düşünməmişik ki, bu təəssüratı yaradan bizim babalarımız idi, biz yox! Aradan çox sular axmış, nəsillər dəyişilmiş, Yad məktəblərin tərbiyəsi təsirsiz qalmamışdır.

    Və biz bu gün mənəvi fəlakətin ortasındayıq! Bunu görmədən, bilmədən, yazmadan, demədən, haray qaldırmadan, bu durumu dəyişmək üçün özümüzdə güc tapmadan beləcə yola davam etsək sonumuz yoxdur, ölümə məhkumuq!

    Yəqin bu torpağın üstündə yenə adamlar yaşayacaq, yəqin onlar yenə artıb törəyəcəklər… Ancaq bu, daha bizim idealımız olan xalq, Azərbaycan-türk xalqı olmayacaq!

    Heç kim inciməsin! Kaş dediklərim yanlış olsun! Bütövlükdə cəmiyyətin xəstəliyindən danışmaq çətindir. Adamlar xəstələnər! Ancaq yoluxucu vərdişlər getdikcə cəmiyyətin qanına işləyirsə bu da fəlakətdir və kimsənin ağlına gəlmir ki, bu durdurulmalıdır.

    Doğum evindən – qəbr evinə kimi! 40 il əvvəl də bunu yazmışdım, inidi də yazıram: “ Doğuşdan ölümədək bir arasıkəsilməyən ələbaxanlıq, rüşvət, əyrilik silsiləsi… Doğulanın sevincini duymadan onu xəstəxanadan çıxarmanin qayğısı kəsdirir üstünü; ölənin acısı bir yanadır, ona məzar yeri bulmanın, yasını vermənin yükü bir yana! Yasxanadan toyxanaya millət onu soymaq növbəsinə düzülənlərin əlində əsir! Hər yanın öz mafiyası. Saysız soyğunçu təşkilat!. Kim durduracaq bunları?”
    Bu günün məktəblisi– sabahın əsgəri və idarəçisidir. Həyat yoluna necə başlayırsa o cür davam edir! Uşaq psixologiyasna hopan və müqəddəs məktəb adına kölgə salan pul hakimiyyəti sevgi hakimiyyətinin böyüməsinə imkan verərmi?

    Məmur üzü – vətəndaş qarşısında daşlaşırsa, keçilməz səddə, divara dönürsə vətəndaş birliyindən və sevgisindən danışmaq çətinləşir!

    Belə toplum cır olar, qısır olar, bəhrə verə bilməz!

    Ailə, uşaq bağçası, orta məktəb, ali məktəb, məktəb proqramları, dərsliklər, müəllimlər… bütün problemləri ilə gözümüzün önündədir. Dövlətin məktəblərin yenidən qurulması sahəsində gördüyü böyük işlərə baxmayaraq təhsilin səviyyəsi hələ də acınacaqlıdır.

    Bunu, yaxud gənclərimizin iş problemlərini düşünək! Tədris ocaqlarındakı, cəmiyyətdəki bu mühitdə böyüyənlərin əlbəttə yüzdə əllisi orta məktəb imtahandan kəsilər; Şuşanın nə vaxt işğal edildiyini, Təbrizin harda olduğunu bilməz. Hələ bayrağımızı Rusiya bayrağı ilə qarışıq salmırsa ona şükür deyin!

    Dünyanın hər yerində, ən inkişaf etmiş ölkələrdə də problemlər, qanunsuzluqlar, cəmiyyəti narahat edən müşküllər var. Bunlar gələr-gedər. Ancaq elə təməl dəyərlər, elə özül daşları var ki, onlar yerindən oynasa dayaqlar sarsılar və cəmiyyət tar-mar olar. Ədalət, mülkiyyət hüququ, varislik, haqqı nahaqqa verməmək, kimsəsizlərə sahib çıxmaq, agıla, istedada yol açmaq, eli oğrudan-əyridən qorumaq, hökumət məmurlarının xalqı dövlətindən incik salmasına imkan verməmək… Bunlar minilləri aşıb gələn yazılmış və ya yazılmamış qanunlar, torələrdir. Hətta orta əsrlərin cəhalət dünyasında da insanlar malı-mülkü sarıdan daha güvənikli sayırdilar özlərini. Məmur öz nırxını qoyub istənilən mülkü dağıda, zəbt edə, xalqın aranına-yaylağına, gölünə-dənizinə sahib çıxa bilməzdi. Şuşaya, Kəlbəcərə gedə bilmirik, məlumdur. Bəs Göygölə niyə gedə bilmirik? Bəs Xəzər sahilləri kimlər tərəfindən işğal edilir? Vaxtilə erməni-bolşevik çətəsi Çəmbərəkənd qəbristanının yerində park salıb, şəhidlərimizin ruhunu təhqir etmək üçün oranı çal-çağır yerinə çevirmiş, məzarların üstündə restoranlar tikmişdilər. Biz dönə-dönə orda Soyqırım muzeyinin tikilməsinı təklif etdik, amma yenə cayxana-kafe tikildi, musiqisi də var yəqin. Bunu edənlərin şəhidlərin izini itirən erməni bolşeviklərindən fərqi nədədir görəsən?

    Adamları öz dövlətindən incik salmaq, gələcəyə olan ümidlərini qırmaq, qəddarlıq, mərhəmətsizlik mühiti yaratmaq, cəmiyyəti sevgisiz, yalançı, maddiyyatdan başqa bir şey düşünməyən, lovga, bir-birini bəyənməyən kütləyə çevirmək… Bunlar kapitalizmin, bazarın gətirdiyi bəlalardır, yoxsa tədricən millə xarakterimizə hopan bəlalar?

    Hər insan kimi hər millətin də öz taleyi, öz yolu, öz Allahı var. Bizə qurulan tələlərdən keçə-keçə bu günə gəlib çatmışıq. Vətənimizin bir parçasında da olsa müstəqil dövlətimizin mövcudluğu gələcəyimizin təminatıdır. Ölkə başdan-başa qurulur. Bunu inkar etmək omaz! Ancaq bir az da içimizin quruculuğunu düşünməliyik!.. İçdən çökdürüləni çölün bər-bəzəyi qorumaz!

    Azərbaycanın böyük gələcəyi xalqımızın milli əxlaqa və dəyərlərə söykənən yeni intibahından başlanacaq…

  • Yazıçının qalibiyyətlə nəticələnən savaşı

    aslanquliyevAslan Quliyevin yaradıcılığı qələm əhli üçün ölkənin baş kəndində, yəni ədəbi mühitin, ünsiyyət və mətbuatın gur yerində yaşamağın əsas və həlledici şərt olması barədə mövcud şablonu dağıdan, bu yanaşmanın ehkama çevrilməsinə imkan verməyən nümunələrdən biridir. O, Azərbaycanin bölünmüşlüyünün əziyyətini hər yerdən artıq çəkən, həyat şərtləri çox ağır olan ucqar bölgələrindən birində- Yardımlıda anadan olmuşdur və indiyə qədər də orda yaşayır. Buna baxmayaraq, çətinliklə də olsa, əsərlərini çap elətdirə bilmişdir; ədəbi mühitdə yetərincə tanınır, on dörd romanın, çoxlu kiçik həcmli nəsr əsərinin müəllifidir, sosial şəbəkədə fəaldır; yaradıcılığı ilə bu balaca rayonu çoxdan bəri ölkəmizin ədəbi coğrafiyasının mərkəzlərindən birinə çevirmişdir.

    Aslan bizim qonşuluğumuzda, evləri Qaraçaydan dikələn yamacların qaşına, təpələrin üstünə səpələnmiş Bilnə kəndində anadan olmuşdur. Günəş o təpələrin ardından, Xəzər tərəfdən qalxıb, bizim başımızın üstündən adlayaraq Savalan səmtində batarkən sonuncu şəfəqləri Bilnənin onlarla pəncərsində bərq vurur. Axşamların o kiçik günəş parçaları uşaqlıqdan yaddaşıma həkk olunub. Aslan dünyaya ilk dəfə o pəncərələrin birindən, o günbatan şəfəqlərinin arxasından boylanıb və elə bilirəm o parıldayan pəncərələrin biri balaca Aslanın geniş açılmış və ətrafa heyrətlə baxan gözüdür. O yüksəklikdən gördüyü silsilə dağlar, yaylalar, meşələr, balaca çayların keçdiyi vadilər gözəlliyi, boyaları, ətri və səsləriylə Aslanın demək olar ki, bütün əsərlərindən keçir.

    Aslan payızın ən gözəl çağında, təbiətin barlı-bəhrəli, “müdrik və ağıllı” çağında dünyaya gəlmişdir. İndi orda göylər ilin başqa heç vaxtında olmadığı qədər təmizdir, mavidən çox yaşıla çalır, payızın ilk yağışlarından sonra dağlar yenidən saf bir yaşıllığa bürünüb, meşələr yuyunub təmizlənib və ağaclar saralmağa tələsmədən var gücüylə boy atır, yaylaqlar boşalır və yeni-yeni cücərən zəmilərdən ağzıyuxarı çevrilmiş zınqırovlara və ya qədəhlərə bənzəyən minlərlə payız çiçəyi baş qaldırır, kəndlərə insanı əbədiyyət havasına kökləyən və sanki heç vaxt pozulmayacaq bir sakitlik çökür. Ancaq bu gözəllik və dinclik həm də bir kədər, qəriblik, dərd qaynağıdır, uşaqlıqdan ruhuna hopur və ömrünün sonunadək səni tərk etmir. Bu qəm havası o yerlərdə boy atanların hərəsinin düşüncəsinə, taleyinə bir cür təsir göstərir. Aslan bəy da ondan öz payını götürüb.

    Aslan Quliyev həm mövzuları, həm də yazı tərzi etibarilə yeni ədəbiyyatın nümayəndəsidir. Bəzən deyirlər müharibədən, konfliktlərdən yazmaq üçün zamana ehtiyac var; vaxt keçməli, sular durulmalı qiymətlər müəyyənləşməlidir. Aslanın istedadı və aydın yaradıcı mövqeyi məhz bu məsələdə bütün parlaqlığı ilə ortaya çıxır. Onun demək olar ki, bütün əsərlərində günümüzün davam edən, çoxlarinin mahiyyətini anlamaqda və təbii ki, qiymətləndirməkdə çətinlik çəkdikləri mürəkkəb və ziddiyyətli proseslərinin bədii mənzərəsi, maraqlı süjetləri, aydın vətəndaş mövqeyindən qiymətləndirilməsi, fəlsəfi ümumiləşdirməsi və nəhayət, topluma düşdüyü mənəvi bataqlıqlardan xilas yolu göstərmək cəhdi var. Onun qəhrəmanları yanaşı yaşadığı, tanıdığı, bildiyi insanlardır. İstedadlı yazar ətrafında baş verən olayların dramatizmini, ziddiyətlərini, əsas istiqamət və axınlarını asanlıqla müəyyənləşdirir və koloritli bədii dillə, özünəməxsus yazı tərziylə, canlı və yaddaqalan obrazlarla oxuciulara təqdim edir.

    Aslan ədəbiyyatın diqqətindən kənarda qalmış, amma hamıya tanış və yaxın olan mühiti yazır. Yaşadığı həyat, keçdiyi yol, üzləşdiyi ədalətsizliklər onun əsərlərinə bir üsyankarlıq ruhu aşılamışdır. Bunun ilk örnəklərindən biri “Yazıçının savaşı” romanı idi. Burada yazıçının və bir rayonun ziyalılarının taleyindənn söhbət gedir, ancaq roman təkcə onların taleyinə yox, bütövlükdə vətəndaş məsuliyyətini və insanlıq ləyaqətini itirmək faciəsinə, cəmiyyətin fəlakətinə çevrilən saxtakarlıqlara, biganəliyə və bu savaşda haqqın məğlubiyyətinə işıq salır; məglubların mübarizə ruhunu diriltməyə çalışır. Şübhəsiz bu əsərdə müəllifin öz həyatından müəyyən cizgilər də görünməkdədir. Savaşın nəticəsizliyi müəllifi üzmür. Bu, bir milli mücadilədir, vətəndaş etirazıdır və ana xətt olaraq “Haray”, “Beşyarpaq yonca”, Serjant mülki geyimdə”, “Televiziya müsabiqəsi”, “Rusiyadan gələn qardaş”, “ Payiz” və sair, bəzilərini oxumağa vaxt tapmadığım povest və romanlarından keçərək yaradıcılığının əsas mahiyətinə çevrilir.

    Aslan Quliyevin sonrakı romanlarında ictimai pafos, cəmiyyəti və insanlığı qorumaq ideyası daha da dərinləşir; günümüzün son dərəcə ciddi və ağrılı problemləri incəllənir, göstərilir, müstəqillikdən sonra həll olunmaqdansa dərinləşən sorunların kökləri axtarılır. O, bir həkim kimi, yayılmış, kök atmış xəstəliklərin diaqnozunu müəyyənləşdirməyi və onun müalicə yollarını axtarmağı öz borcu sayır.

    Qarabağ müharibəsi və cəmiyyət… yəqin ki, müvəqqəti məğlubiyyətimiz üzündən, ədəbiyyatımızın o qədər də ciddi həvəs göstərmədiyi, ancaq Aslanın tez-tez müraciət etdiyi mövzudur. Bu baxımdan onun əsərləri xüsusi araşdırılmalı və təbliğ edilməlidir. Şəxsən mən müharibədən qayıtmış Azərbaycan əskərinin taleyinə həsr olunmuş “Keçmiş döyüşçü və oğlan” romanını təkcə bu mövzuda yazılmış əsərlərin yox, bütövlükdə Azərbaycan nəsrinin ən ugurlu nümunələrindən biri hesab edirəm… Bu romanın qəhrəmanı, yəni altı il savaşandan sonra, torpaqlarımız azad olunmasa da, könüllü dəstələrin ləğvi nəticəsində evə qayıdan Səhənd, “Yazıçının savaşı”ndakı qəhrəmanlardan fərqli olaraq, arxa cəbhədə də öz taleyinə boyun əymək istəmir. Əsərdə Səhəndin simasında Vətən üçün vuruşmuş, göstərdikləri qəhrəmanlıqlara baxmayaraq məğlubiyyətə düçar edilmiş gənc döyüşçülərimizin geri döndükdən sonra üzləşdikləri haqsızlıqlar, ədalətsizliklər, eşitdikləri həqarətlər həyatın özündən gələn real cizgilərlə, inandırıcılıqla, yüksək bədiiliklə göstərilmişdir. Bu, son iyirmibeş ildə cəmiyyyətimizi yıpradan ən böyük ictimai bəlalardan biridir. Müharibədən qaçıb gizlənənlərin, meydanı boş sayaraq, əyri yollarla, vəzifə sahibi olanların vətən üçün qan axıdanlara meydan oxumaları, cəbhəçilərin, müharibə əlillərinin, qaçqınların taleyinə biganəlikləri, bunun nəticəsində yaranmış sosial və mənəvi bəlalar ölkəni düşmənlə savaşdan, daha qorxulu, daha ağır fəlakətlərlə üz-üzə qoyur. Çünki düşmənin kimliyini bilirsən, silahından-sürsatından, döyüş üsullarından, hardan hücum edə biləcəyindən xəbərin var, bunlarsa düşmənçiliklərini yavaş-yavaş, dost-qardaş cildinə bürünərək, güllə atmadan, ölkənin mənəvi dayaqlarını sarsıtmaq, insanların ürəyində öz dövlətinə, millətinin gücünə və ədalətinə inam hissini öldürmək yolu ilə edirlər. Düz xalqın ürəyini nişan alırlar. Bütün bunlar “Keçmiş döyüşçü və oğlan” romanında müəllifin özünə məxsus üsul və boyalarla, konkret adamların taleyində açılıb göstərilir.

    Əsərin bir dəyəri də əsas qəhrəmanı Səhəndin bu ədalətsizlik və rəzalətlərlə barışmamasındadır. O, Kefli İskəndərlik dövrünü çoxdan keçib, başqa yazıçılarımızın əsərlərində haqsızlıqlara dözməyib müqavimət göstərən qəhrəmanlardan da irəlidədir. Səhənd savaşçıdır, öz dediyi kimi, “Müqəddəs Azərbaycan Ordusunun zabiti”dir və istər ön cəbhədə olsun, istər arxa cəbhədə, haqsızığa dözmür, ədalət və düzlük axtarır, ləyaqətsiz adamların onları məğlubiyyətdə ittiham etməsinə qarşı dirənir, nahaq qanların intiqamını alır, məhkəmələrin ədalətsiz hökmünü öz vətəndaş hökmüylə dəyişdirməyə çalışır. Amansız taleyə boyun əyən adam deyil. Bunu Azərbaycan Ordusunun zabitinə yaraşdırmır. Bu, artıq Vyetnam savaşının, Qarabağ müharibəsinin “Remboçuluq” dövrüdür.

    Qüvvələrin bərabər olmadığı bu daxili savaşı Səhənd uduzur, ancaq bir ümid toxumu səpib uduzur, tələbə yoldaşı olan, ancaq vəzifəyə keçəndən sonra xalqa qarşı qudurğanlıq edən icra başçısına, onu cinayətkarlığa çəkmək istəyən gizli qrupu, dağlarda narkotika yetiıdirməklə məşğul olan və yuxarıdan müdafiə olunan silahlıları və b. aradan götürür. Son dəfə üstünə Azərbaycan Ordusunun əskərlərinin gəldiyini görəndə atəşi kəsir, bir zabit olaraq öz əskərlərimizə güllə atmır. Qısa müddət onun yanında olmuş “oğlan”- bir cinayətkar ailənin övladı, ata-anasının yanına yeni sifətdə, yeni xarakterlə, döyüşçü ruhu ilə qayıdır; vətənin qəhrəman əskəri məğlub olub, ancaq yenə də döyüşlərə, torpaqlarımızı azad etməyə gedəcək, deyir. Təbii ki, o ,artıq özünü də həmin döyüşün bir əskəri sayır…

    Aslanın bəzi romanları ən azı əlavə oxu vəsaiti kimi orta məktəb proqrmlarına salınmağa layiqdir. Klassik ədəbiyyatımızı, sovet dövrünün görkəmli nasirlərini sevirik, onları inkar etmək fikrimiz yoxdur, ancaq bu günün uşaqlar və gəncləri bu günün problemlərinə işıq salan, bu günün diliylə yazılmış və təbii ki, yeni nəslə daha yaxın olan ədəbiyyatla tərbiyələnməlidir. İndki halda dərsliklərimizdə müasirlik adına təbliğ olunan əsərlərin bir hissəsi mövzusuna, ruhuna, dilinə görə şagirdlərin dünyasından çox uzaqdır, buna görə də onları ilgiləndirmir, tədricən milli ədəbiyyata maraqları sönür.

    Aslan Quliyevin kitabları haqqında bəzi tənqidçilərimizin bir neçə məqaləsi var, lakin küll halında onun yaradıcılığı çağdaş ədəbiyyatımızın ümumi kontekstində təhlil olunub dəyərləndirilməmiş, qiymətini almamışdır və buna görə də onu hələ də ədəbiyyatın əyalətində saxlamaq və ya orda, gözdən-könüldən qıraqda görmək istəyənlər var. Halbuki əsərləri çağdaş nəsrimizin ən dəyərli və parlaq nümunələrindəndir və bu əsərlərin müəllifinin adının da, yəqin ki, haqlı olaraq, tənqidin dilindən düşməyən adlarla bir sırada çəkilməsi Aslanın qəhrəmanlarının uğrunda vuruşduqları ictimai ədalətin bərpasına bir örnək olardı.

    Aslanın bir romanını adı “Yazıçının savaşı” olsa da o, təbiəti etibarilə sakit, təvazökar, mənasız münaqişə sevməyən, bütün səviyyələrdə barış, həmrəylik istəyən, milli maraqlarımızı hər şeydən yüksək tutan, dövlətimizin möhkəmlənməsi yolunda hər cür cəfakeşliyə hazır olan, aza qane, gözü tox, ürəyi insan sevgisiylə dolu olan bir adamdır. İşsiz-gücsüz olsa da Yardımlı şəhərindəki sakit və yenə də Günəş batanda pəncərələrinin şüşələri şəfəqlənən evində gecə-gündüz, yorulmadan yazmaqda, ədəbi fəaliyyətini davam etdirməkdədir. Yazıçı savaşının gec-tez qəlləbəylə nəticələnəcəyinə inanır. Çünki sözün üstündə silah yoxdur. Qəhrəmanlarıyla birgə, bir heykəltəraş səbri ilə, yavaş-yavaş öz obrazını da yaradır. Bu obrazın Azərbaycan ədəbiyyatında daim var olacağına inanır və qələm dostumu ömrünün 59-cu payızı dolayısıyla ürəkdən qutlayır, ona can sağlığı və yeni gözəl əsərlər arzulayıram…

  • VHP MNTK toplantı keçirib- FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) növbəti yığıncağı keçirilib. MNTK sədri Felmar Ələkbərov iclası açıq elan edərək partiyanın cari fəaliyyəti, ötən iclasdan keçən dövr ərzində görülən işlər və qərarların icra vəziyyəti barədə məlumat verib. MNTK katibi Zeynəlxan Fətullayev rayon təşkilatlarının fəaliyyəti barədə məlumat verib, MNTK-ya daxil olan şikayət və təklifləri iclas iştirakçılarının diqqətinə çatdırıb. MNTK üzvləri Faiq Əliyev və Mirsaleh Salayev də çıxış edərək onlara tapşırılan işlər və işlərin icrası barədə üzvlərə məlumat verdi. Sonda MNTK daxil olan şikayət və təkliflər barədə qərar qəbul edib.

    mntk3 mntk1

  • Milli Şura referendumla bağlı “daha 2 mitinq keçirəcək”

     

    17 Sentyabr 2016 -ci il

    Milli Şuranın bu günə təyin olunan mitinqi  Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) başlayıb. Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti icazəsi ilə “Konstitusiyaya təklif olunan, prezident hakimiyyətinin  gücləndirilməsinə yönələn dəyişikliklərə, eyni zamanda korrupsiya və hökumətin yürütdüyü iqtisadi siyasətə,( Monarxiyaya YOX- Talana YOX- Saxta Referenduma YOX) əhalinin yoxsullaşmasına qarşı etiraz əlaməti olaraq keçirilib. Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edir.

    Ayın 26-da baş tutacaq referendum nəzərdə tutulur.Təşkilatçılar qanun çərçivəsində hərəkət edirdi: əvvəlcədən razılaşdırılmış şüarlar səsləndirilib (“Referendum ləğv edilsin!), mitinq ayrılan vaxt bitənə qədər keçirilib, stadionun hüdudlarından kənara çıxmağa cəhd edən olmayıb. Mitinqə gözlənildiyindən daha çox adam gəldi, tək müxalifətçilər deyil, adi vətəndaşlar da varıydı:  müxtəlif hesablamalara görə, 11 mindən 14 minə qədər.

    Mitinqdə çıxışında AXCP sədri Əli Kərimli deyib:

     

    Mən burda müsavatçıları, REAL-çıları, NİDA-çıları, digər birliklərin təmsilçilərini görürəm. Bizim dərdimiz azadlıqdir, demokrtaiyadır, daha yaxşı ölkədir. Hökumət bizim aramıza nifaq salmağa çalışdı. Ancaq indi liberallarla millətçilər, dindarlarla ateistlər bu meydanda çiyin-çiyinədir. Çünki bizi birləşdirən fərdi maraqlar yox, azad, demokratik Azərbaycan amalıdır. Biz ki, bu yola addım atmışıq, yolu yarımçıq qoymağa haqqımız yoxdur” Dünənə qədər deyirdilər müxalifət yoxdur. Bu gün qorxularından Bakıya gələn bütün yolları bağlayıblar,

    Ə.Kərimli bildirdi ki, mitinqin təşkilatçıları olan AXCP-nin 51 funksionerini həbs ediblər: “Biz bu həbslər barədə məlumat verib sizi narahat etmədik. Həbslər davam etdikcə, yollar bağlandıqca, yağış yağdıqca belə təkliflər gəlirdi ki, bəlkə mitinqi təxirə salaq. Azadlığı o millət haqq edir ki, həmin həbslərə gülə-gülə gedir.

    AXCP sədri deyib ki, həbsdəki siyasi məhbuslar həmişə yada salınmalıdır: “Bu gün həbsxanalarda 100-dən artıq siyasi məhbus var. Bizim əvvəlki mitinqlərimizin əsas təşkilatçılarından, mənim müavinim Fuad Qəhrəmanlı həbsdədir. Başqa müavinlərim Seymur Həzi, Asif Yusifli həbsdədir. Məmməd İbrahim həbsdədir. Mətanətli İlkin Rüstəmzadə həbsdədir.

    REAL Hərəkatının rəhbəri İlqar Məmmədov uydurma ittihamlarla həbsdədir, Müsavat başqanının müavini Fərəc Kərimli, ləyaqətli dindarlarımız həbsdədir.

    Milli Şuranın üzvü, sabiq ədliyyə generalı Vidadi happy wheels demo Mirkamal çıxışında referenduma çıxarılacaq təkliflərdən danışıb.O, xüsusilə, mülkiyyət hüququ ilə bağlı dəyişiklik təkliflərinin cəmiyyətin maraqlarına zidd olduğunu, onların xüsusi mülkiyyət hüququnu çox ciddi təhdid etdiyini vurğulayıb: “Bu dəyişiklikləri qəbul etmək olmaz. Bu demokrtatik cəmiyyət üçün tamamilə yolverilməzdir. Mən bütün cəmiyyəti bu dəyişiklıiklərə, referenduma yox deməyə çağırıram.

    Partiya sədrinin müavini Gözəl bayramlı deyib ki, (Saatlıda, Sabirabadda, Sumqayıtda mitinqə gələn insanların yollarıkəsilib). Ağsuda onlarla insanlar geri qaytarılıb. Digər rayonlarda da vəziyyət belədir, xanım Bayramlı çıxışında deyib

    Bu arada mitinqdən sonra polislə etirazçılar arasında qarşıdurma yaranıb, Rəvan Seyfulla bildirir. iştirakçılar mitinq başa çatdıqdan sonra stadionda öz etirazlarına davam ediblər və naməlum səbəblərə görə polis əməkdaşları ilə qarşıdurmaya gətirib çıxardıb.Polis əməkdaşları adları məlum olan və məlum olmayan adların siyahısı

    (mitinq iştirakçılarının adları) Yadulla Huseynov ,Zohrab Agayev, Balakisi Nesirov , Zema Xanmuradova, Hesen Memmedov,Perviz dasdemirov, Gunduz Zamanov, Ramin Hesenli, Ruzgar Balayev,Pervin Xelilov,Miraga Balayev,Ayxan Esgerov,Necef Novruzov,Yusif Haciyev,Denis Rzayev,Camal Ehmedov,Orxan Muradov,Aslan Nuriyev,Nurlan Sirinov Natiq Memmedov,Veli Veridyev,Esger Esgerov Natiq Memmedov,Veli Veridyev,Esger Esgerov,Mais Qasimov,Mirze Eliyev ,Abdullayev Huseyneli,Hesen Abbasov,Sahin Suleymanov,Teymur Mirzeyev, Anar Nesirov, Yusif Filmanov , Elxan Pirhesenov, Vidadi Ekberli , Fuad Quliyev, Ferahim Ekberov, Sabir Nurullayev, Pasa Qeniyev, Nizami Namazov, Cemil Bagirov, Seymur Dadasov, Mehman Abdullayev,Agasi Memmedov, Subhan Eliyev, Samil Verdiyev, Eli Memmedov , Nizami Huseynov, Kamal Xelilov, Zamiq Pasayev , Emin Melikov, Xeyyam Qasimov, Baleli Huseynov, Mehdi Ismayilov,Cavad Besirov,Malik Hesenzade,Ismayil Nuruyev, Adil Memmedov, Emin Agasiyev, Qenire Cavadov, Ekber Mirzeyev, Fuad Mehdizade,Suleyman Agayev, Xelil Hesenov,Memmed Agayev, Aslan Emirov, Kamil Memmedov, Emirsah Celilov, Aga Agayev,Bagir Yusifov, Ferec Zeynalov,Umid Nesibov,Vidadi Hesenov,Cavidan Qurbanov,Qulu Quliyev.Behruz Eyvazov,Ferid Hesenov,Yusif Veliyev)

    sexslerle munaqise yaranib, munaqise neticesinde 10-larla insan xesaret alib , diger istirakcilar ise polis masini ile mitinq erazisinden uzaqlasdirilib. Hemcinin bir nece jurnalist  İslam Şıxəli, Təzəxan Mirəmli və Mehman Hüseynovu avtobusa mindirib apardılar, jurnalist hazırda Yasamal Rayon Polis İdarəsinin önündə toplaşdıqlarını deyir.

    Partiya üzvü Toğrul İbrahim mitinqə gələrkən saxlanılıb, hadisə yerində olan jurnalistlərdən redaksiyamıza məlumat verib. Əməkdaşımızın sözlərinə görə, Toğrul İbrahim mitinqə plakat keçirmək istəyəndə əraziyə nəzarət edən polis əməkdaşları ilə mübahisə yaranıb və onu polis maşınına əyləşdirərək ərazidən uzaqlaşdırıblar.

  • VHP Qurban bayramı münasibəti ilə müsəlmanları təbrik etdi!

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Qurban Bayramı münasibəti ilə Dünya müsəlmanlarını və Azərbaycan xalqını təbrik edib

    .Təbrikdə deyilir:  “Əziz həmvətənlər!
    Sizlərin hər birinizi mənəviyyatımızın, milli adət-ənənələrimizin formalaşmasında və qorunub saxlanmasında müstəsna xidmətləri olan Müqəddəs Qurban Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Tanrımızdan sizlərin qurban və dualarınızın qəbul olunmasını diləyirəm.
    Qurban bayramı İslamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.
    Əziz bacı və qardaşlarım!
    İnsanları sevgiyə, sülhə, mənəviyyata, barışığa səsləyən ümümbəşər din olduğunu və bütün sivlizasiyaları özündə ehtiva edən İslamın ən müqəddəs bayramı olan Qurban Bayramı münasibəti ilə bir daha təbrik edirəm.
    Əziz Həmvətənlərim ! Bu müqəddəs Qurban Bayramı günündə sizə və ailənizə Allahın xeyir-bərəkəti, rəhm və mərhəməti sizin, sizi sevənlərin və sevdiklərinizin üstündən əskik olmasın. Amin!”
  • ƏDƏBİYYATDA QORXU VƏ YA NOBEL ÖDÜLÜ SÖHBƏTLƏRİNƏ BİR AYDINLATMA.

    İndiki savaşların taleyini gücdən və ağıldan çox, silah həll edir, əskərin və millətin daşımalı olduğu məsuliyyətin bir hissəsini silah bəhanəsi qapadır. Müharibə və inqilab faciələri başlanır və bitir, ancaq cəmiyyətin elə bir zümrəsi var ki, onun üçün uzaq keçmiş və ya indiki çağlarda baş verən olayların heç biri heç zaman bitmir, o, daim bu olayların içindədir; tarixə dönmüş hadisələr də onun təxəyyülündə canlıdır, hərəkətdədir; daim araşdırılır, incələnir və xalqın gələcəyi baxımından dəyərləndirilir. Yazıçı, məhz bu baxımdan, cəmiyyətin barometridir və üzdə tez-tez görünüb-görünməməsindən asılı olmayaraq, onun iş otağı, yazı masası həm hakimdir, həm milli məczlisdir, həm döyüş cəbhəsidir, həm də xalqın səsinin gur eşidildiyi meydanlardır… Əslində yazıçının siyasi qruplara qoşulması vacıb deyil, çünki o, bütövlüklə xalqın səsi olmalı və ya millətin taleyinə, maraqları və gələcəyinə optimal şəkildə xidmət edə biləcək demokratik, çağdaş, dünyəvi, milli qüvvələrin tərəfində dayanmalıdır. Ədəbiyyatımızın tarixində bu sadə həqiqəti onaylayan örnəklər var. Ötəri, günlük siyasətə uymaq, haqqın yox, zorun tərəfində dayanmaq yazıçını bütün gələcəyindən məhrum edə bilər. Təkcə onun özü yox, övladlar və davamçıları da heç vaxt bu səbatsızlığın lənətindən xilas ola bilməzlər.

    Milli ideallara zidd, yanlış yol tutulanda qazanılan var-dövlət, şöhrət, fəxri adlar, deputatlıq, orden-medal yağışı günlərin birində xalqın qınağına çevrilib yazarın üstünə qayıdır. 1937- ci ildə Stalin rejimini əbədi və sarsılmaz sayaraq, şərə xidmət edənlərin, antimilli yol tutanların, işğala və assimilyasiyaya haqq qazandıranların, qələm dostlarının ölümünə imza atanların sonrakı taleyi göz qabağındadır. Haqqı dərk edənlərin zəhməti və zamanın ədaləti Hüseyn Cavidi Sibir cəhənnəmindən Naxçıvana qaytardı, üstündə Mömünə Xatun məqbərəsiylə bir sırada dayanan məqbərə ucaltdı, ancaq Stalini mərmər movzeleydən çıxarıb atdı. Öz canlarını qorumaq üçün mədhiyyəbazlıq etmiş yazar və şairlərin qara imzaları ortaya çıxandan sonra onların bütün ehtişamlı həyatı, cilid-cilid nəşr edilib kitabxanalara doldurulmuş əsərləri xalqın gözündən düşür, heç nə, hətta övladlarının, atalarının günahını yumaq üçün etdikləri səmimi və ya məcburi tövbələr, haqqa və xalqa dönüş cəhdləri də köməyə çatmır.

    Bəs indi durum necədir? Yazıçı sözünü hansı səviyyədə deyir? Deyə bilirmi? Deyilən söz xalq arasında və rəsmi dairələrdə necə qəbul edilir? Deyə bilərlər ki, bu məsələyə rəsmi dairələri niyə qatırsan? Axı onlar bir ovuc insandır. Oxuyur, oxusun, oxumur, oxumasın! Bu belədir! Ancaq onları xalqdan qoparmaq düz olmaz və təəssüf ki, ədəbiyyata, sözə, kitaba və onun müəllifinə münasibətin bir sıra mühüm cəhətlərini ümumi oxucu kütləsi yox, bəlli adamlar yönəldir və rəsmiləşdirir… Yurd sevgisi çox vaxt gözümü tutub, pisi də yaxşı saymışam, ümidim sarsılmayıb;“düzələr, müvəqqəti çətinlikdir, keçib gedər, millətimiz müdrikdir bu əyriliyin qarşısını alar, köhnəliyin qalığıdır, vaxt keçdikcə düzlük, haqq, ədalət yerini tutar.” – deymişəm Bu bir inamdır, Vətəndaş mövqeyidir. Kökü sevgimə dayanır. Sevgi adamın gözünü tutur, amma kor eləmir. Bununla yanaşı, bir yazıçı, şair, ziyalı mövqeyi də var. Orda güzəşt yoxdur; orda həqiqətdən qaçmaq olmur; qaçsan özünü də, sözünü də, yolunu da, şəxsiyyətini də itirərsən. Dünya balacadır. Yüz cür qorunma üsullarına baxmayaraq, qrip və ya başqa yoluxucu xəstəliklərin ölkədən ölkəyə ildırım sürətilə keçib yayıldığı kimi, cəmiyyətlərdəki mənəvi xəstəliklər və dərdlər də yayılır, nə faciəni, nə yenilikləri, nə sevinci, nə kədəri bir ölkə çərçivəsində həbs edib saxlamaq olmur. Əslində söz və cəmiyyət, ədəbiyyat və hakimiyyət problemləri bu gün ümumdünya problemidir. Düz söz demək, həqiqəti yazmaq imkanları bizdən qat-qat artıq olan Qərb dünyasının yazarları da “düz danışmaq qorxusu” içində yaşadıqlarından gileylənirlər.

    Böyük Amerika ədibi Uilyam Folkner yazırdı: “Bizim zəmanəmizin faciəsi hamımızın kütləvi şəkildə cismani qorxu içində yaşamağımızdadır, biz o qədər çoxdan bu vəziyyətdəyik ki, artıq onunla barışmışıq. İnsan ruhunun bundan başqa heç bir problemi yoxdur. Onun üçün yalnız bir sual qalır: məni haçan məhv edəcəklər? Buna görə də müasir gənc yazıçılar insan qəlbinin özü ilə münaqişədə olması ilə bağlı sorunları unudublar, halbuki əsl ədəbiyyatı məhz bu problemlər doğurur, yalnız onlar barədə yazılanlar dəyərli ola bilər… Yazıçı… qorxu deyilən şeyi həmişəlik unutmalı, öz yaradıcılıq emalatxanasından sevgi, çərəf, qürur və fədakarlıq kimi köhnə, əbədi, universal, həqiqətlərdən savayı- çünki bunlarsız istənilən əsər ölüdür, unudulmağğa məhkumdur- qalan hər şeyi kənara atmalıdır. Yazıçı bunu etmədikcə lənət təhlükəsi ilə üz-üzə qalacaq.” Bu, “azad” Amerikanın Nobel mükafatına layiq görülmüş böyük qələm sahibinin etirafıdır. Məqsəd yazıçıları qorxudan xilas etməkdir. Dünyanın hər yerində, o cümlədən, bizdə ədalətli, düz sözün üstündə bir qara qorxu dolaşmaqdadır. Mənəvi və cismani terrordan başlamış, səsini oxucuya çatdıra bilməməyə, mətbuat qadağalarına, bir tikə çörəyə möhtac olmaq faciəsinə qədər…

    Bütün bunların hamısı qorxu mənbəyidir. Azərbaycanda bunlardan əlavə cəhalətin, dini xürafatın da öz qorxutma üsulları var və bu üsullar bir-birinə çox bənzəyir. Məsələn, baçqa bəhanə tapılmayanda “polisə müqavimət” dən tutmuş, “dövləti və dövlət başçısını təhqir etmə”yə qədər gülünc bəhanələr çıxır ortaya, əsil həqiqət qalır bir kənarda. Xırda məmurlar öz intiqamlarını dövlət başçılarının və bütövlükdə dövlətin vahiməli kölgəsi altında alırlar. Deyən olmur ki. “bala, sən kimsən və niyə haqqında deyilən düzgün iradları o dəqidə yuvaqlaqlaşdırıb yuxarıların ünvanına yönəldirsən? Sən nə vaxtdan hökumət olmusan?” Bunun kimi, bəzi cahil, savadsız din xadimləri də onların hər hansı mənasız sözünü qəbul etməyənləri Allahsız və ya dinsiz elan edirlər. Hətta xoş məramla deyilən alternativ söz də ciddi mətləblərə toxunursa və cavabı çətin olursa o dəqiqə siyasi iqtidarın və dinin adından sui–istifadə edənlərin bütün arsenalı işə salınır… Yazıçısı qorxuya öyrəşən, daha doğrusu qorxuyla barışan cəmiyyət- ruhunu itirmiş, enerşisi tükənmiş, imuniteti zəifləmiş cəmiyyətdir. Mətbuatımızda tez-tez mübahisələr gedir: bizim yazıçılar niyə Nobel mükafatı ala bilmirlər və ya Nobel mükafatına layiq əsərlər yazmırlar. Nobel mükafatının getdikcə siyasiləşməsi əsas və tez-tez təkrarlanan cavablardan biridir. Çoxlu başqa səbəb də var: dilimizin uluslararası ünsiyyət dili olduğu çağların arxada qalması, əsərlərimizin Avropaya çıxması üçün bir neçə maneələr adlaması, kitablarımızı geniş yayılmış dünya dillərinə çevirə bilən yüksək səviyyəli tərcüməçilərin olmaması, maliyyə qaynaqlarının zəifliyi və s.

    Məncə, bu sıraya əlavə olunmalı ciddi bir səbəb də var : Qorxu! Bəli, Azərbycan yazıçısının böyük bir hissəsi də, Folknerin dediyi kimi, ömrü boyu qorxu içində yaşayır. Həm də bu, dünəndən, srağagündən başlanan bir faciə deyil. Ən azı iki yüzildir davam edir. Çarızm dövründə ana dilində təhsilin olmaması üzündən, həm mədrəsələri, həm rus məktəblərini bitirənlərin içində dilimizi zəif bilmə qorxusu vardı. Hətta XİX-XX yüzil ədəbiyyatımızın bir sıra böyükləri də bu qorxunun işərisindən keçmişlər, ədəbi dil normaları dəqiqləşməmiş bir dildə yazmaq onlar üçün ömürlük bir sorun olaraq qalmışdır. Sovet dövrünün problemləri də hər kəsə bəllidir. Yazıçılarımız daim ikiqat qorxu altında olmuşlar: Sovet rejiminin siyasi-ideoloji basqısı, vulqar sosioloji cərəyanların, ateizm təbliğatının, konfliksizlik, sosializm realizmi metodlaına uyma məcburiyyətinin irəli sürdüyü şərtlər və bu şərtlərdən kənara çıxmanın repressiya qorxusu; digər tərəfdən, müttəfiq respublikalara ikinci sinif müamiləsinin doğurduğu və yerli hakimiyyət orqanlarının ədəbiyyat üçün cızdıqları məhdud dairədən çıxmağın qorxusu. Nəşrə təqdim olunan hər əsərin başının üstündə bir sezor qorxusu da vardı. Çap olunmaq arzusu tədricən yazıçıların özlərini senzora çevirirdi. Yenilikdən və ədəbi cəsarətdən qaçma vərdişləri belə yaranmışdı. Bu, respublikaların hakimiyyətlərinə sərf edirdi. Hətta belə bir ənənə formalaşdırılmışdı: başqa xalqların kitablarında, mətbuat orqanlarında Azərbaycanın əleyhinə yazılan, tariximizi, mədəniyyətmizi təhrif edən yazılara da cavab vermək yasaqlanırdı: “münasibətləri pozar, yəqin Moskva və ya özlərinin arasından obyektiv düşünənlər tapılıb cavab verərlər” Nəzərə alınmırdı ki, bizə bu cür yanaşmanın arxasında elə mərkəzi hakimiyyətin özü dayanır. Bütün bunlara baxmayaraq, həm ədəbi dilimiz, həm ədəbiyyatımız son 150-200 il ərzində böyük bir inkişaf yolu keçmişdir. Məhdudiyyətlər və qorxu ədəbiyyatımızın humanist mahiyyətini, azadlıq ruhunu və milli ideallara bağlılığ gücünü sarsıda bilməmişdir… Az sayda olsa da dünya ədəbiyyatı səviyyəsində dayanan əsərlər də yaranmışdır…

    Məncə, milli dövlətçiliyimizin bərpası, müstəqilliyin qazanılması bu qorxu sindromunu aradan qaldırmalıdır. Çünki ədəbiyyatsız xalq lal adam kimidir, onu heç kim eşitməz. Hər millətin ümumi mədəniyyətinə, yaşam tərzi, potensialı və milli –mənəvi dəyərlərinə onun ədəbiyyatı əsasında qiymət verirlər. Siyasi rejimlər, iqtidar və müxalifətlər keçib gedir, ancaq ədəbiyyat, kitab qalır. Öz kitabına və ədəbiyyatına münasibət hər bir cəmiyyətin ümumi mədəni və intellektual səviyyəsini göstərir. Təsadüfi deyil ki, qonşumuz Rusiyada 185 ildən artıqdır ki, siyası sistemlər dəyişilsə də dövlətin himayəsi altinda çıxan “Literaturnaya qazeta”nın nəşri dayanmamışdır. Çünki bu qəzet əksər hallarda. rejimlərin yox, rus milli ideyasının tribunası olmuşdur… Rusiya hökuməti son illəri Ədəbiyyat və Mədəniyyət illəri elan etmişlər. Lap bu yaxınlarda Qızıl Meydan bir neçə gün bütüblüklə Kitab Meydanına çıvrilmişdi… Ədəbiyyata qısqanclıq, yazıçı sözünü, ziyalının cəmiyyətdəki neqativ hallara münasibətini süngüylə qarşılamaq məmurun öz millətinin və dövlətinin gələcəyini düşünməməsinin əlamətidir. Ətrafda nə baş verir, cəmiyyətin ömumi psixoloji durumu necədir, insanlar öz dövlətlərindən nə gözləyirlər? Bu sualların ən dəqiq cavabını yalnız bədii ədəbiyyatda tapmaq olar. Buna görə də istənilən milli dövlət ədəbiyyatın tənqid ruhundan qorxmamalı, əksinə yazıçıların qorxu sindrmundan xilas olub daha sərbəst düşünüb yazmaları, daha rahat nəşr olunmaları üçün şərait yaratmalıdır.

    Bu baxımdan, son illərdə ölkə prezidentinin Azərbaycan və Dünya ədəbiyyatının latın qrafikası ilə nəşrinə ayrıca diqqət yetirməsi, maliyyə vəsaiti ayırması, yüz cildlərlə kitabın nəşri ciddi hadisədir və inanırıq ki, bu qayğı tədricən çağdaş ədəbiyyatımızı da əhatə edəcəkdir. Yuxarıda Folknerdən gətirdiyim misal yazıçı taleyinin dünyanın bütün böyük söz ustalarını rahatsız etdiyini göstərir. Yazışınin öz yüksək vətəndaş mövqeyi ugrunda ardıcıl və cəsarətli mübarizəsi baxmından başqa bir Nobel mükafatı laureatı, inglis yazıçısı Harold Pinterin həyatı və əsərləri də nümunə göstərilə bilər. Ədəbiyyatın xalqın həyatındakı rolu barədə Pinterin dediklərini tərəddüd eləmədən bizə də aid etmək olar. O yazır: “Siyasətçilərin istifadə etdiyi siyasi dil belə mövzulara toxunmamağa üstünlük verir, çünki onların çoxu həqiqətin söylənməsində deyil, hakimiyyətdə və onu əldə saxlamaqda maraqlıdır. Hakimiyyəti əldə saxlamaq üçünsə gərək insanlar həqiqətdən-hətta həyatları barədəki həqiqətlərdən – bixəbər olsunlar. Odur ki, bizə istifadə üçün təklif edilən, bizi əhatə edən xalı yalnız yalanlardan toxunub”.

    Bu, yalanın, yaltaqlığın tədricən ədəbiyyata yansımasının dəqiq ifadəsidir. Qərb dövlətlərinin, o cümlədən ABŞ və Böyük Britaniyanın dünyanın müxtəlif ölkələrinin iç işlərinə müdaxiləsini, işğal və müharibələri ifşa edən yazıçı deyirdi: “İraq xalqına biz işgəncələri, kasetli bombalar, kasadlaşdırılmış uran, təsadüfi insanların çoxsaylı qətllərini,, bədbəxtlikləri, tənəzzül və ölümü gətirərək, bunu “Yaxın Şərqdə azadlıq və demokratiyanın təmin edilməsi” adlandırdıq. Nə qədər İnsan öldürmək lazımdır ki, sizin hərəkətlərinizi “kütləvi qətllər” kimi tövsif etmək, özünüzü isə hərbi cani saymaq mümkün olsun? Yüz min?” Nobel mükafatını alarkən sıylədiyi nitqində Pinterin sualları əslində dünyanın bütün yazıçılarının insan qatillərinə, ədalət və həqiqəti tapdalayanlara üsyanı kimi səslənir: “Bizim əxlaq hissimizə nə olub? Bizim ümumiyyətlə əxlaqımız olubmu? Bu anlayışların mənası nədir? Görəsən onların bizim zamanlarda çox nadir hallarda işlədilən “vicdan” sözüylə bağlılığı varmı?”

    Bu çıxış əsil yazıçı cəzarəti örnəyidir.. İki böyük söz ustası yazıçıların müdafiə olunmadığından və ömürləri boyu yalan yazmağa təhrik edildiyindən şikayətlənir. Müdafiə olunmaq, təhlükəsiz yaşamaq istəyirsinizsə yalan yazmalısınız! Az qala, aksiom kimi təqdim olunan bu sözlər çağımızda olaylara obyektiv qiymət verən bir yazıçı olmağın nə qədər çətin iş olduğunu göstərir. Millətini, insanlıq dəyərlərini qorumaq əvəzinə, özünü qorumaq duyğusu ilə yazılmış, həqiqəti ifadə etməyən, yalançı, məddah, hər iqtidarın vaxtında bir rəngə boyanan əsərlərlə dünya ədəbiyyatı üfüqlərinə necə yol açmaq olar?

    Ədəbiyyatımızın böyüməsini və tanınmasını istəyiriksə ilk növbədə bu suallar aradan qalxmalı, yəni yazıçılar təzyiq və qorxu mühitindən azad olmalıdırlar…

    Sabir Rüstəmxanlı

    23 O3. 2016

  • Qubadlının işğalından 23 il ötür

    Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 23 ili tamam olur.

    APA-nın məlumatına görə, Qubadlı rayonu 1930-cu ildə yaradılıb. ərazisi 802 kv.km-dir. 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğal ərəfəsində əhali 30 minə qədər olub.

    İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1  yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub.

    Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib.

    Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.

    Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb, 13 365 hektar meşə sahəsi işğal altında qalıb.

    Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

    Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub. Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

  • Sabir Rüstəmxanlı: “Dostoyevskinin alçaldıcı münasibəti onu gözümdə kiçildir”

    Ədəbiyyat qəzetinin “Mən necə yazıçı oldum” layihəsində Sabir Rüstəmxanlı ilə söhbəti təqdim edirik.

    – Necə yazıçı oldunuz?

    – Bunu çox soruşublar məndən. Ənənəvi sualdı və yəqin bütün üzdə olan yazarlara verilir.

    Məncə, sağlam böyümüş, normal tərbiyə almış uşaqların qan yaddaşında və genetik kodlarında yan-yana bir sıra potensial bacarıq və vergi var. Onların hansını seçmək, ömrünü nə işə sərf etmək çox vaxt təsadüflərlə bağlı olur. Bu təsadüflərin çox arxa planda bəlli bir qanuna-uyğunluğu varmı? İstedad ana bətnindən, yoxsa, uşaqlıq mühitinin hər hansı anından başlanır?-ayırd etmək mümkün deyil.

    İnsanın sənət yolu seçiminə yüngül atletlər üçün çəkilmiş paralel yollar kimi də baxmaq olar. Eyni sıralanmadan başlanan maraqların hansı üstələyəcək, yolda hansı irəli çıxacaq? Bu, əsasən, şəraitdən asılıdır və şərait deyilən bəla da çox vaxt milyonlarla insanı təbii imkanlarını aşkarlamaq üçün gərəkən yoldan məhrum edir, arzuladıqları qalır, mümkün olan yöndə irəliləyirlər, seçim imkanı qalmır.

    Buna görə də, Azərbaycan kəndlərində vaxtı ilə daha çox üç sənət dalınca gedirdilər-müəllimlik, həkimlik, aqronomluq. Şəhərlərdə buna mühəndislik də əlavə olunur. Təbii ki, ölülərə yasin oxumağa mollanın olması da şərtdir. Başqa sənət, peşə növləri yada düşmürdü. Çünki həmin peşələri nişan verən, tanıdan olmayıb.

     

    Mənim uşaqlıq arzularımın onlarla şaxəsindən sona ikisi qalmışdı: ədəbiyyat və riyaziyyat. Riyaziyyata daha çox maraq göstərdiyim halda, axırda seçimimi bir təsadüf müəyyənləşdirdi.

    Ədəbiyyat həvəsim daha erkən yaşlarımdan-ibtidai məktəbdən başlanır: anamın cavan ölmüş qardaşı üçün axıtdığı göz yaşlarından və ağılarından. Şeirə bənzər bir neçə ağrılı misra ilə onları davam etdirməyə çalışmışdım.

    Yetkin yaşlarımda baxdım ki, mənim bütün yazılarım ya taleyimin verdiyi acılara və millətimin taleyinə ağılardan, ya da xalqımızın gələcəyi üçün mübarizəyə, etiraza, müqavimətə çağıran üsyan səsindən ibarətdir.

    Beşinci sinifdə ədəbiyyat müəllimimiz əslən Qazax rayonunun Yuxarı Salahlı kəndindən olan Cavad Məmmədov idi. O ilk cızma-qaralarımı oxuyandan sonra məni həvəsləndirdi. Məktəb və kənd kitabxanasında olmayan kitablar verdi, sərbəst mövzuda yazılar yazdırmağa başladı (Ölümünə az qalmış o yazılarımın və ilk şeirlərimin toplandığı qovluğu mənə gətirdi). İndi baxıram, o sərbəst yazılar mənim ilk publisistik “ əsərlərim” olub. Diqqətimi çəkən o yazıların mükəmməl bir səliqəylə, heç bir orfoqrafik səhvə yol verilmədən, səlis cümlələrlə və o yaş üçün qeyri-adi bir vətən sevgisiylə yazılmasıdır. Cavad müəllimin Səməd Vurğun yaradıcılığı haqqındakı söhbətlərindən sonra içimdə bir təəssüüf hissi oyandı ki, niyə bizim dağlar, meşələr, insanlar haqqında da şeirlər yazılmasın. Görünür bu qısqanclıq, özünü və doğulduğu yeri tanıtmaq arzusu da ədəbiyyata gəlişin ilkin səbəblərindən biridir. Cavad müəllim mənim içimdəki cəsarət, özünə inam, doğulduğu yerin qədrini bilmək, kasıblıqdan sıxılmamaq duyğularını oyatdı və gücləndirdi. 11 yaşımdan yazmağa başladım, ancaq bu, uzun müddət qeyri-ciddi bir həvəs olaraq qaldı, yalnız 20 yaşımdan sonra söz mənim əsas işimə çevrildi.

     

    – Sizin üçün yazmaq nədir? Niyə yazırsınız?

    – Yazmaq həvəsi, səni qələm götürməyə vadar edən duyğular da zaman içində dəyişilir. Gənclik illərində yazmaq mənim üçün mahnı oxumaq kimi bir şey idi. İstər qəmli olsun, istər şən. Ürəyim atlananda, içimdə duyğular kükrəyəndə yazırdım. Duyğular isə çox həssas idi: sübh mehindən, çiçək mehrindən, ağacdan vaxtsız saralıb qopan yarpaqdan, qar altından süzülən zərif su şırnağından, zəmilərin xışıltısından, havadan asılmış torağayın nəğməsindən və ya ata, ana üzündən keçən zərif təbəssümdən təsirlənirdim. Sonralar daha çox yaşadığımız mühitin ictimai bəlalarına və milli problemlərə kökləndim. Yazmaq-paylaşmaqdır. Hisslərini, dərdini, sevincini, arzularını, sevgini paylaşmaq! İlk şeirlərim daha çox məktuba bənzəyirdi. Çox vaxt konkret ünvanlara yazılırdı. Sonralar bu ünvan kütləviləşdi.

     

    Sözünü bütün millətə demək istəyi və cürəti yavaş-yavaş gəlir. Bu işin ən vahiməli cəhəti odur ki, ədəbi görüşlər nəzərə alınmasa, sən sözünü həmişə üzünü görmədiyin, varlığını yalnız xəyalən dərk etdiyin saysız insana göndərirsən. Dialoq bir tərəfli olur: sən danışırsan, cavabı illər keçəndən sonra eşidirsən.

     

    Niyə yazmağımın bir səbəbi də bəsit bir həqiqəti təsdiqləmək arzusu olmuşdur. Yəni uşaq iddiamla sübut etməyə çalışmışam ki, bizim tanınmaz-bilinməz ucqar kəndlərimizin də şairi ola bilər.

     

    – İçinizdə gizli də olsa məşhur olmaq, dünyada tanınmaq hissi varmı, yoxsa, yazmaq içinizdə ağrını boşaltmaqmı?

     

    – Əslində, mən bu suala qismən cavab verdim. Bilmirəm, yolun başlanğıcında hansı hiss daha güclü idi: özümü tanıtmaq, yoxsa, bizim dünyadan aralıdakı, dağlar arxasındakı elimizi-obamızı tanıtmaq. Yəqin ikisi də bir yerdə idi. Kim deyirsə heç vaxt işimdə şöhrət qazanmaq hissi olmayıb, yalan deyir. Özünütəsdiq, gücünü, qabiliyyətini, ağlını sübut edə bilmək istəyi də-özü-özlüyündə şöhrət duyğusunun bir parçasıdır. Mənim ilk arzum kəndimizi dörd tərəfdən əhatəyə almış dağları aşıb böyük dünyaya çıxmaq olub. Bunun özü mənə qəhrəmanlıq kimi görünürdü; sonralar bizə qonaq gələn bəzi şəhərli qələm dostlarım da bu yerlərdən qopub gəlməyimi zarafatla igidlik sayırdılar. Təbii ki, içində deyiləcək sözün, çatdırılacaq hissin yoxdursa, yalnız şöhrətli olmaq iddiası ilə heç nə qazana bilməzsən. Deməyə sözün yoxdursa, kürsüyə niyə dırmaşmalısan ki… Sonralar “özünü tanıtmaq,” şöhrət hissi tamamilə çəkilib getdi. Yerinə millətimizin dərdlərini dünyaya çatdırmaq istəyi qaldı.

     

    – Markes deyir “Külək olmasaydı dünyada çox şey dəyişilərdi, amma ədəbiyyat olmasaydı heç nə”. Sizcə ədəbiyyat olmasaydı dünyada nəsə dəyişərdi, yoxsa, Markeslə şəriksiniz?

     

    – Şərik deyiləm! Ədəbiyyat da beyinlərdən əsib keçən rüzgardır. Söz və mənəviyyat küləkləri tozlu yer küləklərindən az əhəmiyyətli deyil. Məncə, Markesin o sözü hansı kontekstdə deməsini dəqiqləşdirmək lazımdır. İnsanlığın sonunu- ağrılı reallıq ütopyası adlandıran Markes ədəbiyyata qeyri-adi dərəcədə böyük dəyər verir, onu yeni və möhtəşəm həyat utopiyası adlandırır. (“İnsanlığın hansı yolla gələcəyinin başqaları tərəfində müəyyən edilmədiyi, sevginin həqiqət, xoşbəxtliyin mümkün olduğu, yüzillik tənhalığa məhkum olunanların, nəhayət, ikinci dəfə və həmişəlik şans qazandığı yeni və möhtəşəm həyat ütopyası”) Möhtəşəm həyat utopiyasının dünyada heç nəyi dəyişmədiyini düşünmək özü də bir utopiyadır.

     

    Mən tam fərqli düşünürəm. Tarix yazıdan başlandığı kimi, insanlığın böyük mədəniyyəti də bədii sözdən, ədəbiyyatdan başlanır. Dünya sivilizasiyalarını ədəbiyyatsız təsəvvür etmək mümkün deyil. Ədəbiyyatsız dünya lal olardı. Millətləri millət edən onların bədii sözü, poeziyasıdır. Bir anlığa fransız, rus, ingilis, ərəb, türk xalqlarının əlindən onların yüz illər boyunca yaratdıqları ədəbiyyatı alın, görün yerində nə qalacaq…

     

    Mənim siyasi xəttimə yaxın olduğuna görə Markesin başqa bir sözünü də vurğulamaq istəyirəm. O deyir ki, “Həmrəylik mənim gözümdə katoliklərin müqəddəs ayini ilə eynidir”. Bununla o, milli birliyə xidmət edən ədəbiyyatın həm də siyasi önəmini müəyyənləşdirir: “Həyatımda elə bir hadisə olmayıb ki, siyasi akta çevrilməsin.”

     

    – Yazmaq üçün nə lazımdır. Müşahidə, mütaliə, yoxsa ancaq yazmaq?

     

    – Yəqin ki, bunların hamısı. Üstəgəl iradə, cəsarət, uğursuzluqlardan qorxmamaq. Yuxarıda dedim, şeir nəğmə kimi doğulur. Yolla gedə-gedə, öz-özünə pıçıldaya bilərsən onu. Günlərlə kağıza köçürmədən yaddaşında cilalayarsan. Ancaq nəsr oturmaq istəyir, həm də özünə güzəşt etmədən, ardıcıl çalışmalısan. Hər halda, kim deyirsə ki, əsas iş yazı masasının arxasına keçib qələmi əlinə götürmək, ağ kağızda ilk kəlməni yazmaqdır, öz dediyinə özü də inanmır. Bu yalnız o zaman uğur gətirir ki, yazı masasının arxasına keçən istedadlıdır və ürəyi doludur. Belədirsə, ilhamı gözləmək, yaxud vaxt aramaq boş şeydir. Deyiləsi sözün olandan sonra onu günün istənilən vaxtında və istənilən şəraitdə yazmaq olar.

     

    – Yazıçı vərdişiniz, ritualınız varmı ki, onu eləməmiş yaza bilmirsiz?

     

    – Biz ərköyün böyüməmişik. Evsiz-eşiksiz gənclik illərimizdə şeirlərimin çoxunu Bakıdan kənarda yazırdım. İl boyu yığılan qeydlərimi götürüb harasa uzaq bir yerə qaçıb təklənir və işləyirdim. Həyatımın böyük hissini jurnalistikaya vermişəm. Publisistika özümü yetərincə güclü və iddialı hiss elədiyim sahələrdən biridir. Dolanmaq, kirayə haqqını vermək üçün çox yazmalıydım. Qəzetlərə, radioya, televiziyaya… Eyni zamanda yaşamaq eşqi də güclü idi. Qəzetdəki və ya nəşriyyatdakı vəzifə borcumdan sonra dostlarla görüşlər, əyləncələr, xeyir-şər məclisləri, böyük ailəmizin qayğıları bütün vaxtımı aldığından axşamlar yazı işinə həvəs qalmırdı. Məcbur olub yuxularımı qısaldırdım. Mənim iş rejimimi əslində kənd həyatı və atam müəyyənləşdirib. Hər gün sübh tezdən saat 4-də, 5 də zorla oyadıb məni “ örüyə”- atımızı otarmağa göndərirdi. Bunu “At haqqında iki əfsanə“ adlı şeirlərimdə yazmışam. O vaxtdan tez durmağa öyrəşmişəm, indi də gərgin iş gününün axırında daha çox ailəmlə, ömrümüzün başdan aşan qayğıları ilə məşğul oluram. Yazı-pozu işinin əsas vaxtı səhər tezdəndir. Gözüm yumulana və ya barmağım bilgisayardakı işarələri səhv salana qədər. Sonra yarım saat gözümün acısını alıb evdən çıxıram. Ancaq başqa bir vərdişim də var. O da bundan ibarətdir ki, yazı stolunun arxasına gözümü ovalaşdıra-ovalaşdıra keçmirəm. Öncə yuyunur, üzümü qırxır və işimə ciddi bir ovqatla başlayıram. Bütün yazıçıların etiraf etdiyi kimi, istər hekayə olsun, istər roman, istər publisist yazı, ən çətini ilk cümləni yazmaqdır. Bu da musiqi alətini kökləməyə bənzəyir. Buna görə də qələmlə yazıramsa, adətən, birinci səhifə hökmən cırılıb atılmalıdır. İstər birinci xətdən olsun, istər sonuncu sətirdən. Tez olsa, daha yaxşı.

     

    – Uilyam Folkner yazıçılığı məğlubiyyət hesab edirdi…

     

    – Mən Folknerin heç bir əsərində və əlimə keçən heç bir müsahibəsində məğlubiyyət duyğusu görməmişəm. Sadəcə olaraq, bütün böyük yazıçılara xas olan bir duyğu var. Əsər bitəndən sonra elə düşünür ki, onu yenidən başlasa daha yaxşı yaza bilərdi. Hər mövzuya bir azca borclu qalırsan. Mən məğlubiyyəti ancaq bu anlamda başa düşürəm. Folknerin başqa bir sözü də var: “ Axı insanlığı yazıçıdan, şairdən, sənətkardan başqa kim xilas edə bilər”. Məğlublar xilaskar ola bilməz. Folkner bunu deyərkən bəlkə də müasirləri olan yazıçıların “ən yüksək mükəmməllik idealı”na çata bilməməsini nəzərdə tutur və “ mən yazıçıları qeyri-mümkün olanı əldə etmək cəhdlərindəki məğlubiyyətlərinə görə dəyərləndiririrəm”-deyir. Bunlar fərqli fikirlərdir. Əgər arzuladığını tam şəkildə əldə etmək mümkün olsaydı yazıçı qələmi yerə qoyar və sonrakı əsərlərini yazmaqdan əl çəkərdi.

     

    Folknerin başqa bir fikri ilə də razı deyiləm. O deyir ki, “Ümimiyyətlə, Şekspir, Balzak, Homer eyni şeylər yazıblar və əgər onlar min və ya iki min il yaşasaydılar, naşirlərin yeni müəllifləri axtarmasına gərək qalmayacaqdı.”

     

    İnsanlığın böyük ideallarının, müxtəlif estetik dəyərlərin əsrdən-əsrə uzandığını və ya təkrarlandığını nəzərə alsaq, onu başa düşmək olar. Şərqdə də bir sıra böyük sənətkarlar eyni mövzuları qələmə almışlar. Ancaq o mövzunu hərə öz dövrünün rəngləri ilə bəzəyib. Bu gün ədəbiyyat yaşayırsa və yeni dühalar yetirirsə, deməli onlar eyni şeyi yazmırlar.

     

    – Mario Varqas Lyosa özünün Nobel nitqində ədəbi ustadlarının adlarını (Martorel, Servantes, Dikkens, Balzak, Tolstoy, Konrad, Tomas Mann) çəkir, onlardan öyrəndiklərini sadalayır. Bəs sizin üçün belə ustadlar varmı və kimlərdir?

     

    – Bu Perulu romançı-dramaturq Folkneri, Hemunqueyi, Malronu, Dos Rassosu, Kamyu və Sartrı öz qibləgahı sayırdı. Adları çəkilən yazarların məşhur əsərləri ilə mən də tanışam, lakin mənim qibləgahım onlar deyil. Və əslinə qalsa mənim ədəbi qibləgahım yoxdur. Mənim üçün dünyada əbədi qibləgah sözünə az-çox uyğun gələn bir ünvan varsa, o da türk dilində ilk bədii mətnlərin yazıldığı Tonyuquq və Gültəkin abidələridir. Adları çəkilənlər böyük ustadlardır. Ədəbiyyat daha çox dil hadisəsi olduğuna görə və bu adları çəkilən insanların əsərlərini ancaq tərcümədə oxuduğuma görə mən onların sözünün sehrini, deyək ki, Nəsiminin, Fizulinin, Xətainin, Vaqifin sözünün sehri kimi hiss edə bilmirəm.

     

    Hər yazıçı bir şah əsəriylə yadımızda qalır. Ürəyimdə iz buraxmış əsərlər çoxdur. Bunlar ilk növbədə öz ədəbiyyatımızın nümunələridir. “Kitabi Dədə Qorqud”, “Divan-i lüğətül türk” (içindəki bədii parçalar), Nizaminin bütün dünya sirlərini içinə almış “Xəmsə”si, Cəlil Məmmədquluzadənin nəsri və dramaturgiyası, böyük Sabirin “Hophopnamə”si, Məhəmməd Hadinin istiqlal nəğmələri, Ordubadinin “Qılınc və Qələm”i, Mirzə İbrahimovun “Gələcək gün”ü, İsmayıl Şıxlının “Dəli Kür”ü.

     

    İndi bizdə öz ədəbiyyatımızı ədəbiyyat yerinə qoymamaq xəstəliyi yaranıb. Hansı gənc yazıçı ağzını açsa deyəcək mənim laylamı Kafka, Dostoyevski, Sartr, yaxud Murakami oxuyub. Öz ədəbiyyatımızdan misal çəkməyi gerilikçilik sayırlar. Adları çəkilən yazıçılara şöhrət qazandıran əsərləri oxumuşam. Ancaq mənim mayam öz ədəbiyyatımızdan tutulub. Sonra Puşkin, Tolstoy başda olmaqla, bütövlüklə zəngin rus ədəbiyyatının və dünya şöhrətli Şərq klassiklərinin məktəbini keçmişik.

     

    Musiqidə də belədir. Hər müğənnidən müəyyən mahnılar qalır yadımızda. Bu baxımdan dünya ədəbiyyatının durna çıraqları çoxdur: həmişə yanan və yol göstərən. Sofoklun və Şeksprin dramları, Servantesin “Don Kixot”u, Getenin “Faust” və “Gənc Verterin iztirabları”, Hüqonun “Səfillər”i, Floberin “Madam Bovari”si, Taqorun “Bağban”ı, Kuperin “Ləpirçi”si, Balzakın “Qorio ata”sı, Heminqueyin “Qoca və dəniz”i, Cek Londonun “Martin İden”, Voyniçin “Ovod” u, Romen Rollanın “Jan Kristof”u, Prustun “Faraon”u, Sartırın “Sözlər”i, Remarkın “Zəfər tağı”, Kavabatanın “Dağın səsi”, Kutzeenin “Maykl K-nın həyatı və zəmanəsi”, Saramaqonun “Təxirə salınmış ölüm”ü, Çingiz Aytmatovun “Ağ gəmi”si və bundan əlavə daha neçə-neçə dünya şöhrətli nəsr əsəri mənim də sevə-sevə oxuduğum və təsirləndiyim incilərdir. Burada böyük şairlər haqqında danışmıram, çünki onlar gündəlik həmsöhbətlərimizdir.

     

    – Siz özünüzü hansı cəbhədə hiss edirsiniz, Dostoyevskiçi, yoxsa Tolstoyçu.

     

    – Mən Dostoyevski və Tolstoyu iki cəbhə yox, 19-cu yüzil rus ədəbiyyatının bir kökə bağlı olan iki nəhəng budağı sayıram. Onlar sağlıqlarında görüşməsələr, üz-üzə gəlməsələr də bir-birlərini yaxşı tanıyır və izləyirdilər. Dostoyevski “Anna Karenina”nı oxuduqdan sonra Tolstoyu cəmiyyətin müəllimi, özünü isə onun öyrəncisi adlandırmışdı. Tolstoy isə “Ölü evindən qeydlər” kitabını oxuduqdan sonra Dostoyevskini hər kəsdən üstün tutaraq, “Rus ədəbiyyatında, Puşkinin əsərləri də daxil, belə gözəl bir kitab” oxumadığını söyləmişdi. Bu iki nəhəng yazıçının hansının daha böyük olması haqqında mübahisə yüz ildən artıqdır davam edir. Tolstoyda ağılın, Dostoyevskidə duyğunun güclü olması, birinin materiyadan ruha doğru, digərinin ruhdan reallıqlara doğru hərəkət etdiyini yazaraq, müxtəlif müstəvilərdə müqayisələr aparmışlar. Dünya yazıçılarının fikirləri də fərqlidir. Məsələn 20-ci yüzilin ən böyük söz üstalarından biri olan Markes yazır: “Mənə bütün dünya ədəbiyyatından yalnız bircə nəfəri seçməyi təklif etsəydilər mən, heç şübhəsiz, rus yazıçısı Tolstoyu seçərdim. Məncə, “Hərb və Sülh” insan tarixinin şah əsəridir.”

     

    Mən də Tolstoyu daha çox, daha həvəslə oxumuşam, deməli, onu daha çox sevirəm, o, məni işığa və gözəlliyə səsləyir. Burda mənim bir qafqazlı, azərbaycanlı olmağım da rol oynayır. Tolstoy Qafqazı çox sevirdi, Qafqaz xalqlarının mübarizəsinin, adət-ənənələrinin, azadlıq eşqinin yer aldığı “Kazaklar”, “Hacı Murad” kimi gözəl əsərlər yazmışdır. Bəzi Azərbaycan ailələri ilə məktublaşmaları, islam dininə münasibəti hamıya məlumdur.

     

    Dostoyevski isə daha çox bir rus –slavyan və xristianlıq tərəfkeşi idi. Tolstoy Rusiyanın Qafqaz müharibəsinə təbiət qanunlarının pozulması kimi baxır. Dostoyevski isə Rusiyanın işğalçılıq siyasətini alqışlayır. Onun rus millətçisi olmasını mən bir türk millətçisi olaraq anlayıram, əslində buna görə ona sayqıyla yanaşmalıyam. Lakin bizim millətçiliyimiz başqa xalqların aşağılanması və təhqiri deyildir. Bizim millətçiliyimiz millətimizin ləyaqət duyğusunun güclənməsinə, milli kimliyini dərkinə, müdafiə qüdrətinin güclənməsinə xidmət edir, barışdan yanadır. Dostoyevski türk xalqını vəhşi adlandırır, ancaq biz Rusiyadan gördüyümüz zülmlərə görə heç vaxt bütünlüklə rus xalqına vəhşi deməmişik, dövlət siyasəti ilə milləti qarışdırmamışıq.

     

    İki dövlət üz-üzə dayananda, Osmanlı İmperatorluğunun Balkanlarda öz ərazilərini qorumasını türklərin vəhşiliyi saydığı halda, Rusiyanın yardımı ilə türklərə qarşı törədilmiş vəhşiliklərə sevinir və haqq qazandırır. Bu ikili standart və Rusiyanın başqa xalqların torpaqları hesabına böyüməsi və güclənməsini, yəni işğalçılığı-rus ruhunun qələbəsi saymaq ənənəsi bu gün də davam edir. Bu, Dostoyevskinin dünyaya yaydığı ideyalardan biridir və Qarabağ olaylarına rus ziyalılarının münasibətinədək uzanıb gəlir. Rus öldürəndə haqlı, Türk müdafiə olunanda vəhşidir. Dostoyevskinin “Yazıçının gündəlikləri” əsərindəki türk nifrəti onun böyük əsərlərindəki humanist prinsiplərlə daban-dabana ziddir. Damarlarında polyak qanı ilə yanaşı, tatar qanı axan Dostoyevskinin türk varlığını yox etmək üçün yol göstərərək, onlara Kazandakı kimi xalat geydirib, başlarını alverlə qatın kimi alçaldıcı münasibəti onu gözümdə kiçildir, əsərlərini oxumağıma və sevməyimə mane olur.

     

    – Hansı bədii əsərdə yaşamaq istərdiniz?

     

    – Öz əsərlərimdə yaşayıram.

     

    – Əsərlərinizi hansı “İzm”ə aid edirsiniz?

     

    – İzmlərlə oynamaq intellektual görünmək xəstəliyindən başqa bir şey deyildir. Böyük yazarlardan biri bu prosesi gözəl ifadə edir: ”Mənim anlamımda intellektual-real gerçəkliyi qabaqcadan düşünülmüş qərəzli nəzəriyyə ilə tutuşduran və bu gerçəkliyi nəyin bahasına olur-olsun, o nəzəriyyəyə dürtmək istəyən qəribə məxluqdur.”

     

    Öz yazılarımı hansısa izmin çətiri altına itələyə bilmərəm. Mənim işim öz hisslərimi və xalqımın dərdlərini yazmaqdır. Elə bir şəkildə yazmaq ki, o həmin dərdin sahibinə, yəni topluma, xalqa çatsın, müəyyən yanğı oyada bilsin, buna görə də yazı tərzimi izmlərə yox, millətin ədəbi, bədii ənənələrinə, milli antenaların tuta biləcəyi dalğalara uyğunlaşdırmağa çalışıram. Bu dalğa mifdən başlamış real tarixə, tənqidi realizmdən sürrealist təcrübələrə , içində olduğumuz mübarizələrin sərt realizmindən sevgi romantizminə qədər, hər şeyi qəbul edir. Yazılarım bu çərçivə daxilindədir.

     

    – Hazırkı gənclərin çoxu yaradıcılığa demək olar ki, romanla başlayır. Amma nisbətən yaşlı nəsil bunu onlara irad tutur; əvvəl hekayə, sonra roman. Siz də bu fikirdəsizmi? Axı dünyada nə qədər yazıçı adı çəkmək olar ki, yaradıcılığa romanla başlayıb uğur da qazanıblar.

     

    – Bunu gəclərin uğuru və yetkinliyi hesab edirəm. Zaman dəyişilir. İndiki nəslin önündə dünyanın bütün ədəbi qapıları və kitabxanaları açıqdır. Bizim illər ötəndən sonra zorla tapıb oxuduqlarımızı uşaqkən oxuya bilirlər. Ədəbiyyatda “hardan başlayıb, hara getmək” adlı bir yol xəritəsi yoxdur. Kim özünü roman yazmağa hazır hesab edirsə, içində bu cəsarət varsa, ona halal olsun.

     

    – İndi hamı kiçik həcmli romanlar yazır.

     

    – Məncə indi də kifayət qədər iri həcmli romanlar yazılır. Xronikalar, fantastik və ya detektiv əsərlər, çox cildli həyat tarixçələri yenə də dəbdən düşməyib. Hər şey mövzuya bağlıdır. Kiçik həcmli romanlar daha çox oxunusa, ona tələbat varsa, bu cür əsərlərin yazılmasına da təbii baxmalıyıq. Burda bir psixoloji məqam da var. Gənclərin çoxu yaradıcılığa romanla başlayırlarsa bu romanlarda epik vüsət və səbirli araşdırmalar axtarmaq düzgün deyil. Bu zamanla gələcək. Həcm həlledici deyil.

     

    – Sizcə yazıçının köşə yazarlığı , tərcüməçiliklə bağlı kənar işlərlə məşğul olması onun yaradıcılığına kömək edir?

     

    – Mən şəxsən jurnalistliyi şairlikdən və nasirlikdən ayrı tutmamışam. Mənimçün jurnalistika həmişə cəmiyyəti və dünyanı daha yaxşı öyrənmək yolu olub və köşə yazılarımı, publisistik yazılarımı romanlarımdan və şeirlərimdən daha vacib sayıram. Ancaq təbii ki, imkanım olsaydı yazmaq enerjisinin aşıb-daşan illərindən bəri jurnalistikaya, siyasətə, məclis və görüşlərə sərf etdiyim vaxtın hamısını, tərəddüd etmədən, bədii yaradıcılığa verərdim. İndi beynimdə onlarla mövzu var, amma yazmaq imkanı azalır.

     

    Sözümü böyük yazıçımız Mirzə İbrahimovun mənə verdiyi bir nəsihəti indiki gənc yazarlara ünvanlayaraq bitirmək istəyirəm: Sabah yazmağı planlaşdırdığınız əsas kitabınızı və ya şah əsərinizi bu gün yazın…

    Mirmehdi Ağaoğlu

    “Ədəbiyyat qəzeti”

  • Cəbrayıl və Füzulinin işğalından 23 il ötür

    Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 23 il ötür.

    Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən 23 avqust 1993-cü ildə işğal olunub. Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

    Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayıl zəngin yeraltı sərvətlərə malik olub. Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil ehtiyatı olub. Həmçinin, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.

    Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun 50 kənd və rayon mərkəzi işğal altındadır. 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunan ərazisində 13 qəsəbə və 20 kənd var. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.

    Artıq 24 ildir Füzuli rayonunun təbii sərvətlərini talan edir. Belə ki, rayonda ümumi ehtiyatları 58858 min kvadrat metr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı yataqları var idi. Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.

  • VHP-nin gənc fəal Elgiz Qəhrəmanın həbsi ilə bağlı bəyanatı

    Gənc fəal Elgiz Qəhrəmanın oğurlanaraq heç kimə heç bir məlumat vermədən 4 gün saxlanmasından sonra bu gün onun narkotika ittihamı ilə həbs olunması haqda rəsmi açıqlama verilib.

    Elgiz Qəhrəman Türkiyədə riyaziyyat və siyasi elmlər üzrə ali təhsil almış istedadlı gənclərimizdəndir. Yüksək təhsilli, geniş potensiallı gənclərimizin standart narkotika ittihamı ilə həbs edilməsi artıq acı gülüş doğuran adi hala çevrilib və hakimiyyətin öz rəqiblərinə, xüsusilə də gənclərə qarşı yeritdiyi primitiv, kobud repressiya siyasətinin göstəricisidir.

    VHP hesab edir ki, gənclərə qarşı həyata keçirilən belə siyasət dövlətimizin gələcəyinə qarşı yönəlmiş antimilli siyasətdir. Digər tərəfdən, Elgiz Qəhrəmanın oğurlanaraq gizli saxlanıldığı 4 gün ərzində hakimiyyətə yaxın media orqanları, dünyagörüşünə görə türkçü, millətçi olan Elgiz Qəhrəmanın guya Fətulla Gülən tərəfdarı olması haqda yalan məlumatlar yayaraq Elgizin həbs olunması üçün zəmin hazırlamaq missiyasını yerinə yetirmişlər.

    Bütün yuxarıda sadalananları nəzərə alaraq, Vətəndaş Həmrəyliyi Partiyası Elgiz Qəhrəmanın həbsini siyasi sifariş hesab edir və onun dərhal azad edilməsini tələb edir.