Vətəndaş Həmrəyliyi Partiyası

Category: VHP

  • Nəsimi Şərəfxanlı: “Rusiya ətrafındakı ölkələri NATO-dan uzaq tutmaq üçün onları KTMT-yə qoşmağa çalışır”…

    Azərbaycanın KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olması ilə bağlı məsələ yenidən gündəmə gətirilib. Kremlin beyin mərkəzinə aid olan və danışan dillərindən biri olan Aleksandr Duqin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Rusiyanın geosiyasi layihələri olan KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olması üçün heç bir əngəl qalmadığını bildirib. Duqin bildirib ki, Azərbaycanın bu təşkilata üzv olmasının əsas şərti Dağlıq Qarabağ ətrafında olan rayonların azad olunması idi. İndisə bu maneə ortadan qalxıb.

    Mövzu ilə bağlı bu və digər məsələləri VHP sədrinin müavini Nəsimi Şərəfxanlı ilə müzakirə etdik.

    – Nəsimi bəy, Azərbaycanın KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olmasının indiki anda gündəmə gətirilməsi sizcə nə ilə bağlıdır?

    – Əvvəla istərdim bir məsələyə tarixi aydınlıq gətirim ki, Azərbaycan bir zaman KTMT-yə üz olub. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsasını 15 may 1992-ci ildə Daşkənddə Qazaxıstan istisna olmaqla Mərkəzi Asiya Respublikaları, Rusiya və Ermənistan qoymuşlar. 1993-cü ilin sentyabr ayında Azərbaycan, dekabr ayında isə Gürcüstan və Belarus müqaviləyə qoşulmuşlar. Azərbaycan, Gürcüstan və Özbəkistan Müqavilədə iştiraklarını öz təhlükəsizliklərinə qənaətbəxş təminat hesab etməyərək, 1999-cu ildə onu prolonqasiya etməkdən imtina etdilər. Bu tamamilə doğru və vaxtında atılmış addım idi. Çünki 1992-ci illə 99-ci il situasiyası arasında təhlükələrin mənbələri və həlli imkanları arasında böyük fərqlər yaranıb.

    Bu gün isə bütövlükdə reginda gepolitik durum və maraqlar dəyişib. Baydenin radikal antirusiya siyasəti qarşısında Kreml də müəyyən qoruyucu addımlar atmaq məcburiyyətindədir. Hesab edirəm ki, KTMT-yə yeni üzvlərin qəbulunun və Təşkilatın genişlənməsi məsələsinin gündəmə gətirilməsi bununla bağlıdır. Hazırda Rusiya əksər postsovet ölkələrini KTMT-yə qoşmaq və onların NATO-ya meyillənməsini önləmək üçün ciddi tədbirlər görür. Rusiya Avrasiyanın məqsədəuyğun hesab etdiyi bütün bölgələrində, bütün məqbul vasitələrlə “öz həyati maraqlarını” qorumaqda və geosiyasi təsir mexanizmlərini saxlamaqda davam edir.

    “Heç bir rəsmi koalisiya, hərbi, yaxud iqtisadi-siyasi blok olmadan ortada Türkiyə-Azərbaycan-Pakistan üçlüyü var. Bu üçlük münasibətlərin maraqlardan daha çox xalqların səmimi yaxınlığı üzərində qurulduğundan istənilən blokdan daha güclüdür”.

    Son illərdə bu ölkənin bəzi siyasi dairələrinin dilindən “böyük ölkələrin regional maraq dairələrinin və geosiyasi təsir zonalarının” tanınması və qorunması, belə demək mümkünsə, planetar məkanların “Jirinovski sxemi üzrə, müxtəlif iri dövlətlərin təsir və maraq dairələrinə bölünməsi”, kiçik ölkələrin hüquqlarının nəzərə alınmaması hesabına “böyüklərin təhlükəsizlik maraqlarının dönməz şəkildə təmin edilməsi” və s. kimi beynəlxalq hüquqa zidd çağırışlar səslənməkdədir.

    – Dediklərinizdən belə bir nəticəyə gəlmək olur ki, Azərbaycanın KTMT-yə üzvlüyü qaçılmaz bir məcburiyyətdir?

    – Dünyanın maraq dairələri üzrə faktiki olaraq yenidən bölünməsini rəsmən bəyan edən və “planetin yeni təhlükəsizlik memarlığı” adlanan belə geostrateji plan və mülahizələrə, rəqib hərbi bloklara və ölkələrə meyil göstərən dövlətləri və xalqları müxtəlif iqtisadi, siyasi, sosial və s. təzyiq vasitələri ilə sıxışdırmaq cəhdinə bütün böyük ölkələrin timsalında rast gəlmək mümkündür.

    Tədqiqatçıların fikrincə, son zamanlar bir çox kiçik ölkələrin regiondakı müstəqil geosiyasi amil kimi çıxış etməsinə mane olan əsas səbəblər onların böyük ölkələrdən strateji sahələr üzrə – təhlükəsizlik, enerji, iqtisadi, ərzaq və s. asılılığı hesab olunur. Amma Azərbayucanla bağlı hazırki durum belə deyil. Qarabağın işğalda olduğu zaman Rusiyanın ölkəmizə təsir imkanları daha böyük idi. İndi də Qarabağda sülhməramlı adı ilə yerləşdirilmiş rus hərbi kontingenti və 5-ci kolon adlandırılan qüvvələrlə Kreml öz təsir rıçaqlarını qoruyub saxlayır. Amma bu Azərbaycanın Qərbə tam arxa çevirib KTMT-yə üzvlük qərarı verməsinə səbəb olacaq dərəcədə deyil.

    Azərbaycan “Qoşulmama Hərəkatı”ndakı aktivliyi ilə dünyada bitərəflik imici qazanıb və bu imic ölkəmizin maraqlarının təmin olunmasında mühüm rol oynayır. Buna görə də indiki situasiyada rəsmi Bakı Moskva ilə münasibətlərə soyuqluq gətirmədən KTMT-yə üzvlük məsələsini gündəmdən çıxarmaq yolunu tutmalıdır.

    – Qeyd etdiyiniz kiimi dünyanın yenidən bölüşdürülməsi, böyük güclərin öz nüfuz xəritələrini cızması fonunda Azərbaycanın tərəfsizlik mövqeyi nə qədər realdır?

    -Tərəfsizlik müttəfiqsizlik demək deyil. Heç bir rəsmi koalisiya, hərbi, yaxud iqtisadi-siyasi blok olmadan ortada Türkiyə-Azərbaycan-Pakistan üçlüyü var. Bu üçlük münasibətlərin maraqlardan daha çox xalqların səmimi yaxınlığı üzərində qurulduğundan istənilən blokdan daha güclüdür. Bu üçlüyü regiopnun, qitənin lideri edəcək iki mühüm faktor da var. Pakistan, Türkiyə və Azərbaycan bir çox ölkədə müsəlman azlıqlarlara qarşı İslamofobiya meyllərinin əleyhinədirlər. Bu prinsip hər 3 dövlət üçün vacibdir. Türkiyə müxtəlif ölkələrdə, o cümlədən İsraildə, Birmada və eləcə də Avropa ölkələrində müsəlman azlıqlara qarşı təzyiqləri tənqid edir.

    Nəsimi Şərəfxanlı: “Rəsmi Bakı Moskva ilə münasibətlərə soyuqluq gətirmədən KTMT-yə üzvlük məsələsini gündəmdən çıxarmaq yolunu tutmalıdır”.

    Azərbaycanla Ermənistan arasında müharibədən sonra müəyyənləşdi ki, işğaldan azad olunan böglələrdə məscidlər dağıdılıb. Azərbaycan istəyir ki, müsəlman ölkələri məscidlərin dağıdılmasını pisləsinlər. Pakistan isə Hindistanın Kəşmir bölgəsində yerli müsəlmanlara qarşı təzyiq siyasətini pisləyir. Ona görə də Pakistanın, Azərbaycanın və Türkiyə dünya müsəlmanları üçün qoruyucusu və müdafiəçisi statusundadır. Eyni zamanda bu üçlükdə yer alan Azərbaycan və Türkiyə Türk dünyasının öncül ölkələrindəndir. Başqa sözlə, Avrasiyada barışı təmin edəcək Türk-İslam birliyinin ilkin rüşeymləri yaranıb və bunu inkişaf etdirmək lazımdır.

    Nərminə UMUDLU
    pia.az

  • “Şəxslərin əvəzlənməsindənsə, idarəçiliyə baxışın dəyişilməsi vacibdir”

    Ötən həftə qəfildən keçirilən hakim Yeni Azərbaycan Partiyasının VII qurultayı hələ də cəmiyyətin əsas mövzularından biridir. PİA.az-ın əməkdaşı hakim partiyanın qurultayını və mövcud siyasi reallıqları Vətəndaş Həmrəyliyi Partiyasının səfr müavini Nəsimi Şərəfxanlı ilə müzakirə edib.

    Nəsimi Şərəfxanlı: “Uzun müddət partiya nomenklaturasını işğal etmiş “qocalar qrupunun” əvəzlənməsi hakim partiyada müəyyən dəyişikliklər yaradacaq. Amma eyni prosesin iqtitardakı nəticələrinə baxanda böyük ümidlərə yer qalmır”.

    – Nəsimi bəy, YAP-ın VII qurultayı hazırda cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən biridir. Bəziləri hesab edir ki, bu qurultay hakim partiyada böyük dəyişikliklərin başlanğıcıdır. Parlamnetin ana müxalifət partiyasının nümayəndəsi olaraq hakim partiyanın son qurultayını necə dəyərlədirirsiz? Hesab edirsinizmi YAP-dakı yenilənmə ölkədə siyasi münasibətləri dəyişmək üçün stimul ola bilər?

    – Hakim partiyanın son qurultayı zaman baxımdan gözlənilməz idi, nəticə çoxdan cəmiyyətdə müzakirə olunurdu və hər kəs iqtidarda aparılan kadr dəyişiklliklərinin partiyaya da sirayət edəcəyinin fərqindəydi. Təbii ki, uzun müddət partiya nomenklaturasını işğal etmiş “qocalar qrupunun” əvəzlənməsi hakim partiyada müəyyən dəyişikliklər yaradacaq. Ramiz Mehdiyevin, Əli Həsənovun, Arif Rəhimzadənin, Əli Əhmədovun və beynində hələ də kommunist təfəkkürü saxlayan şəxslərin partiya rəhbərliyindən kənarlaşdırılaraq nisbətən gənc şəxslərin iş başına gətirilməsi təqdirəlayiqdir. Amma anoloji prosesi rəsmi iqtidar strukturlarında da müşahidə etmişik. Amma eyni prosesin iqtitardakı nəticələrinə baxanda böyük ümidlərə yer qalmır. Çünki bu gün də bir çox nazir postlarında yer alan yeni şəxslər “köhnə qvardiya”dan ciddi şəkildə fərqlənmir. Ziya Məmmədov, Səlim Müslümov, Misir Mərdanov və digərləri əvəzləndi nə baş verdi ki? Yenə köhnə hamam, köhnə tas. Yəni təhsil, Səhiyyə, Sosial Müdafiə və digər strukturlarda bunun şahidi olmuşuq. Buna görə şəxslərin əvəzlənməsindənsə idarəçiliyə baxışın dəyişilməsi daha vacibdir. İstər YAP-da, istərsə də hakim komandada aparılan kadr dəyişikliklərinin ölkədə mücbət istiqamətə doğru təkan olacağına bundan sonra ümid etmək olar.

    – Azərbaycanın siyasi mühiti əsasən iki qütblü olaraq görülür. Qütblərdən biri hakimiyyət, digəri isə “sistemdən kənar” müxalifət hesan olunur və burda ideologiya, sol, ya da sağ prinsiplər özünü doğrultmur ya da özünə yer tapmır. VHP özünü bu qütblərin hansındasa görə bilirmi, ya da bu qütblərin arasında qalmağı VHP üçün hansısa şans və yaxud şansızlıq kimi dəyərləndirmək olarmı?

    – Azərbaycan siyasi sistemində ideologiya problemi var. Siyasi partiyaların böyük əksəriyyətinin proqramı eyni ideoloji dəyərlərə söykənir. Firqə fərqliliyi ideoloji baxışa deyil, siyasi taktikaya və ya liderə görə seçildiyindən Azərbaycanda partiya həyatında anormallıqlar yaşanır. Millətçilik, Liberalizm, Sosial bərabərlik və digər ideoloji prinsipləri əsas götürərək cəmiyyətə fərqli liderlər deyil, fərqli proqramlar, konsepsiyalar, baxışlar təqdim edilmir. Məncə siyasi sistemimizdəki durğunluğun əsas səbəbi budur.

    Nəsimi Şərəfxanlı: “Bütövlükdə siyasi sistemdə kəskin dəyişikliklər vacibdir. Ölkə əhalisinin siyasi iradəsi partiyaların potensialında parlamentdə və hökümətdə öz əksini tapmalıdır”.

    Vətəndaş Həmrəyliyi Partiyası “Nicatımız Vətəndaş Həmrəyliyindədir” şüarı ilə yaranaraq milli birlik, həmrəylik prinsipini əsas götürüb. Əlbəttə bu tam ideoloji sistem sayıla bilməz. Amma bu prinsip bir çox məqamlarda VHP-ni digər siyasi partiyalardan fərqləndirib və etiraf edək ki, hakim partiya da ölkənin həlledici anlarında bu prinsipi əsas tutub. Bu baxımdan VHP-ni kəskin qütbləşməyə qarşı olaraq şanslı partiya sayıram. Bu şanslılıq hər zaman parlamentdə təmsil olunmaqla yekunlaşmayıb, özünün təşkilati strukturlarını qoruyaraq inkişaf etdirməkdə də özünü göstərib.

    – Belə bir fikir var ki, Azərbaycan elektoratının böyük hissəsi həm hakimiyyət partiyasını, həm də müxalifəti “qocalmış” olaraq görür. Xüsusən də müxalifəti. Sizcə Azərbaycan siyasətinə yeni qüvvələrin gəlməsi üçün siyasi təlabat varmı və ölkə siyasətində nə zamansa üçüncü qütbün yaranmasını mümkün hesab edirsinizmi?

    – Mən siyasətdə qoca-gənc fərqliliyinin, qarşıdurmasının tam əleyhinəyəm. İllərdir ki, müxalifət “qocalıb” deyirlər. Çox yaxşı. Əgər belədirsə hanı gənclik? Kim qarşısını alır ki? Azərbaycanda onlarla gənc partiya sədri var və etiraf edək ki, onların ictimai tanınma imkanları klassik siyasilərimizdən daha çoxdur. Amma ortada nəticə də yoxdur.

    Nəsimi Şərəfxanlı: “Bu gün də bir çox nazir postlarında yer alan yeni şəxslər “köhnə qvardiya”dan ciddi şəkildə fərqlənmir. Təhsil, Səhiyyə, Sosial Müdafiə və digər strukturlarda bunun şahidi olmuşuq və olmaqdayıq”.

    Bu gün müxalifət liderləri tablosu Azərbaycanın istiqlalı üçün yol başlayan Meydanın tribunası kimi tanınır. Mən konkret adlar çəkib kimlərisə uğursuz siyasətçi kimi tanıtmaq istəmirəm, amma gəlin qəbul edək ki, cəmiyyət bu gün də Sabir Rüstəmxanlı, İsa Qəmbər, Etibar Məmədov, Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, Mirmahmud Mirəlioğlu və digər klassik siyasi liderlərimizin fikir və taktikalarına diqqət yetirir.

    Azərbaycanda üçüncü qütbün ortaya çıxmasına gəlincə isə, mövcud iki qütb: iqtidar-müxalifət arasında münasibətlər və sistem qaydasına düşməyincə hər hansı yeni qüvvədən danışmağa dəyməz. Bütövlükdə siyasi sistemdə kəskin dəyişikliklər vacibdir. Ölkə əhalisinin siyasi iradəsi partiyaların potensialında parlamentdə və hökümətdə öz əksini tapmalıdır. Bunun ən yaxşı yolu proparsional seçki sistemidir. Bu seçki prinsipi ilə partiyalar gerçək gücünü və siyasi mübarizəsini parlamentə daşımalıdır. Həmin parlamentdə ölkənin problemlərinin həll yollarının ən yaxşı variantları ortaya qoyulacaq.

    – Ümumiyyətlə Azərbaycan siyasətində üçüncü qütbün ortaya çıxa bilməsi üçün siyasi mühiti nə qədər əlverişli hesab edirsiniz?

    – Bir daha qeyd edirəm ki, mövcud iqtidar-müxalifət münasibətləri üçüncü siyasi güc mərkəzinin ortaya çıxmasını istisna edir. Əslində bu gün parlamentdə təmsil olunanları üçüncü qütb kimi də dəyərləndirmək olar.

    Nəsimi Şərəfxanı: Azərbaycanda hakimiyyətin adminstrativ gücü həddindən artıq çoxdur və bu hakimiyyət heç bir halda alternativ qəbul etmir”.

    Amma biz bilirik ki, bu tam olaraq belə deyil və həmin partiyalara Azərbaycan xalqının etimadı arzu edilən səviyyədə deyil. Bir zamanlar REAL hərəkatı da üçüncü qüvvə olaraq formalaşmaq istəyirdi. Alındıra bilmədilər. Üçüncü qüvvə təbii siyasi proseslə baş verə bilər, bu sifarişlə və ya təhlillə olmur.

    – Bəs Azərbaycanda mövcud durumu dəyişdirmək mümkündürmü?

    – Mən hazırkı şərtlərdə buna ehtimal vermirəm. Və hesab edirəm ki, buna cəhd etmək Don Kixotun yel dəyirmanı ilə savaşmasını xatırlada bilər. Çünki Azərbaycandakı siyasi mühit hazırda elə formalaşıb ki, ancaq bir-birlərini tamamilə inkar edən iki qütbün birində yer almalısan. Bu qütblərdən kənrda olanlar isə özlərini cəmiyyətə təqdim edə bilmirlər. Bunun yolu da yoxdur. Misal üçün özünə nəyin bahasına olursa olsun karyera qurmaq istəyənlər hakimiyyətin yanında yer alır və ancaq hakimiyyətin bucağından problemlərə yanaşırlar. Azərbaycanı fərqli və daha azad bir vətəndaş cəmiyyəti olaraq görmək istəyənlər isə ancaq “sistemdən kənar” müxalifətin bucağından məsələri həll etmək istəyirlər. Böyük əksəriyyət isə heç bur tərəfə inanmır və fərdi qaydada özlərini xilas etməyə çalışırlar.

    Nəsimi Şərəfxanlı: “VHP-də mövcud imkanlar daxilində mümkün olanları edir. Biz öz imkanlarımız içində mövcudluğa təsir etməyə çalışırıq”.

    – Bəs bu böyük əksəriyyəti üçüncü qüvvə niyə özünə cəlb edə bilmir?

    – Bunun səbəbi çox sadədir. Azərbaycanda hakimiyyətin adminstrativ gücü həddindən artıq çoxdur və bu hakimiyyət heç bir halda alternativ qəbul etmir. Bunu hamı bilir və bu üzdən də böyük əksəriyyəd də yaxşı bilir ki, onların üçüncü qüvvəyə verəcəkləri dəstək elə ikinci qüvvə demək olacaq. Yəni normal siyasi mühitdə hakimiyyət alternativliliyi qəbul etmir. Azərbaycanda isə bu olmadığı üçün böyük əksəriyyət özünə heç də əziyyət vermək istəmir.

    – VHP parlamentdə üç deputatla ana müxalifəti təmsil edir. Hesab edirsinizmi ki, müxalifət olaraq öz vəzifələrinizi yerinə yetirirsiz?

    – Məşhur bir ifadə var. “Siyasət imkanlar daxilində mümkün olanı etmək sənətidir”. Hesab edirəm ki, parlament müxalifəti olaraq VHP-də mövcud imkanlar daxilində mümkün olanları edir. Biz öz imkanlarımız içində mövcudluğa təsir etməyə çalışırıq.

    Nərminə UMUDLU
    pia.az

  • “Məhz Sizi seçməyimiz bizim uğurumuzdur…”

    Bir qrup neftçalalılı deputat, xalq şairi Sabir Rüstəmxanlıya təşəkkür məktubu ünvanlayıb…

    Bir qrup neftçalalı xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Neftçalanı Milli Məclisdə təmsil edən Sabir Rüstəmxanlıya təşəkkür məktubu ünvanlayıb. PİA.az-ın elektron poçtuna daxil olan təşəkkür məktubunda deyilir:

    “Çox hörmətli Sabir bəy!

    Müqəddəs Ramazan bayramı günündə biz neftçalalılar adından bir deputat kimi sizə təşəkkür eləməyi özümüzə borc bilirik. Neftçaladan depuatat seçilməyinizdən çox qısa müddət keçməsinə baxmayaraq, Siz Neftçala üçün çox böyük işlər görmüsünüz. Xüsusən bütün ölkəmizin ağır sınaq dövrü yaşadığı bu pandemiya dönəmində Neftçalaya göstərdiyiniz yardım və köməklik bütün deputatlar üçün nümunə olmalıdır. Bu ağır günlərdə Neftçalaya gətirdiyiniz yardımlar çoxlu sayda imkansız ailəyə doğrudan kömək olub. Göstərdiyiniz bu yardımlara və diqqətə görə Sizə bütün neftçalalılar adından çox təşəkkür edirik. Açığı bildirək ki, uzun illərdın sonra Neftçala sakinləri ilk dəfədir ki, bir deputatın qayğı və diqqətini görür. Bu da sizin doğrudan bir xalq şairi olaraq nə qədər yüksək insani dəyərlərə sahib olduğunuzu göstərməkdədir.

    Biz Sizin seçiciləriniz olaraq deputat kimi fəaliyyətinizdən çox razıyıq və qeyd etmək istəyirik ki, məhz sizi seçməyimizi Neftçalanın son illərdə əldə etdiyi uğur kimi dəyərləndiririk. Fürsətdən istifadə edərək, tanınmış Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olaraq mayın 20-də qeyd etdiyiniz ad gününzü də təbrik edirik. Sizə can sağlığı arzulayırıq. Sizin Azərbaycan xalqına göstərdiyiniz xidmətlərin davam etməsi üçün bu müqəddəs Ramazan günündə Allaha dua edirik”.

    pia.az