Vətəndaş Həmrəyliyi Partiyası

Category: RT

  • Şirvan və Siyəzəndə VHP toplantı keçirib

    Vətəndaş Həmrəyliyi Partiyasının Şirvan şəhər və Siyəzən rayon təşkilatlarının məclis toplantısı keçirilib.
    Yığıncaqlarda Şirvan şəhər təşkilatının sədri Ramil Vəliyev və Siyəzən rayon təşkilatının sədri Samir Nərimanoğlu ölkədə baş verən siyasi olaylar, bölgədəki proseslər və partiya fəaliyyəti haqda məruzə ilə çıxış edib, rəhbərlik etdikləri təşkilatların fəaliyyəti, qarşıda duran məsələlərdən danışıblar.
    Çıxışlar ətrafında müzakirə aparılıb, partiya və təşkilat fəaliyyətləri ilə bağlı təkliflər səsləndirilib.
    Sonda Şirvan şəhər təşkilatı 10 nəfər və Siyəzən rayon təşkilatı isə 16 nəfər yeni partiya üzvü qəbul edib.
  • VHP Şabran və Lerikdə toplantı keçirib

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Şabran və Lerik rayon təşkilatlarınln məclis toplantısı keçirilib.
    Toplantıda Şabran rayon təşkilatının sədri Lətifə Camal və Lerik rayon təşkilatının sədri Elxan Hacıyev ölkədəki ctimai-siyasi durum, təşkilati məsələlər və qarşıda duran vəzifələr barədə geniş çıxış edib.
    Daha sonra məclis üzvləri və fəallar çıxış ətrafında müzakirə aparıb.
    Sonda təşkilati məsələlərə baxılıb. Şabran rayon təşkilatı 19 nəfər və Lerik rayon təşkilatı isə 13 nəfər yeni üzv qəbul edib.
  • VHP-nin təşkilat sədri ATƏT təmsilçiləri ilə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyası Gəncə şəhər təşkilatının sədri Orxan İslamzadə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) uzunmüddətli müşahidəçiləri Aleksandra Tein və Narve Rio ilə görüşüb.
    O.İslamzadə ATƏT DTİHB nümayəndələrinə VHP-nin seçki prosesində iştirakı, Gəncəbasar bölgəsində partiyanın namizədlərinin təşviqat kampaniyası haqda qonaqlara ətraflı məlumat verib. Qarşıdan gələn seçkilərdə də VHP-nin uğuruna əminliyini bildirən VHP Gəncə şəhər təşkilatının sədri vətəndaşların seçki fəallığı ilə bərabər yerli və xarici müşahidəçilərin fəaliyyətinin də seçki prosesində böyük rol oynadığını qeyd edib.

  • VHP-nin təşkilat sədri ATƏT müşahidəçiləri ilə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyası Tovuz rayon təşkilatının sədri Nəsimi Tovuzlu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının Qərb bölgəsindəki üzrə nümayəndələri – Almanyalı Kristina Buck və Rusiyalı Mariyya lyukmanova ilə görüşüb.
    7 fevral prezident seçkiləri ilə əlaqədar keçirilən görüşdə seçki öncəsi siyasi mühit, seçkiyə hazırlıq və partiyaların prosesdə iştirakı müzakirə olunub.
    Qarşılıqlı müzakirə və informasiya mübadiləsi şəraitində keçən görüşdə VHP təmsilçisi qonaqlara partiyanın seçki dövründəki qərarları, seçkini müşahidə məsələləri haqda məlumat verib.

  • VHP-də möhtəşəm toplantı: İşğaldan azad olunmuş rayon təşkilatları bir araya gəldi

    Sabir Rüstəmxanlı: “VHP böyük qələbəmizə həm ideoloji, həm də savaş meydanında öz payını verib”

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə işğaldan azad edilmiş rayonların bölgə təşkilatının üzvləri ilə görüşü keçirilib. 11 rayon təşkilatının sədrinin qatıldığı tədbiri giriş sözü ilə Partiya Ali Məclisinin sədri Felmar Ələkbərli açıb. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Felmar bəy Zəfər savaşı və son antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzün təmin edilməsinin böyük tarixi hadisə olduğunu bildirərək, Xankəndində və Qarabağın digər şəhərlərində üçrəngli bayrağımızın ucaldılmasının qələbəmizin yekunu olduğunu qeyd etdi.

    Daha sonra VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli tədbirdə iştirak edən rayon təşkilatlarını təqdim edib və bildirib ki, bu tədbirdə Şuşa, Xocalı, Xocavənd, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Laçın, Zəngilan, Kəlbəcər rayon, Xankəndi şəhər təşkilatlarının sədrlərinin və təşkilat rəhbərliyinə daxil olan şəxslərin iştirakı ilə toplantı keçirilib.
    İlk olaraq çıxış edən VHP Xocalı rayon təşkilatının sədri Mikayıl Nurməmmədov Qarabağ münaqişəsi başlayan ilk gündən Sabir Rüstəmxanlı bütün kəndləri gəzmiş və hər cür dəstəyini göstərmişdir. Meşəli qatili Xaçaturyanın məhkəmə prosesində iştirak edən Mikayıl bəy bu illər ərzində xalqımıza faciə yaşadan bütün erməni cinayətkarlarının layiqli cəzasını alacağını dedi.
    VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı bir şuşalı kimi hər zaman Qarabağlı günlərdən danışarkən kövrəldiyini amma indi yalnız sevinc göz yaşlarının olduğunu bildirdi: “Mənim Şuşa xatirələrim saatlarla bitməz, bu gün bizə o sevinci yaşadan o torpaqlarda ucalan şanlı bayrağımızdır”.
    Daha sonra VHP Ağdam rayon təşkilatının sədri Həsən Xəlilov və Qubadlı rayon təşkilatının sədri Xasay Vəliyev çıxış edərək rayonlarının işğal tarixi, maddi və mənəvi ziyanlardan bəhs edib.
    Laçın rayon təşkilatının sədri Həmzalı Məmmədov, Xankəndi şəhər təşkilatının sədri Şəhriyar Abdullayev, Xocavənd rayon təşkilatının sədri Arzu Abbasova və Cəbrayıl rayon təşkilatının sədri Etibar Məmmədov çıxış edərək Zəfər Savaşı və milli qələbəmizin yaşatdığı qürurdan danışıblar.
    Sonda Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək bu görüşün tarixi günlərə təsadüf etdiyini bildirdi: “44 günlük Zəfər savaşı ilə biz düşmənə zərbə vurub torpaqlarımızı azad etmişdik, ancaq bir ay öncə keçirilən antiterror tədbirləri bizim qələbəmizi tam yekunlaşdırdı. Bu gün Xankəndində dövlət bayrağımız dalğalanır və bu ərazi bütövlüyümüzün möhtəşəm simvoludur. Azərbaycan xalqı 30 illik vətən həsrətinə son qoydu. 1988-ci ildən biz həm Vətən, həm də Azadlıq davamızın mərkəzindəyik. Bu yola “Nicatımız Vətəndaş Həmrəyliyindədir” deyə çıxmışdıq və zaman bizim yolumuzun, ideologiyamızın düz olduğunu təsdiqlədi. Bununla hər bir VHP-çi qürur duya bilər. Burda çıxış edən rayon təşkilat sədrlərinin bir çoxu həm də Birinci Qarabağ Müharibəsi veteranıdır. Bu da Qürurverici bir faktdır. Demək VHP bu böyük qələbəmizə həm ideoloji, həm də savaş meydanında öz payını verib”

  • Xocalılı VHP-çilər bir araya gəldi: “Qürur və sevinc tarixi yaşayırıq”

    Qarabağda Azərbaycan Respublikasının suveren hüquqlarının bərpası hər bir vətəndaşda böyük sevinc və qürur hissi yaradır. Bu günlərdə xalqımız üçün 30 ilin ən böyük faciəsi olan Xocalı şəhərindən videokadrların yayılması, əsgərlərimizin Xocalı aeroportunda erməni bayrağını endirməsi rəmzi xarakter daşıması baxımından xüsusi sevinclə qarçılandı. Vətəndaş Həmrəyliyi Partiyasının Xocalı rayon təşkilatı Məclisinın növbəti toplantısında da bu sevinc yaşanıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edən toplantı iştirakçıları doğma şəhərlərinin azad olunması münasibəti ilə bir birini təbrik edib.

    VHP Xocalı rayon təşkilatının sədri Mikayıl Nurməmmədov çıxış edərək bildirib ki, bu gün Azərbaycan tarixinin ən qürurlu günləri yaşanır: “Bu gün Xocalı azaddır və biz xocalılar bunun sözlə ifadə olunmayacaq sevincini yaşayırıq. 31 ildir ki, elimizdən, obamızdan didərgin düşüb köçkün həyatı yaşayırdıq. Dövlətimiz var, bu gün yaşamağa evimiz var, amma vətən həsrəti, elimizin yağı işğalında olması bizi başı aşağı, nisgilli etmişdi. Biz bu günə kimi sevinməmişik, Xocalıda soyqırıma məruz qalan insanlar hər gün yuxumuza girirdi. Bu gün onların da ruhu şaddır, onlar da sevinir. Xocalı yalnız işğal olunmuş ərazi, şəhər deyil, bu işğal bizim milli heysiyyat məsələmiz idi və Azərbaycan ordusu bu məsələni dünyaya gücümüzü göstərərək həll etdi. Xocalı, Xankəni, Xocavənd, Əsgəran, Ağdərə, Meşəli, Umudlu, Kosalar, Cəmilli, Kərgicahan da azadlıqa qovuşdu. Ürəyimiz sevincdən elə çırpınır ki, sanki dayanacaq. Bu sevinci heç nə ilə dəyişə bilmərik, biz evlərimizə, yurdumuza qayıdacağıq”.

    Daha sonra digər Məclis üzvləri də çıxış edərək Qarabağın azadlığının dövlətimiz və xalqımızın əbədi qürur məqamı olduğunu bildirib. Məclis Xocalının və Qarabağın ətraf şəhərlərinin azad olması münasibəti ilə VHP-çi xocalılar adından həmyerlilərinə müraciət qəbul edib.

     

  • VHP-nin bölgə təşkilatlarının toplantısı keçirilib- FOTO

    VHP Oğuz RT
    VHP Oğuz RT

    Oğuz:  Vətəndaş Həmrəyliyi Partiyası Oğuz rayon təşkilatı Məclisinin və Nəzarət Təftiş Komissiyasının birgə toplantısı keçirilib. İclasda ölkədəki ictimai-siyasi durum, təşkilati məsələlər və qarşıda duran işlər müzakirə edilib.

    Təşkilat sədri Famil Adiloğlu ölkədəki ictimai-siyasi vəziyyət, pariyanın proseslərə münasibəti və qarşıda duran tapşırıqlar barədə geniş məruzə edib. Siyasi partiyalar haqqında qanuna uyğun yenidən qeydiyyat məsələsi barədə üzvlərə məlumat verilib.

    Məclis üzvlərindən Qabil Seyidxanov, Faiq Qəribov NTK üzvü Bəsti Zakirova çıxış edərək təşkilatın fəaliyyəti və qarşıda duran işlərdən danışdılar.
    Sonda təşkilati məsələlərə baxılıb, 2 nəfər partiya üzvlüyündən azad edilib və 17 nəfər yeni üzv qəbul edilib.
    VHP Şirvan ŞT
    VHP Şirvan ŞT

    Şirvan/ Şamaxı: Vətəndaş Həmrəyliyi Partiyası Şirvan şəhər və Şamaxı rayon təşkilatları Məclisinin növbəti toplantısı keçiriblər. Şirvan şəhər təşkilatının sədri Aqil Vəli və Şamaxı rayon təşkilatının sədri Ədalət Məmmədov ictimai-siyasi məsələlər barədə məruzə edib, partiyanın siyasi mövqeyi və proseslərə münasibəti haqda üzvləri məlumatlandırıblar.

    Toplantıda təşkilati məsələlərlə bağlı qarşıda duran işlər müzakirə edilib, Ədliyyə nazirliyinin qeydiyyat məsələsi ilə bağlı VHP-yə cavabı və partiyanın fəaliyyətindən danışılıb.
    VHP Şamaxı RT
    VHP Şamaxı RT

    Lerik: Vətəndaş Həmrəyliyi Partiyasının Lerik rayon təşkilatı məclisinin növbəti yığıncağı keçirilib. Təşkilat sədri Elxan Hacıyev çıxış edərək təşkilati işlərlə bağlı geniş məlumat verib. O, bildirib VHP Lerik rayon təşkilatın qeydiyyatında 255 nəfər üzv var, yeni siyasi partiyalar qanununa uyğun olaraq üzvlərdən 150 nəfərin adı reysterə salınıb. E.Hacıyev həmçinin məclisə məlumat verib ki, Ədliyyə nazirliyi tərəfindən 100-ə yaxın partiya üzvünə zəng edilib, partiya üzvü olmaları soruşulub və təsdiq alınıb.

    VHP Lerik RT
    VHP Lerik RT

    Toplantıda VHP sədrinin müşaviri Həşim Nəsirov çıxış edərək partiyanın respublika reystr işi ilə bağlı fəaliyyətindən danışıb və ölkədəki ictimai-siyasi vəziyyət, qarşıda duran işlər barədə məlumat verib. Bildirib ki, yeni qanuna görə partiya qeydiyyatdan keçmək üçün on minə yaxən şəxsin adı verilib, onların yarısı ilə əlaqə saxlanıldığı barədə məlumatımız var.

    Məclis yeni 20 özək təşkilatının səlahiyyətini təsdiq edilib, 3 nəfər VHP üzvlüyündən azad edilib və 21 nəfər yeni üzv qəbul edilib.
    Sonda payızda təşkilatın növbəti konfransının keçirilməsi qərarlaşdırılıb və özək təşkilatlarının yığıncalarının keçirilməsi qərara alınıb.

  • VHP Naxçıvan MR sədri Türkiyə konsulu ilə görüşüb

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası  Naxçıvan Muxtar Təşkilatının sədri Abdulla Abdullayev  Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı  Baş konsuluğunda olaraq konsul Asip Kaya ilə görüşüb.

    Abdulla bəy Türkiyənin bir çox bölgəsində baş verən zəlzələ nəticəsində çox sayda insan tələfatı ilə bağlı konsula başsağlığını bildirib. Baş vermiş faciənin hər bir Azərbaycan vətəndaşını dərindən kədərləndirdiyini qeyd edən A.Abdullayev  Türkiyənin acısının, həm də bizim acımız olduğunu, Azərbaycanı  dövlət və xalq olaraq hər zaman qardaş Türkiyənin yanında olduğunu  deyib.

    VHP Naxçıvan Muxtar Təşkilatı adından rəsmi başsağlığı məktubu konsula təqdim edilib.

  • VHP Gəncədə Rəsulzadənin doğum gününü qeyd etdi-FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gəncə şəhər təşkilatının üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu il dönümü ilə bağlı Gəncə şəhərində Rəsulzadənin büstünü ziyarət ediblər.

    Abidə qarşısında çıxış edən VHP Gəncə şəhər təşkilatının sədri Füzuli Həsənov bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günü olduğunu qeyd edərək bildirib ki, Rəsulzadə Cümhuriyyət tarixinin ideoloji-siyasi fəaliyyətinin əsas təməllərindən biridir: “Bu gün biz Cümhuriyyətimizin dəyərlərinə sahib çıxmalıyıq. Gəncliyə ideologiya lazımdırsa, Rəsulzadənin həyatı və fəaliyyəti əsl ideologiya nümunəsidir. Rəsulzadə təkcə Müsavatın qurucusu deyil. O, həm də Azərbaycan adına tarixdə ilk dövlətin, müasir dövlətçilik ənənələrinin banisidir. O, millətin lideridir. Məmməd Əmin Rəsulzadə son minillik tariximizin yetirdiyi ən dahi şəxsiyyətlərdən biri, bəlkə də birincisidir. Onun Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında lider kimi gördüyü işlər danılmaz həqiqətlərdir. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı istiqlaliyyət əldə etmək istəyən xalqların prinsipinə çevrilib. Onun milli həmrəyliyi ifadə edən fikirləri bütün dövrlər üçün dövlətin qorunmasında vacib şərtlərdən biridir. Biz tarixi şəxsiyyətlərimizin qədrini bilməliyik. Bugünkü Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir və hər bir vətəndaş Cümhuriyyət dəyərlərinə sayğı ilə yanaşmalıdır”.

    Daha sonra çıxış edən VHP Ali Məclisinin üzvü, Vətən Müharibəsi veteranı Samil Bağırlı bildirdi ki, Rəsulzadənin fəaliyyəti, yazıları və çıxışları gənclər üçün milli yoldur: “Onun fikirlərinə hər bir gənc sahiblənməlidir. İslam Şərqində ilk Cümhuriyyətin qurulması zamanının ən böyük hadisəsi idi, onu da Rəsulzadə və silahdaşları birgə etdilər. Bu gün milli dövlətimizin olması onların xidmətidir və bu dövlətin qurucularını biz hər zaman sayqı və sevgi ilə xatırlamalı, yaddaşlarımıza həkk etməliyik”

  • VHP-nin bölgə iclasları davam edir-FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gəncə şəhər, Sabirabad rayon, Ucar rayon təşkilatları Məclisinin növbəti toplantısı keçirilib.

    Toplantıda Gəncə şəhər Təşkilatın sədri Füzuli Həsənov, Sabrabad rayon təşkilatının sədri Elman Əliyev və Ucar rayon təşkilatının sədri Badam Məmmədova çıxış edərək rəhbərlik etdikləri təşkilatının fəaliyyəti, ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın proseslərə münasibəti və qarşıya qoyduğu tapşırıqlar haqda geniş məlumat verib. Təşkilat sədrləri həmçinin ”Siyasi partiyalar haqqında” yeni qəbul edilən qanununa uyğun olaraq rəhbərlik etdikləri təşkilatın üzvülərinin anket məlumatlarını hazırlanaraq mərkəzi aparata təqdim edilməsi haqda məlumat verib.

    Daha sonra çıxış ətrafında müzakirələr aparılıb. Çıxış edən məclis üzvləri ölkədəki ictimai siyasi durumla bağlı fikirlərini ifadə edərək bildiriblər ki, son vaxtlar sosial   problemlərin artdığını, məmur özbaşınalığının aradan qalxmadığını vurğulayıb. Eyni zamanda bildirilib ki, iqtisadi-sosial problemlərin əsas həlli aqrar sahənin inkişaf etdirilməsidir.

    Məclisdə təşkilatların fəaliyyəti, yeni qəbul edilən üzvlərlə bağlı əlavə özək təşkilatları təsis edilməsi müzakirə edilərək, yeni özək təşkilatları üzvlərin qeydiyyatına uyğun təsis edilməsi qərarlaşdırılıb.

    Məclis toplantılarında ictimai-siyasi məsələlər geniş müzakirə edilib.

    VHP Ucar rayon təşkilatı
    VHP Gəncə şəhər təşkilatı
    VHP Sabirabad rayon təşkilatı