Vətəndaş Həmrəyliyi Partiyası

Category: Ölkə Gündəmi

  • “Borçalı” Cəmiyyətinin konfransında hökumətə çağırışlar edildi

    Mayın 26-də VHP-nin mərkəzi qərargahında “Borçalı” İctimai Cəmiyyətinin (İB) növbəti VII (X) konfransı (qurultay səlahiyyətli) keçirildi. Konfransda aparıcı siyasi partiyaların rəhbərləri də iştirak edirdi. 
    Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsinin yad edilməsindən sonra işinə başlayan konfransda çıxış edən cəmiyyətin sədri Zəlimxan Məmmədli 19 may yanğınında həlak olan insanlarımızı da hörmətlə xatırladı. 
    Onu da qeyd etdi ki, bu gün həm də Gürcüstanın dövlət müstəqilliyu günüdür: “Konfrans üçün bu günün seçilməsinin də simvolik mənası var”. O, həmçinin 28 mayda Tiflisdə Azərbaycanın müstəqilliyinin elan olunduğunu deyib şərəfli tariximizdən bəhs etdi. Z.Məmmədli Gürcüstanın qapılarının onun üzünə qapalı olmasını da xatırlatdı. 
    Bundan sonra isə Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirildi. Z.Məmmədli dedi ki, Azərbaycanda ilk dəfədir, özü də Borçalı Cəmiyyəti belə bir simvolik addımı atır: “İnanırıq ki, nə vaxtsa Gürcüstanda da bizim olmadığımız məclisdə Azərbaycanın dövlət himni səsləndiriləcək”. 
    Z.Məmmədli bir il əvvəl təsis edilən Cavad Heyət mükafatının və El adamı mükafatının sahiblərinə təqdim olunacağını da dedi. 
    Hesabat məruzəsi ilə çıxış edən Z.Məmmədli ötən bir ildə dünya və Azərbaycandakı dəyişikliklərlə yanaşı, Borçalı Cəmiyyətinin də üzləşdiyi problemlərdən bəhs etdi, gördüyü işlərdən danışdı. Bildirdi ki, Borçalının problemləri ilə əlaqədar hazır layihələri və sənədləri Gürcüstan rəhbərliyinə mütəmadi şəkildə göndərir.
     Bir çoxları tərəfindən məsxərəyə qoyulmasına baxmayaraq, Elat bayramının artıq Borçalı sərhədlərindən çox-çox uzaqlara gedib çıxdığını bildirdi. Qeyd etdi ki, ötən illərdə bu təşkilatda maliyyə problemi olsa da, Cəmiyyət heç vaxt maliyyə axtarışına çıxmadı. 
    Z.Məmmədli dedi ki, azərbaycanlıların inteqrasiya problemi yoxdur: “Gürcüstan hakimiyyəti, zəhmət çək, azərbaycanlıların tarixən yaşadığı regiona inteqrasiya elə, tarixi yaddaşını silməyə çalışma, toponimlərini dəyişmə, torpağını əlindən alma, onu incitmə! Onu incitsən, inteqrasiya alınmayacaq! Milli məktəbləri məsciddən aşağı tutmaq yanlışdır”. 
    Z.Məmmədli dedi ki, Borcalı Cəmiyyəti dostluqdan, qardaşlıqdan danışdığı üçün bir çox hallarda Sənə dostluq əlini uzadan azərbaycanlı ilə, Zəlimxan Məmmədli ilə bu cür davranmaq olarmı? Sən mənim qabağımı niyə kəsirsən?! Etnik separatçılıqdan əziyyət Gürcüstan məni separatçılığamı vadar edir? Gürcüstan hakimiyyətinin bu davranışı onun separatçılığa yuvarlandığını göstərir”. 
    Z.Məmmədli əlavə etdi ki, Abxaziya separatçıları onu tapıb əməkdaşlıq ediblər. Dedilər ki, bizimlə də sizin kimi davrandıqları üçün biz müstəqilliyimizi elan etdik. Mən onlara dedim ki, siz Gürcüstana xəyanət edibsiniz. Ancaq bu kurs davam edəcəksə, biz fərqli davranacağıq. 
    Cəmiyyət sədri dedi ki, Elat bayramını yasaq etmələri mümkün deyil: “Məni fiziki olaraq ora buraxmayacaqlar, amma bizim millətimiz ordadır. Bu il də Elatda Gürcüstan-Azərbaycan birgə himnləri səslənəcək. Harda bir türkün burnu qanayacaq, biz orda olacağıq”. Z.Məmmədli onu da dedi ki, sədrliyə iddialı olsa, çox böyük məmnunluqla təhvil verməyə hazırdır: “Borçalı bu çətin imtahandan sizlərin dəstəyi ilə şərəflə çıxacaq”. 
    KXCP sədri Mirmahmud Mirəlioğlu Z.Məmmədlini təbrikdən sonra Azərbaycanın müstəqilliyindən bəhs etdi. 97 il bundan qabaq bizim babalarımız Tiflisdə Azərbaycanın müstəqilliyini elan etdilər. Başqa bir 26 may da var. 22 il bundan əvvəl Azərbaycandan rus qoşunları çıxarıldı. Rusun emissarları olsa da, hər halda Azərbaycanda şükürlər olsun ki, rus qoşunu yoxdur. Sonra gürcü qardaşlarımız da bu addımı atdılar… Mən kimin nə deməsindən asılı olmayaraq Borçalı Cəmiyyətinin gördüyü və görmədiyi bütün işləri təqdir edirəm”.
    DAK həmsədri Sabir Rüstəmxanlı dedi ki, Borçalıdan danışmaq ümumiyyətlə, Azərbaycan və dünya türklüyünün tarixindən danışmaq deməkdir. Belə param-parça vəziyyətdə olan millətin min dərdi var. İrəvan, Zəngəzur, Göyçə, Şərqi Anadolu gedib, Kərkük gedib, Cənubi Azərbaycanı ostanlara bölürlər, Dərbəndi heç yada salmırlar, bir dənə diri qalan Borçalıdır. Bu da ordakı insanlarımızın iradəsinin hesabınadır. Borçalıda biz gürcülərlə üz-üzə deyilik, əslində bu savaş gürcü familiyası daşıyan ermənilərlə gedir, ona görə də biz kifayət qədər ayıq olmalıyıq.  
    Tiflisə mesajını çatdıran S.Rüstəmxanlı qeyd etdi ki, Borçalı muxtariyyət tələb etsəydi, bu gün Gürcüstan dövləti mövcud ola bilməzdi: “Ona görə də Gürcüstan azərbaycanlıların bu dövlətə sədaqətini qiymətləndirməlidir”. 
     
    Müsavat başqanı Arif Hacılı partiya adından və İsa Qəmbərin sədr olduğu Milli Strateji Düşüncə Mərkəzin adından Borçalı Cəmiyyətini konfrans münasibətilə təbrik etdi. 
    A.Hacılı dedi ki, gürcülər və ermənilərin öz maraqlarının olduğu şəraitində azərbaycanlıların da öz maraqları olmalıdır: “Həmçinin Azərbaycan milli və dövlət maraqları naminə Gürcüstanla münasibətlərinin daim yaxşı olmasına çalışmalıdır”. 
    Müsavat başqanı dedi ki, milli məktəblərin ləğvi üçün çalışmaq yox, gürcü dilini öyrənmək, Azərbaycanda deyil, Gürcüstanda karyera qurmaq uğrunda çalışmaq lazımdır. Çünki biz Gürcüstan dövlətinə şərikik”. 
    BQP sədri, deputat Fazil Mustafa qeyd etdi ki, bir ictimai təşkilatın milli məsələlərlə bağlı fəaliyyət göstərməsi çox böyük fədakarlıqdır: “Bu gün Borçalıda yaşayan Azərbaycan türklərinin vəziyyətini Azərbaycan və Gürcüstan hakimiyyətlərinə, həmçinin cəmiyyətlərinə anlatmaq lazımdır. Gürcüstanda yaşayan Azərbaycan türkləri ilə “əcnəbi” ifadəsi arasında bərabərlik işarəsi qoymaq çox böyük yanlışlıqdır. Gürcüstanda xərlədiyimiz qədər biz heç yerdə pul xərcləmirik. Amma bizim qazancımız minimumdur. Ermənilər Gürcüstana bu qədər pul qoysaydı, Gürcüstan parlamentiin ən azı yarısı erməni olardı. Təəssüf ki, biz Gürcüstan hakimiyyətindən bir Azərbaycan vətəndaşının niyə ölkəyə buraxılmadığını soruşa bilmirik”. 
    Azadlıq Partiyasının sədri Əhməd Oruc dedi ki, Gürcüstanda torpaq islahatı məhz Borçalı əhalisinin əlindəki torpaqların alınmasına hesablanmışdı: “Biz çəkinmədən bütün məsələlərə meydanlarda olmalıyıq. Yalnız o millətlər uğur qazanacaq ki, ağıllı şəkildə meydanda olacaq. Azərbaycan hakimiyyəti də Gürcüstan hakimiyyəti qarşısında ciddi şəkildə mövcud problemlər barədə məsələ qaldırmalıdır”.
    Borçalı Cəmiyyətinin Gürcüstan nümayəndəsi İsrafil Bayramov Borçalıdakı durumdan danışdı: “Əfsuslar olsun ki, ermənilərə daha çox imtiyazlar var, nəinki bizə. Baxmayaraq ki, biz daim bir yerdə vuruşmuşuq, sevincimiz, ağrımız bir olub. İki rayona ermənilər namizəd verildi, amma azərbaycanlının namizədliyinə imkan verilmədi, udduq, amma qutudan başqası çıxdı”.
    İsrafil bəy dedi ki, istənilən vasitə ilə Azərbaycanla əlaqəni kəsmək istəyirlər: “Gürcüstanda Borçalı məktəbləri üçün nəşr edilən kitablarda azərbaycanlıların tarixini 18-ci əsrdən başladığını yazırlar. İkinci sinif musiqi dərsliyində ermənidən bəhs olunduğu halda, bir azərbaycan bəstəkar və şairindən bəhs olunmur. Sabah “Vağzalı” əvəzinə də gürcü mahnısı oxutmalı olacağıq. Dövlət bu məsələyə müdaxilə etməlidir. Çünki bizim gücümüz yetərli deyil”. 
    İ.Bayramov Z.Məmmədlinin Gürcüstana niyə buraxılmamasının səbəblərindən də danışdı. Dedi ki, Elat bayramında iştirak edən müxalifət deputatlarına ödül verildi, iqtidar da bu tədbirin müxalifətçilərin tədbiri olduğunu iddia edib: “Zəlimxan bəyin Gürcüstana buraxılmamasının səbəbi odur ki, biz gərək yaltaqlıq edək. Ancaq iqtidar nümayəndələri o tədbirlərə heç gəlmirlər ki, tərifləyək də. Ancaq rəsmi qurumlara müraciətlər futbol topu kimi bir-birinə ötürülür. Rəsmi cavabda bildirilir ki, Zəlimxan Məmmədli gələcəkdə Gürcüstan vətəndaşının sağlamlığına ziyan vura, yaxud Gürcüstana ziyan vura bilər”.
    E.PAŞASOY
    FOTO: “YM”




  • Sovet işğalından 95 il ötür

    Azərbaycanda 71 il bayram kimi təqdim edilən 28 aprel artıq öz adı ilə çağrılır.
    ANSPRESS xatırladır ki, məhz 95 il bundan əvvəl Sovet qoşunları Şərqin ilk demokratik cümhuriyyətinin varlığına son qoyaraq bu əraziləri işğal etdi. Azərbaycan tarixinin 70 illik səhifəsini əhatə edən Sovet hakimiyyətinin ölkəmiz və xalqımızın taleyində oynadığı rolla bağlı fikirlər birmənalı deyil.
    Əksər ekspertlər hesab edirlər ki, 1920-ci ilin aprelində Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edilib və bu imperiyanın əsarəti altında Azərbaycanın itirdikləri Çar Rusiyasının hakimiyyəti dövründə itirdiklərindən heç də az olmayıb. Azərbaycanın sərvətləri talanıb, on minlərlə həmvətənimiz həlak olub.
    Azərbaycan neftinə sahib olan bolşevik hökuməti təşəkkürünü repressiyalar, qətllərlə bildirdi. Araşdırmalara görə, 20-50-ci illərdə Stalin repressiyalarının qurbanı olmuş azərbaycanlıların sayı 350 minə yaxındır. Yalnız 150 min həmvətənimiz Qazaxıstanda həlak olub. Rusiyanın cəlb olunduğu II Dünya müharibəsində də 300 min azərbaycanlı dünyasını dəyişib. Amma bütün bu mənfi cəhətləri ilə yanaşı Sovet hakimiyyətinin Azərbaycanın tarixində müsbət izlərinin də olması danılmazdır. İlk növbədə tarixçilər formal da olsa, Azərbaycanın bir dövlət kimi dövlətçilik atributlarının formalaşmasını göstərirlər. Sonra bu atributlar və hökumət strukturları müstəqil Azərbaycan Respublikasının formalaşması üçün baza rolunu oynadı.
    Eləcə də İslam aləmində ən yüksək savadlılığın yaranmasında Sovet hakimiyyəti az rol oynamayıb.
    Ekspertlərin sözlərinə əsasən, Azərbaycan Sovet Respublikası Sovet dövründə ölkənin iqtisadi baxımdan ən inkişaf etmiş regionlarından biri idi. Amma müsbət cəhətlərinə baxmayaraq, Sovet Rusiyası aprel işğalı ilə tarixdə Azərbaycanın demokratik cümhuriyyətinin qatili kimi qalacaq.
  • Kəlbəcərin işğalından 22 il keçir

    Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 22 il keçir.
    APA-nın məlumatına görə, Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib.
    Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.
    Ermənilər Kəlbəcərin Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və daha neçə-neçə mədəni-tarixi abidəni də dağıdıblar.
    Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cümlədən sonradan qəbul olunmuş daha 3 qətnamə yerinə yetirilməyib.
    Bununla yanaşı, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.
  • Azərbaycan siyasətçisindən Rusiyaya güllə kimi mesajlar

    “Azərbaycanın bu gün yaşadığı bütün problemlərin kökündə ən qatı düşmən – Rusiya dayanır”

    Vətəndaş Həmrəyliyi Partiyası Ali Məslisinin sədri, Milli Şura Koordiyasiya Mərkəzinin üzvü Azərbaycan idmançısının erməni himni çalınarkən ayaq üstə durmaması ilə bağlı facebook statusu yazıb. Həmin fikirləri olduğu kimi diqqətinizə çatdırırıq: Samboçu Bəxtiyar Abbasovun fəxri kürsüdə Ermənistan himninə həqarət etməsi müxtəlif reaksiyalar doğurub. Kimsə Bəxtiyardan az qala milli qəhrəman düzəldir, kimsə bunu səhv hərəkət hesab edir. Məni isə Bəxtiyar Abbasovun idman kodeksindən xəbərdar olub olmaması maraqlandırır. Dəfələrlə o kürsünün ən yüksək pilləsində Azərbaycan idmançısı dayanıb himnimizi çaldırıb. Kürsüdə dayanan erməni də sakitcə dayanıb qulaq asıb. Xalçanın üstündə o rəqibdir, düşmən deyil. Düşmənlə qucaqlaşıb qapışmırlar, əldə silah vuruşurlar.
    Bundan başqa, sənin düşmənin təkcə ermənimi? Bəyəm torpaqlarını erməni işğal edib? Hamımız çox gözəl bilirik ki, işğal prosesini rus həyata keçirib. Azərbaycanın bu gün yaşadığı bütün problemlərin kökündə ən qatı düşmən – Rusiya dayanır. Rusiyanın himni çalınanda oturmağa cəsarətin çatarmı? Yaxşı oğlansan turniri ud, qoyma erməninin himni çalınsın. Sən onun himninə hörmətsizlik et, bayrağına tüpür, o da sənin, nə olacaq ki.
    O sənin ərazilərinin 20%-ni işğal altında saxlayıb üstündə kef eləsin, torpağını torba ilə daşısın, sən onun hinmninə həqarət et. Bununlamı özümüzə təsəlli veririk.
    Sabah Azərbaycan Avropa oyunları təşkil edir. Erməni himnini burda çaldıranda nə edəcəyik, Şalakomu çalacağıq?
    Uduzmusan, rəqibinə hörmət et ki, sənə də etsinlər. Bu sadəcə bir idman mədəniyyətidir. Nə bir qəhrəmanlıq, nə də bir vətənpərvərlik deyil himn çalınanda çömbəlmək, əksinə zəiflik, cılızlıqdır.
    Bizimki odu söndürüb közlə oynamaq da deyil, külündə eşələnməkdir.

  • Ömər Məmmədov məhkəmədə ifadə verdi

    “Facebook”dakı tənqidçi “AzTV-dən seçmələr” səhifəsinin admini Ömər Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə keçirilən dünənki iclasda necə şərləndiyi barədə danışıb. 19 yaşlı Ömər ifadəsinin əvvəlində bildirib ki, 2 il yarımdır “NİDA” Vətəndaş Hərəkatının üzvüdür. O, Kiprdə ali təhsil almaqla yanaşı, həm də fəal olub:

    “Sosial şəbəkələrdə hökuməti tənqid edirdim, satirik şəkillər paylaşırdım, etiraz aksiyalarında iştirak edirdim…”

    Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Mikayılov bu yerdə Ömər Məmmədovun sözünü kəsir:

     – İttiham üzrə danış.

     Ömər Məmmədov:

    – İttihama gəlirəm, niyə tələsirsiz? Mənə verilən ittihamın kökündə dayanan məsələlərdən danışıram. Mən 2012-ci ildən başlayaraq, “facebook”dakı “Heydər Əliyev adına Səhifə” və “AzTV-dən seçmələr” səhifələrinin admini idim. Bunlar ən məşhur və hökuməti kəskin tənqid edən səhifələr idi. Xüsusilə “Heydər Əliyev adına Səhifə” çox məşhur idi. Buna görə “HİDA”nın iki üzvü həbs olundu. Bilirdim ki, bu səhifəyə görə nə vaxtsa məni də tutacaqlar. Kiprdə təhsil alırdım deyə, ölkədə olmurdum. Keçən ilin noyabrında anam ağlaya-ağlaya mənə zəng eləyib dedi ki, “atanı “banditizm” idarəsinə apardılar”. Bildim ki, səhifəyə görədir. Təxminən 2-3 saatdan sonra anam yenə zəng eləyib dedi ki, oradakı adamlara sənin nömrəni verdim. Az sonra “banditizm”dən bir polkovnik zəng elədi. Dedi ki, “atan yanımdadır, boynuna al ki, “AzTV-dən seçmələr” səhifəsini sən idarə edirsən. Əgər boynuna almasan, atanı həbs edəcəyik”. Doğrusu, əvvəl boynuma almadım, dedim ki, mən Kiprdə yaşayıram, burada təhsil alıram, mənim səhifə idarə eləməyə vaxtım yoxdur. Təxminən bir saatdan sonra yenidən zəng elədi. Dedi ki, “bütün koordinatlar sənə aparır, IP ünvanlar da sənə aiddir”. Bu dəfə boynuma almağa məcbur oldum. Çünki ortada atam vardı. Dedim ki, mən idarə eləyirəm, atamı buraxın, yanvarda Bakıya gələcəm, mənim özümə nə istəyirsiz, eləyərsiz. Razılaşdı. Təxminən 2-3 saatdan sonra atamı buraxdılar. Evə gələndən sonra atam “Skype”la mənimlə danışdı. Məni danladı, dedi ki, daha səhifəni idarə eləmə, təhsilinlə məşğul ol. Polkovnik də bildirmişdi ki, “səhifənin idarəçiliyini dayandırmasan, atanı həbs edəcəyik”. Ona görə səhifənin adminliyindən çıxdım, bir daha idarə eləmədim. Atam mənimlə danışanda dedi ki, gəlmə. Dedim ki, yox, gələcəm, yoxsa səni həbs edərlər. Dekabrın 31-də yenidən atamı “banditizm” idarəsinə çağırdılar. Qarşısına bir şəkil qoyublar, guya, mən sosial şəbəkədə İlham Əliyevi təhqir etmişəm. Amma belə bir fakt olmayıb. “Ksereks”dən çıxarılmış şəkil olub, düzüb-qoşublar. Atamı bir qədər saxlayandan sonra yenə buraxdılar. Atam da təkrar mənə xəbərdarlıq elədi ki, ölkəyə gəlmə, mühacirətə get. Razılaşmadım. Yanvarın 20-də Bakıya gələndə gözləyirdim ki, elə aeroportda həbs edəcəklər. Amma sakitçilik oldu. Axşam saat 6 radələrində gəlmişdim, anam qarşılamışdı. Amma yanvarın 21-də səhər saat 8-də artıq “banditizm”in işçiləri evimizə gəlmişdilər. Səhər tezdən mən yatmışdım, həyətimizdə itin hürməyindən bildik ki, kimsə gəlib. Atam çıxdı. Təxminən 10 dəqiqə onlarla danışdı. Bayıra çıxmasam da, söhbətin uzun çəkməsindən başa düşdüm ki, mənə görə gəliblər. Geyinib çıxdım, atamla birlikdə onlarla getdik. Beləliklə, “banditizm” sərgüzəştlərim başladı. Bizi ikinci mərtəbəyə qaldırdılar, məni sorğu-sual elədilər. Doğrusu, təzyiq olmadı. Mənə təklif elədilər ki, bir protokola imza atım. Guya, dayanacaqda olarkən bir maşın üstümə su sıçradıb, mən də təhqiramiz ifadələr işlətmişəm. İki-üç nəfər yaxınlaşıb sakitləşdirmək istəyib və s. Dedi ki, ya protokola imza atacaqsan, ya da cibindən narkotik çıxacaq. Mən də fikirləşdim ki, protokolu imzalamağı seçdim, fikirləşdim ki, narkotikdənsə 10-15 sutkalıq həbslə canım qurtarar. Dedilər ki, polkovnik səni çağırır. Onun yanına apardılar. Yeri gəlmişkən, evdən aparanda noutbukumu da götürmüşdülər. Mən polkovnikin yanına gedəndə artıq kompüterim hakerin əlində idi. Məndən səhifənin, “facebook”, “twitter”, hətta “instagram” parolumu istədilər, vermədim. Haker bir az əlləşəndən sonra parolları sındırdı, hətta “gmail” postuma da girib məktublara baxdı. Səhifə ilə bağlı sualları cavablandırarkən dedim ki, noyabrdan idarə eləmirəm, parolu yadımdan çıxıb. O səhifəni saxta profildən idarə edirdim. Həmin profili tapıb parolunu sındırdılar, içinə girəndə “bandotdel”in işçiləri bildilər ki, “Heydər Əliyev adına Səhifə”ni də idarə eləyənlərdən biri mən olmuşam. Polkovnik bunu biləndə dedi ki, “mən bu səhifəyə görə iki nəfəri həbs eləmişəm”. NİDA-çılar Məmməd Əzizov və Bəxtiyar Quliyevin adlarını çəkdi. Dedim ki, onlar həbs olunsalar da, çöldə xeyli NİDA-çılar var. Gülümsədi, dedi ki, cibində narkotik var? Dedim ki, mən ölkəyə dünən axşam gəlmişəm, bu gün səhərdən də buradayam, məndə necə narkotik ola bilər. Bundan sonra general zəng eləyib çağırtdırdı, atamla birlikdə onun yanına getdik. Adını bilmirdim, sonradan bildim ki, Mirqafar Seyidovdur. Qayıtdı ki, “birlikdə möhtərəm prezidentimizin uğurlu siyasətini davam etdirməliyik, sən də cavan oğlansan, təhsil alırsan, bəlkə gələcəkdə hansısa vəzifə sahibi olarsan”. Dedim ki, mən doğru nədirsə, onu eləyirəm. Atamın yanında çox təhqiramiz ifadə işlətdi. Dedi ki, “səni idarənin zirzəmisində butılkaya oturdarıq, atan da baxa-baxa qalar”. Ağlıma gətirməzdim ki, bir idarənin rəisi belə fikirlər səsləndirsin, özü də atanın gözü qarşısında. Güldüm. O da əsəbindən qayıtdı ki, “rədd ol”. Atam 20-30 saniyə içəridə qaldı, bilmədim ki, o müddətdə nə danışdılar. Yenə getdik polkovnikin yanına. Orada parollarla bağlı söhbət oldu. 2-3 saat onun yanında qaldıq. Hətta polkovnik oxumaq üçün mənə Heydər Əliyevin kitabını da verdi. Saat 6 radələrində general polkovnikə zəng elədi, nə dediyini bilmirəm, amma o zəngdən sonra buraxdılar. Həmin gün deyəsən, Daxili İşlər Hazirliyinin kollegiya iclası vardı, başları qarışıq idi, yəqin, fikirləşdilər ki, buraxaq, işini sonra bitirərik. Atam sevindi ki, buraxıldıq. Amma mən bilirdim ki, əl çəkməyəcəklər. Onu da bilirdim ki, bütün bloggerləri narkotiklə tuturlar, mənə də bu ittihamı verəcəklər. Yanvarın 24-də saat 12 radələrində Hərimanovdakı stomotoloji klinikaya getdim. Mən həkimin yanında olanda bir nəfər 3 dəfə qapını açıb-bağladı, mən onda şübhələndim. Saat 1 radələrində oradan çıxanda 3 nəfər mənə tərəf qaçmağa başladı. Dostuma zəng eləmək istədim, çatıb telefonu əlimdən aldılar. Əllərimi qandallayıb, başımı aşağı əyib maşına oturtdular. Əlimdə kitab vardı, onu da aldılar. Heç nə demədən başıma, böyrəklərimə vururdular. Başa düşdüm ki, gözlədiyim baş verdi. Harkotiklərlə Mübarizə İdarəsinə apardılar. Həmin vaxt üzümdə saqqal vardı, başladılar vəhhabi damğası vurmağa. Dedilər, vəhhabisən, narkotik alverilə məşğulsan. Əllərim qandallı oturmuşdum, gətirildiyim idarənin adını da bilmirdim. Oturandan sonra da döyməyə başladılar. Bir qədər sonra hal şahidinə zəng elədilər, o da gəlib digər hal şahidini çağırdı. Əvvəl siyasi məhkəmələrdə olmamışdım deyə, bilmirdim ki, bunlar “paykovoy” şahidlərdir. İkinci hal şahidi də ağırdan kəm idi, yolu tapa bilmirdi, ona görə nə qədər onu gözlədilər. Bəlkə başqa yerdə də şahidlik eləyirdi. Gəlib çıxandan sonra məni döyən əlini salıb cibimdən bir büküm çıxartdı. Bilmirəm ki, onu əlini cibimə salanda qoymuşdu, yoxsa yolda maşında məni döyəndə. Harkotiki çıxaranda gülümsündüm, çünki şübhələrim özünü doğrultmuşdu. Sonra “paykovoy” vəkilə zəng elədilər. Dedim ki, öz vəkilim var, əhəmiyyət vermədilər. O da gəldi, sənədləri imzaladı. Hal şahidləri də imzalayıb gedəndə məni tutanlardan biri onlarla çıxdı, başa düşdüm ki, gördükləri işə görə onlara pul verir. Yenə məni döyməyə başladılar. Vəziyyətim pis idi, yerdə iməkləyə-iməkləyə qalmışdım. Döydülər ki, döyməkdən bir iş çıxmır, atamla hədələdilər. Dedilər ki, atanın iş yerini bilirik, əməkdaşlar da hazırda xəstəxananın qarşısındadır, boynuna almasan, atanı həbs edəcəyik. Məcbur olub boynuma aldım. Sonra məni Nərimanov rayonundakı müvəqqəti saxlama təcridxanasına apardılar. Orada hətta yataq da yox idi, paltomu başımın altına qoyub yatırdım. Səs-küy saldım ki, məni istintaq təcridxanasına aparsınlar. Müstəntiqlə görüşəndə dedim ki, siyasi fəaliyyətimə görə həbs olunmuşam. Orada vəziyyətim son dərəcə ağır idi, amma yardım göstərən bir adam yox idi. Müstəntiq diqtə elədi, mən də yazdım, guya, narkotiki Keşlədə tanımadığım adamdan almışam. İstəyirdim ki, nə olursa olsun, tez Kürdəxanıya köçürülüm. Fikirləşdim ki, bəlkə orada həkim oldu. Ora hal şahidlərini də gətirmişdilər. Şahidlərdən biri məni kameranın çəkmədiyi hissəyə çağırıb başladı ki, “sən Əli Kərimlinin adamısan?” Ötən məhkəmə iclasında hakim məndən soruşdu ki, işgəncələrlə bağlı kiməsə şikayət etmisənmi? Təcridxanada sənə həkim yardımı göstərilməsi, şikayətlərinə əhəmiyyət verilməsi üçün ya qapını sındırmalısan, ya da damarlarını kəsməlisən, siz oranı təsəvvür edə bilməzsiz”. Ömər Məmmədov daha sonra vəkilinin suallarını cavablandırdı.

    Məhkəmə prosesi mayın 29-da davam edəcək.

    Qeyd edək edək ki, Ömər Məmmədov 1995-ci ildə Bakıda anadan olub. Hazırda Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Beynəlxalq Kipr Universitetində təhsil alır. O, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)  və N!DA Vətəndaş Hərəkatının üzvü, “Axın” maarifçi hərəkatını təsisçisidir.  Ömər Məmmədov 24 yanvar 2014-cü il tarixində həbs edilib. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi) ilə cinayət işi açılıb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda Şüvəlan təcridxanasında saxlanır.

  • Ölkədaxili Miqrasiya

    Əlövsət Əliyev

    Ölkədaxili miqrasiya ölkə əhalisinin könülülük əsasında ölkə hüdudları  cərcifəsində yerdəyişməsidir. Nəzərə alsaq ki,  vətəndaşın yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir onda həmin şəxs yaşadıgı ünvana qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi almalıdır. Qeydiyyata alınmış şəxs haqqında müvafiq məlumatlara uyğun olaraq DİN və  Statistika Komitəsi daxili miqrasiya haqqında məlumatları ümumiləşdirir və illik hesabatlar hazırlayirlar.   Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün şəxsiyyət vəsiqəsi kifayət edir və ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.  

    Lakin nəzərə alsaq ki,  ölkə əhalisinin  35 – 40 faizə qədəri yaşadıqları ünvana qeydiyyata alınmır onda demək olar ki, ölkədaxili miqrasiya proselərinin tənimlənməsində ciddi problemlər var və mövcud statistika reallıgı əks etdirmir.  

     Azərbaycan  Respublikasında  ölkədaxili miqrasiyanın idarəolunmaz vəziyyətdə olması səbəblərini  aşagıdakı kimi  qruplaşdırmaq olar:

    1. Regionlar arasindakı qeyri bərabər həyat şəraiti və iqtisadi vəziyyət  daha cox əhalinin xüsusilə   kişilərin regionları  tərk edərək Bakıya gəlməsinə şərait yaradır.  Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış “siyasət” əslində ğörülən işlərin deyil,  ayırlan pullarin məbləginin hesabatlarda təkrarlanması ilə yadda qaldı. Cünki reqionlarda aparılan tikinti işlərin əksəriyyəti ( məktəblərin tikilməsi, yollarin cəkilişi, bəzi sahibkarlarin öz sərmayələri ilə gördükləri işlər) bu proqrama aid deyil. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrası nətinəsində ğözlənilən dəyiçiklik də  hələ ki, hec bir regionda hiss olunmur. Regionların iqtisadi inkişafı olmadan isə əhalinin bölgələrdən mərkəzə axının qarşısının alınması mümkün deyil. Bu isə ölkədaxili miqrasiyanın çox böyük hissəsini təşkil edir. 

  • Bu gün Ana Dili Günüdür

    21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

    Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu il noyabr ayında keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.

    Hazırda dünyanın 25 müxtəlif regionunda 300 milyondan çox insan türk dilinin 25 dialektində danışır. Azərbaycan dili bu dialektlərdən biridir. Tarixən türk dilinin digər dillərə təsiri məsələsiylə bağlı göstəricilər isə belədir: Erməni dilində 3159, yunan dilində 2643, bolqar dilində 2454, alban dilində 2422, ərəb dilində 1801, rus dilində 1576, rumın dilində 1542, ingilis dilində 1500, macar dilində 1142, çin dilində 213, fars dilində isə 1369 türk mənşəli söz qeydə alınıb.

  • Qan yaddaşı

    “Sabir Rüstəmxanlı özü-özlüyündə bütöv bir millətin keçdiyi tarixi yolun qan və söz yaddaşıdır”

    Sabir Rüstəmxanlı haqqında yazmaq bəlkə də çoxları üçün asan ola bilər. Amma onunla bu çoxluğa aid olanların çoxundan daha çox təmasda olsam da, mənim üçün çətindir.
    Çünki Sabir bəy haqda deyilən hər bir söz təkcə ona aid deyil. Sabir Rüstəmxanlı mənim gözümdə böyük bir tarixin, Türk millətinin aydın və sərkərdələr tarixinin bu günümüzə köçürülmüş simvoludur…
    İnsan dünyaya bir dəfə gəlir, ruh isə dəfələrlə. Ruhun mahiyyəti eyni olur, dəyişən onun ruh verdikləri. Bu mənada mənim üçün Sabir Rüstəmxanlı Türk millətinin minilliklər boyunca dəyər və qutsal ünvanı olan Dədə Qorqud, Bilgə Xaqan, Yunis Əmrə, Şah İsmayıl Xətai yolunun yalnız fiziki yox, həm də ruhi davamçısıdır. Onunla hər dəfə görüşəndə, söhbət eləyəndə gah Qorqud dünyasının nəsihətindən, gah Babək savaşından, gah Göy Türk dönəminin paklığından, gah Yunis Əmrə fəlsəfəsindən, gah da Xətainin vətən sevgisindən bir damla hopur qəlbimə. Sabir bəyin qoruduğu bu ruh davamçılığı onun cisminə də hopub və bəzilərinin ucqar saydığı Hamarkəndin bir kasıb evində dünyaya göz açan bu Türk Kişisi üzü, gözü, səsi ilə belə TÜRK möhürüdür.
    Nədənsə mənə elə gəlir ki, neçə-neçə əsrlər, qərinələr geri qayıdıb, qarşımda Sabir Rüstəmxanlını yox, Türkün fikir, söz və savaş tarixi Sabir Rüstəmxanlı ilə yeni bir ömür yaşayır. “Tanrı” sözünün, “Türk” və “Yer” sözünün, “Oğuz” və “Bəy” sözlərini ilk dəfə daşlara köçürülmüş yazılardan oxuyaraq, gündoğandan günbatana qədər olan ərazidə türk millətləri ilə, türk xalqları ilə çörək kəsir, onlarla yol yoldaşı olur Sabir Rüstəmxanlı. Onları – Vətən daşı olanların həmrəyliyinə, Türk xalqlarının birliyinə çağırır və yenidən özü boyda bir ocaq olan Azərbaycana dönür.
    Sabir Rüstəmxanlı oba-oba, el-el gəzərək türkləri qan yaddaşını unutmamağa çağırır. Milləti Həmrəyliyə, Birliyə çağıraraq, Ulu Tanrıdan kömək diləyir. Gözü qarşısında baş verən haqsızlıqları, qəddarlığı, unutqanlığı, yaddaşsızlığı gördükdə bu dərdlərdən qurtulmaq üçün savaş aparır.
    Dünya boyda sonsuzluğa səpələnmiş və tikə-tikə, parça-parça olmuş Azərbaycan adlı bir kitabın qırıntılarını böyük səbrlə, dözümlə toplayaraq, vərəq-vərəq yapışdırıb, bu millətin “Ömür kitabı”nı yazır – hər əsərində, hər şeirində, hər çıxışında.
    Tarix dəllalları ilə vuruşa-vuruşa bu millətə öz dədə-babasını, öz kökünü tanıdır, öz keçmiş həqiqətlərini, əsl tarixini bilməkdə kömək eləyir. Heç bir tarixi sənədə xəyanət eləmədən, həqiqəti olduğu kimi göstərir, yazır, deyir.
    Sabir Rüstəmxanlı keçdiyi həyat yolu haqda müsahibələrinin birində deyir: “Azərbaycanın ucqar bir dağ kəndində doğulub, orada boya-başa çatmış bir gəncin Bakıya gələndən sonra hansı çətinliklərlə üzləşdiyini, məncə, hamı bilir. Mən “Heç nə istəmirəm bu məmləkətdən” şeirim ilə də duyğularımı ifadə etmişdim. O zamankı kəndlərimizin durumu yadınızdadır. Nəinki işıq, qaz, su, hətta televizor, radio da olmurdu. Məktəblərimizin kitabxanalarında kitab da tapılmırdı. Bakıya gələndə isə üz tutacağım ünvan, sığınacaq da yox idi. Həm ali məktəbdə təhsil alır, həm də işləyirdim. Bilmirdim tələbəlik edirəm, yoxsa fəhləlik…”
    Ömrün belə bir başlanğıcı və… Və ömrünün ən mübariz çağında artıq Onu bir milyonluq Meydan dinləyir… Qosqoca bir imperiyanın dizinin yerə gəldiyi Meydanın tək sərkərdəsi Odur!
    Əslində isə bu yalnız Onun gücü deyildi, bu, minilliklər boyu yol gələn bir ruh davamçılığının gerçək ifadəsi idi – “Titrəyib özünə dönən Türk”!
    Sabir Rüstəmxanlı “sovet cəhənnəmində” doğuldu, ancaq mövcud quruluşun zəhərli havasında boğulmadı, onun əsir-yesirinə çevrilmədi, şirin ana dilində, ata mülkündə özünəməxsus, bənzərsiz söz qalasını kərpic-kərpic, daş-daş hördü. “Ruhumuz sərhədsiz olduğu üçün” deyə-deyə möhtəşəmliyə yüksəldi – gah poeziyada, gah publisistikada, gah da nəsrdə “qızıl qələm” işlətdi, millətinin dərdlərini pıçıldaya-pıçıldaya oxudu, yaralarına məlhəm axtardı, ən yüksək tribunalardan çəkinmədən “mən türk oğlu türkəm, şah nəslindənəm” söylədi. Milli mənsubiyyəti ilə öyünə-öyünə bütün cahanı dolaşdı, əski Turan ellərini gəzdi, öyrədə-öyrədə, yaza-yaza Böyük Əqidə Yolunun həmişəlik yolçusuna çevrildi, ədəbiyyatımıza Sabir Rüstəmxanlı möhürünü vurdu.
    Sabir Rüstəmxanlının istər parlaq şifahi nitqində, istərsə də yaradıcılığında tez-tez işlənən bir ifadə mövcuddur: “qan yaddaşı”. Bu iki söz şairin dilində təsadüfən cücərməyib, gerçək həqiqətə söykənir, səbəbi var… Sabir Rüstəmxanlı özü-özlüyündə bütöv bir millətin keçdiyi tarixi yolun qan və söz yaddaşıdır. Böyük bir epoxanın hər anı, Altaylardan Anadoluya, Savalandan Orxon-Yeniseyədək Böyük Turanın hər qarışını ömründə yaşayan bir Ruh sahibidir. Sözüylə, ruhuyla “yurdunun bölünməz xəritəsi”dir. “Bu yurd mənə tanış gəlir” şeirini qələmini ciyərinin qanına batıra-batıra yazıb.
    Şairin üz tutduğu ulu məkan nə qədər qədimdirsə, ona münasibət bir o qədər yenidir, çağdaşdır.
    Sabir Rüstəmxanlı sözünün oyanışı – ruhunun silkələnməsi, qan yaddaşının oyanışıdır.
    Dirəkdəki yəhəriylə,
    Axşamıyla, səhəriylə,
    Qıyıq gözlü uşaqların
    Cingiltili səsləriylə
    Bu yurd mənə tanış gəlir…
    Cənubi Azərbaycanın paytaxtı sayılan şəhərə digər şairlərimizin yazdığı şeirlərdən fərqli olaraq Sabir bəyin Təbriz poetikasında nisgildən, üzüntüdən və pessimizmdən daha çox, mübarizə ruhu, qələbə əzmi və gələcəyə nikbin ümidlər hakimdir. “Məqsədin hara, mənzilin də ora” deyimi Sabir Rüstəmxanlının həyat yoludur.
    Sabir bəyin bütövlük ideyaları türkçülükdən yoğrulmuşdur. Onun publisistikası ictimai-siyasi xarakterli şeirlərinə də öz təsirini əsirgəmir və oxucu bir şeirində bir qəzetlik mətləb yükünü anlayır, qəbul edir. Düşmən əsarətində olan torpaqlarımız qarşısında şair özünü xəcalətli sanır və “O torpaq bizləri götürməyəcək!” deyir.
    Sabir bəyin namərdliyə, ədalətsizliyə, ləyaqətsizliyə, əclaflığa, rəzilliyə qarşı hayqırtısı təkcə bir şairin deyil, həm də başıpapaqlı hər bir türk kişisinin zəhmidir, hökmüdür. Peşəsi diz çöküb yalvarmaq olan Kişi
    mərhəmətsiz ölsə yaxşıdır. Əcnəbi payına göz dikən xalqın Payı Əzrayıldan gəlsə yaxşıdır!
    Sabir Rüstəmxanlının öz şəxsində hər bir Azərbaycan türkünün dəqiq həyat amalını kodlaşdırır. “İcazəli cəngavər, qalstuklu qoyunlar mənim ruhumu duymaz!” deyən şair Türk ruhunu anlamaqdan ötrü elmli, savadlı olmağı, gənclik və ya ahıl yaşı da əsas tutmur. Bəs o nədir? Onu haram nütfədən doğulan, haram tikə yeyən, “bir çiçəyin mehrinə sıxılıb ağlamayan” kəslər anlamaz. Göylərə bağlanmayan, sərhədsiz düşünə bilməyən, Çindən Qobustanacan yazılı daşların toz basmış güzgüsünü silib həqiqi tarixi görə və Ərgənəkon eşqindən yeni günlər doğa bilməyənlər bir şairin – bir Türk oğlu Türkün böyük ruhunu duya bilməz.
    Altaydan Balkanlara, Tanrıdan Savalana uzanan tarix yolu qopuz simləri kimi hələ kökdən düşməyib, biz göylərdən gəlsək də, yolu mən ağartmışam, yollar göydən düşməyib.
    Azərbaycan müstəqillik qazandıqdan sonra ortaya atılmış etnik separatçılar, geriyə dönmək iddiasında olan kommunistlər, demokrat, islahatçı, qlobalist maskası taxmış, faşist təfəkkürlü qullar, Azərbaycanın müstəqilliyindən bəhrələnməkdə olan “hədiyyə cocuqlar”ı bu boyük yolu duya bilməz.
    Tanrıya qədər yol çəkmək arzusunda olan böyük ruh daşıyıcıları olan insanlar əbədi sevda aşiqləridir. Sabir Rüstəmxanlı onlardan biri, bizim üçün öndə gedənidir. Öndə gedən şəxslərin nurundan yollar işıqlanar, ziyası gələcək günlərə, illərə qədər çatar. Bizə isə “Bir adam yol gedir bizdən qabaqda” demək qalır…
    Həm də ömrün 69-cu ilinin tamamında xoş illər diləmək…
    Təbrik edirik…

    Samir Əsədli

  • Şuşanın işğalından daha bir il keçdi

    Bu gün Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 23 il ötür. 

     Məhz bu gün Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində, ermənilər Şuşa üzərinə hücumlara aprelin 27-dən başlamışdılar. Arkadi Ter–Tadevosyan bu əmri cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər, onların daha da intensivləşməsinə səbəb oldu. Tezliklə üstünlüyü ələ alan düşmən bütün imkanlarını səfərbər edərək Şuşaya doğru irəliləyirdi.

     Qısa müddət ərzində bir neçə istiqamətdən bu məşhur Azərbaycan şəhəri mühasirəyə alındı. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Suşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdi. Bundan bir neçə dəqiqə sonra Su-25 döyüş təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam istiqamətində uçdu. Bu, Azərbaycan ordusunun Şuşanın süqutuna qədər etdiyi sonuncu həmlə idi.

     Bundan sonra Xankəndindəki rus bazalarından Şuşaya müxtəlif istiqamətdə raket zərbələri endirilməyə başlanıldı. Qısa zaman çərçivəsində mülki əhali şəhərdən çıxmağa başladı. Buradan qaçanlar Laçına doğru yön aldılar. Az bir müddət ərzində Şuşanın mühasirəsi daha sıxlaşdırıldı. Ermənilər bütün istiqamətlərdən hücuma başlamışdılar. Artıq şəhərdəki ordunun bir qismi Şuşadan çıxarılmışdı. Yerdə qalan dəstələr isə yavaş-yavaş döyüşərək geriyə çəkilmək məcburiyyətində qalmışdılar. Həmin an şəhərə girmək istəyən 422 nömrəli tank Azərbaycan döyüşçüləri tərəfindən məhv edilə bildi. Tankı idarə edən hərbçilər həlak olmuşdular. Məhz bu tank Xocalıya hücum zamanı xüsusi aktivliyi ilə seçilmişdi.

     Şuşanın işğalı ermənilərə asan başa gəlmədi. 11 min əsgərə qarşı döyüşən Azərbaycan hərbçiləri azlıqda qaldıqlarına görə kömək gözləyirdilər. Amma bu kömək gəlib çatmadı. Nəticədə 10 saatdan çox davam edən döyüşdə 1860 azərbaycanlı yaralandı, 480 nəfər həlak oldu. Bu işğal 22 min insanı öz yurdundan didərgin düşməyə məcbur etdi. Nəticədə 289 kvadrat kilometr ərazisi olan Şuşa ermənilərin nəzarətinə keçdi.

     Maraqlı məqam orasındadır ki, işğaldan iki gün öncə mayın altısında hücumu müşahidə etmək üçün bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan, Ermənistanın Müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın Baş Qərargah rəisi Feliks Qozoryan, Robert Köçəryan, Serj Sərkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Yelena Bonner, Baronessa Koks, eləcə də «Ümumdünya xristian həmrəyliyi» və “Daşnaksütyun” terror təşkilatının rəhbərləri yer almışdılar.

     Lakin Şuşa təkcə işğalla canını qurtara bilmədi. İşğaldan sonra isə ermənilər tərəfindən Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə dağıdıldı. Dağıdılan yerlər sırasında 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, Şərq musiqi alətləri fabriki də var idi.

     Beləliklə, Şuşaya girməklə ermənilər Dağlıq Qarabağın işğalını başa çatdırmışdılar. Onlar növbəti hədəflərinə doğru yaxınlaşırdılar. Bu isə Qarabağı Ermənistanla birləşdirəcək Laçın koridorunun tutulması idi… 

     


    Bu gün Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 23 il ötür.

     

    Məhz bu gün Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində, ermənilər Şuşa üzərinə hücumlara aprelin 27-dən başlamışdılar. Arkadi Ter–Tadevosyan bu əmri cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər, onların daha da intensivləşməsinə səbəb oldu. Tezliklə üstünlüyü ələ alan düşmən bütün imkanlarını səfərbər edərək Şuşaya doğru irəliləyirdi.

     

    Qısa müddət ərzində bir neçə istiqamətdən bu məşhur Azərbaycan şəhəri mühasirəyə alındı. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Suşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdi. Bundan bir neçə dəqiqə sonra Su-25 döyüş təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam istiqamətində uçdu. Bu, Azərbaycan ordusunun Şuşanın süqutuna qədər etdiyi sonuncu həmlə idi.

     

    Bundan sonra Xankəndindəki rus bazalarından Şuşaya müxtəlif istiqamətdə raket zərbələri endirilməyə başlanıldı. Qısa zaman çərçivəsində mülki əhali şəhərdən çıxmağa başladı. Buradan qaçanlar Laçına doğru yön aldılar. Az bir müddət ərzində Şuşanın mühasirəsi daha sıxlaşdırıldı. Ermənilər bütün istiqamətlərdən hücuma başlamışdılar. Artıq şəhərdəki ordunun bir qismi Şuşadan çıxarılmışdı. Yerdə qalan dəstələr isə yavaş-yavaş döyüşərək geriyə çəkilmək məcburiyyətində qalmışdılar. Həmin an şəhərə girmək istəyən 422 nömrəli tank Azərbaycan döyüşçüləri tərəfindən məhv edilə bildi. Tankı idarə edən hərbçilər həlak olmuşdular. Məhz bu tank Xocalıya hücum zamanı xüsusi aktivliyi ilə seçilmişdi.

     

    Şuşanın işğalı ermənilərə asan başa gəlmədi. 11 min əsgərə qarşı döyüşən Azərbaycan hərbçiləri azlıqda qaldıqlarına görə kömək gözləyirdilər. Amma bu kömək gəlib çatmadı. Nəticədə 10 saatdan çox davam edən döyüşdə 1860 azərbaycanlı yaralandı, 480 nəfər həlak oldu. Bu işğal 22 min insanı öz yurdundan didərgin düşməyə məcbur etdi. Nəticədə 289 kvadrat kilometr ərazisi olan Şuşa ermənilərin nəzarətinə keçdi.

     

    Maraqlı məqam orasındadır ki, işğaldan iki gün öncə mayın altısında hücumu müşahidə etmək üçün bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan, Ermənistanın Müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın Baş Qərargah rəisi Feliks Qozoryan, Robert Köçəryan, Serj Sərkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Yelena Bonner, Baronessa Koks, eləcə də «Ümumdünya xristian həmrəyliyi» və “Daşnaksütyun” terror təşkilatının rəhbərləri yer almışdılar.

     

    Lakin Şuşa təkcə işğalla canını qurtara bilmədi. İşğaldan sonra isə ermənilər tərəfindən Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə dağıdıldı. Dağıdılan yerlər sırasında 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, Şərq musiqi alətləri fabriki də var idi.

     

    Beləliklə, Şuşaya girməklə ermənilər Dağlıq Qarabağın işğalını başa çatdırmışdılar. Onlar növbəti hədəflərinə doğru yaxınlaşırdılar. Bu isə Qarabağı Ermənistanla birləşdirəcək Laçın koridorunun tutulması idi…  

     

    – See more at: http://axar.az/news/51566#sthash.09HNeiiD.dpuf