Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Şuşanın işğalının 28-ci ili

    Şəhərin işğalı Azərbaycanın Qarabağ müharibəsində məğlubiyyətlərinin başlanğıcını qoymuş oldu

    Bu gün Azərbaycanın qədim ərazisi olan Şuşanın Ermənistan tərəfindən işğal olunmasından 28 il keçir. 1992-ci il mayın 8-də Qarabağ cəbhəsindəki erməni quldur dəstələrinin komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzalayıb və həmin gün də şəhər işğal edilib.

    Şuşanın müdafiəsində iştirak edən hərbçilərin dediyinə görə, əslində ermənilərin Şuşa üzərinə hücumlarının icrasına aprelin 27-dən başlanmışdı. Arkadi Ter-Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər, əməliyyatların daha da intensivləşməsinə zəmin yaratdı.

    Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar.

    Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 68 nəfər əsir götürülüb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

    Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim artıq uzun müddətdir Şuşada qanunsuz məskunlaşdırma həyata keçirir.

    Şuşanın işğalı Azərbaycanın Qarabağ müharibəsində ard-arda məğlubiyyətlərinin başlanğıcını qoymuş oldu. Şuşa bir simvol idi və onun kimin əlində olması müharibənin sonrakı taleyində xüsusi rolunu oynayacaqdı və rolunu oynadı.

  • “Harınlaşmaya imkan verilməsin!”

    Asif Şəkərli

    “Cəzalanma müstəvisində görülən işlərlə yanaşı hüquqi sahədə də ciddi islahatlar aparılmalıdır”

    “DTX-nın əməliyyatı və bununla paralel ən yüksək səviyyədə korrupsioner məmurlara güzəşt olunmayacağı mesajı cəmiyyətdə böyük razılıqla qarşılanır”.
    Bu sözləri “Sherg.az”a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin katibi Asif Şəkərli deyib.
    Partiya funksioneri bildirib ki, bu məsələ illərdir həm müxalifət, həm də müstəqil ekspertlər tərəfindən dilə gətirilirdi:
    “Əgər bu məmurların az da olsa uzaqgörənliyi, “tamah dişlərini” kütləşdirə bilmək bacarıqları olsaydı, vaxtında düz yola gələrdilər. Amma görünən budur ki, bu dəstənin xəstəliyi sağalan deyil. Necə deyərlər, “qozbeli qəbir düzəldər”. Son günlər Yardımlı icra başçısının aqoniyası da bu xarakterin əlamətlərindəndir. Fikrimcə, cəzalanma müstəvisində görülən işlərlə yanaşı hüquqi sahədə də ciddi islahatlar aparılmalıdır. Elə bir idarəçilik sistemi qurulmalıdır ki, məmurun harınlaşmasına imkan verilməsin”.
  • Tarixin dərsini tərs bilənlər və prezidentin tərs silləsi

    Sabir Rüstəmxanlı
    Sabir Rüstəmxanlı

    Tarix təkcə elm deyil, həm də müəllimdir. Gerçəkləri dərs olaraq anladan bir müəllim. Biz də bu yazımıza tarixin bəzi dərsləri ilə başlamaq istədik. Tarix öz dərsini onsuz da keçir. Kimiləri bunu dərs olaraq kimiləri tərs olaraq qavrayır… Yaxın çağımız tarix dərsini tərs anlayan tarixçilərlə o qədər zəngindir ki, biri az ya biri çox nə dəyişəcək?..Hələliksə ən yaxın günümüzün dərsindən başlayaq.

    Musa Qasımlı

    Ölkə ciddi dəyişikliklər yaşayır, pandemiya şərtləri belə ən yüksək səviyyədə harınlanmış məmurlara qarşı gstərilən sərt siyasi iradəni yumşaltmadı, əksinə. “Qara maskalılar” sadə vətəndaşlar üçün qurtuluş mələyinə, “balaca padşahlar”ın isə əzrayılına çevrilib. Prezident heç kimə güzəşt edilməyəcəyini bəyan edir və… Və ardınca müxalifətdən bu prosesə dəstək gəlir. Nəinki dəstək, hətta sırada kimlərin olacağına dair bəyanat verilir. Bu zamanadək fikir olaraq ifadə olunan VƏTƏNDAŞ HƏMRƏYLİYİ gerçəkliyə çevrilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın”-deyə cəmiyyətə açıq mesaj verir. Özünü iqtidar düşərgəsində sayan bir çox məmurlar bunu ciddiyə almır, heç biri “dərisi boğazından çıxan tülkü qardaşı”ndan dərs götürmür. Müxalifət partiyasının lideri Sabir Rüstəmxanlı bu prosesi görür və dövlət düşmənlərinə qarşı mübarizədə prezidentin yanında oldğunu bəyan edir: “Neftçaladan sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının ifşa olunaraq tutulması çox biabırçı fakt idi. Yəni, bu onu göstərir ki, icra başşıları heç bir nəticə çıxarmaq istəmirlər. Eyni yolda getməyə davam edirlər”. Ardınca millət vəkili, xalq şairi öz doğma yurdunun dərdini dilə gətirir: “Mən Yardımlıda doğulmuşam. Bunu çəkinmədən və tam məsuliyyətimlə deyirəm ki, növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır. Çünki dövlət tərəfindən rayona və camaata ayrılan yardımlar icra başçısı tərəfindən mənimsənilir. Camaat üçün nəzərdə tutulan yardımların hamısını icra başçısı mənimsəyir.”
    Korrupsiya, dövlətə xəyanət və xalqa nankorluq çetesinə qarşı prezidentin başladığı savaşa müxalifət lideri, deputat, xalq şairi və ən nəhayət doğulduğu, doğmalarının yaşadığı diyarın təəssübünü çəkən bir vətəndaş kimi dəstək verir. İllərlə Azərbaycan cəmiyyətində belə bir həmrəyliyin olmasını arzulamışıq. Hətta torpaqların azad olunması üçün savaşın başlanacağı halda bunu görəcəyimizi arzulamışıq. Elə indi də ortada savaş gedir. Xalqın və rayonların harın məmurlardan azad olunması savaşı. Təsəvvür edin ki, Qarabağ müharibəsi aparılır və bu vaxt xalq yazıçısı Seyran Səxavət doğma rayonu Füzulinin, doğulduğu Yağlıvənd kəndinin tez azad olunmasını dilə gətirir. Bu vaxt isə həmin rayondan deputat seçilən Vüqar Bayramov (Vüqar bəyin şəxsinə, düşüncəsinə böyük sayğılarımız var və bu fikrin sadəcə bir bənzətmə olaraq işləndiyini anlayışla qəbul edəcəyi ümidindəyik – müəllif) sülhdən, atəşkəsdən danışır. Heç cür ağlabatan deyil. Bu ağlabatmazlığı isə Yardımlıdan deputat seçilən Musa Qasımlı etdi.
    Musa demişkən, tarixin bir dərsi də qədim oğuzların insanlara müəyyən yaşdan sonra əməllərinə görə ad qoyması adəti ilə bağlıdır. Heyf, bu addət pozulub. Qoruyub saxlasaydıq, indi bir çoxları sərkərdə, alim, peyğəmbər adı daşımazdılar… Peyğəmbər demişkən, İsa peyğəmbərin məşhur “xoruzun ilk banınadək məni üç dəfə satacaqsız” hədisi çox ibrətamizdir. Azərbaycanda İsa adlı siyasi lider var. İndi təsadüfə baxın həmin bu Musa Qasımlı 2003-cü ilin oktyabrında, İsa Qəmbərin prezidentliyə namizəd kimi müdafiıçisi olaraq “Qanun” mətbəəsində (daha bir təsadüf: Söhbət Sabir Rüstəmxanlının qardaşının sahib olduğu mətbəədən gedir-müəllif) ölkənin iki tanınmış jurnalitinə təcili olaraq Müsavat partiyasına üzv olmağı tövsiyyə edir: “Gedin indidən üzv olun ki, sabah İsa bəy prezident olanda sizin xahişinizi edə bilim”. O söhbətdə tarix dərsinin tərs tərəfində duran M.Qasımlının daha kimlər haqda hansı fikir bildirdiyinə toxunmuruq, amma üstündən bir neçə gün keçəndən, 15 oktyabrdan sonra bu tarixçi “Lider” kanalında İsa Qəmbər və tərəfdarlarını aşağılayaraq gözlənilən uğurlu seçki nəticəsindən bəhs edir. Bunun da ardınca adam müsahibələrinin birində “Heç vaxt da Müsavat Partiyasına, seçdiyim yola xəyanət etməmişəm” – deyir. Bunu deyibsə, sabah Yardımlı rayonunun icra başçısının korrupsiya əməlləri faş olunanda “Mən hər zaman rayon rəhbərliyinin bu fəaliyyətinə qarşı olmuşam” deməsini gözləmək olar. Yeri gəlmişkən, Musa Qasımlının üzv olduğu parlamentdə, iştirak etdiy Milli Məclis iclasında Cümhuriyyət qurucusu Məhəmməd Əmin təhqir olunub onun səsi çıxmayıb. Tariximiz haqda onun deputat həmkarı Araz Əlizadə ağlına və ağzına gələni danışıb, adam yenə susub. Hakimiyyətin, hətta Milli Məclisin ünvanına müxtəlif siyasi qüvvələr tərəfindən ittihamlar səslənib, yenədə bu şəxsin səsini eşitməmişik. İndi Yardımlı rayon icra başçısı hansı özəlliklərə və gözəlliklərə sahibdir ki, Sabir Rüstəmxanlının “Növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır” çağırışı Musa Qasımlıya bu qədər yer edib? Məşhur “O olmasın, bu olsun” filmindəki məşhur ifadədə olduğu kimi “Bəs icra başçısının nəyi deputatın xoşuna gəlib?”. O icra başçısının ki, adam ərinməyib Yardımlı “ağsaqqalları” adından ölkə Prezidentinə məktublar təşkil etdirib. İmza atanların da əksəriyyəti İcra Hakimiyyətində işləyənlərin, o cümlədən Başçının müavinləri, rayonda öz “əməlləri” ilə ad çıxarmış Mahir Mirzəyevin, Azər Xamıyevin qohumları, Arus, Bozayran, Telavar kəndlərində onların işverənləridir. Bir rayonu idarə edənlərin bu kəslərin ümidinə qalması ayıbdır eee!!!… Görəsən, nə vaxtdan İcra Başcısının sürücüsünün qayınatası, Mahir Mirzəyevin əmisi nəvəsi, Arus kəndinin ərazi nümayəndəsi Yardımlının ağsaqqalı olublar?! Adları “ağsaqqallar” sırasına yazılmış adamların bəzisi məktubdan imtina edir, bu yazıdan xəbərsizik deyirlər. O zaman bu saxtakarlığın arxasında kimlər dayanır? İcra hakimiyyətinin işçiləri, yoxsa rayonda heç kimin hörmət eləmədiyi Musa Qasımlı? Sabir Rüstəmxanlı respublikanın ucqar bildiyi Yardımlını dünyanın hər qitəsində ucaldan şəxsdir. Bəs siz kimsiz??? Bir bank hesablarınızı qabağına qoyub düşünün…
    Professor titulu daşıyan bu tarixçi aldığı sifarişi yerinə yetirərkən Roma papasından (oxu – icra başçısından) artıq katolik (oxu – korrupsioner) olan deputat o qədər uzağa gedib ki, Sabir Rüstəmxanlının ünvanına “25 il deputatlıq müddətində 25 yetimin-yesirin qapısını açmayan adamın millət adından danışmağa haqqı yoxdur” deməyə də cəsarət edib. Tarix dərsi keçib bu dərsi tərs bilmək belə olur. İslam Peyğəmbəri buyurur: “Kim bir müsəlman qulu azad edərsə, Allah onun hər bir günahdan azad edər və bu bütün əməllərdən savabdır”. Sabir Rüstəmxanlı qapısını açdığı yetim-yesirin hesabatını dilə gətirməyəcək qədər mərddir. Amma sizlərdən vərqli olaraq bu xalq da dünənini unutmayacaq qədər yaddaşlıdır və bir qulun yox, bir millətin azadlığı üçün canı, ruhu qələmi ilə savaş aparan insanın XALQ və XALİQ qarşısında yeri bəllidir!
    Bu gün Azərbaycan yeni bir sistemə qədəm qoyur. Bu sistemdə süni yaltaqlıq, populist yarınma ilə heç nəyi pərdələmək mümkün olmayacaq. Məhz belələrinin yaratdığı xoşagəlməz mühiti dəyişmək üçün dövlət başçısının yanında müxalifətin sözü bəzən iqtidarçı kimi görünənlərin sözündən daha üstün mövqedədir. Yeni seçilmiş parlamentdə prezidentin çıxışındakı mesajlar və Milli Məclis rəhbərliyindəki təmsilçiik də bunun təsdiqi idi. İllər öncə də, bu günkü kimi musa qasımlılar Sabir Rüstəmxanlını da hədəf alaraq milli azadlıq hərəkatına çamur atırdılar. O zaman mərhum prezident Azərbaycan yazıçıları ilə görüşündə məhz xalq şairi Sabir Rüstəmxanlının məruzəsinə münasibət bildirərkən demişdi: “…Sabir (Sabir Rüstəmxanlı nəzərdə tutulur – red.) burada bir məsələyə toxundu. Mən buna öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanda xalqın 1988-ci ildən Ermənistanın Azərbaycana təcavüzü və Moskvanın, İttifaqın o vaxtkı dövlət başçılarının Azərbaycana ədalətsiz münasibətilə əlaqədar və o vaxt Azərbaycana başçılıq edənlərin, həmin o Kommunist Partiyası rəhbərlərinin öz vətəninin, ölkəsinin, xalqının problemlərinə lazımi qayğı göstərməməsilə əlaqədar, bəlkə də öz hərəkətlərilə xalqına xəyanət etməsilə əlaqədar ayağa qalxmış insanlar, o meydana toplaşmış, mitinqlər aparmış insanlar və o illər, dövrlər, hadisələr bizim xalqımızın tarixinin parlaq səhifələridir. Sabir, mən hesab edirəm ki, o vaxtlar həqiqətən xalqın oyanmasında, inkişaf etməsində fəaliyyət göstərmiş adamlara indi heç kəs mənfi münasibət göstərə bilməz və göstərməməlidir. Məsələn, şəxsən sənin özün haqqında danışsaq, mən o vaxtlar sənin fəaliyyətini heyranlıqla müşahidə edirdim. Mən Moskvada yaşayırdım, bəzən meydandakı mitinqi Moskva televiziyası göstərirdi. Səni orada tribunada görəndə sevinirdim. Çünki yadımdadır, mən burada işlədiyim zaman sən gənc yazıçı, şair kimi, ümumiyyətlə, bizim cəmiyyətdə, o cümlədən mənim nəzərimdə çox hörmətli bir adam idin. Görəndə ki, Sabir Rüstəmxanlı xalqın qarşısında çıxış edir və ədalətsizliyi ittiham edir, bu, məni sevindirirdi”. Bu çıxış çoxları üçün tərs sillə oldu. İndi də prezidentin əli havada, sifəti gizlətməyə yer yoxdu…

    Nəsimi Şərəfxanlı

    Cümhuriyyət

  • Dənizçi olmaq şərəfli bir peşənin sahibi olmaq deməkdir

    Həmsöhbətimiz  VHP Siyasi Şurasının üzvü, şair, publisist Faiq Balabəylidir.

    – “Bayıldan bayırda” nə var?

    – Mən Bayıldan bayıra bacardıqlarımı çıxara bildim. Müşahidə etdiklərim, yaranan münasibətlər, edilən söhbətlər, aparılan istintaqların sonucu, haqsızlıq, dərənin xəlvət olan yerdə tülkülərin necə bəy olmaları və sair yaddaşıma köçdü, kitab halında oxuculara təqdim etdim. Müsahibələr götürdüm, reportajlar yazdım və içərinin kəşf qoxulu ab-havasını bayırdakılara göstərdim. “Burda darıxmaq olmaz”, “Bayıldan bayıra” və 100 dən çox hekayət Bayıldan bayıra daşıdıqlarım oldu. Və günlərin bir günü gözəl şairimiz Fərqanə Mehdiyeva mənə həsr etdiyi bir şeirində dedi ki, Çöl də elə içəri kimidir, qardaş- dedi və bu dəfə Bayılda bayırı gözlərimin qabağına gətirdim. Haqlı idi Fərqanə. Bir şeir yazdım, buranın(Bayılın) qanunları oranın (bayırın) qanunlarından daha qəddar və daha ədalətlidir.

    – Dənizçisiniz. Amma bu çoxuna romantik, adrenalin dolu gözəl görsənir. Əslində necədir?

    – Dəniz maraqlıdır. Dənizçi olmaq şərəfli bir peşənin sahibi olmaq deməkdir, necə ki, hərbiçi olmaq, müəllim, həkim və sair sənətin sahibi olmaq kimi. Dənizi kənardan görənlər əlbəttə, romantik ab-havada olacaq. Dənizi kənardan tanımaq çox çətindir. Gərək dəniz səni “dişinə vura”, sən dənizlə üz-üzə, göz-gözə gələsən, onun içində nələr var, büruzə verə və dözəsən. Necə deyərlər, çəkişəsən ki, bərkişə biləsən. Mən dünyanın bir-çox sularında üzmüşəm, ilk baxışdan fərq bilinməz. Amma Xəzərin həm küləyi, həm sualtı və suüstü maneələri dənizçidə böyük məsuliyyət tələb edir. Əbəs yerə deməyiblər ki, Xəzərdə üzən dənizçi dünyanın bütün sularında sərbəst hərəkət edə bilər.

    Dənizçilər limanlarda vaxtını “səmərəli” keçirir

    – Dənizçilərin “şorgöz” olduğu deyilir. Bəlkə nələrisə etiraf edəsiniz?

    – Məsəl var, deyərlər ki, dənizçinin hər limanda bir evi olur. Bu həqiqətən də belədir. Uzaq səfərlərdə olan dənizçilər hansı limana gəldisə boş vaxtlarını “səmərəli” keçiriblər. Deyim ki, bu istiqamətdə əks tərəfin də marağı və təşəbbüsü xüsusi rol oynayıb. Mən də bəzən belə səfər sonları vaxtımı “səmərəli” başa vurmuşam.

    – İfadəm kobud çıxa bilər, yaradıcılığınızla işim yoxdur. Amma şair kimi uğursuz oldunuz bir qədər. Sırf mühitdəki uğur baxımdan deyirəm bunu.

    – Mən belə deməzdim. Bizim oxucu qıtlığımız var, bu aydın məsələdir ki, müəllif olaraq adının az çəkilməsinə səbəb ola bilər. 8 kitabım çıxıb, satışından gileyim yox. 5.000 tirajla da çıxıb, 500 tirajla da. Mənim şair kimi uğursuz görünməyimin səbəbi əslində heç bir qruplaşmada ola bilmədiyimdir. Əslində bu çox yaxşı bir üsul imiş. 2-3 dəstə var ki, biri digərinin “bezdarnı” yazılarını da bəh-bəhlə təqdim edir. Sosial şəbəkələrdə və ayrı-ayrı tədbirlərdə və sair. Xüsusi ilə də sosial şəbəkələrdə. Oxucularımızın da əksəriyyəti öz fikirləri ilə yox, digərlərinin zövqü ilə “ayaqlaşır”. Təxminən belə; Adə, filankəs filankəsi bəyəndi, onun əsəri haqda xoş söz dedi, müsahibədə adını çəkdi, mən bunu qeyd etməsəm, məni zövqsüzlükdə qınayarlar. Nə isə, mən səninlə bu məsələ ilə bağlı razı deyiləm. Kifayət qədər oxucum var, oxunuram, şeirlərimə müraciət olunub. Qonaqlığa, qonorara və sairə haqqımda yazı yazdırmamışam.

    – Yeni kitab, yeni mətnlərdən üzərində çalışıdığınız var?

    – “Bakirə qayalar” romanını bitirmişəm. Amma lazım bilmirəm hələ kitab halında oxuculara təqdim edəm. Sonuncu dəfə baxmaq fikrim var, əl gəzdirməliyəm. Yeni şeir və “Səfillər” hekayətlər kitabım hazırdır, “Qanun” nəşriyyatına təqdim edəcəm.

    – Oğlunuz Turalı ədəbi mühitə gətirmək istəyinizin yanlış olduğunu deyənlər var. Onunla bağlı ədəbi mühit baxımdan enerjini xərcləməyə dəyər?

    -Yenə yanlış fikirdəsiz. Yəni, onu deyənlərin fikirləri yanlışdır. Mənim Turalın şeir yazmasına, yaxud ədəbi cameəyə gəlməsinə heç bir müdaxiləm olmayıb. Ürəyi nəyi istəyib, onun ardınca atını səyridib. Turalın iki kitabı çıxıb, çox maraqlı şeirləri var. Onun yaradıcılığı haqda rəhmətlik Vaqif Səmədoğlu, professor Vaqif Yusifli, şair Aqşin Yenisey, Əsəd Qaraqaplan və sairlər xoş sözlər deyiblər. Çünki oxuyublar. Məsələn, içi sən qarışıq sən yaşda olan digər qələm dostların və heç dost olmadığın ədəbi nəslin çoxu onu oxumayıb. Niyə? Ona görə ki, Turalın ədəbi aləmdə dostu, “sabutilniki”yoxdu. Qeybət edən, yaxud bir-biri haqda tərifnamə deyib, zəncirvari bir birinə bağlı olan qrupun üzvü deyil. Tural pis-yaxşı nə yazırsa özü yazır və əgər dərc olunursa da öz adına dərc olunur.

    – Şeir, hekayə, publisistika, müsahibələr və.s. Bütün bunlarda özünü sınamaq. Bu özünü axtarışdır, yoxsa nə? Özünüzü harda tapdınız? Və ya tapmısınızmı?

    – Mən özümü itirməmişəm ki, axtarış elan edəm və hansısa janrda özümü tapmaq istəyəm. Ürəyimdən nə keçibsə onu yazmışam. Nəsr, nəzm, publisistika… Jurnalist fəaliyyətimlə bağlı da çox sayda yazılarım, reportajlarım və müsahibələrim olub. Həm də bədii yaradıcılıqla məşğul olmaq bir növ mənim hobbimdir. Heç vaxt fikirləşməmişəm ki, hansısa yazıma görə ədəbiyyat tarixində qalmalıyam, buna görə də istedadımın çatmadığı nöqtəyə tərəf əlimi uzatmamışam. Nəyi necə yaşamışamsa, eləcə də qələmə almışam. Məhz ona görə də məni oxuyanlar yaradıcılığımda səmimiyyətdən bəhs ediblər, əllaməçilik etməmişəm, ədəbiyyatda artistlik etmirəm…

    -Məhbəsdən məktublar yazdınız. Bu bəs etmədi hətta o məktubları kitaba çevirdiniz. Çox darıxmaqdan idi?

     Məhbəsdən yazılan, hələ kitaba çevrilməyən yazılar yetərincədir. İnşallah yaxın vaxtlarda bu da gerçəkləşəcək. O ki, qaldı darıxmağa, mən məhbəsdə də, çöldə də darıxdım. Amma məhbəsdə yazdığım şeirlərdən ibarət kitaba ” Burda darıxmaq olmaz” adını verdim.

    -Son zamanlar sosial şəbəkədə yaradıcılıq və mətndən çox nəvənizlə görürürük. Qocalıq əlamətidir, sevgidir, ya yenidən gəncləşmək?

    – Sosial şəbəkədə son vaxtlar çox az şeirlər paylaşıram, bu düzdür. Amma o demək deyil ki, yazmıram. Amma nəvəmlə bağlı şəkillərin yayınlanmasına gəldikdə, özümü saxlaya bilmirəm. O, sanki mənə yeni həyat verdi. Onsuz həyatımı, özümü təsəvvür etmək çətindir. Balalarımı da çox istəmişəm, amma nəvə sevgisi ifadə olunmazdır. Nəvəmin adı Dənizdir. Mən də dənizçiyəm, Dənizimin ata babası da dənizçidir, atası da dənizçidir, dayısı və sizin də haqqında sual verdiyiniz Tural da dənizçidir. Uşağın adını gənclər bu baxımdan Dəniz qoyublar…

    Söhbətləşdi: Emin Piri

    (Ədalət qəzeti. 2020-05-04 )

  • “Niyə Yardımlı həmin siyahıya düşüb, bunun səbəbini dəqiq bilmirəm”

    Deputatla icra başçısının qarşılıqlı ittihamları “Yeni Müsavat”da; ilginc ittihamlara icra hakimiyyətindən reaksiya

    Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını doğulduğu Yardımlı rayonuna dəvəti etməsi ciddi rezonans doğurub. Deputat 4 icra başçısının həbsindən danışarkən bildirib ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov da həbs olunmalıdır.

    Deputatın ittihamlarından az sonra mətbuatda rayonda aztəminatlı ailələrə yardım paylanılması ilə bağlı xəbərlər peyda olub. Eyni zamanda sosial şəbəkələrdə Sabir Rüstəmxanlıya yönəlik ittihamlar səsləndirilməyə başlayıb.

    Yardımlıda nə baş verir? Sabir Rüstəmxanlının həbsini istədiyi icra başçısı kimdir? Başçı şair-deputatı niyə bu həddə çatdırıb ki, onun tutulması üçün açıq çağırış etdi?

    “Yeni Müsavat”a açıqlama verən Sabir Rüstəmxanlı dedi ki, ölkədə gedən proseslər ciddi narahatlıq üçün əsaslar yaradır: “Bir rayonda icra başçısı çıxarılır və çox biabırçı faktlar ortaya çıxır. Rüşvət, ölkə qanunlarına hörmətsizlik, öz əyləşdiyi kürsüyə layiq olmamaq kimi məsələlər ortaya çıxır. Bir rayonda baş verdi və düşündük ki, 2-ci rayonda bu təkrar olunmamalıdır. Sonra 2-ci rayonda eyni vəziyyət ortaya çıxdı. Hətta rüşvət alma üsulları da eynidir. Rüşvət alınan idarələr belə eynidir. Sonra 3-cü rayon, ardından 4-cü rayon ortaya çıxdı. Belə məlum olur ki, bu adamlar ölkə başçısının xəbərdarlığından, ölkədə gedən proseslərdən heç bir nəticə çıxarmırlar”.

    Deputat deyir ki, bu haqda məlumatlarla tanış olanda oxuyub ki, sırada başqa rayonlar da var və belə rayonlardan biri Yardımlıdır: “Niyə Yardımlı həmin siyahıya düşüb, bunun səbəbini dəqiq bilmirəm. Amma onu bilirəm ki, son vaxtlar müxtəlif saytlarda Yardımlının ayrı-ayrı kəndlərindən camaat dəstə-dəstə icra başçısından, ayrılan yardımların düzgün bölünməməsindən şikayətlər edirlər. Məndən bu haqda soruşulanda bildirdim ki, görünür, növbəti hədəflərdən biri də Yardımlı olmalıdır. Çünki camaat çox narazıdır”.

    Deputat Yardımlının kəndlərində tanıdığı şəxslərlə əlaqə saxlayaraq durumla maraqlandığını söylədi: “Dedilər ki, məktəblərin təmiri üçün ayrılan pullar yeyilir. Rayona göndərilən yardımlar rayonda icra nümayəndələrinin evlərinə gedir. O evlərdə əl gəzdirəndən sonra yardımlar paylanılır. Bəzən ehtiyacı olanlar qalır kənarda, ehtiyacı olmayanlara yardım paylanır. Təkcə bunlar deyil. Son illər ölkədə kənd təsərrüfatı ilə bağlı layihələr gerçəkləşdirilir. Müasir heyvandarlığın, baramaçılığın inkişafı, müxtəlif qida məhsullarının tədarükü ilə bağlı tədbirlər həyata keçirilir. Yaxşı, bunun biri gəlsin də Yardımlıya. Yardımlı balaca dağ rayonudur. Sərhəd rayonudur. Bu rayona diqqət ayrılmalıdır. Bütün sadalananların heç biri yoxdur”.

    Deputat bütün bu iradları icra başçısına bildirməməsinin səbəbini də açıqlayıb: “Rayona gedəndə icra başçısı ilə görüşmürəm. Təhsil aldığım orta məktəbdə şagirdlərlə görüş keçirmək istəyərkən Ayaz Əsgərov məktəbin direktoruna, Təhsil Şöbəsinin müdirinə tapşırmışdı ki, görüş olmaz. Özü də telefonlarını bağlayıb aradan çıxmışdı. Yalnız Prezident Administrasiyasının və Təhsil Nazirliyinin müdaxiləsindən sonra görüş baş tutdu. Bu cür münasibətdən sonra icra başçısına irad bildirməyim mənasızdır”.

    Deputat Hamarkənd, Zenqəran, Dəlləkli, Ostair və digər kəndlərdə aztəminatlı ailələrə yardım çatmadığını bildirdi: “Ostair kəndində mənə müraciət edib yardım verilməməsinə etiraz edənlər olub. Bu məsələləri, tənqidləri deyəndən sonra bu, öz yanındakı işçiləri ortaya salıb yazdırır ki, Yardımlıda hər şey əladır. Azər Xamiyev gedib öz qohumlarının adı ilə yazı yazdırır və məni təhqir etdirir. Bu qədər qulbeçəlik olmaz. Bu adamlar tənqiddən nəticə çıxarmaq əvəzinə, böhtan atırlar”.

    Sabir Rüstəmxanlı ona qarşı ittihamlardan da danışdı: “O zaman icra hakimiyyətinin başçısı olan şəxslə razılaşdıq ki, rayonda bir ziyalı evi tikək. Tikdim və açılış etdik. Gələn olmadı. Bir müddət VHP-nin qərargahı kimi işlətdim. Masallıda yerləşən və uşaqları ali məktəbə hazırlatdıran bir təhsil mərkəzi müraciət etdi. Binanı verdim tədris mərkəzi kimi işlətsinlər. Hamarkənddə bir məscid tikintisinə başladıq. Şeyxə də, aidiyyəti qurumlara da dedik. Sən bunu etməyəcəksən, gəlib İran edəcək, başqa müxtəlif qüvvələr girəcək kəndlərə. Məscidin özülü də atılmışdı. Sona qədər imkan vermədilər. Ona görə də xeyir-şər evi kimi rəsmiləşdirdik. Azər Xamiyevkimilər ora-bura yazdılar ki, burada məscid tikirlər. Məscid tikmək olmaz? Məscid tikməyə qoymadılar, məcbur qalıb xeyir-şər evi tikdik. İndi kənddə xeyir-şər evi bunlara niyə ağır təsir edir?”

    Sabir Rüstəmxanlı Hamarkənd orta məktəbinə göndərilən kitabların kitabxanadan yığışdırılmasından da danışdı: ““Qanun” nəşriyyatının buraxdığı “Dünya ədəbiyyatı klassikası” məktəbə hədiyyə olunmuşdu. Kəndin yaşlı adamları da gedib oradan kitab götürüb oxuyurdular. Azər Xamiyevkimilər gedib məktəbə deyir ki, bu nə kitablardır, yığışdırılsın bu kitablar. Bundansa pul göndərsinlər məktəbin təmirinə. Bunların başı var?”

    Sabir Rüstəmxanlı rayonda durumun ağır olduğunu da bildirdi: “İşsizlik baş alıb gedir. Sakinlər rayondan köçüb gedirlər. Gündə 10 manat qazanmaq üçün Qaradağ daş karxanalarında daş atır camaat. Bu insanlar yazıq deyil? Virus məsələsi ailələri param-parça edib. İnsanlar bir tikə çörəyə möhtacdır. Səhərdən axşamadək kabinetə girib oturmaqla iş düzəlməz. Başçı camaatın içində olmalıdır”.

    Yeni Müsavat qəzeti

  • 3 May – Bu gün Türkçülük Günüdür

    Dünyadakı türklərin hər il qeyd etdiyi 3 May Türkçülük Gününə gətirən proseslər 1942-ci ildən başlayıb.
    Həmin dövrdə Türkiyənin baş naziri milli düşüncə sahibi Şükrü Saraçoğlu olsa da, dövlət məmurları arasında kommunistlərin də sayı az deyildi. Təhsil naziri Hasan Ali Yücel kommunist olduğunu açıq söyləyir, bu siyasi görüş daşıyıcılarını orta və ali təhsil ocaqlarına yerləşdirirdi.
    Ölkədə kommunizm ideologiyasının yayılması, milli düşüncənin sıxışdırılması millətçi aydınları narahat etməyə başlamışdı. Dövrün böyük fikir adamlarından Nihal Atsız və digər aydınlar prosesin dayanması üçün addımlar atılmasını vacib sayır, “Bozkurt”, “Orhun”, “Çınaraltı” dərgilərində kommunizmin iç üzünü açan yazılar dərc edirdilər.

    Türk ziyalılarının Sovet İttifaqının timsalında kommunizmin türk iqrinin məhvinə yönəlik ideologiya olduğunu bildirən məqalələri kommunistlərə qoşulan xeyli gənci bu yoldan çəkindirdi. Ancaq kommunistlər təşkilatlanmaqda davam edir və sürətlə çoxalırdılar. Həmin günlərdə Nihal Atsız Şükrü Saraçoğluna Açıq Məktub yazır. Məqalə “Orhun” dərgisinin 1944-cü il mart sayında dərc edilir. Məktubda təhsil naziri Hasan Ali Yücelin əmri ilə məktəblərdə, universitetlərdə kommunizmi təbliğ edən çap məhsullarının yayıldığı, bunun üçün ianə toplandığı bildirilir. Onun bu məsələdə ən yaxın silahdaşının Sebahattin Ali olduğu göstərilir.
    Yazılanlar təhsil naziri üçün ciddi problemə çevrilir. Nazir Yücel və “Ulus” qəzetinin baş redaktoru Falih Rıfkı Atayın təşfiqi ilə Sabahattin Ali Nihal Atsızı məhkəməyə verir.
    1944-cü il aprelin 26-da başlanan məhkəmə prosesi elə böyük marağa səbəb olur ki, insanların çoxluğundan hakimlər salona girməkdə çətinlik çəkirlər. Məhkəməni davam etdirmək mümkün olmadığı üçün proses mayın 3-nədək təxirə salınır.
    Məhkəmə başlayan saatlarda milliyyətçi gənclik Ankarada böyük etiraz yürüş-mitinqi keçirir, türkçülüyə dava açanların cəzalandırılmasını tələb edirlər. Hökumət mitinqi dağıdır, 165 tələbə həbs edilərək Ankara zindanlarına salınır, onlara ağır işgəncələr verilir. Bu olay Türkiyə tarixinə kommunizm əleyhinə ən böyük mitinq kimi keçir.
    Mayın 3-də məhkəmə Nihal Atsızı da həbs edir. O, hücrələrinə bir nəfərin güclə sığa biləcəyi və buna görə də “tabutluq” adlandırılan həbsxanaya göndərilir.
    İllər sonra Atsız həmin günlər haqqında yazırdı:
    “3 May türkçülüyün tarixində bir dönüş nöqtəsidir. O zamana qədər yalnız duyğu və düşüncə olan, ədəbi və elmi sərhədləri çox da aşmayan türkçülük birdən-birə geniş bir hərəkata çevrildi.
    3 may türkçülərin günü olsa da, ona bir bayram deyə bilməyəcəyik. Çünki illərlə sürəcək böyük iztirabımız həmin gündən başladı. Ona bir matəm demək də qəbul edilməz. Çünki həmin gün bizə bu qədər sıxıntı arasında böyük bir imtahan vermək, ürəkləri ilə ürəksizləri ər meydanında sınaqdan çıxarmaq, yaxşı ilə yamanı ayırmaq fürsəti verdi. Türkçülər, kütləvi və ya fərdi olaraq 3 Mayı anaq və ucaldaq”.
    1945-ci ilin 29 martına qədər davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılır. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələr görür.
    Ancaq məhkəmə müddəti bununla başa çatmır. Məhkumların hüquqlarını qoruyan vəkillər onların azad edilməsi üçün üst məhkəmələrə müraciət edir. 1947-ci il martın 31-də məhkumlar bəraət alır.
    Türkçülük Gününü ilk dəfə 3 May məhkumları cəza evində keçirib. 1954-cü ildən isə Nihal Atsızın istəyi ilə hər il həmin gün Türklük Günü kimi qeyd olunmağa başlayıb.
    Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan bu günə qədər 3 May daha geniş qeyd olunur.
    Türklük Günü Azərbaycanda da populyardır. 1992-ci ilin məhz bu günündə Bakıya gələn rəsmi nümayəndə heyətinin tərkibində olan əfsanəvi lider Alparslan Türkeş Azadlıq meydanında bir milyona yaxın insan qarşısında Əbülfəz Elçibəylə bərabər çıxış etmiş, bərabər olaraq türkçilərin özəl işarəti hesab olunan Bozqurd işarəti ilə toplananları salamlamışlar.

  • Sabir Rüstəmxanlıdan DTX-yə çağırış: “Yardımlının da icra başçısı həbs olunmalıdır”

    “Neftçaladan sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının ifşa olunaraq tutulması çox biabırçı fakt idi. Yəni, bu onu göstərir ki, icra başçıları heç bir nəticə çıxarmaq istəmirlər. Eyni yolda getməyə davam edirlər”.
    Bu fikirləri Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı söyləyib.
    S.Rüstəmxanlı deyib ki, dərs çıxarmayan icra başçıları yenə də imkansız ailələrə ayrılmış sosial yardımları mənimsəyirlər, rüşvət alırlar:
    “Mən hələ də anlaya bilmirəm ki, bu məmurlar nə etmək istəyirlər! Onların ya başları donub, ya da ölkədə gedən prosesləri görə bilmirlər. Baş verənlərin fonunda mən Prezidentin çıxışlarına baxıram və görürəm ki, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparan şəxs İlham Əliyevdir. Prezident İlham Əliyev bütün nöqsanları deyir, onun aradan qaldırılmasına çalışır və işində nöqsana yol verənlərə xəbərdarlıq edir. Hətta, əyri yola üz tutan məmurları Allaha tapşırır. Amma yenə nəticə çıxarmırlar. Ona görə də rüşvətə və korrupsiyaya qarşı mübarizə davam edəcək”.
    Deputat qeyd edib ki, Azərbaycanın yeni Baş prokuroru Kamran Əliyevin təyin olunması çox uğurlu kadr islahatıdır:
    “Kamran Əliyev hüquq mühafizə sistemində ən çox hörmət etdiyim və peşəkarlığına inandığım şəxslərdən biridir. Onunla bir neçə dəfə görüşlərim olub. Hesab edirəm ki, ölkə başçısı Kamran Əliyevi Baş prokuror təyin etməklə ən doğru addımı atıb. Kamran Əliyev doğrudan da layiqli peşəkar Baş prokuror olacaq. Prezident Kamran Əliyevi Baş prokuror təyin etməklə hüquq mühafizə orqanlarının əsas diqqətini korrupsiya ilə mübarizəyə yönəltdi. Hesab edirəm ki, Prezidentin Karman Əliyevlə görüşü və ona verdiyi tapşırıqlar göstərir ki, doğrudan da ölkədə rüşvətxorluq, quldurluq və korrupsiyaya qarşı ciddi iradə var. Bu iradə sonadək olmalıdır. İndi icra başçıları özlərini padişah kimi aparırlar. Hətta məndə məlumat var ki, Ağstafa və Neftçala məsələsindən sonra indi bir neçə icra başçısı otaqlarını dəyişir, təmir etdirir, “juçok” axtarır. Bununla elə düşünürlər ki, onlara nəzarət imkanları azalsın. Amma başa düşmürlər ki, nəzarətin o qədər geniş imkanları var”.
    Deputat Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını doğulduğu Yardımlı rayonuna dəvət edib:
    “Mən Yardımlıda doğulmuşam. Bunu çəkinmədən və tam məsuliyyətimlə deyirəm ki, Mahir Quliyevdən sonra növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır. Çünki dövlət tərəfindən rayona və camaata ayrılan yardımlar icra başçısı tərəfindən mənimsənilir. Camaat üçün nəzərdə tutulan yardımların hamısını icra başçısı mənimsəyir”. (Demokrat.az)
  • Deputat özünü ifadə edə bilmirsə… – Sabir Rüstəmxanlı

    Son vaxtlar bəzi millət vəkilləri mətbuata verdikləri açıqlamalarda işlətdikləri ifadələri ilə müzakirə obyektinə çevrilirlər. Bəzi deputatların öz ana dillərində normal danışa bilməmələri və yaxud fikirlərini ifadə etməyi bacarmamaları cəmiyyətdə birmənalı qarşılanmır.

    Bəs, görəsən, millət vəkilləri bu cür halların yaşanmaması üçün nə etməlidir?

    Məsələ ilə bağlı Kult.az-a açıqlama verən xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, deputat nitqinin məsuliyyətini dərk etməlidir:

    “Bəzən millət vəkilləri çıxışlarında çox ciddi qüsurlara yol verirlər. Onların çıxışlarını qanunla nizamlamaq, məhdudiyyət qoymaq mümkün deyil. Belə bir qanun yoxdur ki, deyəsən, sən belə danışma. Bu, hər kəsin öz intellekt səviyyəsindən və məsuliyyətindən asılıdır. Əgər millət vəkili öz ana dilində normal danışa bilmirsə və nitqi qüsurludursa, sözü harada işlədib-işlətməməyi bilmirsə, gərək çıxışlarını yazılı şəkildə üzündən oxusun. Yoxsa necə gəldi danışıb, camaatın gözündə millət vəkili statusunu gülünc vəziyyətə qoymaq olmaz”.

    S.Rüstəmxanlı onu da qeyd edib ki, Milli Məclisin bəzi qanunlarının da dili qüsurlu və qəlizdir:

    “Təkcə bəzi millət vəkillərinin deyil, Milli Məclisin qanunlarının da dili qüsurludur. Qanunları hazırlayarkən hansı dillərdən tərcümə edirlərsə, o dildə olan sözün düzgün qarşılığını tapmırlar və ya ifadə formasını düzgün seçmirlər. Ona görə də bəzən ağır və xalqın başa düşmədiyi qanun mətni ortaya çıxır”.

  • Müxalifət post-pandemiya dövrünə hazırlaşır

    Ölkədə xüsusi karantin rejimi bir çox sahələr kimi, siyasi partiyaların fəaliyyətinə də müəyyən məhdudiyyətlər qoyub. İki aya yaxındır partiya qərargahlarının qapıları  faktiki olaraq bağlanıb. Müxalifət isə karantin rejiminin ləğvindən sonrakı post-pandemiya dövrünə hazırlaşır.

    VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə bildirdi ki, əslində post-pandemiya dövrünə hazırlıq demək düzgün olmazdı: “Söhbət həyatın əvvəlki axarına qayıtmasından gedir. Partiya olaraq öncədən planlaşdırdığımız proqram üzrə fəaliyyət göstərəcəyik. Bu il Vətəndaş Həmrəyliyi Partiyası olaraq qurultay keçirməyi planlayırdıq. Rayon təşkilatlarının hesabat-seçki yığıncaqları keçiriləcək. Bu işlər başa çatdıqdan sonra qurultayın vaxtı elan ediləcək. Həmçinin yay aylarında bölgələrdə zona müşavirələri keçiriləcək.

    Pandemiya ilə bağlı karantinin bitməsindən asılı olaraq bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Eyni zamanda partiyadan seçilən millət vəkillərinin seçicilərlə görüşləri planlaşdırılır”.

    AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, post-koronavirus dövründə yaranacaq situasiyalara siyasi hazırlıqlar, proqramlaşdırma və planlaşdırma, siyasi davranış modelləri və ehtimal olunan qlobal geopolitik xaos şəraitində Azərbaycan xalqı və dövlətinin milli strategiyası məsələlərinin elmi-siyasi müzakirələrinə zəruri ehtiyac var: “Bir sıra siyasi partiyaların rəhbərləri və mütəxəssisləri ilə, ekspertlərlə belə müzakirələr başlanıb. Aydın görünür ki, Milli Təhlükəsizlik Konsepsiyası və Müdafiə Doktrinası yenidən işlənməlidir. Bundan əlavə, proqnozlaşdırılır ki, qeyri-formal siyasi təşkilatlanmaların Azərbaycanda da aktuallaşması labüddür”.

    Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, müxalifət ilk növbədə karantin rejiminin bitməsini gözləyir: “Mövcud şərtlər daxilində əksəriyyət kimi müxalifət də fəaliyyətini məhdudlaşdırmışdı. Xeyli məsələ karantin rejiminin götürülməsindən, yaxud yumşaldılmasından asılıdır. Ondan sonra müxalifət də adi iş rejiminə qayıdacaq. Amma o da nəzərə alınacaq ki, koronavirus problemi hələ qalmaqda davam edir və buna da uyğun davranışlar sərgilənməlidir. Yəqin ki, hər kəs bu təhlükəni nəzərə almaqla öz planına uyğun fəaliyyətini davam etdirəcəkdir”.

    AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, tək müxalifət partiyaları deyil, cəmiyyət və iqtidar post-pandemiya dönəminə daha çox hazırlaşmalıdır: “Ümumiyyətlə, bütün dünyada bu gün ən çox müzakirə olunan məsələlərdən biri də post-pandemiya dünyasının necə olacağı və yeni reallıqlardır. Bu gün hər kəsin üzərində razılaşdığı bir fikir var ki, dünya əvvəlki kimi olmayacaq. Bu fikir tək siyasi və idarəetməyə aid edilən məsələ deyil. Buraya iqtisadi, mədəni və sosial sahələr də daxildir. Təbii ki, dünyanın bunu müzakirə etdiyi və yeni dönəmə hazırlaşdığı bir vaxtda Azərbaycan özünü bu prosesdən kənarda saxlaya bilməz. Odur ki, Azərbaycan dövlət olaraq bu məsələyə ciddi yanaşmalı və yeni dönəmin yeni və öyrəşilməmiş reallıqlar və çağırışlarına  hazır olmalıdır. Təbii ki, Azərbaycan müxalifəti də, dövlətçiliyin bir subyekti kimi, bu məsələlərdə aktiv olmalıdır. Odur ki, biz, AĞ Partiya olaraq, bu dönəmi və post-pandemiya məsələsini ciddi araşdırır və rəhbərlikdə müzakirə edirik. Yarana biləcək müxtəlif yeni situasiyalara  hazırlıqlı olmaq üçün müxtəlif ssenarilər üzərində işləyirik. Eyni zamanda AĞ Partiya bütün bunlarla paralel digər müxalifət partiyaları ilə də bu məsələləri aktiv müzakirə edir və yeni dönəmdə birgə fəaliyyət formaları üzərində məsləhətləşmələr edirik. Hələlik onu deyə bilərəm ki, bur sıra partiyalarla ilkin müsbət nəticələr də mövcuddur. Bu sırada AXP, ADP, AMİP, Böyük Azərbaycan kimi  partiyaları göstərə bilərik. Əsas məsələ müxalifətin və ya iqtidarın post-pandemiya dönəmində hazırlıqlı olması məsələsi deyil. Əsas xalq olaraq, millət olaraq və ən əsası bütöv bir dövlət olaraq bu dönəmə hazır olmaqdır”.

     

    Etibar SEYİDAĞA,
    “Yeni Müsavat”

     

  • Məhəmməd Əmin Rəsulzadənin adına Ankarada park istifadəyə verilib

    Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin adına Ankarada park açıldı.

    Azərbaycan Kültür Dərnəyinin Turgutlu şöbəsinin təşəbbüsü ilə Bələdiyyə Məclisində qəbul edilən qərarla Turgutlu ilçəsində yerləşən parka Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adı verilib.

    Qurucu liderin öz vətənində, qurduğu dövlətin paytaxtında da layiqli şəkildə anılması diləyindəyik.