Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Samir Əsədli: “Türkiyə ordusu artıq Azərbaycandadır”

    Üçüncü ölkədən təhlükə olarsa Ankara hərbi dillə danışmaq imkanlarına sahib olacaq
    Şuşa Bəyannaməsinin imzalanması və müttəfiqlik müqaviləsinin şərtlərinin müzakirəsi “Türkiyənin Azərbaycanda hərbi bazası olacaqmı” sualını yenidən gündəmə gətirib. Bəyannamədə bazanın yaradılması ilə bağlı konkret müddəa olmasa da, hərbi müttəfiqlik çərçivəsində müəyyən addımların atıla biləcəyi vurğulanır. Ən əsası bəyan edilir ki, Türkiyə Silahlı Qüvvələri ehtiyac yarandığı təqdirdə rəsmi Bakının dəvəti ilə istənilən vaxt ölkəmizə gələ və burada yerləşə bilər. Bununla bağlı Türkiyədə jurnalistlər Prezident Rəcəb Tayyib Ərdoğana da sual ünvanlayıblar. “Şuşa Bəyannaməsi hərbi baza məsələsini də özündə ehtiva edirmi” sualına Ərdoğan bu cür cavab verib: “Bu məsələ vurğulanan maddələrdən tamamilə kənarda deyil. Anlaşmalarda sonradan müəyyən əlavələr, genişlənmələr mümkündür. İndiki halda əsas diqqət daha çox sərhəd təhlükəsizliyinin təmin olunması və toxunulmazlığın təminat altına alınmasıdır”.
    Bir neçə gün öncə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılmasında heç bir maneə olmadığını demişdi. Hüquqşünas vurğulamışdı ki, Azərbaycan ərazisində hansısa ölkənin hərbi bazasının yaradılması və ya hərbi kontingentinin yerləşdirilməsi həmin ölkə ilə rəsmi Bakının verəcəyi qərardan asılıdır:
    “Azərbaycan Qoşulmama Hərəkatının sədri və üzvü olduğu üçün indiki halda nə KTMT, nə də NATO kimi hərbi bloklara qoşula bilər. Lakin öz ərazisində Türkiyə, Pakistan və ya başqa bir ölkənin hərbi bazasını yarada bilər. Türkiyə NATO ölkəsi olsa da, onun Azərbaycan ərazisində yaradacağı hərbi baza təşkilatın bazası sayıla bilməz”.
    VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə vurğulayıb ki, Şuşa Bəyannaməsinə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar ata bilərlər. Analitikin fikrincə, Türkiyənin Şuşada Baş Konsulluq açacağını bildirməsi də çox önəmlidir:
    “Bununla Türkiyə Şuşanın statusunu siyasi baxımdan yüksəldərək, mühüm strateji şəhərin təhlükəsizliyinə siyasi diplomatik təminat vermiş oldu. Həmçinin, Türkiyə prezidentinin bu sənədi NATO Sammitindən və ABŞ Prezidenti Con Baydenlə uğurlu keçən görüşdən sonra imzalaması, sənəddə ifadə olunan iqtisadi-siyasi təminatın arxasında dünyanın aparıcı güclərinin də maraqlarının durduğunu ifadə etmiş oldu.
    Bütün bunlardan çıxış edərək demək olar ki, Bəyannamə Azərbaycan üçün hərbi baxımdan əvəzolunmazdır. Düzdür, sənəddə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yerləşməsi ilə bağlı birbaşa müddəa yoxdur. Amma Qars müqaviləsinə istinad, Zəngəzur dəhlizi ilə bağlı açıqlama Türkiyənin bölgədə təminatçı rolunda çıxış etdiyinin açıq göstəricisidir.
    NATO üçün Cənubi Qafqazda Türkiyənin Rusiyanı sıxışdırması ən ideal variantdır. Bu baxımdan demək olar ki, NATO və dolayı yolla Türkiyə ordusu artıq Azərbaycandadır”.
  • Müxalifətdən Şuşa Bəyannaməsinə reaksiyalar – “…Qürur duyuruq”

    15 iyun 2021-ci il Azərbaycan tarixinə yazılan möhtəşəm gün oldu. Azərbaycan və Türkiyə prezidentləri iki qardaş ölkəni bir-birinə daha da bağlayacaq Şuşa Bəyannaməsi imzaladılar. Bütün dünyanın diqqət mərkəzində olan bu hadisəni Azərbaycan və Türkiyə xalqı böyük coşqu ilə qarşıladı.

    Müxalifət partiyalarının liderləri də Şuşa Bəyannaməsini çox böyük uğur hesab edir və alqışlayırlar.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli isə bildirdi ki, Qarabağ məsələsində istər atəşkəs dönəmində, istər 44 günlük savaş zamanı, istərsə də ondan sonra müxalifət hər zaman milli mövqedən çıxış edib. Bu məsələdə siyasi maraq, fikir ayrılığı yoxdur və ola da bilməz. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi hər kəs üçün birinci dərəcəli məsələdir: “İkinci Qarabağ savaşında milli birliyin, siyasi həmrəyliyin ortaya qoyulması da bunun təsdiqi idi. Şuşa zirvəsində də mövqe eyni cürdür. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfəri özlüyündə Qarabağın azadlığının simvolik bir təsdiqi idi. Eyni zamanda dünyaya bir daha Azərbaycan-Türkiyə qardaşlığı sərgiləndi. Şuşa Zirvəsində imzalanan bəyannamə isə bütün deyilənlərin rəsmiləşmiş forması idi. Müxalifət olaraq bütün bunları alqışlayır və dövlətimiz adına qürur duyuruq. Hər kəs də bilməlidir ki, Azərbaycanda milli məsələlər mövzu olduqda iqtidar-müxalifət fərqliliyi yoxdur”.

    AXCP sədri Əli Kərimli isə sosial şəbəkədə məsələyə bu cür münasibət bildirib: “Azərbaycan-Türkiyə hərbi ittifaqın nəhayət, rəsmiləşdi. Biz hər zaman belə bir ittifaqı zəruri saymışıq. Şuşa Bəyannaməsinə görə ”Azərbaycan və Türkiyənin hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə təcavüzün aradan qaldırılması məqsədilə… Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur”.

    AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Şuşa Zirvəsi 44 günlük Vətən savaşında əldə etdiyimiz qələbədən sonra qanunauyğunluq olmaqla yanaşı özlüyündə həm də tarixi bir hadisədir. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada belə bir görüşünün reallaşacağı  bir il əvvəl hər kəsə bəlkə də əlçatmaz xəyal kimi görünə bilərdi.

    Bu səbəbdən də tam mübaliğəsiz demək olar ki, 15 iyunda təkcə Azərbaycan və Türkiyənin deyil, dostlarımız və düşmənlərimiz də daxil olmaqla, bütün dünyanın nəzərləri Şuşaya yönəlmişdi: “Təbii ki, bu görüşdən böyük gözləntilərimiz var idi və hesab edirəm ki, bu gözləntilər yaxşı mənada özünü doğrultdu. Azərbaycan və Türkiyə prezidentləri bir sıra məsələlərlə bağlı çox önəmli açıqlamalar verdilər və iki qardaş ölkə başçısı tərəfindən imzalanmış bəyannamə ilə bu zamana qədər səsləndirilən bir çox vacib müddəaları imzaları ilə təsbit etdilər.

    Şuşada imzalanmış bəyanat hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, region dövlətləri arasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılması, beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirilməsinin vacibliyi, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi və bu kontekstdə Azərbaycan və Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması və bir sıra digər olduqca mühüm müddəaları özündə ehtiva edir. Xüsusilə də iki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması və silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi ilə bağlı  məsələlərin nəzərdə tutulmasını olduqca yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, Azərbaycan və Türkiyə dövlətlərinin bundan sonra da regionda əsas söz sahibləri olaraq sülhün və sabitliyin qarantoru rolunda çıxış edəcəyinin bütün dünyaya ciddi mesajı kimi qəbul edilə bilər”.

    Müsavat Partiyasının başqanı Arif Hacılı hadisəyə facebook səhifəsində belə münasibət bildirib: “Türkiyə və Azərbaycanın  ”üçüncü ölkədən təhlükə olarsa” bir-birini qoruması barədə Şuşa Bəyannaməsi, Şuşada Türkiyə baş konsulluğunun açılması qərarı, iki ölkə arasında imzalanan digər razılaşmalar Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm siyasi iradəyə əsaslanan yeni mərhələsidir. Xalqımız və dövlətlərimiz üçün xeyirli-uğurlu olsun”.

    AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, Türkiyə Prezidentinin Şuşa səfəri və imzalanan Şuşa Bəyannaməsi həm Azərbaycan və Türkiyə, həm də region üçün çox önəmli tarixi hadisədir. Bu hadisə həm də regionda yeni düzənin formalaşmasının işartılarıdır. Bu düzənin formalaşmasında Azərbaycanın da özünəməxsus yeri var: “Şuşada imzalanan bəyannamə çox böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Orada da vurğu yapıldı ki, bu, Qars müqaviləsinin sanki davamıdır. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti ən yüksək səviyyədə rəsmi sənədlərdə əksini tapmasıdır. Bu, bir millət bir dövlət prinsipinə doğru atılan addımdır. Şübhəsiz ki, bunu heç kim Azərbaycanın müstəqilliyinin hər hansı formada itirilməsi kimi başa düşməsin. Azərbaycanla Türkiyəni bu sənəd bir-biri ilə heç vaxt olmayan səviyyədə bağlayacaq. Türkiyə Qafqaza qədəm qoyur. Hansı tərəfdən analiz etsək Şuşa Bəyannaməsinin böyük tarixi əhəmiyyətə malik sənəd olduğunu söyləyə bilərik”.

    Etibar SEYİDAĞA,
    “Yeni Müsavat”

  • Müstəqillik tariximizin ən böyük hadisəsi bəyanat yaydı

    Azərbaycan və Türkiyə Respublikası arasında Şuşa Bəyannaməsi ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının

    Bəyanatı

    2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Bəyannamə 44 günlük Zəfər savaşından sonra müstəqillik tariximizin ən böyük hadisəsi sayıla bilər. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadiyə-ticarət əlaqələri, hərbi əməkdaşlıq, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə Qars müqaviləsinin xatırlanması, xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. “Şuşa bəyannəməsi”nə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Bütün mahiyyəti ilə Şuşada imzalanan Bəyannamə Azərbaycan və Türkiyə Respublikalarının tarixi ənənələrə sadiqlik nümayiş etdirərək gələcəyə daha möhkəm təməllər yaratdı.
    Bəyannamədən əlavə, diqqəti cəlb edən digər mühüm bir məqam da Türkiyə Konsulluğunun Şuşada açılacağının bildirilməsidir. Bununla Türkiyə Şuşanın statusunu siyasi baxımdan yüksəldərək, bu mühüm strateji şəhərin təhlükəsizliyinə siyasi diplomatik təminat vermiş oldu. Həmçinin Türkiyə prezidentinin bu sənədi NATO Sammitindən və ABŞ prezidenti Con Baydenlə uğurlu keçən görüşdən sonra imzalaması, sənəddə ifadə olunan iqtisadi-siyasi təminatın arxasında həm də Dünyanın maraqlarının durduğunu ifadə etmiş olur.
    Vətəndaş Həmrəyliyi Partiyası “Şuşa Bəyannaməsi”ni Azərbaycan üçün iqtisadi, diplomatik və hərbi baxımdan əvəzolunmaz hadisə hesab edərək bu sənədin Qafqazda sabitliyin qarantına çevriləcəyini, eyni zamanda Azərbaycan-Türkiyə ittifaqının regionda heç bir dövlətin marağına zidd getmədən, sülhün təminatçısı olacaq güc mərkəzinə sevrilməsinin təsdiqi olduğunu bəyan edir.

  • “Şuşa Bəyannaməsi düşmənlərə bir daha sübut etdi ki, Azərbaycana qarşı işğalçı siyasətləri onlara baha başa gələ bilər”

    “Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və səfər zamanı imzalanan Şuşa Bəyannaməsi düşmənlərə bir daha sübut etdi ki, Azərbaycana qarşı işğalçı siyasətləri onlara baha başa gələ bilər”.  Bunu Pravda.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

    Sabir Rüstəmxanlı işğaldan azad edilmiş Şuşa şəhərində imzalanan bəyannamənin əhəmiyyətindən bəhs edib: “Bu, Türkiyə ilə Azərbaycan arasında bağlanan tarixi bir sənəddir. Bəyannamə təsdiq edir ki, bundan sonra əgər hansısa qonşu dövlət Azərbaycana qarşı işğalçı mövqedən çıxış edərsə və buna cəhd göstərərsə, Azərbaycan və Türkiyə birgə hərəkət edəcəklər. Vaxtilə imzalanmış Qars müqaviləsinə əsasən, Naxçıvanın müdafiəçisi kimi çıxış edən Türkiyə indi həm müdafiə sahəsində, həm də BMT çərçivəsində iş birliyini, eyni zamanda dövlətlərin təhlükəsizliyi məsələlərində Azərbaycanla daim birgə olacaq. Bu istiqamətləri şərtləndirən bəyannamənin Şuşada qəbul edilməsinin xüsusi rəmzi əlaməti var. Bu, Azərbaycan və Türkiyənin, doğrudan da, qardaş dövlət olduğunu nümayiş etdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri və səfər zamanı imzalanan bəyannamə düşmənlərə bir daha sübut etdi ki, Azərbaycana qarşı işğalçı siyasətləri onlara baha başa gələ bilər”.

  • Samir Əsədli: “Dağlıq Qarabağ ancaq coğrafi məfhumdur və bu bölgəylə bağlı hansısa siyasi status müzakirə mövzusu ola bilməz”

    “Dağlıq Qarabağın statusu məsələsini ATƏT-in Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaq vacibdir, ancaq indi onu deyil, dinc sakinlərin regiona qayıtmasını vurğulamaq lazımdır”. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Primakov qiraəti” forumundakı çıxışında bildirib. Lavrovun sözlərinə görə, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur:
    “Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq”
    Lavrovun bəyanatını şərh edən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə bildirib ki, Qarabağın “statusu” ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Bunu Zəfər savaşı dönəmində dövlət başçısı qəti və net şəkildə ifadə edib:
    “Dağlıq Qarabağ ancaq coğrafi məfhumdur və bu bölgəylə bağlı hansısa siyasi status müzakirə mövzusu ola bilməz. Rusiyada bu kimi fikirlərin səslənməsi sırf erməni ictimaiyyətinə hesablanıb. Kreml ondan üz döndərən Nikol Paşinyanın rəqiblərinin əlini gücləndirmək istəyir. Başqa sözlə erməni xalqına mesaj verirlər ki, əgər seçkidə ruspərəstlər qalib gələrsə, Qarabağ məsələsində Rusiya müəyyən addımlar ata bilər. Amma artıq gecdir və Moskvanın bu vədlərinin gerçək olmadığını hər kəs anlayır”.
  • VHP-dən Rusiya polisinə etiraz

    Məlum olduğu kimi, bir neçə gün öncə Novosibirskə yol polisi müfəttişi Alksandr Qosev bu şəhərdə yaşayan soydaşımız Vəkil Abdullayevi güllələyərək öldürüb. Qatil polis öncə həbs olunsa da bir nçə gün sonra azadlığaburaxılıb və ardınca xüsusi təyinatlı polislər hadisə yerində olan iki azərbaycanlı gəncin yaşadığı ünvanlara basqın edərək, onları kobudluqla həbs ediblər. Baş vermiş hadisə açıqdan açığa azərbaycanlılara qarşı qərəz, vəhşi münasibət göstəricisidir. Hadisənin videogörüntülərindən də aydın olur ki, polisin atəş açmağına heç bir zərurət yox idi. Qatil polisin Rusiya prezidentinin qrup yoldaşı olan İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin göstərişi ilə azad edilməsi xüsusi diqqət çəkir. Soydaşlarımıza qarşı məhz azərbaycanlı olduqlarına görə Rusiya polisinin, eləcə də digər qurumların qeyri-insani, hüquqdan kənar davranışı ilk hal deyil. Bütün bunlar Azərbaycan ictimaiyyətində ciddi etiraz yaradır.

    Vətəndaş Həmrəyliyi Partiyası hadisənin obyektiv araşdırılıb hüquqi qiymət verilməsini, gərəkən cəzanın verilməsini tələb edir. Azərbaycanın hüquq mühafizə orqanları və Rusiyadakı səfirliyi Novosibirsk də baş verən cinayətin ədalətli araşdırılması üçün Rusiya tərəfi ilə danışıqlara başlamalı, Azərbaycan icması da bununla bağlı məlumatlandırılmalıdır.

  • Fəzail İbrahimli: “Makron yaxasını cırırdı, gəlib Qafqazda at oynada bilməz”

    “Fransanın Azərbaycana və Türk dünyasına qarşı münasibəti uzun illərdir bəllidir. Hələ bir neçə il bundan öncə uydurma erməni soyqırımı məsələsi gündəmə gələndə fransızların qəlbində bir  “erməni sevgisi” od tutub yanırdı və məhz buna görə də “erməni soyqırımı”nı qəbul etməyənələrə cərimələr nəzərdə tutan qanun qəbul elədi. Azərbaycan da Türk dünyasının bir parçasıdır. Bu mənada Avropa ölkələri içərisində Fransanın birmənalı ermənipərəst mövqeyi hamıya bəllidir və heç kimdə təəccüb doğurmur”.

    Bunu “Ölkə. Az”a açıqlamasında Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli Fransa prezidenti Emanuel Makronun Azərbaycanla bağlı son açıqlamalarını şərh edərkən deyib.

    Milli Məclis Sədrinin müavinin sözlərinə görə, Fransanın son günlərdə sərgilədiyi mövqe qəribə görünmür.

    “Bu ölkə rəsmiləri, başda Makron olmaqla  44 günlük Vətən müharibəsi dövründə digər Avropa ölkələrindən və ABŞ-dan fərqli olaraq yaxasını cırırdı. Dəfələrlə Azərbaycan dövlət başçısına müraciət edərək hərbi əməliyyatlaırn dayandırılmasını istəyirdi. Amma bu çağrışların o zaman nəticəsi olmadı. Necə deyərlər, çax-çax baş ağrıdar, dəyirman öz işindədir. Azərbaycan haqq etdiyi  qələbəni çaldı. Makronun da erməni sevgisi ürəyində qaldı”, – millət vəkili qeyd edib.

    Vitse-spiker əlavə edib ki, ümumiyyətlə Fransa bu mövqeyi 30 ilə yaxın ATƏT MQ-nin həmsədr ölkəsi kimi yürütdüyü siyasətin məntiqi davamıdır və burada qəribə heç nə yoxdur: “Fransa Ermənistan-Azərbaycan münaqişəsinin həllində heç zaman ədalətli mövqe sərgilməyib və bu gün də həmin mövqedədir. Yəni Fransanın bu gün sərgilədiyi mövqe 30 illik fəaliyyətinin məntiqi davamıdır. Bir sözlə onun mövqeyi beynəlxalq hüquqa hörmətsizlik və hayqırıdır. Amma artıq gecdir. Çünki Azərbaycan beynəlxalq hüququn prinsip və tələblərinə uyğun olaraq, beynəlxlaq təşkilatlar tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü təmin edib. Hazırda da beynəlxalq hüququn tələblərinə hörmətlə yanaşaraq, prinsipləri və qanunlar pozmadan Ermənistanla dövlət sərhədini müəyyən etməkdədir. Ona görə də hər hansı ölkə bu məsələdə Azərbaycana irad tuta bilməz. İrad tutulası, destruktiv mövqedən geri çəkilməsi və bölgədə gərginliyi pozmağa cəhd etməkdə ititham ediləsi bir ölkə varsa, o da Ermənistandır. Azərbaycana qarşı bu cür hərəkət edib, vurnuxması son akkordlara bənzəyir. Azərbaycan mövqeyində qətiyyətlidir və haqqdır. Bir daha bəyan edirəm ki, heç bir beynəlxalq hüququn  norma və prinsiplərini pozmur. Odur ki, Makron gəlib Qafqazda at oynada bilməz.
    Digər tərəfdən bu gün Azərbaycanın cəsarətli, qətiyyətli, müzəffər sərkərdəsi var və xalq onun ərtafında sıx birləşib. Azərbaycan xalqı bundan sonra də öz Müzəffər Liderinin ətrafında sıx biləşib ölkəmizə qarşı təxribatlarına birgə cavab verməlidir”.

    Mürtəza
    Ölkə.Az

  • Samir Əsədli: “Erməni xalqı bölgədə normal yaşamağın Türkiyə və Azərbaycanla münasibətlər qurmaqdan keçdiyini gec-tez anlayacaq”

    “Erməni xalqı bölgədə normal yaşamağın Türkiyə və Azərbaycanla münasibətlər qurmaqdan keçdiyini gec-tez anlayacaq”
    Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov bu gün Moskvadan İrəvana səfər edəcək. Bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti yazıb. Səfərin məqsədi ötən gün Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında keçirilən üçtərəfli danışıqların nəticələrini İrəvan rəsmiləri ilə müzakirə etməkdir.
     
    Məlumata görə, dünənki müzakirələrdə hər 3 ölkənin Müdafiə Nazirliyinin rəsmiləri iştirak edib. Danışıqlara Ermənistan tərəfdən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Arman Qasparyan qatılıb. Əsas müzakirə mövzusu sərhəddəki gərginlik olub. Digər məlumata görə, Ermənistan tərəfi müxtəlif bəhanələrlə üçtərəfli işçi qrupunun çalışmalarına qatılmaqdan imtina edir və davamlı olaraq sərhəddə gərginlik yaradır. Ötən gün 40 erməni hərbçisinin Kəlbəcər istiqamətində qanunsuz olaraq Azərbaycan tərəfə keçdikləri ilə bağlı məlumat verilmişdi.
    VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə vurğulayıb ki, son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatlar düşmən ölkədə gözlənilən 20 iyun seçkiləriylə bağlıdı. Analitikin sözlərinə görə, seçkidə maraqlı olan bütün tərəflər bölgədəki prosesləri öz maraqlarına yönəltmək istəyirlər:

    “Paşinyan Qarabağ məğlubiyyətindən sonra müəyyən dividendlər qazanmağa cəhd göstərir. Koçaryanın rəhbərliyi altındakı şovinist müxalifət ordunu və hakimiyyəti bir qədər də rəzil duruma salmaq üçün planlar qurur. Bu iki xətt sərhəddə təxribatlarla nəticələnir. Təbii ki, Azərbaycan dövlət maraqlarını qoruyaraq bu təxribatlara siyasi və zəruri halda hərbi cavab verir. Son günlər baş verənlərə Rusiyanın maraqlarından irəli gələn fəaliyyəti də əlavə etmək lazımır. Rusiya bir tərəfdən Paşinyanı ram etmək, digər tərəfdən isə bölgədə sülhün yeganə qarantı olduğunu hər iki xalqa qəbul etdirmək üçün addımlar atır. Hazırkı situasiya və gərginliyin səbəbləri bundan ibarətdir. Fikrimcə, Paşinyan seçkidə qələbəsini təmin edərək Koçaryan və komandasının təxribatlarına son qoyacaq. Erməni xalqı bölgədə normal yaşamağın Türkiyə və Azərbaycanla münasibətlər qurmaqdan keçdiyini gec-tez anlayacaq”.
  • “Qəzet-jurnal köşkərimizi qaytarın” – Sabir Rüstəmxanlı

    “Hər şeyi cahilcəsinə özgələşdirməyi xoşlayırıq… Ailədən başlanır: Anaya-mama, ataya-papa deyənlər daha intellektual, üst təbəqənin adamı olduqlarını düşünürlər. Beləcə, hamımızın gözünün qabağında Bakının bütün mətbuat və ya qəzet köşkləri, dönüb olub press-kiosk…”.

    Bakupost.az xəbər verir ki, bunu millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı bildirib:
    “Vaxti ilə, Bakıda kitab dükanları necə gəldi özəlləşdirilib yox ediləndə Prezident Administrasiyasına narazılıq məktubu yazmış və kitablarımızın oxucuya çardırılması üçün bir çarə kimi, qəzet köşklərinin böyüdülüb modernləşdirilməsi və qəzet-kitab köşkünə çevrilməsini təklif etmişdim. Az sonra bu təklif həyata keçirildi (Bəlkə də öz ağıllarına gəlmişdi). Bakının küçələrində yeni, daha uyğun köşklər qoyuldu… Lakin bunlar qəzet köşkü olmadı, mini market oldu. İndi bu marketlərə yanaşıb soruşuram “Sizdə “Azərbaycan” jurnalı var?”. Cavab verirlər “yoxdur”. “Bəs “Ulduz” jurnalı?”, “literaturnıy Azerbaydjan”, “Qanun”, “Xəzər” jurnalları? “. “Heç biri yoxdur, biz jurnal almırıq və satmırıq..”.
    Bəzi köşklərdə, mənim kitab arzum bir yana, heç qəzet də satılmır. Mətbuatdan başqa hər şey var burda. Siqaretdən tutmuş, saqqıza, suya, kolbasaya, oyuncağa qədər…”Ay bala, bəs sənin adın mətbuat köşküdür!”. Başını qaldırıb təəccüblə başının üstünə baxır… Allah bilir bəziləri bəlkə heç mənasını da anlamır. Elə bilirlər ki, bu yerlər əlinə nə keçdi presləyib camaata sırımaqdan ötrüdür…
    Bəlkə xalq bu kiosklardan tamamilə imtina etsin, “bizə bu antisanitariya şəraitində əlinə nə keçdi camata sırıyan “kiosklar” lazim deyil, bizim “qəzet-jurnal köşkərimizi qaytarın!” desin?!
    Məlumat üçün deyim ki, bəzi ölkələrdə yeni kitab və qəzetlər bütün ərzaq mağazalarında da satılır…”
  • Sabir Rüstəmxanlı: “Ermənilər cavablarını mütləq alacaqlar”

    “Ermənistanda seçkiqabağı hakimiyyətsizliyin təsirləri açıq-aydın hiss olunur. Görünür ki, dərəbəylikdir, sərhəd boyu hərbi hissələrdə kim nə istəsə, onu edir. Həmçinin bəzi məsələlərin həlli uzadılır, sərhədlərin müəyyənləşdirilməsi gecikdirilir”.

    Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı son günlər Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları intensivləşdirməsi ilə bağlı danışarkən deyib.
    Deputat bildirib ki, Ermənistanda özbaşınalıq hökm sürür: “Bizim işğaldan azad olunmuş torpaqların minalardan təmizləmə prosesi uzandıqca, məskunlaşmağımız hələki mümkün olmadıqca ermənilər bunu başqa amillərlə əlaqələndirirlər. Bir sıra ölkələrin təzyiqləri, Rusiyanın qeyri-müəyyən mövqeyi də Ermənistana müəyyən mənada təsir edir. Amma onlar hər nə qədər fəallaşsalar da, lazım olan qaydada cavablarını alırlar.
    Ümumiyyətlə isə, istər bu məsələdə, istərsə də digər məsələlərlə bağlı Moskva ilə danışıqlar prosesi davam edir. Lakin Ermənistan 30 il ərzində də nə Rusiya ilə, nə də beynəlxalq qurumlarla danışıqları ciddi qəbul etməyib, elə bilib ki, ərkəsöyün uşaq kimi istədiyi hər şeyi edəcək. Ermənilər düşünürlərsə ki, əvvəlki mövqelərinə qayıda bilərlər, yanılırlar. Onlar mütləq cavablarını alacaqlar”.