Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • “Kəşfiyyatçılar ayətullah papağı qoyub lotuluq edirlər…” – Sabir Rüstəmxanlı

    “Ərdəbil lotusundan fərqli olaraq şah deyirdi ki, İran yatmış şirdir, Azərbaycan onun başıdır və bu baş kəsilsə, İran yaşaya bilməz”.

    Pravda.az Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının müsahibəsini təqdim edir:

    – Sabir bəy, son zamanlar İran-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik səngimir. İran tərəfinin davranışlarına səbəb nədir?

    – Qafqazda Azərbaycan Respublikasının mövcudluğu İranın yuxusunu çoxdan qaçırıb. İndi yox, 1918-ci ildə Azərbaycan adında dövlətin yaranmasından İran narahat idi. Çünki o zaman İranın dörd əyalətindən biri Azərbaycan adlanırdı. İran şahının dediyinə görə, Azərbaycan İranın başıdır. İranın ən gözəl torpaqları, mühüm faydalı qazıntıları İran Azərbaycanındadır. Həm də İran Azərbaycanı yalnız Təbriz, Ərdəbil, Qəzvin, Zəncan və digər şəhərlərdən ibarət deyil. İran Azərbaycanı Araz çayından Kənkər körfəzinə qədər olan ərazidən ibarətdir.İndi qonşuluqda Azərbaycan dövlətinin olması İranın canına qorxu salır. Çünki bu Azərbaycan inkişaf etdikcə, dünyada tanındıqca o biri Azərbaycanın da bir millət kimi öz haqqını əldə etməsi məsələsini ortaya çıxaracaq.

    İkincisi, 1918-ci ildə İran bir türk dövləti, Qacarların hakimiyyətini sürdürdüyü ölkə idi. Bu dövlətdə fars dilində danışılsa da, 1925-ci ilə qədər türk dövləti idi. 1925-ci ildən hakimiyyətə gələn Pəhləvilərin də kökü türkdür, amma farslaşmış türklərdir.

    Nəhayət 1945-1946-cı ildə İranda milli hökumətin qurulması və bu hökumətin demokratik dəyərləri ortaya qoyması, xalqların hüquqlarını tanıması, Avropa səviyyəsində universitet və məktəblər açması İran tarixinin unudulmaz dövrü olmaqla yanaşı, bunu İran yaxşı xatırlayır. Odur ki, Azərbaycan dövlətinin olması, inkişafı fars rejiminin xeyrinə deyil. Həm də İran dövlətində əhalinin az qala yarısı türklərdir. Orada mollalar hakimiyyətə gəldikdən sonra verdikləri bir sıra vədləri yerinə yetirmədilər.

    Mən, İranın Ali dini lideri Seyid Əli Xameneiyə yazdığım məktubda da qeyd etmişdim ki, sizdə islam və din deyilən şey yoxdur, sizdə din və İslam fars şovinizminə xidmət edən vasitədir. Nəhayət onu da qeyd edim ki, İran deyilən Pəhləvilərdən başlayan dövlət Britaniya-Amerika layihəsidir. Bu layihə ilə İranı türklərin əlindən alaraq hind-avropalıların, yəni farsların əlinə verməklə yan-yana iki türk dövlətinin mövcudluğu aradan qaldırıldı. Burada da ən yaxşı vasitə İranı digər islam dövlətlərindən ayırmaq, İslamda parçalanma yaratmaq üçün radikal şiəliyi inkişaf etdirmək, din dövləti yaratmaq planları ortaya çıxdı. Ona görə də, İran öz xalqının iradəsindən asılı deyil. Əslində miladdan əvvəl 6-cı əsrdə Əhəmənilər dövlətini yəhudilər yaratmışdı. Amma 2500 ildən sonra orada din rejimli dövlət də Britaniya və ABŞ-ın layihəsi idi. Burada məqsəd İslam dünyasında parçalanma yaratmaq idi. Baxın görün, İranın Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Yəmən və bir sıra müsəlman ölkələri ilə münasibətləri necədir? Bütün bunlar islam aləmində birliyin yaranmasına imkan vermir.

    Azərbaycan torpaqları işğal olunanda İran bayram edirdi. O torpaqları ermənilərlə birlikdə dağıtmış, evlərin hamısını talan edərək aparmışdı. İran Araz çayı üzərində qurulan layihələri sevinclə Ermənistanla davam etdirmək istəyirdi. Təsəvvür edin ki, İranda 150 minə qədər erməniyə bütün haqlar tanınır, amma 40 milyona yaxın azərbaycanlıların heç bir hüququ yoxdur. İndi Azərbaycan gücləndikcə İranın narahatlığı artır. İran bizdən daha çox öz içindəki türklərdən qorxur. Biz Araz boyu ərazilərimizi işğaldan azad edərkən o tərəfdəki millətimiz bizi alqışlayır, sevincindən ağlayır, Allaha dua edirdilər.

    Digər məqam odur ki, İranın yeni Prezidenti İbrahim Rəisi hakimiyyətə gəldikdən sonra daxildə narahatlıq yaranıb. İran da bu narazılığı pərdələmək üçün qonşularla problem yaradır. Əslində bu gün İrandan kənarda olan müxalifət qüvvələri gecə-gündüz ölkələrində nələrin baş verdiyini yazırlar. Amma İran fikri yayındırmaq üçün Azərbaycanı hədəf seçmək istəyir. Məncə, bu, mənasızdır, İrana heç nə qazandırmaz, əksinə, daxildən onu daha da zəiflədir. Nəzərə almaq lazımdır ki, biz İrana xarici müdaxilələri qəbul etmirdik, orada Əfqanıstan və ya Suriya taleyinin yaşanmasını istəmirik. Əksinə, istəyirik ki, normal vəziyyət olsun, insanlar normal yaşasın. Əslində istərdik ki, burada Avropa Birliyinə bənzər bir birlik yaransın. İran, Türkiyə, Suriya, Pakistan, Cənubi Qafqaz ölkələri və s. Yollar açılsın, insanlar getsin-gəlsin, hörmət və sayğı şəraitində ticarət inkişaf etsin. Amma təəssüflər olsun ki, İran silahlanmaq, nüvə və atom bombası əldə etmək istəyi ilə öyünür, uzunmənzilli raketlərini sınaqları keçirir və s. Üstəlik bizi qınayır ki, İsrail bizə köməklik edir. Əvvəla, İsrail 30 ildir ki, dünyada erməni yalanını ifşa edir, onun işğalçı olduğunu qeyd edir. Mən ABŞ-dakı yəhudi lobbisinin bizə dəstək verdiyini, haqqı müdafiə etdiyini görmüşəm. Bəli, dinlərimiz ayrı olsa da, haqqı müdafiə edir. İndi bu dindən istifadə edən, adını şiə qoyub erməni xristianlarından fərqlənməyən bir dövlətin mövqeyinə necə “hə” deyə bilərəm? İddia edirlər ki, İsrail Araz boyu gələrək guya İran üçün problem yaradır. İsrail haradadır? Biz İranın xatirinə İsraildə səfirliyimizi açmamışıq. Halbuki səfirliyimizi açmalıyıq. Hansı tərəfdən baxırsan, bax İranın mövqeyindən bizə qarşı müsbət dəyişiklik olmur. İranın “Səhər” adlı kanalı hər gün Azərbaycanı aşağılayır. Bir ara bizə “Bakı dövləti” deyirdi, hətta “Aran dövləti”, “Bakı hökuməti” adlandırırdı. Yəni Azərbaycanın adını dilinə gətirməyi özünə sığışdırmırdı. Azərbaycanda prezident başda olmaqla hamını haqsız yerə təhqir edərək xalqın gözündən salmağa çalışırdı. Bu kanal hətta mənim üçün ölüm fətvası verdirmişdi. Haqdan, hüquqdan, dindən, Allah yolundan uzaq bir şey… Bunlar din dövlətidirsə, heç olmasa din qanunlarından istifadə etsinlər. Bunlar da yoxdur.

    – Demək istəyirsiniz ki, Qarabağı azad etməyimizdən sonra daha çox narahat olmağa başlayıblar?

    – Qarabağ azad edildikdən sonra indi İsrail bəhanəsini ortaya ataraq təzyiq göstərmək istəyir. Həmçinin Ermənistan üzərindən Qarabağdan çıxmayan erməni separatçılarına yardım etmək niyyətləri ortadadır. Yəni Azərbaycan təzyiq altında saxlanılsın, başı özünə qarışsın, Cənubi Azərbaycanla əlaqələrimiz zəifləsin, itsin. Amma əksinə olur. İran bu cür davranışları ilə oradan yaşayan qardaşlarımızın haqq-hüququ dilə gətiriləcək, onlarla əlaqələrin yaxşılaşdırılmasına çalışılacaq.

    Həm də son 30 ildə bunlar Azərbaycanın işğal edilən ərazilərindən, evlərin sökülüb aparılmasından tutmuş ərazilərimizin əkilməsinə qədər çox faydalanıb. Əslində erməni və fars riyakarlığı bir-birinə çox bənzəyir. Ötən gün baxıram, hansısa kənddə dağın başında qalan 5-6 erməni Ağdamı göstərib deyirlər ki, əkin yerlərimiz orada qaldı və s. Deməli, bunlar 30 il gəlib torpaqlarımızı əkiblər və indi elə bilirlər ki, ərazilərimiz bunların torpağıdır.

    İranın indiki rejimi deyil, Qacarlar zamanında Rusiya ilə vuruşanda Azərbaycan parçalanıb, Azərbaycanın yarısı Rusiyanın nəzarətinə keçib, yarısı qalıb o tərəfdə. Biz bir yerdə olsaydıq ora həmişəlik türk dövləti olaraq qalacaqdı. İndi parçalanmışıq, İran hər şeydən əli üzüləndə iddia edir ki, o Azərbaycan bizim ərazimizdir. Əslində biz onların ərazisi deyilik, İran da farsistan deyil. İran deyilən məmləkətdə bir xeyli başqa millətlər də yaşayır. Ən çoxu da türklərdir. İran min illərlə türklərin dövləti olub. Başqa sözlə, biz deyil, onlar bizim ərazilərimiz və dövlətlərimizdir. Əgər iddia lazım olarsa, biz belə iddialar bizim tərəfimizdən qaldırıla bilər.

    – Bundan sonra İran-Azərbaycan münasibətləri necə olmalıdır, siz bunu necə təsəvvür edirsiniz, gərginlik aradan qalxacaqmı?

    – Mənə elə gəlir ki, gərginlik aradan qalxacaq. Çünki İranda hamı Ərdəbil lotusunun səviyyəsində deyil ki… Gizli kəşfiyyatlarının nümayəndələri hərəsi bir əyalətdə ayətullah papağı qoyub lotuluq edirlər. Ərdəbildəki Amuli deyir ki, şirin quyruğu ilə oynamasınlar. Bu adam başa düşmür. 1945-1946-cı illərdə İran şahı deyirdi ki, İran yatmış şirdir, Azərbaycan da onun başıdır, bu baş kəsilsə İran yaşaya bilməz. İndi Amuli də deyir ki, Araz qırağında bizim quyruğumuzla oynamasınlar. Halbuki bunun quyruq dediyi İranın başıdır. Bu adamın başı quyruqda işləyir. Belə adamları ortaya ataraq iki dövlətin münasibətlərini pozmaq yaxşı fikir deyil. Məncə, İranın içində bu situasiyanın gərginliyi və yolverilməzliyini, habelə hər iki dövlət üçün yaxşı heç nə vəd etmədiyini düşünənlər var. Əslində İranı Azərbaycanın üzərinə qaldırmaq istəyənlər Ermənistanı və Qarabağdakı erməni separatçılarını dəstəkləyən, İrəvan ilə Bakı arasında problemlərin birdəfəlik həllini istəməyən qüvvələrdir. İran başa düşmür ki, öz havasına oynamır. İran Fransanın, ATƏT-in Minsk Qrupunun digər ölkələrinin havasına oynayır. Niyyət başqa bir yoldan Azərbaycanın öz problemlərinin həll olunmasına maneə olmaqdır. Bir daha qeyd edim ki, İranda kifayət qədər ağıllı adamlar da var. Məncə, İranın dini lideri belə şeylərə yol verməz. O, kifayət qədər təcrübəli adamdır. Bu, bizimlə yanaşı İrana da sərf etmir. Odur ki, gərginliyin zamanla nizama düşəcəyinə inanıram.

    – Amma bəzi ekspertlər hesab edir ki, bu mərhələdən sonra İran dayanmayacaq. Hətta dayandığını sözdə nümayiş etdirsə də, əməldə Azərbaycana qarşı fəaliyyətini davam etdirəcək…

    – Dayanacaq. İran son 30 ildə Azərbaycana qarşı fəaliyyətini sürdürür, bu müddətdə Azərbaycan üçün molla, seyid, din xadimləri yetişdirir, din partiyası və sair hazırlayır. Bunların hamısının şahidi olmuşuq. Burada adi qeyri-hökumət təşkilatı səviyyəsində dini qurumun başçısı İranda rəsmi görüşlərə gedəndə bir də görürsən ki, İranın yüksək səviyyəli şəxslərinin kabinetindən çıxır. Çünki oradan maliyyələşirlər, talehləri bir-birinə bağlıdır. Əlbəttə, son 30 ildə öz missionerlərini yetişdirib. Amma Azərbaycan dünyəvi dövlətdir, belə şeylər alınmaz. Başqa sözlə, 30 ildir ki, Ocaqnejad gözümüzün qarşısında din maskası taxmışdı, amma şeytan fəaliyyəti göstərirdi. Bunu hamımız görürdük və bilirdik. Azərbaycanı sevməyən bir adam idi. Bəlkə də sevirdi, ancaq İran nöqteyi-nəzərindən… Müstəqil Azərbaycanı onlar sevmirlər. Azərbaycanlı olduqlarına görə, bəlkə də qanları imkan vermir ki, bizə daha çox düşmənçilik etsinlər, lakin din pərdəsi altında ziyanlar vurublar. Yetişdirdikləri din adamları da var və Azərbaycan onlardan xilas olmalıdır.

    – Zəngəzur dəhlizi Tehranda niyə narahatlığa səbəb olur?

    – Burada çox şeylər var. Bu dəhliz vasitəsilə Azərbaycan və Türkiyə arasında əlaqələrin gücləndirilməsi, bəzi Tehran rəhbərlərinin fikrincə, İranın ziyanınadır. Sonradan bu dəhlizin İran-Ermənistan arasında problem yaradacağını düşünürlər. Əslində bu dəhliz köhnə Culfa-Təbriz dəmiryolunu bərpa edir, İranın Şimal-Cənub nəqliyyat dəhlizini gücləndirir. İran niyə bundan narahatdır? Halbuki Xəzərdə İran-Rusiya ticarəti və malları bizim suların üzərindən keçir. İran bu xətləri möhkəmləndirməlidir ki, müttəfiqi olan Rusiyaya daha çox çıxışı olsun. Zəngəzur dəhlizi ola bilsin ki, İranın Ermənistanla qurduqları qara niyyətləri bir qədər arxa plana atır, amma əslində həm İranın, həm də Ermənistanın xeyrinədir. İran bunu düşünməlidir. Hər halda İran normal şiə dövləti və qardaş ölkə olsaydı, bizə çoxdan təklif edərdi ki, yolunuz Ermənistan tərəfindən bağlanıb, gəlin sizə öz ərazimizdən 50 kilometrlik yol verim, siz də əvəzinə başqa ərazidən mənə yer verin. Beləcə Naxçıvana sərbəst gedib gəlin. Biz bunu da görmədik. Belə olsaydı, bizim münasibətlərimiz son dərəcə mükəmməl olardı.

  • Neftçalada şəhid Elçin Əliyev anılıb

    Bu gün İkinci Qarabağ Savaşı şəhidi Elçin Ələkbər oğlu Əliyevin anım günüdür. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Neftçala rayon təşkilatının üzvləri şəhidin məzarını ziyarət ediblər.

    Elçin Əliyev 15 yanvar 1997-ci ildə Neftçala rayonunun Mikayıllı kəndində anadan olub. 2002-ci ildə Neftçala rayonu Mikayıllı kənd məktəbində 1-ci sinfə daxil olmuş və həmin məktəbin məzunu olmuşdur. 2015-ci il tarixində hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Tərtər rayonunda etmişdir. 2016-ci ildə baş vermiş Aprel döyüşlərində iştirak etmişdi. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elçin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşə qatılır. O, Füzuli, Qubadlı və Zəngilanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elçin Əliyev oktyabrın 21-də Qubadlının Sınıq körpü adlı ərazisində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. O, oktyabrın 23-də doğulduğu Neftçala rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elçin Əliyev “Vətən uğrunda” medalı və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

    Şəhidin məzarı başında VHP Neftçala rayon təşkilatının sədri Fərman Hüseynov İkinci Qarabağ savaşı, Ordumuzun 44 gün ərzində göstərdiyi fədakarlıq və Qarabağ savaşı zamanı yazılan şanlı və qürur tarixindən danışıb. Bildirib ki, xalqımızın igid oğulları 44 gün ərzində qızıl tarix yazdılar. Dünya hərb tarixinə silinməz iz buraxdılar.

    Yazıçı-publisist Ələkbər Zahidov şəhid Elçin Əliyevin həyat yolundan, keçdiyi döyüşlərdən və qəhramanlığından danışıb. Bildirib ki, Elçin Əliyev aprel döyüşlərinin iştirakçısı olub və İkinci Qarabağ savaşında böyük fədakarlıq və qəhramanlıq göstərən döyüşçülərdən biri olub. Onun xatirəsi hər zaman əziz tutulacaq.

  • Hadrut fatehi şəhid Camal İsmayılov anılıb

    Bu gün İkinci Qarabağ Savaşında “Hadrut Fatehi” kimi tanınan Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anım günüdür. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Neftçala rayon təşkilatının üzvləri şəhidin məzarını ziyarət ediblər.

    Camal İsmayılov 7 iyul 1984-cü ildə Neftçalaın Həsənabad qəsəbəsində anadan olmuşdur. Orta təhsilini Neftçala şəhərində 1 nömrəli tam orta məktəbində başa vurmuş, 2001-ci ildə hərbi xidmətə yollanmışdır. O, Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edən zaman hərbi hissə rəhbərliyinin diqqətini cəlb elədiyinə görə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam eləməsi barədə qərar verilmişdir. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Hadrut döyüşləri zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin zabitləri ilə birgə Ermənistan Ordusunun rabitə qovşağına qoşulmuş və erməni hərbçilərinin başqa istiqamətə yönlənməsini təmin etmişdir.

    Camal İsmayılovun da daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrdən olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı rayonu istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Qeyri-bərabər döyüşlər nəticəsində Camal İsmayılov və dəstənin bir neçə üzvü şəhid olmuşdur.

    Qəhrəman şəhidin anım günündə onun məzarı və doğulduğu qəsəbədə millət vəkili Sabir Rüstəmxanlının dəstəyi ilə yaradılmış Şəhidlər bağındakı büstü ziyarət edilib.

    Tədbirdə çıxış edən VHP Neftçala rayon təşkilatının sədri, Milli Məclisin Deputatı Sabir Rüstəmxanlının köməkçisi Fərman Hüseynov şəhidin ömür yolundan danışmışdır. O bildirib ki, İkinci Qarabağ müharibəsi iştirakçısı Camal İsmayılov Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut və Ərgünəş yüksəkliyinin, həmçinin Laçın dəhlizinə nəzarəti təmin edən yüksəkliyin alınmasında xüsusi fədakarlıq göstərir. O, Füzuli uğrunda gedən döyüşlərdə yaralı yoldaşına kömək etmək istəyərkən yaralanır. Yaralandığını isə ailəsindən gizlədən Camal sağaldıqdan sonra yenidən döyüşə yollanır. Rabitə sahəsində mütəxəssis olan hərbçimiz ermənilərin rabitə sisteminə qoşulur. Hadrutu müdafiə edən 1500 nəfərlik erməni briqadasına erməni dilində əmr verir ki, geri çəkilin. Beləcə bir güllə belə atmadan 1500 nəfərlik ermənini zərərsizləşdirir. Digər çıxışçılar Azərbaycan Ordusunun torpaqlarımızın erməni işğalçılarından azad olunmasından və qələbəmizdə Xüsusi Təyinatlı Qüvvəllərin baş giziri şəhid Camal İsmayılov kimi vətənpərvər hərbçilərimizin xüsusi rəşadətindən, döyüş yolundan danışıblar.

  • İkinci Qarabağ Savaşı Şəhidi Elşən Aslanovun anım günü qeyd edilib

    Bu gün İkinci Qarabağ Savaşı şəhidi Elşən Aslanovun anım günüdür. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Qaradağ rayon təşkilatının üzvləri şəhidin məzarını ziyarət ediblər.

    Elşən Alxas oğlu Aslanov 29 sentyabr 1999-cu ildə Yardımlı rayonunda anadan olub. Orta təhsilini Bakı şəhəri, Qızıldaş qəsəbəsində yerləşən Azər Namazov adına 180 saylı tam orta məktəbdə almışdır. İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq xidmət keçmək üçün cəbhəyə yollanmışdır. Gərgin döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. 23 oktyabr 2020-ci il tarixində Cəbrayıl-Qubadlı istiqamətində Vətən uğrunda şəhid olub.

    Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalıları ilə təltif edilib.

    VHP Qaradağ rayon təşkilatının Məclis üzvü və Qızıldaş bələdiyyəsinin üzvü Seymur Əsədli şəhidin məzarı başında çıxış edərək onun həyat yolundan danışıb. Çıxışçı bildirib ki, Elşən qəsəbənin nümunəvi gənclərindən biri olub. İşgüzarlığı, səmimiyyəti və dostluğu ilə hər kəsin sevgisini qazanan biri olub. İkinci Qarabağ Savaşı başlanan kimi döyüşə yollandı. Bu onun Vətən sevgisindən qaynaqlanırdı. Ailədə elə tərbiyə alıb, böyümüşdü. Elşən Qarabağ torpaqlarının düşməndən azad edilməsini istəyirdi, bu sevgi ilə də döyüşə getdi. Şəhid olması ilə Vətəninə, millətinə və dövlətinə sevgisini ifadə etdi.
    İkinci Qarabağ Savaşı şəhidləri, qaziləri silinməz, yaddaşlarda əbədi qalacaq döyüş yolu seçdilər. Öz canları, qanları ilə torpaqları yağı düşməndən azad etdilər. Bizim vətəndaşlıq borcumuz onları yadda saxlamaq, ziyarət etməkdir. Tanrı bütün şəhidlərin ruhlarını şad eləsin.

  • “Qarabağdakı quruculuq Müaribədən öncə başlanmış islahatları unutdurmamalıdır. Xalq həm iqtisadiyyatda, həm idarəçilikdə o islahatların davamını gözləyir”.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının Yeni Azərbaycan Partiyasının Böyük Vətən müharibəsi ilə bağlı təşkil olunmuş dəyirmimasada çıxışı

     

    Dəyərli dostlar, hörmətli görüş iştirakçıları!

     

    44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizin ildönümü ərəfəsində belə bir toplantını keçirib bizi də dəvət etdiyinə görə Yeni Azərbaycan Partiyasına təşəkkürümü bildirirəm.

    Qarabağın işğaldan azad edilməsi birdən-birə Azərbaycn insanının ictimai-siyası düşüncəsini, tarix yaddaşını silkələdi.

    Gözümüzün önündə ölkəmizin mənzərəsi dəyişilir: 30 il böyük güclərin və erməni havadarlarının həllolunmaz məsələ deyib  tilsimə çevirdiyi Qarabağ düyünü müzəffər Azərbaycan ordusunun rəşadəti ilə çözülür, Avropanın yeni texnoloğiyası ilə tikilmiş köstəbək yuvaları dağıdılır və 8 rayonumuzda işğala son verilir; Arazın sol sahili ilə düşməni əzə-əzə irəliləyən əsgərlərimizi o taydan İran rejiminin təzyiqinə dözən güneyli qardaşlarımız göz yaşları ilə alqışlayır; düşmənin Azərbaycan ərazisindən keçən yolu İran və Ermənistan narkotika  daşıyıcılarının üzünə bağlanır; Qeyri adi bir əməliyyatla azad edilən Şuşada festivallar keçirilir, muzeylər açılır,   tarixi abidələr bərpa edilir, bütün azad edilmiş rayonlarımızın yeni həyatına start verilir; Təməlatma mərasimləri biri-birini əvəz edir, Türkiyə və Azərbaycan “Şuşa Bəyannaməsi” elan edilir, Azərbaycan, Türkiyə və Pakistanla birgə hərbi təlimlər keçirir; Ölkənin dünənədək bir-biri ilə yola getməyən  siasi partiyaları müharibə boyu bütün vasitələrlə dövləti və ordunu dəstəkləyir, sonra da mehribanlıqla avtobus karvanı ilə erməni goreşənlərinin vuran qoyduğu Ağdamı, dirçəlməyə başlayan Şuşanı ziyarət edirlər və bütün bunlar azmış kimi Azərbaycan prezidenti kamera qarşısında arxası Ermənistana tərəf oturub “ora-yəni Şərqi Zəngəzur da, Göyçə də, İrəvan da bizim tarixi torpaqlarımızdır” – deyib dünyaya bəyan edir, “şəhər və kəndlərimizi Ermənistan İranın yardımı ilə dağıdıb və ordan narkotika yetişdirmək və ötürmək üçün istifadə ediblər”-deyə bizim varlığımızdan narahat olan İrana yerini göstərir…

    Hamısını saysam mənə ayrılmış vaxt yetməz. Xalqla ordunun birliyi, milli səfərbərlik, Ali Baş komandanın şəxsi cəsarəti, düşmən tərəfi müdaifə edən qüvvələrin bütün riyakarlıqlarına baxmayaraq Azərbaycanın öz yolundan dönməməsi, savaş zamanı yeni texnologiyadan bacarıqla istifadə etməyimiz və s.

    Bu sadaladıqlarımıza bir də Azərbaycanda savaş ərəfəsində icrasına yeni başlanmış islahatların xalqa verdiyi pozitiv enerjini, yaranmış dialoq və vətəndaş həmrəyliyi mühitini əlavə etməliyik. Bu gün artıq hər kəs etiraf edir ki, torpaqlarımızın müdafiəsi məsələsində iqtidarla müxalifət arasında fikir ayrılığının olmaması, siyasi mövqelərindən asılı olmayaraq əksər partiyaların bir araya gəlməsi və bir mövqedən çıxış eləməsi 44 günlük müharibənin yekununa həlledici təsir göstərən amillərdən biri olmuşdur.

    Bilirsiniz ki, dialoq anlaşmaya aparan ən əsas yoldur və tarix boyu bir çox filosoflar, alimlər, ədəbiyyatçılar dialoq probleminə saysız-hesabsız əsərlər həsr etmişlər. Dünya fələsəfəsi və ədəbiyyatında dialoq ən çox istifadə edilən üsulllardan biridir. Dinlərin, fəlsəfənin və ədəbiyyatın ən  böyük uğurları dialoqla bağlıdır və  cəmiyyətlərdə ictimai gərginliyin ən pik nöqtəyə çatdığı, fikir ayrılıqlarının həlledilməz göründüyü anlarda meydana çıxmışdır. Dialoq insanların şəxsi ünsiyyətləri ilə yanaşı həm də  uygarlıqlar, dövlətlər, dinlər, xalqlar və etnik qruplar arasında fikir alış-verişinin ən geniş yayılmış formasdıır. Bu gün yeni dünyada siyasi ünsiyyəti  dialoqsuz təsəvvür etmək olmaz. İnsan toplumlarının xoş niyyətini, ağlını, müdrikliyini, intellektual səviyyəsini göstərən, barışa, inkişafa, dünyanı xilasetmə istəyinə, əmin amanlığa hazırliq istəyini nümayiş etdirən ən birinci əlamət dialoq çağırışıdır. Özünə arxayın, yolunun düzgünlüyünü bilən, şərdən, savaşdan uzaq olan, dünyanın gələcəyini düşünən hər hansı cəmiyyət bu keyfiyyətləri ilk növbədə dialoq  mədəniyyəti ilə nümayiş etdirir. Dünya ədəbiyyatı və fəlsəfəsində dirilər bir yana,  hətta Ölülərin və Tanrıların dialoqlarına həsr olunmuş çoxlu əsər var. Təbii ki, bunların hamısı cəmiyyətə ötürüləm ismarıclardır….

    Milli intibahın ən parlaq əlamətlərindən biri millətin müxtəlif kəsimləri arasında dialoqun güclənməsidir. Buna görə də  dövlətin inkişafı həmişə  siyasi partiyalar və iqtidar müxalifət arasında dialoqu zərurətə çevirir. Təəssüf ki, son otuz ildə Azərbaycanda normal dialoq mühiti yaratmaq yalnız 2020-ci ildə Vətən müharibəsi ərəfəsində mümkün olmuşdur. Halbuki Azərbaycan müstəqillik qazanandan sonra dialoqa cəhd edilmiş, bu məsələ siyasi mühitin əsas mövzularından biri olmuşdur.

    Azərbaycanda siyasi partiyalar arasında ilk görüşlərin təşəbbüskarları təəssüf ki, uzun müddət yabançılar vasitəçilər olmuşdur. ATƏT-in Bakı nümayəndəliyinin  daha çox seçkilər ərəfəsində müxalifət partiyalarını və YAP-ı bir araya yığdığını yaxşı xatırlayırıq. Hər dəfə seçkilərdən sonra  yenidən bir araya gəlmək yaddan çıxmışdır. ATƏT-in bu missiyasının nə qədər səmimi olduğunu anlamaq üçün Minsk qrupunun Qarabağ probleminin həllində tutduğu mövqeyi xatırlatmaq kifayətdir. Bir təşkilatın bir qurumu qonşu ölkələr arasındakı münaqişənin həllini müxtəlif bəhanələrlə uzatdığı,  Azərbaycanı reallıqla barışmağa sövq etdiyi bir halda, digər bir qanadının ölkədə doğrudan da dialoq mühitini və siyasi partiyalar arasında səmimi bir əməkdaşlığın yaranmasına maraqlı olduğuna inanmaq çətindir.

    Bu illər ərzində dialoq arzusu daha çox aşağıdan, hakimiyyətdə təmsil olunmayan müxalifət partiyalarının dilindən səslənmişdir. Amma eyni zamanda dəfələrlə bildirmişik ki, barış və dialoq mühitinin yaranmasında daha çox iqtidar, hakimiyyət maraqlı olmalıdır. Hakimiyyətdən kənarda olan və iddialı siyasi qüvvələr  ölkədəki vəziyyətin gərginləşməsində maraqlıdırlar. Hakimiyyət isə nəzərə almalıdır ki, dialoq cəmiyyətdə sabitlik yaratmağın ən yaxşı yollarından biridir. Müharibə ərəfəsində nəhayət belə bir təşəbbüs Azərbaycan prezidentinin özündən gəldi və çox qısa müddətdə Azərbaycan siyasi partiyaları  milli məsələlərdə və Qarabağ probleminə yanaşmada fikir ayrılığının olmadığını, eyni mövqedən çxıış etdiklərini bildirdilər və bundan sonra bu istiqamətdə bir sıra ümumi bəyənatlar meydana çıxdı.

    Mənim toxunmaq istədiyim əsas məsələ təmsil elədiyim Vətəndaş Həmrəyliyi partiyasının  siyasi, ideoloji-mənəvi xəttinin müharibə ərəfəsində yeni bir güclə səslənməsi və ölkənin əsas ideologiyalarından birinə çevrilməsidir. Biz 29 il bundan öncə partiyanın ilk qurultayını “Nizacıtımız Vətəndaş həmrəyliyidir” şüarı ilə yekunlaşdırmışdıq, bu gün də həmin fikir qüvvədədir.

    Müstəqil dövlətimizin qurucularından olan Məmməd Əmin Rəsulzadə 33-cü ildə islam və türk birliyi ideyalarından sonra kommunizm və liberalizm ideologiyalarını geniş təhlil edərək milli təsanüd fikrinə gəlmişdi.

    Əslində, etnik tərkibi mürəkkəb olan Azərbaycanı yüzillər boyu bir ərazi  vahidi və dövlət kimi qoruyan əsas dəyərlərdən biri bu torpaqlarda yaşayan insanların dilindən, etnik kökündən asılı olmayaraq, təbii bir şəkildə yaranmış və əsrlərin sınağından çıxmış fikir birliyidir.

    Azərbaycanın bu günkü etnik xəritəsi aramızda separatizm duyğularını gücləndirmək istəyənlərə nə qədər cazibəli görünsə də təxminən 2500 ildir bu müxtəliflik ümumi vətən birliyini pozmadan yaşayır. Buna görə də bu gün Azərbaycanda hər bir xalq öz etnik simasını qorumaqla vahid bir yurdun övladları olduqlarını dərk edərək yan-yana, çiyin-çiyinə dayanmağı bacarırlar. 44 günlük müharibə bunun daha bir örnəyidir. Biz də Vətəndaş Həmrəyliyi deyəndə həmişə dövlətimizin əsas yükünü çəkən Azərbaycan türkləri ilə yanaşı, hər bir vətəndaşımıza eyni gözlə baxmağın tərəfdarı kimi çıxış etmişik. Gəldiyimiz nəticə göz qabağındadır və həyat göstərir ki, Azərbaycanın gələcəyi də məhz bu birilkdən, lazım gələndə ölkənin hər bir vətəndaşını bu torpaq uğründa öz həyatını qurban vermək cəsarətindən asılı olacaqdır.

    Az öncə dediyim kimi müharibədən sonra yeni bir Azərbaycan yaranır. Qafqazın gələcəyində mühüm rol oynayacaq, İslam dünyasına bağlılığını saxlamaqla bərabər, Avropanın inkişaf yoluna bənzər bir yol tutmuş, şəhəri, kəndi, insanların yaşayış tərzi, xidmət infrastrukturları ilə, müasir dünyanın yeri  texnoloğiyalarından istifadə mədəniyyəti ilə bölgənin ulduzuna çevrilməkdə olan bir Azərbaycan… Üstəlik güclənməkdə olan türk birliyi və Güney Azərbayanda milli haqlarını getdikcə daha dərindən dərk edən və dirçələn 40 milyon xalqın  iradəsinə bağlı və milli haqqımız olan Bütöv Azərbaycanın getdikcə aydınlaşan konturları  gələcəyimizə parlaq işıq tutur və həyatımıza  200 ildə unutdurulmağa çalışılmış yeni dəyərlər, yeni milli-mənəvi vəzifələr gətirir. Bütün bunların sonunu düşünmək və bu böyük məqsəd uğrunda mübarizə aparmaq bizim borcumuzdur. Bu  hədəflərin reallığına inanmağın, bunu düşünmədən yaşamağın korluqdan başqa adı yoxdur…

    Bu hadisələrə şairanə baxış deyil, milli hədəflərimizin tələb elədiyi yoldur. Biz  hamımız bu yolda olmalıyıq. Qarabağ qələbəsi bu yolun birinci və çox mühüm mərhələsidir. Qələbədən bir il keçir. Məncə biz danışığımızda, mətbuatımızda bayram mərhələsinə yekun vuraraq, düşmənin hər cür xəyanətinə hazır olan, güclü müdafiə sistemi və daxili sabitliyi olan, yeni, cazibədar, hər cəhəti ilə haqqa , ədalətə, hüquqa söykənən modern Azərbaycanın qurulması haqqında düşünməli, quruculuq dövrünün qayğıların paylaşmalıyıq. Alt niyyətsiz, açıq və səmimi, qüsurlarımızı gizlətmədən danışmalıyıq.

    Bu baxımdan əhalini ciddi şəkildə narahat edən bir neçə fikrimi deməklə çıxışımı yekunlaşdırmaq istəyirəm:

    1. Mənim fikrimcə, Qarabağdakı quruculuq Müaribədən öncə başlanmış islahatları unutdurmamalıdır. Xalq həm iqtisadiyyatda, həm idarəçilikdə o islahatların davamını gözləyir. Bu gün əhalinin böyük qələbə sevincinə, inama, qarşılıqlı etimada kölgə salan, onu ürək dolusu duymasına imkan verməyən hallar var ki, aradan qaldırılmalıdır. Biz qələbədən sonra psixoloji, mənəvi, hüquqi baxımdan yeni bir dövr başanacağını arzulayırıq. Müharibədən sonra bir müddət doğrudan da belə oldu. Amma sonra məmur heyətı yenə əvvəlki axarına qayıtdı, qəbul qapıları bağlandı, seyf qapıları açıldı, telefonlar susdu, məktublara cavab verən olmadı və ya standart , başdansovdu cavablar gəldi. Prezidentin yanında dayanmalı olan, qələbə ruhunu addım-addım öz əməlləri ilə möhkələndirməyə borclu olan vəzifə sahiblərini çoxu ya bu məsuliyyəti unutdular, ya da dərk etmədilər. Yeni təyin olunan kadrların çoxunun təcrübəsizliyi və torpağı, xalqı yaxşı tanımaması yeni problemlər yaratmağa başladı. Sanki Qarabağ qələbəsini unutdurmaq, arxa plana keçirmək yarışı başlandı. Narazılığın əsas dalğası sosial müdafiədən, işsizlikdən. tibbi xidmətdən və məmur biganəliyi və ya özbaşınalığından gəlir. Biz düşmənə qalib gəlmişik, lakin bürokratiyaya, rüşvətə qalib gələ bilməmişik. Görünür bu bəllara qarşı da bir 44 günlük müharibəyə ehtiyac var.
    2. Qələbə ölkə prezidentinə, dövlətə böyük bir inam və sayqı yaratmışdır, Ölkə üçün bu böyük bir şansdır. Məqamdır. Bunu davam etdirmək, böyütmək milli birlik , qarşılıqlı anlaşma baxımından çox vacibdir. Məmur işini qorxu ilə yox, sevgi ilə, fədakarllıqla görməlidir. Boşboğaz təriflərin, milli mentalitetə yad olar riyakar yaltalıqların yerini kişiyana sədaqət, iş və əmməl tutmalıdır.
    3. Siyasi partiyalar arasında yaranmış bu birlik qorunmalı və möhkəmlənməlidir. Bu bəzi xırda iddiaçıların qeyd etdiyi kimi klub deyil: vətən və millət yolunda hər kəsin öz məsuliyyətini dərk etməsidir. Ümummilli məsələlərdə vahid mövqeyin qorunması cəmiyyətin gücünü, enerjisinin artırır və düşmənlə mübarizəni asanlaşdırır.
    4. Dialoq görüntü və toplantı xarakteri daşımamalı və qarşılıqlı təkliflər əsasıənda ölkəmizin inkişafına yönəlik məsələləri ardıcıl müzakirə edən sistemli fəaliyyətə çevrilməlidir. İqtidar-müxalifət məsələlərində əsassız tənqidlər, böhtan, şər, inkar və yersiz ittihamlar aradan qaldırılmalıdır. Azərbaycan cəmiyyətinin mənəvi dayaqlarını sarsıtmağa yönəlmiş siyasi naşılıq və təbiyəsizlik, söyüş mübarizəsi və onları doğuran səbəblər həyatımızdan silinməlidir. Hakimiyyət cəmiyyətlə daha çox təmasda olan müxalifətin ölkədə sosial problemlər, məmur özbaşınalıqları, şəhid ailələri və qazilərlə bağlı qaldırdığı məsələləri diqqətlə dinləməli, müxalifət partiyalarından olan millət vəkillərinin və ictimai fəalların çıxışlarına daha ciddi yanaşılmalıdır.

    Nəhayət, Azərbaycanın Qarabağ zəfərindən sonra yaranmış geopolitik durumda ölkəmizə qarşı açıq və gizli təzyiqlərə qarşı dirəniş göstərmək, cavab vermək yalnız ölkə başçısının və hakimiyyətin ümidinə qalmamalıdır. Müxalifət Qarabağ məsələsi, Azərbaycanın haqq davası, milli problemlərlə bağlı təşəbbüskar olmalı, quruculuq prosesində hakimiyyətlə bərabər iştirak etməli, dövlətin diplomatik qaydalarından dolayı ifadə edə bilmədiyi milli həqiqətlərin dünyaya çatdırılmasını öz öhdəsinə götürməlidir.

    Bütün bunlar nəticə etibarilə ölkədə həm idarəçilikdə həm də yaşam tərzində demokratik prinsiplərin oturuşması, işsizliyin ləğvi, sosial müdafiə,  insan haqları və söz azadlığı sistemində islahatların möhkəmlənməsi ilə nəticələnə bilər.

    Həmrəylik kapitalizmdən, kommunizmdən və liberlizmdən fərqli olaraq milli dəyərdir. Ana dilinin, dinin, mədəniyyətin inkişafı ilə sıx bağlıdır. İnsanları simasız bir kütləyə çevirib vətən məfhumunu unutduran və yad ölkələrin bizə tətbiq etməyə çalışdıqları, fikir işğalı  saydığımız bir sıra siyasi düşüncə sistemlərindən fərqli olaraq vətəndaşı özünə, öz torpağına bağlayır, onun ləyaqətini və milli kimliyini qoruyur. Ona görə də həmrəylik yalnız müharibə zərurəti kimi yox, gələcəyimizin uğurlarına yol açan parlaq bir ideoloji xətt kimi düşünülməli və Azərbacançılığın əsas siyasi-mənəvi gücü  olaraq qəbul edilməlidir.

    20.10 2021

  • Düşmənə qalib gəldik, lakin rüşvətə qalib gələ bilməmişik – Sabir Rüstəmxanlı

    “Müharibədən sonra yeni Azərbaycan yaranıb”.

    Bakupost.az -n məlumatına görə, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Yeni Azərbaycan Partiyasında keçirilən “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masada deyib.

    O, Qarabağ qələbəsindən 1 il keçdiyini bildirib, qeyd edib ki, Qarabağdakı quruculuq müharibədən öncə başlanmış islahatları unutdurmamalıdır:
    “Bu gün əhalinin böyük qələbə sevincinə, inamına kölgə salan hallar var. Bu hallar aradan qaldırılmalıdır. Biz qələbədən sonra yeni dövr başlayacağını arzulayırdıq. Müharibədən sonra bu belə idi. Ancaq sonra yenə məmur otaqları xalqın üzünə bağlandı. Prezidentin arxasında dayanmalı olan vəzifəli sahiblərinin çoxu öz məsuliyyətini unudub. Prezidentin ortada tək olduğunu görürük. Yeni kadrların çoxu təcrübəsizdir. Rayon yerlərinə gedənlərə Harvard Universitetindən daha çox “torpaq universiteti” də oxumaq lazımdır. Biz düşmənə qalib gəldik, lakin bürokratiyaya, rüşvətə qalib gələ bilməmişik. Görünür, bunun üçün də 44 günlük savaş lazımdır. Məmur boşboğaz təriflərdən, riyakar yaltaqlıqlardan kənarda qalmalıdır. Qul psixologiyası bizim uşaqlarımıza heç nə verə bilməz. Digər tərəfdən, siyasi partiyalar arasında bu birlik qorunmalıdır. Ümummilli məsələlərdə vahid mövqeyin qorunması əsas şərtdir. Dialoq görüntü və toplantı xarakteri daşımamalı, sistemli fəaliyyətə çevrilməlidir. İqtidar və müxalifət arasında şər-böhtan aradan qaldırılmalıdır. Hakimiyyət cəmiyyətlə daha çox təmasda olan müxalifətin qaldırdığı məsələləri diqqətlə dinləməlidir, müxalifətin çıxışlarına daha ciddi yanaşmalıdır. Müxalifət Qarabağ məsələsində, quruculuq prosesində hakimiyyətlə bərabər iştirak etməlidir”.

  • Samir Əsədli: “İran narkotrafikin başlanğıc nöqtəsidir”

    Bu gün rəsmi Tehran Qarabağdakı “boz zona” üzərində nəzarəti itirdiyi üçün qıcıqlanır və bununla barışa bilmir
     
    İran hakimiyyətinin narkotik qaçaqmalçılığı ilə əlaqəli olub-olmamasından asılı olmayaraq bu ölkə narkotrafikin dəfələrlə sübut olunmuş başlanğıc nöqtəsidir. Bunu  rusiyalı tarixçi və siyasi analitik, professor Oleq Kuznetsov deyib. Onun sözlərinə görə, İran indiki teokratik təcəssümündə beynəlxalq siyasətdə özünü yalnız Yaxın Şərqdə güclü dövlətçiliyin və siyasi sabitliyin olmadığı “boz zonalarda” aktiv şəkildə göstərir və xüsusi çəkiyə malikdir. Siyasi analitik bildirib ki, bu gün rəsmi Tehran Qarabağdakı “boz zona” üzərində nəzarəti itirdiyi üçün qıcıqlanır və bununla barışa bilmir. Professor deyib ki, İran Qarabağ vasitəsi ilə yuxarıda sadalanan ölkələrdə maddi və ideoloji cəhətdən özündən asılı olan radikal qrupları dəstəkləmək üçün Avropaya narkotik ticarəti həyata keçirib, orada ayrı-ayrı filiz və mineral ehtiyatlarını əldə edib, enerji mənbələrinin qaçaqmalçılığı şəbəkəsini yaradıb.
     
    Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli uzun illər işğalda olan 130 kilometrlik bir “boz zona”nın narkotrafik üçün keçid rolunu oynadığını deyib. Partiya rəsmisi vurğulayıb ki, bunu BMT-nin məruzələrində də aydın şəkildə görə bilərik:
     “İran-Ermənistan ikili əlaqələri boz zonalardan qeyri-qanuni olaraq iqtisadi maraqlarının təmin olunmasında istifadə edib. Burada biz təkcə narkotrafikdən deyil, eyni zamanda qaçaq yolla daşınan digər məhsullardan danışa bilərik. Bu gün bu zonalar artıq bağlanıb. Bu da iqtisadi cəhətdən İranda narahatlıq yaradır. Narkotik maddələrin tranzitində əsas marşrutlardan birinin Əfqanıstan-İran-Azərbaycan olduğunu nəzərə alsaq görərik ki, işğal dövründə də İranla Azərbaycan sərhədindəki 132 km sahə bizim nəzarətimizdə olmadığından Cənub qonşumuz Azərbaycan ərazilərindən narkotik biznesi üçün geninə-boluna istifadə edib. Hətta Qarabağda qurduğu narkotik biznesi ilə erməni terrorçularına yardımlar edib. Bu da onu deməyə əsas verir ki, Ermənistanın işğalında olan Azərbaycan torpaqları İranın iştirakı ilə narkotik plantasiyaları kimi istifadə edilib”.
  • Şəhid Seymur Sərxoşovun anım tədbiri keçirilib- FOTO

    Bu günqəsəbəsində ikinci Qarabağ savaşının qəhrəman şəhidi Seymur Sərxoşovun ildönüm mərasimi keçirilib.
    Mərasimə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı, şəhidin döyüş dostları, ictimai fəallar və qəsəbə sakinləri iştirak ediblər. Tədbir iştirakçıları Şəhidin böyüdüyü evdən dəfn olunduğu Qızıldaş Şəhidlər Xiyabanına yürüş ediblər. Şəhidin məzarı başında millət vəkili Sabir Rüstəmxanlı, şəhidin döyüş yoldaşları, onu tanıyanlar çıxış etmiş, Seymur Sərxoşova və şəhidlərə həsr edilmiş şerlər səsləndirilib.

  • Qusarda VHP dövlət müstəqilliyinin 30 illiyini qeyd edib

    Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpasının 30-cu ildönümündə Vətəndaş Həmrəyliyi Partiyasının rayon (VHP) təşkilatları bu əlamətdar gün münasibəti ilə bölgələrdə rayon, şəhər mərkəzində olan Şəhidlər Xiyabanını, müstəqillik ilə bağlı qoyulan abidəni ziyarət ediblər. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Qusar rayon təşkilatlarının üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

    VHP Qusar rayon təşkilatının sədr əvəzi Əlişəfa Məmmədov bildirilib ki, XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Bu gün müstəqilliyin bərpasının 30 illiyi torpaqlarımızın azad olunması ilə xüsusi qürur hissi ilə qeyd edilir.

  • Dövlət müstəqilliyi günü qeyd olunub- FOTO

    Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpasından 30 il ötür. Bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Goranboy, Tərtər, Qaradağ, Ağsu, Lerik rayon təşkilatları dövlət müstəqilliyinin bərpasının 30-cü il dönümü ilə bağlı tədbir keçiriblər. Adıçəkilən rayonlarda şəhidlər xiyabanı, tariximiz və müstəqilliyimizlə bağlı abidələr ziyarət edilib. Tədbirlərdə bir daha vurğulanıb ki, Azərbaycan xalqı ötən yüzillik boyunca imperiyalarla savaşaraq öz istiqlalı uğrunda mübarizədən bir addım da geri durmayıb. Bu gün dünya siyasi sistemində Azərbaycan adlı dövlətin varlığı, üç rəngli bayrağın qürurla dalğalanması xalqımızın azadlıq savaşının nəticəsidir.

    VHP rayon təşkilatlarının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə bağlı tədbirlərində istiqlalımız yolunda şəhid olanların ruhu sayğı ilə yad edilib.