Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • VHP-dən Eldar Salayevin ölümü ilə bağlı nekroloq

    Azərbaycan elminə ağır itki üz verib. Görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, akademik  Eldar Salayev vəfat edib.

    Eldar Salayev 1933-cü ildə, dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib. 1970–1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini olub. 1972-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur. 1980-ci ildə Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Prezidenti olub. Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır.

    Eldar Salayev bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsində görkəmli alim olub.

    O, akademiyada dörd institutun əsasını qoymuşdur: Əlyazmalar İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Millətlərarası Münasibətlər İnstitutu, Xəzərin Ekoloji problemləri İnstitutu.

    Eldar Salayev Milli Elmlər Akademiyasının prezidenti  kimi  humanitar elmləri  nüfuzlu dəqiq-texniki elmlərlə eyni müstəviyə qaldırmaq istəyirdi.

    O, Xəzərin və respublikanın artmaqda olan ekoloji problemlərinin qarşısını almaq üçün tədbirlər planı hazırlamışdı,  Bu plana əsasən zavod və fabriklər, istehsalat müəssisələri ilə akademiyaya arasında sıx əməkdaşlıq yaranmışdı.

    Eldar müəllimin başçılığı ilə  bir sıra regionlarda – Şamaxı, Naxçıvan, Şəki, Qubada elmi-tədqiqat müəssisələri yaradılmışdı.

    Tanınmış alim, bacarıqlı elm təşkilatçısı, səmimi və qayğıkeş insan Eldar Salayevin xatirəsi xalqımızın yaddaşında həmişə yaşayacaqdır.

    Allah rəhmət eləsin!

    Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası

    21 iyun 2022-ci il

     

  • Samir Əsədli: “Artıq Gürcüstan hökumətinə qarşı tənqidlər ən yüksək səviyyədə, Avropa Parlamentində səslənir”

    Samir Əsədli: “Gürcüstan da Ukrayna kimi bundan sonra Rusiyaya heç vaxt simpatiya duymayacaq” 
     
    “Amma təcrübə Gürcüstanı ehtiyatlı davranmağa məcbur edir”
     
    Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə vətəndaşlarını Avropaya inteqrasiya siyasəti kursuna dəstək məqsədilə Avropa meydanında aksiya keçirməyə çağırıb. Zurabişvili Avropa İttifaqı ölkələrinin Gürcüstandakı səfirlərini də mitinqdə iştiraka səsləyib: “Gəlin Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi, iradəmizi göstərək. Əhali, cəmiyyət, mən, siyasi partiyaların nümayəndələri, hakimiyyət – hamımız sadə vətəndaş olacağıq. Çıxışlar, bəyanatlar, plakatlar olmayacaq”. 
    Zurabişvili yarım saatlıq çıxışında Avropaya inteqrasiya yolunda yarana biləcək problemlərdən, o cümlədən Gürcüstanın tərəfdaşlarından təcrid olunmaq təhlükəsindən danışıb. Prezident belə vəziyyətin yaranmasında hakim “Gürcü arzusu” partiyasını günahkar bilib. Onun sözlərinə görə, Brüsselə səfəri zamanı məlum olub ki, “iş bərbaddır” və Gürcüstan “Şərq Tərəfdaşlığı”nın aparıcı ölkələri sırasından ən sona pillələrə enib. O, hakimiyyətin səhvləri arasında 2021-ci ilin yazında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə müxalifətlə imzalanmış sazişin yerinə yetirilməməsini göstərib. Hakimlərin saxta yolla təyinatını, müxalif Nika Qvaramiyanın həbsini və Dövlət Müfəttişliyi Xidmətinin ləğvini hökumətin Gürcüstanı gözdən salan qərarı kimi dəyərləndirib.
    Zurabişvili hakimiyyəti Avropa ölkələri liderləri ilə işləmək üçün yüksək səviyyəli səfərlər etməməkdə ittiham edib. Prezidentin fikrincə, Avropa Parlamentində partiyalarla iş düzgün aparılmayıb, nəticədə Gürcüstanla bağlı sərt qətnamə qəbul edilib. Onun sözlərinə görə, “Gürcü arzusu”nun liderləri öz ritorikaları ilə Avropa parlamentarilərini narazı salıblar. Həmçinin dost Ukraynaya münasibətdə qəbuledilməz hərəkətlərə yol veriblər. Prezident vurğulayıb ki, Gürcüstanın təcrid olunması real təhlükə yaradır. Xatırladaq ki, Avropa Parlamenti Gürcüstanda demokratik durumu qəti şəkildə pisləyən bəyanatla çıxış edib. Qətnaməyə görə, son illər Gürcüstanda media mühiti pisləşib, jurnalistlərə qarşı çoxsaylı fiziki zorakılıq hallarına yol verilir.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli “Şərq”ə bildirib ki, Gürcüstanda prezident-hökumət qarşıdurması təkcə bunlardan ibarət deyil. Partiya funksioneri deyib ki, hökumət Salome Zurabişvili ilə bağlı hakimiyyət qolları arasında hüquq və səlahiyyətlərin dəqiqləşdirilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etmişdi: “Konstitusiya Məhkəməsinə müraciətə səbəb prezidentin hökumətin təklifi ilə bir sıra ölkələrdə səfir təyin etməkdən imtina etməsi olub. Nazirlər Kabinetinin fikrincə, səfirlərin təyin edilməsi və onların vəzifədən azad edilməsi Gürcüstan prezidentinin konstitusiya səlahiyyətlərinə aid deyil. Hakim partiya prezidenti konstitusiyanı pozmaqda ittiham etmiş, daha sonra isə hökumət əlavə etmişdi ki, Prezident bir sıra səfirlərin təyinatına qarşı çıxıb”.
     
    S.Əsədli vurğulayıb ki, əslində bütün bunlar məsələnin formal tərəfidir: “Salome Zurabişvilinin qərbyönümlü, hökumətin isə rusyönümlü olduğu, İvanişvilinin nəzarətində olduğu məlumdur. Bu qüvvələrin qarşıdurması əslində Rusiya-Qərb gərginliyinin təzahürüdür. Gürcüstan da Ukrayna kimi bundan sonra Rusiyaya heç vaxt simpatiya duymayacaq. 
    Amma təcrübə Gürcüstanı ehtiyatlı davranmağa məcbur edir. Rusiya Ukrayna bataqlığına batdıqca, hesab etmək olar ki, bunun əksini fikirləşənlərin sayı artacaq. Bu arada Avropa Parlamentinin ən zəngin gürcü hesab olunan Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq edilməsi tələbinin yer aldığı qətnaməsini diqqətdən qaçırmaq olmaz. Keçmiş prezident Mixail Saakaşvilinin həbsi Gürcüstanın hazırkı iqtidarı üçün ciddi problemə çevrilib. “Gürcü arzusu” iqtidarı Moskvanın sifarişini yerinə yetirməkdə, keçmiş prezidentdən intiqam almaqda ittiham olunur. Saakaşvilinin həbsinə görə Gürcüstan hökumətini Qərb siyasətçiləri ilə yanaşı, Ukrayna və Moldova prezidentləri də tənqid edir. Artıq Gürcüstan hökumətinə qarşı tənqidlər ən yüksək səviyyədə, Avropa Parlamentində səslənir. Bidzina İvanişviliyə qarşı sanksiyanın tətbiqi tələbi isə Qərbin “Gürcü arzusu” iqtidarına qarşı sözdən əmələ keçdiyini göstərir. Ukrayna və Moldovadan fərqli olaraq, Avropa Parlamentinin deputatları Gürcüstana namizəd statusunun verilməsinə birbaşa çağırış etməyə çəkiniblər. Bununla belə, qeyd olunub ki, hökumətin avropalı tərəfdaşların tövsiyələrini yerinə yetirməsi şərti ilə ölkə namizəd statusu almalıdır”.

  • Qarabağdan həmişə kart kimi istifadə edən revanşist siyasi dairələr… — ŞƏRH

    Ermənistanda revanşistlər Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinə qarşı təxribat hazırlayır. Mümkün təxribatlar “Azadlıq hərəkatı” adlanan radikallar tərəfindən planlaşdırılıb. Hərəkatın həmtəsisçisi Nairi Oxikyan deyir ki, hazırda onların üzvləri Laçının “müdafiəsində” fəal iştirak edir. 

    Məsələ ilə bağlı fikirlərini Demokrat.az-a dəyərləndirən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, Ermənistan hakimiyyətinin alternativ yolu qalmayıb. O qeyd edib ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ölkəmizə qarşı ərazi iddiasından geri çəkilirlər:

    “Təbii olaraq bu proses Qarabağdan həmişə kart kimi istifadə edən, varlanan və müxtəlif resurslar əldə edən, hakimiyyət rıçaqlarına sahib olan həmin “Qarabağ klanı”nı təmsil edən Koçaryan, Sarkisyan, Ohanyanların olduğu siyasi mərkəzləri və digər revanşist siyasi dairələri narahat edir. Onlar özləri də məqsədli şəkildə erməni cəmiyyətində bir rəy formalaşdırmağa çalışırlar ki, artıq Qarabağ məsələsində hər addımda Azərbaycanın mövqeyi möhkəmlənir. Ermənistan hakimiyyəti guya Qarabağı Azərbaycana satır. Yaxud başqa bir tezis görürük ki, əgər Qarabağı itirsələr guya bu, Ermənistan dövlətçiliyinin sonu olacaq və s. Bu tip tezislərlə manipulyasiyalar etməyə çalışırlar“.

    S.Əsədli əlavə edib ki, Laçın dəhlizi məsələsi də Ermənistan müxalifətinin revanşist dairələrin informasiya spekulyasiyası kimi qiymətləndirilə bilər:

    “Yəni, məqsədli şəkildə süni təşviş yaratmağa çalışırlar. Guya Qarabağ erməniləri üçün vəziyyət faciəvi həddə gəlib çatacaq. Halbuki, burada belə isterika üçün heç bir əsas yoxdur. Çünki 10 noyabr bəyanatının müvafiq maddəsində qeyd olunur ki, Laçın şəhəri 3 il ərzində alternativ yolun çəkilməsindən sonra Azərbaycana təhvil veriləcək. Bu 10 noyabr bəyanatı üzrə Ermənistanın üzərinə götürmüş olduğu öhdəlikdir və bu da yerinə yetirilməlidir. Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış postları qurmasından sonra baş verəcək olayları indidən proqnozlaşdırmaq o qədər də çətin deyil. Darmadağın edilmiş Ermənistan ordusunun silahlı tör-töküntüləri bölgədən çıxarılacaq. Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsi bölgədən qaçmaq məcburiyyətində qalacaq“.

    “Buna imkan tapmayanlar, yəni qaçmaqda gec qalanlar həbs olunacaq. Azərbaycan vətəndaşlığını qəbul edəcək sadə ermənilər isə bölgədə dövlətimizin himayəsi altında yaşaya biləcəklər. Ona görə də, tezliklə baş verəcəklərdən məlumatlı olan revanşistlər populist bəyanatlar səsləndirirlər. Bu gün İrəvan küçələrində revanşist bəyanatlar səsləndirən Koçaryanlar, Sarkisyanlar və Ohanyanlar 44 günlük Vətən müharibəsi zamanı ətrafında məğlubedilməzlik mifi yaratdıqları ordusunu məhv edən “Dəmir yumruğ”umuzu yaddan çıxartmamalıdırlar. Bu gün Azərbaycan həmişə olduğu kimi öz mədəniyyətini, humanizmini nümayiş etdirərək və sivil dünyanın normalarına hörmətlə yanaşaraq danışıqlar masasında məsələlərin həlli təşəbbüsü ilə çıxış edir. Əgər uzatdığımız sülh əlimizi tutmaqdan müxtəlif bəhanələr gətirərək yayınmaq istəsələr onları daha ağır günlər gözləyəcək“, -deyə VHP rəhbəri fikirlərini yekunlaşdırıb.

    Aynurə Pənahqızı
    Demokrat.az

  • Sabir Rüstəmxanlının seçilmiş əsərləri 15 cilddən IV cild çap edilib

    Xəbər verildiyi kimi, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının 15 cildlik seçilmiş əsərlərinə şeir və poemaları, publisist yazıları, pyes, roman, povest və hekayələri, eləcə də dünya ədəbiyyatından tərcümələri, çıxışları və yol qeydləri toplanmışdır. Seçilmiş əsərlərin yaxın üç ildə tamamlanması nəzərdə tutulur.

    Bu günlərdə dördüncü  cild çapdan çıxmışdır. Dördüncü cildə müəllifin 2010-2022-ci  illər arasında yazdığı şeirlər və 15 poeması  daxil edilmişdir.

  • VHP Qusarda konfrans keçirdi – FOTO

    Bu gün VHP Qusar rayon təşkilatının növbəti konfransı keçirilib. Konfrans iştirakçıları ilk öncə şəhidlərin və təşkilatın mərhum sədri Həsənbala Məmmədovun xatirərəsini yad ediblər.
    Konfransın sədarəti seçildikdən sonra RT sədr müavini Məzahir İlyasov hesabat məruzəsi ilə çıxış edərək konfranslararası müddətdə təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. Ardınca
    NTK sədri Gülarə Əlməmmədova da hesabat çıxışı edib.
    Konfrans iştirakçılarından Əlişəfa Məmmədov, Edik Hacıxanov, Bəhruz Bədəlov, Xalidə Dadaşbalayeva və digərləri çıxış edərək təşkilatın fəaliyyəti, görülmüş işlər haqda danışıblar.
    Konfransda iştirak edən VHP sədrinin müavini və Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli çıxışında ölkədə, regionda baş verən siyasi olaylar, partiyanın fəaliyyəti, qarşıda duran işlər və partiyanın yaranmasının 30 illiyi ilə bağlı planlaşdırılan tədbirlər barədə geniş çıxış edib.
    Konfransda təşkilati məsələlərə baxılıb. Rayon Təşkilatının sədri, Məclis və Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib. Açıq səs vermə nəticəsində Əlişəfa Məmmədov rayon təşkilatının sədri, Edik Hacıxanov sədrin birinci müavini, Əfsanə Rəsulova, Elman Gərayxanov müavin, Məzahir İlyasov NTK sədri seçilib.


  • ABŞ sülh sazişinin imzalanmasına inanır

    Vaşinqton güclü Azərbaycanla bütün istiqamətlərdə əlaqələrini gücləndirəcək
     
    “ABŞ-ın Azərbaycanla ikitərəfli əlaqələri ən yüksək səviyyədədir”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger brifinqdə deyib. Diplomat qeyd edib ki, ölkələr arasında təmaslar yüksək səviyyədə davam edir. ABŞ səfiri vurğulayıb ki, bu təmasları davam etdiriləcək, gücləndiriləcək: “Həm davamlı sülhün əldə olunması, həm də yerdə qalan digər məsələlərin həlli üçün tərəflər əməkdaşlıq etməyə davam edəcək”.
    Səfir 907-ci düzəlişdən də danışıb:
     “Konqresin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi qüvvədədir. Lakin bu, bizim Azərbaycana çox vacib təhlükəsizlik dəstəyi verməyimizə mane olmayıb. Biz bu sahədə Azərbaycana 100 milyon dollardan çox maliyyə dəstəyi vermişik. Bu vəsait daha çox Azərbaycanın cənub sərhədlərinin təhlükəsizliyinə yönəldilib”. Səfir vurğulayıb ki, 907-ci düzəlişlə bağlı yekun qərar ABŞ Konqresinə aiddir: “Ancaq mən optimistəm ki, Azərbaycan və Ermənistanın dayanıqlı sülhə nail olması imkanı – hansı ki, biz bu istiqamətdə irəliləyiş görürük – şərait yaradacaq ki, biz Cənubi Qafqaz ölkələri ilə münasibətlərimizi bütün miqyasda əhəmiyyətli dərəcədə nəzərdən keçirək”. O, Prezidentin köməkçisi Hikmət Hacıyevin Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşdüyünü xatırladıb. Diplomatın sözlərinə görə, Hikmət Hacıyev və Ceyk Sallivan digər məsələlərlə yanaşı, regionda sülh prosesini də müzakirə ediblər:
    “Biz düşünürük ki, ABŞ normallaşma prosesində önəmli rol oynaya bilər. Biz hazırda Avropa İttifaqının tərəflərlə təmasda uğurlu olduğunu görürük və bunu çox dəstəkləyirik. Onlar tərəflər arasında birbaşa təmasların və görüşlərin baş tutmasında vasitəçilik edir. Liderlər, XİN rəhbərləri və digər səviyyələrdə təmaslar davam edir, sərhədlərin delimitasiyası, regionda kommunikasiyaların açılması məsələləri müzakirə edilir”.
    ABŞ-Azərbaycan əlaqələri ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulub. Ölkəmizin ərazi bütövlüyü bərpa olunub. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin edilib: 
    “Münaqişənin başa çatması bölgədə yeni geosiyasi reallıq yaradıb. Davamlı sülh, iqtisadi dirçəliş və regional əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırıb. Ukraynada baş verənlər də bölgədə böyük güclərin siyasətinə əhəmiyyətli təsir göstərib. ABŞ və Avropa Birliyinin son mövqelərində bunun şahidi ola bilərik. İndiki situasiyada  Vaşinqtona Cənubi Qafqaz siyasətində Azərbaycanla daha da yaxınlaşmaq sərfəlidir. Rusiyanın regionda təsirlərinin azaldılması üçün Amerika konfrantasiya yolundan imtina etməlidir, yəni Ermənistan hakimiyyətinə açıq dəstəklə yanaşı rəsmi Bakı üzərində Rusiya təsirlərinin güclənməsinə imkan verməməlidir. Rusiya məsələsi ötən bu müddət ərzində beynəlxalq normalara cavab verə biləcək səviyyədə deyil. ABŞ onu artıq başlıca təhlükə mənbəyi olaraq görür. Odur ki, Azərbaycanın Ukraynanın suverenliyi və beynəlxalq enerji təhlükəsizliyi sahəsində oynadığı rola əhəmiyyət verir. Avropa İttifaqı kimi qurumların, ABŞ kimi söz sahibi olan dövlətlərin son illərdə ölkəmizə etimadı daha da artıb və onlar əməkdaşlığa hazır olduqlarını bildirirlər. Bu əməkdaşlıqlar arasında mühüm amillərdən biri də hazırda dünyada cərəyan edən mürəkkəb hadisələr fonunda enerji təhlükəsizliyinə Azərbaycanın verə biləcəyi töhfədir”.
     
    S.Əsədli xatırladıb ki, ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısına son məktubunda təkcə Azərbaycana məxsus qaz yataqlarının vacibliyindən deyil, həm də ölkəmizin bu sahədə böyük, regional tranzit oyunçuya çevrilməsindən danışılması diqqətçəkən məqamlardandır:
     “ABŞ prezidentinin bu məktubu onu deməyə əsas verir ki, dünyanın super gücü olan Amerika Azərbaycanı regionun lider dövləti kimi qəbul edir.
    Xüsusilə, Qafqaz və ümumən Trans-Xəzər regionunun inkişafı və gələcək əməkdaşlıq perspektivləri baxımından Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə önəm verilir.
     Burada bir məsələni də xüsusilə qeyd etməliyik ki, ABŞ fərqindədir ki, regionun inkişafı Azərbaycanın və onun liderinin qlobal miqyaslı səyləri və konstruktiv mövqeyi ilə sıx bağlıdır.
      Bu baxımdan, ABŞ Azərbaycanla münasibətlərə yüksək dəyər verir və gələcək əməkdaşlığı da yeni müstəvidə davam etdirməkdə maraqlıdır”.

  • VHP-dən Rusiyaya etiraz: suverenliyimizin əleyhinə istənilən addımın qarşısı alınacaq

    Uzun illər Azərbaycan torpaqlarının işğal altında qalmasında birbaşa iştirakçı olan Rusiya yenidən separatçı ermənipərəst mövqeyini ortaya qoyub. Bu dəfə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov İrəvanda Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikir səsləndirib. Sonradan Rusiya XİN  fikirlərə düzəliş etsə də Lavrov kimi peşəkar diplomatın məlum fikirləri təsadüfi, yanlışlıqla  səsləndirdiyinə inanmaq çətindir.  Rusiya xarici işlər naziri S.Lavrovun Ankarada Türkiyə diplomatiyasının lideri Mövlud Çavuşoğlu ilə qapalı görüşdən sonra “Biz Cənubi Qafqazda necə fəaliyyət göstərəcəyimiz barədə anlaşma əldə etdik” deməsinin ardınca İrəvanda fərqli mövqe göstərməsi Kremlin ənənəvi “bulanıq suda balıq tutmaq” siyasətinin davamıdır. Son vaxtlar rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdə baş verən təxribatlar və Azərbaycanın suveren hüququna qarşı yönəlik hərəkətlər də bu siyasətin  tərkib hissəsidir. Kreml artıq qəbul etməlidir ki, tərəflər problemi özü həll etmək iqtidarındadır, delimitasiya və demarkasiya prosesi  yalnız Azərbaycan və Ermənistan sərhədlərinin dəqiqləşdirilməsini nəzərdə tutur. Xankəndi və ətraf bölgə isə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycanın tərkib hissəsi olan bir ərazi ilə bağlı delimitasiyadan danışmaq sadəcə, beynəlxalq hüquq normalarından uzaqlaşmaq deyil, həm də, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünə açıq təhdiddir. Bütün bunlar onu göstərir ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hər hansı müsbət irəliləyişin olmasını istəmir. Əksinə, Kreml əlindən gələn hər şeyi edir ki, iki ölkə arasında sülh sazişinin hazırlanması prosesi pozulsun.

    Vətəndaş Həmrəyliyi Partiyası Rusiyanın son addımlarını və siyasətini qətiyyətlə pisləyərək bəyan edir ki, Azərbaycan bütün qonşu dövlətlərlə normal münasibətlərə sadiqdir, amma dövlətimzin suverenliyinə qarşı istənilən addımın qətiyyətlə qarşısı alınacaq.

  • Sabir Rüstəmxanlı Naxçıvana təyyarə biletinin bahalaşmasına etiraz etdi: “Hər kəs şikayət edir”

    “Naxçıvan üçün təyyarə biletlərinin qiymətinin 50 manatdan 60 manata qədər bahalaşması doğru deyil. Bir halda ki, cənab Prezident İlham Əliyevin də AZAL-ı tənqid etdiyini deyirlər, yəqin ki, həlli yolları axtarılar. Hər kəs AZAL-da biletlərin baha olmasından şikayət edir. Bilmirəm, hansı şərtlərə görə AZAL biletləri bahalaşdırır”.

    Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

    “Naxçıvan hansı şəraitdədirsə, biz bunu bilirik. Quru yolları bağlıdır. Naxçıvandan Azərbaycanın digər bölgələrinə yalnız hava yolları vasitəsilə gediş-gəliş mümkündür. Ailəsinin bir hissəsi Naxçıvanda yaşayanlar var. Bəziləri tez-tez getməyə məcburdur. Bu, nəzərə alınmalıdır. Dövlətə ziyan da dəysə, müəyyən subsidiya ayrılmalı olsa belə, Naxçıvanın vəziyyəti nəzərə alınmalıdır. AZAL vətəndaşların maddi durumuna uyğun bilet qiymətləri müəyyənləşdirməlidir”, – deputat bildirib.

     

    Aytəkin Qardaşova

  • Faiq Ağayev -65

    Vətəndaş Həmrəyliyi Partiyası Masallı rayon təşkilatının sədri Faiq Ağayevin 65 yaşı tamam olur.

    Faiq bəy bütün ömrü boyu zəhməti və zəkası ilə ucalaraq bu günkü sevgi və sayğı zirvəsini fəth edib. O gənc yaşlarından mütəxəssis kimi seçilərək müxtəlif sahələrdə özünü doğrultmuş, həm ictimai həm də peşə fəaliyyətində müsbət mənada fərqlənmişdir. Şəxsiyyətinin dürüstlüyü, elmi, hər zaman haqqın yanında olması Faiq bəyi el obsında əsl ziyalı kimi sevdirib. Faiq bəy uzun müddətdir ki, VHP sıralarındadır və partiyanın dəyərıli simalarından biridir.
    Faiq bəyi doğum günü münasibətilə təbrik edir, ona uzun ömür və can sağlığı arzulayırıq.

    Hörmətlə,

    VHP Siyasi Şurası

  • Yovşan və vətən qoxulu poeziya- Zemfira Salmanovanın yeni kitabının təqdimatı keçirilib

    Vətəndaş Həmrəyliyi Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə Atatürk Mərkəzində şairə Zemfira Salmanovanın “Hu- Man” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçirilib.

    Tədbiri şairə Arzu Heydərova açaraq  şairə Zemfira Salmanovanın ədəbi yaradıcılığından geniş çıxış edib.

    Təqdimatda VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın elmi işçisi, professor İbrahim Quliyev, şairə Adilə Nəzər, yazar Aysel Xanlarqızı, VHP sədrinin müavini Yusif Salmansoy və digərləri şairə Zemfira Salmanovanın poetik dünyası və yeni nəşr olunan kitabı haqda fikirlərini bildiriblər.

    Xalq şairi Sabir Rüstəmxanlı çıxışında bildirib ki, hər  kəsin  hardan nə eşidirsə , qələmindən çıxan nə varsa , üzünü görmədiyini  oxuculara ünvanlaması,  ədəbiyyata aidiyyatı olmayan söz yığınlarının yaranmasına səbəb olub: “Beləliklə , kimliyini bilmədiyimiz , tanımadığımız müəlliflərin oxucusu olmaq məcburiyyətində qalırıq . Şübhəsiz , bu “ meydanda ” istedadı  şübhə doğurmayan müəlliflərlə də rastlaşırıq . Belə qələm sahiblərindən biri Sabirabad rayonunda yaşayan Zemfira Ziyad qızı Salmanovadır . Zemfira xanım sosial mediada fəaldır . İnternetdə çoxsaylı şeirləri qarşıma çıxıb . Bir çox yazıları aktyorlar və həvəskar ifaçılar tərəfindən səsləndirilib. O , qələmini şeirin müxtəlif formalarında sınayıb . Qoşma , təcnis , qıfılbənd , qəzəl , poema … Zemfira xanım  yüksək yaradıcı təxəyyülə sahibdir : söz , fikir kasadlığı çəkmir . Lakin ən önəmli olan onun şeirinin canlı , güclü , fəal ictimai ruhudur . O öz şerlərində  Şeirlərində görkəmli şairlərimizin yaradıcılığındakı vətəndaşlıq , cəsarət , mərdlik ənənələrini davam etdirir ; sosial problemlərə , Vətənimizin , ana dilimizin taleyinə , cəmiyyəti narahat edən məsələlərə həssas , qeyrətli münasibəti ilə diqqəti çəkir. Əslində , onun yazılarında lirik qadın  poeziyasından daha çox , döyüşkən kişi ruhu duyulur . Zemfira xanımın poemalarının , şeirlərinin əsas mövzusu bölünmüş Azərbaycanın taleyi , ümummilli problemlərimiz , mənəvi aşınma və şəxsiyyətin yıpranmasıdır . Tarixdən gəlmə obrazların tez – tez xatırlanması oxucuların diqqətini millətin böyük dəyərlərinə və dərdlərinə yönəltməklə , onları ayıltmaq , gələcəyimiz üçün məsuliyyət duyğusunu gücləndirməkdir .

    – Qarabağ savaşı , 1990 – cı ilin Qanlı 20 yanvar günü , Cənub həsrəti, 44 günlük savaşın qəhrəmanları … bir sözlə, bu gün millətimizi düşündürən bir çox ciddi problemlər Zem fira Ziyadqızının duyğularından və qələmindən keçib – gedir . Məsələn , ” Xosrov və Şirin ” adlı poeması öz adına görə oxucunu çaşdıra bilər , amma oxuyanda bunun Araz həsrəti və Azərbaycanın taleyi ilə bağlı olduğunu görürsən . Zemfira xanım Muğanda yaşayır , şeirləri də Muğan torpağının bərəkətindən , kəndlərimizin  böyük əxlaq , mənəviyyat dəyərlərindən doğulub və öz dediyi kimi yovşan qoxusu ilə ətirlənib .

    İnanıram ki , yovşan ətirli , vətən ətirli şeirlərlə yanaşı , müəllifin digər mövzularda yazılmış şeirlərinin də toplandığı , Tanrı – İnsan anlamını verən ” HU – MAN ” adlı bu kitab yaşamaq hüququ qazana biləcək”.

    Daha sonra çıxış edən professor İbrahim Quliyev şairə xanımın poeziyasının fəlsəfi çalarlarına diqqət yetirib: “Şairə” sözünün işlənməsi qrammatik cəhətdən nə qədər yolverilməzdirsə, semantika baxımından da bir o qədər mənasızdır. Çünki şeir müəllifi cins kateqoriyasına əsasən yox, bədii mətnin məzmun və formasına görə təhlil edilib qiymətləndirilir. Sadəcə, bir məsələni vurğulamaq mütləqdir ki, qadınların həyata baxışı, baş verənlərə reaksiyası, duyğuları fərqli olur. Onlar bəzən əks cinsin duya bilmədiklərini hiss edirlər. Bu da qadın şairlərin poeziyasını zənginləşdirir, onların yaradıcılıqlarını heç vaxt kölgədə qoymur. Məshəti Gəncəvidən Fatma xanım Kəmini, Nigar Rəfibəylidən Mədinə Gülgün, habelə, bugünkü günə qədər qadın şairlərimizin misraları könüllər oxşayıb. Onlardan biri də, çağdaş ədəbiyyatımız ən zərif və bir o qədər də əzmkar nümayəndələrindən olan Xanım İsmayılqızıdır. Şeirlər axınında Zemfira Salmanova  xüsusiləşdirib Azərbaycan oxucusuna sevdirən hansı məqam oldu? Bunun cavabını tapmaq üçün Zemfira Salmanovanın  yaradıcılığı vasitəsilə iç dünyasına səyahət etmək lazımdır. Bu gün təqdim olunan kitabı  mütaliə etdikcə bu qənaətə gəlmək olar ki, Zemfira xanımın  şeirləri xüsusi bir not üzərinə köklənib.  Şeirlərin ahəngdar quruluşu xanım şairin həm də ruhunun sabitliyinin göstəricisidir. Elə Zemfira Salmanova  poeziyasını oxuculara sevdirən də, bu axıcılıq, sadəlikdir. Eyni zamanda, bu sadəliyin içərisində dərin təfəkkür var. Şairə  nə qədər ülvi hisslərin həzinliyi ilə yazırsa, bir o qədər də bəzi şeirlərində coşqu, üsyan var”.

    Qeyd edək ki, müəllifin HU – MAN ( Tanrı – insan ) anlamını verən bu kitabında poeziyanın  bir çox janrlarında işlənmiş əsərlər yer tutub . Qoşma , təcnis , bəhri – təvil , sərbəst şeirlər , qəzəllər , satirik şeirlər , hekayə və poemalar , aforizmlərdən ibarət 9 bölümə ayrılan bu kitabda – diqqəti ” XOSROV va ŞİRİN ” poemasına yönəltməkdə fikrim oxucunu məlumatlandırmaqdır . Bu ad oxucunu çaşdırmasın . Tam başqa bir məzmunda işlənsə də yenə də Arazın , o tay , bu tay bölünmüş Azərbaycanın taleyi nəzərdə tutulmuşdur . “Əbədi məhəbbət dastanı ” adı altında işlənmişdir . ” KAİNATIN DOĞUŞU ” adlı ikinci poemada dini əsasla göstərilsə də , mahiyyətcə həyatın , kainatın – gecə və gündüzün yaranışından , ni zamından və cəmiyyətin qaranlıq cəhətlərinin obraz dili ilə işıqlandırıl masından bəhs edir .