Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • VHP-də möhtəşəm toplantı: İşğaldan azad olunmuş rayon təşkilatları bir araya gəldi

    Sabir Rüstəmxanlı: “VHP böyük qələbəmizə həm ideoloji, həm də savaş meydanında öz payını verib”

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə işğaldan azad edilmiş rayonların bölgə təşkilatının üzvləri ilə görüşü keçirilib. 11 rayon təşkilatının sədrinin qatıldığı tədbiri giriş sözü ilə Partiya Ali Məclisinin sədri Felmar Ələkbərli açıb. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Felmar bəy Zəfər savaşı və son antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzün təmin edilməsinin böyük tarixi hadisə olduğunu bildirərək, Xankəndində və Qarabağın digər şəhərlərində üçrəngli bayrağımızın ucaldılmasının qələbəmizin yekunu olduğunu qeyd etdi.

    Daha sonra VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli tədbirdə iştirak edən rayon təşkilatlarını təqdim edib və bildirib ki, bu tədbirdə Şuşa, Xocalı, Xocavənd, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Laçın, Zəngilan, Kəlbəcər rayon, Xankəndi şəhər təşkilatlarının sədrlərinin və təşkilat rəhbərliyinə daxil olan şəxslərin iştirakı ilə toplantı keçirilib.
    İlk olaraq çıxış edən VHP Xocalı rayon təşkilatının sədri Mikayıl Nurməmmədov Qarabağ münaqişəsi başlayan ilk gündən Sabir Rüstəmxanlı bütün kəndləri gəzmiş və hər cür dəstəyini göstərmişdir. Meşəli qatili Xaçaturyanın məhkəmə prosesində iştirak edən Mikayıl bəy bu illər ərzində xalqımıza faciə yaşadan bütün erməni cinayətkarlarının layiqli cəzasını alacağını dedi.
    VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı bir şuşalı kimi hər zaman Qarabağlı günlərdən danışarkən kövrəldiyini amma indi yalnız sevinc göz yaşlarının olduğunu bildirdi: “Mənim Şuşa xatirələrim saatlarla bitməz, bu gün bizə o sevinci yaşadan o torpaqlarda ucalan şanlı bayrağımızdır”.
    Daha sonra VHP Ağdam rayon təşkilatının sədri Həsən Xəlilov və Qubadlı rayon təşkilatının sədri Xasay Vəliyev çıxış edərək rayonlarının işğal tarixi, maddi və mənəvi ziyanlardan bəhs edib.
    Laçın rayon təşkilatının sədri Həmzalı Məmmədov, Xankəndi şəhər təşkilatının sədri Şəhriyar Abdullayev, Xocavənd rayon təşkilatının sədri Arzu Abbasova və Cəbrayıl rayon təşkilatının sədri Etibar Məmmədov çıxış edərək Zəfər Savaşı və milli qələbəmizin yaşatdığı qürurdan danışıblar.
    Sonda Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək bu görüşün tarixi günlərə təsadüf etdiyini bildirdi: “44 günlük Zəfər savaşı ilə biz düşmənə zərbə vurub torpaqlarımızı azad etmişdik, ancaq bir ay öncə keçirilən antiterror tədbirləri bizim qələbəmizi tam yekunlaşdırdı. Bu gün Xankəndində dövlət bayrağımız dalğalanır və bu ərazi bütövlüyümüzün möhtəşəm simvoludur. Azərbaycan xalqı 30 illik vətən həsrətinə son qoydu. 1988-ci ildən biz həm Vətən, həm də Azadlıq davamızın mərkəzindəyik. Bu yola “Nicatımız Vətəndaş Həmrəyliyindədir” deyə çıxmışdıq və zaman bizim yolumuzun, ideologiyamızın düz olduğunu təsdiqlədi. Bununla hər bir VHP-çi qürur duya bilər. Burda çıxış edən rayon təşkilat sədrlərinin bir çoxu həm də Birinci Qarabağ Müharibəsi veteranıdır. Bu da Qürurverici bir faktdır. Demək VHP bu böyük qələbəmizə həm ideoloji, həm də savaş meydanında öz payını verib”

  • 80 saylı orta məktəbdə Xalq şairi ilə görüş keçirilib

    Bu gün Bakıxanov qəsəbəsi 80 saylı tam orta məktəbdə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş keçirilib. Görüşü məktəbin tarix müəlliməsi Aytən Sərdarlı aparıb. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən və şəhidlərin xatirəsi yad edildikdən sonra aparıcı Sabir Rüstəmxanlının həyat və yaradıcılığı haqqında çıxış edib. Daha sonra çıxışı edən məktəbin direktoru Təranə Müzəffərova xalq şairi ilə görüşün məktəb kollektivi üçün böyük bayram olduğunu bildirib. T.Müzəffərova Sabir Rüstəmxanlının həm şair, həm də ictimai-siyasi xadim kimi müstəqil Azərbaycanın tarixində müstəsna yer tutduğunu və onunla canlı ünsiyyətin şagirdlər üçün böyük önəm kəsb etdiyini deyib. Məktəbin ədəbiyyat müəllimi Rasimə Abbasova da çıxışında S.Rüstəmxanlının bütün Türk Dünyasın milloi ruh şairi olduğunu qeyd edib. Daha sonra Sabir Rüstəmxanlının həyat və mübarizəsini əks etdirən videoçarx nümayiş olunub, şagirdlər Xalq şairinin şeirlərini səsləndirib. Sonda Sabir Rüstəmxanlı məktəb kollektivi qarşısında geniş çıxış edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

  • “Artıq heç bir sülhməramlı missiyasına ehtiyac yoxdur”

    “Sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını bəyan etdi. Bundan əvvəl isə separatçı qurum silahları və hərbi texnikanı Azərbaycana təhvil verməyə başlamışdı və ardınca xunta rejiminin liderləri həbs olunaraq Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verilib. Siyasi təhlilçilər “DQR”in süqutunu Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi qiymətləndirirlər və Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri qapandığını bildirir.”

    Musavat.com xəbər verir ki, bu sözləri musavat.com-a Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.

    O bildirib ki, “DQR”-in özünü buraxmasını münaqişənin bitməsi kimi dəyərləndirmək olar: “Ancaq Rusiya sülhməramlılarının hələ bölgədə olması sonrakı proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırmağa imkan vermir. Rusiya sülhməramlılarının mandadı 2025-ci ildə bitir. Mandatın taleyi ilə bağlı hələ ki, nə Rusiya, nə də Azərbaycan rəsmiləri öz mövqeyini açıqlayıb. Yalnız Türkiyə lideri Rəcəb Təyyub Ərdoğan bununla bağlı qəti mövqe ortaya qoyub və güman edilir ki, rəsmi Bakının da istəyi bu yöndədir”.

    S.Əsədli bölgədə rus sülhməramlılarının varlığının proseslərə müsbət təsir göstərmədiyinin şahidi olduğumuza da diqqət çəkib: “10 noyabr sazişindən keçən 3 il ərzində erməni separatçılarının bütün hərbi təxribatlarının, terror aktlarının arxasında məhz rus sülhməramlıları dururdu. Bu müddətdə Azərbaycan səbir və təmkin nümayiş etdirdi, lakin ardıcıl diversiya və terror siyasətinin davamına əsla yol verilə bilməzdi. Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri aktivləşib, Azərbaycan hərbçilərinə, hətta sivil insanlara qarşı terror aktı həyata keçirirdi. Bir sutkadan daha az bir zaman kəsiyində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları dövlətimizin qətiyyətinin göstəricisi idi. İndi Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi həyata keçirilir. Bir sözlə, separatçıların mövcud olduğu boz zonada Azərbaycanın konstitusion quruluşunu bərpa etmək üçün tədbirlərə start verildi. Azərbaycan vətəndaşlığımızı qəbul edən erməni kökənli şəxslərin də təhlükəsizliyini təmin etmək gücündədir. Antiterror tədbirləri zamanı mülki vətəndaşların zərər görməməsi və Qarabağı tərk edən ermənilərə münasibətdə hər kəs bunun şahidi olub. Belə olan halda hansısa sülhməramlı missiyasına ehtiyac qalmır”.

    Musavat.com

  • Xocalılı VHP-çilər bir araya gəldi: “Qürur və sevinc tarixi yaşayırıq”

    Qarabağda Azərbaycan Respublikasının suveren hüquqlarının bərpası hər bir vətəndaşda böyük sevinc və qürur hissi yaradır. Bu günlərdə xalqımız üçün 30 ilin ən böyük faciəsi olan Xocalı şəhərindən videokadrların yayılması, əsgərlərimizin Xocalı aeroportunda erməni bayrağını endirməsi rəmzi xarakter daşıması baxımından xüsusi sevinclə qarçılandı. Vətəndaş Həmrəyliyi Partiyasının Xocalı rayon təşkilatı Məclisinın növbəti toplantısında da bu sevinc yaşanıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edən toplantı iştirakçıları doğma şəhərlərinin azad olunması münasibəti ilə bir birini təbrik edib.

    VHP Xocalı rayon təşkilatının sədri Mikayıl Nurməmmədov çıxış edərək bildirib ki, bu gün Azərbaycan tarixinin ən qürurlu günləri yaşanır: “Bu gün Xocalı azaddır və biz xocalılar bunun sözlə ifadə olunmayacaq sevincini yaşayırıq. 31 ildir ki, elimizdən, obamızdan didərgin düşüb köçkün həyatı yaşayırdıq. Dövlətimiz var, bu gün yaşamağa evimiz var, amma vətən həsrəti, elimizin yağı işğalında olması bizi başı aşağı, nisgilli etmişdi. Biz bu günə kimi sevinməmişik, Xocalıda soyqırıma məruz qalan insanlar hər gün yuxumuza girirdi. Bu gün onların da ruhu şaddır, onlar da sevinir. Xocalı yalnız işğal olunmuş ərazi, şəhər deyil, bu işğal bizim milli heysiyyat məsələmiz idi və Azərbaycan ordusu bu məsələni dünyaya gücümüzü göstərərək həll etdi. Xocalı, Xankəni, Xocavənd, Əsgəran, Ağdərə, Meşəli, Umudlu, Kosalar, Cəmilli, Kərgicahan da azadlıqa qovuşdu. Ürəyimiz sevincdən elə çırpınır ki, sanki dayanacaq. Bu sevinci heç nə ilə dəyişə bilmərik, biz evlərimizə, yurdumuza qayıdacağıq”.

    Daha sonra digər Məclis üzvləri də çıxış edərək Qarabağın azadlığının dövlətimiz və xalqımızın əbədi qürur məqamı olduğunu bildirib. Məclis Xocalının və Qarabağın ətraf şəhərlərinin azad olması münasibəti ilə VHP-çi xocalılar adından həmyerlilərinə müraciət qəbul edib.

     

  • Dövlətçilik tariximizə həmrəylik möhürü vuran partiya

    Vətəndaş Həmrəyliyi Partiyasının tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşür. Partiyanın yaranması Dövlət Müstəqilliyinin elanından bir il sonraya təsadüf etsə də VHP-nin yaranması 1988-ci ildə Meydan hərəkatı ilə başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ötən 31 ildə böyük bir tarixi yol keçən VHP bu gün seçkili orqanlarda təmsilçiliyi və ictimai nüfuzu ilə ölkənin aparıcı siyasi partiyalarından biridir.

    VHP müstəqillik dönəminin bütün parlament və bələdiyyə seçkilərində iştirak edən və nəticə əldə edən müxalifət partiyalarından biridir. Vətəndaş Həmrəyliyi Partiyası 2003-cü ildə prezident seçkilərinə qatılmış, VHP sədri Sabir Rüstəmxanlının prezidentliyə namizədliyi irəli sürülmüşdür. VHP parlamentdə 3 deputatının təmsilçiliyi ilə hazırda ölkənin ana müxalifət partiyası sayılır. VHP üzvləri bu gün ölkənin 10-a yaxın bələdiyyələrində təmsil olunmaq hüququ qazanıblar.

    VHP bu günə kimi müxalifət partiyalarının təşkil etdiyi əksər birlik, blok və digər qurumlarda təmsil olunub.

    Müxtəlif siyasi bloklarda təmsil olunmaqla bərabər VHP 31 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirmişdir.

    Vətəndaş Həmrəyliyi Partiyasının respublikanın 81 bölgə (şəhər/rayon) və 1 muxtar respublika təşkilatı fəaliyyət göstərir. Bölgə təşkilatlarında və rəhbərlikdə ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Partiyanın əsas nüvəsini gənclər təşkil edir. Bu gün ölkədə gedən proseslər və siyasi partiyaların bəyan etdiyi ideoloji sistem VHP-nin 31 il öncə irəli sürdüyü ideologiyanın nə qədər doğru və müasir olduğunu nümayiş etdirir. Siyasi leksikonumuza Vətəndaş Həmrəyliyi ifadəsini məhz VHP gətirmişdir. Azərbaycanın iqtisadi yüksəlişi, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin qurulması VHP-nin əsas hədəfi olaraq qalır.

    Partiyanın 31 il öncə, təsis qurultayında irəli sürdüyü şüar bu gün də Azərbaycan siyasi mühitində öz əhəmiyyətini saxlamışdır. Nicatımız – Vətəndaş Həmrəyliyindədir!

    VHP Siyasi Şurası

  • VHP-nin antiterror tədbirlərinin uğurlu yekunları ilə bağlı bəyanatı

    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan ərazisindəki qeyri-qanuni erməni hərbi birləşmələrinin qarşı antiterror tədbirlərinin uğurlu yekunu ilə bağlı təbrik bəyanatı verib. Bəyanatda deyilir:

    “Azərbaycanın Zəfər Savaşına başlamasının üçüncü ili tamam olur. 2020-ci il sentyabrın 27-də işğalçı dövlətin hərbi təxribatlarına layiqincə cavab verən Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi. Bu gün işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb və regional layihələr yüksək səviyyədə jəyata keçirilir. Lakin Azərbaycan sülh sazişinin imzalanması və bölgədə daimi sabitliyin yaranması üçün 10 noyabr bəyannaməsində üzərinə götürdüyü öhdəlikləri tam mənada yerinə yetirdiyi halda erməni tərəfi cəbhənin müxtəlif istiqamətlərində təxribatlar törətməklə cinayətkar əməllərindən əl çəkmirdi. Qarabağda yaşayan ermənilər həm sülhməramlılara, həm müxtəlif ad altında Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən Ermənistan ordusunun tör-töküntülərinə, terrorçu qruplaşmalara yardım edir, xarici havadarlarına arxalanıb Azərbaycanın konstitusion hüquqlarına qarşı çıxır, Ermənistandan silah-sursat daşıyır, yeni müharibəyə hazırlaşırdılar. Ötən müddət ərzində Azərbaycan ərazilərində yeni mövqelər, səngərlər, mühəndis-istehkam qurğuları hazırlamaq, qanunsuz silahlı birləşmələri texniki avadanlıqla təmin etmək və qanuni hakimiyyətə qarşı terror fəaliyyəti aparmaq, mülki vətəndaşlarımızın həyatına təhlükə yaratmaq antiterror tədbirlərini labüd etdi. Ötən üç ilin təcrübəsi onu göstərdi ki, erməni separatizmi, xunta rejimi diplomatik vasitələrlə, danışıqlar yolu ilə sülhə gəlməyəcək. Məlum oldu ki, güc onların başa düşdüyü yeganə vasitədir. Azərbaycan dövləti beynəlxalq hüquqla təsbit olunmuş suveren haqlarının bərpası üçün gərəkən gücü göstərdi. Çox qısa bir zamanda Azərbaycan Ordusunun yüksək peşəkarlıqla və heyrətamiz şücaətlə apardığı antiterror tədbirləri nəticəsində düşmən ağ bayraq qaldırmağa məcbur oldu. Beləliklə, Azərbaycan xalqı üç ildən sonra yenidən tarixi qələbəyə imza atdı. Vətəndaş Həmrəyliyi Partiyası bu şərəfli qələbənin tarixə yazılması, Azərbaycan ərazisində sonuncu erməni hərbi xunta rejiminin məhv edilməsi uğrunda şəhid olan qəhrəmanlarımızı sevgi və sayğı ilə yad edir, qazilərimizə şəfa diləyirik. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən hər bir əsgərimiz bizim qürur yerimizdir.
    Vətəndaş Həmrəyliyi Partiyası bu tarixi qələbə münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla qəhrəman ordumuzu və milli həmrəylik örnəyi ilə dəmir yumruğa çevrilən xalqımızı təbrik edir. Qələbə hər zaman bizimlə olsun!
    Tanrı Azərbaycanı qorusun!”

  • VHP Bakının işğaldan azad edilməsinin 105-ci il dönümünü qeyd etdiFOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Bakı şəhərinin azad edilməsinin 105-ci ildönümü münasibətilə Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət edib, abidənin önünə əklil və gül dəstələri qoyulub. VHP üzvləri Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçmiş türk qardaşlarımızın əziz xatirəsini yad ediblər.

    Partiyadan Musavat.com-a verilən məlumata görə, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Bakının azad olunmasının tariximizdə əvəzolunmaz rolu haqda danışaraq bu günkü müstəqil Azərbaycanın mövcudluğunda Nuru paşanın komandanlığı altında canlarını fəda etmiş qəhrəmanların xidmətlərinin heç zaman unudulmayacağını və onların xatirəsinin həmişə xalqımız tərəfindən ehtiramla yad edildiyini bildirib.

    Daha sonra VHP Ali Məclisinin sədri Felmar Ələkbərli çıxış edərək Xalq Cumhuriyyəti üçün mühüm hadisə olan Bakının azad olunması uğrunda döyüşlərdə türk əsgərinin, Çanaqqala savaşında Azərbaycan əsgərlərinin qəhrəmanlığının dünya durduqca dostluq və qardaşlıq dastanı kimi xatırlanacağını bildirib. Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan türk şəhidlərinin qəhrəmanlığı və fədakarlığı dərin hörmət və ehtiramla xatırlanıb.


  • Qarşılıqlı əlaqələr şəklində, ölkənin problemlərini bir yerdə müzakirə etməklə siyasi həyatımızda davamlı bir dinamika yaratmalıyıq.

    “Siyasi partiyalar haqqında” Qanuna əsasən, siyasi partiyaların yenidən qeydiyyatı davam edir. Mövcud yenilənmə prosesində bir çox partiyaların elə ilk vaxtlardan siyasət meydanından  çəkildiyi, bir qisminin özünün fəaliyyətini başqa xətt üzrə davam etdirdiyi müşahidə olundu. Proses əksər partiyaları qane etmir, hətta reyestrdən keçə bilənlərin xüsusi olaraq “seçildiyi” iddia olunur. Qeyd edək ki, müxalif siyasi partiyalar arasında ilk reyestr “ələk”indən keçən partiya – Vətəndaş Həmrəyliyi Partiyasıdır. Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən Vətəndaş Həmrəyliyi Partiyasının  sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bir çox suallara aydınlıq gətirib.

    –   Vətəndaş Həmrəyliyi Partiyası  dövlət  reyestrindən keçən ilk müxalif siyasi təşkilat oldu. Bu prosesi uğurla keçən partiya sədri olaraq necə hesab edirsiniz: reyestrin tətbiqi partiyalara, eləcə də ümumi siyasi partiya sisteminə nəyi qazandırdı, hansı maneələri yaratdı, bu proses lazım idimi?

    – “Siyasi partiyalar haqqında” qanun dəyişiləndə siyasi dairələrdə müəyyən narahatlıqlar var idi. Hətta bunu siyasi partiyalara təzyiq kimi dəyərləndirənlər də oldu. Eləcə də siyasi partiyaların qeydə alınmayacağı və sair bunabənzər söz-söhbətlər yayıldı. Proses göstərdi ki, elə bir niyyət yoxdur. Sadəcə olaraq, Azərbaycanda siyasi partiya anlayışına, siyasi partiya mühitinə bir aydınlıq gətirmək lazımdır.

    Məlumdur ki, “Siyasi partiyalar haqqında” qanun bir neçə dəfə çox geniş müzakirə olundu. İstər Milli Məclisdə, istərsə də Milli Məclisdən kənarda keçirilən müzakirələrdə bütün  siyasi partiyalar, QHT-lər, mətbuat nümayəndələri  iştirak etdilər. Hər kəs öz sözünü dedi, təkliflər verildi. Bu təkliflərin  əksəriyyəti nəzərə alındı və “Siyasi partiyalar haqqında” qanun Milli Məclisdə müzakirə olundu, qəbul edildi.  İndi partiyaların vəziyyətinə yenidən baxılır. Bir çox media orqanlarında yazılır ki, VHP qeydiyyatdan keçdi. Əvvəla qeyd etməliyəm ki, bu qeydiyyat deyil, çünki partiyanın qeydiyyatı var idi. Sadəcə olaraq reyestri aparıldı  – partiya üzvlərinin sayı, yeri dəqiqləşdirildi. Beləliklə, hər bir partiya öz imkanları daxilində üzvlərini müəyyənləşdirdi, qanunun tələblərinə uyğun olaraq onların siyahısı Ədliyyə Nazirliyinə təqdim olundu. Ədliyyə Nazirliyi bu siyahıları,  hətta bizi əsəbləşdirən dəqiqliklə yoxladı. Biz deyirdik ki, nəyə lazımdır tək-tək hər bir nəfərə zəng edib onların telefonu ilə maraqlanırlar. Ailədir, 3-4 adam bir telefon nömrəsini göstərə bilər. Yəni, siyahıda olan adların hamısı bu qədər diqqətlə yoxlanıldı. Təbii ki, bu zaman qeyri-dəqiqliklər də oldu. Bəzən zəng vurulan adam nə vaxt partiyaya keçdiyini, hətta partiyanın adını belə unudub. Tutaq ki, deyiləndə ki, “Sabir Rüstəmxanlının partiyası”, “Hə, o partiyanın üzvüyəm”, – deyib. Bu cür hallar da baş verdi. Biz bir siyasi partiya olaraq reyestrdən çox razı qaldıq. Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci ildə yaranıb. Düzdür, bütün rayon təşkilatlarını nəzarətdə saxlayırıq. Konfranslar keçirilir, üzvlüyə kimlərin gəlib-getdiyi, yaxud kim həyatdadır, kim dünyasını dəyişib, kim Azərbaycandan gedib və sair dəyişikliklərlə bağlı  məlumatlarımız olur.  Buna baxmayaraq  hesab edirik ki, Ədliyyə Nazirliyinin yoxlaması bu məsələləri daha da dəqiqləşdirdi. Hesab edirəm, bunun ancaq işimizə xeyri olacaq. Adı olub, üzvləri olmayan partiyalar narazı qalıbsa, bu, siyasi havanı dəyişməyəcək. Yəni siyasi partiya ciddi bir anlayışdır və onun üzvləri olmalıdır. İndi reyestrdən keçdikdən sonra, artıq siyasi partiyalara məktublar gəlib ki, sizin üzvlərinizin reyestri təsdiq olunub. İndi Ədliyyə Nazirliyinə nizamnamə və proqramlar veriləcək ki, bu da lazımdır. Ümumən, Prezident Aparatında Siyasi partiyalarla iş şöbəsinin yaradılması və burada siyasi partiyalarla aparılan görüşlər, onların tövsiyələri, əlaqələr, partiyaların yaxınlaşması respulikanın həyatı üçün zəruri prosesdir və bunu yüksək qiymətləndirirəm.

    – Reyestrdən keçmək üçün üzvlərin siyahısının yenilənməsi, araşdırılması zamanı partiyanın bütöv “orqanizminə” yenidən baxmaq imkanı qazandınız. Nələri müşahidə etdiniz və partiya sistemində hansı yenilənmələrə ehtiyac var?

    – Bu proses hər kəsi silkələdi. Öz üzvlərini dəqiqləşdirdi, sənədlərdə səliqə-sahman yarandı. Bütün rayon təşkilatları bu prosesə qoşuldu, öz üzvlərini dəqiqləşdirdilər. Partiyalarda çox ciddi işlərin aparılmasına təsir etdi. Bunun özü də müsbət haldır.
    Digər tərəfdən, güman edirəm ki, geosiyasi gərginliyin, dünyanın az qala üstümüzə gəldiyi bir vaxtda siyasi partiyalar qarşılıqlı əlaqələr yaratmalı, siyasi partiyalar arasında didişmələrə son qoyulmalıdır. Qarşılıqlı əlaqələr şəklində, ölkənin problemlərini bir yerdə müzakirə etməklə siyasi həyatımızda davamlı bir dinamika yaratmalıyıq.

    – Qeydiyyatı ləğv olunan bəzi müxalifət partiyaları bu prosesdə də kimlərinsə xüsusi olaraq seçildiyini deyirlər. “İqtidar istədiyi partiyanın sənədlərini üzvləri olmasa da qəbul edir”kimi fikirlər səsləndirilir. Bu cür yanaşmalara fikriniz nə olacaq?

    – Belə fikirlər yanlışdır, yalandır. Bizim partiya Milli Məclisdə 3 deputatı ilə təmsil olunan YAP-dan sonra ikinci partiyadır. Biz belə bir münasibət, yaxud güzəşt görmədik. Mən gördüm ki, çox dəqiq yoxlamalar gedir. Güman edirəm ki, YAP-da da belə olub. Qeydiyyatdan keçməyən partiyalar üçün də ümid yeri qalır. Dünya dağılmayıb ki, sən siyasi partiya haqqında qanuna uyğun olaraq üzvlərini topla, 4500 üzvlərdən ibarət siyahını Ədliyyə Nazirliyinə təqdim et, nazirlik yoxlayıb qeydiyyatdan keçirəcək. Proses davam edir. Kimlərsə fəaliyyətinə xitam verdisə, bu artıq onların şəxsi işidir.

    – Bu prosesdə “yeni və ya uzun müddət fəaliyyət” prinsipi  partiyaların reyestrdən keçməsində hansısa təsirə malik ola bilər?

    – “Siyasi partiya haqqında” qanunda “yeni yaranan, köhnədən qalan partiya” prinsipi yoxdur.  Burada qanunun tələbləri var və istənilən partiya ona uyğun şəkildə fəaliyyətini qura bilirsə, üzvərini toplayıb  reyestrdən keçir. Bu uydurmalar ola bilər, amma dediyim kimi qanunda belə bir məsələ yoxdur.

    – Siyasi partiyaların ələnməsi, yenilənməsi Azərbaycan siyasi partiya instituna nə vəd edir, bu yöndə perspektivi necə görürsüz?

    –   Azərbaycan müstəqil dövlət olaraq demokratik inkişaf yolunu tutub. İndi biz o inkişafın hansı səviyyəsindəyik deyə bilmərəm. Hər halda bu yolu tutmuşuq və bu yolla irəliləyirik. Gedən proseslər də göstərir ki, əgər Azərbaycan 1918-ci ildə qurulan Cümhuriyyət ideyalarına, prinsiplərinə sadiq   olaraq inkişaf etmək yolu ilə gedirsə, o yolun tələblərindən də biri də siyasi partiyaların olmasıdır. Eləcə də o yolda hakimiyyət dəyişikliklərinin yalnız seçki yolu ilə aparılması, cəmiyyətin söz azadlığı, söz demək imkanı, cəmiyyətin bütün təbəqələrinin siyasi həyata yaxından müdaxiləsi siyasi partiyaların həyatında gedən proseslərin tərkibidir. Siyasi partiya seçkilərə qatılmırsa, sözünü deyə bilmirsə, mətbuatı yoxdursa, artıq o, siyasi partiya ola bilməz.

  • Sabir Rüstəmxanlı: “Bu, siyasi partiyalar üçün sınaq oldu”

    ““Siyasi partiyalar haqqında” qanun xeyli müzakirə olundu. “Partiyaları sıxışdırırlar”, “bağlayırlar” kimi fikirlər səsləndi. Ədliyyə Nazirliyi isə prosesə diqqətli yanaşdı. Siyahılar adbaad yoxlandı”.

    Bu fikirləri Musavat.com-a Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

    O bildirib ki, partiyanın 9200-dən artıq üzvü vardı: “Dəqiqləşmədən sonra 8800-dən çox üzvlə qeydiyyatdan keçdik. Hesab edirəm ki, yenidən qeydiyyat partiyamızın fəaliyyətinə müsbət təsir göstərdi. Bu, siyasi partiyalar üçün yaxşı mənada sınaq oldu. Müxalifət düşərgəsində reyestrdən keçmə haqqında məktubu alan ilk partiya Vətəndaş Həmrəyliyi Partiyası oldu. Növbəti mərhələdə partiyanın nizamnaməsini Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Nizamnamə öncədən yaxşı hazırlanıb, ciddi dəyişikliklər olmayacaq. Proqramımız ölkəmizin inkişafı ilə bağlıdır”.

    Sabir Rüstəmxanlı hesab edir ki, bu proses siyasi mühitdə canlanma yaradır: “Bəzi partiyalar narazılıq edəcəklər. 4500 üzv yığa bilməyən, yaxud qeyri-dəqiq siyahı təqdim edən partiyalar kənarda qalacaqlar. Buna təəssüflənmək lazım deyil. Proses siyasi partiyaların özlərini yoxlaması üçün fürsət oldu. Bu, fəaliyyətdə müəyyən canlanma yaratdı”.

    Nigar HƏSƏNLİ,
    Musavat.com

  • VHP üzvlərinin reysterini Ədliyyə nazirliyi təsdiq edib

    Bu gün Ədliyyə Nazirliyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvlərinin reysterini təsdiq edib.

    Bu barədə  partiya sədrinin müavini Samir Əsədli məlumat verib.

    Onun sözlərinə görə, növbəti mərhələdə nizamnamə və proqramın yeni variantını nazirliyə təqdim edəcəklər.

    Qeyd edək ki, bu gün AĞ Partiya da rəsmi qeydiyyatdan keçib.