Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Sabir Rüstəmxanlı Oksforda dəvət aldı

    Oksford Universiteti Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıya dəvət göndərib. Dəvətdə S.Rüstəmxanlının mayın əvvəllərində Oksford Universitetində keçiriləcək «Şeir axşamı»nda iştirakı arzu edilir.

    Xalq şairi artıq dəvəti qəbul edib və mayın əvvəllərində S.Rüstəmxanlı Londona səfər edəcək. Səfər çərçivəsində millət vəkilinin Londondakı «Azərbaycan Evi»ndə görüşü də nəzərdə tutulur.

     

    VHP Mətbuat Xidməti 

  • VHP-çilər etiraz aksiyalarını müzakirə etdilər

    Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında Ali Məclis sədri Rafiq Manaflının sədrliyi ilə Bakı və məcburi köçkün rayonları təşkilatlarının genişləndirilmiş müçavirəsi keçirilib.

    Toplantıda partiyanın təşkilatlanması, yerli təşkilatların təklifləri və iradları müzakirə olunub. Qərara alınıb ki, təkliflər ümumiləşdirilsin və növbəti müzakirədən sonra onların tətbiqinə başlanılsın.

    Görüşdə həmçinin VHP-nin qarşıdan gələn 20 illik yubileyi, gənclərin 17 mart və İctimai Palatanın 8 aprel mitinqi, VHP-nin rayon təşkilatlarının İP-in yerli şöbələri ilə əməkdaşlığı məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

    Yığıncaqda VHP Siyasi Şurasının üzvləri Samir Əsədli, Arif İsmayılbəyli və Ofelya Rəşidqızı da iştirak ediblər.

                                                                                                                                                              

    VHP Mətbuat Xidməti 

  • VHP-də müşavirə keçirilib

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və məcburi köçkün rayon təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib. VHP-nin təşkilat şöbəsinin müdiri Samir Əsədlinin APA-ya verdiyi məlumata görə, müşavirədə partiyadaxili məsələlər, təşkilatlanma işləri, İctimai Palatanın 22 aprel mitinqinə hazırlıq və ölkədəki ictimai-siyasi proseslər müzakirə olunub.

    Müşavirədə VHP Ali Məclisinin sədri Rafiq Manaflı məruzə ilə çıxış edib. 

  • VHP Gənclər Təşkilatı Xədicə İsmayıla edilən şantajı pislədi

    Martın 7-də araşdırmaçı-jurnalist Xədicə İsmayılın ev ünvanına təhdid və şantaj xarakterli məktub göndərilib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Ona özünü yığışdırmasa, rüsvay olacağını yazıblar.

    Xədicə İsmayıla indiyə qədər ən yüksək səviyyədə korrupsiya ilə bağlı faktlar üzə çıxarıb, hakimiyyət mənsublarının ofşor bizneslərinin gizlinləri açıb, birbaşa hakim ailəyə aidiyyatı olan şirkətlərlə bağlı rəsmi orqanlara sorğular göndərib.  Bu günə qədər hakimiyyətə yaxın KİV-lərdə jurnalistlə bağlı şantaj və böhtan xarakterli məqalələr, xəbərlər yayılıb.

    “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın şantajla hədələnməsi hakim qüvvələrin jurnalisti susdurmaq cəhdidir. Azərbaycan iqtidarı Xədicə İsmayılovanı şantaj edən şəxsləri müəyyənləşdirib onları məsuliyyətə cəlb etməlidir.

    Biz, VHP Gənclər Təşkilatı olaraq Xədicə İsmayıla edilən təzyiqləri və onun əxlaqı dəyərlərə uyğun olmaya surətdə, çox eybəcər formada şantaj edilməsini pisləyir, jurnalistin həyatına olacaq təhlükənin məsuliyyətini hakimiyyətin daşıyacağını və insanların şəxsi həyatının toxunulmaz olduğunu bildiririk. 

  • VHP Gənclər Təşkilatı yeni sədrini seçdi – Fotolar

    Konfransın işində müxalifət liderləri də iştirak etdi

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının IX Konfransı keçirlib. Konfransda VHP sədri Sabir Rüstəmxanlı, Müsavat başqanı İsa Qəmbər, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, politoloqƏrəstun Oruclu, VHP Ali Məclisinin sədriRafiq Manaflı, Hollandiya Liberal-Demokrat Partiyasının üzvü İsa Yusifli, AXCP, Müsavat, ADP, AMİP, KXCP-nin gənclər təşkilatlarının nümayəndələri, NİDA, Azad Gənclik, Müsbət Dəyişiklik, Dalğa, Avropa Hərəkatı, İdeya Gənclər klubu, Gənclər Klubu İB-nin, BAGT-nin və digər təşkilatların nümayəndələri iştirak ediblər.

    Konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Nicat Kamal konfrans öncəsi görülən işlərlə bağlı məlumat verib. Təşkilat sədri Emil Bağırov və Nəzarət-Təftiş Qrupunun sədri Xalid Hadiyevin hesabat məruzələrindən sonra söz qonaqlara verilib.

    VHP sədri Sabir Rüstəmxanlı konfransın işinə uğurlarla sözə başlayıb: «Bu tədbirdə iştirak edən Hərəkat dostum İsa Qəmbərlə bizim gəncliyimiz meydanlarda, Azərbaycanın azadlığı uğrunda mübarizələrdə keçib. Həmin dövrdə Azərbaycan gəncliyi birləşərək öz sözünü dedi və ölkənin müstəqilliyinə nail oldu. İndiki gənclik isə ölkənin inkişafı, demokratikləşməsi prosesinə qatılıb və biz gənclərin bu fəallığından razıyıq. Millətin hərəkətverici qüvvəsi gənclikdir və nə qədər ki, gənclik öz taleyinə biganə olmayacaq, ölkə də demokratik dəyərlərə bir o qədər sahib çıxacaq, güclü və qüdrətli olacaq».

    Müsavat Başqanı İsa Qəmbər də müxtəlif qurumlarda təmsil olunan gənclərin əməkdaşlığını və fəallığını yüksək qiymətləndirdiyini bildirib: «VHP-çi gəncləri təbrik edirəm. Əlbəttə ki, siz özünüzdən əvvəlki nəslin mübarizə tarixini də unutmamalısınız. Bəziləri müxtəlif sözlər deyirlər. Ancaq bilməlisiniz ki, sizlərə bu şəraiti yaradanlar, məsələn, Sabir Rüstəmxanlı həm xalqımızın böyük şairi, həm də Hərəkat liderlərindən biri kimi böyük vətəndaşdır. Bu nümunələr sizin fəaliyyətinizi stimullaşdırmalıdır».

    DAK Daimi Şurasının sədri Əjdər Tağızadə də çıxış edərək VHP-çi gəncləri konfransları münasibəti ilə təbrik edib. Onlara fəaliyyətlərində uğurlar diləyib.

    Politoloq Ərəstun Oruclu da konfransın işindən və gənclərin fəallığından razılığını bildirib və Azərbaycanın demokratiya hərəkatında əsas ağırlığın gənclərin çiynində olduğunu söyləyib. Ramin Hacılı, Səxavət Soltanlı, Zaur Qurbanlı, İsa Yusifli, Zaur Əkbər, Ruslan İzzətli, Azər Aydın və digərləri də VHP-çi gəncləri təbrik ediblər, konfransın işinə uğurlar arzulayıblar.

    Konfransın ikinci hissəsində təşkilatın seçkili orqanlarına seçkilər keçirilib. Təşkilat sədrliyi uğrunda Baba Qamətli, Namiq Əhmədli və Pünhan İmamlı mübarizə aparıblar. Böyük səs çoxluğu ilə Pünhan İmamlı sədr seçilib. Həmçinin Gənclər Təşkilatının Məclis üzvlüyünə qeydə alınan 23 namizəddən 17-si Məclis üzvü seçilib. Nəzarət-Təftiş Qrupuna qeydə alınan 5 namizəddən 3-ü üzv seçilib.

    Məclisin ilk toplantısı da keçirilib. Təşkilatın Şura üzvlüyünə 9 nəfər seçilib. Təşkilat sədrinin təqdimatı ilə Nicat Kamal birinci müavin, Baba Qamətli təşkilati işlər, Namiq Əhmədov siyasi məsələlər, Sevinc Məmmədova beynəlxalq məsələlər, Pərviz Həsənov mətbuatla iş, Salman Hüseynov ideoloji işlər üzrə müavin seçiliblər.

    Nəzarət-Təftiş Qrupunun iclasında isə Vüsal Mehdiyev sədr seçilib.

     

  • Vicdan məhbusu Bəxtiyar Hacıyevə

    Əziz Bəxtiyar Hacıyev!

    Sizi 30 yaşınızın tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir, sizə can sağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.

    Bir neçə il bundan əvvəl «Bəxtiyar Hacıyev» adı Azərbaycan cəmiyyətinə bəlli deyildi, baxmayaraq ki, siz dünyanın ən mötəbər universitetlərinin birində təhsil almışdınız və intellektli gənclərdən sayılırdınız. Ancaq Azərbaycanda həmin təhsilə yiyələnən gənclər az deyil. Sizin fərqlənməyinizin, adınızın dillər əzbəri olmasının və sevilməyinizin səbəbi öz intellekt və savadınızı ölkəmizdə demokratiyanın, insan haqlarının, vətəndaş cəmiyyətinin qurulmasına həsr etməyiniz, bütün çətinliklərə rəğmən, bu yoldan çəkinməməyiniz və demokratik dəyərlərə olan bağlılığınızdır.

    Siz – insanların hüquq bərabərliyi, azad və demokratik cəmiyyətdə yaşaması üçün təkcə çalışmırsınız, həm də bu sizin həyat tərziniz, yaşam fəlsəfənizdir. Şəxsiyyətinizə olan böyük hörmətin də kökündə bu dayanır. Bu gün hər addımbaşı haqsızlıq, hüquqsuzluq, ədalətsizliklə qarşılaşan Azərbaycan insanı sizin adınızı ehtiramla çəkir, çünki bəşəri dəyərlər, haqq və ədalət mücahidisiniz. Sizin ləqayətli mübarizəniz böyük əksəriyyət üçün bir örnək, nümunədir.

    Biz gənclər sıralarımızda sizin kimi intellektli, səviyyəli, mübariz, heç bir çətinliyi boyun əyməyən, idealları uğrunda gözünü qırpmadan son ana qədər döyüşməyi və sınmamağı bacaran soydaşımız, əqidə yoldaşımız və qardaşımızın olmasıyla qürur duyuruq.

    Mübarizə könülsüz, həyat inamsız olmaz. Sizin sidq-ürəklə, canınız-qanınızla mübarizə aparmağınız dəyərlərimizin aliliyinə olan inamımızda həm də bir güvənc, istinad yeridir.

    Əziz qardaşımız!

    Bu əziz gününüzü birlikdə keçirə bilməsək də, bizi yanınızda, özünü bizim ön cərgələrimizdə hiss etməyinizi xahiş edirik. Bilin ki, Azərbaycanın mübariz gəncliyi sizin mübarizə yolunuzda həmişə yanınızda olacaq.

    Əziz Bəxtiyar!

    Bir daha sizi ad gününüz münasibəti ilə təbrik edir, sizə can sağlığı, uğurlar arzulayırıq. İnanırıq ki, növbəti ad günlərinizi demokratik və hüquqi Azərbaycanda keçirmək bizim qismətimiz olacaq.

    Tanrı haqq işinizə yardımçı olsun!

     

    Sizə dərin hörmət hissilə, silahdaşlarınız adından:

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

    Gənclər Təşkilatının Məclis üzvləri

  • Gənclər martın 17-də mitinq təyin etdilər

    Gənclərin Hüquqlarının Müdafiə komitəsi Bakı meriyasına son xəbərdalıqlarını ediblər.

    Bu barədə musavat.com-a Gənclərin Hüquqlarının Müdafiə Komitəsinin (GHMK) İdarə Heyətinin və  VHP gənclər təşkilatının üzvü Samir Əsədli məlumat verib: “Biz bir qrup gənc günümüzün ən aktual problemləri olan təhsildə korrupsiya hallarına, ərazi bütövlüyümüzün pozulmasına və siyasi məhbusların tutulmasına etiraz olaraq Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsilə bizə verilmiş sərbəst toplaşmaq hüququmuzdan istifadə edərək mitinq təşkil etmək niyyətindəyik. Bu məqsədlə 17 mart 2012-ci il tarixdə saat 15:00-dan 17:00-dək mitinq təşkil etməyi planlaşdırırıq. Mitinqin məqsədi yuxarıda qeyd olunan problemlərə etiraz bildirmək və həmin problemləri geniş ictimaiyyətin və ölkə rəhbərliyinin diqqətini cəlb etməkdən ibarətdir”.

    Samir Əsədlinin APA-ya verdiyi məlumata görə, təşkilatçı tərəf müraciətində mitinq üçün Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Mərkəzinin stadionunu və Səbail rayonunun 20-ci sahəsində, Elçin Əzizov küçəsindəki sürücülük məktəbinin meydançasını göstərib. Müraciətdə Bakıya yaxın istənilən münasib yerdə mitinq keçirmək istəyi də qeyd olunub. 

    Aksiyada “Qarabağ”, “Siyasi məhbuslara azadlıq”, “Rüşvətsiz təhsil” və “Rüşvətə yox” şüarları səslənəcək. 

    Samir Əsədli qeyd edib ki, mitinq üçün müraciətə müsbət cavab verilməsə, şəhərin mərkəzində “Sərbəst toplaşma azadlıqını təmin edin” şüarı ilə  icazəsiz yürüş təşkil ediləcək.

    Qeyd edək ki, GHMK-ya Vətəndaş Həmrəyliyi, Xalq Cəbhəsi, Demokrat və Müsavat gənclər təşkilatları, “Nida” Vətəndaş Həmrəyliyi, “Dalğa” Gənclər Hərəkatı, “Azad Gənclik” Təşkilatı, “Müsbət Dəyişiklik” gənclər hərəkatları və İnsan Hüquqları Klubu daxildir. 

    Xatırladaq ki, GHMK martın 4-də mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətinə mənfi cavab verilmişdi. 

  • VHP Gənclər Təşkilatı AXCP fəallarının həbsi ilə bağlı bəyanat yaydı

    Xəbər verdiyimiz kimi, bu gün AXCP fəallarının Ədliyyə Nazirliyinin qarşısında siyasi məhbusların Cəzaçəkmə Müəssələrində döyülməsi ilə əlaqədar keçirmək istədikləri etiraz aksiyası polis zorakılığına məruz qalmışdır və qeyri-qanunu olaraq onlarla gənc həbs edilərək polis bölməsinə aparılmışdır.  VHP Gənclər Təşkilatı qanuni tələblərlə çıxış etmək istəyən gənclərə qarşı polisin vəhşiliyini qətiyyətlə pisləyir və bunu insan hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirir, həbs edilənlərin isə dərhal azadlığa buraxılmasını tələb edir.  

  • ctimai Palatanın regional təşkilatlarının müşavirəsi keçirilib

    Bu gün İctimai Palatanın (İP) regional təşkilatlarının respublika müşavirəsi keçirilib. APA-nın məlumatına görə, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında keçirilən toplantıya İP Koordinasiya Şurasının (KŞ) üzvləri də qatılıb.

    İP KŞ-nin üzvü Mehriban Vəzirin sədrlik etdiyi toplantıda əsasən Quba hadisələri və palatanın mitinq keçirmək niyyəti müzakirə olunub. İP KŞ üzvü Vidadi Mirkamal bildirib ki, indiyədək 42 rayonda regional təşkilatlar yaradılıb: “Çoxdan fikrimiz var idi ki, yığışıb məsləhətləşək”.

    İP KŞ üzvü, AXCP sədri Əli Kərimli Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin martın 17-nə təyini etdiyi mitinqə İctimai Palatanın da dəstək verəcəyini söyləyib: “İctimai Palatanın öz mitinqləri də olacaq”. Ə. Kərimli ölkədə demokratik islahatların aparılmasının zəruriliyini vurğulayıb.

    İP KŞ üzvü Pənah Hüseyn regional təşkilatların passiv olmasından gileylənib. O, aksiyaların keçirilməsinin zəruri olduğunu bildirib. P. Hüseyn sözlərinə görə, icazəli, yaxud icazəsiz aksiya keçirilməlidir.

    İP KŞ üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbər isə deyib ki, artıq sözdən və danışıqdan hərəkətə keçməyin vaxtı gəlib çatıb.

    Daha sonra regional təşkilatların nümayəndələri çıxış edərək müxtəlif təkliflər səsləndiriblər. Onlardan bir qismi İctimai Palatanın yalnız icazəli aksiyalar keçirməli olduğunu, bir qismi isə icazə verilib-verilməməsindən asılı olmayaraq aksiya keçirilməsinin vacibliyini dilə gətirib. 

  • Gənclər aksiya keçirəcəklər

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) gənclərin mitinqlə bağlı müraciətinə martın 1-də cavab verəcək. Bu barədə meriyanın siyasi partiyalar və ictimai təşkilatlarla iş üzrə şöbə müdiri Zaur Ramazanov Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) üzvü Samir Əsədliyə məlumat verib.

    S.Əsədli qəzetimizə açıqlamasında bildirdi ki, martın 4-nə təyin olunan aksiya ilə bağlı Z.Ramazanovdan görüş istədiklərini deyib: “Bizə dedi ki, martın 1-də mitinq barədə müraciətimizə rəsmi cavab veriləcək. Mən onun diqqətinə çatdırdım ki, görüşək və müzakirə edək. Görüşlə bağlı cavab gözləyirik. Əgər müsbət nəticə olmasa, komitənin idarə heyətində bu məsələ müzakirə olunacaq”. 
    S.Əsədli icazəli aksiyanın tərəfdarı olduqlarını qeyd etdi: “Biz icazəli və təhlükəsizliyimizin təmin olunacağı aksiyanın keçirmək arzusundayıq. Harda yer verilməsindən asılı olmayaraq göstərilən ünvana gedəcəyik. Amma yer verilməsə bunun günahı bizdə deyil. Aksiya keçirməkdə israrlıyıq”.

    Bu gün GHKM-nın üzvü Samir Əsədli Bakı Şəhər İcra Hakimiyyətinin rəsmisi Zaur Ramazanovla əlaqə saxlayıb və müraciətlə bağlı BŞİH-nin cavabını tələb edib. Z. Ramazanov isə məsələ ilə bağlı cavab verməyib. Daha sonra Z. Ramazanovdan görüş tələb edən Samir Əsədliyə bildirilib ki, bu gün saat 16:00-da şəhər icra hakimiyyətində gənclər qəbul ediləcək. Görüş vaxtına az qalmış isə BŞİH-dən bildirilib ki, görüş sabah (28 fevral) saat 11:00-da olacaq. Bu gün iş günün sonuna az qalmış isə Samir Əsədliyə bildirilib ki, sabah saat 11:00-da da görüş keçirilməyəcək. Müraciətdə GHMK 4 mart tarixində mitinq keçirmək üçün “Füzuli” meydanı , Təbriz Kinoteatrının qarşısı və Nərimanov Kinoteatrının qarşısın ayrılmasını istəyib. Müraciət edilməsindən 14 gün keçməsinə baxmayaraq (13 fevralda müraciət edilib) hələ də şəhər icra hakimiyyəti cavab verilməyib

    Qeyd edək ki, VHP, Müsavat, AXCP, ADP gənclər təşkilatlarının, “Nida”, “Dalğa”, “Azad Gənclik” və “Müsbət Dəyişiklik” gənclər birliklərinin, “İnsan Hüquqları Klubu”nun təmsil olunduğu Gənclərin Hüquqlarını Müdafiə Komitəsi (GHMK) martın 4-nə mitinq planlaşdırıb. 
    Gənclər mitinq haqda fevralın 13-də Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Aksiyada “Vicdan məhbuslarına azadlıq”, “Qarabağ” və “Rüşvətə yox” şüarları səsləndiriləcək.