Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Elektron kitabxana

    Cəmiyyətin demək olar ki, bütün sahələrinə nüfuz edən internet kitab aləmini də öz imkanlarına daxil edib. Bu gün kitab oxumaq üçün kitabxanaya getməyə və ya pul verib mağazadan almağa ehtiyac yoxdur. Kompyuterinizin qarşısından ayrılmadan da internetdə axtarışa verib və ya hansısa elektron kitabxanaya daxil olub sizi maraqlandıran ədəbiyyatı əldə edə bilərsiniz. Bunun üçün beynəlxalq dillərdən birini, məsələn, ən azı ingilis dilini bilməyiniz yetərlidir. Maraqlıdır, vaxt və əldə etmək baxımından sərfəli olan elektron kitabxanalar ənənəvi kitabların nüfuzuna necə təsir edir? Cəmiyyətimizin kitaba verdiyi mənəvi dəyəri elektron kitablara da aid etmək olarmı? Nə üçün real kitablara deyil, elektron kitabxanalara müraciət edirlər? Suallarımıza cavab tapmaq məqsədilə VHP Siyasi Şurasının üzvü Samir Əsədlinin fikirlərini öyrəndik.

    Samir Əsədli dedi ki, bu gün elektron kitabxanalar çoxdur: «Mən «kitabxana.net», «kataloq.az» və AMEA-nın saytında olan kataloqlardan istifadə edirəm. Hesab edirəm ki, bütün kitabların elektron variantı olmalıdır. Əsasən də ali məktəblər üçün lazım olan kitabların internetdə olması çox vacibdir. Hesab edirəm ki, bu sahəyə diqqət artırılmalıdır. Dövlət, həmçinin də unversitetlər və digər təhsil müəssisələri bunda maraqlı olmalıdır. Bütün universitet saytlarının kataloqlarında dərs vəsaitləri elektron formada yerləşdirilməlidir. Hesab edirəm ki, hər iki variant çox uğur qazana bilər. İndi internet əsri olduğu üçün elektron kitabxanalar da çox oxunulur. Lakin mən ənənəvi kitablara daha çox üstünlük verirəm. Lazım olan kitabları kitab dükanlarından alıram. Daha çox internetdə yazılı olmayan materilallardan istifadə edirəm. Həm elektron, həm də ənənəvi kitabların öz oxucusu var. Hər bir oxucu da öz adətinə uyğun hərəkət edir. Mən, məsələn, daha çox yazılıya üstünlük verirəm. İnternetdən isə əsasən siyasi yazıları oxuyuram. Vikipediyadan və digər bu kimi saytlardan çox faydalanıram. Bu gün gənclər daha çox bir-birilərinə kitab hədiyyə edirlər. Mən də gənc dostlarıma ad günlərində kitab hədiyyə edirəm. Həmçinin VHP Gənclər Təşkilatının təşəbbüsü ilə partiyanın mərkəzi qərargahında kitabxana təşkil etmişik. VHP olaraq, biz gənclərin asudə vaxtlarını kitabla keçirməsi üçün «Gənclərin Oxu Zalı» kitabxanasını bütün gənclər üçün nəzərdə tuturuq. Kitabxanaya kompyuterlər də qoyulub ki, gənclər istifadə etsinlər».

    XC

  • GAMOH zəlzələ barədə mövqeyini açıqladı

    GAMOH təşkilatı Güney Azərbaycan’da meydana gələn dəprəm fəlakətindən dolayı üzüntüsünü bildirərək ölənlərə tanrıdan rəhmət, yaxınlarına və Güney Azərbaycan Türk millətinə başsağlığı verir.
    İnanırıq ki ulu millətimiz yardımlarını dəprəm vuran bölgələrdən əsirgəməyəcəkdir.
    GAMOH təşkilatı, qardaş ölkə Türkiyə’nin Adana’daki Güney Azərbaycan Kültür Dərnəyi’nin işbirliyi ilə yardımsevərlərin və olduğu təqdirdə qardaş ölkə Türkiyə və Quzey Azərbaycan dövlətlərinin yardımlarını toplamaq üçün kampanya düzənləyəcəkdir.
    Ayrıca GAMOH təşkilatı İran medyasının bu acı fəlakəti yetərincə yansıtmamasını və yerinə geniş bir şəkildə Suriyə’də Əsəd rejiminin qətliamlarını bir zəfər olaraq yayınlamasını şiddətlə qınayır və bildirir ki İran rejiminin bu davranışı bir haldadır ki əgər bu acı durum Fars’ların yaşadığı bölgələrdə yaşansaydı çox geniş bir şəkildə medyada yansıtır və bütün dünyayı yardıma çağırardı.
    Bildirməliyik ki son illərdə İran dövləti o halda Venezuela’da yeni və dəprəmə dayanaqlı evlər tikməyə başlayıb ki Güney Azərbaycan’daki dayanaqsız, əski və palçıqdan evlər dəprəm qarşısında dayanabilməyib, və Güney Azərbaycan milləti bu ağır durum ilə birgə Tehran rejiminin Azərbaycan Türklərinə qarşı ırqçılığını və ayrımçılığını bir daha dadmaqdadır.
    GAMOH təşkilatı bu acı müsibətdən dolayı Güney Azərbaycan’da üç gün yas elan edərək ulu Türk millətimizi bir daha dəprəm bölgələrinə yardım etməyə və fəlakət vurmuşların yaralarını sarmaya çağırır.
  • Güney Azərbaycanda zəlzələ baş verib (Fotolar)

    Dünən Güney Azərbaycanda zəlzələ baş verib. Xeyli sayda insan ölüb, minlərlə insan yaralanıb.

    APA-nın Fars xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, ölü və yaralı sayının daha da artması ilə bağlı narahatlıqlar var. 

    Zəlzələnin episentri olan Əhər, Vərzegan və Həris rayonlarında 110 kəndin tamamilə və ya qismət dağıldığı bildirilir. 

    Bölgəyə xilasedici dəstələr sövq edilib, ətraf şəhərlərdən də xiasedicilər və tibbi personal cəlb edilib. 

    Məlumata görə, son iki gündə bölgədə 2,5-4,7 bal arasında dəyişən 50-dən çox təkan qeydə alınıb. Buna görə də əhalinin evlərinə dönməməsi üçün çağırış edilib. 

    İran dövlət televiziyası daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın zəlzələ bölgəsinə getdiyini xəbər verib. Səhiyyə naziri Mərziyə Vahid Destkerdi isə Vərzegan rayonunda səyyar xəstəxana qurulduğunu bildirib. 


    İran saytındanŞOK xəbər: 12 kənddə 6000 adam ölüb!

    İran İslam Respublikası Məsləhət Şurasının katibi Möhsün Rzayiyə bağlı tabnak.ir saytı ölkə ərazisində baş vermiş zəlzələ barədə şok fakt yayımlayıb. Saytın yazdığına görə, zəlzələnin mərkəzi sayılan Vərziqan şəhərinin icra başçısı Məhərrəm Firuqi sensasion sayıla biləcək açıqlama verib. Firuqi bildirib ki, zəlzələ nəticəsində Vərziqanın 12 kəndi tam şəkildə dağılıb. Bu kəndlərin hər birində isə 900-1000 nəfər sakin yaşayırmış. Başçının dediyinə görə, zəlzələdən sonra həmin kəndlərin ümumi əhalisinin yarısı itkin düşüb. Bu isə təxminən 6000 nəfərin dağıntılar altında qalaraq həlak olması deməkdir. 

    Elə buradaca xatırladaq ki, İran daxili işlər nazirliyinin böhran komitəsinin başçısı Həsən Qədəmi zəlzələ nəticəsində ölənlərin sayının 250 nəfər olduğunu bildirmişdi.

    Qeyd edək ki, “tabnak.ir” saytının sahibi Möhsün Rzayi, İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin yaxın adamı sayılır və indiki hökumətə müxalif mövqeyi ilə seçilir.

    Sayt yazır ki, ötən gecə əhya gecəsi olması səbəbilə məscidlərdə gecələyən insanlara hakimiyyət təmsilçilərinin zəlzələ fəlakətini unudaraq, insanları daha çox “Suriya müqaviməti üçün dua etməyə” çağırırmışlar. 

    “Tabnak.ir” yazır ki, rəsmi qəzetlər və telekanallar da hadisəni zəif işıqlandırıb, bəziləri isə hətta görməzliyə vurub. Ölkənin aparıcı qəzetlərindən olan “Risalət”in manşet xəbəri belə olub: “Türkiyə Suriyadakı terrorçuların təşkilat mərkəzidir”. “Keyhan” qəzeti də təbii fəlakətdən “daha vacib” başlıq atıb: “Suriya müqaviməti əleyhinə Qərbin yeni siyasəti”…

    “Tabnak” saytının yazdığına görə, zəlzələdən 15 dəqiqə sonra ABŞ başda olmaqla, dünyanın bütün ölkələrinin seysmoloji mərkəzləri təkanların gücü barədə rəsmi açıqlama verdilər. İran rəhbərliyi isə bu məsələdə də hamıdan gec davrandı 

    Saytın yaydığı başqa bir məlumata görə, Türkiyədən İran xalqına başsağlığı verildiyi və yardım üçün müraciət edildiyi halda, rəsmi Tehran əhaliyə yalnız başsağlığı barədə məlumatı çatdırıb.

    Vərziqandan olan deputat isə deyib ki icra başçısı yerli olmadığı üçün əhalinin vəziyyətinə laqeyd münasibət bəsləyir: “Belə başçılar göylə gəlib göylə gedərlər”. Onun sözlərinə görə, indi təbii fəlakətdə zərər çəkənlərin ehtiyacı ən çox çadıra, yataq ləvazimatlarına və ərzağadır.

    Qeyd edək ki, Azərbaycan Milli Hərəkatının fəalları bu gündən başlayaraq, 3 gün matəm elan ediblər.

    Sədrəddin Soltan











  • Gənclər aksiyalari payizda bərpa edəcək

    Anomal istilər ictimai-siyasi səhnədə də passivlik yaradıb. Elə buna görə də yay gələndən bəri aksiyalar, flaş-moblar keçirilmir.
    Müxalifətçi gənclərin də aktivliyi nəzərə çarpmır. Halbuki onlar yay fəslinə qədər İctimai Palatadan ayrıca qərarlar verib şəhərin mərkəzində etiraz aksiyaları təşkil edirdilər.
    Müxalifət düşərgəsindəki durğunluğun səbəbini daha çox isti hava şəraiti və Ramazan ayı ilə əlaqələndirirlər.

    VHP Gənclər Təşkilatının sədr müavini Vüsal Namiqoğlu bildirdi ki, payızda fəaliyyət istiqaməti genişləndiriləcək: “Bilirsiniz ki, Gənclərin Hüquqlarını Müdafiə Komitəsi çərçivəsində bir çox işlər görülüb. Aksiyalar, forumlar keçirilib. Gənclərin problemləri qaldırılıb, əsgər ölümlərinə, rüşvətə etiraz mitinqləri təşkil edilib. Eyni zamanda vicdan məhbuslarının azadlığa buraxılması tələbi ilə aksiyalar keçirmişik. Fəaliyyətimiz davam edəcək. Sadəcə, hava şəraitini, istiləri, insanların istirahət hüququnu, o cümlədən orucluğu nəzərə alıb müvəqqəti bir məzuniyyətə çıxmışıq. Baxmayaraq ki, tədbirlər, görüşlər keçiririk. Ümumi durğunluq isə yay fəsli ilə bağlıdır. Payızda yenidən birlikdə fəaliyyət göstərəcəyik”.

    E.SALAMOĞLU

    musavat.com

  • Gənclər Sahil bağında bir araya gəldilər

    Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatının mətbuat xidmətindən verilən məlumata görə, VHP Gənclər Təşkilatı gənc yazar Dilqəm Əhmədlə gənclərin görüşünü təşkil edib.

    Tədbirə gənclər böyük maraq göstəriblər. Sahil bağında açıq havada baş tutan görüş saat 18:30-dan 20:00-a qədər çəkib.

    Gənclərlə yazar arasında gedən diskussiyaların nəticəsində ən aktiv beş iştirakçıya yazarın kitabı hədiyyə olunub.

  • Gənclər VHP-də bir araya gəldilər

    Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatı bu gün “Dedemin insanları” filminin nümayişini keçirib.

    VHP nin mətbuat xidmətindən ELPress-ə verilən məlumata görə bu dəfəki tədbirə də digərləri kimi yüksək maraq göstərilib. Gənclərin bu cür tədbirlərə marağının günü gündən artdığı qeyd olunub.

    Film yaşanılmış hadisələrdən ibarət olsa da ciddi siyasi mesajlar verən film olub.

  • Müxalifətin vahid güc mərkəzinin yaranmasına nail olub

    Rafiq Manaflı: “Ictimai Palata parlament seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsinə nail ola bilmədi”

    “Ictimai Palata 2010-cu il parlament seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi məqsədilə yaradılsa da, qarşıya qoyulan hədəflərə çata bilmədi. Bunu İctimai Palata Koordinasiya Şurasının üzvü Rafiq Manaflı da təsdiq edir.

     

    O, parlament seçkiləri ilə bağlı İctimai Palatanin nəyəsə nail olmadığı ilə razılaşsa da, hesab edir ki, qurum gündəmin dəyişməsinə nail olub: “Müxalifətin vahid güc mərkəzinin yaranmasına nail olduq. Mübarizə davam edir. Siyasi reallıq var, əsas gündəmdə olan məsələ prezident seçkiləridir”. 

    Onun sözlərinə görə, hazırda prezident seçkiləri ilə bağlı məsələlər də müzakirə olunur: “İctimai Palata parlament seçkilərindən sonra yaransa da artıq oturuşmuş quruma çevrilib, özünü təsdiq edib, daxili və xarici məkanda statusunu göstərib. Qurum olaraq Azərbaycanın əsas müxalifət qüvvəsidir. Gündəmdə əsas prezident seçkiləridir. İctiami Palata üçün prioritet məsələlərdən biri dı prezident seçkilərinin keçirilməsi üçün seçki mühitinin yaradılmasıdır. Vahid namizəd məsələsi isə happy wheels demo hazırda İctimai Palatanın gündəmində olmayan məsələdir. Vaxtı çatanda vahid namizəd məsələsinin həlli üçün siyasi iradəmiz çatacaq”. 

    R.Manaflının sözlərinə görə, müxalifətin küll halında seçkidə vahid namizədlə iştirak etməsinə çalışırlar: “Bu günkü situasiya məcbur edir ki, partiya sədrləri öz ambisiyalarını bir kənara qoysunlar. Seçkiyə bir ildən çox vaxt qalıb. Seçkilər ərəfəsində kimin daha çox şansı, qələbə üçün uğurlu namizəd olacağını zaman göstərəcək. Bu gün özümüz üçün təxminən müəyyənləşdirmişik, müxalifət düşərgəsində iddialı adamları tanıyırıq, çalışacağıq ki, hamı ilə bir araya gəlib müxalifətin vahid namizədlə iştirakını təmin edək. Nə qədər alınıb-alınmayacağını zaman göstərər. Mən Rafiq Manaflı olaraq İctimai Palatadan prezidentliyə namizəd kimi İsa Qəmbərlə Əli Kərimlini görürəm. Bunların arasında seçim etmək lazım gələrsə, edəcəyəm”. 

    “Sabir Rüstəmxanlı namizədliyini irəli sürərsə, yenə də iki şəxs üzərində dayanacaqsınızmı” sualına isə R. Manaflı belə cavab verib: “Bu məsələ gündəmdə deyil. Sabir Rüstəmxanlı ilə söhbət etmişik. Sabir Rüstəmxanlı prezidentliyə namizədliyini irəli sürmək fikrində deyil”.

    Nərgiz 

    “Gündəlik Teleqraf” qəzeti

  • “Şairlərimizin həbsdə saxlanması insanlarımızda aqressiya yaradır

    İqtidaryönlü gənclər təşkilatları rəsmi Bakının İranda həbs olunan gənc şairlərin azadlığa buraxılması üçün var gücü ilə çalışdığını deyərək, gəncləri təsirli aksiyalar keçirməyə dəvət ediblər. Müxalif yönümlü gənclər qurumlarının təmsilçiləri isə daha ciddi addımların atılmasının zəruri olduğunu bildiriblər. Onların fikrincə, bu iki gənc şair fars rejiminin siyasi qurbanına çevrilməməlidir. 
       
       Sonda gənclər mövcud durumdan çıxış yolu kimi vətəndaş cəmiyyəti institutları, hüquq müdafiə qurumları, gənclər təşkilatları və Xarici İşlər Nazirliyi təmsilçilərinin görüşünün keçirilməsini və vahid müdafiə strategiyasının hazırlanmasını təklif ediblər.
       
       Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin
     və VHP gənclər təşkilatının üzvü Samir Əsədli sözügedən tədbir haqqında “Şərq”ə məlumat verib. O, komitənin həyata keçirdiyi tədbirdən, irəli sürülən təkliflərdən və gəncləri narahat məsələlərdən danışıb: “Keçirdiyimiz tədbirdə 15 təşkilat, yəni həm partiya təşkilatları, həm də müstəqil fəaliyyət göstərən müxtəlif təşkilatlar bir araya gəldi. O cümlədən, Müsavat, VHP, ADP, AXCP və eyni zamanda  N!DA Vətəndaş Hərəkatı, “Azad Gənclik”, “Müsbət Dəyişikliklər”, “Dalğa” və s. Biz ilk olaraq qərara aldıq ki, vahid formada hərəkət etmək lazımdır. Bu işdə tək dövlətin yox, bütün Azərbaycan ictimaiyyətinin birgə fəaliyyətini bir istiqamətə yönəltmək vacibdir. Bununla bağlı keçirdiyimiz tədbirdə bir sıra təkliflər, hardasa 5-6 təklif irəli sürüldü və bütün təkliflərin konkretləşdirilməsini Müdafiə Komitəsi öz üzərinə götürdü. Yaxın günlərdə bununla bağlı yeni görüşlər olacaq və konkret təklifimizi irəli sürəcəyik”.
       
       Komitə üzvü şairlərin tezliklə sərbəst buraxılmadığı təqdirdə bu hadisənin digər arzuolunmaz olaylara da səbəb ola biləcəyini deyib: “Bilirsiz ki, biz müxalifət və müstəqil gənclər təşkilatları olaraq 7 təşkilat bir yerdə İran səfirliyinə görüşmək və məsələni müzakirə etmək üçün məktub göndərmişdik. Baxmayaraq ki, bir həftə vaxt keçib, amma hələ məktuba cavab verilməyib. Biz özümüz də gəncik. O şairlər bizim həmyaşıdlarımızdır. Gənc şairlərin taleyi bizim gənclərimizi daha çox narahat edir. Eyni zamanda bir şeyi nəzərə almaq lazımdır ki, məlum hadisədən sonra insanlarımızda aqressiya yaranıb. Yəni sabah İranın hər hansı vətəndaşına ölkəmizdə zərər yetirilsə, bunun məsuliyyətini heç kim daşımayacaq. Çünki İran bizim iki vətəndaşımızı günahsız yerə tutub saxlayıb və bütün Azərbaycan vətəndaşları da bundan narazıdır. Ölkəmizdə İran səfirliyinin nümayəndələri var, sadə İran vətəndaşları var. Səbri dolmuş hər hansı biri onlara qarşı aqressiv davrana bilər. Ona görə bu problem tezliklə həllini tapmalıdır.
     
       
       Tədbirdə digər bir məsələ də qaldırıldı ki, XİN ilə yenidən ətraflı görüş keçirilsin. Çünki Azərbaycan dövləti dəfələrlə qarşı tərəfə sorğu göndərməsinə baxmayaraq, İran rəsmi olaraq heç bir cavab verməyib. Sadəcə, hər iki dövlətin səfirlikləri, konsulluqları vasitəsilə şairlərlə qohumlarının görüşü olacağı bildirilir. Bu yaxşı haldır, əlbəttə. Bəs sonra necə olacaq? Prosesin hansı sonluqla bitəcəyi hamı üçün maraqlıdır”.
       
       S.Əsədli görüşdə birgə etiraz aksiyaları keçirilməsinin də gündəmə gətirildiyini deyib: “Təbii ki, geniş piketlərin, etiraz aksiyalarının keçirilməsinə tərəfdar çıxanlar da oldu. Mitinqlərin təşkil olunacağı nəzərdə tutulur və bunun olmayacağını heç kim sığortalamır. Yəni iş artıq o səviyyəyə gedib çıxacaqsa, biz lazımi strukturlardan icazə alaraq birgə aksiyalar keçirəcəyik”.

     Şərq qəzeti

  • VHP Güney Azərbaycandakı zəlzələ ilə bağlı yazılı açıqlama yaydı

    Vətəndaş Həmrəyliyi Partiyasının Güney Azərbaycanda baş verən zəlzələ ilə bağlı açıqlaması

     

    Açıqlamada deyilir: “Güney Azərbaycanda baş verən təbii fəlakət nəticəsində yüzlərlə soydaşımız həlak olub, minlərlə insan isə yaralanıb. Bu ağır faciəyə görə bütün millətimizə, xüsusilə də faciə qurbanlarının yaxınlarına dərin hüznlə baş sağlığı verir, millətimizin başı sağ olsun deyirik.

    Zəlzələ ilə bağlı kədərimizlə yanaşı qapalı İran hökumətinin bəzi hərəkətləri də təəssüf doğurur. Fars rejimi belə ağır gündə də informasiya qapalılığını saxlayır. Zəlzələdən 15 dəqiqə sonra ABŞ başda olmaqla, dünyanın bütün ölkələrinin seysmoloji mərkəzləri təkanların gücü barədə rəsmi açıqlama verdilər. İran rəhbərliyi isə bu məsələdə də hamıdan gec davrandı. Bu günə qədər də itkilər haqda tam və ətraflı məlumat verilmir.

    Türkiyədən və Azərbaycandan İran xalqına başsağlığı verildiyi və yardım üçün müraciət edildiyi halda, rəsmi Tehran əhaliyə yalnız başsağlığı barədə məlumatı çatdırıb.

    İndi təbii fəlakətdə zərər çəkənlərin ehtiyacı ən çox çadıra, yataq ləvazimatlarına və ərzağadır. Amma Tehran hökuməti bütün yardım edən ölkələrə rədd cavabı verir.

    Təbrizdə xəstəxanalara gedib qan vermək istəyən insanlara orucları pozulmasın bəhanəsilə geri qaytarılır və qan alınmır. Təbriz, Urmu, Ərdəbil, Xoy, Sulduzda yüzlərcə insan Qızılay ofislərinin qarşısına yığılıb qan vermək istəsə də, onların müraciətinə baxılmır. Bütün bunlar bizi təəssüfləndirir. Zəlzələ qurbanlarına yardım etmək istəyən Azərbaycan vətəndaşlarına İranın Azərbaycandaki səfirliyinin  şərait yaratmaması barədə məlumatlar var. İranın Bakıdakı səfirliyi bu yanlışı dərhal aradan qaldırmalıdır. Azərbaycan vətəndaşlarının öz soydaşları olan faciə qurbanlarına bu ağır anlarda kömək etmək istəkləri təbiidir və İran dövləti bunu anlayışla qarşılanmalıdır”.

     

    VHP olaraq zəlzələ nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyimizi bildirir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik.

  • VHP hakimiyyətə etiraz etdi

    Vətəndaş Həmrəyliyi Partiyasın Siyasi Şurasının bu gün növbəti toplantısı keçirilib.

    Toplantıda VHP-nin 20 illik yubileyinin keçirilməsinə hazırlıq məsələləri, 2013-cü il prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, müxalifətin inteqrasiya perspektivləri və s. müzakirə olunub.

    VHP sədri Sabir Rüstəmxanlının ölkədəki ictimai-siyasi vəziyyətlə və geopolitik durumla bağlı məruzəsindən sonra çıxışlar, o cümlədən VHP-nin yubiley tədbirinin keçirilməsinə hazırlıqla bağlı Təşkilat Komitəsinin hesabatı dinlənilib.

    Siyasi Şura “VHP-20” kitabçasının və “VHP-20” video çarxının hazırlanması ilə bağlı təkliflərini irəli sürüblər.

    Son günlər paytaxtın müxtəlif bölgələrində sakinlərin evlərinin sökülməsi zamanı kompensasiyaların nəzərdə tutulduğundan qat-qat az ödənilməsi və bunun da haqlı narazılığa səbəb olması da ciddi müzakirə edilib. Müzakirələrdən sonra VHP Siyasi Şurası bəyanat qəbul edib.

    Bəyanatda bildirilir ki, “Şəhərin müəyyən hissələrində hər kvadrat metr üçün 1500 manat nəzərdə tutulsa da, rəsmi qurumlar bu məbləği ödəməkdən imtina edir, razılaşmayan sakinlərin mülklərini isə barbarcasına uçurur, insanları küçələrə tökürlər. Müşahidələr göstərir ki, bir çox hallarda yaşayış sahəsinin faktiki ölçüləri, qeyri-yaşayış sahələri və s. nəzərə alınmır, müxtəlif bəhanələr gətirilir və nəticə etibarilə ödənilən kompensasiya hər kvadratmetrə görə 300 manata qədər endirilir. Bu isə sakinlərin nəinki həmin ərazidə, hətta Bakının ucqarlarında belə normal mənzil almasına kifayət etmir. Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası bu halları vətəndaşların dövlətdən qəsdən narazı salınması kimi dəyərləndirir və ayrı-ayrı qurumların bu özbaşnalığını kəskin şəkildə pisləyir”.

    Bəyanatın sonunda VHP Siyasi Şurası rəsmi dövlət qurumlarının hər kvadratmetr üçün nəzərdə tutulan məbləği faktiki yaşayış sahələrinə əsasən verməli olduğunu və vətəndaşların mülkiyyət hüquqlarının qorunmasının vacibliyini önə çəkir: “Hakimiyyət bu narazılıqları dərhal aradan qaldırmalı və vətəndaşları təmin edən kompensasiyanın ödənişini həyata keçirməlidir”. 

    VHP Mətbuat Xidməti