Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • “İctimai Palata Milli Şuraya paralel işləyəcək, yoxsa instrumenti olacaq…”

    Milli Şuranın yaradılması ilə bağlı aparılan işlər intensivləşdikcə İctimai Palatanın buraxılacağı məsələsi gündəmə gəlir. Artıq bununla bağlı qurumun daxilində müzakirələr getdiyi də bildirilir.

    İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Publika.Az-a açıqlamasında deyib ki, belə bir müzakirələr var. Lakin o hesab edir ki, İP-i işləyən orqan olduğu üçün buraxmaq olmaz: “Milli Şuranın yaradılmasına gəlincə, hesab edirəm ki, bu bizim istədiyimiz formada deyil. İstədiyimiz birlik modeli də alınmadı. Burda İP-in demək olar ki, başqa bir formasında danışıqlar gedir. Mən Milli Şuranı belə görürəm və hesab edirəm ki, böyük birliyə nail olmaq uğrunda Milli Şuranın yaradılması üçün sərf etdiyimi çabalarımız baş tutmadı. İndi Milli Şura hansı formada fəaliyyət göstərəcəyini özü bilər. Amma hər-halda İP özünü sübut etmiş, işləmiş qurum idi. Bundan sonra İP-in fəaliyyəti dondurulacaq, Milli Şuraya paralel işləyəcək, yoxsa şuranın instrumenti olacaq, yəqin ki, bu müzakirələrdə həllini tapacaq”.
    İP KŞ üzvü qurumun daxilində Milli Şura üzündən fikir ayrılıqların olduğunu da təsdiqləyib. Bildirib ki, Milli Şura Müsavat, AXCP və “El” hərəkatının prezident seçkiləri ilə bağlı alyansıdır. R.Manaflı onu da qeyd edib ki, “El” hərəkatı yaranma prosesində olsa da, bu danışıqlarda iştirak edir.

    “Əlbəttə, müəyyən narazılıqlar var. Amma vətəndaş cəmiyyəti nümayəndələri var ki, onlar siyasi həyatın mərkəzində olmaq istəyirlər. Təbii ki, onları dəvət edən qüvvə olmadan iştirak edə bilməzlər. Əgər siyasi həyatın mərkəzində olmaq istəkləri təmin olunursa. Daha nə narazılıq olmalıdır? Mən danışıqlar prosesində iştirak etmirəm, ona görə də dəqiq deyə bilmərəm. Yəqin ki, Milli Şuraya vətəndaş cəmiyyətinin üzdə olan, razılıq verən nümayəndələri, həmçinin ziyalılar dəvət olunacaq”-deyə İP KŞ üzvü diqqətə çatdırıb.
    Narazılıqların səbəbinə gəlincə, R.Manaflı hesab edir ki, danışıqların formatı düzgün deyil: “Danışıqlar prosesində iştirak etməsəm də reallığı götürüb nəticə çıxarıram ki, bu, insanların gözləntisi olan birlik formasında olmayacaq. Artıq bir çox real qüvvələr orda iştirak etməyəcəklərini deyiblər”.

    VHP-nin şurada təmsil olunmasına gəlincə, R.Manaflı qeyd edib ki, bu formada təmsil olunmaq istəmirlər. Onun sözlərinə görə, birincisi dəvət olunmayıblar, ikincisi, hətta dəvət olunsaydılar belə, yenə getməzdilər.

    “Düşünürəm ki, Milli Şura böyük birlik formasında yaradılmayacağı üçün, İP-in formatını dəyişməyə ehtiyac yox idi. Bizi dəvət etməyiblər, amma Milli Şuranın özü bizim istədiyimiz formada deyil. Partiyamız yaxın günlərdə bununla bağlı konkret mövqeyini açıqlayacaq”-deyə VHP rəsmisi diqqətə çatdırıb.

  • Niyə Azərbaycanda vəzifəli şəxslər insan alveri cinayəti üzrə həbs edilmir?

    Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev Amerikanın Səsinə müsahibəsində ölkədə insan alverinə qarşı mübarizə, Amerika Dövlət Departamentinin yaxınlarda dərc ediləcək hesabatı, insan alveri ilə bağlı vəzifəli şəxslərinin həbs edilməməsinin səbəblərindən danışıb.

    Müsahibədən seçmələr:  Videoya BURDAN baxın:

    – Azərbaycan 2005-ci ildən insan alverinə qarşı mübarizəyə başlayıb. Milli Fəaliyyət Planı hazırlayıb, qanunlar qəbul edib, beynəlxalq sənədlərə qoşulub.

    – Beynəlxalq təşkilatlar Azərbaycanda insan alverinə qarşı mübarizənin vəziyyətindən razı deyil, tez-tez tənqid edirlər, narazılıqlarını səsləndirirlər.

    – Azərbaycanda bu ilədək məcburi əməyə qarşı mübarizə aşağı səviyyədə idi. Bu beynəlxalq təşkilatları narahat edirdi.

    – Azərbaycan az ölkələrdəndir ki, insan alverçiləri arasında saxlanılanların heç biri məmur və ya dövlət qulluqçusu deyil. Amma, başqa ölkələrin təcrübəsinə görə də insan alveri əsasən mütəşəkkil cinayətkar qruplar tərəfindən həyata keçirilən, dövlət məmurları, vəzifəli şəxslər, – sərhəd buraxılış məntəqələrinin, gömrük, polis əməkdaşları tərəfindən himayə edilən kateqoriya cinayətlərə aiddir.  Buna görə də beynəlxalq təşkilatlar narahatdır ki, hansı səbəbdən vəzifəli şəxslər bu kateqoriya cinayətlər üzrə həbs edilmir.

    – Azərbaycan insan alveri ilə bağlı həm təyinat, həm mənbə, həmdə tranzit ölkədir. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, İran kimi ölkələrə Azərbaycan

  • Qoca Qocayev-55

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Qazax rayon təşkilatının sədri Qoca Qocayevin 55 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

    “Əziz Qoca bəy!

    Səni 55 illik yubileyin münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı arzulayıram.

    55 yaş böyük zaman üçün çox qısa bir dövr olsa da, insan ömrünün böyük kəsimini əhatə edir. Bu yaşda insan gələcək arzularını yaşadığı həyatda topladığı təcrübə ilə uyğunlaşdırır, əlçatmaz illüzuyalardan uzaqlaşır, daha praqmatik və realist olur. Xoş o insanın halına ki, öz-özünə yaşadığı illərin hesabatını verərkən illərini ailə-məişət qayğılarında əritmədiyini, ən azı düşüncə etibarilə millətinin və xalqının taleyinə biganə olmadığını görür. Özünü millətinin taleyi ilə bir bütöv olaraq təsəvvür etmək – təkcə xalqın, dövlətin yox, insanın özünün də ömrünə zənginlik qatır, onun həyat missiyasını müəyyənləşdirir.

    Sən yaşadığın ömürlə, seçiminlə öz yolunu müəyyənləşdirən və taleyini xalqına bağlayan şəxslərdənsən. Bəlkə də bu tale səni müəyyən maddi qayğılarla yükləyib, ancaq əvəzində bir sosial varlıq, kimlik, sözün böyük mənasında vətəndaşlıq vəsiqəsi verib.

    Əslində, bu taleyin müəyyənləşməsində də İlahi bir hikmət var. Qoca adını daşımaq yeniyetmə və gənc üçün olduqca çətindir. Çünki Qoca – ta qədimdən dini status olmaqla, xalqın alt şüurunda məsləhət verən, uzaqgörən, böyük, rəhbər anlamında yaşayır. Ona görə də istər-istəməz bu adı daşıyan şəxsin gəncliyində belə müdriklik, yaşından daha yetkin görünmək missiyasını sanki tale özü müəyyənləşdirir.

    Sən uzun illər ərzində öz həyatınla, yaşam tərzin və prinsiplərinlə bu ada doğru gəlmisən. Nümunəvi ailə başçısı, el-obanın harayına tələsən insan və güvənc, məsləhət yeri kimi qazandıqların səni bizim VHP ailəsinin də əzizinə çevirib.

    Cəmiyyətimizə çox gərəkli olan vətəndaş həmrəyliyi ideologiyası sənin adınıza və xarakterinə də uyğundur: çünki hər zaman, bütün dövrlərdə bizim nicatımız, millətin yolu həmrəylikdən, milli birlikdən, bir-birinə qarşı kin və nifrətdən uzaq, anlayışlı münasibətdən keçir.

    Əziz Qoca bəy!

    Bir daha səni ad günün münasibəti ilə təbrik edirəm və sənə ailən, millətin və dövlətinlə bağlı işıqlı ideallarının çiçəkləbdiyi günü görməyini arzulayıram.

     

    Xoş arzularla,

    Sabir Rüstəmxanlı    

  • Sabah gənclər ADNA-ya yürüş edəcək

    Sabah Dövlət Neft Akademiyasında baş verən qətliamın 4-cü ildönümü qeyd olunacaq. Hər il olduğu kimi bu dəfə də gənclər təşkilatları birgə anım yürüşü təşkil edəcəklər. Bu barədə VHP Gənclər Təşkilatının sədri Pünhan İmamlı musavat.com-a bildirdi ki, VHP, Müsavat, AXCP,  NİDA, AGT və başqa müstəqil təşkilatların gəncləri ADNA-da baş verən terror aktı nəticəsində həlak olanları bir yerdə yad etməyi planlaşdırır. Anım yürüşünün vaxtı bu gün dəqiqləşəcək və yürüş zamanı heç bir şüar səsləndirilməsi nəzərdə tutulmayıb.
    P.İmamlı qeyd etdi ki, kalon şəklində gənclər ADNA-nın binası önünə yürüş edəcək və qərənfil dəstələri düzəcəklər: “Hər il polis maneə törədir. Dinc formada təşkil edilən anım tədbirinə imkan vermir. Hesab edirik ki, bu il buna cəhd etməyəcəklər. Heç bir şüar olmayacaq. Sadəcə ADNA qarşısında “terrora yox” şüarı səsləndirilə bilər”

  • Sabir Rüstəmxanlı: “ABŞ hökumətinin İranda azərbaycanlıların vəziyyətinə diqqətinin artdığı hiss olunur”

    Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı ABŞ-a səfəri çərçivəsində paytaxt Vaşinqtonda Amerika rəsmiləri ilə bir sıra görüşlər keçirib.
     
    Sabir Rüstəmxanlının Amerikanın Səsinə bildirdiyi kimi, ABŞ-ın Azərbaycandakı səfiriyinin dəstəyi ilə həyata keçirilən işgüzar səfər zamanı onun Dövlət Departamentində və Amerika Konqresində görüşləri olub. O, Dövlət Departamentində keçirilən görüş zamanı ABŞ və Azərbaycan arasında münasibətlərinin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, bununla yanaşı İranda azərbaycanlıların problemləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldığını bildirib.
     
    Aprelin 26-da Sabir Rüstəmxanlının ABŞ Konqresində İran azərbaycanlılarının hüquqlarının müdafiəsinə dair qətnaməni təqdim etmiş Kaliforniya konqresmeni Dana Rohrabakerlə görüşü olub. Görüş zamanı DAK həmsədri konqresmen Rohrabaçerə İranda etnik azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulması, azərbaycanlı milli fəalların həbsxanalara salınması, azərbaycanlıların mədəni və dil hüquqları uğrunda apardığı mübarizə ilə bağlı məlumat verib. Sabir Rüstəmxanlı Amerika Birləşmiş Ştatları hökuməti tərəfindən İranda azərbaycanlıların vəziyyətinə diqqətin artdığının hiss olunduğunu bildirib.
     
    Konqresmen Dana Rohrabaker Amerikanın Səsinin suallarını cavablandıraraq deyib ki, ABŞ hökuməti İranda  Azərbaycan türklərinin azadlıqlar və öz mədəni hüquqları uğrunda mübarizəsinə dəstək məqsədilə maarifləndirmə səylərini artırmalıdır. O bu istiqamətdə addımların atıldığını vurğulayıb. Konrqesmen Rohrabaker bildirib ki, o, Amerikanın Səsinin İranda azərbaycanlılar üçün Azərbaycan türkcəsində proqramlar yayımlaması ilə bağlı Konqresə layihə təqdim edib və bu haqda müraciətlə çıxış edib.

  • Sabir Rüstəmxanlı: “Dana Rohrabakerlə çox maraqlı görüşümüz oldu.” [Video]

    Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı ABŞ-a işgüzar səfəri çərçivəsində Dövlət Departamentində və Amerika Konqresində bir sıra görüşlər keçirib. Sabir Rüstəmxanlı Amerikanın Səsinə müsahibədə ABŞ administrasiyasının İranda Azərbaycan türklərinin vəziyyətinə diqqətinin artdığının hiss olunduğunu vurğulayıb.
     
    Videonu burdan BAXIN:

    Sual: Artıq bir neçə gündür Vaşinqtonda nitensiv görüşlər keçirirsiniz. Bu görüşlərdə İranda azərbaycanlıların vəziyyətini müzakirə etmisiniz. Görüşlər necə keçir, hansı fikirlər səslənir və maraq hansı səviyyədədir?
     
    Cavab: Biz bura Dünya Azərbaycanlıları Konrqesinin həmsədrləri olaraq gəlmişik. Almaniyada yaşayan həmkarım Firudin Pərvizniya ilə. Sonra burada da bizim məclisin sədri, hamının tanıdığı, sevdiyi Mahmudəli Çohrəqanlı ilə də görüşmüşük. Bir sıra rəsmi və qeyri-rəsmi görüşlər olub. Mühüm görüşlərdən biri Dövlət Departamentində oldu. Dövlət Departamentində güzey Qafqazda vəziyyət haqda, Azərbaycanın üzləşdiyi faciələr haqda danışdıq.  Dünyada ikinci elə bir millət tapmaq çətindir ki, Azərbaycan qədər böyük faciələrin içində olsun. Bir tərəfdən, parçalanıb, bir tərəfdən Ermənistandan deportasiya olunub, bir tərəfdən əraziləri işğal olunub  və bütün bu çətinliklər dünyanın gözünün qabağındadır, amma təəssüf ki, bu millətin taleyi haqda düşünənlər azdır. Dövlət Departamentində bu məsələləri dilə gətirdik və lazım olan sənədlər də təqdim etdik. Azərbaycanın tarixi faciələri, bu gün İranda azərbaycanlıların hüquqlarının pozulması, azərbaycanlı fəalların “cəngəllik qanunları” ilə cəzalandırılması, Urmiya gölünün region üçün yarada biləcəyi fəlakət haqda danışdıq və bununla bağlı hazırladığımız sənədləri də təqdim etdik. Eyni şəkildə Konqresdə də Azərbaycanda hər kəsin yaxşı tanıdığı konqresmen Dana Rohrabakerlə görüşümüzdə də bu barədə danışdıq. O, Azərbaycanı yaxşı tanıyır. Azərbaycan haqda məlumatı var. İran azərbaycanlılarının haqlarının pozulması və ümumiyyətlə, Azərbaycanın öz bütövlüyünü bərpa etməsi istiqamətində onun bəyanatları məlumdur və o, bu barədə Amerika Konqresində bir təkliflə çıxış edib. Yəqin ki bu işi davam etdirəcək. Onunla çox maraqlı görüşümüz oldu. Adını çəkdiyim sənədləri yenə ona da təqdim etdim. Mənə elə gəlir ki, elə ən əsas cəhət budur, vurğulanmalıdır ki, getdikcə dünyanın bu böyük dövlətində, demokratiyanın, belə deyək, qarantlarından və beşiklərindən olan dövlətdə Azərbaycanın indiki durumuna diqqət artır və Azərbaycanın yaşadığı faciələri hiss edirlər və xüsusən də İranda bizim soydaşlarımızın üzləşdiyi faciələri bilirlər və bunun aradan qaldırılması üçün yolların axtarılmasında təbii ki bunların xidmətləri olacaq.
     
    Sual: Sabir bəy, Amerika rəsmiləri bu görüşlər zamanı hansısa konkret təkliflər verirmi? Bu görüşlərdə hansı fikirlər səslənir?
     
    Cavab: Bilirsiniz, Amerika bu məsələlərdə mümkün qədər xəsisliklə fikir ifadə edir. Ona görə mümkün qədər dinləməyi və verilən məlumatları ümumiləşdirməyi tərhic edir, seçirlər. Təbii ki diplomatiyanın dili elə budur. Amma şübhəsiz görüşlərdə İranda yaşayan xalqların bir-biri ilə ünsiyyətinin, yəni demokratik hərəkatda əməkdaşlığının vacibliyi, bir yerdə hərəkət etməyin vacibliyi dilə gətirilir. Daha sonra məhdiyyətlərin, dünya ölkələrinin İrana qarşı sanksiyalarının koordinasiya olunmasının vacibliyi və rejimin bölgə üçün fəlakətli nəticələri nəzərə alaraq, birgə hərəkət etməyin vacibliyi diqqətə çatdırılır. Hətta Azərbaycan dövlətinin bu məsələdə atdığı addımlar bəyənilir və daha cəsarətli hərəkət etməsi vurğulanır. Bir sözlə, bizim niyyətimiz onların bu bölgədə aparacağı işlərikn coğrafiyasını və yaxid strategiyasını soruşmaq deyil. Bizim borcumuz öz bildiklərimizi, öz niyyətlərimizi çatdırmaqdır, amma mən sevinirəm ki, getdikcə Azərbaycanın güzeyində də, güneyində də, xalqın vəziyyəti haqda daha məlumatlı danışırlar, daha yaxşı bilirlər və hər halda, İrana münasibətdə, İran Azərbaycanın taleyinə münasibətdə daha konkret danışırlar. Məsələn, orada maariflənmənin, radio, televiziyanın əhəmiyyətini bu gün xüsusi olaraq vurğuladılar. Maarifçilik işi də çox vacibdir. Orada millətin öz kimliyini dərk etməsi və durumunu anlaması baxımından şübhəsiz ki, bir sıra bizə bənzər xalqların taleyində olduğu kimi media cidi rol oynaya bilər. Bunu hər kəs başa düşür və bu barədə danışıqlar gedir. Təşkilatlanmanın zərurəti qeyd olunur və şübhəsiz dünya xalqlarının, böyük dövlətlərin bu məsələdə, əzilən məzlum xalqlara dəstək verilməsinin zərurəti də qeyd olunur. Güman edirəm ki, biz bir-iki görüşdən nəyinsə dəyişəcəyinə ümid bəsləməli deyilik. Hər halda böyük dövlətlər dünyanın taleyində ciddi rol oynayır və Amerika Konqresində Azərbaycanın bölünmüş bir xalq olmasının vurğulanması çox mühümdür.

    Dilşad Əliyarlı
    Amerikanın səsi

  • VHP sədri ABŞ-da səfərdədir

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlının ABŞ-a işgüzar səfəri başlayıb.  

    VHP sədri bu ölkədə ABŞ Dövlət Departamentidə və Konqresin də bir sıra əhəmiyyətli görüşlər keçirməyi planlaşdırır. Görüşlərdə Amerika-Azərbaycan əməkdaşlığı, Dağlıq Qarabağ problemi, eləcə də Güney Azərbaycanda yaşayan soydaşlarımızın qarşılaşdıqları problemlər müzakirə ediləcək.

    Millət vəkili səfər zamanı bu ölkə də fəaliyyət göstərən ictimai təşkilat və mətbuat nümayəndələri ilə də silsilə görüşlər keçirəcək. Bu görüşlərdə də əsas müzakirə mövzusu Ermənistanın Azərbaycana təcavüzü, Qarabağın işğalı, eləcə də Güney Azərbaycandakı 35 milyondan artıq Azərbaycan türkünün milli azadlıqları uğrunda mübarizəsi olacaq.

    Həmçinin VHP sədri Nyu-York şəhərində BMT-nin baş ofisində də olacaq.

    Qeyd edək ki, Dünya Azərbaycanlıları Konqresinin digər həmsədri Firudin Pərviz Niya da ABŞ-da səfərdədir. DAK həmsədrlərinin səfəri mayın 2-də yekunlaşacaq.

  • VHP sədrinin ABŞ-a işgüzar səfəri davam edir (Foto)

    Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri – VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı və Firidun Pərvizniyanın ABŞ-a səfəri davam edir. DAK həmsədrləri səfər çərçivəsində ABŞ Dövlət Departamentində və Konqresdə görüşlər keçirib, ABŞ və Azərbaycan arasında münasibətlərin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, bununla yanaşı, İranda azərbaycanlıların problemləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparıbla.
    Eyni zamanda səfər çərçivəsində DAK həmsədri Sabir Rüstəmxanlının ABŞ Konqresində İran azərbaycanlılarının hüquqlarının müdafiəsinə dair qətnaməni təqdim etmiş Kaliforniya konqresmeni Dana Rohrabakerlə görüşü olub. Görüş zamanı DAK həmsədri konqresmen Rohrabaçerə İranda etnik azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulması, azərbaycanlı milli fəalların həbsxanalara salınması, azərbaycanlıların mədəni və dil hüquqları uğrunda apardığı mübarizə ilə bağlı məlumat verib. Sabir Rüstəmxanlı ABŞ hökuməti tərəfindən İranda azərbaycanlıların vəziyyətinə diqqətin artdığının hiss olunduğunu bildirib.
    Bundan əlavə, DAK həmsədrlərinin Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı ilə də görüşü olub.
    DAK həmsədrləri həmçinin Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları ilə görüşüblər. Görüşdə DAK həmsədri Firidun Pərvizniya səfərin məqsədi, keçirilən görüşlər və təşkilatın ümumi fəaliyyəti barədə məlumat verib və qəbula görə təşəkkürünü bildirib. DAK həmsədri Sabir Rüstəmxanlı isə özünün son kitablarını Azərbaycanın ABŞ-dakı səfirliyinin kitabxanasına hədiyyə edib.
    Eyni zamanda DAK həmsədri Sabir Rüstəmxanlı ABŞ-ın Nyu-York şəhərində “Erməni yalanlarına son və şəhid diplomatları anma” devizi altında keçirilmiş mitinqdə iştirak edib. Nyu-York Azərbaycan Dərnəyi, Amerika-Azərbaycan Dərnəyi, Türk-Azərbaycan Qardaşlıq Qrupunun da dəstək verdiyi və Nyu-York polisi ilə razılaşdırılmış aksiyada yüzlərlə iştirakçı əllərində Azərbaycan, Türkiyə bayraqları, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və s. bağlı ingilis dillərində yazılmış plakatlar qaldırıblar. Həmçinin mitinqdə ermənilərin tarix boyunca türklərə, azərbaycanlılara və ümumilikdə müsəlmanlara qarşı törətdikləri soyqırım, xüsusilə ötən əsrin 90-cı illərində baş vermiş Xocalı soyqırımı ilə bağlı həqiqətlər müxtəlif çıxışlar vasitəsilə diqqətə çatdırılıb. Bundan əlavə, ASALA erməni terror təşkilatı tərəfindən qətlə yetirilən türk diplomatlarının xatirəsi yad edilib, onların ruhuna dualar oxunub. DAK həmsədri də Gənc Türklər Dərnəyinin təşkilatçılığı ilə ermənilərin 1915-ci il hadisələrinin soyqırım olmasına dair iddialarının əsassız və yalan olmasını ABŞ ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə “Times” meydanında təşkil etdiyi və üç saatdan çox davam edən aksiyada çıxış edib, həmçinin mitinqə qatılmış azərbaycanlı gənclərlə bir araya gələrək söhbət edib, onların fikir və arzularını dinləyib.
    Bundan əlavə, Sabir Rüstəmxanlı və Firidun Pərvizniya Amerika-Türk Assosiasiyasının (ATA) keçirdiyi konfransa qatılıblar.

    Səfər mayın 2-də yekunlaşır.

     

  • Alatoran Yayınlarının endirimli kitab satışı kampaniyası keçirildi (Video)

    Mayın 7-sində VHP Gənclər Təşkilatının təşkilatçılığı ilə Alatoran Yayınlarının növbəti endirimli kitab satışı kampaniyası keçirilib. Kampaniya çərçivəsində 18 adda kitab endirimlə 2-5 manat arasında satılıb. Satışa çıxarılan və əksəriyyəti dünya ədəbiyyatından olan kitablar arasında mərhum yazıçı Rafiq Tağının kitabları da yer alıb. Satışdan əvvəl Rafiq Tağının xatirəsinə həsr olunmuş kiçik tədbir keçirilib. Azad Yazarlar Ocağının təsisçisi, “Alatoran” jurnalının baş redaktoru Rasim Qaraca çıxış edərək Rafiq Tağının həyatı, yaradıcılığı haqqında məlumat verib, onu zəmanəsinin klassiki adlandırıb.

    Daha sonra VHP sədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Rafiq Tağı haqqında xatirələrini bölüşüb, mərhum yazıçının yaradıcılığını dəyərləndirib.

    Tədbir kitab satışı ilə davam edib.

    Videoya burdan BAX:

    http://new.xalqtv.az/index.php?mod=news&id=935

  • Hər insanı sevmək olmur…

    Hər insanı sevmək olmur, sevdiklərimizdən isə ayrılmaq. Onu, “Ömür kitabı”nı oxuyub varlığını kəşf edəndə sevmişdim. Onda mənim iyirmi üç yaşım var idi. İndi isə onu sevdiyim vaxtdan iyirmi üç il keçir. İyirmi üç ildir ki, bu sevgi xərclənir-xərclənir, amma tükənmir. Bəs bu sevgiyə nəyi verə bildim, bu sevgidən nəyi ala bildim?…

    Təqvimdə 6 aprel 2003-cü il idi. Nəhayət ki, böyük çətinliklə də olsa doğulub boya-başa çatdığım Sumqayıt şəhərində yaşamış və yaşayan yurddaşlarımdan bəhs edən “Bir elin övladları” publisistik kitabı ərsəyə gətirə bilmişdim. Bu, mənim sayca üçüncü kitabım idi. Təqdimat gecəsində kitabda yer alan bir sıra yurddaşlarımla yanaşı sumqayıtlı qələm dostlarım da iştirak edirdi. Amma dəvətli olsalar da, təqdimat gecəsinə görkəmli eloğlularımdan təkcə Sabir Rüstəmxanlı qatılmışdı. Kaş biləydiz, düşüncələrində “Yardımlı Xeyriyyə Cəmiyyəti”ni yaratmaq arzusu ilə çarpışan bir gənc üçün bu, nə qədər böyük mənəvi haqq idi…

    Bir neçə il keçdi. Bu arzu yelkənli qayıq kimi məni ağuşuna alıb uğurdan-uğura ötürürdü. Əslində, Tanrının yazdığı taleyi yaşayırdım. Və Tanrının taleyimə yazdığı qismətlə əlli minə yaxın yurddaşımın yaşadığı Sumqayıtda, artıq xeyli tədbirlər həyata keçirmişdim. Ad günləri, ədəbi görüşlər, tanışlıq məclisləri, kimsəsizləri ziyarət, xeyir-şərdə elcahanlıq və digər işlər. Əvvəllər ürək eləyib tədbirlərə qatılmaq istəməyən eloğlularım da fəallaşmışdı. Hətta özlərini kimlərəsə cəlilabadlı, lənkəranlı, biləsuvarlı kimi təqdim edən yurddaşlarım da nəhayət ki, Yardımlıdan olduqlarını danmırdılar. Amma “Yardımlı Xeyriyyə Cəmiyyəti” hələ də təsis olunmamışdı…

    Təqvimdə 2006-cı il idi. Qarşıda daha çətin mərhələ dururdu. Tədbirlərin miqyasını böyüdərək Bakıda məskunlaşmış yurddaşlarım arasında da körpü yaratmaq zərurəti yaranmışdı. Bu səbəbdən qeydiyyatdan keçmiş rəsmi təşkilata ehtiyac var idi. O vaxtlar ictimai birlik təsis etmək çətin olduğu üçün Ədliyyə Nazirliyinin Sumqayıt regional idarəsində “Tək Dam” məhdud məsuliyyətli cəmiyyətini təsis etdim. Maliyyə imkanlarım məhdud olduğundan Bakıda keçirmək istədiyim xeyriyyə tədbirlərini planlaşdırsam da, onların həyata keçirilməsindən ötrü məkan problemi ilə üz-üzə qalmışdım. Və bir gün Sabir Rüstəmxanlı ilə görüşüb “Tək Dam”ın tədbirlərini keçirmək məqsədi ilə ondan ofisində yer verməsini xahiş etdim, etiraz eləmədi. Beləliklə 2008-ci ilin sonunadək bir neçə tədbiri-İlham Cankişioğlunun “Dağların söz xəzinəsi”, Şahlar Göytürkün “Yardımlı şivələri” kitablarının təqdimatlarını, dünyasını dəyişmiş alimlərimizdən Mahmur Kərimovun, Ağoğlan Hüseynovun, Kamil Əliyevin xatirə gecələrini və nəhayət ki, “Yardımlı Xeyriyyə Cəmiyyəti” ictimai birliyinin təsis konfransını orada gerçəkləşdirdim. Doğrudur, 2009-cu ilin fevral ayında “Yardımlı Xeyriyyə Cəmiyyəti” ictimai birliyi dövlət qeydiyyatından keçəndən sonra, reallaşdırdığım tədbirləri Bakı şəhərinin müxtəlif şadlıq evlərində təşkil etsəm də, mənə təmənnasız yer ayırdığına görə, ona olan əvvəlki borcumdan başqa, Yardımlı ilə bağlı olsa da belə, növbəti borcum yaranmışdı…

    Təqvimdə 2009-cu il idi. Altı il bundan öncə düşüncələrimdə mənə rahatlıq verməyən “Yardımlı Xeyriyyə Cəmiyyəti”ni yaratmaq arzusu həyata keçmişdi. Borcları ödəmək zamanı idi. Tezliklə Sabir Rüstəmxanlının 63 yaşı tamam olacaqdı. Məktubla şəhər rəhbərliyinə müraciət edib, uzun illər Sumqayıtda ədəbi-bədii görüşü keçirilməyən şairlə ictimaiyyətin görüşünə icazə aldım və bütün maliyyə xərclərini ödəyərək Nəriman Nərimanov adına mədəniyyət evini icarəyə götürdüm, eləcə də Hüseyn Ərəblinski adına Sumqayıt Dram Teatrının aktyorlarından tədbiri aparmalarına razılıq aldım. Ssenari yazıldı, çıxış edəcək ziyalılara əvvəlcədən zəng vurub hər birinə çıxışlarının mövzusunu elan etdim. Dörd yüzdən çox adam dəvətnamə ilə tədbirə dəvət olundu ki, bu sırada şəhər rəhbərliyinin nümayəndələri də var idi. Görüşü özüm açdım ki, içimdə bir təskinlik tapım. Tədbir bitəndən sonra Sabir Rüstəmxanlının çöhrəsindəki məmnuniyyət hissini görəndə gözlərim yaşardı. Bəlkə də bu görüş onun üçün sıradan bir görüş idi, amma mənə görə mənəvi borcumun ödənilən bir hissəsi…

    Borclu borclunun sağlığını istər. 2008-ci ilin noyabrında təsis etdiyim “Yardımlının Səsi” qəzetində bir neçə il onun haqqında davamlı olaraq gedən yazılar oxucularımızda elə bir rəy yaratmışdı ki, guya bu qəzet Sabir Rüstəmxanlının maliyyə dəstəyi ilə çıxır. Həmin dövrdə qəzetimizin saylarında həmçinin, rayonumuzda baş verən haqsızlıqları sərt şəkildə tənqid edirdik. El arasında dolaşan bu söz-söhbətə hər hansı bir yazı ilə aydınlıq gətirmək isə ucuzluğa aparardı. Ona borclu olduğumu oxuculara izah etmək mənim üçün o zaman heç də asan deyildi. Düşünüb çıxış yolu tapdım. Qəzetin arxa hissəsində “Qəzet təsisçinin şəxsi vəsaiti hesabına işıq üzü görür” kəlmələrini yazmaqla hər şey bitdi.

    2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsindəki “İmam Hüseyn” meydanında İsrailin Fələstində keçirdiyi hərbi əməliyyatlara etiraz əlaməti olaraq aksiya keçiriləndə çıxış edən Nardaran sakini Hacı Əli Hüseynov Azərbaycanın bəzi ziyalılarının xalqa yalan məlumat verdiklərini söyləmişdi: “Sabir Rüstəmxanlı “Səhər” kanalına böhtan atır. Sabir Rüstəmxanlının bu hərəkətlərinə görə, onun barəsində Nardaran ağsaqqallarından biri tərəfindən ölüm fitvası çıxarılıb. Sabir Rüstəmxanlı, sən bundan sonra cangüdənlərinin sayını artır”. Onda da, “Yardımlı Xeyriyyə Cəmiyyəti” bir vaxtlar tədbirlərinin keçirilməsinə öz ofisində yer vermiş Sabir Rüstəmxanlının müdafiəsinə qalxdı və verilmiş fitvaya qarşı bəyanatla çıxış elədi…

    Təqvimdə 2010-cu il idi. Deputat seçkiləri ərəfəsində, daha dəqiqi həmin ilin 15 sentyabr tarixində işlədiyim Sumqayıt Qaz İstismarı Sahəsinə növbəti dəfə işə gələrkən şöbə rəisim məni çağırıb, söylədi: “İşdən çıxarılmağından ötrü rəhbərlikdən mənə tapşırıq verilib ki, təqdimat yazım. Təqdimatın bir hissəsini yazsam da içimdə bir narahatlıq hiss etdim, ardını yaza bilmədim. Bəlkə rəislə görüşəsən, nə isə anlaşılmazlıq var burda”.

    Müəssisənin rəisi cəmi iki ay idi ki, təyin olunmuşdu. Qəbuluna girib ədəb-ərkanla işdən nə üçün çıxarıldığımın, özü də təqdimatla, səbəbini soruşdum. Cavab verməyə çətinlik çəkirdi, bircə onu öyrənə bildim ki, yuxarıdan göstəriş verilib. Kiminsə qarşısında mənə görə cəzalandırılmaq istəmir. Dedim, başa düşürəm, bu sifariş kimdən gəlib, amma gəl kişi kimi danışaq, fərz elə ki, əlinə silah verib tapşırıblar ki, bu adamı vurmalısan. Bəs vicdanınız sizə nə deyir? Bizim ki, aramızda heç bir problem yaşanmayıb. Mən cavanam, əmək kitabçamı ləkələsəniz Allah qarşısında cavab verə biləcəksinizmi? Duruxdu və təklifin nədir, deyə soruşdu. Dedim, ərizə yazıb öz xahişimlə çıxaram, siz də yuxarı məlumat verərsiniz ki, tapşırıq icra olundu. Razılaşdıq və həmin tarixdən mən işimi itirdim. Səhəri gün əmək kitabçamı əlimə alan kimi ümid yeri bilib ilk zəng etdiyim insan Sabir Rüstəmxanlı oldu. Əvvəlcə xahiş etdim ki, mənim işdən çıxarılmağım barədə rayon rəhbərinə heç nə demədən bu haqsızlığın SOCAR-ın rəhbərliyi səviyyəsində aradan götürülməsində mənə yardımçı olsun. Çünki mən işimi rayonun problemlərini qabartdığım, tənqidi yazılar verdiyim üçün itirmişdim. Bir də ki, yurddaşlarının haqqına təcavüz ediləndə səsini ucaldan “Yardımlının Səsi” qəzetinin baş yazarı, “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri özü haqsızlıqla üzləşəndə və haqqının bərpası üçün el-obanın qüdrətli oğullarına güvənməyib kimə güvənməliydi?…

    …Nə isə, o gündən artıq üç ilə yaxın bir vaxt keçir, hələ də öz işimə bərpa ola bilmirəm…

    Qarşıdan növbəti deputat seçkiləri gəlirdi. Düşündüm ki, təbliğat kampaniyasında ona dəstək olsam heç də pis olmaz. “Tanrının seçdiyini seçin!” şüarı ilə “Yardımlının Səsi”nin xüsusi buraxılışını çap etdirib rayona göndərdim və seçkilərə bir qədər qalmış özüm də rayona gedərək görüşlərinin birində çıxış edib seçiciləri Sabir Rüstəmxanlıya dəstək olmağa çağırdım. Görüşdən sonra, mənə minnətdarlıq edib, hər şeyə görə çox sağ ol, əsas təşəkkürümü elə-belə yox, mətbuatda bildirəcəm, söyləyəndə vədinə görə deyil, mənəvi borcumdan daha bir hissə ödədiyim üçün məmnun oldum…

    2011-ci ildə 65 yaşı tamam olanda gücüm bir dəstə gülə və rəhbərlik etdiyim təşkilatın şanlı təbrikinə, eləcə də Bakıda yaşayan ziyalılarımızın filarmoniyanın binasında keçirilən həmin tədbirə qatılmaları üçün dəvət mesajlarına çatdı…

    Təqvimdə 2012-ci il idi. Növbəti ad gününə az qalırdı. Biləndə ki, on beş ildən artıq bir müddətdə onun Yardımlıda bir dəfə də olsun ədəbi-bədii görüşü keçirilməyib, rayonumuzun icra başçısına rəsmi müraciət edib 23 may tarixində rayon mərkəzindəki Nizami adına kinoteatrda görüşünün keçirilməsinə icazə aldım və bu dəfə də tədbir baş tutdu…

    Budur, yenə də Sabir Rüstəmxanlının doğum günü yaxınlaşır. Mayın 20-də 67 yaşı tamam olacaq. Gücüm sadəcə təbrikə çatır…

    …Hər insanı sevmək olmur, sevdiklərimizdən isə ayrılmaq. Onu, “Ömür kitabı”nı oxuyub varlığını kəşf edəndə sevmişdim. Onda mənim iyirmi üç yaşım var idi. İndi isə onu sevdiyim vaxtdan iyirmi üç il keçir. İyirmi üç ildir ki, bu sevgi xərclənir-xərclənir, amma tükənmir. Bəs bu sevgiyə nəyi verə bildim, bu sevgidən nəyi ala bildim?..

    Elman ELDAROĞLU